Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə6/11
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

12
Mənim müdirim masamın lap yaxınlığında dayanıb, nazik dodaqlar istehzalı gülüşlə
yayılır, miyamçası mənim dirsəyimin hündürlüyündədir. Mən gözlərimi masadan,
məhsulun geri çağırılması ilə bağlı xəbərdarlıq məktubundan ayırıram. Bütün bu
məktublar həmişə eyni başlayır:
— Avtomobil nəqliyyatının Milli təhlükəsizlik normativlərində ifadə edilmiş
tələblərə uyğun olaraq tərtib edilib. Biz qüsurun mövcudluğunu müəyyən etmişik...
Bu həftə mən növbəti hadisəyə həmişəki formulu tətbiq etmişəm, bu dəfə A
vurulur B vurulur C məhsulun yenidən işlənilməsi üçün geri çağırılmasının
qiymətindən baha oldu.
Bu həftə söhbət cəmi-cümlətanı dalandardakı rezin zolağı saxlayan plastik
sıxacdan gedir. Yaramaz detal. Qüsur cəmi iki yüz avtomobilə aiddir. Yenidən əyər-
əskiyin düzəldilməsi xərcləri sıfra bərabərdir.
Ötən həftə mən daha böyük tipik halla rastlaşdım. Ötən həftə söhbət istifadəsi
dərilərin hazırlanmasında qadağan olunan, ancaq hardasa Üçüncü Dünya
Ölkələrində istifadə edilən terragen, sintetik nirretol, yaxud buna bənzər tamamilə
qadağan olunmuş xassələrlə işlənilmiş dəridən gedirdi. Güclü şeydir, reaktiv izləri
var, hamilə qadının bir dəfə toxunması ilə dölün eybəcərləşməsinə səbəb ola bilər.
Ancaq ötən həftə Nəqliyyat Departamentinə zəng etmək üçün səbəb yox idi. Heç
kim məhsulu geri çağırmağa hazırlaşmırdı.
İşlərin qiymətinə vurulmuş, təşkilati xərclərə vurulmuş yeni üzün qiyməti bizim
şirkətin ilk rübdəki gəlirindən çox olardı. Hətta kimsə bizim xətamızı aşkarlasa, biz
xərclər altı min yeddi yüz avtomobilin salonunda dəri üzün dəyişdirilməsinin
qiymətinə çatana qədər dərddən əzab çəkən xeyli ailəyə ödəniş edə bilərik.

Ancaq bu həftə biz avtomobilləri geri çağırmaq qərarına gəldik. Bu həftə
mənim yuxusuzluğum qayıtdı. Yuxusuzluq qayıtdı və mənə elə gəlir ki, bütün
dünya içinə tüpürmək üçün mənim qəbrimin yanında dayanır.
Mənim müdirim boz qalstuk taxıb, deməli, bu gün çərşənbə axşamıdır.
Mənim müdirim kağız parçası gətirib və mənim nə isə itirib-itirmədiyimi
soruşur. Bu vərəqi kimsə surətçıxaran maşında unudub deyir o və oxumağa
başlayır:
— Döyüşçü klubunun birinci qaydasında deyilir: döyüşçü klubu barədə heç
kimə danışmamaq.
O nəzərlərini sətirlərdə gəzdirir və irişir:
— Döyüşçü klubunun ikinci qaydası: heç vaxt heç kimə döyüşçü klubu barədə
danışmamaq.
Taylerin sözlərinin müdirimin dodaqlarından necə qopduğunu eşidirəm.
Mənim Cənab Müdirimin, böyük iş təcrübəsi olan orta yaşlı subyektin. O, ailə
şəklini iş masasında saxlayır və qışı hardasa Arizona səhralarındakı treyler parkında
keçirmək üçün təqaüdə tez çıxmaq istəyir. Köynəyinin qolunu xışıldayana qədər
kraxmallayan və hər çərşənbə axşamı nahardan sonra bərbər yanına gedən
müdirim mənə baxır və deyir:
— Güman edirəm bunu sən yazmamısan.
Mən — Conun Qanla Dolmuş Gözləriyəm.
Tayler məndən klubun qaydalarını çap edib on nüsxə çıxarmağı xahiş etmişdi.
Səkkiz yox, doqquz yox, — dəqiqləşdirdi Tayler, — on. Yenə də yuxusuzluq qayıtdı:
sonuncu dəfə mən üç gecə əvvəl yatmışam. Bu yəqin ki, orijinaldır. Mən on nüsxə
hazırlamışam və orijinalı yaddan çıxarmışam. Surətçıxaran maşının parıltısı
paparatsi kimi gözümə düşür. Yuxusuzluq ətrafda hər şeyi çox uzaq edir: öz
növbəsində surətdən çıxarılmış surətdən çıxarılan surət. Sən heç nəyə toxuna
bilmirsən, sənə də heç nə toxuna bilmir.
