7
Günlərin birində səhər mənim unitazımda meduza kimi üzən istifadə edilmiş
prezervativ tapıram.
Tayler Marla Zingerlə bax belə tanış olub.
Mən özümü boşaltmaq üçün durdum və onu qayaüstü rəssamlığı xatırladan
pas ləkələrinin düz üstündə üzən gördüm. Maraqlıdır, spermatazoidlərlə nə baş
verir.
Bu nədir?
Doğrudan da uşaqlıq borusudur?
Bütün gecə yuxuma girirdi ki, mən Marla Zingerlə məhəbbətlə məşğul oluram.
Marla Zinger siqaret çəkir. Marla Zinger gözlərini axıdır. Mən təklikdə oyanıram,
Taylerin otağının qapısı bağlıdır. Ancaq Tayler heç vaxt öz otağının qapısını
bağlamır. Bütün gecəni yağış yağırdı. Dam örtüyü çoxdandır çürüyüb, əyilib və
dağılıb, su çardağa tökülür, suvaqlanmış tavanın üstündə yığılır və çatların
arasından damcılarla suvağın üstünə tökülür.
Yağış yağanda biz paylayıcı sipərdən tıxacı burub çıxarırıq. Onsuz da yağış
zamanı burda işığı ancaq intihar edən qoşa bilər. Taylerin kirayələdiyi evdə üç
mərtəbə və zirzəmi var. Yağış yağanda biz şam yandırırıq. Bu evdə pərdə ilə arası
kəsilmiş anbar və taxca, həmçinin nərdivan meydançasında vitrajlar var. Balaca
yastıqlı qonaq otaqlarında erkerlər. Lakla örtülmüş yarım metr qalınlığında oyma
döşəmə yaşmağı.
Yağış hər yerdən sızıb keçir və evin tikildiyi ağac şişir və əyilir.
Hər yerdən paslı mismarlar çıxıb, onları rahat tapdalamaq, yaxud dirsəyini
ilişdirmək olar. Yeddi otağa isə cəmi bir ayaqyolu var və ona görə də mən ordan
istifadə edilmiş prezervativ tapıram.
Ev nəyisə gözləyir — ya tikilmə planını, ya vəsiyyətin elan edilməsini —
bundan sonra o söküləcək. Mən Taylerdən nə vaxtdan burda yaşadığını soruşdum
və Tayler cavab verir — altı ay. İbtidai dövrdə bu məsul ev sahibi bir yığın jurnal
toplayıb — əsasən «Neyşnl Cioqrafik» və «Riderz Daycest». Bu yığın hər yağışdan
sonra getdikcə hündürləşir. Tayler deyir ki, sonuncu sakin bu jurnallardan vərəqləri
cırıb kokain paketləri bükürmüş. Giriş qapısında kilid kiminsə onu sındırdığı
vaxtdan yoxdur — mümkündür ki, bu polis olub. Yemək otağının divarlarında
doqquz növ divar kağızı görünür: zolaqların üstündən güllər, güllərin üstündən
zolaqlar, quşların üstündən güllər, güllərin üstündən quşlar.
Bizimlə qonşuluqla heç nə yoxdur: bağlı avtomobil dükanı, küçənin o biri
tərəfində — bütöv məhəllə uzunluğunda anbar. Bir də bizim evdə içində yeddi
uzun mütəkkə tapdığımız divar şkafı var — onlara kamkadan tikilmiş süfrələri
dolayırdılar ki, əzilməsin. Bir də xəz məmulatları üçün nəzərdə tutulmuş, soyutma
imkanı və sidr ağacından üzlüyü olan dolab var idi. Vanna otağında kafel əllə
çəkilmiş kiçik gül təsvirləri ilə elə bəzədilib ki, hər toy dəsti elə bəzədilmir, unitazda
isə istifadə edilmiş prezervativ üzür.
Mən Taylerlə bir aya yaxındır yaşayıram.
Tayler sorulma izləri ilə örtülmüş boynu və sinəsini nümayiş etdirərək səhər
yeməyinə düşür. Mən oturub «Riderz Daycest»in köhnə nömrəsini oxuyuram.
Narkotika alverçiləri bizim evimiz kimi evləri çox sevir. Qonşular yoxdur.
Ümumiyyətlə, Kağız küçəsində anbar və kağız fabrikindən başqa heç nə yoxdur.
Onun borularından çıxan buxardan bağırsaq qazlarının iyi gəlir, onun həyətində
toplanan narıncı taxta kəpəyinin iyi bağsiçanı qəfəsinin iyinə oxşayır. Narkotika
alverçiləri bizim evimiz kimi evləri çox xoşlayırlar, çünki gündüz Kağız küçəsindən
saysız-hesabsız yük maşınları keçir, ancaq gecə bizimlə Taylerdən başqa bir
kilometr ərazidə bircə nəfər də olsa sağ adam yoxdur.
