Feodalizm cəmiyyətinin əsas sinifləri
XI əsrdə Qərbi Avropa ölkələrinin çoxunda və Bizansda cəmiyyət, artıq iki barışmaz sinfə parçalandı: torpaq sahibləri - feodallar sinfi və asılı feodal kəndliləri sinfi. Hər yerdə ən ağır vəziyyətdə olan təhkimli kəndlilər idi.Bəzi ölkələrdə (məsələn,Fransada), artıq, X-XI əsrlərdə onlar kəndlilərin əksəriyyətini təşkil edirdilər.Onlar öz senyorundan həm şəxsən, həm torpağa görə,həm də məhkəmə baxımından asılı idilər və xüsusilə ağır istismara məruz qalırdılar.Belə kəndliləri özgəninkiləşdirmək (adətən ancaq torpaqla birlikdə) olardı; onlar öz irsi torpaq payları və hətta tərpənən əmlakları ilə əlaqədar olaraq sərbəst surətdə sərəncam verə bilməzdilər.Çünki bunlar feodalın mülkiyyəti hesab olunurdu.Bundan başqa, onlar bir sıra
alçaldıcı mükəlləfiyyətlər yerinə yetirir və şəxsən asılı olduqlarını göstərən vergilər verirdilər.Keçmiş qullar da, tədriclə, təhkimli kəndli kateqoriyasına qarışdılar.Bir sıra ölkələrdə bu daha asılı kəndli təbəqəsi "servlər" adlanırdı.Hərçənd,onlar, artıq antik dövrdəki mənada qul deyildilər.Feodal münasibətləri təşəkkülünün başa çatdığı dövrdə və sonralar, hər halda ta XII əsrin sonlarına qədər, təhkimçilik asılılığı müəyyənedici asılılıq formalarına verir. Şəxsən azad kəndlilərin vəziyyəti bir qədər yüngül idi.XI əsrin ortaları üçün onların sayı bəzi ölkələrdə ( İngiltərə,Almaniya,Cənubi Fransa və İtaliyada) hələ kifayət qədər çox idi.Onlar özlərinin tərpənən əmlakı ilə , çox hallarda, həm də torpaq payları ilə əlaqədar olaraq daha sərbəst surətdə sərəncam verə bilərdilər.Lakin məhkəmə baxımından, bəzən də,artıq,torpağa görə feodal torpaq sahibindən asılı olan bu kəndlilər də istismara məruz qalır, tədriclə şəxsi azadlıqlarını da itirdilər. Asılı kəndlilər öz əmlakları ilə hakim sinfi saxlayırdılar.
Qərbi Avropa dövlətlərində feodallar sinfinin ayrı-ayrı nümayəndələri arasındakı münasibətlər feodal iyerarxiyası ("feodal nərdivanı") prinsipi deyilən prinsipin əsasında qrulurdu.Onun zirvəsində kral dururdu.O bütün feodalların ali senyoru, onların "süzeren"i - feodal iyerarxiyasının başçısı hesab olunurdu.Kraldan aşağıda ən iri dünyəvi və dini feodallar dururdu.Onlar öz torpaqlarını - çox vaxt bütöv böyük vilayətləri bilavasitə kraldan almışdılar.Onlar rütbəli əyanlar - hersoqlar,qraflar,arxiyepiskoplar,yepiskoplar və ən böyük monastrların abbatları idilər.Formal olaraq onların hamısı bir vassal kimi kraldan asılı idilər.Lakin faktiki olaraq,demək olar ki,ondan asılı deyildilər: müharibə etmək,pul kəsdirmək, bəzən də öz mülklərində ali məhkəmə hüququna malik idilər.Onların çox vaxt "baron" adı daşıyan vassalları bir pillə aşağıda dururdular.Adətən, onlar da olduqca böyük torpaq sahibləri idilər və öz mülklərində faktiki olaraq müstəqil idilər.Baronlardan aşağıda daha xırda feodallar
cəngavərlər,hakim sinfin aşağı nümayəndələri dururdu.Onların,adətən,vassalı olmurdu.Onların tabeliyində yalnız feodal iyerarxiyasına daxil olmayan kəndlilər - torpaq istifadəçiləri idi.
Hər bir feodal ondan torpaq almış özündən aşağıda duran feodalın senyoru ,eyni zamanda,özünün torpaq aldığı yuxarıda duran feodalın vassalı idi. Feodal nərdivanının aşağı pillələrində duran feodallar onların bilavasitə öz senyorlarının asılı olduqları feodala, yəni senyorların senyoruna tabe olmurdular.Bütün qərbi Avropa ölkələrində (İngiltərədən başqa) feodal iyerarxiyası daxilindəki münasibətlər " vassalımın vassalı mənim vassalım deyil" qaydası ilə tənzim olunurdu.
Dostları ilə paylaş: |