Mənim müdirim oxuyur:
— Döyüşçü klubunun üçüncü qaydası: döyüşdə yalnız iki nəfər iştirak edir.
Biz ikimiz də elə görkəm alırıq ki, güya heç nə baş vermir.
— Bir axşama bir döyüşdən artıq olmaz.
Mən artıq üç gecə idi yatmırdım. Mümkündür ki, indi yatıram. Müdirim kağız
parçasını burnumun qabağında silkələyir. — Bu nə deməkdir, — o soruşur. —
Şirkətin hesabına əyləncə? Mənə hərbi oyunlarda iştiraka görə deyil, işə görə pul
verilir. Heç kim mənə şəxsi məqsədlər üçün surətçıxaran maşından istifadə etməyə
icazə verməyib.
Bunların hamısı nə deməkdir? — O, kağız parçasını burnumun qabağında
əsdirir. — Səncə, — soruşur o, — iş vaxtını uydurulmuş dünyadakı həyatına sərf
edən adamla nə etmək lazımdır? Mən onun yerində olsaydım, nə edərdim?
Mən nə edərdim?

Yanağımdakı deşik, gözlərimin altında göy-qara qançırlar və Taylerin
öpüşündən şişən qırmızı çapıq. Öz növbəsində surətdən çıxarılmış surətdən
çıxarılan surət.
Mənasız düşüncə.
Niyə Tayler döyüşçü klubunun qaydalarının məhz on surətini istəyir?
Hindistandakı inəklər.
Başlanqıc üçün, deyirəm mən, bu vərəq barədə kimə gəldi car çəkməzdim.
— Elə təsəvvür var ki, — deyirəm mən, — bu mətni çox təhlükəli psixopat-
qatil yazıb və bu azğın şizofreniyalı iş gününün istənilən anında coşub
yarımavtomat, sıxılmış qazla təkrar doldurulan «armalit AR180» karabini ilə ora-
bura qaça bilər.
Müdirim sakitcə mənə baxır.
— Bu oğlan, — deyirəm mən, — yəqin ki, gecələr öz evində əziyyətlə bu
karabin üçün nadfilin köməkliyi ilə xaçvari güllə düzəldir, sonra da günlərin birində
işə gəlir və bu gülləni özünün bəhanəçi, bacarıqsız, xırdaçı, zəhlətökən, qorxaq və
boşboğaz müdirinə yeridir. Güllə bədənə girəndən sonra onun mişarlanan yerləri
gül gönçəsi kimi açılır və kürəyindəki yumruq boyda deşikdən onun bir topa
iylənmiş bağırsaqlarını bayıra atır. Təsəvvür edin, sizin rapidlə çıxarılan sosis
topasına oxşayan nazik bağırsaqlarınızın püskürməsində qarın çakralarınız necə
açılır.
Mənim müdirim artıq kağız parçasını burnumun qabağında yelləmir.
— Yenə nəsə oxuyun, — deyirəm mən.
— Yox, ciddi, deyirəm mən, çox maraqlıdır. Dərhal görünür — bunu başdan
xarab yazıb.
Mən gülümsəyirəm. Yanağımdakı anus kimi balaca deşiyin qırağı itin diş
damağı kimi göy-qara rəngdədir. Gözlərimin altındakı qançırın dərisi dartılıb, sanki
ona lak vurublar.
Müdirim sakitcə mənə baxır.
— Gəl, sizə kömək edim, — deyirəm mən.
Döyüşçü klubunun dördüncü qaydası, deyirəm mən, bir axşama bir döyüşdən
artıq olmaz.
Müdirim əvvəl vərəqə, sonra mənə baxır.
Mən deyirəm: döyüşçü klubunun beşinci qaydası — döyüşçülər ayaqqabısız və
qurşağa qədər çılpaq döyüşür.
Müdirim əvvəl vərəqə, sonra mənə baxır.
Mümkündür ki, deyirəm mən, bu ağıldan kəm sarsaq «iql apaş» karabini
götürəcək, çünki cəmi on fut çəkidə onun darağına otuz güllə yerləşir. «Armalit»in
darağı cəmi beş patronluqdur. Daraqda otuz patronla hansısa ağlı çaşmış yaramaz
konfrans-zalda qırmızı ağacdan olan masada oturan bütün vitse-prezidentləri
güllələyə bilər, hər müdirə də bir güllə qalar.
Taylerin sözləri dodaqlarımdan qopur. Axı, mən nə vaxtsa yaxşı oğlan idim.

