Qadın paltarının hazırlanması
Qadın paltarları aşağıdakı ardıcıllıqla hazırlanır. 1. Biçilmiş hissələrin yoxlanılması. 2.
Simmetrik hissələrdə xətlərin bir hissədən digərinə keçirilməsi. 3. Hissələrin kənar kəsiklərinin
hazırlanması. 4. Qabaq hissənin hazırlanması. 5. Arxa hissənin hazırlanması. 6. Qabaq və arxa hissələrin
yan və çiyin kəsiklərində birləşdirilməsi. 7. Yaxalıqların hazırlanması, yaxa yerinə birləşdirilməsi. 8.
Qolların hazırlanması, qoldibinə birləşdirilməsi. 9. Reqlan biçimli qollu paltarların hazırlanma
xüsusiyyəti. 10. Bütöv biçimli paltarın hazırlanma xüsusiyyəti. 11. Beldən kəsik paltarın hazırlanma
xüsusiyyəti. 12. Uşaq paltarının hazırlanma xüsusiyyəti. 13. Paltarın aşağı kəsiyinin hazırlanması. 14.
Paltarda son tamamlama işləri.
Paltarın biçilmiş hissələri. Qadın paltarının biçilmiş hissələri modelinin görünüşündən
asılı olaraq müxtəlif ola bilər. Beldən bütöv paltarın əsas biçilmiş hissələri aşağıdakılardır: arxa hissə - 1
(2 hissədən ibarət ola bilər); qabaq hissə - 1; qol - 2; alt yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq
- 1. Əgər paltar modelində kəmər, cib və başqa hissələr varsa, onların da biçilmiş hissələri olmalıdır.
Beldən kəsik qadın paltarının biçilmiş hissələri aşağıdakılardır: arxa hissə - 1; ön hissə - 1 (2 hissədən
ibarət ola bilər); qol - 2; ətəkliyin ön hissəsi - 1; ətəkliyin arxa hissəsi - 1 (2 hissədən ibarət ola bilər); alt
yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq - 1; kəmər - 1 və s.
Paltarda kənar kəsiklərin hazırlanması. Biçilmiş hissələrin kənar kəsiklərinin
hazırlanması xüsusi hörmələyici maşın vasitəsilə yerinə yetirilir. Bu əməliyyatlar xüsusi 51-A sinif və ya
208-A sinif maşınlarında yerinə yetirilir. Paltar qalın parçadan hazırlanarsa və ya tikişlərin arası açılaraq
ütülənəcəksə, onda birləşdirici tikiş etmədən hissələrin kənarları hörmələnməlidir. Əgər bir tərəfə
ütülənəcəksə, onda hörmələmə bitişdirici tikişdən sonra edilməlidir.