Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

15
Mister kinomexaniklər və proyeksiya aparatlarının operatorlarının milli birləşmiş
həmkarlar ittifaqının yerli şöbəsinin çox hörmətli sədri oturub susur.
İnsanı bəzən cisimlərin sarsılmaz səthi kimi görünən vahimə yetişdirir.
Bu dünyada əbədi heç nə yoxdur.
Hər şey yavaş-yavaş dağılır.
Mən bunu bilirəm, çünki bunu Tayler bilir.
Ardıcıl üç il Tayler kinoteartlar şəbəkəsi üçün plyonkaları kəsib yapışdırırdı.
Kinofilmi dəmir qutulara qablaşdırılmış altı, yaxud yeddi balaca bobinlər halında
daşıyırlar. Taylerin işi balaca bobinləri yapışdırıb avtomatik kinoproyektorlarda
istifadə edilən beş funtluk bobinlər düzəltmək idi. Üç il, hərəsində ən azı üç zal
olan yeddi kinoteatr, hər gün yeni film.
Heyif, bütün köhnə proyektorları avtomatiklərlə əvəz edəndən sonra
həmkarlar ittifaqının Taylerə ehtiyacı olmadı. Mister yerli bölmənin sədri Tayleri
yanına söhbətə dəvət elədi.
İş darıxdırıcı idi, az pul verirdilər, ona görə də müstəqil kinomexaniklər və
birləşmiş kinoteartların birləşmiş ittifaqının sədri dedi ki, onlar Tayler Derdenə
şərəf verib əvəzedici vəzifəsini onun üçün saxlaya bilərlər.
Bunu işdən azad olunma hesab etmək lazım deyil. Bunu ştat ixtisarı kimi qəbul
edin.
Sonra mister yerli axmaqlar bölməsinin sədri deyir:
— Biz sizin ümumi işimiz üçün etdiklərinizi yüksək qiymətləndiririk.
— Heç bir problem yoxdur, — deyir Tayler və təbəssüm onun üzünü
işıqlandırır. Qoy həmkarlar ittifaqı hər ay əmək haqqı göndərsin, o da dilini
saxlayacaq.
Tayler deyir:
— Bunu işdən azad olunma hesab etmək lazım deyil. Bunu vaxtından əvvəl
pensiyaya çıxmaq kimi qiymətləndirin.
Taylerin əlindən yüzlərlə surət keçib.
Surətlər distribyutora qayıdıb. Surətlər yenidən prokata göndərilib.
Komediyalar. Faciələr. Müzikllar. Məhəbbət tarixçələri. Döyüş filmləri.
Surətlərin hamısına Tayler bir neçə pornoqrafik kadrlar yapışdırır.
Sodomiya. Oral seks. Sadomazoxizm.
Taylerin itiriləsi heç nəyi yox idi.
Sən bu dünyada axırıncı vint, insanların ayağının altında zibilsənsə — itirməyə
heç nə yoxdur.

Eyni şeyi Tayler «Pressman» otelinin menecerinə deməyə hazırlaşırdı.
«Pressman» otelindəki işində, Taylerin sözlərinə görə, o, heç kim idi. Onun
ölüb, ya qalması heç kimi narahat etmirdi, o da buna qarşılıqlı cavab verirdi.
Tayler qapıda iki mühafizəçinin oturduğu otelin menecerinin otağına qələndə
mənə məhz bunu deməyi məsləhət gördü.
Taylerlə mən gecə yarıya qədər oturub hər birimizin görüşünün necə keçdiyini
danışırdıq.
Kinomexaniklər ittifaqına səfərdən dərhal sonra Tayler məni «Pressman»
otelinin menecerinin qarşısına getməyə məcbur etdi.
Tayler və mən getdikcə bir-birimizə oxşayırdıq. Hər ikimizin yanağında deşik
var, hər ikimizin dərisi bütün hissiyyatını itirib və daha zərbələrə reaksiya vermir.
Mən öz qançırlarımı döyüşçü klubunda qazanmışam, Tayleri isə
kinomexaniklər ittifaqının sədri çırpıb. Tayler həmkarlar ittifaqının ofisindən
sürünüb çıxandan sonra mən «Pressman» otelinin meneceri ilə görüşə yollandım.
Budur, mən otelin menecerinin kabinetində oturmuşam.
Mən — Conun Qanlı Qisasıyam.
