20. Dağıtmadan ultrasəs nəzarəti Ultrasəs nəzarəti dağıtmadan nəzarətin akustik növünə aiddir. Akustik metodlardan ən çox ultrasəs defektaskopiyası, ultrasəs qalınlıq ölçmə və akustik emission nəzarətdən istifadə olunur. Hazırda dünya praktikasında dağıtmadan nəzarətin 60%-i ultrasəs diaqnostikasının payına düşür. Ultrasəs diaqnostikası avadanlıqların divarlarının qalıq qalınlığını təyin etmək üçün ən əsas metod hesab olunur. Akustika emission nəzarət texniki vəziyyəti müxtəlif olan avadanlıqlarda qüsurların təhlükəlilik dərəcəsini qiymətləndirmək üçün ilk növbədə boru kəmərlərində və müxtəlif təyinatlı rezarvuarda istifadə olunur. Dağıtmadan nəzarətin ultrasəs nəzarətinin istifadəsi digər metodlardla müqayisədə defektin istənilən formada hansı dərinlikdə olmasına baxmayaraq aşkar olunmasına imkan verir. Metodun üstün cəhətləri yüksək məhsuldarlıq, aşağı qiymət, çatışmayan cəhətləri qalınlığı 4 mm və daha az olan divarlı məmulatların nəzarət edilməsinin çətinliyidir.
21. Generatorlara baxış və onların yoxlanması Generatorlara baxış və onların yoxlanması elektrik sexinin işçi heyəti tərəfindən işə salınmadan əvvəl və iş rejimində həyata keçirilir. Bu zaman generatoru və onunla birlikdə işə qoşulan avadanlıqlara baxış keçirilir. Təmirdən sonra işə salınmadan əvvəl generatorlara baxış keçirilərkən bütün işlərin qurtarması və bu haqda təmir jurnalında müvafiq qeydlərin olması yoxlanılır. Rotor həlqələrində təsirləndiricinin kollektorunda fırçaların vəziyyətinə xüsusi diqqət verilir. Fırça aparatlarındakı toz və çirklər silinməklə aradan qaldırılır. İşçi heyət qüsurları öz güclərinə aradan qaldıra bilmədikdə, elektrik sexinin rəhbərliyinə bu haqda xəbər verir. Generatorun yuva və çıxışlarının yerləşdiyi otaqlara baxış keçirərkən, şinlərdə qapanmaların olmaması, istilik göstəricisi üzrə kontakt birləşmələrində qızma izlərinin olmaması yoxlanılır. Bu zaman həmçinin çıxış avadanlıqlarına yağın düşüb-düşməməsinə də fikir verilir. Çıxış binalarının ventilyasiyası qoşulur, sahənin avtomatik spndürülməsi(SAS), açma və qoşma yolu ilə açarların yoxlanması həyata keçirilir. Generatorun qaz-yağ və dolaqların su ilə soyutma sistemlərinin işə salınmaya hazırlığı yoxlanılır. Xüsusən, ona əmin olmaq lazımdır ki, injektor vasitəsilə tənzimləmə sistemindən kipləşmələrə yağ verilişi borularındakı bütün ventillər açıqdır. Belə ki, bu halda daha etibarlı işəsalma həyata keçirilir. Turbinin maşinisti ilə birlikdə turbinlərin, hidrogen soyutmanın yağ nasosların, kondensat, dövran və digər nasosların EAQ-nın(ehtiyatın avtomatik qoşulması) işi yoxlanılır. EAQ-nı yoxlamazdan əvvəl əgər təmirdə yaxud uzun müddət ehtiyatda olmuşdursa, turboaqreqata aid olan bütün mühərriklərin izolyasiya müqaviməti ölçülür. Təlimata uyğun olaraq, təsirlənmə sisteminin işə qoşulmasına hazırlıq görülür. İşə salınma zamanı generatorun fırlanma tezliyi artarkən, tənzimləyicinin kipləşmələrində yağın və generatorda hidrogenin təzyiqləri arasındakı lazımi fərqi saxlamasına, tənzimləyiciyə qədər yağın təzyiqinin buraxılabilən aşağı qiymətədək düşməməsi diqqətdə saxlanılır. Eyni zamanda termometrlər üzrə ara qatların temperaturlarına, onlar olmadıqda isə kipləşmələrdən süzülən yağın temperaturu və sıxıcıların gövdələrinin qızması üzrə hərəkət etmək lazımdır. Bu halda qeyri-normallıq müşahidə olunarsa, bunun səbəblərini aydınaşdırıb aradan qaldırmaq üçün generatorun fırlanma tezliyini azaltmaq lazımdır. İşdə olan generatora baxış keçirərkən aşağıdakılar yoxlanılır: 1) rotor həlqələrində və təsirləndiricinin kollektorunda qığılcımın olmaması, fırça aparatlarının çirklənməməsi, həlqə və kollektora yağ buxarının düşməməsi və s.; 2) yastıqların vibrasiyasının güclənməməsi, generatorun səsinin dəyişib-dəyişməməsi; 3) yastıqların kipliyi, soyuq və isti qazların temperaturu, digər soyutma parametrləri; 4) sıxıcıdan hidrogen tərəfə yağ süzülməsinin artması; 5) sıxıcıdakı yağın və hidrogenin təzyiqləri arasındakı fərqin normallığı; 6) əgər yağ təchizatı sistemində DRDM-12M tipli tənzimləyici qoyulmuşsa, onun ağızlığının fırlanması. Generatorun işində qeyri-normallıq müşahidə olunduqda, onun səbəbləri aydınlaşdırılır və aradan qaldırılması üçün tədbirlər görülür. Generatora baxış elektrosexin növbə rəisi tərəfindən növbə ərzində və generator üzrə usta tərəfindən sutkada 1 dəfədən az olmayaraq aparılır. Bundan başqa, rotorun və təsirləndiricinin kollektorunun kontakt həlqələrinə növbətçi elektrik montyoru qoyulan müddətlərdə nəzarət etməlidir. Turbinin maşinisti generatorun, təsirləndiricinin yastıqları və kipləşmələrin qızmasına diqqət yetirilməlidir. O, generatorda soyutma mühitinin temperaturuna nəzarət etməli, onu tənzimləməli, generatora periodik qulaq asmalı, generatorun və təsirləndiricinin yastıqlarının stulu altındakı izolyasiyanın təmizliyini müşahidə etməli və onun metal əşyalarla qapanmasına yol verməməlidir. Qaz soyuducuları və istilik dəyişdirici borular tamamilə su ilə dolduqda səmərəli işləyirlər. Ona görə də soyuducu qazın və kondensatın temperaturu ümumi süzmə siyirtmələrini(təzyiq siyirtmələri ilə yox) açıb-bağlamaqla soyuducu suyun miqdarını dəyişməklə tənzimlənir. Hər bir soyuducudan sonra süzmə siyirtmələri o qədər bağlanılır ki, generatorun nominal yükündə bütün qaz soyuducularından keçən su sərfinin bərabərliyi və onların su ilə tam dolması təmin olunsun. Ümumi təzyiq siyirtməsi və hər qaz soyuducusundan əvvəl qurulmuş təzyiq siyirtmələri tam açıq olmalıdır. Ancaq qaz soyuducularının süzmə kameralarının yuxarı nöqtəsinə birləşdirilmiş bütün drenaj kranlarından su süzülmələri olduqda, qaz soyuducularında havanın olmamasına əmin olmaq olar. Qızmış qaz soyuducularından axan soyuducu su sərfinin kəskin artması boru lövhəsindəki boruların kipliyinin pozulmasına səbəb ola bilər. Ona görə də belə hallara yol vermək olmaz. Generatoru işə buraxan zaman qaz soyuducularına onlar güclü qızdıqdan sonra soyuducu su verilməlidir. Əgər qaz soyuducularının borularının giriş deşikləri xırda dənəciklərlə, digər zibillərlə dolarsa, onların soyutma qabiliyyəti kəskin aşağı düşür. Onların normal işinin bərpa olunması üçün hər bir qaz soyuducusunu növbə ilə açmaq, sonra isə onların qabaq qapaqlarını açaraq əl ilə boruya dolan zibili təmizləmək lazımdır. Hidrogen soyutma sistemli generatorlarda bu əməliyyat nəinki çox əmək tələb edir, həm də bir qayda olaraq, hidrogen çıxarılmadığından təhlükəsiz deyil. Lakin suyun əks gedişi ilə qaz soyuducularının yuyulma sxemi olarsa, onların əl ilə təmizlənməsi zərurəliyi aradan qalxır. Yuyulmuş zibillə və çirklə birlikdə su drenaj kanallarına atılır. Qaz soyuducudan su təmiz gəldikdə yuyulma qurtarır. Adətən yuyulma 5-10 dəqiqə davam edir və bir qayda olaraq, işləməyən generatorda aparılır. Zəruri hallarda yuyulmanı, işləyən, lakin mümkün qədər yüksüzləşdirilmiş generatorda da aparmaq olar. Generatorun işi həm ölçü cihazları ilə, həm də vizual olaraq müşahidə olunur. Generatorun elektrik cihazlarının göstərişlərini, metalların, stator dolaqlarının, ətraf mühitin və yastıq ara qatlarının temperaturları növbə ərzində 2 dəfədən az olmayaraq yazılmalıdır. Həmin müddətlərdə hidrogen və hidrogen-su soyutma sistemli turbogeneratorlar üçün aşağıdakılar yazılır: hidrogenin təzyiqi və təmizliyi, sıxıcıda yağın təzyiqi, dolağın girişində və onun çıxışında qazın və ya kondensatın temperaturu, dolaqdan keçən kondensat sərfi, qaz soyuducusunun(istilik dəyişdiricisinin) girişində və onun çıxışında suyun(kondensatın) temperaturu, qaz soyuducularının(istilik dəyişdiricilərinin) başqa kollektorlarında suyun təzyiqi.