Tsara Romınyaska (Valaxiya) və Loldaviya knyazlıqlarının yaranması.
XIV əsrin əvvəllərində Karpatdan Dunaya qədər ərazidə olan bir sıra dağınıq voyevodalıqlar Kımpulunq paytaxt olmaqla vahid dövlət halında birləşdilər. Macar salnaməsinin məlumatına görə 1324-cü ildə bu dövlətin böyük voyevodası I Basarab idi. Dövlətin özü isə Tsara Romınyaska yəni, Rumıniya ölkəsi adlanmağa başladı. Bu knyazlığın tarix ədəbiyyatında yayılmış digər adı Valaxiyadır.
Tsara Rumınyaskanın yarandığı ilk dövrdən başlayaraq onun üçün qərb qonşuları-macar feodalları təhlükə törədirdi. Ancaq Bolqarıstan və Serbiyanın köməkliyi ilə Tsara Rumınyaska macar feodallarına, xüsusilə katolik kilsəsinə qarşı dura bildi. I Basarabın oğlu Nikolaye-Aleksandrenin(1352-1364) zamanında Bolqarıstan və Serbiya ilə əlaqələr genişlənmişdi.
Moldaviya torpaqları XIV əsrin ortalarına qədər Qızıl Ordunun hakimiyyyəti altında qaldı. Sonra həmin ərazi qısa müddət Macarıstan krallığından asılı vəziyyətə düşdü. Lakin macar feodallarının Moldaviya torpaqlarını tamamilə asılı hala salmaq cəhdinə qarşı əhali yekdilliklə müqavimət göstərdi. Kəndlilər macar feodallarının zülmünə qarşı üsyana qalxdılar. Onlara boyar Bogdan başçılıq edirdi. Üsyançılar 1359-cu ildə Bayyadan macar voyevodası Balkanı qovdular və Moldaviyanı müstəqil elan etdilər. Lakin Moldaviya tam müstəqilliyini saxlaya bilmədi Bogdanın oğlu Lasku (1365-1373) Polşa kralının vassallığını və katolikliyi qəbul etməyə məcbur oldu. O, həmçinin Moldaviyanın yeni paytaxtında – Seretdə katolik yepiskopluğu yaratmalı oldu. Katoliklik Moldaviya torpaqlarında dərin kök salmadı. Belə ki, xalqın əsas kütləsi, o cümlədən bir çox boyarlar, pravoslavlığa tərəfdar idilər və macar, Polşa
feodallarına qarşı çıxırdılar. Bu işdə onları Tsara Rumınyaska müdafiə edirdi. XIV əsrin sonunda Rumınyaska ilə Valaxiya qospodarı Mirçe Staronun (1386-1418) əlaqələri xüsusilə möhkəmləndi.
Valaxiya və Moldaviyanın iqtisadi və sosial inkişafı. Kəndli hərəkatları.
Monqol-tatar basqınının Valaxiyada və xüsusilə Moldaviyada törətdiyi dağıntıya baxmayaraq, XIV-XV əsrlərdə hər iki knyazlığın da xeyli dərəcədə iqtisadi yüksəliş nəzərə çarpırdı. Əkinçilik, o cümlədən üzümçülük və balıqçılıq inkişaf edir və təkmilləşirdi; maldarlıq da tərəqqi edirdi; sənətkarlıq uğurla iraliləyir, qədim şəhərlər inkişaf edir və yeniləri yaranırdı; hər iki knyazlığın daxilində əlaqələri möhkəmləndirən daxili ticarət XIV-XV əsrlərdən isə həm də xarici ticarət ( Polşa, Almaniya, Bizans ilə) genişlənirdi.Krakovdan Lvov və Suçava vasitəsilə Qara dəniz sahilinə gedən Moldaviya ticarət yolu deyilən ticarət yolu beynəlxalq əhəmiyyət kəsb etdi. Bu yolla şərq malları ilə tranzit ticarət həyata keçirilirdi. Moldaviya və Valaxiya qospodarları sənətkarlıq və ticarətdən alınan gəlir hesabına xeyli əlavə vəsait əldə edirdilər ki, bu da mərkəzi hakimiyyətin möhkəmlənməsinə kömək edirdi.
Feodalizm quruluşu Moldaviya və Valaxiyada XIV əsrin əvvəlinə yaxın tam inkişaf səviyyəsinə çatdı. Bütün torpaqlar feodalların əlində idi. Feodalların ali təbəqəsi boyarlardan, aşağı təbəqəsi isə xırda qulluqçu adamlardan- kurtenlərdən ibarət idi. Hər iki təbəqə qospodarların bilavasitə vassalları hesab olunurdu. Kəndlilərin xeyli hisəsi təhkimli vəziyyətinə salınmışdı. Təhkimli kəndlilər məhsula töycü verir və feodal mülklərinə - “baştina”lara biyara gedirdilər. Əgər XIV əsrədək hər iki knyazlıqdan kəndlilərin əsas kütləsi azad kəndlilərdən (knezlərdən, moşnenlərdən) ibarət idisə, XIV əsrdə onların sayı nəzərə çarpacaq dərəcədə azaldı. Feodallar icma torpaqlarını ələ keçirirdilər qospodarlar onlara səxavətlə toxunmazlıq fərmanları (Moldaviya və Valaxiyada “sloboziya” və ya “tarxanlıq” adlanan imtiyazlar) paylaşır, onların mülklərini qospodarların göndərdikləri vəzifəli şəxslərin hakimiyyəti altından çıxarırdılar.
XV əsrdə kəndlilərin təhkimliləşdirilməsi prosesi, demək olar ki, başa çatdı. Eyni zamanda , təhkimçilik zülmü gücləndikcə kəndli kütlələrinin müqaviməti da artırdı ki, bu da arabir üsyan forması alırdı. Kəndli üsyanları dalğası XIV əsrin ortalarında Translivaniyanı bürüdü. Həmin üsyanlar sonralar da davam etdi. 1408-ci ildə Timişoara kəndliləri üsyana qalxdılar. 1434-1435-ci illərdə Faqaraşa və Maramureşa vilayətləri kəndlilərinin üsyanları baş verdi. 1437-ci ildə kəndli üsyanı bütün Transilvaniya və Şimal-Şərqi Macarıstanı bürüdü.
Bobılna dağının ətəyindəki Alparet kəndi həmin üsyanın mərkəzi oldu. Kəndlilər şəhərləri və qəsəbələri ələ keçirir, zadəgan qoşunları üzərində qələbə çalırdılar. Feodallar , kəndlilərin müəyyən edilmiş vergiləri ödədikdən sonra sərbəst surətdə, bir feodalın torpaqlarından digərinə keçmək haqqındakı tələbnaməni qəbul etməyə məcbur oldular. Kəndlilər, həmçinin bəzi siyasi hüquqlar da tələb edirdilər. Macar və alman feodalları (Transilvaniyada çoxlu alman feodalları- məskunları vardı) vaxt qazanmaq üçün üsyançılarla barışmağa gəldilər və hücuma hazırlaşmağa başladılar. Lakin 1437-ci ilin yarısında onlar yeni məğlubiyyətə düçar oldular. Transilvaniya feodalları, birliyi tədriclə zaifləyən kəndli qoşunun dəstələrinin bir-birinin ardınca darmadağın edə-edə, yalnız 1438-ci ilin sonuna yaxın üsyanı yatıra bildilər.
1490-1492-ci illərdə Moldaviyanın şimalında böyük kəndli üsyanı baş verdi. On min nəfərlik kəndli ordusu öz başçısı Muxanın rəhbərliyi ilə Moldaviya boyarları və Polşa panlarını
qıra-qıra ,onların malikanələrini yandıra-yandıra Moldaviyadan Qolitsiya torpağına doğru irəlilədi.Üsyanı Polşa kralı və Tevton ordeni cəngavərlərinin birləşmiş qüvvələri yatırdı.
Dostları ilə paylaş: |