Menecerin dediyi ilk söz bu oldu: sizin ixtiyarınızda üç dəqiqə var. Otuz
saniyəyə mən ona supa işədiyimi, krem-brüleyə bağırsaq qazları hopdurmağımı,
pörtülmüş kasnıya tüpürməyimi danışdım, sonra tələb etdim ki, otel hər həftə
mənim əmək haqqımı, üstəlik çay pulumu göndərsin. Bunun əvəzində mən işə
gəlməyəcəm. Həm də mən səs-küylü, qalmaqallı ifşalarla qəzet redaksiyaları və
təmizlik inspektorluğuna getməyəcəm.
Birinci səhifədə başlığı təsəvvür edin:
«AĞILSIZ OFİSİANT YEMƏYİ MURDARLAMASINI ETİRAF EDİR»
— Əlbəttə ki, — dedim mən, — siz məni həbs edə bilərsiniz. Məni asa,
xayalarımı qoparda, küçələrdə sürüyə və başdan ayağa alışdırıcı qələvi tökə
bilərsiniz. Ancaq «Pressman» oteli həmişəlik varlı adamların sidikli yemək yediyi
yer kimi məşhur olacaq.
Taylerin sözləri dodaqlarımdan qopur. Axı, mən nə vaxtsa yaxşı oğlan idim.
Kinomexaniklərin həmkarlar ittifaqının ofisində sədr onu döyəndə Tayler
qəhqəhə ilə gülürdü. Zərbələrdən biri Tayleri kreslodan döşəməyə atanda o, divara
söykənib çömbəldi və gülməyini davam etdirdi.
— Hə, vur, onsuz da məni öldürə bilməyəcəksən, — gülə-gülə Tayler
deyirdi. — Axmaq. Məni nəcis kimi əzə bilərsən, ancaq onsuz da öldürməyəcəksən.
Sənin itirməyə nəyinsə var.
Ancaq mənim itirməyə heç nəyim yoxdur.
Sənin hər şeyin var.
Hə, şil-küt olana qədər vur. Bir daha, sifətimdəm. Bütün dişlərimi vurub sındır,
ancaq onsuz da sən mənə çekləri göndərəcəksən. Qabırğamı sındır, ancaq mən

bircə həftə maaşsız qalsam, Bembi»nin ortasında ekran boyda cinsi orqanı görən
hər bir uşağın anası sənə və sənin cındır həmkarlar ittifaqına, kinoteatr sahiblərinə,
kinoprokatçılara, “divan tutacaq”.
— Mən pozğun ünsürəm, — deyir Tayler. — Mən — sən və cındır dünya üçün
pozğun ünsur, zibil və dəliyəm. Sən mənim harda yaşamağıma, özümü necə hiss
etməyimə, nə işlə məşğul olduğuma, uşaqlarımı nə ilə yedirtdiyimə, xəstələnsəm
həkimlə necə hesablaşmağıma tüpürürsən. Qoy mən küt, zəif və qəmgin olum,
ancaq sən mənə görə cavabdehsən.
Mən «Pressman» otelinin menecerinin kabinetində oturub təxminən on
yerdən partlamış dodağımı yalayıram. Mən deşik yanağımla menecerə tərəf
çevrilirəm və bu da çox inandırıcı görsənir. Mən ona əsasən Taylerin dediklərini
dedim.
Həmkarlar ittifaqanın sədri Tayleri döşəmədə sürüyəndən və onun
döyülmələrə heç nə ilə cavab vermədiyini görəndə özünün «kadillak» kimi yekə —
həyatda ona lazım olacağından xeyli böyük bədənini müəyyən məsafəyə qədər
çəkib ayaqqabısının burnu ilə Taylerin qabırğasının altından vurdu. Tayler buna
cavab olaraq ancaq güldü. Onda «möhtərəm» ayaqqabısının burnunu Taylerin
böyrəklərinə ilişdirdi. Tayler əyildi, ancaq yenə də qəhqəhəni kəsmədi.
— Hə, vur, — deyir Tayler. — İnan mənə. Dərhal yüngülləşəcəksən. Özünü əla
hiss edəcəksən.
«Pressman» otelinin menecerinin otağında mən sahibindən onun
telefonundan istifadə edə bilərəmmi, — deyə soruşdum. Mən dəstəyi götürüb
şəhər qəzetinin redaksiyasının nömrəsini yığdım.