Müdirimin düz gözlərinə baxıram. Onun gözləri tünd-mavidir.
Yarıavtomatik «J&R 68» karabini də on gülləli maqazinlə təchiz edilir, ancaq
çəkisi cəmi yeddi funtdur.
Müdirim sakitcə mənə baxır.
— Düşünmək dəhşətlidir, — deyirəm mən. Bəlkə də siz bu adamı uzun illər
tanımısınız. Bəlkə də o sizin haqqınızda hər şeyi bilir: harda yaşayırsınız, arvadınız
harda işləyir, uşaqlarınız hansı məktəbə gedir.
Bu söhbətdən yoruldum, mənə darıxdırıcıdır.
Döyüşçü klubunun qaydalarının on surəti Taylerin nəyinə lazım idi, axı?
Əsas odur ki — ona salonun dəri üzü barədə hər şeyi bildiyimi deməyim. Tam
normal görünən, ancaq iki mil yürüşdən sonra sıradan çıxan sürət ötürücüsü
barədə də deməyim.
Bundan əlavə, mən bardaçokda kartları yandıracaq dərəcəyə qədər qızan
havanı kondisiyalaşdırma sisteminin termostatı, yanacaq injektorundakı səhv
ucbatından nə qədər adamın öldüyü barədə də hər şeyi bilirəm. Axı, mən
doldurulan turbinlərin partlaması və onların pərlərinin yanğın əleyhinə ayırmaları
dəlib keçib sərnişin salonuna uçub girməsi nəticəsində dizdən aşağı ayağı kəsilmiş
adamlar görmüşəm. Mən qəza yerlərinə gedib tamamilə yanmış maşınları görüb
və «QƏZANIN SƏBƏBİ» qrafasında «NAMƏLUM» yazılmış baxış protokollarını
imzalayırdım.
— Yox, — deyirəm mən, — bu mənim vərəqim deyil. Mən vərəqi iki
barmağımla tutub onun əlindən dartıb çıxarıram. Deyəsən, kağızın qırağı müdirin
barmağını kəsib, çünki o gözlərini bərəldib barmağını ağzına soxub sorur. Mən
kağızı büküb masamın yanındakı zibil qutusuna atıram.
Bəlkə, məni hər tərəfdən yığdığınız zir-zibilə görə narahat etməyəsiniz?
Bazar günü axşam mən «Kişi qalaq» qrupuna yollanıram, ancaq Müqəddəs
Troitsa yepiskopal kilsəsinin zirzəmisi, demək olar ki, boşdur. Ancaq Böyük Bob və
mən. Mənim bədənimin hər əzələsi göynəyir, ancaq ürək döyünür və fikirlər
qasırğa kimi başımda fırlanır. Bunun hamısı yuxusuzluqdur. Bütün gecəni
dayanmadan düşünürsən.
Bütün gecəni düşünürsən: yatmışam, ya yox? Yatırdım, ya yox?
Mənim bütün məyusluğuma o da əlavə olunur ki, Bob son dövrlərdə nə isə
bərkiyib və onun əlindəki bisepslər dolub. Böyük Bob gülümsəyir, o məni
gördüyünə şad olur.
O elə fikirləşib ki, mən ölmüşəm.
— Aha, — deyirəm mən, — mən də elə bilirdim sən ölmüsən.
— Mən də, — deyir Böyük Bob, — yaxşı xəbərlər var.
— Bəs hamı hara yoxa çıxıb?
— Yaxşı xəbər elə budur, — deyir Böyük Bob. — Qrup buraxılıb. Mən bura hər
ehtimala qarşı gəlmişəm, bunu bilməyənlərə demək üçün.

Mən gözlərimi yumub kasıblar üçün nəzərdə tutulmuş dükandan alınan
taxtlardan birinin üstünə yıxılıram.
— Yaxşı xəbərlərdir, — Böyük Bob dəqiqləşdirir, — onun əvəzinə başqa bir
qrup yaranıb, onun da birinci qaydası odur ki, onun haqqında heç kimə
deməyəsən.
İlahi!
Böyük Bob davam edir:
— İkinci qaydası isə — onun haqqında heç kimə deməyəsən.
Lənət şeytana! Gözlərimi açıram.
— Sənin ananı!
— Bu qrupun adı döyüşçü klubudur, — deyir Böyük Bob, — o cümə günləri
axşam şəhərin o başındakı nəzarətsiz qarajda toplaşır. Cümə axşamları axşam isə
qonşuluqdakı digər qarajda daha bir qrup toplaşır.
Bu yerlər mənə tanış deyil.
— Döyüşçü klubunun birinci qaydası, — deyir Böyük Bob, — döyüşçü klubu
barədə heç kimə danışmamaq.
