A. bakixanov


  NADİRİN ƏHVALATI HAQQINDA



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix31.01.2017
ölçüsü7,74 Mb.
#7188
1   ...   5   6   7   8   9   10   11   12   13
 

 
163 
NADİRİN ƏHVALATI HAQQINDA 
 
Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən 
əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, 
köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuş-
du. Bu tayfadan İmamqulu adlı bir nəfərin hicri 1101-ci (=1689) 
ildə Nadirqulu adlı bir oğlu oldu. Bu adam, Kosa əhmədli Babaəli 
bəyin iki qızını bir-birinin ardınca aldıqdan sonra, tay-tuşları ara-
sında yüksəlib tərəqqi etdi, Nadirqulu bəy adı ilə  məşhur olaraq 
hünər və şücaət tanıdı. Babaəli bəyin vəfatından sonra, sistanlı Mə-
lik Mahmudun xidmətinə daxil oldu. Sonra ondan qaçıb, Əbivərdi 
ələ keçirdi. Bu iğtişaş dövründə, əfqanlar İran paytaxtını, İraq, Fars 
və Xorasanı, osmanlılar isə, Azərbaycanın yarısını, Ermənistan və 
Gürcüstanı ələ keçirmişdilər; ruslar Kaspi sahilindəki vilayətləri tut-
muşdular, ləzgilər də  Şirvanda asayişi və yollarda əmin-amanlığı 
pozmuşdular... 
Bu zaman, Nadirqulu bəy də, təqribən 400 ailədən ibarət Cəə-
layir elinin köməyilə hökmranlığa başladı. Tədriclə Əfşar tayfalarını, 
Əbivərd kürdlərini və elatını, Dərəcəz və Kəlat qalalarını və onların 
ətrafını ələ keçirdi, Məlik Mahmud və sair ilə müharibə edərək şöh-
rətləndi, Şah Təhmasibə yaxınlaşıb, Təhmasibqulu xan adı ilə əvvəl 
qorçubaşı və daha sonra bütün İranın ən iqtidarlı sərdarı və sahib 
ixtiyar vəkili oldu. Onun fütuhatına mane olan Şah Təhmasibi, hicri 
1145-ci (=1732) ildə  səltənətdən  əzl edərək sikkəni və xütbəni 
onun südəmər oğlu olan III Şah Abbasın adına vurdurub oxutdu. 
Özü isə, müstəqil olaraq hökmranlıq etməyə başladı. Rum qoşunu-
nu pis bir surətdə məğlub etdikdən sonra, Bağdad hakimi Əhməd 
paşa vasitəsilə Osmanlı dövləti ilə hicri 1146-cı (=1733) ildə sülh 
etdi. Həmin dövlətin qanununa müvafiq olaraq, paşalara İran vila-
yətlərini boşaltmaq haqqında, sultanın mübarək imzasilə  bəzənil-
miş fərmanlar göndərildi. 
Nadirin ordusu Ərdəbilə  gəldi.  Şirvan hakimi Surxay xana 
yazılan fərmanı, Astara hakimi Musa xan öz adamı ilə Surxay xana 
 
164
göndərdi. O, fərman gətirən adamı öldürüb, Musa xana nalayiq 
sözlər yazdı: «Mən Şirvanı ləzgi şirlərinin qılıncı gücü ilə almışam, 
bağdadlı Əhmədin və başqalarının nə həddi vardır ki, bu cür sözlər 
danışsınlar». Buna görə əlahəzrət Nadir, bu məğrur adamı cəzalan-
dırmağı lazım bildi. Şirvanı  fəth etməyi başqa qalaların alınması 
üçün açar saydı. Lakin o, Kür çayının kənarına çatanda, Surxay xan 
Şamaxını buraxıb Dağıstana getdi. Nadir hicri 1147-ci (=1734) ildə, 
aqustos (avqust) ayının 17-də,  Şamaxıya girib, Ərdəbil hakimi 
Məhəmmədqulu xan Səidlini Şirvana hakim təyin etdi. 
Bu zaman eşitdi ki, ləzgilərdən və quldurlardan ibarət bir 
dəstə, Şamaxının üç ağaclığında olan çətin keçidli və Mici adlanan 
yerdə toplanıb, fəsad törətmək üçün fürsət axtarırlar. Onları dağıt-
maq üçün bir dəstə göndərildi, diri və ölü olaraq onlardan 500 
nəfər ələ keçdi. Əsirlərin azad edilməsi haqqında hökm çıxdı. Şir-
van bəylərbəyisi onların hamısını sahiblərinə yetirdi. 
Bu  əsnada xəbər çatdı ki, Surxay xan ləzgilərdən və sairdən 
mürəkkəb böyük bir dəstə ilə Qəbələdə müharibə tədarükündədir. 
Nadir ordunun çadırlarını  və yüklərini oğlu Razqulu mirzə ilə 
bərabər Şamaxı qalasında qoydu. Eylul (sentyabr) ayının 6-da, yün-
gül topxana və 12000 süvari ilə, Surxay xanın sığınağı və qərargahı 
olan Qaziqumuğu almaq üçün hərəkət etdi. Bu yer Dağıstanın 
içərilərində, Şamaxının on mənzilliyində idi. Fars sərdarı Təhmasib-
qulu xana da buyurdu ki, özündən üç gün sonra, 12000 qoşunla 
Surxay xanı  cəzalandırmaq üçün Qəbələyə getsin. Kürə ölkəsi 
mahalından olan Qəbirekin bir mənzilliyində belə bir xəbər yetişdi 
ki, Car və Tala ləzgiləri, Mustafa paşa, Nur paşa və Fəth Gəray sul-
tan səkkiz min rumlu (osmanlı) və tatarla Gəncə valisi Əli paşanın 
əmri ilə Qəbələdə olan Surxay xanın köməyinə gəlmişlər. Ümumiy-
yətlə, Surxay xanın başına 20000 qoşun toplanmışdır. 
O, Təhmasibqulu xanın eşitməsindən daha əvvəl, Qəbələ ilə 
Şamaxı arasında, bir tərəfdən dağa, o biri tərəfdən də meşəyə biti-
şik olan Dəvəbatan adlı yerdə öz tüfəngçilərini yol üzərində yerləş-
dirdi. Onların arxasını da başqa bir dəstə ilə qüvvətləndirdi. Sərdar 