Nitqi quruyan menecer mənə baxırdı və mən başladım.
— Salam, — dedim mən, — öz siyasi etirazımı bildirmək üçün insanlığa qarşı
dəhşətli cinayət törətmişəm. Xidmət sahəsində işin istismarına qarşı etiraz...
Əgər həbsxanaya gedirəmsə, bunu şorbaya işəyən psixi müvazinətsiz biri kimi
etməyəcəm. Aksiyanı qəhrəmanlıq kimi təqdim etmək lazımdır.
OFİSİANT — ROBİN QUT — MƏZLUMLARIN HİMAYƏÇİSİ
Onda bu ayrıca götürülmüş bir otelə və ayrıca götürülmüş ofisianta aid
olmayacaq.
Menecer az qala nəvazişlə dəstəyi əlimdən alır. O deyir, mənim daha burda
işləməyimi istəmir, ən azı indiki görkəmimdə.
Onun masasının qarşısında dayanıb soruşuram: «Nə?»
Mənim xarici görünüşüm xoşunuza gəlmir?
Və ləngimədən, menecerin gözünün içinə baxabaxa var gücümlə burnumdan
elə ilişdirirəm ki, hələ sağalmamış yaralardan təzədən qan fışqırır.
Nəyə görəsə yadıma Taylerlə ilk döyüşdüyüm gecə düşür. İstəyirəm ki, var
gücünlə mənə ilişdirəsən.

Zərbə çox güclü alınmadı. Mən özümü yenə vururam. Pis görsənmir, hər yer
qandır, hələ zərbə təsirli görünsün deyə mən üstəlik divara çırpılıram və ordan
asılan rəsmi sındırıram.
Şüşə qırıntıları yerə düşür, ardınca güllərin təsvir edildiyi rəsm divardan qırılır,
hər yer qandır, mən döşəmədə diyirlənirəm. Özümü gicbəsər kimi aparıram. Qan
xalçanı bulayır. Bir qədər qalxıb əlimin nəhəng izlərini menecerin masasına
qoyuram və deyirəm, — xahiş edirəm, mənə kömək edin, — bu zaman qəhqəhəni
saxlaya bilmirəm.
— Xahiş edirəm, mənə kömək edin.
— Xahiş edirəm, daha məni vurmayın.
Mən yenə döşəməyə yıxılıram və qanı xalçaya yaxıram. Bir də «xahiş edirəm»
sözünü deməmək üçün dodaqlarımı sıxıram. Qana boyanmış bədheybət zərif
güllərin və İran xalçasının qəşəng naxışlarının üstündə iməkləyirəm. Qaynar qan
burnumdan damır və boğazıma axır. Yırtıcı xalçanın üstündə iməkləyir və
dişlərindəki qana yapışan sap və tozu yığır. O, «Pressman» otelinin menecerinin
xırda zolaqlı şalvarından yapışmaq üçün kifayət qədər məsafəyə iməkləyir və
zarıyır:
— Xahiş edirəm.
— Bunu bir dəfə də de.
«Xahiş edirəm» ağzımdan qan köpükləri ilə birlikdə çıxır.
— Bunu bir dəfə də de.
— Xahiş edirəm.
Qan köpükləri partlayıb ətrafda hər yeri bulayır.
Bax beləcə, Tayler bundan sonra hər günü döyüşçü klubunda keçirmək üçün
zəmin yaratdı. Əvvəl klubların sayı yeddi idi, sonra on beş oldu, sonra — iyirmi üç,
Taylerə isə bunlar azlıq edirdi. İndi onun pula ehtiyacı yox idi.
— Xahiş edirəm, — «Pressman» otelinin menecerinə deyirəm, — mənə pul
verin.
Bunu deyəndə hırıldayıram.
— Xahiş edirəm.
— Xahiş edirəm, daha məni vurmayın. Sizin hər şeyiniz var, mənim heç nəyim
yoxdur.
Mən onun xırda zolaqlı şalvarından tutub onları qana batıraraq dırmaşmağa
başlayıram, menecer mənim ağırlığımla geriyə əyilir, əllərilə pəncərə altına dirənir,
onun damaqları qorxudan gərilməyə başlayır.
Yırtıcı öz qanlı dişlərini menecerin kəmərinə batırır, onun kraxmallı köynəyinə
gedib çatır və qanlı dırnaqları ilə menecerin incə biləklərindən yapışır.