Çərşənbə axşamı, cümə axşamı və cümə günləri Tayler kinomexanik işləyir.
Onun ötən həftə üçün ödəniş cədvəlini görmüşəm.
— Döyüşçü klubunun ikinci qaydası isə, — deyir Böyük Bob, — döyüşçü klubu
barədə heç kimə danışmamaq.
Şənbə günləri axşamlar Tayler mənimlə döyüşçü klubuna gedir.
— Döyüşdə yalnız iki nəfər iştirak edir.
Bazar günləri səhərlər biz döyüşdən sonra evdə yorğunluğumuzu alırıq.
— Bir axşama bir döyüşdən artıq olmaz, — deyir Böyük Bob.
Bazar günü və bazar ertəsi axşam Tayler ofisiant işləyir.
— Döyüşçülər ayaqqabısız və qurşağa qədər çılpaq döyüşür.
Çərşənbə axşamı axşam Tayler evdə sabun bişirir, qablaşdırır və sifarişçilərə
göndərir. «Kağız küçəsində Sabunbişirmə Zavodu».
— Döyüş lazım olan qədər davam edir, — deyir Böyük Bob. — Bu qaydaları
döyüşçü klubunu fikirləşib tapan oğlan icad edib.
— Sən onu tanıyırsan? — Böyük Bob soruşur.
— Mən özüm onu heç vaxt görməmişəm, — deyir Böyük Bob, — ancaq,
deyəsən, onun adı Tayler Derdendir.
«Kağız küçəsində Sabunbişirmə Zavodu».
Mən onu tanıyırammı?
— Necə deyim, — deyirəm mən. Mümkündür.

13
Mən «Regent» otelinə çatanda Marla hamam xalatında məni qarşılayır. Marla
işimə zəng edib soruşdu ki, mən iltifat edib trenajor zalını, kitabxana, yaxud
çamaşırxana, yaxud bu gün planlaşdırdığım işi atıb, təcili onun yanına gələ
bilərəmmi.
Marla mənə nifrət etdiyinə görə zəng edib.
O, özünün kollagen fondu barədə bir kəlmə də demədi.
Beləcə Marla məndən soruşdu ki, ona bir qulluq göstərə bilərəmmi? Marla
bütün günü yataqda uzanıb. Marla çatdırılma xidmətinin onun artıq ölmüş
qonşularına çatdırdıqlarını deyir. Marla onların yatdığını deyir və sifarişləri qəbul
edir. Sözün qısası, Marla yataqda uzanıb, adətən, saat on iki-iki arasında gələn
çatdırılma xidmətini gözləyir. Marlanın artıq bir neçə ildir tibbi sığortası yoxdur,
ona görə də o özünü müayinə etməyi tərgidib, ancaq bu gün səhər o sinəsində
bərkimə aşkarlayıb, qoltuğunun altında limfa düyünləri bərk və ağrılıdır, ancaq o
sevdiklərini qorxutmamaq üçün onlardan heç birinə bunu deməyib, həkimə də
gedə bilməyib — bəlkə orda heç nə yoxdur, — ancaq o bu barədə kiməsə
danışmalı idi ki, kimsə ona baxsın.
Marlanın — heyvanda olduğu kimi qonur gözləri var, elə bil onları sobada
ağarana kimi qızdırıb soyuq suya atıblar. Buna necə deyirlər, yadımda deyil: ya
vulkanizasiya, ya qalvanizasiya, ya da bərkitmə.
Marla deyir ki, mən onu müayinə etsəm, kollageni mənə bağışlayacaq.
Mən başa düşürəm ki, o, Taylerə zəng etməyib, çünki onu qorxutmaq istəmir.
Mənə isə etinasız yanaşır.
Biz onun otağına qalxırıq və Marla mənə izah edir ki, təbiətdə qoca heyvana
rast gəlinmir, çünki onlar qocalmamış ölürlər. Əgər onlar xəstələnsə, yaxud sadəcə
ləng tərpənsələr, onları daha cavan və güclü birisi yeyir. Heyvanlar qocalmamalıdır.
Marla çarpayıya uzanır və hamam xalatının kəmərini açır. — Bizim mədəniyyət
ölümün mənasını təhrif edib, — deyir o. Qoca heyvanlar — təbiətin qanunlarının
istisnasıdır.
Bu — eybəcərlikdir.
Kollecdə oxuduğum vaxt məndə ziyilin çıxmasını danışanda Marlanı soyuq tər
basır. Özü də başqa yerdə yox, cinsi orqanımda. Mən tibb fakültəsinə getdim ki,
onu təmizləsinlər. Sonra bu barədə atama danışdım. Atam gülüb məni axmaq
adlandırdı, çünki belə ziyillər arvadların dəhşətli dərəcədə xoşuna gəlir, ona görə
də Allah məni şərəfləndirib onunla mükafatlandırıb.
