Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

19
Döyüşçü klubundan olan avtomexanik qazı basır, sükanı özünə xas qəzəbli tərzdə
fırladır, biz yenə avtostradada gedirik, çünki bu gecə bizim hələ işlərimiz var.
Sivilizasiyanın sonu çatana qədər mən ulduzlarla istiqaməti
müəyyənləşdirməyi öyrənməliyəm. Ətrafda hər şey elə səssiz və qaranlıqdır ki,
sanki bizim «Kadillak» kosmik istiqamətdə hərəkət edir. Biz çoxdandır ki, şosedən
çıxmışıq. Arxa oturacaqdakı üç oğlan ya yatıb, ya da özündən gedib.
— Bizim həyatımız tükdən asılı idi, — deyir avtomexanik.
O, əlini mənə uzadır və alnımdakı uzun çapığa toxunur — sükan çarxının
zərbəsinin dəydiyi yerə. Mənim alnım elə şişib ki, ağrıdan gözlərimi qıyıram.
Mexanik soyuq barmağını çapıq boyunca sürtür. «Korniş» çala-çuxurda atılır və

ağrı fincandan əndərilən maye kimi gözlərimə qara kölgə axıdır. Bizim əzik yük yeri
yırğalanır, qopan bamper isə gecə sükutunu pozaraq yeri qaşıyır.
Mexanik deyir ki, «korniş»in arxa bamperi tükdən asılıdır: toqquşma zamanı o
yük maşınının ön bamperinə ilişib və dayaqdan qopub.
Mən baş verənlərin «Darmadağın Layihəsi» çərçivəsində ev tapşırığının bir
hissəsi olub-olmadığını soruşuram?
— Müəyyən dərəcədə — hə, — deyir mexanik, — mən dörd nəfəri qurban
verib və bir kisə piy tapmalıydım.
— Piy?
— Sabun üçün.
Tayler nə planlaşdırır?
Mexanik mənimlə Tayler Derdenin sözləri ilə danışmağa başlayır.
— Mən qarşımda ən güclü və ən ağıllı adamları görürəm, — deyir o və onun
profili ulduzların fonunda aydın əks olunur. Onlar yanacaqdoldurma
məntəqələrində işləyir və restoranlarda yemək gətirir.
Onun alnının xətti, burnunun profili, kiprik və qaşları, tərpənən dodaqları —
bütün sifəti ulduzlu səmada aydın əks olunur.
— Əgər biz bu adamları məşq düşərgələrində yerləşdirib onları tərbiyə edə
bilsəydik.
— Tapanca yalnız partlayışı lazımı istiqamətə yönəldir, vəssalam.
— Bütün bu oğlanlar, bütün bu qızlar öz həyatlarını nəyə görəsə qurban
vermək istəyir. Reklam onları heç nəyə gərək olmayan bəzək-düzək və maşın
almağa məcbur edir. Nəsillərdən nəsillərə insanlar mənfur adamları ona görə
işləyir ki, özlərinə lazım olmayan şeyləri almaq imkanı olsun.
— Bizim nəslin taleyinə böyük müharibə, yaxud böyük depressiya düşməyib,
ona görə biz özümüz müharibə elan etməliyik və bu mənəvi müharibə olacaq. Biz
mədəniyyətə qarşı yönələn inqilaba başlayacağıq. Bizim böyük depressiyamız
— bu bizim mövcudluğumuzdur. Bu, ruhun depressiyasıdır.
— Biz insanları kölə halına salmaqla onları azadlığa öyrətməli və onları
qorxudaraq cəsarətin nə olduğunu göstərməliyik.
— Napoleon insanları orden lentinə görə həyatlarını qurban verməyə məcbur
edə bildiyinə görə öyünürdü.
— Təsəvvür edin, sərvətlər ədalətli surətdə yenidən bölünənə qədər bütün
dünya tətil elan edib işləməkdən imtina edəcək.
— Təsəvvür edin, Rokfeller-mərkəzin xarabalıqlarının yaxınlığındakı kanyonun
yamaclarındakı rütubətli meşələrdə sığınları ovlayırsan.
— Sənin işin barədə dediyin ciddidir? — mexanik soruşur.
— Hə, ciddidir.
— Bax, ona görə də biz getdiyimiz yerə gedirik.
Biz ovdayıq, piy ovunda.
Biz xəstəxana tullantıları saxlanılan yerə gedirik.

Biz yandırma stansiyası nəzdində xəstəxana tullantıları saxlanılan yerə gedirik.
Orada, istifadə edilmiş bint və sarğı materialları, kök salmış şişlər, damcısalan və
iynələr üçün istifadə edilmiş borucuqlar və digər qorxunc, həqiqətən də, qorxunc
əşyalar, qan və kəsilib-atılmış ətraflar arasında biz zibil maşını sürücüsünün bir
gecəyə tapa biləcəyindən çox pul tapacağıq.
Biz o qədər pul tapacağıq ki, əgər onunla bu «Korniş»i doldursaq, onun altı
yerə dəyəcək.
— Piy, — deyir mexanik, — liposuksiya zamanı varlı Amerikalının budlarından
çıxarılmış piydir. Dünyada ən yaxşı, ən qatı piydir.
Biz piylə dolu böyük qırmızı torbaları Kağız küçəsinə gətirəcəyik, qələvi və
rozmarin ekstratı ilə qarışdıracağıq və onu həmin piyi bədənlərindən çıxarmaq
üçün pul verən adamlara satacağıq. Bizim sabunun bir parçasının qiyməti 20
dollardır: belə qiymətə sabun almağı özünə ancaq varlılar imkan verə bilər.
— Dünyada ən qatı, ən incə piy, yerin piyidir, — deyir mexanik. — Ona görə də
biz bu gecə Robin Qud oyunu oynayırıq.
Balaca mum işıqlar döşəmədəki xalçanın üstündə sürünür.
— Bundan əlavə, — deyir o, — bizə həmçinin hepatit virusuna yoluxmuş
materialları axtarmaq tapşırılıb.
20
İndi onlar doğrudan ağlayır; göz yaşı tətiyin toxmağına tərəf axaraq tapançanın
lüləsində iz cızdı, indi isə şəhadət barmağımı yandırır. Raymond Xessel gözlərini
yumur, mən lüləni onun gicgahına möhkəm sıxıram ki, o, daima mənim yanında
olduğumu, hər an həyatını ala biləcəyimi yadında saxlasın.
Tapança ucuz deyil və mən özümdən soruşuram ki, duz onu korlamazmı?
Hər şey elə rahat keçdi ki, özüm də təəccübləndim. Mən mexanikin istədiyi
hər şeyi etdim. Tapança bizə bax, buna görə lazım idi. Bu mənim ev tapşırığım idi.
Tayler əmr verdi ki, hər birimiz on iki insanı qurban verdiyimizə sübut kimi on
iki sürücülük vəsiqəsi gətirək.
Mən tindəki maşında Raymond Xesselin gecə yarısına yaxın gecə mağasında
öz növbəsini qurtarıb dayanacağa doğru getməsini gözləyirdim. O dayanıb növbəti
avtobusu gözlədiyi vaxtda ona yaxınlaşdım və dedim: «Salam!»
Raymond Xessel mənə heç bir cavab vermədi.

Raymond Xessel, Raymond Xessel! Yəqin o elə fikirləşirdi ki, mənə onun
maaşı, gündəlik qazandığı miskin on dörd dolları lazımdır. Eh, Raymond Xessel,
iyirmi üç illik həyatın boyu heç nə öyrənmədin! Mən tapançanı sənin gicgahına
sıxdım, sənin göz yaşların lülənin üstündən axırdı, sən düşünürdün ki, bütün
məsələ puldadır. Heç də hər şey pulla bağlı deyil, Raymond Xessel.
Sən heç mənimlə salamlaşmadın, ancaq mən səninlə salamlaşdım.
Sənin pul kisəndəki pulların əhəmiyyəti yoxdur.
Mən dedim: «Əla gecədir, soyuqdur, ancaq yağış yoxdur!»
Ancaq sən heç mənimlə salamlaşmadın.
Mən dedim: «Qaçmağa cəhd etmə, yoxsa kürəyindən vuraram». Mənim
tapança olan əlimdə rezin əlcək var — bu o hal üçündür ki, mənim tapançam nə
vaxtsa maddi sübut olsa, onun üstündə xüsusi əlamətləri olmayan iyirmi üç yaşlı ağ
oğlan Raymond Xesselin göz yaşlarından başqa heç nə tapmaq mümkün olmasın.
Sən məhz onda mənə nəzər yetirdin.
Sənin gözlərin elə böyüdü ki, hətta fənərin tutqun işığında da onların antifriz
kimi yaşıl olduğu görünürdü.
Tapançanın lüləsi hər dəfə sənin dərinə toxunanda yürgülvari qabağa, ya
geriyə yellənməyə başlayırsan, sanki o, çox soyuq, yaxud əksinə, çox istidir. Mən
sənə tərpənməməyi əmr edənə qədər, ancaq onda da sən tapançadan aralanmaq
istəyirdin.
Mən istədiyim kimi sən öz pul kisəni mənə verdin.
Sənin adın Raymond K. Xessel idi, sürücülük vəsiqəndə belə yazılmışdı... Sən
1320 YB Benninq, mənzil A ünvanında yaşayırdın. Belə nömrələri zirzəmidə
yerləşən mənzillərə verirlər. Rəqəmlər əvəzinə hərflər.
Raymond K. K. K. K. K. Xessel, mən səninlə danışıram.
Sən tapançadan kənarlaşmaq üçün başını yuxarı qaldırdın, geriyə çəkdin və
dedin: «Hə».
Mən sənin pul kisəndə bir neçə şəkil tapdım. Onların arasında — sənin
valideynlərinin şəkli.