— Xahiş edirəm. — Mən elə gülürəm ki, indicə dişlərim partlayacaq.
Biz mübarizə aparırıq, menecer ciyildəyir, əllərini mənim əllərimdən
qoparmaq istəyir, qan isə partlamış burnumdan axır, hər ikimizin üstünə zir-zibil
yapışır və bu an hər iki mühafizəçi bu gözəl səhnəyə baxmaq üçün təşrif buyurur.

16
Bu gün bütün qəzetlər yazıb ki, hansısa adamlar «Xeyn Tauer» göydələninin
onuncu mərtəbəsindən on beşinci mərtəbəsinə qədər ofisləri yarıb, pəncərədən
bayıra çıxıb və binanın cənub fasadında beş mərtəbə hündürlüyündə hırıldayan
sifət şəkib, sonra nəhəng gözlərin mərkəzində yerləşən otaqlarda elə yanğın
törədiblər ki, sübh tezdən alatoranda yüklənmiş canlı gözlər kimi parıldasın.
Qəzetdəki şəkildən görünür ki, rəsm gah Hellouin balqabağına, gah şəhərin
üstündə göydə asılan yapon simiclik iblisinə oxşayır, onun gözlərindən qopan tüstü
isə gah ifritənin qalın qaşlarını, gah da şeytan buynuzu çəkir. Bəziləri bu mənzərəni
görüb qorxudan qışqırırdı.
Bütün bunlar nə deməkdir?
Bunu kim edib? Hətta alovu söndürəndən sonra rəsm qaldı, bu isə daha pis
görünürdü. Boş və ölü gözlər hündürlükdən şəhər sakinlərinə baxırdı.
Qəzetlər bu hadisələr barədə belə yazır.
Təbii ki, sən də bu barədə oxumusan və dəhşətli dərəcədə bu hoqqanın da
«Darmadağın Layihə»sinin bir hissəsi olub-olmadığını bilmək istəyirsən.
Qəzetlər yazır ki, polislər baş verənlərin izinə düşə bilməyib. Bu yaradıcılığın
müəllifləri gənclər bandası, yaxud kosmosdan gələnlərdir, hər kimlərdisə, onlar
karnizlərin üstündə iməkləyib və qara boyalı aerozol balonları ilə pəncərələrin
altında duranda həyatları ilə risk ediblər.
Bəs «İtaətsizlik Komitəsi», yaxud «Yanğınlar Komitəsi» nədir? Mümkündür ki,
nəhəng sifət onların həftə üçün ev tapşırığı idi.
Tayler çox güman ki, bilir, ancaq «Darmadağın Layihə»sinin birinci qaydasında
deyilir: «Darmadağın Layihə»sinə aid heç bir sual.
Bu həftə Tayler «Darmadağın Layihə»sinin «Talan Komitəsində» bəyan etdi ki,
onun rəhbərlik üsulu tapancadan atəşi xatırladır. Tapança sadəcə partlayışı lazımi
istiqamətə yönəldir, vəssalam.
«Talan Komitəsinin» sonuncu iclasında Tayler əlində tapanca və telefon
məlumat kitabçası ilə peyda oldu. İclas şənbə günü axşamlar döyüşçü klubunun
toplaşdığı zirzəmidə keçirilir. Hər komitə üçün xüsusi gün ayrılıb.
«Yanğınlar» bazar ertətəsi toplaşır.
«Basqınlar» çərşənbə axşamları.

«İtaətsizlik» çərşənbə günləri.
«Dezinformasiya» cümə axşamları.
Təşkil olunmuş xaos. Anarxizm bürokratiyası.
Təsəvvür edin ha.
Dəstək qrupları. Oxşar bir şey.
Beləliklə, çərşənbə axşamı «Talan Komitəsi» yaxın həftəyə fəaliyyət proqramı
təklif etdi, Tayler onunla tanış oldu və komitəyə ev tapşırığı verdi.
Növbəti həftə «Talan Komitəsinin» hər üzvü tanımadığı adamla davaya baş
qoşmalı və ona uduzmalıdır. Döyüşçü klubunun divarlarından kənarda. Bu
göründüyü qədər də sadə deyil. Küçədəki adam davaya qoşulmamaq üçün hər şey
edəcək.
