Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

5
Təhlükəsizlik xidmətindəki oğlan mənə hər şeyi başa saldı.
Yükdaşıyan fəhlələr çamadanın içində nəyinsə çaqqıldadığına heç fikir vermir.
Təhlükəsizlik xidmətindəki oğlan yükdaşıyanları «tulazdayanlar» adlandırır. Müasir
bombalar çaqqıldamır. Ancaq əgər çamadan titrəyirsə, onda həm «tulazdayanlar»,
həm də təhlükəsizlik xidməti polis çağırmağa borcludur.

Mən Taylerin yanına məhz bir çox aviaşirkətlərin titrəyən yükə münasibətdəki
siyasətinə görə köçdüm.
Dallsdan qayıdarkən mən özümlə içində hər şey olan çamadan gətirirdim. Tez-
tez harasa gedirsənsə, bir müddətdən sonra səndə vacib olan hər şeyi özünlə
gəzdirmək vərdişi yaranır. Altı dənə ağ köynək. İki cüt qara şalvar. Yaşamaq üçün
ən zəruri şeylər.
Zəngli yol saatı.
Akkumulyatorla işləyən elektrik üzqırxan.
Altı cüt alt paltarı.
Altı cüt qara corab.
Əgər təhlükəsizlik xidmətindəki oğlana inansaq, Dallsda yükləmə zamanı
mənim çamadanım titrəməyə başlayıb və polis onu uçuşdan çıxarıb. Bu
çamadanda hər şey var idi. Kontakt linzaları üçün maye. Mavi zolaqlı qırmızı
qalstuk. Qırmızı zolaqlı mavi qalstuk. Klub qalstukları kimi nazik zolaqlı deyil, hərbi
hissə rəngləri olan zabit qalstuku kimi enli zolaqlı. Bir dənə də sadəcə qırmızı
qalstuk.
Bütün bu şeylərin siyahısını evdə paltar şkafının qapısına yapışdırmışam.
Mənim evim — mənə yaşlı dul qadınlar və gənc peşəkarlar üçün qəfəsi
xatırladan çoxmənzilli evdəki kondominatın on beşinci mərtəbəsində yerləşən
mənzildir. Reklam kitabçası vəd edirdi ki, mənimlə qonşunun qoşulu televizoru,
yaxud stereoqurğusu arasında həmişə ən azı bir fut beton döşəmə olacaq. Bir fut
beton, ancaq bununla yanaşı ventilyasiya və havanın kondensasiya edilməsi
sistemi elə qurulub ki, ağcaqayın parketi və işıqlandırma dərəcəsini tənzimləyən
elektrik açarlarına baxmayaraq, pilətədə qızdırdığın sonuncu naharın, yaxud
sonuncu gedişindən sonra sanitariya qovşağının iyi evə yayılmadan pəncərəni
açmaq olmur.
Ah, bir də orda xalis ağacdan olan masaüstü taxtacılı mətbəx dəsti və
işıqlandırma cihazları üçün aşağı voltlu məftil var idi.
Ancaq yenə də bir fut beton — əgər sənin qonşunun eşitmə aparatının
batareyası yatıb və o sevimli oyun şousuna yüksək səslə baxırsa, bu çox vacibdir.
Yaxud alışan qazın vulkanik tullantısı və nə vaxtsa sənin şəxsi əşyaların olan mebel
qırıntılarının pəncərə-vitrinləri qırıb bayıra çıxaraq binanın sal divarında yalnız sənə
məxsus olan kondominatın yanıb kömürə dönmüş mağarasını yaradanda belə
şeylər olur.
Hər şey partlayışla məhv edilib, hətta əl işi, içində balaca qabarcıqları, bayırda
isə yapışqan qumdan olan əyri-üyrü yaşıl şüşə qab dəsti də. (Bu onu sübut edir ki,
qab dəstini ürəyiaçıq, səmimi, zəhmətkeş yerli sənətkar hazırlayıb — hardan
olması vacib deyil). Beləcə, bu qab dəsti də daxil olmaqla hər şey partlayışla məhv
olub. Üç metrlik pərdələr — rəsm əsərləri parça-parça olub və alov küləyi ilə
yandırılıb.

On beşinci mərtəbə hündürlüyündən alovlanan kül şəhərin üzərinə dağılıb və
orda dayanan maşınların damına tokülüb. Bu arada mən yuxuda 0,83 Maxa ədədi
kreyser sürəti, yaxud saatda 455 mil sürətlə Qərbə şütüyürəm. Dallsda isə FTB-nin
xüsusi bölməsi bütün heyətin təxliyə edildiyi yerdə transportyorda tənha dayanan
çamadanımı yoxlayır. On haldan doqquzunda elektrik üzqırxanı titrəyiş edir.
Mənim çamadanımla da belə oldu. Bir halda — falloimitator.
