QƏRBİ AVROPA IX-XI ƏSRLƏRDƏ
IX-XI əsrlərdə Avropanın siyasi xəritəsi.
Avropanın siyasi xəritəsinin dəyişməsi.
IX-XI əsrlər ərzində Qərbi Avropa ölkələrinin çoxunda feodalizm möhkəmləndi.Burada erkən orta əsrlərin sonu üçün çoxlu barbar krallıqları əvəzinə az-çox sabit feodal dövlətləri meydana gəldi.Bu dövlətlərin hüdudları daxilində yeni xalqların formalaşması prosesi davam edirdi.
Karolinq imperiyasının dağılmasından sonra , 843-cü ildə Verden müqaviləsi ilə təsbit olunmuş üç dövlətdən Fransa və Almaniya sonrakı əsrlərdə də yaşamada davam edirdilər.Süni birlik olan, nə siyasi, nə də etik baxımdan vahid tam təşkil etməyən Lotar dövlətinin aqibəti isə başqa cür oldu.Lotarın ölümündən (855) sonra bu dövlət üç krallığa parçalandı; İtaliya (Şimali və Orta İtaliyanı əhatə edirdi), Provans (Ron hövzəsi və Aralıq dənizinin sahilboyunu əhatə edirdi) 870-ci ildə Marsen müqaviləsinə əsasən Fransa (o zaman Qərbi Frank krallığı) və Almaniya (Şərqi Frank krallığı) kralları Lotarinkiyanı öz aralarında bölüşdürdülər. Lakin 925-ci ildə iki hersoqluğa bölündü: Yuxarı Lotarinkiya (Mozel çayı boyunu əhatə edən vilayət; sonralar Lotaringiya adı da bu ərazi ilə əlaqədar olaraq saxlanılmışdır) və Aşağı Lotaringiya ( Şeldə , Maas və Reyn arasındakı vilayət idi; sonralar bu əsasdan: Brabant, Kenneqay, Lüksemburq yaranmışdır).
Provans və ona bitişik vilayətlər əsasında IX əsrin sonunda iki burqund krallığı yarandı: Aşağı Burqundiya (Aralıq dənizinə qədər Sona və Rona boyunca torpaqları əhatə edirdi) və yuxarı Burqundiya (bura Alp dağlarına qədər Sona və Rona çaylarının yuxarılarındakı torpaqlar daxil oldu.Bu iki krallığın birləşməsi nəticəsində 933-cü ildə vahid Burqundiya krallığı yarandı.1033-cü ildə Burqundiya krallığı Almaniya imperiyası tərkibinə daxil oldu.Bundan başqa, 884-cü ildə Luara ilə Sona arasında Burqundiya hersoqluğu yarandı. Bu hersoqluq Fransa krallığının tərkibinə daxil idi.
İtaliya həqiqətdə vahid dövlət deyildi. IX-XI əsrlər boyunca burada müxtəlif feodal qüvvələrinin kəskin daxili mübarizəsi və aramsız xarici müdaxilə şəraitində bir sıra deodal dövlətlərinin formalaşmasından ibarət mürəkkəb proses getdi.
IX-XI əsrlərdə Avropanın başqa hissələrində də dövlətlər yarandı.Bu dövlətlərin ərazisində də yeni etnik qruplar və xalqların yaranması prosesi gedirdi.Pireney yarımadasının şimal dağlıq rayonlarında VIII əsrdən, ərəblərin (mavrların) vestqot İspaniyasının istila etməsindən sonra, Asturiya öz müstəqilliyini saxlamışdı.718-ci ildə bura krallığa çevrilmişdi.IX əsrdə Navvara krallığı meydana gəldi.Bu krallıq Böyük Karlın yaratdığı İspaniya markasından ayrılmışdı.O zaman elə həmin İspaniya markasından müvəqqəti olaraq Fransa tərkibinə daxil olmuş Barselona qraflığı da yarandı.Asturiya gələcək vahid İspaniya dövlətinin - ərazisi hələ yüzillər ərzində ərəblərin əlindən geri alınacaq İspaniya dövlətinin sələfi idi.İspaniyanın qalan ərazisinin çox hissəsində Ərəb dövləti- Kordova əmirliyi yaşamaqda davam edirdi.Bu əmirlik VIII əsrin ortalarında meydana gəlmiş və 929-cu ildə Kordova xilafətinə çevrilmişdi.Kordova xilafəti XI əsrin birinci yarısında bir çox xırda müstəqil əmirliklərə parçalandı.
