22. Kommutasiya aparatlarının istismarı Açarlar bütün istismar rejimlərində-cərəyanlarının açılması və qoşulması, qısaqapanma cərəyanlarının açılması, transformatorların maqnitləşmə cərəyanlarının, xətt və şinlərin doldurma cərəyanlarının açılması və qoşulması-elektrik dövrələrinin kommutasiyası vəzifəsini yerinə yetirir. Açarlar üçün ən ağır rejim qısaqapanma cərəyanlarının açılmasıdır. Açarların açma qabiliyyəti konstruktiv xüsusiyyətlərlə və istismar şəraiti ilə təyin olunur. Açarların resursu məhduddur. Qısaqapanma cərəyanları keçərkən açarlar böyük elektrodinamik qüvvələrin və yüksək temperaturların təsirinə məruz qalırlar. Qısaqapanma cərəyanını açdıqda kontaktlarda və qövssöndürücü kamerada qövs prosesləri gedir. Bu isə kontaktların əriməsinə və kamera elementlərininmümkün zədələnmələrinə səbəb olur. Açar və onun intiqalı mürəkkəb mexanizm olub, elementləri müəyyən qarşılıqlı əlaqədə işləməlidirlər. Açarın açma müddəti müəyyən qiymətdən artıq olmamalıdır. Buna açarın və onun intiqal sisteminin sazlanması ilə nail olunur. Təbiidir ki, qısaqapanmanın açılması kimi ağır bir rejim açarın müəyyən dərəcədə nizamdan düşməsinə səbəb olur. Qısaqapanma cərəyanını açarkən açarın müəyyən resursu sərf olunur. Bütün resurs sərf olunduqdan sonra açar təmirə çıxarılaraq təftiş olunmalı, açma qabiliyyətinin bərpası üzrə işlər aparılmalı və intiqal yenidən sazlanmalıdır. Açarların konstruksiyasında müxtəlif qövssöndürmə prinsipləri və söndürücü mühitlər istifadə olunur(transformator yağı, sıxılmış hava, eleqaz, qaz generasiyası edən materiallar və s.). Stansiya və yarımstansiyalarda istifadə olunan açarlar aşağıdakı qruplara bölünürlər: böyük həcmli yağ açarları(ВМ, МКП, У, С seriyaları); kiçik həcmli yağ açarları(ВМГ, ВМП, МГГ, МГ, ВМК, ВГМ və s.); hava açarları(ВВГ, ВВУ, ВВН, ВВБ, ВВБК, ВНВ seriyaları); ВГМ seriyalı elektromaqnit açarlar; vakuum açarları; yük açarları; eleqaz açarları. 23. Hava xətlərinin istismara qəbulu Mövcud hava elektrik veriliş xəttinin(HEVX) təkmilləşdirilməsi və ya yenisinin quraşdırılması, bir qayda olaraq ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları tərəfindən həyata keçirilir. Bütün işlər lahiyəyə uyğun olaraq yerinə yetirilir. İşlərin başlanmasından əvvəl, hazır olandan sonra xətti istismara qəbul edəcək istismar təşkilatı lahiyəyə baxır və qərara verir. HEVX-nin inşası müddətində istismar heyəti tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarəti həyata keçirir. İstismar heyətinin vəzifəsi qüsurlar, səhvlər və lahiyədən kənaraçıxmalar aşkar olunduqda, inşaatçı quraşdırıcılara zəruri köməkliklərin göstərilməsindən ibarətdir. Tikinti-quraşdırma təşkilatı işi sona yetirildikdən sonra xəttin istismara qəbula hazır olması barədə istismar təşkilatını xəbərdar edir. Bunun üçün qəbuledici komissiya yaradılır və HEVX-nin zəruri layihə-texniki sənədləşmələri(xətin layihəsi, pasportu və inventar yazısı, fazalarının rənglərinin göstərilməsilə üçxətli sxem, məftillərin transpozisiyası, trasın profili və planı, torpaq ayrılması üzrə sənədlər, işlərin bağlanması aktları və s.) bu komissiyaya verilir. Qəbuledici komissiyaya kömək üçün xətt elektromontyorlarının iştirakı ilə işçi komissiya yaradılır. İşçi komiisiyanın üzvləri HEVX-yə hərtərfli baxış keçirir(hər bir dayağa çıxmaqla), üzə çıxarılan qüsurlar və əyər-əskiklikləri(natamam işləri) sadalamaqla akt tərtib edirlər. Tikinti-quraşdırma təşkilatı tərəfindən bütün çatışmamazlıqlar və layihəyə uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, xəttə təkrar baxış keçirilir və əlavə akt tərtib olunur. İşçi komissiyanın aktları və sənədləşmələrlə tanışlıq əsasında, qəbuledici komissiya HEVX-nin istismara hazırlığını təyin edir. HEVX-nin gərginlik altında qoşulması sifariş üzrə və qəbuledici komissiya sədrinin icazəsi ilə, enerji sisteminin əməliyyat heyəti tərəfindən yerinə yetirilir. Xəttə gərginlik, rele mühafizəsinin minimal işləmə cərəyanı və dözmə müddəti təmin olunmaqla təkanla verilir. Yükə qoşulmazdan əvvəl HEVX fazlaşdırılır. HEVX yük altında bir sutka müddətində yoxlanılır. Yoxlama nəticələri müsbət olduqda, HEVX-nin istismara verilməsi haqqında akt tərtib olunur.