İdeya ondan ibarətdir ki, hansısa bədbəxti təşkilata çəkmək üçün onu
savaşmağa məcbur edəsən. Ona həyatında ilk dəfə döyüşdə qalib gəlməyi hiss
etməyə imkan vermək. Ona öz üzərində nəzarəti itirməyə imkan vermək. Ona səni
ölənəcən döyməyə imkan vermək. Davam gətirmək və sınmamaq lazımdır. Əgər
sən qalib gəlsən, hər şey batdı.
— Uşaqlar, bizim vəzifəmiz, — Tayler komitə üzvlərinə deyir, — bu adamlara
malik olduqları güc və hakimiyyəti xatırlatmaqdan ibarətdir.
Bu sanki başlanğıc kimidir. Sonra Tayler qarşısındakı karton qutudan tən
ortadan qatlanmış bloknot vərəqlərini çıxarmağa başlayır. Bu vərəqlərdə — komitə
üzvlərinin gələn həftə üçün proqrama dair təklifləri var. Hər komitə üzvü divardan
asılan bloknotda öz təklifini yazır, vərəqi qoparır, onu ortadan qatlayır və qutuya
salır. Tayler təkliflərə baxır və bəyənmədiklərini tullayır.
Hər tullanan təklifin yerinə ortadan qatlanmış vərəq qoyur.
Daha sonra komitənin hər üzvü karton qutudan vərəq çəkir. Taylerin mənə
izah etdiyinə görə, kim boş vərəq çıxarsa, onun gələn həftəyə ev tapşırığından
başqa heç nəyi yoxdur.
Əgər sənə təklif düşsə, onda, məsələn, həftənin sonunda pivə festivalına gedib
kimyəvi ayaqyolunda işini görən oğlanı vurub yıxırsan. Yaxud ticarət mərkəzində
moda nümayişinə gəlirsən və iştirakçıların üstünə çiyələk mürəbbəsi dağıdırsan.
Əgər səni həbs etsələr, sən artıq «Talan Komitəsi»nin üzvü deyilsən. Əgər
gülsən, sən daha komitənin üzvü deyilsən.
Təklifin konkret kimə məxsus olduğunu heç kim bilmir və Taylerdən başqa heç
kim təkliflərdən hansıların qəbul olunub, hansıların zibil qutusuna atıldığını bilmir.
Sonra qəzetlərdə hansısa tanınmamış adam barədə oxuyursan ki, o, üstüaçıq
«Yaquar»ın içinə atılıb, sürücüdən sükanı alıb və maşını meydanın ortasındakı
fontana istiqamətləndirib.
Bunun sənin deyil, başqa birinin verdiyi təklif olub-olmadığını ancaq
düşünmək olar.

Gələn çərşənbə axşamı sən yarıqaranlıq zirzəmidə komitənin iclasına
toplaşanların diqqətlə baxıb onlardan hansının «Yaquar»ı fontana sürüdüyünü
anlamağa cəhd edirsən.
Kim rəssamlıq muzeyinin damına çıxıb peytbol şarları ilə içəri həyətdə
heykəllərə atəş açıb?
Kim «Heyn Tauer»də məşum sifəti çəkib?
Təsəvvür edin ki, həmin gecə, «Heyn Tauer»də hadisələr baş verəndə, ofis
otaqlarına gündüz orada işləyən hüquqşunasların, kargüzarların, yaxud kuryerlərin
köməkçiləri soxulub. Bəlkə onlar yüngülvari içib, baxmayaraq ki, bu «Darmadağın
Layihəsi»nin qaydalarına ziddir. Bəzi qapıların açarları əvvəlcədən seçilmişdi, digər
hallarda kilidi sındırmaq üçün freon balonlarından istifadə edilib. Daha sonra onlar
ayaqqabılarının altı ilə kərpiç binanın fasadına dirənib dırmaşıblar, bu zaman
digərləri havada yellənən ipləri tutub: onlar binalardan boylanıb, gündən-günə
müntəzəm, saatlara bölünmüş mövcudluğunu həyata keçirdikləri kontorda
həyatlarını itirməklə risk edirdilər.
Səhəri gün isə həmin klerk və hesabdarlar səliqəli daranmış saçları və
yuxusuzluqdan qırmızı gözləri ilə, ancaq ayıq, başlarını yuxarı tutub izdihamda
insanların bunun kimin edə biləcəyi ilə bağlı heyrətinə qulaq asır və nəhəng əcaibin
sönmüş və hislənmiş gözlərinin içindən şırnağın püskürdüyü zaman polisin hamını
binadan uzaqlaşmağa çağırmasına baxır.