Britaniyadakı anql-saks krallıqları 829-cu ildə vahid İngiltərə krallığında birləşdilər.Britaniyanın şimalında müstəqil Şotlandiya krallığı, qərbində isə Uelsin kelt knyazlıqları vardı.İrlandiyada məskunlaşmış müstəqil kelt tayfalarında klanların birləşməsi və ali kral hakimiyyətinin formalaşması prosesi gedirdi.
IX-XI əsrlərdə Avropanın şimalında Skandinaviya ölkələri- Danimarka,Norveç feodalizm inkişaf yoluna çıxmışdılar.Burada, bir çox Qərbi Avropa ölkələrindən fərqli olaraq, feodallaşma və erkən feodal dövlətlərini yaranması prosesi xeyli gec başlamışdı.VIII əsrdə Danimarka krallığı yaranmış, IX əsrin sonlarında birləşmiş Norveç krallığı ,XI əsrdən isə İsveç krallığı yaranmağa başlamışdı.
Şərqi və Mərkəzi Avropada bir sıra slavyan dövlətləri meydana gəlir.IX əsrin sonu - X əsrdə Qədim Rus dövləti Ladoqadan Orta Dneprboyunda, Neman və Pripyatın yuxarılarından Oka və Volqa arasındakı torpaqlara qədər geniş ərazidə yaşayan şərq slavyanlarını birləşdirmişdi: X əsrdə Odra (Oder),Varta,Visla hövzələrində və Baltik dənizi sahili boyunca ərazidə Polşa dövləti yarandı: IX əsrdə tərkibinə bir sıra qərbi slavyan (çexlər,moravlar,slovaklar) və bəzi cənubi slavyan tayfalarının , habelə Dunayla Drava arasındakı torpaqların daxil olduğu böyük Moraviya dövləti yarandı.IX əsrin sonunda bu dövlətdən Çexiya knyazlığı ayrıldı.
Böyük Moraviya dövləti macarların zərbələri altında dağıldıqdan sonra Çexiya X əsrin əvvəllərində qəti olaraq müstəqil dövlətə çevrildi, slovaklar isə o zaman macarların hakimiyyəti altına düşdülər. Balkan yarımadasının şərq hissəsi bəhs olunan dövrdə Bizans imperiyasının əlində idi. Balkanın qalan hissəsində cənubi slavyan dövlətlərinin yaranması prosesi gedirdi. Hələ VII əsrin 70-ci illərində Bolqarıstan meydana gəlmişdi. Bu dövlətin əsasını Aşağı Meziyada yaşayan cənubi slavyan tayfaları təşkil edirdilər. Onlar sonradan bura gəlmiş və slavyanlaşmış türk bolqar (proto bolqarlar) tayfası ilə qaynayıb qarışmışdılar.
Bolqar xalqı öz adını da bu tayfanın adından almışdır. Burada erkən feodal dövləti - Birinci Bolqarıstan çarlığı yarandı. Bu dövlətin tərəqqi çağı IX-X əsrin birinci yarısına təsadüf edir. XI əsrdə (1018) daxili didişmələr və xarici didişmələrlə mübarizədə zəifləmiş Bolqarıstanı Bizans işğal etdi.
Aşağı və Orta Sava boyundan cənuba doğru məskən salmış cənubi slavyan tayfalarına erkən feodal dövlətinin formalaşması prosesi VIII-IX əsrlərdə başlanmış və X əsrin ortalarında Serbiya knyazlığının yaranması ilə nəticələndi. Bu knyazlıq bir sıra daha xırda tayfa knyazlıqlarını birləşdirdi. XI əsrin əvvəllərində Bolqarıstanın ardınca Serbiya da Bizansın hakimiyyəti altına düşdü.Keçmiş Roma imperiyası əyalətləri Pannoniya, Norik və Dalmasiya ərazisində məskunlaşmış xorvatlar və slovenlərin (xorutan tayfaları) tayfa knyazlıqları çoxlu xarici düşmənlərə (avarlar, franklar, Almaniya kralları, Bizans, macarlar) qarşı uzunsürən mübarizədə inkişaf edirdilər. Xorvat tayfalarının birləşməsi IX əsrin sonu-X əsrin əvvəlində başa çatdı. 925-ci ildə Xorvatiya krallıq oldu.
Qərbi, Mərkəzi və Şərqi Avropanın bütün dövlətlərinin təşəkkülü, xüsusilə IX əsrin ikinci yarısından güclənən aramsız xarici müdaxilə təhlükəısi altında gedirdi.