Bunu mənə gəldiyim aeroportda təhlükəsizlik xidmətindən oğlan danışdı.
Daha sonra taksi ilə evə gedib aşkar etdim ki, mənim flanel alt paltarım tikələnmiş
halda asfaltın üstündədir.
Təsəvvür edin, bunu mənə təhlükəsizlik xidmətindən oğlan danışırdı, sərnişin
gəldiyi yerə çatır və burda ona elan edirlər ki, onun yükü falloimitatora görə Şərq
sahilində saxlanılıb. Belə də olur ki, çamadanın sahibi — kişidir. Aviaşirkətin
siyasəti ondan ibarətdir ki, heç vaxt falloimitatorun kimə məxsus olduğunu
dəqiqləşdirməsin. Falloimitator — vəssalam.
Heç bir halda «sizin falloimitator» demək olmaz.
«Falloimitatorun öz-özünə qoşulması» demək lazımdır.
«Falloimitatorun öz özünə qoşulması sizin yükün aeroportda saxlanılması
zərurətini yaratdı».
Mən görüşümün olduğu Steypltonu, Corciya ştatını tərk edəndə yağış yağırdı.
Öz evimə yaxınlaşanda yağış davam edirdi.
Əvvəl stüardessa elan etdi ki, biz öz yerlərimizi yoxlayaq və salondan öz şəxsi
əşyalarımızı götürməyi unutmayaq. Daha sonra elan etdi ki, aeroportda məni
aviaşirkətin nümayəndəsi gözləyir. Mən öz saatımı üç saat geri çəkdim, ancaq buna
baxmayaraq gecə yarısından keçmişdi.
Çıxışda məni aviaşirkətin nümayəndəsi gözləyirdi, onun yanında təhlükəsizlik
xidmətindən oğlan dayanmışdı. Xa, xa, xa, sizin üzqırxan özü-özünə qoşulub, buna
görə də sizin yük Dallsda saxlanılıb.
Təhlükəsizlik xidmətindən oğlan yükdaşıyanları «tulazdayanlar» adlandırırdı.
Bir də onları «dürtüşdürən» adlandırırdı. Bu oğlan mənə dedi ki, iş daha da qəliz
ola bilərdi, hər halda üzqırxan — falloimitator deyil. Sonra da bəlkə biz hər ikimiz
kişi olduğumuza və saatların əqrəbi gecə saat biri göstərdiyinə görə, ya da bəlkə də
sadəcə olaraq əhvalımı yüksəltmək üçün o aviasiya jarqonunda stüardın
«stüardess» adlandırıldığını dedi. Bu oğlan yay geyiminə oxşar forma geyinirdi:
kiçik epoletlərlə ağ köynək və mavi qalstuk. O dedi ki, mənim yükümü axtarıblar və
o sabah gəlib çıxacaq.
Daha sonra o mənim adımı, ünvanımı və telefon nömrəmi yazdı və məndən
prezervativlə pilotların kabinəsi arasındakı fərqi bilib bilmədiyimi soruşdu.
— Prezervativə ancaq bir cinsi orqan girə bilir, — mən izah etdim.
Mən sonuncu onluğa taksi ilə evə getdim.
Yerli polis məni suallarla bezdirdi.

Mənim bombaya oxşatdıqları üzqırxanım əvvəlki tək məndən üç saat qurşağı
məsafəsində uzaqda idi. Ancaq əsl bomba, çox böyük bomba mənim açıq-yaşıl
«in» və narıncı «yan» dairələri yaradan formasında «Nyurunda»
13
dizaynı olan
qəşəng kofe stolumu tikətikə etdi.
Eyni şey mənim Eriki Pekkarinin
14
dizaynı olan «Xaparanda» yumşaq güşəmlə
də baş verdi.
Mən insanları öz yuvalarını qurmağa məcbur edən həmin instinktin yeganə
qurbanı deyiləm. Əvvəllər tualetdə əlində pornoqrafik jurnalla oturan bütün
tanışlarım indi «İKEA» firmasının kataloqu ilə oturur.
İndi bizim hamımızda zolaqlı qalın mahud parçadan üz çəkilmiş
«Yoxannesxov» kreslosu var. Mənimki, yeri gəlmişkən, alova bürünmüş halda on
beşinci mərtəbədən fortana düşüb.
Bizim hamımızda üstünə ağardılmamış, ekoloji zərərsiz kağız çəkilən
«Rislampa-Xar» kağız fənərciklər var. Mənim fənərciklərim «konfetti» şəkilli idi.
Tualetə səfərlərin bəhrəsi.
«Alle» bıçaqlar dəsti. Paslanmayan polad.
Maşınla yuyulmaya davam gətirir.
Oksidləşdirilmiş poladdan «Vild» divar saatları, mən onlarsız neyləyərdim?