Tayler gizlincə mənə dedi ki, hər iclasda dörddən çox olmadan faydalı təkliflər
irəli sürülür, ona görə də təklif çəkmək şansı onda dördə bərabəridir. Komitədə
Tayler də daxil olmaqla iyirmi beş adam var.
Hər birinə ev tapşırığı verilir — dava salıb uduzmaq, hamı qutudan təklif çəkir.
Bu həftə Tayler onlara dedi:
— Hamı gedib özünə tapança tapsın.
Daha sonra Tayler oğlanlardan birinə telefon məlumatı kitabçasını verdi və
ondan özü istədiyi bir reklam vərəqini cırmağı xahiş etdi, sonra o kitabı
yanındakına ötürür. Komitə üzvlərindən heç biri o biri ilə eyni yerdən silah
almamalıdır.
— Bu, — cibindən tapança çıxararaq Tayler dedi, — tapançadır və komitənin
iki həftədən sonra baş tutacaq iclasında hamınızda bundan olmalıdır.
— Alışı nağd pulla ödəmək daha yaxşıdı, — deyir Tayler. — Gələn iclasda siz
hamınız tapançalarınızı dəyişdirəcəksiniz, sonra polisə gedib deyəcəksiniz ki,
aldığınız tapança sizdən oğurlanıb.
Heç kim sual vermir. Sual verməmək — «Darmadağın Layihəsi»nin birinci
qaydasıdır.
Tayler tapançanı bir-bir hamıya verir. Qəribədir, bu balaca əşya elə ağırdır,
sanki günəş, yaxud dağ kimi nəhəng bir şey onun həcminə qədər sıxılıb.
Komitədəki uşaqlar ehtiyatla tapançanı iki barmaqla götürür. Hər biri tapançanın

dolu olub olmadığını soruşmaq istəyir, ancaq «Darmadağın Layihəsi»nin ikinci
qaydasında deyilir ki, heç bir sual vermək olmaz.
Bəlkə doludur, bəlkə də yox. Bəlkə biz həmişə pisə əsaslanmalıyıq.
— Tapancadan sadə və mükəmməl heç nə yoxdur, — deyir Tayler. — Sən
sadəcə götürüb tətiyi basırsan.
«Darmadağın Layihəsi»nin üçüncü qaydası — bəhanələr qəbul edilmir.
— Tətik, — deyir Tayler, — çaxmaq iynəsini boşaldır, çaxmaq isə kapsula
dəyir.
Dördüncü qayda — yalan danışmaq olmaz.
— Partlayış güllənin açıq ucundan metal mərmini itələyir, lülə isə mərmini
lazımi nöqtəyə istiqamətləndirərək partlayışın gücünü fokuslaşdırır, — deyir
Tayler, — eynilə top mərmini, işə salma şaxtası raketi və sidik kanalı spermanı
lazımı istiqamətə yönəldən kimi.
Tayler «Darmadağın Layihəsi»ni yaradanda dedi ki, bu layihənin başqa
adamlara heç bir aidiyyatı yoxdur. Onun reallaşdırılmasında digər insanların
əziyyət çəkib-çəkməyəcəyinin Taylerə dəxli yoxdur. Layihənin məqsədi — onun hər
bir iştirakçısını tarix üzərində hakimiyyətinin olduğunu dərk etməyə məcbur
etməkdir. Bizim hər birimizin dünya üzərində hakimiyyətimiz var.
Tayler «Darmadağın Layihəsi»ni döyüşçü klubunda düşünüb tapıb.
Bu, döyüşə təzə gələnlərin qoşulduğu axşamlardan biri idi. Həmin şənbə kluba
mələk simalı oğlan gəldi, mən onu döyüşə çağırdım. Qayda belədir. Təzə gələn
döyüşü qəbul edir. Mən onu ona görə çağırdım ki, yuxusuzluq yenə mənə əziyyət
verirdi və mən dəhşətli dərəcədə gözəl bir şeyi dağıtmaq istəyirdim.
Sifətimdəki yaraların bir hissəsi heç vaxt sağalmayacağından gözəllik
baxımından itirməyə heç nəyim yoxdur. Müdirim məndən soruşdu, yanağımdakı
deşiyə neynəyirəm ki, o heç cür sağalmır. Mən kofe içəndə, ona izah edirəm,
həmişə iki barmağımı ora qoyuram ki, axıb getməsin.
Elə vəziyyət olur ki, ayıq olduğunu anlayan hissəndən başqa bütövlükdə
yatırsan. Həmin axşam mən təzə gələnin mələk sifətindən əvvəl barmaqlarımın
dəmir kimi bərk sümükləri ilə vururam, ardınca, sümüklər oğlanın cırılmış
dodaqlarından çıxan dişlərinə dəyib qanayandan sonra onu yumşalıb döşəməyə
yıxılana qədər yumruğumun aşağı hissəsi ilə vurdum.
Sonradan Tayler mənə dedi ki, o heç vaxt mənim kimisə belə qəzəblə məhv
etdiyimi görməyib. Həmin axşam Tayler anladı ki, ya döyüşçü klubunun fəaliyyətini
daha yüksək səviyyəyə keçirməli, ya da onu tam bağlamalıdır.
Sabahı gün səhər yeməyi zamanı Tayler dedi:
— Sən özünü manyak, komikslərdəki psixopat kimi aparırdın. Nə tutmacan
tutmuşdu?
Mən dedim ki, özümü zibil kimi hiss edirəm və heç boşala bilmədim. Mən artıq
döyüşdən ləzzət almıram. Yəqin məndə öyrəşmə əmələ gəlib.
Yəqin mənə bundan sonra daha güclü zövq mənbəyi lazımdır.

Məhz bu səhər Tayler «Darmadağın Layihəsi»ni fikirləşib tapdı.
Tayler məndən əslində kiminlə döyüşdüyümü soruşdu.
Mən bütövlükdə Taylerin düşüncələri ilə razıyam ki, biz özümüzü zibil və
tarixin nökərləri kimi hiss edirik. Mən dünyadakı bütün gözəllikləri dağıtmaq
istəyirəm. Amazonkanın yağış meşələrini yandırmaq. Xlorftorkarbohidrogenlərlə
ozon qatını deşmək. Dünyanın bütün tankerlərində axıcı kranlarını açıb və
kontinental şelflərdəki bütün neft quyularında boğucuları vurub salmaq. Mən yeyə
bilməyəcəyim bütün balığı öldürmək və Fransanın heç vaxt görməyəcəyim
çimərliklərini murdarlamaq istəyirəm.
Mən istəyirəm ki, bütün dünya mənimlə birlikdə nöqtəyə çatsın.
Bu oğlanı döyərkən mən anlayırdım ki, öz növünün xilası naminə artmaq
istəməyən hər pandanın və pəncəsini yığıb özünü sahilə atan hər balina, yaxud
delfinin beynini tökmək istəyirəm.
Bunu nəslin kəsilməsi hesab etməyin. Bunu ştatların ixtisarı kimi qəbul edin.
Min illərlə insanlar bu planetdə məhəbbətlə məşğul olub, onu zibilləyib və
batırıb, indi isə tarix tələb edir ki, mən hamının dalınca təmizləyim və onların
haqqını ödəyim. Konserv qablarını əvvləcədən tərtəmiz yuyub, sonra əzirdim.
İstifadə etdiyim motor yağının hər damcısına görə hesabat verirdim.
Nüvə tullantılarının və yerə basdırılmış yanacaq çənlərinin, zəhərli tullantıların
basdırıldığı yerləri dağıdan torpaq sürüşmələrinin — əvvəlki nəsillərin törətdikləri
hər şeyin əvəzini mən ödəməliyəm.
Mən mələkciyəzin başını körpə uşaq, yaxud futbol topu kimi bir əlimdə tutub
o biri əlimin sümükləri ilə onun sifətinə dodaqları partlayana qədər çırpırdım,
çırpırdım. Sonra da o formasız qalaq kimi yerə düşənə qədər dirsəyimlə də əlavə
etdim. Almacıq sümüyündə dəri qaralıb kəllə sümüyünə yapışana qədər vurdum.
Mən yanğın yerlərinin tüstüsünü nəfəsimə çəkmək istəyirəm.
Quşlar və marallar — gərəksiz dəbdəbədir, ən yaxşı balıq isə — ölü balıqdır.
Mən Luvru yandırmaq istəyirəm. Britaniya muzeyində yunan kolleksiyasını
çəkiclə balaca hissələrə xırdalamaq və Mona Liza ilə dalımı silmək istəyirəm.
Bundan sonra bu dünya mənə məxsusdur.
Bu dünya bundan sonra mənə və yalnız mənə məxsusdur. Qədimlər çoxdandır
qəbirdədir.
Məhz bu sabah səhər yeməyi zamanı Tayler «Darmadağın Layihəsi»ni fikirləşib
tapdı.
Biz dünyanı tarixin yükündən azad etmək istəyirik.
Biz Kağız küçəsindəki evdə səhər yeməyi yeyirdik və Tayler dedi:
— Təsəvvür elə, sən turp və kartofu atılmış qolf meydançasının on beşinci
çalasının yanında əkirsən. Yaxud Rokfeller-mərkəzinin xarabalıqlarının
yaxınlığındakı kanyonun yamaclarındakı rütubətli meşələrdə sığınları ovlayırsan,
yaxud qırx beş dərəcə bucaqla əyilmiş Kosmik İynənin karkasının yanında
meyvəköklü bitki yığırsan. Biz göydələnlərin fasadlarında boyalarla şəkillər çəkib

onları özümüzün nəhəng totem və vampumlarımıza çevirəcəyik. Hər axşam
bəşəriyyətin salamat qalan hissəsi boş heyvanat parklarında yığışacaq və gecələr
dəmir çubuqlardan bizə baxacaq ayı, vəhşi pişik və canavarların hücumuna məruz
qalmamaq üçün qəfəslərdə qapanacağıq.
— Tullantıların emalı və hərəkət sürətinin məhdudlaşdırlıması — bu tamam
cəfəngiyyatdır, — deyir Tayler. — Bu mənə ölüm yatağında uzanıb siqareti atan
siqaret çəkənləri xatırladır.
«Darmadağın Layihəsi» dünyanı xilas edəcək. Mədəniyyət üçün buz dövrü
gəlib çıxacaq. Süni yolla yaranan qaranlıq əsrlər. «Darmadağın Layihəsi» insanlığı
yuxuya dalmağa və bir müddətə öz iştahlarını məhdudlaşdırmağa vadar edəcək, bu
— Yerin ehtiyatlarını bərpa etmək üçün vacibdir.
— Bu — anarxiyaya yeganə bəraətdir, — deyir Tayler. — Sən ancaq fikirləş.
Döyüşçü klubu krerk və kassiri kişi edir. «Darmadağın Layihəsi» müasir
sivilizasiyadan daha ədəbli bir şey düzəldəcək.
— Supermarketlərin sınmış vitrinləri, çürüyən gözəl paltarlar və çiyinli frakların
yanından, — deyir Tayler, — keçən sığını təsəvvür et. Biz ömrümüz boyu bəs
edəcək bir dəri paltar geyinəcəyik və göydələnlərə sarılan qol yoğunluğunda
lianaların gövdəsi ilə dırmaşacağıq. Cek və sehrli dibçək haqqındakı nağılda olduğu
kimi. Rütubətli meşənin çətirlərindən hündürə dırmaşacaqsan, orda isə hava elə
təmizdir ki, taxıldöyən və avqust günəşi ilə qızan minlərlə mil uzanan səkkizzolaqlı
avtostrada boyu qurumaq üçün qoyun ətini düzən adamların balaca cüssələrini
görmək mümkün olacaq.
«Darmadağın Layihəsi»nin məqsədi budur, — dedi Tayler. — Sivilizasiyanın
tam və dərhal məhv edilməsi.
«Darmadağın Layihəsi»nin növbəti mərhələsinin necə olacağını Taylerdən
başqa heç kim bilmir. Heç bir sual verməmək — «Darmadağın Layihəsi»nin ikinci
qaydası budur.
— Güllə almaq lazım deyil, — «Talan Komitəsi» üzvlərinə deyir Tayler. — Əgər
sizdə belə bir sual yaranacaqsa, sizə bildirirəm: bəli, biz öldürməli olacağıq.
Yanğınlar. Talan. İtaətsizlik və Dezinformasiya.
Sual verməmək. Heç vaxt sual verməmək. Heç bir üzrxahlıq, heç bir yalan.
«Darmadağın Layihəsi»nin beşinci qaydası: Tayler həmişə haqlıdır.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin