Sabirlə Zakir eyni saatda yenidən xəstəxananın
həyətində görünmüşdülər. Sabir bir günü neçə başa
vurduğunu heç özü də bilmirdi. Bütün günü susub
qonaq otağının bir küncündə oturub qalmışdı. Nə
kimləsə danışmış, nə də yemək yeyə bilmişdi. Oğlu
Rüfət belə onu güldürə bilməmişdi. Elə hey
düşünmüş, suallar yaratmış, ancaq heç bir cavab ala
bilməmişdi. İndi isə kor-peşman xəstəxanaya
gəlmişdi. Özlüyündə məcbur olduğuna inandırmışdı
özünü. Ancaq arabir gələn peşmanlıq hissi ayaqlarını
geriyə atmağa səsləyirdi. Çıxılmaz yollara düşmüşdü.
Gəl ki, dönə də bilmirdi.
– Həkim burda olar?
Amid Səlimoğlu Bəyaz Dəhliz
41
– Olar. Tez gəlir. Dünən demişdim axı.
– Demişdin. – Sabir qısaca dedi.
– Gəl gedək. – Zakir əli ilə binanı göstərdi.
İkisi də bir yerdə binaya daxil olub ikinci
mərtəbəyə çıxdılar. Dəhlizlə həkimin otağının yanına
yaxınlaşdılar. Zakir əvvəlki kimi qapını iki dəfə
döydükdən sonra açıb içəri boylandı. İcazə alıb ikisi
də içəri keçdi.
– Salam, həkim. Necəsiniz? – Zakir stula
əyləşərək həkimə baxdı.
– Heç yaxşı deyiləm. Arvadla səhər dava
eləmişik. – Həkim gileyli halda dedi. – Mənə deyir,
səni boşayacam. Uşaqları da alacam deyir. Hələ
məhkəməyə də vermək fikri var. Uşaqlar da mənim
yanımda qalmaq istəyirlər. Məni çox istədiklərindən
yox ha... Oğlum deyir, atamın pulu var, anamla
qalmayacam. Biqeyrət köpək uşağı. Adam da anasını
atar?! – Rişxəndlə gülümsədi.
Zakirlə Sabir həkimin danışdıqlarına təəccüblə
qulaq asırdılar. Bu yersiz, mənasız söhbət onları
çaşdırmışdı. Onlar elə belə, sadəcə yalandan
“necəsiniz” sualını vermişdilər. Qarşılığında isə
gözləmədikləri cavabları almışdılar.
–Yaxşı olar, İnşaAllah. – Sabir süni təbəssümlə
dedi.
– Əşşi, boş şeylərdir. – Həkimin biranda əhvalı
dəyişdi. Gülərək dedi. – Deyin görək, siz necəsiniz?
Amid Səlimoğlu Bəyaz Dəhliz
42
– Yaxşıyıq, sağ olun. – İkisi də qısaca cavab
verdi.
– Nə gözəl. Sizin analizlərin cavabını da
almışam. – Sabirə baxaraq dedi. – Hamısı çox
gözəldir. Sağlam adamsınız. Heç bir xəstəliyiniz
yoxdur.
– Lap yaxşı. Bəs mənim xəstəxanaya
getməyimdə problem yaratmayacaq ki?
– Qətiyyən. Daha rahat olacaq.
– Nə vaxt gedəcəm xəstəxanaya?
– İki gündən sonra. Bugün ayın beşidir. Ayın
yeddisi orda olmalısan. Ona kimi sən də işini bilmiş
olarsan.
– Olar. – Sabir çarəsizcə dedi. – Necə
deyirsiniz, elə də olsun.
– Ancaq yenə də deyirəm... – Həkim başını
onlara tərəf uzadaraq astaca danışmağa başladı. – Ora
gedəndə ordakılardan biri kimi apar özünü. Ağıllı
olmağın heç bir faydası yoxdur. Nə desələr, onu da
elə. On beş, iyirmi gündən sonra da komissiyanın
qarşısına çıxacaqsan. Ordan da keçsən, sənə ölüm
yoxdur.
– İnşaAllah. Keçəcək. Sabirin bacarmadığı heç
nə yoxdur. – Zakir gülümsəyərək dedi.
– Mən inandım. – Həkim də gülməyə başladı.
– İndi siz gedə bilərsiniz. Burada işiniz qurtardı. İki
gün sonra gələrsiniz. Buradan sizi ora apacaqlar.
|