«Klipsk» qəfəs konstruktoru, aydın məsələdir.
Şlyapalar üçün «Xemliq» qutular. Əlbəttə.
Pəncərələrin altındakı bütün küçəyə parıltılı qırıqlar səpələnib.
«Mommala» örtük dəsti. Tomas Xarilin
15
dizaynı. Böyük rəng çeşidi.
Orxideya.
Fuksiya.
Kobalt.
Fil sümüyü.
Antrasit.
Yumurta qabığı və süpürgə kolu.
Mənim bütün həyatım bu zir-zibilin alnmasına sərf edilib.
«Kaliks» jurnal stolunun üstündə rahat təmizlənən lak örtüyü.
«Stenq» — «üçü birində» kiçik stol dəsti.
Sən mebel alırsan. Öz-özünü əmin edirsən ki, bu, həyatında aldığın ilk və
sonuncu taxtdır. Onu alandan sonra bir neçə il bu mənada arxayınsan ki, işlərin
necə gedir-getsin, hər halda taxt məsələsi həll olunub. Sonra qab-qacaq məsələsi
həll olunur. Yataq məsələsi. Səni qane edən pəncərə pərdəsi və yarıyan xalça
alırsan.
Budur, sən öz rahat yuvanın əsirinə çevrildin və bir müddət əvvəl yiyəsi
olduğun əşyalar indi sənin sahibindir.
Bu, o vaxta qədər beləcə davam edir ki, sən günlərin bir günü evə qayıdırsan
və qapıçı deyir ki, bədbəxt hadisə baş verib. Artıq polis gəlib. xeyli sorğu- sual edib.

Polis ehtimal edir ki, bu qazdan ola bilər. Bəlkə duxovkada qaz sönüb, yaxud
sızma olub, konforlardan hansısa aşıq qalıbmış, qaz döşəmədən tavana qədər
bütün kondominatımı doldurana qədər tavanın altına yığılır. Tavanlar hündürdür,
kondominatın həcmi — min yeddi yüz kub futdur, bütün həcmi qazla doldurmaq
üçün bir neçə gün keçib. Bu baş verəndə isə yəqin hardasa soyuducunun
relesindən qığılcım çıxıb...
Partlayış.
Zərbə dalğası alüminium çərçivəli pəncərələri vurub sındırır və mənzildə olan
hər şey — divanlar, lampalar, mələfələr, qab-qacaq dəstləri, məktəb məcmuələri,
diplomlar və telefon — günəş püskürtüsünə bənzər nəsə yaradaraq alova bürünüb
pəncərədən uçur.
İlahi, bəs mənim soyuducum! Mən səylə müxtəlif xardal növləri kolleksiyası
yığırdım — əldə üyüdülmüş xardal, tünd ingilis xardalı. Məndə salat üçün
tərkibində yağ olmayan on dörd növ ədviyyə və yeddi növ kapers var idi.
Bəli, bəli, — siz tamamilə haqlısınız, ev ədviyyatla doludur və bir tikə də yemək
yoxdur.
Qapıçı burnunu təmizləyib topun beysbol ketçeri əlcəyinin borusuna düşdüyü
səslə burun dəsmalına nəsə atdı.
Qapıçı deyir ki, on beşinci mərtəbəyə qalxmaq olar, ancaq otaq onsuz da
möhürlənib. Polisin göstərişidir. Polislər soruşub ki, mənim dinamitə əli çatacaq
əzmkar xasiyyətli köhnə rəfiqəm, yaxud qatı düşmənim varmı?
— Orda baxmalı da heç nə yoxdur — qapıçı davam edir. — Axı, quru
divarlardan başqa heç nə qalmayıb.
Polis qəsdən yanğın törədilməsini də istisna etmir. Qaz iyi gəlmirdi.
Qapıçı çoxmənalı şəkildə qaşlarını qaldırır.
(Bu tipin işi-gücü yuxarı mərtəbədəki böyük mənzillərdəki ev qulluqçuları və
xəstə baxıcıları ilə eşqbazlıq etmək idi. İşdən sonra onlar xolldakı stullarda onları
evə aparmaq üçün arxalarınca gələnləri gözləyirdi. Üç ildir bu evdə yaşayırdım və
mən aldıqlarımı maşından qapıya qədər daşıdığım vaxt bu qapıçı oturub özünün
«Elleri Kvin»i
16
oxuyurdu).
Qapıçı çoxmənalı şəkildə qaşlarını qaldırır və deyir ki, bəziləri evdəki benzin
gölməçəsində uzun şamı yana-yana qoyub uzunmüddətli səfərə gedir. Maliyyə
çətinliyi yaşayan bəzi insanlar belə oyun çıxarır. Qazanmaq istəyən adamlar.
Mən qapıçı otağındakı telefondan istifadə etmək üçün icazə istədim.
