Feodal sinfinin ictimai inkişaf xüsusiyyətləri.
Əmtəə-pul münasibətlərinin təsiri ilə iri feodallarla – baronlarla xırda feodallar – cəngavərlər arasında hələ normandiya istilası dövründən bəri mövcud olan fərqlər XIII əsrdə daha çox dərinləşdi. İndi bu fərqlər təkcə onların torpaq mülkləri və gəlirlərinin miqdarı ilə deyil, həm də onların təsərrüfat fəaliyyətinin xarakteri və siyasi mövqeləri ilə müəyyən olunurdu.
XIII əsrdə cəngavərlər əmtəə-pul münasibətlərinə xüsusilə intensiv surətdə cəlb olunurdular. Onların mülklərində pul rentası tətbiq olunurdu. Orda-burda, artıq, muzdlu əməkdən də istifadə olunurdu. İngilis cəngavərləri, getdikcə daha çox, özünün hərbi silk xarakterini itirir və kənd sahibkarlarına çevrilirdilər. Daxili bazarın inkişafında, iri feodalların özbaşnalığı və kral vergilərinin məhdudlaşdırılmasında, dövlətin daha da mərkəzləşdirilməsində ümumi mənafe bu feodal təbəqəsini şəhərlilərlə və azad kəndlilərin yuxarı təbəqəsi ilə yaxınlaşdırırdı.
Bunun nəticəsində, Fransa və Almaniya zadəganlarından fərqli olaraq, İngiltərədə feodallar sinfi, bütövlükdə qapalı silkə çevrilmədi. Hər bir azad torpaq mülkiyyətçisi, mənşəcə kim olmasından asılı olmayaraq, müəyyən miqdarda illik gəliri (20 funt, sonralar 40 funt) olduqda cəngavər adını qəbul etməyə və zadəganların tərkibinə daxil olmağa borclu idi. Bunun əksinə, birlikdə qapalı feodal əsilzadələri qrupunu təşkil edən baronlar, habelə ali ruhanilər, hətta bazar əlaqələrinə cəl olunduqda belə, biyar istismar metodlarını davam etdirir, öz silki imtiyazlarını inadla qoruyub saxlayırdılar.
Şəhərlərin inkişafı.
XIII əsrdə ingilis şəhərlərinin iqtisadi və ictimai-siyasi rolu nəzərə çarpacaq dərəcədə artdı. Onların iqtisadi və siyasi həyatında tacirlər mühüm rol oynamağa başladılar.
Şəhərlər sərvət toplanılar iri mərkəzlərə çevrilir: ümumdövlət vergilərində onların payı getdikcə artır. Bu kral hakimiyyətini onların mənafeyi ilə, müəyyən dərəcədə, hesablaşmağa məcbur edir. Buna görə də fərmanlı (xartiyası olan) şəhərlərin sayı artır. Əgər XIII əsrin əvvəlləri üçün 80 ən iri şəhərin fərmanı (xartiyası), vardısa, XIII əsr boyu daha 113 şəhər müxtəlif imtiyazlar aldı. Şəhərlər, qəti olaraq, vahid silk halına düşür. Bu silk, adətən, kral hakimiyyətinin siyasi müttəfiqi kimi çıxış edir. Lakin dövlət vergilərinin artması şəhərlilərin güclü narazılığına səbəb oldu. Bütövlükdə iqtisadi və siyasi mənafeləri kimi, bu da şəhərlilərin mövqeyini cəngavərlər və azad kəndlilərin yuxarı təbəqəsinin mövqeyi ilə yaxınlaşdırırdı.
XIII əsrin əvvəllərindən başlayaraq şəhərlərdə ictimai ziddiyyətlər nəzərə çarpacaq dərəcədə kəskinləşir. İri şəhərlərin şəhər torpaq sahiblərindən, ən varlı tacirləri və sələmçilərindən ibarət şəhər idarəçiliyi və maliyyəsini ələ keçirmiş yuxarı təbəqəsi şəhər sənətkarlarının əsas kütləsini və xırdac tacirlərin, habelə şəhər yoxsullarını – plebey kütlələrini müxtəlif üsullarla sıxışdırır və istismar edirdilər.
XIII əsrin ikinci yarısında ingilis şəhərlərinin həyatı şəhər idarəçiliyində iştirak etmək hüququ üstündə sənətkar kütləsi ilə şəhər oliqarxiyası arasında mübarizə səhifələri ilə doludur.
Dostları ilə paylaş: |