Ərəblərin və macarların basqınları. Normanlar.
Aralıq dənizi sahili boyunca yerləşən dövlətlər daim İspaniya və Şimali Afrikadan ərəblərin (sabaçinladaların) müdaxiləsi qarşısında qorxu içərisində idilər. Bu zaman onlar İspaniya və Şimali Afrikanı ələ keçirmişdilər. Müasir Tunis ərazisində dayaq məntəqələri yaradan ərəblər IX əsrin əvvəlindən Aralıq dənizi adalarına və Aralıq dənizinin şimal sahili boyuna quldur basqınlarına başladılar. 20-ci illərdə onlar Krit və Siciliyada möhkəmləndilər. 40-cı illərdə İtaliyanın cənubunu (Apuliyanı) tutdular. Neapol, Amalfi, Salernoya hücum etdilər, hətta Romaya qədər gəlib çatdılar. IX əsrin sonlarında Sardiniya və Korsika da ərəblərin əlində idi. Elə bu zaman onlar Provansın cənub hissəsində möhkəmləndilər və Rona boyunca yuxarı doğru basqınlara başladılar; Alpın ticarət yolları keçən dağ keçidlərini ələ keçirib abad vadiləri xaraba qoydular. Ərəblər şəhərləri və kəndləri qarət edir, əhalini, xüsusən qadınları və uşaqları qul edib satırdılar.
Şərqdən digər təhlükə - macarların müdaxiləsi yaxınlaşırdı. Macarlar (madjarlar) əsasən uqor tayfa qrupuna mənsub olan çoban tayfaları idilər. Onlar güman edildiyi kimi, IX əsrin əvvəllərinədək Uralla Kama və Volqa çayları arasında, sonra isə Qara dənizin şimal sahillərində
Dneprlə Dunay arasında köçəri həyat keçirirdilər. IX əsrin sonunda peçeneqlər tərəfindən sıxışdırılan macarlar Karpatı aşıb Orta Dunay ovalığına - keçmiş hun və avar məskənləri rayonuna soxuldular.
Onlar, bundan sonra qərbə doğru irəliləyərək 906-cı ildə Böyük Moraviya dövlətini darmadağın etdilər.Pannoniyanı və Tissa ilə Dunay arasındakı düzənliyi tutdular, buradakı yerli slavyan əhalini özlərindən asılı hala saldılar.Macarlar buradan X əsrin bütün birinci yarısı ərzində Mərkəzi, Cənubi və Qərbi Avropa ölkələrinə basqınlar etdilər.Onların heç bir maneə bilmədən atlı qoşunları Bolqarıstana və Bizansa soxuldular, Reyn və Rona arxasına basıb keçdilər, Parisə Şimali İtaliyaya qədər gedib çıxdılar. Lakin buranı,demək olar, hər il çapıb talayır, çoxlu əsir alıb aparır və qul edirdilər.Yalnız X əsrin ortalarında və çex qoşunları Lex yaxınlığında macarları həlledici məğlubiyyətə uğratdıqdan (955) sonra macar müdaxilələrinin intensivliyi zəifləməyə başladı.X əsrin ortalarında köçəri macarlar əkinçiliyə və oturaq həyata keçməyə başladılar.Həmin əsrin sonunda isə onların erkən feodal dövləti yarandı.XI əsrin əvvəllərindən macarların qonşu ölkələrə basqınları tamamilə kəsildi. Avropa üçün ən dəhşətli təhlükə normanların quldur ekspedisiyaları idi.Norman hücumları VIII əsrin əvvəllərində başlayıb IX əsrin ortalarına qədər davam etdi.
Skandinaviyada, Yutlandiya yarımadası və ona qonşu olan adalarda yaşayan Şimali qədim alman tayfalarını ("şimal adamları") normanlar adlandırırdılar.Onlar üç başlıca qola ayrılırdılar: danimarkalılar,norveçlilər və isveçlilər.Normanlar ictimai inkişaflarına görə Avropanın bir çox xalqlarından geri qalırdılar.Onlar,əsasən, maldarlıqla, habelə balıqçılıq və ovçuluqla, xüsusən dəniz heyvanları ovu ilə məşğul olurdular.Əkinçilik onlarda zəif inkişaf etmişdi.
VIII-IX əsrlər üçün, onlarda uzun müddət davam etmiş nəsli-tayfa münasibətləri, artıq, dağılmaq mərhələsində idi; nəsli və hərbi əyanlar ayrılır, siniflərin yaranması prosesi gedir, hərbi başçılar - Krallar (konuqlar) başda olmaqla tayfa birlikləri yaranırdı.Məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsində olduğu şəraitdə kasıb Skandinaviya torpağı artmaqda olan əhalini saxlaya bilmirdi.Buna görə normanlar hərbi qənimət dalınca getdikcə daha tez-tez dənizə gedirdilər.Əyanlar və onların silahlı dəstələrinin hərbi dəniz səfərləri daimi xarakter alırdı.Ayrı - atrı başçılar - vikinqlər öz dəstələri ilə birlikdə göyərtəsiz qayıqlarda səfərə
çıxırdılar.Belə qayıqların burnunu əjdaha təsviri bəzəyirdi.Həmin qayıqlar 100-ə qədər döyüşçü götürürdü.Vikinqlər quldarlıqla və ticarətlə məşğul olur, ələ keçirdikləri qəniməti, öz təsərrüfatlarının bəzi məhsullarını və əsir alınmış qulları satırdılar. Norveçlilər uzaq şimala və qərbə gedirdilər.Onlar Şotlandiya, İrlandiya sahillərini xarabazara çevirir,İslandiya və Qrelandiyada öz məskənlərini yaradırdılar:1000 -ci ilə yaxın isə,hətta, Şimali Amerika sahillərinə gedib çıxdılar.Lakin burada onlar möhkəmlənə və daimi məskənlərini yarada bilmədilər; Amerika uzun müddət üçün yaddan çıxmış oldu.Danimarkalılar İngiltərə,Fransa,Almaniya,Asturiya və Ərəb İspaniyası, İtaliya sahillərinə hücum edirdilər.Onlar böyük çayların ağzında düşərgə salıb çay yuxarı qalxır, rast gəldikləri hər şeyi qarət edir və yandırırdılar,Onlar dörd dəfə (845,856,861 və 885-ci illərdə) Parisi mühasirə etdilər.
Normanlar, zaman keçdikcə, quldur basqınları əvəzinə məskən salmaq üçün torpaq tutmağa keçdilər, onillərlə (1030-1080) Cənubi İtaliyanın çox hissəsini əllərində saxladılar və Siciliyanı ərəblərin əlindən aldılar.Bu vilayətlərdə onlar bir neçə qraflıq və hersoqluq yaratdılar ki, sonralar bunların birləşməsi nəticəsində 1130-cu ildə vahid Siciliya krallığı yarandı. Qədim rus və Bizans mənbələrində varyaqlar adı ilə məlum olan isveçlilər Fin körfəzi və Qərbi Dvinanın mənsəbindən keçib rus çayları ilə yarımquldur - yarım ticarət səfərləri edirdilər.
Onlar Volqaya qədər gəlib çatır və Xəzər dənizinə enərək burada ərəb tacirləri ilə ticarət edirdilər; Dneprə gəlib Qara dənizə çıxır və gedib Bizansla Konstantinopola çatırdılar ( bu "Varyaqlardan yunanlara gedən böyük yol" idi).Slavyan knyazları dəfələrlə varyaq quldurlarının basqınlarını dəf etməli və onları dənizin o tayına qovmalı olmuşdular.Varyaqlar çox vaxt Kiyev knyazlarının hərbi dəstələrinə daxil olur, bütöv dəstələrlə onlara muzdla hərbi xidmət göstərirdilər.Lakin QədimRus dövlətində varyaqlar sayca son dərəcə cüzi idilər; onların yalnız az bir hissəsi burada möhkəm oturaqlaşdılar və yerli slavyan əhalisi ilə qaynayıb qarışdılar. Ərəblər,macarlar və normanların basqınları IX-XI əsrlərdə ona görə belə geniş şəkil aldı ki, o zaman Qərbi Avropanın feodal- pərakəndəliyi hökmranlıq edən, siyasi baxımdan zəif dövlətləri onlara dərhal həlledici müqavimət göstərə bilmədilər.Bu müdaxilələr iqtisadiyyata ağır təsir göstərdi.Belə ki, həmin müdaxilələr talanlarla və basqın edilən yerlərin xarabazarlara döndərilməsinə, çoxlu adamın tələf edilməsi və qul edilib aparılması ilə müşaiət olunurdu.Onlar kənd təsərrüfatı və sənətin inkişafına mane olur, daimi ticarət əlaqələri yaradılmasına əngəl törədirdi.
Dostları ilə paylaş: |