Zirzəmidə mən «Riderz Daycest»in bir qalaq köhnə nömrələrini tapmışam və
indi hər otaqda bir yığın jurnal var.
«BİRLƏŞMİŞ ŞTATLARDA HƏYAT».
«GÜLÜŞ — ƏN YAXŞI DƏRMAN».
Bu jurnallardan başqa bizdə praktik olaraq heç mebel də yoxdur.
Ən köhnə jurnallarda çox gülməli məqalələr var: məsələn, insan orqanları özü
haqqında birinci şəxsin dilindən danışır. «Mən — Ceynin Uşaqlıq Borusu».
«Mən — Conun Prostat Vəzisi».
Doğrudan, belə də yazılıb. Budur Tayler qurşağa qədər çılpaq yemək
masasının yanına gəlir, onun bədəni sorulma izləri ilə burunub, o mənə dünən
Marla Zingerlə tanış olub onunla yatdığını danışır.
Bunu eşidib Conun Öd Kisəsinə dönürəm. Özüm günahkaram. Bəzən
etdiklərinə görə, bəzən isə etmədiklərinə görə cəza çəkirsən.
Dünən axşam Marlaya zəng etdim. Biz onunla dəstək qrupuna getməmişdən
əvvəl zəngləşməyə razılaşdıq ki, orda burun buruna gəlməyək. Həmin axşam
melanoma nəzərdə tutulurdu, mən isə bir qədər həvəssiz idim.
Marla «Regent» otelində yaşayır. Gurultulu adına baxmayaraq bu yalnız fırtla
birləşdirilmiş bir qalaq kərpiçdir. Belə otel sahibləri bir çox halda gecələmə
yerindən bir başa o biri dünyaya gedən kirayənişinlər korlamasın deyə, döşəkləri
böyük plastik kisələrə qablaşdırırlar. Buna görə çarpayının kənarına ehtiyatsız
oturmaq kifayətdir ki, yorğan və mələfələrlə bir anın içində döşəmədə olasan.
Mən Marlaya «Regent» otelinə onun melanomaya hazırlaşıb hazırlaşmadığını
soruşmaq üçün zəng edirəm.
Marla güclə danışa bilirdi. O, mənə dedi ki, bəlkə də bu əsl intihar deyil,
«kömək üçün çığırtıdır», ancaq o, indicə bir qutu yuxu dərmanı içib.
Bu mənzərəni təsəvvür edin: Marla «Regent» otelində özünün səliqəsiz
otağında ora-bura qaçır və ağı deyir: «Mən ölürəm! Ölürəm! Ölürəm!».
Bu uzun çəkə bilər.
— Deməli, sən bu gün heç yerə getməyəcəksən?
— Mən tam ciddi ölürəm, — Marla izah edir. — Əgər bu mənzərədən zövq
almaq istəyirsənsə, durub gələ bilərsən.
— Çox sağ ol, — deyirəm, — ancaq mənim bu axşama başqa proqramım var.
— Yaxşı, — deyir Marla. — Televizorun yoldaşlığı ilə də ölmək olar. Təki orda
bu axşam baxmalı bir şey olsun.
Mən isə melanomaya getdim. Tez qayıtdım və yuxuladım.
Səhəri gün səhər yeməyi zamanı Tayler başdan ayağa sorulmuş yerlərini
bürüyüb mənə izah edir ki, Marla qancıq və pozğundur, ancaq onun məhz bu
xüsusiyyəti xoşuna gəlib.
Dünən axşam melanomadan sonra mən evə qayıdıb dərhal yatdım. Yuxuda
görürdüm ki, Marla Zingerlə məşğulam, məşğulam, məşğulam.
Səhəri gün isə Taylerin boşboğazlığını dinləyirəm və özümü elə aparıram ki,
güya «Riderz Daycest» oxuyuram.
«Uniformada Yumor».
Mən — Conun İltihablanmış Öd Kanalıyam.
O gecə nələr danışırdı, — deyir Tayler. — Heç bir qızdan belə şey
eşitməmişəm.
Mən — Conun Xışıldayan Dişləriyəm.
Mən — Conun Alovlanan Şişirdilmiş Burun Deşiyiyəm.
Onlar Marla ilə ardıcıl on dəfə yatandan sonra, Marla hamilə qalmaq istədiyini
deyib. Marla deyib ki, Taylerdən abort etdirmək üçün hamilə qalmaq istəyir.
Mən — Conun BarmaqlarınınAğarmış Sümükləriyəm.
Tayler buna aldanmaya bilməzdi. Axı, ötən gecə o cinsiyyət orqanlarının
şəkillərini Disneyin «Ağca qız»ına yapışdırırdı.
İndi mən Taylerin diqqətinə necə iddia edə bilərəm?
Mən — Conun Şişmiş Göynəyən Nifrətiyəm.