 
165 
qoşununun pişdarları bunların birinci dəstəsilə toqquşdu. Meşə 
arası olduğundan, düşmən qoşununun çoxluğundan xəbərdar 
deyildilər. İranlılar qarşıya çıxan adamı Surxay xanın qulamı Qarat 
zənn edib, cəsarətlə hücum edərək onları məğlub etdilər və onların 
arxasında olan dəstənin üzərinə töküldülər. Ləzgilər zənn etdilər ki, 
bunlar Nadirin qoşunudur ki, bu cəsarətlə onların üzərinə hücum 
etdilər. Onların səbri tükəndi, müqavimətdən üz çevirdilər. Bu dəs-
tənin məğlubiyyətindən, Surxay xan və paşaların qoşununun mər-
kəzi çaxnaşdı  və  sıraları pozuldu. Onlardan bir çoxu öldürüldü, 
rumlular Gəncəyə tərəf qaçdılar, Surxay xan isə, Qaziqumuq tərəfi-
nə qaçdı. Bunların bütün ordu ləvazimatı və təchizatı Sərdar qoşu-
nunun əlinə keçdi. Bir dəstə də gedib Surxay xanın bina etdiyi və 
çox abad olan Xaçmaz qalasını qarət etdi, od vurub külə döndərdi. 
Nadir bu xəbəri alınca, qaçanların üzərinə bir dəstə göndərdi. Am-
ma Surxay xan onun bu yürüşündən xəbər tutdu, basıldığı üçün 
heç bir yerdə dayanmayıb, həmin gecə Xosrəkdən yuxarıda olan 
dağ keçidilə ötüb getdi. Göndərilən dəstə səhər çağı buraya gəlib 
çatdı. Qaçan ləzgi və tatarlara rast gəldilər, onlardan 300 nəfərə 
qədər öldürdülər və əsir etdilər. Yol üzərindəki dağlıq yerlərdə olan 
bütün ilxılar və qoyun sürüləri qoşunun əlinə keçdi. 
Xülasə, Nadir 10 gün içərisində ölkənin çətin gedilən uzaq 
guşələrini, bir çox yerdə piyada vasitəsilə çiyində daşınan toplarla 
keçib, Qaziqumuğun bir mənzilliyində olan Xosrək kəndinə  gəldi. 
Ertəsi gün buradan hədəfə doğru hərəkət etdi. Yolda ikən Surxay 
xanın  əfv və aman istədiyini bildirən  ərizəsi alındı. Nadir onun 
sözünə etibar etməyib, Qaziqumuğun alınmasına çalışırdı. Surxay 
xan Dağıstan  əhlindən çoxlu cəmiyyətlə,  şəhərin bir ağaclığında, 
çayın kənarında yerini bərkitdi. Yeganə keçid olan körpünü dağı-
dıb, müdafiə və müharibəyə başladı. Hər iki tərəfdən top və tüfəng 
atışması qızışdı. Bu zaman Əfqanın Abdallı tayfasının hakimi Qəni 
xan, öz dəstəsilə çaydan keçməyə  məmur edildi. Çox çalışdıqdan 
sonra, son dərəcə çətin və dar bir yol tapıb, bir anda çaydan keçdi-
lər. Bu halı görüncə, Surxay xan və ləzgilərin ixtiyarı əllərindən get-
 
166
di, qaçmağa üz qoydular. Nadir ordusu da Abdallı  dəstəsinin ar-
dınca çayı keçdi. Qoşun yetişənə qədər ləzgilər özlərini dağa çat-
dırdılar. Onlardan bir qədəri qılıncdan keçirildi. Lakin Surxay xan bir 
neçə nəfərlə öz köç-külfətini götürüb Avar ölkəsinə qaçdı. Qaziqu-
muq  şəhəri alındı, Surxay xanın və yerli əhalinin gizli və  aşkarda 
olan xəzinə və dəfinələri ələ keçdi. 
Bu zaman, Dağıstan böyüyü olan Xasfulad ibni-Adil Gəray xan 
ibni-Mürtəzali  Şamxal, Nadirin hüzuruna gəlib, yüksək  şamxallıq 
mənsəbinə nail oldu və faxir xələtlərlə  təltif edildi. Qulluğa hazır 
olduğunu bildirib, ölkə əhalisinin taqsırından keçməyi xahiş etdi. 
Qış zamanı yaxınlaşdığı üçün Surxay xanın işini tezliklə bitir-
mək müşkül ili. Nadir bir həftədən sonra, bu vadidə olan mallar 
toplanan kimi, ləzgi əsirlərini, kişili-arvadlı, şamxala bağışlayıb geri 
qayıtdı. Axtıpara mənzilinə çatdıqda, məlum oldu ki, ora ləzgiləri 
qoşunun keçidi olan Samur çayı körpüsünü dağıtmışlar və dağ 
başındakı Şəhbani qalasını özlərinə sığınaq edib oturmuşlar. Nadir 
çayın o biri tərəfində düşdü, körpünü düzəltməyə  fərman verdi. 
Gün batana qədər burada çox möhkəm körpü quruldu, axşam 
vaxtı bütün qoşun oradan keçərək dağın  ətəyində  mənzil etdilər. 
Bir dəstə dağa yürüş etməyə məmur edildi, digər dəstə də dağın 
ətəyindən onların köç-külfətləri sığınan yerə yürüş etdi. Ləzgilər 
davam gətirə bilməyib qaçmağa üz qoydular. Nadir özü bir dəstə 
ilə qaçanları  təqib etməyə başladı. Səhərdən axşama kimi, o 
nahiyənin vadi və çöllərində onlardan bir çoxunu öldürdü və  əsir 
aldı. Çadırları  və yükləri Miskincə  və  Şah dağı yolu ilə  Qəbələyə 
göndərdi. Özü də ertəsi gün Xaçmaz yolu ilə hərəkət etdi. Bu yol 
işlək deyildi, Surxay xan dağın belindəki bəzi yerləri daş, kərpic və 
qumla qarışıq  əhəngdən düzəldib bir yol salmışdı. Bu yoldan 
piyadalar bir-bir çox qorxu və xətərlə keçirdi. 
Xülasə, həmin il təşrini-əvvəl (oktyabr) ayının 3-də, Qəbələ 
mahalının Qutqaşın kəndinə  gəldi. 3 gündən sonra, çadırlar və 
yüklər Şah dağı yolundan, böyük ordu da Şamaxıdan gəlib orada 
ordugaha yetişdilər. Həmin ayın 11-də, Ərəş qarşısındakı körpüdən 