Mən Marlanın soyuq dərisini qarış-qarış əlləməklə, soyuq bədənini
barmaqlarımın arasında sıxmaqla onun çarpayısının yanında dizi üstə dayanmışam.

Marla isə mənə deyir ki, arvadların dəhşətli dərəcədə xoşuna gəldiyi o ziyillər
uşaqlıq borusu xərçəngi yaradır.
Budur, mən tibb fakültəsinin baxış otağında birdəfəlik salfetin üstündə
oturmuşam və bir tələbə maye azotu mənim cinsi orqanımın üstünə tökür, onun
səkkiz tələbə yoldaşı isə bunu müşahidə edir. Tibbi sığorta olmayanda gör hara
gəlib çıxırsan. Ancaq onlar «cinsi orqan» demir, onlar onu penis adlandırır, ancaq
necə deyir desin, onun üstünə maye azot tökürlər, bu qələvi kimi ağrılıdır.
Marla barmaqlarımın dayandığını hiss edənə qədər mənimlə birlikdə gülür.
Sanki nəsə tapıblar.
Marla nəfəsini kəsir və onun qarnı baraban kimi tarım olur, ürək də bu
baraban kimi tarım dəriyə içəridən vurur. Ancaq mən buna görə dayanmadım, ona
görə dayandım ki, boşboğazlıq edirdim. Bir anlıq hiss etdim ki, nə mən, nə də
Marla otaqda yoxuq. Biz tibb fakültəsinə düşdük, uzaq keçmişdə, yapışqan kağızın
üstündə oturmuşduq və mənim cinsi orqanım maye azotdan yanırdı, tələbələrdən
biri mənim yalın ayağımı görüb iki tullanışa otağı tərk etdi. O, üç əsl həkimlə
qayıtdı, həkimlər əlində maye azot olan oğlanı məndən kənara itələdilər.
Əsl həkimlərdən biri mənim yalın sağ ayağımı qapıb onu o biri iki həkimin
burnunun altına soxdu. Hər üçü onu əzdi, barmaqları ilə sıxdı və «polaroid»lə
şəklini çəkdi. Onlar özlərini elə aparırdı ki, sanki yarıçılpaq, yarıdonmuş mənim
digər yerlərim mövcud deyildi. Ancaq bu ayağım mövcud idi, bütün tələbə-
həkimlər isə ona yaxşı baxmaq üçün dairəyə toplaşmışdı.
— Nə vaxtdan, — soruşdu həkim, — bu qırmızı ləkə ayağınızdadır?
Həkim mənim xalımı nəzərdə tuturdu. Mənim sağ ayağımın (atam zarafat
etdiyi kimi) sağında balaca Yeni Zenlandiya olan tünd-qırmızı Avstraliya formasında
xalım var. Onlara məhz bunu dedim və hamının birdən kefi açıldı. Mənim cinsi
orqanımın yavaş-yavaş donu açılırdı. Əlində maye azot olan tələbədən başqa hamı
getdi, o da gedərdi, çünki gözlərimə baxmağa utanırdı. Ancaq o qaldı, cinsi
orqanımı başından tutub özünə tərəf çəkdi, sonra nazik şırnaqlı maye azotu qalan
ziyilin üstünə tökdü. Elə ağrıdır ki, elə bil cinsi orqanının bir neçə yüz mil
uzunluğunda olduğunu və ağrının onun ucunda olduğunu təsəvvür etsən, bu yenə
də dəhşətli olacaq.
Marla əlimə və Taylerin öpüşünün izinə baxır.
Mən tələbə-həkimə dedim ki, yəqin onun rastına xal nadir hallarda çıxır.
— Məsələ bunda deyil, — deyir tələbə. Hamı elə fikirləşdi ki, bu xal yox,
xərçəngdir. İndi xərçəngin belə yeni növü var, əsasən gənclərdə olur. Bir gün ayılıb
topuğunda, yaxud pəncəndə qırmızı ləkə görürsən. Ləkə gündən günə böyüyür,
səni başdan ayağa qədər bürüyür və sən ölürsən.
Tələbə mənə izah etdi ki, hamı çox həyəcanlandı, çünki məndə də o xərçəngin
olduğunu düşündülər. O, hələ nadir hallarda rast gəlinir, ancaq getdikcə geniş
yayılır.
Bu elə çoxdan idi ki.

Xərçəng — o elədir, izah edir Marla. Səhvlər olur, ancaq sənin, Allah uzaq
eləsin, harandasa nəsə qaydasında deyilsə, qalan şeyləri unutmaq olmaz.
Allah uzaq eləsin, — deyir Marla.
Əlində azot olan tələbə işini qurtardı, o dedi ki, ziyilin qalan hissəsi özü bir
neçə gündən sonra düşəcək. Mənim dalımın yanında yapışqan kağızda yalın
pəncəmin heç kimə lazım olmayan şəkli atılıb qalmışdı. Soruşdum ki, şəkli götürə
bilərəmmi?
O, indiyə qədər mənim otağımda, güzgünün küncündə çərçivədə asılıb. Mən
hər səhər güzgünün qabağında saçlarımı darayıram, işə hazırlaşıram və düşünürəm
ki, nə vaxtsa düz on dəqiqə məndə xərçəng olub — bəlkə xərçəngdən daha pis bir
şey.
Marlaya deyirəm ki, bu Şükranlıq Günü biz ilk dəfə olaraq babamla buz
meydançasına sürüşməyə getmədik, baxmayaraq ki, buz altı düym qalınlığında idi.
Mənim nənəm həmişə alnına və əllərinə balaca plastır yapışdırırdı, çünki onun
fikrincə, orda ömrü boyu olan xalları pis görsənirdi. Plastrın kənarları qopurdu və
xallar qəribə rənglərə, məsələn, mavi rəngə boyanırdı.
Nənəm sonuncu dəfə xəstəxanaya gedəndə babam onun çamadanını aparırdı
və yana əyildiyindən şikayətlənirdi — çamadan o qədər ağır idi. Mənim
frankkanadalı nənəm elə utancaq idi ki, kənar adamların yanında çimərlik
paltarında görsənmirdi, ayaqyoluna gedəndə isə vanna otağında su kranını açırdı
ki, heç kim heç bir səs eşitməsin. Cüzi mastektomiyadan sonra Lurd Məryəm Ana
xəstəxanasından çıxanda o dedi:
— Sən yana əyilmişdin?
Mənim babam üçün bu həyatın yekunu kimi idi: nənəm, xərçəng, onların
evliliyi, bütün ömür. O, hər dəfə bu tarixçəni danışanda gülür.
Marla gülmür. Mən istəyirəm ki, o gülsün, əhvalı qalxsın. Mən istəyirəm ki,
Marla məni kollagenə görə bağışlasın və ona heç nə tapmadığımı deyirəm. Əgər
səhər onun xəyalına nəsə gəlibsə, bu səhvdir. Xal əhvalatında olduğu kimi.
Marlanın ovcunun arxa tərəfində — Taylerin öpüşünün izi var.
Mən istəyirəm ki, Marla gülsün, ona görə ona sonuncu dəfə Kloini
qucaqladığımı danışmıram — keçəl Kloi, sarı muma batmış, keçəl başına ipək yaylıq
dolayan skelet. Mən Kloini o həmişəlik yoxa çıxmamışdan əvvəl sonuncu dəfə
qucaqladım. Mən ona göyərçinə oxşadığını dedim və Kloi bərkdən güldü.
Çimərlikdə mən həmişə sağ ayağımı altımda gizlədib, yaxud onu quma basdırıb
otururam. Avstraliya ilə Yeni Zenlandiyanı basdırıram. Qorxuram ki, insanlar
mənim ayağımı görər və mən yenidən onların düşüncəsində ölməyə başlayaram.
Məndə olmayan xərçəng yayılmağa başlayacaq. Mən bu barədə Marlaya
danışmadım.
Biz sevdiklərimiz barədə, demək olar ki, heç nə bilmək istəmirik.
Marlanın gülməsi, onun əhvalının qalxması üçün mən ona «Əziz
Ebbi»dəki
21
dəfn bürosunun imkanlı sahibinə ərə gedən qadın barədə danışdım.

Əri ona toy gecəsi dərisinin buzlu olması üçün buz vannası qəbul etməyi və cinsi
akt zamanı tərpənməməyi xahiş edib.
Qadının bunu təkcə toy gecəsi deyil, qarşıdakı on illik birgə həyatları ərzində
etməsi məzəlidir, indi isə o «Əziz Ebbi»yə yazır və onlardan məsləhət istəyir.
14
Əgər insanlar sənin tezliklə öləcəyini düşünürsə, onlar sənə diqqətlə qulaq asmağa
başlayır. Bax, buna görə mən dəstək qruplarını sevirdim.
Əgər insanlar səni sonuncu dəfə gördüyünü düşünürsə, onlar həqiqətən də
sənə baxmağa başlayır. Əks halda onlar səninlə bankla aralarında olan problemləri,
radioda səslənən mahnı barədə danışır, ya da sən danışdığın vaxt saçını düzəldir.
İndi isə onların bütün diqqəti sənə məxsusdur.
Onlar dinləməyə başlayır, buna qədər isə sadəcə danışmaq növbələrini
gözləyirdi.
Hətta danışmağa başlayanda da özləri barədə heç nə demirlər. Onlar səninlə
danışır və bu söhbətdən sonra siz ikiniz də özünüzü bir qədər fərqli hiss edirsiniz.
Marla dəstək qruplarına ilk dəfə sinəsində bərkimə hiss edəndə getməyə
başlayıb.
Biz onda ikinci bərkimə tapdığımız günün səhəri isə o iki ayağanı kolqotkanın
bir yarısına salıb mətbəxə gəldi və dedi:
— Bax, — doğrudan da mən su pərisinə oxşayıram?
O həm də dedi:
— Olur bəzən, oğlanlar yellənçəyin üstündə oturub özlərini elə göstərirlər ki,
güya motosikletdə gedirlər. Ancaq onlar özlərini göstərir. Məndə isə bu tam
təsadüfən alındı.
Marla birinci bərkiməni biz «Kişi qalaq»da rastlaşanda aşkar edib, indi isə
budur, ikinci də yaranıb.
Marlanın indiyə qədər sağ qaldığını demək kifayətdir. Marlanın fəlsəfəsi hər
an ölmək imkanının özündən ibarətdir. Faciə ondadır ki, deyir o, bu baş vermir.
Marla ilk bərkiməni hiss edəndə o, uyuq kimi geyinmiş əzabkeş analar
qucaqlarında arıq, solğun uşaqlarla qəbul otağının üç divarı boyunca plastik
kreslolarda oturduqları klinikaya getdi. Uşaqların gözlərinin altında qara dairələr
var idi, ümumiyyətlə, onlar xarab olmuş portağal, ya da bananlara oxşayırdılar.

Anaları onların saçlarından orqanizmin nəzarətindən çıxmış maya göbələklərinin
yaratdığı kəpək qabıqlarını darayıb təmizləyirdi. Uşaqların zəif damaqlarından
dişlər çıxırdı, onları görəndə ağla gələn ilk şey o idi ki, insan dişləri — sadəcə olaraq
ağıza düşən yeməyi xıradalamaq üçün bayıra çıxan sümük parçalarıdır.
Tibbi sığorta olmayanda hər şeyin axırı belə olur. Hələ heç kim heç nə
bilməyəndə, bir çox mavi oğlanlar qadınlardan özlərinə uşaq doğmasını istəyib,
indi isə uşaqlar xəstədır, onların anaları ölür, ataları isə artıq ölüb. İndi isə qusmaq,
sidik və sirkə iyi ilə iylənmiş qəbul otağında oturub tibb bacısının hər ananı onun
nə vaxtdan xəstə olduğunu, xəstəlik başlayandan nə qədər çəki itirdiyini, uşaqların
qohum, ya qəyyumlarının olduğunu soruşanda Marla qərar verir: yox, yox və yox.
Əgər o öləsidirsə, bunu bilməsə yaxşıdır.
Marla xəstəxananın tinindəkı avtomat-çamaşırxanaya göz gəzdirib ordakı
quruducudan bütün cinsləri oğurladı, sonra möhtəkirin yanına gedib cütünü on
beş dollara satdı. Sonra Marla gedib özünə bir cüt əla, heç vaxt süzülməyəcək
kolqotka aldı.
— Hətta bahalı, süzülməyən kolqotkalarda da bir çox halda dartılıb uzanma
olur, — deyir Marla.
Bu dünyada əbədi heç nə yoxdur. Hər şey yavaş-yavaş dağılır.
Marla dəstək qruplarına getməyə başladı, çünki dünyada yeganə dal əskisi
olmadığını anlayanda — adam rahat olur. Hamıda nəsə qaydasında deyil. Bir
müddət onun hətta ürəyi də sakit vurmağa başladı.
Marla meyitxanada işləməyə başladı, ona dəfn pulunu əvvəlcədən verən
müştərilərlə işləməyi tapşırdılar. Adətən hansısa kök kişi, — bir çox halda isə kök
qadın, — nümayiş zalından kül üçün, bişmiş yumurta üçün qədəh boyda urna ilə
çıxanda foyedəki masanın arxasından qara saçları kürəyinə tökülmüş, kolqotkaları
çəkilib dartılmış, sinəsi sıxılıb qabarmış və başının üstündə Damokl qılıncı olan
Marla onlara bunu demək məcburiyyətindədir:
— Madam, özünüzə təskinlik verməyin! Bu qaba hətta sizin başınızın külü
yerləşməz. Gedin və boulinq topu boyda urna gətirin.
Marlanın ürəyi təxminən mənim sifətim kimi idi. Bu dünyadakı bütün zibil və
çirk kimi. Heç kimin, hətta təkrar xammal kimi istifadə etmək istəmədiyi dal üçün
istifadə edilmiş silgi.
Morqdakı işi və dəstək qruplarına baş çəkmə arasında, danışır Marla, o
ölülərlə ünsiyyət saxlayırdı. Ölülər ona gecələr o dünyadan zəng edirdi. Bəzən
barda barmen Marlanı telefona çağırır, o dəstəyi götürür, orda isə — ölü sükut.
Bəzən ona elə gəlirdi ki, bu elə — nöqtəyə çatmaqdır.
— Sənin iyirmi dörd yaşın olanda, — deyir Marla, sən hara qədər yuvarlana
biləcəyini təsəvvür etmirsən, ancaq mən həmişə hər şeyi tez öyrənirdim.
Birinci dəfə Marla urnanı küllə dolduranda maska geyinməyi unudub. Urna ilə
işini bitirəndən sonra Marla fınxıranda əl yaylığında insan külünün qara izləri qalıb.

Əgər Kağız küçəsində telefon cəmi bir dəfə zəng çalır və sonra da dəstəkdə
sükutdursa, deməli, ölülərdən kimsə Marlaya zəng edib. Bu təsəvvür etdiyimizdən
də tez-tez baş verirdi.
Kağız küçəsindəki evə mənim kondominatımdakı evdəki partlayışı araşdıran
detektivlərdən zənglər gəlməyə başladı. Telefon dəstəyini bir qulağıma tutduğum
vaxt Tayler yanımda dayanıb o biri qulağıma pıçıldayırdı. Müstəntiq məndən
soruşurdu ki, mən kustar üsulla dinamit düzəltmək imkanında olan adam
tanıyırammı.
— Zorakılıq aktları — faciə və süqut istiqamətində, — pıçıldayır
Tayler, — mənim inkişafımın təbii hissəsidir.
Mən müstəntiqə izah edirəm ki, məncə, kondominatda partlayış soyuducudakı
nasazlıq səbəbindən olub.
— Mən fiziki hakimiyyət ehtirası və şəxsi instinktə son qoymuşam. — pıçıldayır
Tayler, — çünki yalnız özünüməhvdən ruh üzərində hakimiyyətə gəlmək olar.
Detektiv dedi ki, dinamitdə qatqılar var idi — oksalat turşulu ammonium və
natrium perxloratı — bu isə o deməkdir ki, partlayıcı maddə kustar üsulla, ev
şəraitində hazırlanıb və giriş qapısında siyirmə mişarla kəsilib.
Mən dedim ki, həmin gecə Vaşinqtonda, Kolumbiya dairəsində olmuşam.
Detektiv telefonda izah etdi ki, kimsə maye freonu açar yerinə səpip, sonra
silindri qırmaq üçün dəmiryonan açarı ora salıb. Bu üsulla oğrular, adətən,
velosipedlərin kilidini açır.
— Mənim mülkiyyətimi dağıdan xilaskar, — deyir Tayler, — mənim ruhumu
xilas etmək üçün mübarizə aparıb. Müəllim mənim xilasım üçün bütün fikirlərimi
paylaşdırıb.
Detektiv dedi ki, əldəqayırma dinamiti hazırlayan partlayışdan xeyli əvvəl qazı
qoşub və sobada növbətçi alovu alışdıra bilərdi. Qaz yalnız tətik rolunu oynaya
bilərdi. Qığılcım soyuducunun kompressorunun elektrik mühərrikinin şotkasına
düşənə qədər günü-gündən kondominatı doldurub.
— Ona de, — pıçıldayır Tayler. — Bəli, bunu mən etmişəm. Partlayışı mən
təşkil etmişəm. Axı, onun eşitmək istədiyi budur.
“Yox”, deyirəm mən detektivə, şəhərdən getməmişdən əvvəl mən qazı
açmamışam. Mənim həyatım xoşuma gəlirdi. Mənim mənzilim xoşuma gəlirdi.
Mənim mebelim xoşuma gəlirdi. Hamısı — çıraqlar, kreslolar, xalçalar — mən
bununla yaşayırdım. Bu mənim özüm idim. Servantdakı qablar mənim bir hissəm
idi. Ev bitkiləri mənim hissəm idi. Televizor mənim hissəm idi. Məni partlatmaq
istəyirdilər. Doğrudan, siz başa düşmürsünüz?
Müstəntiq məndən şəhəri tərk etməməyi xahiş etdi.
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə