8.Qabaqlayıcı təlim, Təlim tərbiyənin çevikliyi, Dialoji təlim prinsipləri. Qabaqlayıcı təlim» prinsipi. Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi.Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
Dialoji təlim prinsipi.Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.