 
167 
keçib, Gəncəni almağa hərəkət etdi. Təşrini-əvvəlin (sentyabrın) 
13-də, Gəncənin Kəlisa kəndi tərəfində ordugah saldı. Rumlular 
(osmanlılar) və tatarlar şəhəri boşaldaraq qalaya çəkildilər. Bu tə-
rəfdən də qalanı almaq üçün tədarük görüb, səngərlər və xən-dək-
lər qazdılar. Birdən-birə, qalanın altına 7 yerdən müxtəlif lağımlar 
çəkmişdilər. Rumlular bu lağımların birindən xəbər tutub onu da-
ğıtdılar. İranlılar 3500 batman barıtla doldurulmuş qalan 6 lağıma, 
tədriclə od vurdular. Bu hadisə zamanı, Gəncə hakimi Əli paşanın 
oğlu Ömər ilə mühafizlərdən 700 nəfər öldü. Rumlular da səngərin 
yanına qədər iki lağım qazmışdılar. Mühasirə edənlər bunlardan 
birini ləğv etdilər. O biri lağımın yanması  nəticəsində, cəzairçilər-
dən 40 nəfər tələf oldu. Bir neçə dəfə də, iki tərəfin lağımları bir-
birinə  təsadüf etdi. Lağımçılar bu dar yerdə  əlbəyaxa döyüşə 
başladılar. 
Bir gün rumlular əl qumbaraları ilə qaladan çıxıb, onları sən-
gərdəkilərin üzərinə yağdıraraq qılınc və tüfəng ilə hücuma keç-
dilər. Səngərdəkiləri meydanın sonuna qədər qovdular. Mühasirə 
edənlər güc gətirərək, mühasirə olunanları  səngərdən çıxarıb 
qalaya soxdular. Dörd aydan artıq, iş bu qayda üzrə davam etdisə 
də heç bir nəticə əldə edilmədi. Sonra, möhkəm bir sədd bağlayıb, 
çayın suyunu qalaya tərəf çevirdilər.  Şirhaci divarı  və  cənub-şərq 
tərəfdəki hasar və burclar uçuldu. Qalanın yarısını su basdı, bu 
halda suyun gücündən və rumluların top gülləsi zərbəsindən sədd 
bir yerindən zədələndi və su kənarına axmağa başladı. Bunun 
yatağı şəhərin yarım ağac şimal tərəfində indi də bəllidir. 
Bu əsnada, Car və Tala ləzgilərinin rəislərindən bir dəstə gəlib, 
söz verdilər ki, 20 günəcən Nadirin ordusuna xidmət etmək üçün 
bir dəstə adam göndərsinlər. Lakin vədlərini yerinə yetirmədilər, 
buna görə də ordugahdan bir fovc ayıraraq, Ağdam hüdudundakı 
qoşun və xanlardan bir dəstə ilə o tayfanı  cəzalandırmağa gön-
dərdilər. Kaxetiya gürcüləri də  İmamqulu xanın oğlu  Əli mirzənin 
sərkərdəliyi ilə, o tərəfdən bu işə məmur etdilər. Öz məskənlərini 
boşaldıb, Əlbürz sıra dağlarında uca bir dağın təpəsində sığınmış 
 
168
olan ləzgilər, qəflətən hücum edərək, göndərilən qoşunun bir 
hissəsini öldürdülər və özləri də bir qədər tələfat verdikdən sonra 
geri qayıtdılar. Bir bu hadisəyə görə, bir də  ləzgilərin sığındıqları 
yer çox çətin və yolu ancaq möhkəm ağaclarla tutulmuş buzlu bir 
keçiddən ibarət olduğu üçün, xanlar yürüşdən əl çəkdilər. O tayfa-
dan tutduqları 150 nəfəri öldürməklə kifayətlənərək, ələ keçən var-
yoxlarını qarət edib geri qayıtdılar. 
Bu hadisələr  əsnasında, Nadir keçmişdə aralarında bağlanan 
əhdnaməyə görə, Bakı  və  Dərbənd qalalarının boşaldılmasını, 
daimi surətdə hüzurunda olan rus elçisindən tələb etdi. Hicri 1147 
(=1735) ildə, Novruz günü, Rusiya ilə əhdnamə bağlandı. Səlyana, 
Bakıya və  Dərbəndə hakimlər təyin edildi. Rusiyanın  əlində olan 
əsirlər geri alındı. Rus əsgərləri və onlar ilə əlaqədar adamların da 
zəhmət və əziyyətsiz iki tərəfin sərhəddi olan Sulaq çayına qədər 
göndərilməsi qərara alındı. 
Şamaxı  şəhəri və qalası münasib bir yerdə olmayıb, düşmən 
hədəfi altında idi. Hicri 1148-ci (=1735) ilin may ayında, buranın 4 
ağaclığında, mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni 
şəhərin əsası qoyuldu. Az bir zamanda hasarlar və burclar tikdirildi. 
Şəhərin qədim  əhalisi bu yeni şəhərə köçürüldü, bura Şirvan 
hakimlərinin mərkəzi oldu. 
Gəncənin mühasirə müddəti uzandı; mühasirədə qalanlar 
Sərəskər Abdulla paşaya bel bağlayaraq, qalanı müdafiə etməkdə 
mətanət göstərdilər. Bu işi bitirmək üçün əvvəlcə Sərəskərlə məsə-
ləni ayrıd etmək lazım idi. O isə Qarsdan hərəkət etmirdi. Buna 
görə, Nadir Gəncə mühasirəsini davam etdirmək üçün, orada bir 
dəstə qoşun saxladı, bir dəstəni də Ağdaşa qoyub əmr etdi ki, əgər 
Car, Tala və ya Dağıstan ləzgiləri bir fəsad törətsələr, Şirvan bəylər-
bəyisi və o nahiyənin hakimləri ilə onları cəzalandırsınlar. Özü də, 
15000 qoşun götürüb, Sərəskər ilə müharibə etmək üçün Gürcüs-
tanın Lori yolundan Qarsa hərəkət etdi. 
Sərəskər qarşı durmaqdan çəkinib, Qars şəhərinə  çəkilmişdi. 
Nadir bir gecə, tələsik, şəhərin kənarından köçüb İran tərəfinə qa-

 
169 
yıtdı. Sərəskər bu hadisədən cəsarətlənib, 100 minə yaxın qoşunla 
onu təqib etməyə başladı. İrəvan yaxınlığında böyük və şiddətli bir 
müharibə başlandı. Sərəskər məğlub oldu, paşalardan və qoşun-
lardan bir çoxu öldürüldü. Bu parlaq qələbədən sonra Gəncə, Tiflis 
və  İrəvan rumluları aman istədilər. Qalaları topxana və  əsirlərlə 
bərabər təslim edərək çıxıb getdilər. 
Bu dövrün hadisələrindən biri də budur ki, Dağıstan ləzgilərin-
dən bir dəstə, üsyan məqsədilə Quba camaatı ilə birləşib, buranın 
hakimi Hüseyəli xan Sultan Əhməd xan oğlunu Xudat qalasında 
mühasirəyə aldılar. Şamxal Xasfulad xan və Dərbənd hakimi çoxlu 
bir cəmiyyətlə köməyə  gəldilər, üsyançılardan 300 nəfərə  qədər 
öldürüldü və əsir alındı, sağ qalanları qaçmağa üz qoydular. 
Şamxal gəlib Dərbənddə olduğu zaman, Avar üsmisi Əmmə 
xan onun ölkəsi üzərinə yürüdü. Pəravul kəndi yaxınlığında onun 
tərəfdarları ilə müharibəyə girişdi. Üsmi özü bir dəstə ilə  bərabər 
öldürüldü, sağ qalanlar nicatı qaçmaqda gördülər. 
Nadir hicri 1148-ci (=1735) ilin yay fəslində, İrəvan yaylağında 
olduğu zaman, mirzə Kafi Nəsirini, Rusiya səfirliyinə  təyin etdi, 
onunla bir fil və bəzi hədiyyələr də göndərdi. Özü isə Gürcüstan iş-
lərini yoluna qoymaq üçün Tiflisə gəldi. Burada Krım valisinin gəl-
məsi xəbərini aldı. 
Bu hadisənin təfsilatı belədir: Abdulla paşa sərəskərliyə  təyin 
edildiyi zaman, Krım xanı adına da sultanın fərmanı sadir oldu. 
Onun Dərbənd yolundan münasib qüvvə ilə  Şirvana getməsi qə-
rara alındı. Nadir bu işdən xəbərdardı. Şirvan bəylərbəyisi Əliqulu 
xanı qabaqcadan başqa dəstələrlə Dərbəndə təyin etmişdi ki, əgər 
Krım xanı o tərəflərə gəlsə, üz-üzə müharibədən çəkinsin və yalnız 
özünü qorusun. Rum padişahı, Sərsəkər Abdulla paşa məğlub 
edilib öldürüləndən sonra, öz ölkəsinin hüdudunu mühafizə etmək 
fikrinə düşdü. Bu məqsədlə Gəncənin keçmiş valisi Əli paşanı vəkil 
təyin etdi ki, gedib yeni sərəskərin xəbərdarlığı ilə iki dövlət arasın-
da  əvvəlki hüdudu müəyyənləşdirsin. Bir fərman da Krım xanına 
yazıb, həmin xanı saraydakı qardaşı  oğlu  İslam Gəray sultan 
 
