Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

27
Mənim yanmış kondominatımın kömürə dönmüş qabığı kosmik məkan kimi şəhər
küçələrindən hündürdə qara və səhralaşmış kimi görünür.
Pəncərələr yoxdur və adətən, polisin cinayət səhnəsini hasarladığı sarı lent on
beş mərtəbə hündürlüyündə uçurumdan havada yellənir.
Mən beton döşəmədə oyandım. Partlayışa qədər döşəmə ağcaqayın parketi
ilə örtülmüşdü. Partlayışa qədər divarlarda rəsmlər asılmışdı. Partlayışa qədər
burda İsveç mebeli var idi. Taylerə qədər.
Mən geyimliyəm. Əlimi cibimə salıb özümü əllərimlə yoxlayıram.
Qorxmuşam, ancaq salamatam.
Uçurumun kənarına yaxınlaş, onun on beş mərtəbə dərinliyində avtomobil
dayanacığı var, şəhərin işıqlarına və ulduzlara bax — və sən batdın.
Onların bizimlə işi yoxdur.

Burda, sonsuz gecədə ulduzlarla yerin arasında mən özümü astronavt-
heyvanlardan biri kimi hiss edirəm.
Astronavt-itlər.
Astronavt-meymunlar.
Astoronavt-adamlar.
Nəyə öyrədiblərsə, onu elə. Dəstəyi çək. Düyməni bas. Onsuz da sən nə
etdiyini bilmirsən.
Dünyanın başı xarab olub. Daha mənim müdirim yoxdur. Daha mənim evim
yoxdur. Daha mənim işim yoxdur. Məndən başqa heç kim bunda günahkar deyil.
Mənim heç nəyim qalmayıb.
Mənim bankdakı kreditim xərclənib.
Kənardan addımla.
Bihuşluqdan məni ancaq polis lenti ayırır.
Kənardan addımla.
Məni nə saxlayır?
Kənardan addımla.
Marla.
Aşağı tullan.
Marla bu tarixçəyə sürüklənib, o, nə baş verdiyini bilmir.
Marla səni sevir.
Marla Tayleri sevir.
Marla mənimlə Tayler arasında fərqi bilmir.
Bunu ona kimsə deməlidir. Çıx get. Çıx get. Çıx get.
Özünü xilas et.
Sən liftlə kondominatın holuna düşürsən və heç vaxt səni sevməyən qapıçı üç
dişin çatışmadığı gülüşlə nurlanır və deyir:
— Axşamınız xeyir, mister Derden, sizə taksi çağırım? Sizin hər şeyiniz
qaydasıdadır? Telefonla zəng etmək istəmirsinizmi?
Sən Marlaya — «Regent» otelinə zəng edirsən.
Xidmətçi deyir:
— Birləşdirirəm, mister Derden.
Dəstəkdə Marlanın səsi gəlir.
Qapıçı arxamda dayanıb qulaq asır. «Regent» otelinin xidmətçisi də çox
güman ki, qulaq asır. Sən deyirsən: Marla, biz danışmalıyıq.
Marla cavab verir:
— İtil, cındır!
— Səni təhlükə gözləyir, — deyirsən sən. Nəyin baş verdiyini bilmək sənin
haqqındır. Görüşmək lazımdır. Söhbət etmək.
— Harda?
Biz birinci dəfə görüşdüyümüz yerdə. Yadındadır? Hə, beyninə güc ver.
Ağ şəfa verən işığın kürəsi.

Yeddi qapılı saray.
— Aydındır, — cavab verir Marla. — İyirmi dəqiqədən sonra orda ola bilərəm.
— Ol.
Sən dəstəyi qoyursan və qapıçı deyir:
— Mən sizə taksi çağıra bilərəm, mister Derden. O, istənilən nöqtəyə sizi
pulsuz aparar.
Döyüşçü klubundan olan oğlanlar səni izləyir. — Yox, — deyirsən sən, — gözəl
gecədir, gəzişmək istəyirəm.
Şənbə günləri Birinci Metodist Kilsənin zirzəmisində bağırsaq xərçəngi
xəstələri toplaşır. Sən ora gələndə Marla artıq ordadır.
Marla siqaret çəkir. Marla Zinger gözlərini axıdır. Marla Zingerin gözlərinin
altında — qançır var.
Sən xalçanın üstündə meditasiya edən dairədən kənarda oturmusan və sənin
iradəni simvollaşdıran heyvanı təsəvvür etməyə çalışırsan, Marla isə əzilmiş gözü
ilə sənə çəp baxır. Hətta yeddi qapılı sarayı təsəvvür etmək üçün gözlərini
yumanda sən əvvəlki tək Marlanın baxışını üzərində hiss edirsən. Sən hər birimizin
içində olan uşaqla ünsiyyət qurursan.
Marla isə baxır.
Sonra qucaqlaşma vaxtı çatır.
Gözlərini aç.
Hərə özünə partnyor seçməlidir.
Marla üç iti addımla otağı keçir və var gücü ilə mənim üzümdən vurur.
— Sən murdar zibil parçasısan, — deyir Marla.
Ətrafda hamı ancaq bizə baxır.
Daha sonra Marla hər iki əlilə növbəylə vurmağa başlayır.
— Sən kimisə öldürmüsən, — qışqırır o. — Mən polis çağırmışam və onlar bu
dəqiqələrdə burda olacaq.
Mən onun əllərindən tutub deyirəm: bəlkə də polis gələcək, ancaq çox güman
ki, yox.
Marla çevrilir və qışqırır ki, polis bura böyük sürətlə gəlir. Məni tutub elektrik
stuluna oturdub diri-diri elə qızartsınlar ki, gözlərim partlasın, yaxud ən azı mənə
ölüm iynəsi vuracaqlar.
Yəqin arı sancmasına bənzəyən hisdir.
Böyük dozada natrium fenobarbitalı və sən dərin yuxuya gedirsən. İtlər
vadisində olduğu kimi.
Marla deyir ki, mənim bu gün kimisə öldürməyimi görüb.
Əgər söhbət müdirdən gedirsə, deyirəm mən, onda hə, hə, hə, min dəfə hə.
Mən bunu bilirəm, polis də bunu bilir, hamı ölüm iynəsi vurmaq üçün məni axtarır.
Ancaq mən yox, Tayler mənim müdirimi öldürüb.
Sadəcə olaraq, mənimlə Taylerin barmaq izləri eynidir, ancaq bunu kimə izah
edəcəksən.

— Kəs səsini, cındır! — deyir Marla və mənə əzilmiş gözünü göstərir. — Sənə
və şagirdlərinə, sadəcə, adamları döymək xoş gəlir. Yadında saxla, əgər bir də
mənə toxunsan, sən — meyitsən.
— Mən bu gün sənin necə adam güllələdiyini gördüm, — deyir Marla.
Yox, axı, bu bomba idi, deyirəm mən, o bu gün səhər partladı. Tayler
kompyuterin monitorunda deşik açıb və daha sonra onu benzin və tüstü barıtı ilə
doldurub.
Həqiqətən də bağırsaq xərçəngi olanların hamısı dayanıb bizə baxır.
— Yox, — deyir Marla, — mən «Pressman» otelinə qədər səni izlədim. Sən
ordakı meyitli ziyafətlərin birində ofisiant işləyirdin.
Meyitli ziyafət — varlılar oteldə Aqata Kristi ruhunda tarixçənin oynanıldığı
dəvətli axşama toplaşır. Hardasa siyənəklə vəhşi qabanın yəhəri arasında bir
dəqiqəlik işıq sönür və kimisə qəsdən öldürürlər. Bu nəfis və çox şən əyləncə
sayılır.
Axşamın qalan hissəsini qonaqlar içir, maderalı konsome yeyir və onların
arasında kimin qatil-psixopad olduğunu tapmağa çalışırlar.
Marla qışqırır:
— Sən merin xammalın təkrar emal üzrə müşavirini öldürmüsən!
Bu Tayler merin nəyinsə təkrar emalı üzrə müşavirini öldürüb.
Marla qışqırır:
— Sənin heç xərçəngin də yoxdur!
Hər şey çox tez baş verdi.
Çırtma vurmağa da macal tapmırsan.
Hamı sənə baxır.
Mən qışqırıram: o heç səndə də yoxdur!
— O, bura artıq iki ildir gəlir, — ciyildəyir Marla, — özü isə öküz kimi
sağlamdır.
Mən sənin həyatını xilas etməyə çalışırdım.
— Sənə kim dedi ki, onu xilas etməyə dəyər!
Çünki sən məni izləyirsən. Çünki sən məni bu gün axşam da izləmisən və
Tayler Derdenin kimisə öldürdüyünü görmüsən, Tayler «Darmadağın Layihəsinə»
mane olmaq istəyən hər kəsi öldürəcək.
Otaqda hamı öz balaca dərdindən yayındı. Özlərinin xərçəngindən. Hətta
ağrıkəsici dərmanlara oturanlar da ayıldı və bizə diqqətlə baxdılar.
Mən onlara deyirəm: üzr istəyirəm. Mən heç kimə pislik etmək istəmirdim. Biz
getməliyik. Biz hər şey barədə üzbəüz danışmalıyıq.
Cavabında hamı qışqırır:
— Yox! Qalın! Danışmaqda davan edin!
Mən heç kimi öldürməmişəm, deyirəm mən. Mən Tayler Derden deyiləm. O —
ikinci mənəm, mənim parçalanmış şuurumun yarısıdır. Mən soruşurdum: sizlərdən
kimsə «Sivilla» filmini görüb?

Marla soruşur:
— Məni kim öldürməyə hazırlaşırdı?
— Tayler?
— Sən?
— Yox, Tayler, — deyirəm mən, — ancaq mən onunla bacaracam. Sən sadəcə
«Darmadağın Layihəsi» iştirakçılarından uzaq durmalısan. Tayler onlara səni
oğurlamağı tapşıra bilər. Yaxud daha pis nə isə etmək üçün oğurlaya bilər.
— Mən niyə sənə inanmalıyam?
Hər şey elə tez baş verdi ki.
Mən deyirəm: çünki mənə elə gəlir ki, sən mənim xoşuma gəlirsən.
Marla deyir:
— Xoşuma gəlir? Ancaq bu?
— Bütün bunlar dözülməz dərəcədə sentemental səslənir. Məndən sevgi
etirafı tələb eləmə, deyirəm mən.
Ətrafda hamı gülümsəyir.
Mən getməliyəm. Mən burdan çıxmalıyam. Mən ona deyirəm: başı keçəl
qırxılmış, yaxud üzləri əzik oğlanlardan uzaq dur. Gözlərinin altında qançır. Sınmış
dişlər. Bu tip şeylər.
Marla soruşur:
— Bəs sən hara?
Mən də Tayler Derdenlə məşğul olacam.
28
Onun adı Patrik Medden idi və o təkrar xammalın emalı məsələləri üzrə merin
müşaviri idi. Onun adı Patrik Medden idi və o «Darmadağın Layihəsi»nin əleyhdarı
idi.
Birinci Metodist Kilsəsindən küçəyə çıxarkən mən hər şeyi yada saldım.
Mən Taylerə məlum olan hər şeyi yada saldım.
Patrik Medden döyüşçü klublarının toplantısı keçirilən bütün barların siyahısını
tuturdu.
Qəfil kinoproyektorlarla necə davranmağı yada salıram. Mən qıfılları
sındırıram. Mən Taylerin çimərlikdə mənim yanıma gəlməzdən xeyli əvvəl Kağız
kuçəsində ev kirayələdiyini yadıma salıram.

Mən hətta Taylerin hardan peyda olduğunu da bilirəm. Tayler Marlanı sevirdi.
İlk görüşümüzdə mənim bir hissəm Marlaya vuruldu və bu hissə də Derden oldu.
Bununla belə, bunun heç bir mənası yoxdur. Ən azı indi. Ancaq mən kilsədən
yaxınlıqdakı döyüşçü klubuna gedərkən xatirələr mənə qayıdırdı.
Şənbə günü axşamlar döyüşçü klubunun görüşləri «Arsenal» barında keçirilir.
Yəqin o Patrik Middenin, zavallı, ölü Patrik Middenin hazırladığı siyahıda var idi...
Mən «Arsenal» barına girirəm və izdiham mənim qarşımda açılan ilgək kimi
aralanır. Burda hamı üçün mən — Tayler Derdenəm, böyük və qorxunc. Allah və
ata.
Mən ətrafda hamının necə dediyini eşidirəm:
— Axşamınız xeyir, ser!
— Döyüşçü klubuna xoş gəlmisiniz, ser!
— Sağ olun ki, gəlmisiniz, ser!
Mənim üzüm təzəlikcə sağalmağa başlayıb. Yanağımdakı deşik daha
görünmür. Mənim dodaqlarım adi gülüşlə gülümsəyir.
Mən — Tayler Derden olduğuma görə bütün qaydalardan üstünəm. Mən bu
klubdakı bütün oğlanları döyüşə çağırıram. Əlli döyüş. Ayaqqabısız. Belə qədər
çılpaq.
Döyüş lazım olan qədər davam edir.
Əgər Tayler Marlanı sevirsə.
Onda mən də Marlanı sevirəm.
Sonra baş verənləri sözlərlə izah etmək olmur. Mən Fransanın heç vaxt
görməyəcəyim çimərliklərini murdarlamaq istəyirəm. Rokfeller-mərkəzin
xarabalıqlarının yaxınlığındakı kanyonun yamaclarındakı rütubətli meşələrdə
sığınları ovladığını təsəvvür et.
Birinci döyüşdəcə rəqibim məni ikili nelsonda yaxalayaraq dişlərimi sındırıb
sifətimi, yanağımı, yanağımdakı deşiyi beton döşəməyə sürtür.
İndi mən artıq ölü Patrik Middenin döşəmədə uzandığını xatırlaya bilərəm,
onun başında şinyon olan qızın heykəlciyinə oxşayan arvadı isə hırıldayaraq
şampanı ərinin ölü dodaqları arasına tökməyə çalışır.
Arvadı deyir ki, saxta qanı təbii qandan ayırmaq asandır, çünki o gözəldir. Bu
sözlərlə o iki barmağını qırmızı gölməçəyə salır, sonra da onları ağzına qoyur.
Dişlərim dilimi kəsdi. Qan dadı.
Patrik Middenin arvadı qanın dadını duydu.
Rəqs zalının kənarında məni cangüdən kimi əhatəyə alan ofisiant geyimindəki
astronavt-meymunlarla dayandığımı xatırlayıram. Mən zalın o biri başından tünd-
qırmızı gülləri olan paltarda Marlanın mənə baxdığını xatırlayıram.
İkinci döyüş zamanı rəqibim dizi ilə kürəyimin arasına dirəndi. O, əllərimi
kürəyimdə burub sinəmi beton döşəməyə vurmağa başladı. Mən bir tərəfdən
körpücük sümüyümün necə xırtıldadığını eşitdim.

Mən Britaniya muzeyində yunan kolleksiyasını çəkiclə balaca hissələrə
xırdalamaq və Mona Liza ilə dalımı silmək istəyirəm.
Patrik Meddenin arvadı iki barmağını ərinin dişləri arasında yığılan qana
batırıb yuxarı qaldırmışdı. Qanı barmaqlarından axıb ovucunun içindən, biləkdən,
almaz bilərzikdən süzülüb dirsəyindən damırdı.
Döyüş nömrə üç. Mən ayıldım və bu an üç nömrəli döyüşün vaxtı çatdı.
Döyüşçü klubunda bizim daha adlarımız yoxdur.
Öz adın əhəmiyyət kəsb etmir.
Soyadın əhəmiyyət kəsb etmir.
Nömrə üç hardansa mənim nə istədiyimi bilir. O, əllərilə məni tutur və başımı
sinəmə sıxır. Qaranlıq və bürküdür, havanın yoxluğu yuxulamamaq üçün kifayət
edir. O, başımı körpə uşaq, yaxud futbol topu kimi dirsəyi ilə saxlayıb ikinci əlinin
sümükləri ilə başıma çırpır.
Dişlərimin qırıqları yanağımı deşənə qədər.
Yanağımdakı deşik ağzımın kənarı ilə birləşməyənə qədər, cırıq, qanlı mimika
üzümü burnumdan qulağıma qədər bölür.
Üç nömrə məni yumruğundan qan çıxana qədər çırpır.
Gözlərimdən yaş tökülənə qədər.
Sevdiklirinin hamısı ya səni atırlar, ya ölürlər.
Sənin yaratdıqlarının hamısı unudulacaq.
Sənin qürurlandıqlarının hamısı bir vaxt zibilliyə atılacaq.
Mən — Ozimandiya, mən — çarların güdrətli çarıyam
25
.
Daha bir zərbə, mənim çənəm şaqqıldayır, dilimin dişlənib qopmuş bir hissəsi
yerə düşür və kimsə onu tapdalayır.
Patrik Middenin arvadının balaca cüssəsi ərinin meyitinin yanında diz çökür,
ətrafda isə Middenlərin özlərinə dost hesab etdikləri sərxoş varlılar qəhqəhə çəkir.
Arvadı onu çağırır:
— Patrik?
Qan gölməçəsi getdikcə böyüyür və nəhayət, onun paltarının ətəyinə toxunur.
O qışqırır:
— Patrik, qurtar, bəsdir özünü ölü kimi apardın!
Qan kapillyar effekti hesabına onun paltarının parçasında qalxmağa başlayır —
getdikcə yuxarı.
Mənim ətrafımda «Darmadağın Layihəsi» iştirakçıları qışqırmağa başlayır.
Onların ardınca Patrik Middenin arvadı qışqırmağa başlayır.
«Arsenal» barının zirzəmisində isə Tayler Derden qanlı ətin isti topası kimi
yerə yıxılır. Bir anlıq mükəmməlliyə nail olan böyük və qorxunc Tayler Derden dedi
ki, bir dəqiqə mükəmməl olmaq bütün səyləri doğruldur.
Mən qalxıram və yeni döyüş başlayır, çünki ölmək istəyirəm. Çünki yalnız
öləndən sonra biz «Darmadağın Layihəsi»nin iştirakçısı olmağa son qoyuruq.

29
Tayler yenidən mənim qarşımda dayanıb: o həmişəki kimi sarışın-mələk gözəlliyi ilə
gözəldir.
Mən — Kağız küçəsindəki otağımdakı açıq döşəyin üstündə qurumaqda olan
bioloji toxumanın qana boyanmış nümunəsiyəm.
Mənim otağımdan bütün əşyalar yoxa çıxıb.
Mənim on dəqiqə xərçəng olduğum vaxtda ayağımın şəklinin asıldığı güzgü.
Xərçəngdən pisdir. Güzgü itib. Paltar dolabının qapısı açıqdır: altı cüt ağ köynək,
qara şalvarlar, alt paltarı, ayaqqabılar — hamısı itib.
Tayler göstəriş verir:
— Qalx!
İnsana əşyaların sarsılmaz səthi kimi görsənənlər bəzən dəhşət doğurur.
Hər şey yavaş-yavaş dağılır.
Astronavt-meymunlar harasa yoxa çıxıb.
Hər şey başqa yerə keçirilib: insan piyi, yataq çarpayıları, pullar. Pullar — ilk
növbədə.
Tayler deyir:
— Bizə ən azı sənin din yolunda əzab çəkməyin lazımdır. Sənin əzablı ölümün
də.
Sənin kədərli və faciəli ölümə ixtiyarın yoxdur: sənin ölümün sevincli, ölümü
üstələyən olmalıdır.
— Tayler, mənə ağrılıdır. Məni elə indi öldür.
— Qalx!
— Yaxşısı budur öldür məni. Öldür məni. Öldür məni. Öldür məni. Öldür məni.
— Sən möhtəşəm ölümlə ölməlisən, — deyir Tayler. — Bir təsəvvür elə: sən
«Darmadağın Layihəsi» iştirakçılarının tutduğu, dünyada ən möhtəşəm binanın
başında dayanmısan. Tüstü pəncərələrdən çıxır. Mebel tamaşa edən izdihamın
üstünə düşür. Ölüm operası, möhtəşəm mənzərə — bax, budur bizə tələb olunan.
— Yox, — deyirəm mən. — Sən həddən artıq çox istifadə etmisən.
— Əgər sən razılaşmasan, biz Marla ilə məşğul olacağıq.
— Apar məni, — deyirəm mən.
— Onda, qancıq, çıx öz cındır yuvandan, — deyir Tayler, — bizim maşına min.

Beləcə biz Taylerlə «Parker-Morris» göydələninin başında olduq və ona görə
də Taylerin tapançası mənim ağzımdadır.
Yaşamaq üçün on dəqiqə vaxtımız qalıb.
«Parker-Morris» göydələnlərinə də. Mən bunu bilirəm, çünki bunu Tayler bilir.
Tapançanın lüləsi düz badamcıq vəzilərimə dirənir. Tayler isə deyir:
— Biz öləcəyik, amma bu, gerçək ölüm olmayacaq.
Mən lüləni dilimlə çəkirəm ki, o yanağıma dirənsin və deyirəm:
— Tayler, sən nə sarsaqlayırsan! Axı, biz vampir deyilik.
Yaşamaq üçün səkkiz dəqiqəmiz qaldı.
Tapança — ancaq polis vertolyotlarının tez gələcəyi hal üçündür.
Allahın nöqteyi-nəzərindən, evin damında öz ağzına tapança soxmuş bir adam
var, ancaq mən bilirəm ki, tapança — Taylerin əlindədir.
98 faizlik tüstüləyən azot turşusunun bir hissəsini götürün və onu
zənginləşdirilmiş sulfat turşusunun üç hissəsi ilə qarışdırın.
Siz nitroqliserin əldə etdiniz.
Yeddi dəqiqə qalıb.
Nitroqliserini taxta kəpəyi ilə qarışdırın və siz əla plastit əldə edəcəksiniz.
Bəziləri nitroqliserini pambıq və ingilis duzu ilə qarışdırmağa üstünlük verir. Bu da
pis nəticə vermir. Bəziləri isə nitratı parafinlə qarışdırır. Belədə etibarsız partlayıcı
alınır.
Dörd dəqiqə.
Biz damın qırağında dayanmışıq, mən, Tayler və tapançanın lüləsi ağzımdadır.
Onun nə dərəcədə təmiz olduğunu bilmək istəyərdim.
Üç dəqiqə.
Birdən mən kiminsə qışqırığını eşidirəm.
Mən «dayan!» çığırtısı və damda yanıma qaçan Marlanı görürəm.
Marla ancaq məni görür, o Tayler görmür, çünki Tayler — mənim
qallüsinasiyamdır, onun yox. Tayler yenə illüziyaçı kimi yoxa çıxdı. Damda ancaq
tapançanın lüləsini ağzıma soxan mən qaldım.
— Biz səni izləyirdik, — qışqırır Marla. — Mən və dəstək qruplarındakı
adamlar. Bunu etmək lazım deyil. Tapançanı yığışdır.
Onun arxasında — hamı var, bağırsaq xərçəngi qrupuna gedənlər, beyin
paraziti olanlar da, melanoması olanlar da, vərəmlər də. Onlar axsayır, ayaqlarını
sürüyür, onun dalınca əlil arabasında gəlir.
O qışqırır:
— Dayan!
Soyuq külək mənə onların səsini çatdırır; onlar qışqırır:
— Dayan!
— Biz sənə kömək edə bilərik!
— İcazə ver sənə kömək edək!
Göydə artıq polis vertolyotlarının tırıltısı eşidilir.

Mən qışqırıram: rədd olun! Gedin burdan. Bina indi partlayacaq!
Mən özümü öldürmək istəmirəm, qışqırıram mən. Mən Tayleri öldürürəm.
Mən — Conun Dəmir Qətiyyətiyəm.
Mən hər şeyi xatırlayıram.
— Mən bunu məhəbbət adlandıra bilmərəm, — qışqırır Marla, — ancaq sən
mənim xoşuma gəlirsən.
Bir dəqiqə qalıb.
Marlanın Taylerdən xoşu gəlir.
— Yox, mənim səndən xoşum gəlir, — qışqırır Marla. —Səninlə aramızda hansı
fərqin olduğunu bilirəm.
Sıfr saniyə.
Ancaq partlayış yoxdur.
Tapançanın lüləsini öz yekə yanağıma dirəyib deyirəm: Tayler, sən nitra ilə
parafini qarışdırmısan, hə?
Ancaq belədə etibarsız partlayıcı alınır!
Mənim başqa çarəm qalmır.
Polis vertolyotları getdikcə yaxınlaşır.
Mən tətiyi basıram.
30
Atamın evində otaq çoxdur.
Əlbəttə ki, mən tətiyi basanda öldüm.
Yalançı.
Tayler də öldü.
Polis vertolyotları damın üstündə fırlanmağa başlayanda, Marla və özlərini
xilas edə bilməyən dəstək qrupundakı adamların hamısı məni xilas etməyə
çalışanda tətiyi basmaqdan başqa çarəm qalmırdı.
Hər halda bu normal həyatdan yaxşıdır.
Mükəmməllik əbədi davam edə bilməz.
Fitnəkar!
Göylərdə çox sakitlikdir, çünki hamı yumşaq altı olan şap-şupda gəzir.
Göylərdə mən yuxusuzluqdan əziyyət çəkmirəm.

İnsanlar mənə məktub yazır, insanlar məni xatırlayır. Onlar üçün mən —
qəhrəmanam. Bir azdan düzələcəm.
Burdakı mələklər eynilə cənnətdəki kimidir. Onlar legionlara bölünür, öz
rəhbərləri var və növbə ilə işləyirlər. Qayda qəbiristanlıqda olduğu kimidır. Yeməyi
burda içində həblər olan boşqabların olduğu məcməyidə gətirirlər. «Kuklalar
Vadisi»ndə olduğu kimi.
Mən Allahla rastlaşdım. O qoz ağacından olan geniş stol arxasında oturmuşdu,
arxasında isə bütün diplomları asılmışdı. Allah məndən soruşdu:
— Nəyə görə?
Niyə mən bu qədər ağrı verdim?
Doğrudan da xatırlamırdım ki, bizim hər birimiz qar dənəciyinin unikallığı və
gözəlliyinə sahibik?
Doğrudan da, mən bilmirdim ki, biz hamımız — böyük məhəbbətin
təzahürüyük?
Mən öz masasında oturub bloknotda nəsə çəkən Allaha baxırdım və
düşünürdüm ki, o da səhv edir.
Biz unikal deyilik.
Ancaq biz yalnız parçalanan üzvi materiyayıq.
Biz mövcuduq.
Sadəcə mövcuduq və bizimlə baş verənlər baş verir.
Və Allah mənə dedi:
— Yox, bu belə deyil.
Necə istəyirsiniz. Yaxşı. Qoy elə olsun.
Allaha hər şeyi izah edə bilməzsən.
Allah məndən nəyi xatırladığımı soruşur.
Mən isə hər şeyi xatırlayıram.
Taylerin tapançasının gülləsi mənim ikinci yanağımı da dağıtdı, ona görə
təbəssümüm qulağımdan qulağıma qədər oldu. Hellouindəki acıqlı balqabaq kimi.
Yapon iblisi kimi. Xəsis Drakonda olduğu kimi.
Marla yerdə yaşamağa qaldı. Mənə ordan məktublar yazır. Nə vaxtsa, — yazır
o, — mən geri dönə bilərəm.
Əgər göydə telefon olsaydı, mən ordan Marlaya zəng edərdim, o, dəstəyi
qaldıranda isə susmazdım.
Mən deyərdim:
— Salam. Necəsən? Mənə hər şeyi ətraflı danış.
Ancaq mən özüm də geriyə dönmək istəmirəm. Hələlik.
Bax buna görə.
Çünki zaman-zaman mənə yemək və həb gətirən mələyin gözünün altı əzilib,
yaxud yamaqlı çənəsi yana əyilib və o mənə deyir:
— Bizim sizə ehtiyacımız var, mister Tayler.
Yaxud əlində döşəmə taxtası olan kimsə yanımdan keçəndə deyir:

— Hər şey plan üzrə gedir.
O pıçıldayır:
— Biz sivilizasiyanı məhv etməliyik ki, ondan fərqli bir şey düzəldək.
O pıçıldayır:
— Biz səbirsizliklə sizin geri dönəcəyinizi gözləyirik.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin