Kənddə sinfi mübarizənin kəskinləşməsi.
Kənddə əmtəə-pul münasibətlərinin inkişafı geniş kəndli kütlələrinin vəziyyətinə, ağır təsir göstərirdi. Bazarın inkişafı ilə feodalların təlabatı da artdı. Feodalların bir hissəsi öz gəlirlərini artırmaq cəhdini biyarı artırmaq hesabına ödədilər; digərləri isə müxtəlif bəhnələrlə pul rentasını çoxaltdılar. Kəndlilər üzərinə, həmçinin feodalların icmanın istifadəsində olan torpaqların bir hissəsini ələ keçirmələri yolu ilə də hücum edilirdi.
Pul rentası keçid kəndlilərin hələ XIII əsrdən çox əvvəl başlamış olan təbəqələşməsini sürətləndirdi və dərinləşdirdi. Villanlar içərisindən ticarətdə varlanmış kiçik bir varlı yuxarı qrup ayrıldı. Bu qrupun ayrı-ayrı nümayəndələri özlərini ödənclə satın alıb azadlığa çıxmaq imkanı əldə etdilər. Artmaqda olan pul rentasını müəyyən olunmuş vaxtda ödəmək imkanı olmayan bir çox orta və xırda kəndlilər isə, əksinə, yoxsullaşdılar. Villanlar içərisində öz lordlarına və ya başqa lordlara muzdla işləməyə məcbur olan aztorpaqlı kəndlilərin – kotterlərin sayı artdı. Azad kəndlilərin təbəqələşməsi daha sürətlə getdi. Onların içərisində kəskin surətdə iki ictimai qrup nəzərə çarpırdı: bunlardan birincisi – varlı yuxarı kəndli təbəqəsi özünün ictimai vəziyyətinə görə feodallar sinfinin aşağı təbəqələrinə qovuşurdu və bu sinfin ehtiyyat mənbələrindən biri idi; digər ictimai qrup xırda friholderlərin əsas kütləsi idi. Onlar, çox vaxt,
qədər yoxsul olurdular ki, özlərinin azad kəndli hüquqlarından istifadə edə bilmirdilər. İngilis kəndlilərinin əsas kütləsinə edilən ağır zülm dövlət vergiləri artdıqca ağırlaşırdı. Həmin vergilər isə həm azad kəndlilər, həm də villanlar üzərinə qoyulurdu.
Kəndlilər istismarın şiddətlənməsinə müqavimətlə cavab verirdilər. XIII əsrdə kəndlilərin müqaviməti, əsasən, məhəlli xarakter daşıyır. Villanlar və azad kəndlilər birlikdə, tez-tez, əldə silah lordların icma torpaqlarında çəkdirdikləri çəpərləri söküb atırdılar.
Bütöv kəndlər artırılmış rentanı ödəməkdən və nifrət etdikləri əlavə biyar işlərinə getməkdən imtina edir, kral məhkəmələri vasitəsilə ədalətə çatmağa çalışırdılar; bəzən də təkcə öz lordlarına və ya onun təsərrüfat idarəsinə deyil, həm də onları itaətə məcbur etməyə çalışan kral məmurlarına da silahlı müqavimət göstərirdilər. Bütün kəndli çıxışlarında, demək olar, hər yerdə təhkimli icma formasında qalmış icmalar böyük rol oynayırdı.
XII əsrdə olduğu kimi, XIII əsrdə də villanların feodal zülmünə etirazı öz ifadəsini, həmçinin onların şəhərlərə, meşələrə qaçmasında da tapırdı. Feodalların təqibindən yaxa qurtarmağa çalışan azad kəndlilər də tez-tez bu yerlərə qaçırdılar.
Dostları ilə paylaş: |