170
vasitəsilə sürətlə göndərdi ki, o, İran tərəfinə  hərəkət etməsin. 
Həmin xanın Sulaq hüduduna gəlməsi xəbəri yetişdiyi zaman İslam 
Gəray sultan da varid oldu. Nadir həzrətləri  İslam Gəray sultana 
getməyə icazə vermədi. Əbdülbaqi xan Zəngənəni Tiflisdə durma-
ğa məmur etdi ki, barışıq üçün gəlməkdə olan Əli paşanı Gəncəyə 
aparıb, yeni fərmana müntəzir olsun. Özü təşrini-əvvəlin (oktyab-
rın) 23-də Dağıstana gedib, böyük ordusunu Qanıq çayı kənarında 
qoydu, Car və Tala camaatını  cəzalandırmaq üçün bir dəstə ilə 
oraya hərəkət etdi. Onlar qabaqcadan, ucalığı və yolunun çətinliyi 
ilə məşhur olan bir dağın təpəsində sığınaq etmişdilər. Tüfəngçilər 
və cəzairçilər ətrafdan yürüşə başlayıb sığınağın bir tərəfini aldılar. 
Ləzgilər dağların təpələrinə və bucaqlarına dağıldılar, Avarıstanda 
avara düşdülər. Onlardan bir çoxu öldürüldü və  əsir alındı. Mal-
qaraları və mənzilləri qarət edilib yandırıldı.Nadir Şəki və Ərəş yolu 
ilə Şamaxıya gəldi. Burada ikən xəbər yetişdi ki, Krım xanı Dərbənd 
xaricinə  gələndən sonra, Eldar Mürtəzaəli oğlu  Şamxalı Dağıstan 
şamxallığına təyin etmiş,  Şirvan əyalətini Sulxay xana və  Dərbənd 
hökumətini də üsmi Əhməd xana vermişdir. Öz tərəfdarlarına da 
2500 tümən nağd və bir parça qiymətli şeylər bağışlamışdır. Surxay 
xan da öz oğlunu 500 ləzgi ilə  həmin xanın hüzurunda qalmaq 
üçün təyin etmişdir. Bu əsnada, Krım xanı Nadirin hərəkət xəbərini 
eşidib, sürətlə Krıma qayıtdı. 
Nadir  şiddətli qış vaxtında, dağ yolları  və  mənzillərini qar və 
buz tutmasına baxmayaraq, Dağıstan xalqını cəzalandırmaq fikrin-
də idi. Bu məqsədlə Altıağac yolu ilə gedib, Dərəkəndi mənzilinə 
çatdığı zaman, Dağıstan sərdarına bir fərman yazdı. Ondan tələb 
etdi ki, Dərbənddən Təbərsəranın Dərə mahalına gəlib ərzaq top-
lamaqla məşğul olsun. Yükləri və çadırları oğlu  Rzaqulu mirzə ilə 
Şabran yolu ilə göndərdi, özü isə, bir dəstə qoşunla Buduq və Xı-
nalıq qaçaqlarını  cəzalandırmağa getdi. Qoşundan 6000 nəfərini 
Doqquzpara və Axtıpara tərəfinə göndərdi, bir dəstəni də, Qəbir 
tərəfindən qaçaqların yolunu kəsməyə  təyin etdi. O tayfanı  qətl-

 
171 
qarət etdikdən sonra, qayıdıb Qurbanın Gilyar adlı  mənzilində öz 
ordusuna yetişdi. 
Təşrini-saninin (noyabrın) 11-də  Dərbənd qalasının  şimal 
tərəfində onun çadırları quruldu. Burada məlum oldu ki, yeni şam-
xal Eldar, üsmi və Surxay Qazanış adlı yerdə toplaşıb, Xasfulad xan 
Şamxalın üzərinə yürümək fikrindədirlər. Buna görə, gecəyə salıb, 
əvvəlcə Məcalisə yürüdü. Burada olan üsminin oğlu Xan Məhəm-
məd, ləzgilərlə bərabər Məcalis dərəsinin başını kəsib döyüşə baş-
ladı. Onların bir qismi öldürüldü, bir qismi əsir düşdü, qalanları da 
qaçıb qurtardılar. O mahalın hamısı paymal oldu, çoxlu qənimət və 
azuqə ələ keçdi. 
Nadir ertəsi gün oradan hərəkət edib, mənzilbəmənzil qətl-
qarət edərək, Xasfulad xan Şamxala mənsub Kübdən kəndinə gəlib 
çatdı. Surxay, üsmi və Eldar hər biri bir tərəfə qaçdı. Xasfulad xan 
isə, öz tərəfdarları ilə hüzura gəldi. Nadir buradan Surxay xanı 
cəzalandırmaq üçün Qaziqumuq tərəfə yola düşdü. O, kanuni-əv-
vəlin (dekadrın) 20-də Qaziqumuğun üç aqaclığında olan Şərrat 
adlı yerə çatdı. Surxay xan da, çoxlu cəmiyyət toplayıb, dağların tə-
pələrini səngər edərək, qoşun keçə bilən bir dərəni tutmuşdu. 
Nadir dörd tərəfdən yürüş etməyə əmr verdi. Əvvəlcə Əfqan dəs-
təsi dağın təpəsini  ələ keçirdi və müharibə alovu şiddətlənməyə 
başladı. O biri dəstələr də dağın ətəyindən yenicə hərəkət etmək-
də idilər ki, ləzgilər qaçmağa başladılar. Onlardan bir çoxu diri 
olaraq ələ keçdi. 
Vaxt olmadığından Nadir həmin yerdə düşüb, cəzairçilər dəs-
təsini dağların təpəsini mühafizə etməyə məmur etdi. Eldar, dağıs-
tanlılar və avarlardan mürəkkəb bir dəstə ilə Surxayın köməyinə 
gəlirdi. O, cəzairçiləri Surxay xanın qoşunu zənn edərək, onların 
arasına gəldi, adamlarından bir hissəsi öldürüldü və  əsir düşdü. 
İrəli getmək çətin idi. Nadir, Qumuq əhalisindən bir neçə  nəfərin 
aman istəmək üçün gəlməsilə kifayətləndi. Ertəsi gün oradan üsmi-
ni cəzalandırmaq məqsədilə Qüreyş qalasına tərəf hərəkət etdi. 
 
172
Nadir Qaziqumuğa yürüş etdiyi zaman, Aqquşa qazisi əhali ilə 
bərabər aman istəyərək təslim olmuşdu. Sonra isə, qazi bir dəstəni 
gizlicə olaraq Surxayın köməyinə göndərmişdi. Buna görə də onu 
cəzalandırmaq lazım idi. Nadir bir dəstəni bu işə məmur etdi. Qazi 
də öz adamları ilə döyüşə çıxaraq məğlub edildi. Onlardan bir çoxu 
qırıldı, qalanları da əsir alındı. Ertəsi gün, qazi etdiyi əməldən peş-
man olaraq, Nadirin dərbarına gəlib əfv istədi və onun tərəfindən 
bağışlandı. Aqquşa əsirləri də azad edildilər. 
Nadir Qüreyş qalası  ətrafına çatdıqda, üsmi öz qızını onun 
hərəmxanasına yola saldı, mötəbər adamlardan bir neçəsini də əfv 
diləməyə göndərdi və Nadir tərəfindən bağışlandı. Nadir bu qızı 
Hüseynəli xan Sultan Əhməd oğluna verdi. Bir müddətdən sonra o 
dəli olub Qubadan Başlıda olan Əmir Həmzə üsminin evinə getdi. 
Doqquzpara  ətrafının ləzgiləri peşkəş olaraq 1000 baş at və 
mötəbər ailələrdən bəzi adamları girov tərzilə Nadirə təqdim etdi-
lər. Təbərsəran kəndxudaları da tələb olunan ailələri vergi topla-
yanlarla (mühəssillərlə) birlikdə  Dərbəndə göndərib, xidmət və 
itaətə hazır olduqlarını bildirdilər. 
Nadir, Dağıstan işlərini bu surətlə  bitirib,  Xasfulad  xanı  və o 
ölkənin sair başçılarını ləyaqətli təltifata nail edərək, qayıtmalarına 
icazə verdi. Sonra, atının cilovunu Muğan səhrasına çevirdi. Qubanın 
«Həsənqala»sına gəldikdən sonra, bir neçə nəfər yaxın adamları ilə 
ordudan qabağa düşüb, çətin keçidli altı  mənzillik bir yolu bir 
gecə-gündüzlə keçib, Ağsu qalasına yetişdi. Buradan da kanuni-
saninin (yanvarın) 13-də, Muğan səhrasındakı ordugahına gəldi. 
Qabaqcadan ölkənin hər bucağına fərmanlar göndərilmişdi ki, 
hakimlər,  əyan, üləma və  hər vilayətin rəisi kanuni-əvvəlin 15-də 
Muğan səhrasında hazır olsunlar. Həmçinin hökm olunmuşdu ki, 
Kür və Araz çaylarının qovşağı olan Cavad keçidi yaxınlığında, ağac 
və qamışdan karvansara, məscid, hamam və ali imarətlərlə bərabər 
12 min ev tikilsin. 
Vilayətlərdən gələnlərin sayı təqribən 100000 nəfərə yaxın idi. 
Bir aydan ziyadə  çəkən müşavirə  və danışıqlardan sonra, Nadir 

 
173 
həzrətləri hicri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İra-
nın səltənət taxtına oturdu.                        cümləsi bunun maddeyi-
tarixidir. 
İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar 
çıxarıldı: bəzi məsələləri dəyişdirmək və  şərəfli (dini) şəraiti sabit-
ləşdirməklə, iki məzhəb - şiə və sünni məzhəbləri arasındakı ixtilafa 
nəhayət verilib islam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu 
məsələ  dəfələrlə Osmanlı  dərbarına təqdim edildisə  də  qəbul 
olunmadı. 
Nadir şah mülki işlərdə yeni təyinlər icra etdi, öz qardaşı İbra-
him xanı, Qaplankuh hüdudundan başlayaraq Arpa çayına, Dağıs-
tan və Gürcüstanın axırına qədər hökmran təyin etdi. Bu vilayətlə-
rin bütün hakimlərini və əmirlərini onun ixtiyarına verdi. Zənburək-
çi xorasanlı yüzbaşı Mehdi bəyi də, xanlıq və əmirülüməralıq ləqəbi 
ilə Şirvan əyalətinə təyin etdi. 
Bir il sonra, hicri 1149-cu (=1737) ildə,  Şirvan bəylərbəyisi 
Mehdi xan, bir para işləri yoluna qoymaq üçün Dərbəndə getmişdi. 
Dərbənd hakimi Ustacallı Muradəli sultanın, keçmişdə onunla əda-
vəti olduğundan, əhalini həyəcana gətirib onu öldürtdü. Bu işdə işti-
rak edənlərdən bir parası gedib Əhməd xan üsmiyə pənah apardı, 
bəzisi də Dərbəndin Narınqalasına çəkildi. Dərbəndin bu işdə işti-
rak etməmiş qalan əhalisi isə, Narınqalaya çəkilən adamları hücum 
edib öldürdülər, Muradəli sultanı da həbsə alıb  şahın dərbarına 
göndərdilər. O, dərbara gətirilən kimi cəzasına çatdı.  Şah tərəfin-
dən Sərdar bəy Qırxlı, xanlıq ləqəbilə Şirvan əyalətinə, Nəcəf sultan 
Qaraçorlu isə, Dərbənd hökumətinə  təyin edildi və  cəzairçilərdən 
bir dəstə ilə Dərbənd işlərini intizama salmaq üçün oraya getdi. 
Şah, üsmi Əhməd xana pənah aparmış olan Dərbənd qaçqın-
larının həbsə alınıb Sərdar xana göndərilməsi haqqında bir fərman 
verdi. Üsmi, fərmana əməl edərək, o dəstənin hamısını sair bir neçə 
şərir adamlarla bərabər öldürdü. Sərdar xan dərbəndlilərdən bir 
qismini köçürüb yeni Ağsu  şəhərinə göndərdi. Sorsor tayfasını 
Şirvandan gətirib, Dərbənd qalasında onların yerində oturtdu. 
 
174
Hicri 1151-ci (=1739) ildə, Nadir şah Hindistan səfərində olduğu 
zaman, Car və Tala ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üs-
yan etdilər. Zəhirüddövlə İbrahim xan onları cəzalandırmağa getdi. 
O  əvvəlcə qalib gəldi, lakin o tayfanın dağ başında səngərlərdə 
pusquda duran dəstəsi, ətrafdan hücuma keçdi. İbrahim xanın qo-
şununu məğlub etdilər və onlardan bir çoxu öldürüldülər. İbrahim 
xanın özü də, tüfəng gülləsi ilə  öldürüldü.  Bu  xəbər Pişavərdə 
Nadirə yetişdi. O, Əmiraslan xan Qırxlını Azərbaycan  əyalətinə  və 
Gürcüstan sərdarı  Səfi xan Baqayirini də Azərbaycan sərdarlığına 
təyin etdi. Əmr verdi ki, özü gələnə qədər həmin tayfanı o tərəfin 
qoşunları ilə lazımınca cəzalandırıb, nahiyələri mühafizə etsinlər. 
Nadir  şah Hindistanı  fəth etdikdən sonra, Əfqanistana gəldi. 
Hicri 1152-ci (=1740) ildə, Nadirbaddan Qəni xan Abdallını, öz 
tayfası ilə Türküstan səfərindən azad edib Şirvana göndərdi. Ona 
tapşırdı ki, qış zamanı, Əlbürz dağlarının gediş-gəliş yolları bağlan-
dığı bir zamanda, Car və Tala camaatını cəzalandırsın. Kosaəhmədli 
Fətəli xanı və Azərbaycanın yeni sərdarı Qırxlı Məhəmmədli xanı da 
bir dəstə hakim və 15 min Xorasan qoşunu ilə bu işə  təyin etdi. 
Gürcüstan hakimlərini də bunlara qoşdu. Göndərilmiş olan bu 
qüvvə, hicri 1153-cü (=1741) ildə,  şübat (fevral) ayının 23-də, 
Qanıq çayı kənarına yetişdi. Ləzgilər də Car, Kavıx və Ağzıbir adlı üç 
yeri möhkəmləndirdilər. Əvvəlcə döyüşə birinci səngər olan Carda 
başladılar. Burada müqavimət göstərə bilməyib, Kavıxa çəkildilər. 
Bir neçə günlük şiddətli və arası  kəsilməyən böyük müharibədən 
sonra ləzgilər üçüncü səngərə  çəkilib döyüşə başladılar. Bu yer 
ağaclıq, meşəlik və uca bir dağ üzərində olub ancaq bir yolu vardı. 
Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində gedir-
dilər. Səhərdən axşama qədər  şiddətli döyüş davam etdi. Hər iki 
tərəfdən bir çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng 
atmaqla özlərini müdafiə etdilər, ancaq bundan bir fayda hasil 
olmadı. Abdallılar gecə yarısına qədər, həmin dağa qalxıb, 100 nə-
fər tələfat verməklə, o səngəri də tutdular. Şimal tərəfdən qaçmaq 
yolu ləzgilərin üzünə bağlanmışdı. Onların bir hissəsi başlarını 

 
175 
itirib, özlərini dağdan ataraq həlak oldular, qalanları da qılıncdan 
keçirildi və ya əsir edildi. Yalnız bir neçə  nəfəri çıxıb qaça bildi. 
Onların bütün yurdları və məskənləri talan və təxrib edildi. Əhl və 
əyalları ilə dağın təpə  və  dərəsindən qaçmaqda olan camaat 
Samur çayının kənarındakı  Kəsruxi adlı yerə  qədər təqib edildi. 
Onların bir qismini öldürdülər, qalanlarını da köç-külfətlərilə  əsir 
aldılar. Bu nahiyədə abadlıqdan bir əsər və nişanə qalmadı. 
Dağdan qayıtdıqda,  şiddətli tufan nəticəsində qoşundan iki yüz 
nəfəri məhv və tələf oldu. 
Hicri 1154-cü (=1742) ilin baharında, Nadirin qoşunu Buxara 
və Xarəzmi fəth etdikdən sonra, Dağıstana gəlirdi. Mazandaranın 
Səvadkuh adlı yerində, Övlad qalası yaxınlığında, bir ağac dalından 
ona tüfəng atıldı. Güllə sol əlinin baş barmağını yaraladı. 
«Zübdətüttəvarix» sahibi münşi mirzə Əbdülkərimin yazdığına görə, 
təhqiqat nəticəsində  məlum oldu ki, bu işdə onun böyük oğlu 
Rzaqulu mirzə taqsırkardır. Nadir Hindistan səfərinə getdiyi zaman, 
Rzaqulu mirzə İranda naib idi. O, şəxsi mülahizəsinə əsasən, Mirzə 
Məhəmmədhüseyn Qacarı göndərib Səbzvarda yaşamaqda olan 
taxtdan salınmış Şah Təhmasibi öldürtdü. Buna görə o, atası tərə-
findən məzəmmət edilib, böyük işlərdən kənar edildi. Rzaqulu mir-
zə öz gəncliyinə qürrələnib, Tayəminli Nikqədəm adlı qulamı bu işə 
(atasını öldürməyə) vadar etdi. Nadir şah atalıq şəfqətini toplayıb, 
şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan 
sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək 
işlərində məsləkini dəyişdi. 
Nadir  şah, yazın  əvvəllərində Qaracadağ  və  Bərdə yolu ilə 
Qəbələyə gəldi, buradan da Şah dağı yolu ilə Qaziqumuğa getdi. 
Bu səfər əsnasında, o hüdudda yaşayan ləzgi tayfalarının bütün rə-
isləri və sərkərdələri hüzura gəldilər. Təslim və itaət məqsədilə qo-
şuna lazım olan şeyləri tədarük etməyə başladılar. Nadir təmuz 
(iyul) ayının 2-də, Qaziqumuğa gəldi və bir ay burada qaldı. Xasfu-
lad xan, Surxay xan, Əhməd xan üsmi, Dağıstan əhalisi və başçıla-
 