— Gənclik dünyanı sarsıtmaq istəyir və özünə imkan verə biləcəyindən artıq
şeylər alır, — qapıçı dedi.
Mən Taylerin nömrəsini yığdım.
Taylerin Kağız küçəsində kirayələdiyi mənzilinə zəng edirəm.
O, Tayler, məni burdan götür!
Telefonu heç kim götürmür.
— Gənclər hazıra nazirdirlər.

Məni İsveç mebelindən xilas elə.
Məni incəsənət əsərlərindən xilas elə.
Tayler telefona yaxınlaşdı.
— Nə istədiyini bilməyəndə — deyir qapıçı, — bəladan yaxa qurtarmaq olmaz.
— Daha komplektləşdirilmiş olmaq istəmirəm.
Daha məmnun olmaq istəmirəm.
Daha tam mükəmməl olmaq istəmirəm.
Tayler, məni bundan xilas elə!
Mən Taylerlə barda görüşməyə razılaşdım.
Qapıçı polisin məni hansı telefonda tapa biləcəyini soruşur. Yağış hələ
yağmaqda idi. Mənim «audi»m dayanacaqda salamat idi, ancaq qabaq şüşəsi
haloid lampalı «Dakapo» torşeri ilə deşilib. Biz görüşdük, xeyli pivə içdik və Tayler
mənə dedi ki, əgər ona bir xidmət göstərsəm, onun evində yaşaya bilərəm. Mənim
çamadanım səhəri gün gəlib çıxdı. Altı cüt köynək və altı cüt alt paltarı — qalan nə
varsa batıb.
Biz barda oturmuşuq, sərxoş, heç kimin bizimlə, bizim də heç kimlə işimiz
yoxdur. Mən Taylerdən ona nə xidmət göstərə biləcəyimi soruşdum.
Tayler dedi:
— Var gücünlə mənə ilişdir.
6
Biz mənim «Microsoft» şirkəti üçün hazırladığım cəmi iki nümayiş slaydını göstərə
bilmişdik ki, qanaxma yenidən başladı və mən qanı udmalı oldum. Mənim müdirim
materialı idarə edə bilmir, ancaq o heç bir halda mənə nümayişi gözümün altı
vurulub əzilmiş və içəridən tikişlərdən şişmiş yanaqla həyata keçirməyə imkan
verməzdi. Onlar dağılışdı və mən qanı udmaq məcburiyyətindəyəm. Müdirim
təqdimatını mənim yazdığım ssenari ilə həyata keçirir, məni isə proyektorun
yanına otuzdurdu, ona görə də otağın qaranlıq küncündə oturmuşam.
Yapışqan qan dodağımdan axır, onu yalamaq istəyirəm və işıq yananda mən
Ellen, Uolter, Norbert və Lindaya — «Microsoft» dakı məsləhətçilərə tərəf çevrilib
diqqətə görə təşəkkür edəndə dişlərimin arasındakı yarıqlardan sızan qan ağzımda
quruldayır.
Vəziyyətin pisləşənə qədər öz qanından bir pinta içə bilərsən.

Sabah bizdə döyüşçü klubunun görüşü var və mən heç bir halda onu buraxa
bilmərəm.
Təqdimatdan əvvəl Uolter mənə firma gülüşü ilə gülümsəyərək mirvari dişləri
ilə barbekyuda qızardılmış kartof çipslərinə oxşayan əla qaralma arasında təzadı
nümayiş etdirir. Uolter üzüklə bəzədilmiş əlcəkli əlini sıxmaq üçün mənə uzadır və
mənim barmaqlarım onun yumşaq pəncəsində batır.
— Sizin kötəklədiyiniz adamın nə görkəmdə olduğunu təsəvvür etmək
dəhşətlidir.
Döyüşçü klubunun birinci qaydasında deyilir: döyüşçü klubu barədə heç kimə
danışmamaq.
Mən Uolterə izah edirəm ki, yıxılmışam.
Öz günahımdan.
Təqdimatdan əvvəl mən müdirin yanında durub ona ssenari ilə harda və hansı
slaydın nümayiş edildiyini və hansı yerdə videomaqnitafonu qoşmaq niyyətində
olduğumu göstərirəm. Müdir məndən soruşur:
— Nəyə görə hər uik-enddə sən hansısa cəncələ düşürsən?
Çapıq kişinin yaraşığıdır, deyirəm mən. Fabrik görkəmi dəbdən düşüb. Mən
1955-ci il istehsalı olan avtomobilləri indicə konveyerdən düşdüyü vəziyyətdə
görəndə ürəyim bulanır.
Döyüşçü klubunun ikinci qaydasında deyilir: heç vaxt heç kimə döyüşçü klubu
barədə danışmamaq.
Sən yemək yeməyə gedirsən və masanın yanına sanki nəhəng pandada olduğu
kimi gözünün altı göyərən ofisiant yaxınlaşır. Onu ötən uik-enddə döyüşçü
klubunda gördüyüm yadıma düşür: yüzkiloqramlıq yekəpər-yükdaşıyan onun
başını dizi ilə beton döşəməyə sıxıb müntəzəm surətdə burnunun üst hissəsinə
yekə yumruğu ilə hətta klub üzvlərinin ruhlandırıcı nəriltisini də dəlib keçən boğuq
ağır səslə vururdu, ofisiant nəfəsini dərməyə fürsət tapıb «Bəsdir!» xırıldayana
qədər vurdu.
Sənin heç nə deməyə hüququn yoxdur. Çünki döyüşçü klubu görüş
başlayandan qurtarana qədər olan dövrdə mövcuddur.
Sən surətçıxarma bürosunda işləyən oğlanı görürsən. Onunla bir ay əvvəl tanış
olmusan. O deşikaçanla ərizələri tikməyi və müxtəlif sifarişlər arasında rəngli
plastik bölücülər qoymağı unudurdu, ancaq klubda bu oğlan Allah kimi döyüşürdü.
Sərasər on dəqiqə ərzində o özündən iki dəfə yekə olan baş mühasibi bəs deyincə
çırpdı, sonra da onu döşəməyə yıxıb aman istəyənə qədər əzişdirdi. Döyüşçü
klubunun üçüncü qaydası belədir: əgər rəqib huşunu itirirsə, yaxud özünü elə
aparır ki, güya itirib, yaxud «Bəsdir!» deyirsə, vuruşma başa çatıb. Biz hər gün
görüşürük. Ancaq heç kimə onun necə yaxşı döyüşçü olduğu barədə bir kəlmə də
demək olmaz.

Döyüşdə ancaq iki nəfər iştirak edir. Heç kim bir axşama bir dənədən artıq
döyüş keçirmir. Qurşağa qədər çılpaq və ayaqqabısız döyüşmək lazımdır. Döyüş
tələb olunduğu qədər davam edir. Döyüşçü klubunun digər qaydaları belədir.
Döyüşçü klubunda biz hamımız real həyatda olduğundan xeyli fərqli
adamlarıq. Hətta sən surətçıxarma bürosundakı oğlana yaxşı döyüşçü olduğunu
demək istəsən, bunu tamamilə başqa adama deyəcəksən.
Döyüşçü klubunda mən qətiyyən müdirimin tanıdığı adam deyiləm.
Döyüşdən sonra gündəlik həyatıma qayıdanda, mənə elə gəlir ki, kimsə səs
dəstəyini çevirib. Heç kim səni özünə nəzarəti itirməyə məcbur edə bilməz. Sənin
sözün — qanundur, hətta digərləri buna şübhə edirsə və bunu inkar edirsə, heç nə
səni özünənəzarəti itirməyə məcbur edə bilməz.
Gündəlik həyatımda mən — reklam şöbəsinin qalstuklu və köynəkli, ağzı qanla
dolub qaranlıqda oturan və müdirim «Microsoft» məsləhətçiləri qarşısında mənim
üçün niyə məhz incə-mavi rəngin çalarını seçdiyi barədə boşboğazlıq edən zaman
slayd və diaqramları dəyişən koordinatoruyam.
Döyüşçü klubunun ilk görüşündə yalnız mən və Tayler iştirak edirdik.
Əvvəllər mən evə hirsli qayıdanda və şəxsi beşillik planımdan ümidsiz geri
qaldığımı dərk edəndə, maşınla qurdalanmaqla, yaxud kondominatımı yalayıb
təmizləməklə kifayətlənirdim. Bilirdim ki, bir gün öləcəm və mənim bədənim təzə
kimi — bir dənə də olsa çapıqsız — olaraq, mənim maşınım və kondominatım da
elə olacaq.
Bəlkə də özünü təkmilləşdirmə — hələ hər şey deyil.
Tayler atasının kim olduğunu bilmirdi.
Bəlkə də özünü məhv etmək daha vacibdir.
Tayler və mən, biz əvvəlki kimi döyüşçü klubuna birlikdə gedirik. Döyüşçü
klubu bir barın zirzəmisində yerləşir, bu zirzəmidə — şənbə günü gecə bar
bağlananda — gündən-günə daha çox oğlan toplaşır.
Tayler zirzəminin ortasında asılan yeganə lampanın altında dayanır və
qaranlıqdan yüzlərlə gözün parıldadığını görür.
— Döyüşçü klubunun birinci qaydası: döyüşçü klubu barədə heç kimə
danışmamaq.
— Döyüşçü klubunun ikinci qaydası, — Tayler davam edir, — heç kimə heç
vaxt döyüşçü klubu barədə danışmamaq.
Artıq altı yaşım olanda atam məni atıb gedib, ancaq mən onsuz da onu
xatırlamırdım. Mənim atamın hər yeddi ildən bir yeni şəhərdə yeni ailə qurmaq
adəti var. O yəqin hesab edir ki, ailə — firma restoranları şəbəkəsi kimi bir şeydir.
Döyüşçü klubunda qadınlar tərəfindən tərbiyə edilən kişi nəslinin
nümayəndələri toplaşır.
Tayler kişilərlə dolu zirzəminin qaranlığında yeganə lampanın altında dayanıb
və digər qaydaları elan edir: iki nəfər savaşır, hərəyə bir döyüşdən artıq olmaz,
köynəksiz və ayaqqabısız döyüşmək: döyüş lazım olduğu qədər davam edir.

— Yeddinci qayda, — Tayler ucadan elan edir, — təzə gələn döyüşü qəbul
etməyə borcludur.
Döyüşçü klubuna getmək — qətiyyən televizorda futbola baxmaq kimi deyil.
Televizorda sən Yer kürəsinin o biri tərəfində bir birini döyən tanımadığın
adamların izdihamını görürsən. Siqnal peyk vasitəsilə iki dəqiqəlik gecikmə ilə
ötürülür, hər on dəqiqədən bir oyun ya pivə reklamı, ya da kanalın başlıq şəkli ilə
kəsilir. Döyüşçü klubuna ilk dəfə gedəndən sonra insanlar televizorda göstərilən
futbola təxminən yanında gözəl qadın olduğu halda pornoqrafiyaya yanaşan kimi
yanaşır.
Döyüşçü klubuna üzv olandan sonra sən trenajor klubuna getməyə, saç və
dırnaqlarını qısa vurmağa başlayırsan. Trenajor zallarında çoxlu sayda kişiyə
oxşamaq istəyən oğlanlar var, sanki «kişiyə oxşamaq» heykəltəraş və reklam
fotoqraflarının tələb etdiyi kimi görünmək deməkdir.
Tayler deyir ki, istənilən sufle özünü əzələli adlandıra bilər.
Mənim atam ali təhsil almayıb, ona görə də mənim təhsil almağımı çox vacib
sayırdı. Kolleci bitirib atama — o biri şəhərə zəng edib soruşdum:
— Ata, bundan sonra neynəyim?
Atam nə cavab verəcəyini bilmədi.
Sonra işə düzəldim və iyirmi beş yaşım tamam olanda yenidən başqa şəhərə
zəng edib soruşdum — bundan sonra nə?
Atam bilmirdi və ona görə də dedi: evlən.
Mənim otuz yaşım var, ancaq əvvəlki kimi oğlanam. Burda başqa qadın nə
kömək edə bilər ki?
Döyüşçü klubunda baş verənləri sözlə izah etmək olmaz. Bəzi oğlanlar bütün
həftəni döyüşmək istəyərdi. Bu həftə Tayler dedi ki, içəriyə ilk əlli nəfər buraxılır,
sonra qapı bağlanır. Kifayətdir.
Ötən həftə mən bir oğlana diqqət yetirdim və biz onunla döyüşə yazıldıq.
Görünür onun çətin həftəsi olub: o, dərhal əllərimi ikili nelsonla arxaya əydi və
üzümü beton döşəməyə sürtməyə başladı. Gözüm elə şişdi ki, onu aça bilmirdim,
dağılmış yanağımdan qan axırdı, dodaqlarım partlamışdı, mən «Bəsdir» deyəndə
bir az qalxıb aşağı baxdım və döşəmədə sifətimin qanlı izini gördüm.
Tayler mənim yanımda dayanmışdı, o da betonun üstündə ağzımın qanlı və
gözümün balaca şəklini görürdü.
— Əladı! — deyir Tayler.
Mən oğlanın əlini sıxıb deyirəm: sağ ol, əla döyüşdür.
O da mənə cavab verir:
— Gələn həftə barədə nə deyirsən?
Şişmiş üzümlə gülümsəmək istəyirəm və deyirəm ki, mənə bax. Bəlkə bir
aydan sonra yaxşı olar.
Heç yerdə sən həyatı döyüşçü klubunda olduğu kimi duymursan. Hər tərəfdən
tamaşaçı izdihamı ilə əhatələnib yeganə lampa altında rəqibinlə üz-üzə dayanan

zaman məsələ sənin udub uduzmağında deyil. Məsələ sözdə deyil. Bax, təzə adam
döyüşçü klubuna gəlir və onun bədəni çörəyin içinə oxşayır. Ancaq heç bir ay da
keçmir və o ağacdan yönulmuşa oxşayır. İndi o müstəqil şəkildə istənilən
problemin öhdəsindən gəlməyə qadirdir. Döyüşçü klubunda səs-küy və digər səslər
istənilən trenajor zalında olduğu kimidir, ancaq döyüşçü klubunda heç kim öz xarici
görünüşünün qayğısına qalmır. Orda Əllibaşlı kilsəsində olduğu kimi naməlum
dildə naməlum sözlər qışqırırlar, bazar günü səhər yuxudan oyananda isə özünü
xilas olunmuş kimi hiss edirsən.