Ancaq ən pisi odur ki, mən özüm hər şeydə günahkaram. Mən yuxulayandan
sonra Tayler ofisiant işlədiyi banketdən evə qayıtdı və bu vaxt Marla yenidən mənə
«Regent» otelindən zəng etdi. Hər şey doğrudur, dedi Marla. Uçduğun tunel də,
tunelin axırında işıq da. Marla deyir ki, ölüm — əladır və o, öz bədənindən necə
çıxıb ona kənardan baxması haqqındakı təəssüratlarını mənimlə dərhal bölüşməyə
inadlı ehtiyac duyur.
Marla dedi ki, o ruhların telefonla danışa bilməsinə əmin deyil, ancaq mənim
onun son nəfəsini eşitməyimi istəyir.
Bu dəm Tayler telefonu qapır, bu sözləri eşidir və hər şeyi tərsinə başa düşür.
Axı, o bir dəfə də olsun Marlanı görməyib, ona görə ona elə gəldi ki, onun
ölümü — bu böyük itkidir.
Yox bir!
Bunun Taylerə heç bir dəxli yoxdur. Ancaq bununla belə, o polis çağırdı, taksi
tutub «Regent» otelinə qaçdı. Bizə televizordan məlum olan qədim Çin adətlərinə
uyğun olaraq Tayler həmişəlik Marlaya görə cavabdehdir, çünki onun həyatını xilas
edib.
Əgər vaxtıma heyfim gəlməsəydi, gedib Marlanın ölməsini izləyərdim, buna
görə heç nə baş verməzdi.
Tayler mənə danışır ki, Marla «Regent» otelinin sonuncu mərtəbəsində «8Q»
nömrəsində yaşayır — bu pilləkənlə yuxarı səkkiz pilləkən aralığı, daha sonra
qapıların yanından konservləşdirilmiş televiziya gülüşü gələn səs-küylü dəhlizdən
keçirsən. Hər iki saniyədən bir aktrisanın zarıltısı, yaxud güllənin dəlib keçdiyi
aktyorun qışqırtısı eşidilir. Tayler bütün dəhlizi keçir, sonuncu qapıya yaxınlaşır. O,
qapını döyməyə macal tapmamış «8Q» nömrəsinin qapısı açılır və qarabuğdayı
nazik əl sürətlə Taylerin biləyindən tutub içəri çəkir.
Mən elə görkəm alıram ki, güya fikri-zikrim tamamilə «Riderz Daycest»i
oxumaqdadır. Tayler eşidir ki, «Regent» oteli qarşısında polis maşınının sirenasının
zingiltisi gəlir və əyləc cırıldayır. Dolabın üstündə milyonlarla Barbi kuklasının
hazırlandığı çəhrayi plastikdən düzəldilmiş falloimitator dayanıb. Bir anlıq Taylerin
gözünün qarşısına hansısa Tayvan konveyerindən gedən çəhrayi plastikdən
düzəldilmiş pupslar, Barbi kuklaları və falloimitatorlar gəlir.
Marla Taylerin hara baxdığını görür və gözlərini axıdaraq deyir:
— Qoxma, bu sənin üçün qorxulu deyil.
Daha sonra Marla Tayleri dəhlizə itələyir və deyir: təəssüf, polisi nahaq yerə
çağırıb, axı, aşağıda polisin ayaq səsləri eşidilir, elə deyil?
Dəhlizə çıxandan sonra Marla «8Q» nömrəsinin qapısını bağlayır və Tayleri
pilləkən istiqamətinə itələyir. Pilləkəndə Marla və Tayler «8Q» nömrəsinə necə
getməyin yolunu soruşan polis və oksigen balonlu sanitarları buraxmaq üçün
divara sıxılır.
Marla onlara dəhlizin sonundakı qapını göstərir.
Marla polislərin ardınca qışqırır ki, «8Q» nömrəsindəki qız nə vaxtsa cazibədar
və qəşəng idi, ancaq indi bitmiş qancığa çevrilib. O, fitnəkar, heç nəyə yarımayan
rəzilə çevrilib, o, lazım olmayan şeylərlə məşğul olmaqdan qorxur, ona görə heç nə
ilə məşğul olmamağa üstünlük verir.
— «8Q» nömrəsindən olan qız özünə inanmır, — qışqırır Marla. — Və qorxur
ki, yaşlaşdıqca seçimi azalacaq. Ümid edirəm siz özünüzü çatdırıb onu xilas
edəcəksiniz!
Polislərin nömrədə qapını sındırdığı vaxt Marla və Tayler artıq vestibüllə
qaçırlar.
Polis qapının ağzında qışqırır:
— Miss Zinger, icazə verin sizə kömək edək! Siz yaşamalısınız! Buraxın bizi içəri
və biz sizə problemlərinizi həll etməyə kömək edəcəyik.
Marla və Tayler pilləkənlə qaçırlar. Taksiyə atılırlar. Tayler maşından baxıb
Marlanın nömrəsinin pəncərələrinin arxasında hərəkət edən kölgələri görür.
Maşın milyonlarla işığın naməlum yerə yüyürdüyü altı zolaqlı avtostradaya
çıxanda Marla dedi ki, Tayler ona yatmağa imkan verməməlidir. O yatsa, axırı
çatacaq.
Marla Taylerə bir çoxlarının onun ölümünü istədiyini danışdı. Bunlar, əsasən,
artıq özləri ölənlərdir. Onlar o biri dünyadan zəng edib susurlar. Bəzən barda
barmen Marlanı telefona çağırır, o dəstəyi götürür, orda isə — ölü sükut.
Taylerlə Marla bütün gecəni mənimlə qonşuluqdakı otaqda keçirirlər. Tayler
oyananda Marla artıq yox idi. Yəqin o «Regent» otelinə qayıdıb.
Mən Taylerə deyirəm ki, Marlaya məşuq yox, psixiator lazımdır.
— Burda məhəbbətdən heç söhbət də getmir, — Tayler cavab verir.
Qısası, həyatımın daha bir hissəsini məhv etmək üçün səhnədə yenidən Marla
peyda olur. Bu mənimlə hələ kollecdə başlayıb. Dost tapırsan, dostun evlənir və
daha sənin dostun yoxdur.
Əladır.
Aydın məsələdir, deyirəm mən.
Tayler mənim nədən narahat olduğumu soruşur.
Mən — Conun Yumaq Kimi Sıxılmış Bağırsaqlarıyam.
Yox, yox, hər şey əladır, deyirəm mən.
Kimsə mənim gicgahıma tapançanı sıxıb beynimi dağıdaydı.
Hər şey tam qaydasındadır, deyirəm mən. And içirəm.
8
Müdirim qurumuş qan ləkələri olan şalvarımı dəyişmək üçün məni evə buraxdı.
Mən etiraz etmirdim.
Yanağımdakı deşik heç cür sağalmır. Mən işə gedirəm, ortasında onların
vasitəsilə bu dünyaya baxdığım iki nazik sfinkter olan vurulub əzilmiş gözlərim isə
qara bublikə oxşayır. Bu günə qədər heç kimin mənim tamamilə meditasiyası ilə
yüklənmiş DZEN müəlliminə çevrildiyimi sezmədiyi kefimi pozurdu. Mən FAKS
məktəbinə aidəm. Mən XAYKU adlanan bu kiçik şeirləri yazıb onları FAKS-la hamıya
göndərirəm. Bizim idarənin zalından keçəndə və HAMI gizli olmayan ədavətlə
mənə baxanda tamamilə DZEN hiss edirəm.
Bal arıları və erkək arılar
Pətəyi qoyub getməkdə azaddır
Ana arı — kölədi.
Bütün fikirlərini və maşınını kimlərəsə pay ver, şəhərin zəhərli tullantılarla
dolu hissəsində kirayələnmiş evə köç və gecələr Taylerlə Marlanın qonşu otaqda
bir-birini dal silgisi adlandırmasına qulaq as.
Al, sən, dal silgisi!
Mən sənə dedim, elə, sən, dal silgisi!
Ağzını yum! Sakitləş, balaca!
Bununla müqayisədə mən kainatın mərkəzində kiçik sakit mərkəz kimi
görünürəm.
Budur mən əzilmiş gözlər və qaşımda qan qabığı ilə idarəyə girib hamıya
SALAM deyirəm. SALAM! Mənə baxın, SALAM! Mən — tamamilə DZENəm. Bu —
QANDI. Bu — HEÇ NƏDİR. Salam. Heç nəyin mənası yoxdur və özünü işıqlı hiss
etmək — bu elə ƏLADIR.
Nəfəs.
Baxış.
Orda pəncərənin o biri tərəfində. Quş.
Müdirim bunun mənim qanım olub-olmadığını soruşur.
Quş küləkdə uçur. Mən ürəyimdə balaca — xayka quraşdırıram.
Yuvasını itirən quş,
Bütün dünyanı qazanacaq
Həyat xatirinə yaşamaq lazımdır.
Barmaqlarımda yoxlayıram: beş heca, yeddi, yenə beş.
Ah, qan mənimdirmi?
Hə — deyirəm mən. Qismən.
Cavab doğru deyil.
Bir də ki, bunun nə fərqi var. Mənim iki cüt qara şalvarım, altı ağ köynəyim və
altı dəst alt paltarım var. Zəruri minimum. Mən döyüşçü klubuna gedirəm. Burda
qeyri-adi nə var ki?
— Evə get, — deyir müdirim. — Paltarını dəyiş.
Mən Tayler və Marlanın əslində eyni adam olub olmadığını düşünməyə
başladım. Əgər onların hər gecə Taylerin otağında məhəbbətlə məşğul olduğunu
nəzərə almasaq.
Məhəbbətlə məşğul olurlar.
Məhəbbətlə məşğul olurlar.
Məhəbbətlə məşğul olurlar.
Tayler və Marla heç vaxt eyni otaqda olmur. Mən heç vaxt onları bir yerdə
görməmişəm.
Nə olsun ki, siz heç vaxt mənimlə Za Za Qaboru bir yerdə görməmisiniz, ancaq
bu o demək deyil ki, biz — eyni adamlarıq. Sadəcə olaraq Marla onun qonağı
olanda Tayler heç vaxt otaqdan çıxmır.
Şalvarımı yumaq üçün Tayler mənə sabun bişirməyi öyrətməlidir. Tayler
hardasa yuxarıdadır, mətbəxdən isə mixək və yanıq saç iyi gəlir. Marla mətbəx
stolu arxasında oturub, uzun ətirli siqaretlə özünün biləyini yandırır və özünü dal
üçün silgi adlandırır.
— Mən özümün xəstə irinli vəziyyətimi varlıq kimi qəbul edirəm, — Marla
siqaretin alovuna müraciət edərək deyir.
Marla siqareti əlinin ağ yumşaq hissəsinə sıxır:
— Yan, kaftar, yan!
Tayler yuxarıda, mənim otağımdadır, mənim güzgümə dişlərini ağardıb onları
tədqiq edir. O mənə deyir ki, müvəqqəti olaraq ziyafətlərdə ofisiant işinə düzəlib.
— Axşamlar boş vaxt olsa, «Pressman» otelində, — deyir Tayler. — Belə iş
sinfi nifrət hissinin inkişafına yardım edir.
Yaxşı, deyirəm mən, vecimə deyil.
— Kəpənəyi müdiriyyət verir, — əlavə edir Tayler. — Səndən ancaq qara
şalvar və ağ köynək tələb olunacaq.
Sabun, Tayler, — deyirəm mən. — Bizə sabun lazımdır. Mən şalvarımı
yumalıyam.
Tayler bir ayağı üstə iki yüz dəfə çömbəldiyi müddətdə onun o biri ayağını
tuturam.
— Sabun düzəltmək üçün bizə yüksək keyfiyyətli piy lazım olacaq, — deyir
Tayler.
Tayler — dəyərli məlumatlar dəryasıdır.
Məhəbbətlə məşğul olduqları vaxt istisna olmaqla Tayler və Marla heç vaxt bir
otaqda birlikdə olmur. Tayler mənimlə olanda Marla ondan kənar durur. Bu mənə
tanış haldır. Atam başqa şəhərdə ailənin filialını açmağa hazırlaşanda mənim
valideynlərim özlərini eynilə bu cür aparırdı.
Mənim atam həmişə deyirdi:
— Seks səni bezdirənə qədər evlən, yoxsa, ümumiyyətlə, heç vaxt
evlənməyəcəksən.
Mənim anam həmişə deyirdi:
— Heç vaxt bağlanan yeri plastmasdan olan şey alma.
Mənim valideynlərim bütün həyatları boyu qızıl suyu ilə yazılası qiymətli söz
deməyiblər.
Tayler yüz doxsan səkkiz dəfə çömbəlib qalxdı. Yüz doxsan doqquz. İki yüz.
Onun əynində məşq şortları və riflənmiş rezindən olan vanna üçün xalat var.
— Elə elə ki, Marla evdən rədd olsun, — deyir Tayler. — Onu mağazaya bir
banka qələvi dalınca göndər. Ancaq qoy yumaq qələvi alsın. Nəbadə, kristallik
olmasın. Axır ki, hansı yollasa ondan yaxa qurtar.
Mənim altı yaşım var və mən kuryer işləyirəm: atamdan anama və əksinə
məlumatlar çatdırıram. Mənim valideynlərim bir-biri ilə danışmır. Mənim altı
yaşım olanda buna nifrət edirdim. İndi də buna nifrət edirəm.
Tayler «qayçı» düzəltməyə başlayır, mən də aşağı düşüb Marlaya yumaq
qələvi barədə deyirəm və on dollar, bir də avtobus pulu verirəm. Marla əvvəlki tək
stolda oturub mixək iyi gələn siqaret çəkir. Mən siqareti onun barmaqlarının
arasından götürürəm. İncə və sakit. Sonra qab-qacaq əskisi ilə Marlanın əlində
yanıq qabarcıqlarının qanadığı yerlərdəki paslı izləri silirəm. Sonra onun ayaqlarını
növbə ilə hündür daban ayaqqabıya keçirirəm.
Marla mənim «Zoluşka»dakı şahzadə obrazını necə yaratdığıma baxır və deyir:
— Mən bura girməyə cəsarət etdim. Düşündüm ki, evdə heç kim yoxdur, sənin
qapın onsuz da bağlanmır.
Cavabında mən susuram.
— Bilirsən, — deyir Marla, — prezervativ — bizim nəslin büllur başmağıdır.
Onu tanımadığın adamla görüşdə geyinirsən, səhərə qədər rəqs edirsən, sonra da
zibil yeşiyinə atırsan. Yəni tanımadığın adamı yox, prezervativi.
Mən Marla ilə danışmıram. O, dəstək qruplarında Taylerlə də boş-boş danışa
bilər, ancaq mənimlə dostlaşa bilməyəcək.
— Mən burda bütün səhəri gözlədim.
Külək kül,
Ya qar dənələri gətirdi —
Daşın işi yoxdur.
Marla mətbəx stolundan durur. Onun əynində hansısa parlaq parçadan olan
qolu qısa mavi paltar var. Marla ətəyini elə qaldırır ki, mən paltarın astarındakı
tikişləri görürəm. Marlanın əynində alt paltarı yoxdur. O, mənə göz vurur.
— Mən sənə öz yeni paltarımı göstərmək istəyirdim. Bu əl işi olan toy
paltarıdır. Xoşuna gəlir? Mən onu köhnə şeylər alverçisindən bir dollara almışam.
Təsəvvür edirsən, kimsə oturub bütün bu balaca sırıqları düzəldib ki, bu cındır,
axmaq paltarı tiksin, — deyir Marla.
Paltarın ətəyinin bir tərəfi o biri tərəfindən uzundur, kəmər isə Marlanın düz
ombasına qədər sürüşüb düşüb.
Mağazaya getməmişdən əvvəl bir daha ətəyini barmaqlarının ucları ilə qaldırır,
çılpaq yanını yelləyib mənim və mətbəx stolunun ətrafında fırlanır.
— O, heç cür anlaya bilmir, — deyir Marla, — niyə insanlar bir gecə əvvəl
valeh olduqları şeyi belə rahat tullaya bilir. Məsələn, milad yolkası. Bir an əvvəl o
hamının diqqət mərkəzində idi. İndi budur, yüzlərlə belə yolka ilə birlikdə heç kimə
lazım olmayaraq şose boyunca küvetdə qalıb qızılı və gümüşü zərlə parıldayır. Bu
yolkalara baxıb gah yol-nəqliyyat hadisələri qurbanları, gah onları tərsinə çevrilmiş
alt paltarında qara izolentlə bağlayıb atan seksual manyakın qurbanları barədə
fikirləşirsən.
Bunun nəhayət ki, rədd olmasını istəyirəm.
— Mən sahibsiz heyvanlar mərkəzində olmuşam və bu barədə
düşünürdüm, — deyir Marla. — Orda bütün bu heyvanlar, sahiblərinin sevib sonra
küçəyə atdığı bütün bu it və pişiklər sənin onlara diqqət yetirməyin üçün dəridən-
qabıqdan çıxır, çünki üç gündən sonra onlara fenobarbital natriumun ölümcül
dozasını vurub sonra da ev heyvanları üçün krematoriydə yandıracaqlar. Nə vaxtsa
sevimli olanlar üçün beləcə Osvensium. Hətta kimsə səni nə vaxtsa həyatını xilas
edəcəyin qədər sevirsə, səni ən azı dəqiq sterilləşdirəcək.
Marla mənə elə baxır ki, sanki onunla mən məhəbbətlə məşğul oluram:
— Axı, həmişə son sözü sən deyirsən?
Marla bu axmaq «Şidlerin siyahısı»ndan mövzunu zümzümə edərək qapıya
tərəf gedir.
Mən onu baxışımla yola salıram.
Marlanın gedişindən sonra iki saniyəlik sakitlik çökür.
Mən çevrilirəm. Arxamda Tayler dayanıb.
— Nədir, ondan yaxanı qurtardın?
O, həmişə səssiz gəlir, bu Tayler.
— Əvvəl, — Tayler soyuducunu açıb orda eşələnməyə başlayır, — əvvəl piyi
əritmək lazımdır.
Müdirlə bağlı Tayler deyir ki, əgər mən həqiqətən də ondan gələn depeşaları
oxumaq istəmirəmsə, poçt şöbəsinə gedib ünvanımı dəyişməyimlə bağlı ərizəni
doldurmağım kifayətdir. Qoy namələr Şimalı Dakotada allahın unutduğu hansısa
ucqara getsin.
Tayler soyuducudan içində ağ və donmuş nə isə olan plastik paketləri çıxarıb
onları yuma yerinə yığır. Həmin vaxt mən qazanı odun üstünə qoyub ora su
tökürəm. Az su töksən piydən çıxan yağ dərhal qaralacaq.
— Bu piydə xeyli duzlar var. Ona görə nə qədər su çox olsa, bir o qədər
yaxşıdır, — deyir Tayler.
Piyi suya qoyub onu qaynama həddinə çatdırırıq.
Tayler hər kisədən ağ çöküntünü sıxıb çıxarır, boş kisələri isə zibil qutusunun
içinə yığır.
Deyir:
— Baş işlət. Sənə boyskautlarda öyrətdikləri bütün bu cəfəngiyyatı yada sal.
Yuxarı siniflər üçün kimya dərslərini yada sal.
Taylerin nə vaxtsa boyskaut olduğunu təsəvvür etmək çətindir.
Taylerin sözlərinə görə, mənim edə biləcəyim daha bir iş budur. Müdirimin
evinin yanına gedib boru şlanqı vasitəsilə onun evinin su təchizatı sisteminə qoşula
bilərəm. Əl nasosunu götürüb sistemə bir qədər sənaye boyaq maddəsi doldurum.
Qırmızı, yaşıl, mavi — fərqi yoxdur. Sonra da müdirin sabahısı gün necə
göründüyünə baxım. Bundan başqa kolluqda oturub həmin nasosun köməkliyi ilə
sistemdə təzyiqi yeddi atmosferə qədər qaldırmaq olar. Kimsə tualetə gedib suyu
axıdanda çən partlayacaq. On atmosferdə kimsə duşu açsa, duşun ağzı qırılacaq və
o top mərmisi sürəti ilə aşağı uçacaq.
Tayler mənəvi cəhətdən mənə dəstək vermək istəyir. Ancaq düzünü desəm,
mən müdirimi çox istəyirəm. Axı, mən indi müdrikəm. Təxminən, Budda kimi.
Xrizantemin mərkəzində hörümçək. Almaz sutra və kosmik mantra. Xari Rama,
aydın məsələdir. Krişna, Krişna. Bir sözlə, müdrik.
— Dalına lələk taxmaqla, — deyir Tayler, — sən hələ tovuz quşu olmursan.
Piy əriyir və yağ üzə çıxır.
Deməli, deyirəm mən, mən dalıma lələk taxmışam?
Sanki Taylerin əlləri tamamilə siqaret yanıqları ilə örtüldüyündən onun qəlbi
yüksək səviyyəyə qalxıb. Mister və missiz Dal Silgisi. Mən öz sifətimə təmkinli ifadə
verirəm və zaman-zaman aeroport işçilərinin güllələməli olduğu hind inəklərinin
birinə çevrilirəm.
Pilətənin odunu azaltmaq.
Mən qaynayan suyu qarışdırıram.
Sədəf rəngli qalın qat yaranana qədər suyun üstünə getdikcə daha çox yağ
çıxır. Yağ qatını böyük qaşıqla götür.
Belə, soruşuram mən, Marla neynir?
Tayler deyir:
— O, heç olmazsa nöqtəyə qədər çatmaq istəyir.
Mən qaynayan suyu qarışdırıram. Yağı piyin hamısı əriyənə qədər götürmək
lazımdır. Ancaq bu yolla əridilmiş yağ yaxşı keyfiyyətə malikdir. Bizə ancaq belə yağ
lazımdır.
Tayler deyir ki, mən nöqtəyə çatmaq istəmirəm. Nöqtəyə çatmasan, xilasa
ümid etməyə dəyməz. İsa çarmıxa getdi. Məsələ təkcə puldan, mülkdən və
cəmiyyətdəki yerindən imtinada deyil. Buna hər kəs özünə imkan verə bilər.
Məsələ burasındadır ki, özünü təkmilləşdirmədən özünüməhvə keçməliyəm. Risk
etməyə başlamaq lazımdır.
Axı, bu elmi seminar deyil.
— Əgər nöqtəyə çatmamış qorxaqlıq etsən, — deyir Tayler, — səndə heç nə
alınmayacaq.
Dirçəlmə yalnız tam özünü məhv etmədən sonra mümkündür.
— Yalnız hər şeyi itirəndən sonra, — deyir Tayler, — biz azadlıq əldə edirik.
Maraqlıdır, görəsən vaxtından əvvəl müdrikləşmə kimi bir şey var?
— Qarışdırmağı yaddan çıxarma, — deyir Tayler.
Bütün piy əriyəndən sonra qaynar suyu boşaltmaq. Qazanı yuyub onu təmiz su
ilə doldurmaq.
Taylerdən soruşuram, doğrudan da mənim nöqtəyə çatmağıma hələ çox var?
— Sən heç təsəvvür edə bilməzsən, — deyir Tayler, — necə uzaqdır.
Yağı götürmək prosesini təkrarla. Onu isti suda ərit və yuxarı qatını götür.
— Bizim istifadə etdiyimiz piydə duz çoxdur, — deyir Tayler, — duz həddindən
artıq çox olanda, sabun bərkiyir.
Ərit və qatı götür.
Marla qayıdır.
Marla ara qapını açan anda Tayler yoxa çıxır. O, elə sürətlə yoxa çıxır ki, sanki
otaqdan qaçıb.
Bəlkə yuxarı gedib, bəlkə də — zirzəmiyə düşüb.
Alçaq qorxaq.
Marla əlində içində yumaq qələvi olan plastmas kanistrlə qayıdır.
— Orda, mağazada yüz faiz tualet kağızından emal edilmiş tualet kağızı var
idi, — deyir Marla. — Tualet kağızını emal etmək yəqin maraqlı iş olar.
Mən bir söz demədən kanistri götürüb stola qoyuram.
— Mən bu gün gecə qala bilərəm? — Marla soruşur.
Özlüyümdə hecaları sayıram: beş, yeddi, yenə də beş.
İlanın təbəssümü,
Pələngin gülərüz baxışı:
Yalan — pislik mənbəyi.
Marla deyir:
— O nədir bişirirsən?
Mən Conun Qaynama Nöqtəsiyəm.
Sürüş burdan, sadəcə sürüş və sual vermə. Nədi, məndən aldığın vaxt sənə
azlıq edir?
Marla qolumdan tutur və mənim yanağımdan öpmək üçün bir saniyəlik
dayanır.
— Mənə zəng elə , — yalvarır o. — Xahiş edirəm, zəng elə, biz danışmalıyıq.
Mən təkrarlayıram: hə, hə, hə, hə, hə.
Marla evdən çıxan kimi Tayler qayıdır.
Sehrbazlıq kimi. Mənim valideynlərim də belə sehrbazlığı bacarırdı. Onlar
bunu gündə beş dəfə məşq edirdi.
Mən yağı əridirəm, bu vaxt Tayler soyuducuda yeri boşaldır. Buxar burumları
hər yeri tutur və mətbəxin tavanından su damcılayır. Soyuducunun arxa divarında
qırx voltluq lampa yanır. Onun işığı boş ketçub və marinad bankaları sırasından
güclə sızır. Ancaq Taylerin profilini aydın sürətdə sezmək üçün bu da mənə bəs
edir.
Ərit və qatı götür. Yağı yuxarısı kəsik boş süd karton qutularına tök.
Tayler stulu açıq soyuducunun yanına itələyib yağın necə donmasını müşahidə
edir.
Mən soyuducunun qarşısında Taylerin yanında diz üstə dayanıram və Tayler
mənə ovcumdakı xətləri göstərir. Ömür xətti. Məhəbbət xətti. Venera qabarığı,
Mars qabarığı. Bizim ətrafımızda — soyuq duman, bizim üzümüz tutqun işıqla
işıqlanır.
— Mənə daha bir qulluq göstər, — xahiş edir Tayler.
— Sən Marlanı nəzərdə tutursan, elə deyil?
— Onun haqqında mənə heç danışmağa cürət etmə. Onun yanında mənim
arxamca danışmağa da cürət etmə. Söz verirsən? — Tayler təkid edir.
— Söz verirəm.
— Əgər onun yanında məni xatırlasan, onda bir də məni heç vaxt
görməyəcəksən.
— Söz verirəm.
— Söz verirsən?
— Söz verirəm.
Tayler deyir:
— Yadda saxla, sən üç dəfə mənə söz vermisən.
Soyuducuda yağın üzünə hansısa qatı və şəffaf maye qatı yığılır.
— Yağ, — deyirəm mən, — bölünür.
— Hər şey doğrudur, — Tayler qeyd edir. — Bu qliserindir. Sabun istehsalında
onu bərk yağla qarışdırırlar. Biz isə onu götürürük.
Tayler dodaqlarını yalayır və mənim əlimi ovcum aşağı riflənmiş rezindən olan
xalatın ətəyi ilə örtülmüş dizinin üstünə qoyur.
— Əgər qliserini nitrat turşusu ilə qarışdırsan, nitroqliserin alınır, — deyir
Tayler.
Mən dərindən nəfəs alıb «nitroqliserin» sözünü təkrarlayıram.
Tayler bir dəfə də dodağını yalayıb və nəm ağzı ilə ovcumun arxa tərəfini öpür.
— Əgər nitroqliserini natriumlu şora və taxta kəpəyi ilə qarışdırsan, dinamit
alınar, — deyir Tayler.
Onun öpüşünün nəm izi mənim ağ əlimdə parıldayır.
Dinamit, — təkrarlayıram mən və çömbəlib otururam.
Tayler qələvi kanistrinin qapağını açır.
— Onunla körpüləri partlatmaq olar, — əlavə edir Tayler.
— Əgər nitroqliserini parafin və əlavə nitrat turşusu miqdarı ilə qatışdırsaq,
plastik alınacaq, — deyir Tayler. — Onunla hətta göydələni də partlatmaq olar.
Tayler qələvi olan kanistri əlimdəki öpüşün nəm izinin üstündən qaldırır.
— Bu kimyəvi yanıqdır, — Tayler izah edir. — Bu vaxta qədər bildiklərinin
hamısından ağrılıdır. Eyni zamanda minlərlə siqaretdən ağrılıdır.
Əlimdəki öpüş parıldayır.
— Çapıq həmişəlik qalır, — xəbərdarlıq edir Tayler.
— Əgər səndə kifayət qədər sabun olsa, bütün yer kürəsini partlada
bilərsən, — deyir Tayler. — İndi isə mənə nə söz verdiyini yadında saxla.
Tayler qələvini kanistrdən boşaldır.
|