176
rından bir dəstə hüzura gəlib, qiymətli xələt, at və qızıl şeylərlə təl-
tif edildilər. 
Nadir aqustos (avqust) ayının  əvvəllərində, Avar üsyançılarını 
cəzalandırmağa getdi. Onların məskənləri Dağıstanın qurtaraca-
ğında, dağların  ən çətin yerlərində idi. Əndələl nahiyəsində, Çux 
kəndi yaxınlığında, şiddətli döyüş vaqe oldu. Bir nəticə hasil olma-
yıb, çox adam qırıldı. Payız vaxtı yetişmiş olduğundan, dağlarda 
gediş-gəliş də çətinləşdi. Buna görə, oradan Dərbəndə hərəkət et-
di. Surxay xanı da, köç-külfətilə bərabər öz yanınca buraya gətirdi. 
Hərəkət etdiyi zaman, üsmi Əhməd xanı bir dəstə qoşunla 
Qaziqumuqdan Qaraqaytağa göndərdi ki, Qaraqaytaq qulluqçula-
rının mülazim və ailələrini Dərbəndə gətirsin. Çıraq ətrafında belə 
bir xəbər çatdı ki, Hapqay dərəsində, Başlıdan iki ağac yuxarıda, 
üsminin özünün təşviqilə, Qaytaq əhalisindən bir dəstə qoşun üzə-
rinə tökülmüşdür. Bir çoxunu öldürərək, avadanlıq və heyvanlarını 
soymuşlar. Buna görə Nadir şah üsyançıları  cəzalandırmağı  və 
Dağıstan işlərini yoluna qoymağı qət etdi. Tiflis hüdudundan baş-
layaraq, ta Təbriz və  Ərdəbil hüduduna qədər müxtəlif yerlərə 
adamlar təyin etdi ki, ordu üçün azuqə toplayıb göndərsinlər. 
Nadir  şah təşrini-əvvəlin (oktyabrın) 1-də  Dərbəndə  gəldi və 
ayın 9-da Qaraqaytaq mahalına hərəkət etdi. Dərbənddən başlaya-
raq  Şamxal vilayəti sərhəddinə  qədər hər yerdə bir-birindən 2-3 
ağac aralı, möhkəm qalalar tikdirdi. Qaytaq ləzgilərini düzə burax-
mamaq üçün qalalarda əsgəri qüvvələr qoydu. Təşrini-saninin (no-
yabrın) 4-də, Dərbəndin üç ağaclığında, şimal tərəfdə qışlaq üçün 
sulu və  ələfli bir yer seçdi. Hərəmxananı, yükləri və çadırları  Dər-
bənddən buraya köçürdü. Burada ağac və qamışdan evlər tikdirib 
sakin oldular. Bu yer o vaxtdan etibarən İrani-xərab deyə adlanır, 
çünki İran qoşunu burada çox çətinliklərə düçar olmuşdu. Ətrafda-
kı ləzgilər, xüsusilə qaraqaytaqlılar, ordunun xaricində və daxilində 
oğurluq və qarətlə məşğul olub, gediş-gəlişə və ləvazimat tədarü-
künə mane olurdular. Nadir şah bahar fəslində, mayis (may) ayının 
17-də,  əvvəlcə  Təbərsəran  əhalisini cəzalandırmağa başladı.  Əlin-

 
177 
dən gəldiyi qədər, yurdlarını yandırıb qarət etdi və əkinlərini dağıt-
dı. Bundan sonra, Dağıstanın sair mahallarında sığınaq və məskən-
ləri dağıtmaqla məşğul oldu. Nadirin qoşunları, qurdun sürüyə və 
selin binalara tutduğu toyu onlara tutdu. 
Şamxal və Surxay xan çox vaxt Nadirin yanında idi. Üsmi 
Qüreyş qalasında gizlənmişdi. Dağ başında olan bu qalanın ətrafı 
meşəlik və ağaclar olub, keçilməz dar bir yolu var idi. Nadirin ordu-
su onun üzərinə yürüş etdi. Şiddətli hücumdan və üç gün davam 
edən qanlı müharibədən sonra, üsmi Avarıstana qaçdı. Qaladakılar 
və Qaraqaytaq əhalisi də təslim olub aman istədilər. Daş və kərpic-
dən tikilmiş bu möhkəm qala (Qüreyş qalası), yer ilə yeksan edildi. 
Məhəmmədəli xan Qırxlını Dərbənd hakimi təyin edib, qoşunun bir 
hissəsini də onun ixtiyarına verdi. 
Nadir hicri 1155-ci (=1743) ildə, kanuni-sani (yanvar) ayının 
28-də Muğana tərəf yola düşdü. Bu zaman qar, yağışın və palçığın 
çoxluğundan qoşunun çətin vəziyyəti bir dərəcəyə çatmışdı ki, 
Dərbənddən Kür çayı  kənarına qədər olan məsafə 40 mənzil ol-
muşdu. Nadir burada Heydər bəy Əfşarı xanlıq ləqəbilə Şirvana ha-
kim təyin edib, özü Rum hüduduna getdi. 
Bu zaman, keçmişdə Azərbaycan hüdudunda özünü Şah Sultan 
Hüseynin oğluyam deyə  qələmə verən,  əsl-nəsəbi naməlum Sam 
adlı bir nəfər ortaya çıxdı. Azərbaycanda hökmranlıq etməkdə olan 
İbrahim xan, onu tutaraq burnunu siyirib buraxdı. O da Dağıstana 
getdi.  İtaətsizlik göstərərək, Avarıstana qaçmış olan Surxay xanın 
oğlu Məhəmməd burnukəsik Samı əldə bəhanə edərək, başına bir 
qədər cəmiyyət topladı. Təbərsəran və  Dərbənd  əhalisini təhrik 
edərək,  Şirvan  əhalisilə danışığa və  məktublaşmağa başladı. Mə-
həmmədəli xan əhvalatı Nadirin dərğarına bildirincə, Heydər xan 
onun köməyinə göndərildi. Dağıstan və Dərbənd əhalisinin vəziy-
yəti  şirvanlılara da təsir etmişdi. Heydər xanı  Şabran və  Şamaxı 
arasında tutub həbs və bir neçə gündən sonra öldürüb mallarını 
qarət etdilər. 
 
178
Onların dəvətinə görə, Surxay xanın oğlu Məhəmməd xan, 
Sam mirzə ilə gəlib, Şabran qalasını mühasirə etdi (bu qalanın ha-
sarlarından bəzisi çayın sol kənarında indi də qalır). O, lağım vasi-
təsilə, bu gün də asarı görünməkdə olan qala hasarının bir hissə-
sini dağıtdı. Beləliklə, qalanı alıb Ustacallı Abdal xanı tərəfdarları ilə 
bərabər öldürdü. Məhəmməd xan, Abdal xanın qızını aldı və ondan 
II Surxay xan doğuldu. Məhəmməd xan buradan gedib, Şirvanın 
mərkəzi olan Ağsu şəhərini aldı. Şabran və Təbərsəran əhalisi də, 
istər-istəməz ona təslim oldu. 
Bu zaman, Dərbənd nahiyəsindəki Qəbir qalasının mühafizə-
sinə təyin edilən muğanlı bir dəstə, yoldaşları olan bir dəstə əfşarı 
öldürdülər və qalanı  ləzgilərin ixtiyarına verib, özləri Məhəmməd 
və Sama qoşuldular. Məhəmməd xan bu hadisədən sonra, Dərbən-
din rəis və şərirlərindən və onların muğanlı yoldaşlarından bəzisini 
öldürdü, digərlərini də kor edərək Muğana göndərdi, çünki o, mu-
ğanlıların fəsad salmasından şübhələnməkdə idi. Özü isə, Dərbən-
din qala və bucaqlarını möhkəmləndirməklə məşğul oldu. 
İrəvanda olan Azərbaycan sərdarı  Aşur xan Əfşar, bu xəbəri 
eşidincə başındakı cəmiyyətlə Şirvana yürüş etdi. Gəncə bəylərbə-
yisi Camışgəzək Hacı xanla bərabər Kür sahilində Kərim xan Əfşar 
Muğana məmur edildi, bir dəstə qoşun da Aşur xanın köməyinə 
göndərildi. Onun ardınca,  Şahzadə  Nəsrulla mirzə  və  Fətəli xan 
Əfşar 15 min qoşunla Şirvana yürüş etdilər. Əmr mucibincə, Fətəli 
xanı qabaqca göndərdi ki, Aşur xana qoşulsun. Hicri 1155-ci 
(=1743) ildə, kanuni-əvvəlin (dekabrın) 24-də, Məhəmməd və Sam, 
ləzgilər və şirvanlılardan mürəkkəb külli cəmiyyətlə, Şah bağı yuxa-
rısındakı dağın təpəsindən aşağı enib, döyüşə hazırlandılar. Fətəli 
xan və  Aşur xan da buraya çatıb müharibəyə başladılar və qalib 
gəldilər. Bayraq və naqaraxanaları ilə bərabər 1000 nəfərdən artıq 
əsir  ələ keçirildi. Bu müharibədə Surxay xanın oğlu Məhəmməd 
yaralandı və sağ qalanlarla bərabər Dağıstana qaçdı.  Sam da aza-
cıq bir dəstə ilə Gürcüstana getdi. Xanlar Ağsu qalasını mühasirə 
edərək, bir neçə gündə aldılar. Qalanı mühafizə etməyə təyin olu-