Sənə xoş deyildi, mən səni eyni vaxtda ata və ananın gülümsədiyi şəklə və
tapançaya baxmağa məcbur edirdim, sonra sən gözlərini bağladın və ağladın.
Səni ölümün parlaq, heyranedici möcüzəsi gözləyirdi. Hələ bir an əvvəl sən
gəzirdin, danışırdın və budur — sən artıq cansız əşyasan. Valideynlərin
şəxsiyyətinin identifikasiyası üçün sənin stomatoloquna müraciət etməli olacaq,
çünki üzündən az şey qalacaq. Ancaq ata-anan həmişə sənə ümid edib, onların
həyatı ağır idi, indi gör nə vəziyyətə qaldılar.
On dörd dollar.
— Bu sənin anandır? — soruşuram mən.
— Hə. — Sən ağlayırsan, sən hıcqırırsan. Sən göz yaşlarını udursan.
Oxucu bileti. Videoklubun üzvlük bileti. Sığorta vəsiqəsi. Mən əvvəl yol biletini
götürmək istədim.

Mexanik ancaq sürücülük vəsiqəsini götürməyi tapşırdı. Vaxtı keçmiş tələbə
bileti.
— Deməli, sən oxumusan?
Bu an sən elə bərkdən hıçqırdın ki, mən lüləni sənin sifətinə bərk sıxdım və
mən bağırmayınca geri çəkilməyə başladın: yerində dayan, yoxsa səni
güllələyəcəm.
— Beləliklə, harda oxumusan? Harda? Kollecdə? Sənin tələbə biletin var.
A, deməli yadında deyil. Hıcqırdı. Zarıltı. Hıcqırıq. Biologiya öyrənmisən.
Qulaq as, indi sən öləcəksən, Ray-mond K. K. K. Xessel. Bu gecə sən öləcəksən.
Bu saniyə, ya bir saatdan sonra — bu artıq səndən asılıdır. Onda mənə yalan danış.
Nəsə uydur. Mənim vecimə deyil. Axı, məndə tapança var.
Nəhayət, sən məni dinləməyə başladın və bir anlıq başındakı faciədən ayrıldın.
— Anketi doldur. Raymond Xessel böyüyəndə nə olmaq istəyir?
— Burax məni evə, — dedin sən, — mən sadəcə evə getmək istəyirəm.
— Yox, — dedim mən. Sən baş verənlərdən sonra necə yaşamağa
hazırlaşırsan? Sən heç olmasa nəsə bacarırsan?
— Yalan danış.
— Sən bilmirsən.
— Onda sən elə indi öləcəksən, — dedim mən. Başını döndər.
— Ölüm on, doqquz, səkkiz... saniyədən sonra baş verəcək.
— Baytar, — dedin sən.
— Sən baytar olmaq istəyirsən. A, heyvanları sağaldırsan? Bunun üçün çox
oxumaq lazımdır.
— Həddindən artıq oxumaq, — dedim mən. Ya da məktəbə get və göyərənə
qədər oxu, Raymond Xessel, ya da indi ölməyə hazırlaş. Seçim sənindir. Mən pul
kisəsini cinsinin arxa cibinə soxdum. Beləliklə, sən doğrudan da mal həkimi olmaq
istəyirsən? — Mən duz kristalları ilə örtülmüş lüləni bir yanağından götürüb, o
birinə söykədim. — Belə, deməli Raymond K. K. K. K. Xessel, sən həmişə — baytar
olmaq istəmisən?
— Hə.
— Goplamırsan?
— Yox, yəni, hə, goplamıram. Hə.
— Yaxşı, — dedim mən və lülənin ucu ilə sənin çənənə, sonra burnuna
toxunub hər yerdə göz yaşlarının yumru yaş izini qoydum.
— Onda, qayıt məktəbə. Əgər sabah səhər sağ oyansan, ora necə qayıdacağını
fikirləşərsən.
Mən lülənin yaş ucunu yenə də əvvəl çənəsinə, sonra yanağına və nəhayət,
alnına söykədim. Sən hər dəqiqə ölə bilərsən, dedim mən.
Mənim öz hüquqlarım var.

Mən bilirəm sən kimsən. Mən bilirəm sən harda yaşayırsan. Mən sənin nə ilə
məşğul olduğunu yoxlayacam, mister Raymond K. Xessel. Üç aydan sonra, yarım
ildən sonra, bir ildən sonra əgər baytarlığı öyrənməsən, səni öldürəcəm.
Rədd ol burdan və öz miskin həyatınla boğmalan, ancaq yadında saxla — mən
səni izləyirəm, Raymond Xessel və əgər sənin alçaq işində çalışdığını, bir parça
pendir və televizora zillənmək hüququn üçün çalışdığını bilsəm, səni öldürəcəm.
İndi mən gedirəm, sən isə dayan və geriyə dönmə.
Tayler bunu etməyi mənə əmr etmişdi.
Taylerin sözləri dodaqlarımdan qopur.