Sonuncu döyüşdən sonra mən travmotoloji məntəqəyə göndəriş almaq üçün
sığorta şirkətinin nümayəndəsini çağırdığım vaxt rəqibim döşəmədəki qanı
süpürgə ilə təmizləyirdi. Xəstəxanada Tayler həkimə mənim yıxıldığımı dedi.
Bəzən Tayler mənim yerimə danışır.
Bu mən özüməm.
Bu arada günəş çıxır.
Döyüşçü klubu barədə həm də ona görə danışmaq olmaz ki, qısa müddət,
şənbədən bazara keçən gecə saat ikidən yeddiyə qədər olan vaxt istisna olmaqla,
döyüşçü klubu mövcud deyil.
Nə mən, nə Tayler döyüşçü klubu icad edilənə qədər vuruşmurduq. Əgər sən
heç vaxt döyüşməmisənsə, onda dünyada hər şeydən qorxursan: ağrıdan
qorxursan, rəqiblə bacarmayacağından qorxursan. Mən Taylerin təkliflə müraciət
etməyə risk etdiyi ilk adam idim. Biz barda oturmuşduq, sərxoş idik, heç kimin
bizimlə işi yox idi və bu vaxt Tayler dedi:
— Mənə bir xidmət göstər. İstəyirəm var gücünlə mənə ilişdirəsən.
Əvvəl mən imtina edirdim, ancaq Tayler mənə dedi ki, bədənində çapıq
olmadan ölmək istəmir, o artıq televizorda başqalarının savaşmasına baxmaqdan
bezib, o özü barədə daha çox bilmək istəyir.
O, mənə özünü məhv etmək barədə danışdı.
Bu zaman mənə elə gəlirdi ki, həyatımda daha heç nə baş verməyəcək. Ona
görə düşündüm ki, qəfəsdən çölə atılmaq və özümə başqa həyat axtarmağa cəhd
etmək lazımdır.
Mən ətrafa baxdım və dedim: — Yaxşı, yaxşı, ancaq gəl bayıra, dayanacağa
çıxaq.
Biz çıxdıq və mən Taylerdən soruşdum ki, harasından vurmağımı istəyir:
başına, ya qarnına.
Tayler dedi:
— Məni qəfildən yaxala.
Mən heç vaxt heç kimi vurmadığımı dedim.
Tayler dedi:
— Onda bildiyin kimi et.
Mən dedim, gözünü yum.
Tayler dedi:

— Heç bir halda.
Dərindən hava uddum və Taylerin çənəsini nişan aldım, yüz dəfələrlə kovboy
filmlərində gördüyüm zərbəni təsəvvür etdim. Döyüşçü klubunda bütün təzələr
belə edir. Təbii ki, mən çənəyə düz vura bilmədim — mənim zərbəm Taylerin
boynuna ötəri dəydi.
— Lənət şeytana, — dedim, — bu sayılmır. Gəl, təzədən vurum.
— Sayılır, sayılır, — Tayler gözlənilmədən bazar günləri göstərilən cizgi
filmlərindəki yaylı boksçu əlcəyi kimi yumruqla məni düz sinəmdən vurdu.
Məni kiminsə maşınının üstünə tulladı. Bir müddət biz susub dayanmışdıq:
Tayler boynunu ovuşdururdu, mən isə əlimlə sinəmdən tutmuşdum və biz ikimiz
də cizgi filmindəki pişik və siçan kimi anlayırdıq ki, bu vaxta qədər olmadığımız yerə
azıb getmişik, ancaq bununla belə hamı hələ sağdır və bu yolla sağ qalıb hələ nə
qədər getməyin mümkün olduğunu bilmək istəyirik.
Tayler dedi:
— Əladı.
Dedim: — Məni yenə vur.
Tayler dedi:
— Yox, indi sənin növbəndir.
Mən onu qadınsayağı, yöndəmsiz, düz qulağından vurdum, Tayler də
cavabında məni qarnımdan təpiklədi. Daha sonra baş verənləri sözlə izah etmək
olmaz. Elə bu vaxt bar bağlandı. Adamlar çıxırdılar, bizim ətrafımıza yığışıb
qışqırırdılar.
Bilmirəm Tayler nə başa düşdü, ancaq mən hiss etdim ki, indi dünyadakı bütün
nöqsanların öhdəsindən gələ bilərəm: daima mənə köynəklərin düyməsini qırıq
qaytaran kimyəvi təmizləmə ilə, mənə kreditin artırılması ilə bağlı ismarıcı ismarıc
ardınca göndərən bankla da, öz işimlə də, kompyuterimə öz evindəki kimi yiyəlik
edib DOS proqramını dəyişən müdirimlə də. Mənim dəstək qruplarımı oğurlayan
Marla Zingerlə də.
Bizim döyüş qurtarandan sonra heç bir problem yoxa çıxmadı, ancaq indi onlar
mənim vecimə deyil.
Taylerlə ilk döyüşümüz şənbə günü axşam baş verdi: Tayler cümə günündən
üzünü qırxmırdı, ona görə də döyüşdən sonra sümüklərim onun cod tüklərinə
dəyib qan çıxana qədər soyulmuşdu. Dayanacaqda Taylerin yanında kürəyim
üstündə uzanıb küçə fənəri işığını dəlib keçən yeganə ulduza baxabaxa ondan
kiminlə döyüşdüyünü soruşdum.
Tayler dedi: öz atamla.
Amma məsələ bəlkə də bunda deyil. Döyüşçü klubunda rəqibin şəxsiyyətinin
heç bir əhəmiyyəti yoxdur. Sən, sadəcə, döyüşürsən — vəssalam. Baxmayaraq ki,
birinci qayda döyüşçü klubu barədə danışmağı qadağan edirdi, biz yenə də
danışırdıq və bir azdan bar bağlanandan sonra dayanacaqda daha çox oğlan

toplaşdı. Hava soyuyandan sonra biz başqa bar tapdıq və onun zirzəmisində
toplaşdıq.
Döyüşçü klubunun hər görüşü onunla başlayırdı ki, biz Taylerlə bizim müəyyən
etdiyimiz qaydaları səsləndirirdik.
— Sizlərdən çoxu, — Tayler bildirir, — burada ona görədir ki, kimsə qaydanı
pozub. Kimsə sizə döyüşçü klubu barədə danışıb.
Tayler deyir:
— Sizin hər birinizin seçimi var: ya bizim döyüşçü klubu barədə boşboğazlıq
etməyə son qoymalısınız, ya da başqa bir yerdə özünüzünkünü açın, çünki günlərin
bir günü bura gəlib aşkar edəcəksiniz ki, içəri buraxılan ilk əlliliyə düşməmisiniz.
Ancaq əgər düşmüsənsə, döyüşü qəbul etməlisən, ya da etiraf etməlisən ki, sənin
ardınca dayananların yerini əlindən alırsan.
— Əgər sən döyüşçü klubuna ilk dəfə gəlmisənsə, — deyir Tayler, — döyüşü
qəbul etməyə borclusan.
Bir çoxları döyüşçü klubuna ona görə gəlir ki, öz həyatında nə iləsə döyüşməyə
qorxur. Bir neçə döyüşdən sonra onlar qorxmağı tərgidir.
Bir çoxları döyüşçü klubunda yaxın dost olur. Tez-tez iclas və konfranslarda
mən qipsin altında görünən badımcan kimi bənövşəyi rəngdə dağılmış burunla,
yaxud gözünün altında bir neçə tikişi olan, yaxud metal sıxacla bağlanmış sınıq
çənəsi olan mühasib, kiçik menecer və vəkillərlə rastlaşıram. Bunlar sakit
adamlardır: onlar oturub qulaq asır və qərar qəbul etməyin vaxtını gözləyirlər.
Biz bir-birimizə baş ilə salam veririk.
Bir dəfə müdirim soruşdu ki, bu qədər tanışımın hardandır.
Müdirimin fikrincə, işgüzar adamlar içində daha gec-gec centlemenə rast
gəlmək olar, daha tez-tez — avaralara rast gəlinir.
Təqdimat davam edir.
«Microsoft»dan Uolter mənə nəzər salır.
Uolter — ideal dişləri və gözəl dərisi olan oğlandır — həsəd aparılası vəzifəsi
var və imtiyazlı kolleclərin tələbə jurnallarına məktublar yazır. O, hər hansı
müharibənin iştirakçısı olmaq üçün çox gec doğulub, əgər onun valideynləri
boşanmayıbsa da, atası evdə nadir halda olur. O, qaranlığa diqqətlə baxır və bir
tərəfi təmiz qırxılmış, o biri tərəfi bütöv qançır olan sifətimi görmək istəyir. Qan
dodaqlarımda parıldayır. Bilmirəm heç indi o nə barədə düşünür: bəlkə ötən
istirahət günlərindəki vegetarian qonaqlıq barədə, bəlkə ozon qatı barədə, yaxud
yeni məhsulların heyvanlar üzərində sınaqlarına son qoyulması barədə, ancaq çox
güman ki, nə isə başqa şey barədə.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin