Kənar çökəkliklər isə geosinklinal əyalətlərin orogen qurşaqlara çevrildiyi zaman yaranır və inkişaf edir. Kənar çökəkliklərin çoxunda dərin tektonik yarıqlar (çatlar) müəyyən edildiyindən, belə təsəvvür etmək olar ki, kənar çökəkliklər öz inkişaf prosesində kənar tikiş zonasını örtür və beləliklə, onlar kənar tikişlərə nisbətən özünəməxsus törəmə strukturlar əmələ gətirir. Bu halda kənar tikişə geosinklinal əyalətlə platforma arasında yaranan keçid zonasının ilk, daha kobud forması kimi baxmaq olar. Kənar çökəklik isə kənar tikişin yerində inkişaf edən, keçid zonasının daha təkmilləşmiş ikinci (törəmə) formasıdır.