Mən — Taylerin ağzıyam.
Mən — Taylerin əlləriyəm.
«Darmadağın Layihəsi»nin bütün iştirakçıları — Tayler Derdenin bədən
üzvləridir. Bunun əksi də düzdür.
Raymond K. K. Xessel, sabah sən oyanıb həyatının ən dadlı səhər yeməyini
yeyəcəksən və həmişəlik yadında qalacaq bir gün yaşayacaqsan.
21
Sən Skay Xarbor
22
beynəlxalq aeroportunda oyanırsan. Saatını iki saat geri çək.
Marşrut avtobusu məni Feniksin mərkəzinə apardı. Girdiyim hər barda mən
qaşının üstündə — yumruqla toqquşma nəticəsində partlayan yerdə tikişi olan
oğlanlar görürəm. Onların burunları yana əyilib, ancaq mənim yanağımda deşiyi
görüb məni öz adamları kimi qəbul edirlər.
Tayler artıq çoxdandır evə qayıtmır.
Mən öz işimlə məşğulam — kiminsə o biri dünyaya yollandığı növbəti
avtomobili yoxlamaq üçün bir şəhərin aeroportundan o birinin aeroportuna
qaçıram. Səyahətin sirləri. Kiçik həyat. Kiçik sabun. Təyyarənin salonunda kiçik
kreslolar.
Hər yerdə adamlardan Taylerə rast gəlib-gəlmədiklərini soruşuram.
Ona rast gələcəyim təqdirdə göstərmək üçün özümlə on iki sürücülük vəsiqəsi
gəzdirirəm.
Hər barda, hər cındır barda mən sifətləri dağılmış oğlanlara rast gəlirəm. Hər
barda məni kimsə qucaqlayır və pivəyə qonaq etməyə dəvət edir. Mənə elə

gəlməyə başlayır ki, hansı barlarda döyüşçü klublarından olan oğlanların
toplaşdığını əvvəlcədən bilirəm.
Mən onlardan Tayler Derden adlı oğlana rast gəlib-gəlmədiklərini soruşuram.
Onlardan döyüşçü klubunun nə olduğunu soruşmaq axmaqlıqdır.
Birinci qayda: döyüşçü klubu barədə heç kimə danışmamaq.
Ancaq onlar Tayler Derdenə rast gəlibmi?
— Heç kim beləsi barədə eşitməyib, ser, — cavab verir onlar.
— Bəlkə o indi Çikaqodadır, ser.
Yəqin yanağımdakı bu deşiyə görə hamı mənə «ser» deyə müraciət edir.
Və mənə göz vururlar.
Sən O`Xara aeroportunda oyanırsan və marşrutla Çikaqonun mərkəzinə
gedirsən.
Saatlarını bir saat irəli çək.
Əgər başqa yerdə oyanmaq olursa.
Əgər başqa vaxtı oyanmaq olursa.
Nəyə görə bir gün başqa adam kimi oyanmayasan?
Hansı bara girirsən gir, hər yerdə səni pivəyə qonaq etmək istəyən oğlanlar
doludur.
— Ancaq yox, ser, yox, biz o Tayler Derdeni görməmişik.
Və onlar göz vurur.
— Biz əvvəllər heç vaxt bu adı eşitməmişik, ser.
Mən döyüşçü klubu barədə soruşuram. Yaxınlıqda döyüşçü klubu varmı?
— Yox, ser.
İkinci qayda: döyüşçü klubu barədə heç kimə danışmamaq.
Bardakı sifəti dağılmış oğlanlar başlarını yelləyir.
— Heç vaxt beləsi barədə eşitməmişik, ser. Ancaq siz döyüşçü klubunu Sietlda
tapa bilərsiniz.
Sən Meyqz Filddə oyanırsan və Kağız küçəsində nələrin baş verdiyini bilmək
üçün Marlaya zəng edirsən. Marla danışır ki, indi astronavt-meymunların hamısı
başlarını keçəl qırxır. Bu qədər işlədiyinə görə elektrik ülgüc ağarana qədər qızıb və
buna görə indi hər yerdən yanıq tük iyi gəlir. Sonra astronavtmeymunlar
barmaqlarının uclarını qələvi ilə yandırır ki, izlərdən xilas olsunlar.
Sən Si Takedə oyanırsan.
Saatını iki saat geri çəkirsən.
Sən marşrutla Sietlın mərkəzinə çatırsan və birinci rastına çıxan barda sınıq
boynunda otropedik qurğu olan barmeni görürsən, buna görə o daima tavana
baxmalıdır. Səni görmək üçün o gözlərini qıymalıdır, üstəlik ona badımcan kimi
şişmiş burnu mane olur.
Bar boşdur, barmen isə mənə deyir:
— Geri dönməyiniz münasibətilə, ser.
Mən əvvəllər heç vaxt bu barda olmamışam, heç vaxtı.

Mən barmendən ona Tayler Derden adının tanış olub-olmadığını soruşuram.
Barmen çətinliklə gülümsəyir, çünki çənəsi aşağıdan dəmir toxmaqla sıxılıb və
deyir:
— Bu yoxlanışdır?
— Hə, — deyirəm mən, — yoxlanışdır.
O, Tayler Derdenlə tanışdırmı?
— Siz, axı, ötən həftə bura gəlmişdiniz, mister Derden, — barmen cavab
verir. — Yəni yadınızdan çıxıb?
Tayler burda olub.
— Siz artıq burda olmusunuz, ser.
— Bu axşama qədər mən heç vaxt burda olmamışam.
— Əlbəttə ser, əgər siz belə deyirsinizsə, — deyir barmen, ancaq cümə axşamı
siz polisin buranı nə vaxt bağlamağa hazırlaşdığını soruşdunuz.
Ötən cümə axşamı mən yatmış, ya oyaq olduğumu anlamadan bütün gecəni
yuxusuzluqdan əziyyət çəkmişəm. Cümə günü gec, tam əzgin və sanki bütün gecə
gözümü qırpmadan oyandım.
— Bəli, ser, — deyir barmen. — Cümə axşamı siz indi dayandığınız yerdə
dayanıb polisin kluba nə vaxt hücum çəkəcəyi barədə soruşurdunuz, bir də
çərşənbə axşamları burda toplaşan kluba nə qədər oğlanın qəbulundan imtina
edildiyi barədə soruşdunuz.
Barmen çiyinlərini çəkir, gözləri ilə boş otağa nəzər salır və deyir:
— Bizi heç kim eşitmir, mister Derden. Ötən dəfə biz iyirmi yeddi nəfəri qəbul
etməkdən imtina etdik. Klubun görüşünün səhəri gün burda — barda bir nəfər də
olmur.
Hansı bara girirəm, orda mənə «ser» deyə müraciət edirlər.
Hansı bara girirəm, orda sifətləri əzilmiş oğlanlar mənə baxmağa başlayır.
Onlar məni hardan tanıyır?
— Mister Derden, sizin xalınız var, — deyir barmen, — ayağınızda. Tünd
qırmızı, Avstraliya ilə Yeni Zenlandiya formasında.
Bu barədə ancaq Marla bilir. Marla və mənim atam. Hətta Tayler bunu bilmir.
Biz çimərlikdə rastlaşanda mən ayağımı altıma yığıb oturmuşdum.
İndi isə ətrafda hamı məndə olmayan xərçəng barədə bilir.
— Bunu «Darmadağın Layihəsi»nin hər bir iştirakçısı bilir, mister Derden, — və
bu sözlərlə barmen əlini mənə uzadıb ovucunun arxa tərəfində öpüş formasındakı
yanığı göstərir.
Mənim öpüşüm?
Taylerin öpüşü.
— Hamı sizin xalınız barədə bilir, — deyir barmen, — o, əfsanənin bir
hissəsidir. Sən bütövlükdə əfsanənin bir hissəsi olmusan, dostum.
Mən Sietldakı moteldən Marlaya zəng edib nə vaxtsa bununla məşğul olub-
olmadığımını soruşuram.

Yəni özün başa düşürsən.
Xəttin o biri başında Marla təkrar soruşur:
— Nə?
— Yəni, yatmışıq bir yerdə?
— Nə?
— Heç olmasa bir dəfə məhəbbətlə məşğul olmuşuq?
— İlahi!
— Hə, necə?
— Nə «hə, necə»?
— Biz məhəbbətlə məşğul olmuşuq?
— Mən səni öldürəcəm.
Bu «hə» deməkdir, yoxsa «yox»?
Mən bilirdim ki, belə olacaq, — deyir Marla. Sən — axırıncı yaramazsan. Sən
məni gah sevirsən, gah görmək istəmirsən. Gah həyatımı xilas edirsən, gah da
anamdan sabun bişirirsən.
Mən səni didişdirərəm.
Mən Marladan necə tanış olduğumuzu soruşuram.
— Xaya xərçəngi xəstələrinə dəstək qrupunda, — deyir Marla, — sən hələ
onda mənim həyatımı xilas etdin.
Mən onun həyatını xilas etdim?
— Sən mənim həyatımı xilas etdin.
Mən barmağımı yanağımdakı deşiyə soxuram və orda onu fırladıram, elə ağrı
var ki, kimi desən, necə desən yuxudan oyadar.
Marla deyir:
— Sən mənim həyatımı xilas etdin. «Regent» oteli. Mən özümü öldürmək
istəyirdim. Yadındadır?
Ah, hə.
— Həmin gecə mən hələ dedim ki, səndən abort elətdirmək istəyirəm.
Salonda təzyiq düşür.
Mən Marladan adımın nə olduğunu soruşuram.
Bir azdan hamımızın sonudur.
Marla deyir:
— Tayler Derden. Sənin adın Tayler Derdendir, istifadə edilmiş silgi. Sən 5123
CB Kağız küçəsi ünvanında yaşayırsan, ora indi başlarını keçəl qırxıb, barmaqlarının
uclarını qələvi ilə yandıran axmaq şagirdlərinlə qaynayır.
Mən heç olmasa bir az yatmalıyam.
— Əgər sən dərhal qayıtmasan, — Marla dəstəyə qışqırır, — bu balaca
yaramazlar məndən də sabun bişirəcək.
Mən Tayleri tapmalıyam.
Sənin əlindəki çapıq, Marla, o hardan əmələ gəlib?
— Onu sən eləmisən. Bu sənin öpüşündür.

Mən Tayleri tapmalıyam.
Mən heç olmasa bir az yatmalıyam.
Mən yatmalıyam.
Mən gedib yatmalıyam.
Mən Marla ilə sağollaşıb, ona xeyirli gecə arzulayıram və Marlanın dəstəkdən
eşidilən qışqırığı getdikcə azalır, dəstəyi yerinə qoyan kimi isə tam kəsilir.
22
Səndə yuxusuz qalanda bütün gecəni durmadan fikirləşirsən.
Yatmışam, ya yox? Yatırdım, ya yox? Yuxusuzluq belə qurulub.
Sakitləşməyə çalışırsan, rahat nəfəs alırsan, ancaq ürəyin sürətlə vurur və
başında fikirlər qasırğa kimi dolaşır.
Heç nə kömək etmir. Hətta istiqamətlənmiş meditasiya da.
Sən İrlandiyadasan.
Hətta qoyunları saysan da.
Sən sonuncu dəfə yatdığın günləri, saatları və dəqiqələri hesablayırsan.
Həkimin sifətinə güldü. Hələ heç kim yuxu azlığından ölməyib. Sən köhnə, çürük və
büzüşmüş meyvə kimisən, meyitdən pis.
Sən Sietlda, motel nömrəsindəsən. Gecə saat üçdür. Bu vaxt dəstək qrupunu
tapmaq çətindir. Bu vaxt balaca mavi amital natrium həblərini, yaxud al-qırmızı
sekonal həblərini tapmaq mümkün deyil. Bu oyuncağa oxşayan dərmanlardan heç
biri yoxdur. Bu vaxt hətta döyüşçü klubu tapmaq belə mümkün deyil.
Mən Tayleri tapmalıyam.
Mən heç olmasa bir az yatmalıyam.
Bu vaxtı oyanırsan və qaranlıqda sənin çarpayının yanında dayanan Tayleri
görürsən. Sən oyandın.
Sən yuxulayanda Tayler artıq sənin çarpayının yanında dayanıb özünü əsdirib
deyirdi:
— Oyan. Oyan! Biz Sietlda polislə problemi həll etdik. Oyan!
Şəhər polisinin komissarı «qeyri-leqal qruplaşmalar və gizli boks klubları» kimi
xarakterizə etdiyi məsələ ilə qurtarmağı tələb edirdi.
— Ancaq narahat olmağa dəyməz, — deyir Tayler. — Biz bu misterlə
problemsiz bacaracağıq.

Mən Taylerdə niyə məni izlədiyini soruşdum.
— Məzəlidir, — deyir Tayler, — ancaq mən də səndən bunu soruşmaq
istəyirdim. Sən mənim haqqımda başqa adamlarla danışırsan, cındır. Sən andına
əməl etmədin.
Tayler deyir ki, mənim onun yerini hesablayıb tapmağıma təəccüblənib.
— Hər dəfə sən yuxulayanda, — deyir Tayler, — mən evdən çıxıb hansısa
ağılsız, qəribə hərəkət edirəm.
Tayler mənim çarpayımın yanında dizi üstə dayanıb pıçıldayır:
— Ötən cümə axşamı, sən yatdığın vaxt mən orda döyüşçü klublarının işinin
necə getdiyinə baxmaq üçün Sietla uçdum. Nə qədər oğlanın ora düşmək istədiyini
bilmək üçün. Yeni rəhbər tapmaq üçün. Bizim Sietlda da «Darmadağın Layihəsi»nin
bölməsi var.
Tayler barmağı ilə alnımdakı çapığın üstündən çəkir.
— Bizim «Darmadağın Layihəsi»nin Los-Anceles və Detroyt, Vaşinqton,
Kolumbiya dairəsi və Nyu-Yorkda bölmələri var. Çikaqoda isə elə genişlənib ki, heç
inanmazsan.
Tayler deyir:
— İnana bilmirəm ki, sən razılaşmanı pozmusan. Axı, bizim birinci qayda: heç
kimə döyüşçü klubu barədə danışmamaq.
Ötən həftə, boynunda korset olan barmen ona polisin döyüşçü klubuna
hücum edəcəyini deyən də Sietlda olub. Bunu şəxsən şəhər polisinin komissarı
tələb edib.
— Məsələ bundadır ki, — deyir Tayler, — məmnuniyyətlə döyüşçü klublarına
gələn polislər var. Qəzet müxbirləri, hüquqşünas köməkçiləri, hüquqşünasların
özləri, ona görə də bizə əvvəlcədən məlumat çatır.
Deməli, bağlamağa hazırlaşırdılar?
— Ən azı Sietlda, — deyir Tayler.
Mən Taylerin hansı tədbirlər gördüyünü soruşuram.
— Biz hansı tədbirlər gördük, — deyir Tayler.
Biz «Talan Komitəsi»nin iclasını çağırdıq.
— Biz, sən və mən artıq ayrı-ayrılıqda mövcud deyilik, — deyir
Tayler. — Güman edirəm, sən artıq bunu anladın.
Biz eyni bədəndən istifadə edirik, ancaq növbə ilə.
— Biz xüsusi ev tapşırığı verdik, — deyir Tayler, — biz dedik: «Bizə şəhər
polisinin möhtərəm komissarının, yaxud onu necə adlandırmaq olar, tüstüləyən
xayalarını gətirin».
Bütün bunlar yuxu deyil.
— Hə, — təsdiq edir Tayler, — yuxu deyil.
Biz beşi polis olan on dörd astronavt-meymundan ibarət komanda yığdıq və
onun itini gəzdirdiyi parka getdik.
— Narahat olma, — deyir Tayler, — itlə hər şey qaydasındadır.

Hücum planlaşdırdığımızdan üç dəqiqə az çəkdi. Əməliyyata on iki dəqiqə
ayırmışdıq. O, doqquz dəqiqə çəkdi.
Beş meymun komissarı divara dirədi.
Tayler bunu danışır, ancaq bunu necə etdikləri mənə onsuz da məlumdur.
Üç meymun pusquda dayanmışdı.
Biri radio ilə əlaqə saxlayırdı.
O biri meymun komissar cənablarının idman şalvarını çıxardı.
İt — bu spaniel idi — elə hürürdü.
Hürürdü, hürürdü.
Hürürdü, hürürdü.
Bir astronavt-meymun rezin lenti üç dəfə əlahəzrətin cinsi orqanının
aşağısından sıxdı.
— O biri cənabın ayaqlarının arasında əlində bıçaqla dayandı, — düz qulağıma
pıçıldayır Tayler, — mən də möhtərəm komissarın möhtərəm qulağına pıçıldadım
ki, əgər o döyüşçü klubuna hücum əmrini geri götürməsə, onda möhtərəm
xayalarını itirəcək.
Tayler pıçıldayır:
— Çox dərinə getməmisinizmi, möhtərəm?
Cinsi orqanı rezinlə sıxanda, o keyləşir.
— Seçicilər sizdə nəyinsə çatışmadığını bilsə, siyasi karyeranız necə olacaq?
Görünür möhtərəmin nəinki cinsi orqanı, dili də keyləşib.
Dostum, bax e, onun xayaları buz kimi soyuqdur.
Əgər heç olmasa bir döyüşçü klubu bağlansa, biz onun xayalarını poçtla
göndərəcəyik: birini şərqə, birini qərbə. Birini — «Nyu-York Tayms»a, o birini —
«Los-Anceles Taymsa».
Astronavt-meymun yapışqan lenti komissarın ağzından qoparır və komissar
deyir: yox.
Tayler isə cavab verir.
— Bizim döyüşçu klubundan başqa itirməyə heç nəyimiz yoxdur.
Komissarın isə itiriləsi şeyi var.
Bu dünyada bizim payımıza ancaq zibil və çirkab düşür.
Tayler komissarın xayalığının yanında bıçaq tutan meymuna işarə edir.
Tayler deyir:
— Təsəvvür et, ömrünün qalan hissəsini ayaqlarının arasında torba ilə
keçirirsən.
Komissar deyir: yox.
Lazım deyil.
Bəsdirin.
Xahiş edirəm.
O!
İlahi!

Kömək et!
Mənə!
Kömək et!
Yox!
Mənə!
İlahi!
Mənə!
Dayandır!
Onları!
Astronavt-meymun bıçağı yelləyərək rezin lenti kəsir.
Biz altı dəqiqəyə işi bitirdik.
— Yaxşı yadında saxla, — deyir Tayler. — Sənin mane olmaq istədiyin
adamlar, ömrün boyu asılı olduqlarındır. Biz sizin paltarlarınızı yuyuruq, sizə yemək
hazırlayıb masa gətiririk. Sizin yatağınızı hazırlayırıq. Siz yatdığınız vaxt rahatlığınızı
qoruyuruq. Biz təcili yardım maşınlarını sürürük. Biz telefon stansiyasında
zənglərinizə cavab veririk. Biz — aşpaz və taksi sürücüləri — barənizdə hər şeyi
bilirik. Biz sizin sığorta polislərinizi və bank hesablarınızı hazırlayırıq. Biz — tarixin
arzuolunmaz övladlarıyıq, səhərdə axşama qədər televizorda bizə təlqin edirlər ki,
nə vaxtsa milyonçu və rok-ulduz ola bilərik, ancaq biz heç vaxt beləsi olmayacağıq.
— Biz bunu anlamağa başladıq, — deyir Tayler, — ona görə yaxşısı budur bizə
toxunmayın.
Rabitəçi radionu kəsməli olur, çünki komissarın hönkürtüsündən onsuz da heç
nə eşidilmir.
Astronavt-meymunlar komissarı geyindirir və itini də özü ilə birlikdə evinə
aparırlar. Bundan sonra hər şey onun dilini nə dərəcədə dinc saxlaya bilməsindən
asılıdır. Əlbəttə, biz tamamilə əmin idik ki, klublara heç bir hücum olmayacaq.
Möhtərəm əlahəzrət evə bərk qorxmuş halda, ancaq salamat qayıdır.
— Hər ev tapşırığından sonra, — deyir Tayler, — döyüşçü klubundan başqa
itirməyə heç nəyi olmayan daha çox oğlan «Darmadağın Layihəsi»nə cəlb edilir.
Tayler çarpayımın qabağında dizi üstə dayanıb deyir:
— Gözlərini yum və əlini mənə ver.
Mən gözlərimi yumuram və Tayler əlimi götürür.
O, öpüşün yerinə dodaqlarını qoyur.
— Mən dedim ki, sən mənim arxamca danışsan, bir də məni heç vaxt
görməyəcəksən, — deyir Tayler. — Biz — iki başqa adam deyilik. Qısası, məsələ
belədir: sən oyaq olanda özünü istədiyin kimi adlandıra və istədiyini edə bilərsən,
ancaq sən yatanda mənim növbəm gəlir və sən Tayler Derdenə çevrilirsən.
— Axı, biz bir-birimizlə vuruşmuşuq, — deyirəm mən. Döyüşçü klubunu
fikirləşib tapdığımız gecə.
— Sən mənimlə vuruşmamısan, — deyir Tayler. — Sənə elə gəlib. Sən
həyatında nifrət etdiyin hər şeylə vuruşmusan.

— Axı, mən səni görürəm.
— Yuxuda.
— Axı, sən ev kirayələmisən. İşləyirsən. İki işdə.
Tayler deyir:
— Bankda çeklərin surətini istə. Mən evi sənin adına kirayələmişəm. Sən
görəcəksən ki, çeklərdəki xətt mənim kompyuterdə yığdığın kağızlarımın xətti ilə
eynidir.
Tayler mənim pullarımı xərcləyirb. Təəccüblü deyil ki, məndə həmişə kreditin
əlavəsi olurdu.
— İşə gəldikdə, nəyə görə həmişə belə yorğunluq hiss edirsən? Xa, bu heç də
yuxusuzluq deyil! Sən yuxulayan kimi mən olursan və işə gedirsən, döyüşçü
klubuna, yaxud harasa başqa yerə. Sənin bəxtin gətirib ki, mən, məsələn,
serpentariya işinə düzəlməmişəm.
Mən deyirəm: Marlanın məsələsi necə?
— Marla səni sevir.
— Marla səni sevir.
— Marla mənimlə sənin aranda fərqi bilmir. Sən tanış olduğunuz axşam
qondarma adla özünü təqdim etmisən. Sən, axı, heç vaxt dəstək qruplarına öz
adınla getməmisən, sən qeyri-səmimi cındırsan. Mən onun həyatını xilas edəndən,
Marla elə bilir ki, sənin adın Tayler Derdendir.
Ancaq indi, mən hər şeyi biləndə sən, sadəcə, yoxa çıxırsan?
— Yox, — əlimdən tutmaqda davam edərək Tayler deyir. — Sən bunu
istəməsəydin, mən yer üzündə olmazdım. Sən yatdığın müddətdə mən əvvəlki kimi
öz həyatımı yaşayacam. Ancaq mənə mane olmaq istəsən — məsələn, özünü
yatağa bağlasan, yaxud böyük dozada yuxu dərmanı qəbul etsən, biz düşmən
olacağıq. Onda özünü gözlə.
Cəfəngiyyat! Bu yalnız yuxudur. Tayler — yalnız mənim fikirlərimin
proyeksiyasıdır. O — parçalanmış psixozdan başqa bir şey deyil. Şuurun psixogen
pozğunluğudur. Tayler Derden — mənim hallüsinasiyamdır.
— Cəhənnəm ol, — deyir Tayler. — Bəlkə sən — mənim şizofrenik
hallüsinasiyamsan.
Mən birinci peyda olmuşam.
Tayler deyir:
— Əlbəttə, əlbəttə, əlbəttə, ancaq baxarıq kim axırıncı olacaq!
— Bütün bunlar doğru deyil, bu yuxudu və indi mən oyanacam.
— Onda oyan!
Bu vaxt telefon zəng çaldı və Tayler yoxa çıxdı.
Mən xahiş etmişdim ki, səhər saat yeddidə mənə zəng edib oyatsınlar. Mən
dəstəyi qaldırıram — orda isə sükut.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin