Svablama (porşenləmə) üsulu. Bu üsulun mahiyəti aşağıdakından ibarətdir. Quyuya süzgəcədək nasos-kompressor boruları endirilir. Boruların içərisinə 5/8" və ya 3/4" polad-tənabla, yuxarı açılan və klapanı olan svab (porşen) buraxılır.
Svab yuxarıya qaldırıldıqda klapan bağlandığından, svabın üstündəki müəyyən hündürlükdə maye sütunu da yer üzərinə qaldırılır. Svablama fasiləsiz aparıldıqda quyudakı maye və deməli, quyudibi təzyiqi tədqicən azalır. Quyudibi təzyiqi lay təzyiqindən az olduqda quyuya neft (qaz) daxil olmağa başlayır.
Sadə svab buraz asqısı, uzunluğu 6 m və diametri 1" olan yük ştanqı, kürəvi klapanlı işlənilmiş dərinlik nasos plunjeri və porşendən ibarətdir. Porşen, borucuğun üzərinə rezinli qayışdan manjetlər geydirməklə hazırlanır.
Quyudibi təzyiqin səlis azaltmaq və tənaba artıq yük verməmək məqsədi ilə svab maye altına 35–75 metrdən, bəzən isə 150 metrdən artıq buraxılmır. Svablama ya qazıma bucurqadı, ya da ki, səyyar qaldırıcılarla aparılır.
Fontan gözlənildiyi hallarda svabla quyuağzında fontan armaturu qoyulduqdan sonra aparılmalıdır.
AzNMŞİ konstruksiyalı svablar daha mükəmməldir. Bu svablarda svab maye altında çox buraxıldıqda, svabın üstündəki mayenin bir hissəsini quyuya buraxa bilən xüsusi sızdırma klapanı vardır.
Svablamanın başlıca üstünlüyü, quyudibi təzyiqinin səlis azaldılmasından ibarətdir. Odur ki, bu üsul zəif sementlənmiş layları açmış quyuları mənimsədikdə geniş işlədilməlidir.
Kompressor üsulu. Quyuları kompressor üsulu ilə mənimsəmək üçün onlara, bir cərgə bə yaxud iç-içə iki cərgə boru endirilir. Boru ilə kəmər arasına (bir cərgə buraxıldıqda) və ya iki cərgə arasına kompressorla sıxılmış hava vurduqda o, mayeni mərkəzi boruya qovaraq yer üzərinə tullayır. Sıxılmış hava, boruların aşağı ucuna (başmağına) çatdıqda mərkəzi boruya daxil olaraq, onlardakı mayenin qazlaşdırır və onun xüsusi çəkisini azaldır. Odur ki, quyudibi təzyiq də azalır və laydan axın yaradılır.
Quyular kompressor üsulu ilə mənimsənildikdə, dib təzyiqi kəskin düşür. Bu isə boş süxurların dağılaraq quyuyadaxil olmasına səbəb ola bilər. Bu səbəbdən kompressor üsulu yaxşı sementlənmiş süxurlarda tövsiyyə olunur.
Aerasiya üsulu. Bu üsulu tətbiq etmək üçün də quyuya bir və ya iki cərgə boru endirilir. Aerasiya üsulunun mahiyyəti quyuya eyni zamanda maye və sıxılmış hava vurmaqla, quyudakı mayenin xüsusi çəkisinin azaltmaqdan ibarətdir. Əvvəlcə aqreqatla maye dövranı yaradılır. Sonra isə sıxılmış hava maye qarışığı vurulur. Mayenin miqdarı tədricən azaldılaraq, havanın miqdarını artırırlar. Quyudibi təzyiqi kifayət qədər aşağı salındıqda quyu işləməyə başlayır. Lay təzyiqi yüksək olanda quyu fontan vura bilər. Bu üsul Bakı mədənlərində geniş tətbiq olunur.