 
179 
nan ləzgilərin bir çoxunu əsir tutub şəhəri qarət etdilər. Bu hadisə 
indi də “Allahdad” adı ilə məşhurdur. 
   Bundan bir az sonra, Nadih şah Rum hüdudundan qayıdıb, 
Bərdə ətrafında ələfli və sulu bir yer seçərək, qışlaq yeri təyin etdi. 
Burada ağac və qamışdan neçə min ev və ali imarətlər saldırıb yer-
ləşdi. Qışın  şıddətli olmasına baxmayaraq, kanuni-saninin (yanva-
rın) 11-də subay əsgərlərdən bir dəstə ilə Dağıstana hərəkət etdi. 
Cavad körpüsündən keçərək, hər yerdə iki mənzili bir etməklə, sür-
ətlə irəlilədi. Kanuni-saninin (yanvarın) 24-də, Dərbənddən keçib, 
qoşunu 4 hissəyə böldü. Buralarda tam xətircəmliklə sakin olan bü-
tün tayfalar, belə bir fəsildə onun buraya gəlib çıxmasını təsəvvür 
etmirdilər. Nadir şah bu tayfaların hamısını qarət edib, saysız-he-
sabsız qaramal və qoyun ələ keçirdi. 3-4 gün çalınıb-çapıldıqdan 
sonra Dağıstan rəisləri və qoşun başçıları Nadir şahın hüzuruna gə-
lib, onun nəvaziş və ehsanına nail oldular. 
Nadir  şah qurban bayramı günü, Dərbəndə qayıdıb, buranın 
işlərini də nizama saldı. Sonra Təbərsəran yolu ilə şübatun (fevra-
lın) 5-də, orduya varid oldu. 20 gün də burada qalıb, ot və ələf az 
olduğundan, Kürün şimal tərəfinə keçərək, Ərəş mahalında çadırla-
rını qurdu. Hicri 1157-ci (=1744) ilin baharında, buradan Şəki yay-
laqlarına getdi. Bir zaman orada qaldıqdan sonra, Qurban oğlu 
Hacı  Çələbi ilə  bərabər öz məliklərini öldürərək Gələsən-Görəsən 
qalasına çəkilmiş şəkililərin üzərinə yürüdü və onlarla müharibəyə 
başladı. Yerin keçilməz və  çətinliyinə görə, heç bir nəticə  əldə 
edilmədi. Cevzanın (mayın) axırında və haziranın (iyunun) əvvəlin-
də Qarabağın Xaçın yolu və Miyaguh təriqilə İrəvanın Göyçə yay-
lağına gəldi. Buradan da Rum qoşunlarına qarşı müharibəyə gedib 
qalibiyyətdən sonra onlarla barışdı. 
Həmin il Şirvanda şuluqluq oldu. Şərir və dələduz adamlar əl-
siz-ayaqsızların malına və canına qəsd edirdilər. Hakimlər bunların 
öhdəsindən gələ bilmirdilər. Bu zaman, ixtilal səbəblərindən və Na-
dirin  əhvalından törəyən dəyişiklikdən  əlavə, Rum Xandigarı da, 
məzhəb ixtilafını əldə bəhanə edərək, Dağıstan əhalisini İran höku-
 
180
mətinin  əleyhinə  təhrik edirdi. Verilən fərmanlar mucibincə o, 
Əhməd xan üsmiyə vəzirlik mənsəbi, onun oğlu Xan Məhəmmədə 
paşalıq ləqəbi, Cənqutay bəyə  Əhməd xanın silahşuru,  şamxallıq 
mənsəbi və 20 kisə nağd pul, Məsum və Qadı adlı  Təbərsəran 
hakimlərinin hər birinə iki tuğ  və 200 tümən nağd pul, zaxurlu 
Məhəmməd bəyə Zaxur sultanlığı ilə bərabər iki tuğ və bir qədər 
də nağd pul verərək, bu ölkənin işlərini qarışdırmaq və  iğtişaş 
salmaq fikrində idi... 
(Nadir şah) Xarəzm səfərindən qayıtdıqdan sonra, onun bey-
ninə xudbinlik və fatehlik qürurundan əlavə, bədgümanlıq fikri və 
cürbəcür vəsvəsələr yol tapmışdı. Tərəfdarları ilə gözəl rəftarı tərk 
edərək, zülm və şiddət göstərməyə başladı. Fədakar əmirlər, xanlar 
və  sədaqətli məmurlar səbəbsiz çəkçevirə salınırdılar, amansız 
cəlladların qılıncı ilə öldürülürdülər, iqtidarlarından artıq tələbat 
nəticəsində vergi toplayanların (mühəssillərin) çubuğu altında can 
verirdilər. Mülki işlər tamamilə nizamdan düşdü. Rəiyyətin  əlsiz-
ayaqsızları zalımların təpikləri altında əzildi, bədəfkarların və düş-
mənlərin arzuladığı kimi, ölkənin hər bir tərəfində iğtişaş və hər bir 
işdə nizamsızlıq  əmələ  gəldi. Nadir şahın abad etdiyi İran ölkəsi, 
özünün zülmündən viranəliyə çevrildi. 
Nəhayət, hicri 1160-cı (=1747) ildə, mayis (may) ayının 9-cu 
gecəsi, Xorasanın Fəthabad adlı  mənzilində, Xəbuşanın iki ağaclı-
ğında, onun qəhr və  qəzəbinə duçar olmuş qardaşı  oğlu  Əliqulu 
xanın təhrikilə, əmirlərindən və yaxın adamlarından bir neçə nəfər 
onu öldürdülər. 
Bu hadisədən sonra, İranın bütün vilayətlərinə  iğtişaş düşdü. 
Şirvan ölkəsi hamısından artıq qarışıqlıq və şuluqluq mənbəi oldu. 
Buranın hər bir diyarı müstəqil olaraq bir əmirin hökumət mərkəzi-
nə çevrildi. 

 
181 
Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin