2.1. İqlimi.
Avropa iqliminin başlıca xüsusiyyətlərini yaradan əsas amillər qitənin coğrafi mövqeyi, qonşu okean və qitələrdən bura daxil olan dəniz və kontinental hava kütlələridir. Qitənin oroqrafik quruluşu yerli iqlim növlərinin yaranmasına və yağıntıların ərazidə paylanmasına böyük təsir göstərir. Avropa ərazisinin çox hissəsi mülayim qurşaqda, böyük Avrasiya materikinin qərb – Atlantik okeanı bölməsində yerləşməsindən asılı olaraq bütün il boyu qərbdən gələn rütubətli dəniz hava kütlələrinin təsiri altında qalır. Qitənin kənar cənub hissəsi Aralıq dənizi sutropik iqlim qurşağında, kənar şimal hissəsi isə soyuq qurşaqda yerləşir. Bununla əlaqədar olaraq qitə üzərində bütün il ərzində mülayim, Arktika və tropik hava kütlələri dövran edir.
Arktik və tropik hava kütlələri müvafiq şəkildə qitənin şimal və cənub hissələri iqliminə təsir göstərdiyi halda, mülayim qurşağın rütubətli dəniz hava kütləsi il boyu qitənin geniş hissəsi üzərində cərəyan edir və onun iqliminin bir çox elementlərini (buludluluq, havanın rütubətliyi, yağıntıların miqdarı, qismən termiki şərait, xüsusilə yanvar izotermlərinin gedişi) yaradır. Mülayim qurşağın kontinental hava kütləsi Qərbi Avropa iqliminə az təsir göstərir. Avropada cənubdan şimala doğru ümumi radiasiya, radiasiya balansı və bunlarla əlaqədar olaraq temperatur şəraiti, buxarlanma dəyişir.
Cənubi Avropada ümumi radiasiya 160-165 kkal sm²/il, radiasiya balansı 60 kkal sm²/ildir. Şimalda bu rəqəmlər 70-75 kkal sm²/il və 25-30 kkal sm²/ilə bərabərdir. Qərbi Avropa ərazisinin çox hissəsində illik buxarlanma 400-600 mmarasında dəyişir. Şimal-qərbdə bu rəqəm 40 mm-dən az, Atlantik okeanı sahillərində isə çoxdur (80 mm-ə qədər). İllik buxarlanma qabiliyyəti şimaldan (400 mm) cənuba (1250 mm) xeyli artır. Bu , ərazinin ayrı-ayrı sahələrində və zonalarında rütubətlənmə əmsalına böyük təsir göstərir.
Qışda Avropa üzərində Azor maksimumu (1022 mb)tərəfdən Atlantik okeanı üzərindən keçib gələn mülayim vərütubətli hava kütləsi cərəyan edir. Qitənin şərq kənarı Asiya antisiklonunun qərb çıxıntısı təsirinə, şimali Avropa isə soyuq Arktika hava kütləsi təsirinə məruz qalır. Qışda şimal-qərbi Avropaya (Britaniya adaları, Skandinaviya və s.) İslandiya minimumundan (998 mb) siklonlar daxil olur. Siklonlar çox vaxt qitənin daxili və cənub-şərq hissəsinə qədər təsir göstərir.
Dostları ilə paylaş: |