AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ


Adət və ənənələrdə bədii estetik dəyərlərlə milli



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9
1.2. Adət və ənənələrdə bədii estetik dəyərlərlə milli  
ənənəvi təkamülün vəhdəti. 
Adət və  ənənələrin dialektikası onların bütün dövrlərdə ardıcıl 
olaraq təkamül etməsindən ibarətdir. Cəmiyyətin bütün sahələrində 
olan dialektik inkişaf ilk növbədə adət və  ənənələrdə, onların bədii-
estetik dəyərlərində yaranan yeniliklərdə özünü büruzə verir. Bu 
yeniliklər  ənənəvi qaynaqlardan bəhrələnsələr də, onlar formaca 
müasirləşir, insanların mövcud tələblərinə uyğunlaşır. Müasirlərimizin 
bədii-estetik tələbatlarının dəyişməsi  ənənəvi incəsənətin də forma və 
məzmununa təsir edir. Yeni mahnılar, yeni geyim mədəniyyəti 
formalaşır. Bu yeniliklər bəzi dəbin dəyişməsi ilə  də  əlaqələndirilir. 
Lakin əslində dəbin dəyişməsi özü də ənənənin təkamülündən asılıdır. 
Eyni zamanda ənənənin təkamülü prosesində estetik baxışların 
səviyyəsi də xüsusi rol oynayır. Fikrimizi daha da dəqiqləşdirmək 
üçün bir sıra tarixi həqiqətlərə diqqət yetirək. Qədim daş dövründə 
yaşayan insanlar çox primitiv musiqi alətləri yaradır, mərasim və 
bayramlarda məhdud ritmlərlə öz mahnılarını ifa edirdilər. Rəqsləri 
isə əsasən ritmik qaydalarla müşayiət olunurdu. Lakin zaman keçdikcə 

 
 
61
musiqi mədəniyyətinə olan münasibətlər də formalaşdı. Təbiətin 
rəngarəngliyi insanların musiqi duyğusuna da dinamik təsir etdi. 
İnsanın bədii təfəkkürü iç dünyasından süzüb gələn musiqi ahənginin 
müxtəlif səslərini yaratdı, həmin ahəngləri yaşamaq meyli gücləndi. 
Dərdini, naləsini, sevincini, qəmini musiqi dünyasında ədəbiləşdirmək 
marağı zaman-zaman artdı. Elə buna görə  də müxtəlif musiqi alətləri 
meydana gəldi.  İnsanın geyimi, məişəti, həyat tərzi dəyişdikcə  həmin 
alətlər də  təkamül etdi, bəşəriyyətə  məxsus olan daha böyük hiss və 
həyəcanları da bu musiqi alətlərində ifadə etmək imkanı yarandı. 
Musiqi alətləri təkmilləşdikcə ahəng və mahnıların da rəngarəng 
formaları meydana gəldi. Təbii ki, bu prosesdə milli-psixoloji 
xüsusiyyətlər də  əməli rol oynadı. Dini inancların xarakteri də 
musiqinin milli ahənginə  təsir göstərdi. Xristian dünyasının musiqi 
ahəngi ilə islam dünyasının musiqi ahəngi arasında fərqli cəhətlər 
meydana gəldi. İncəsənətə dini qadağalar qoyulduğundan islam dünya-
sında mərsiyə xarakterli solo mahnıları, dərviş mahnıları – növhələri 
xarakterik xüsusiyyətləri idi. Uzun əsrlər boyu məhz bu səbəbə görə 
Azərbaycan musiqi sənəti də islam dini ənənələrinin təsirindən xilas 
ola bilməmişdir. Bu cəhət  şiə etiqadına malik olan Azərbaycanlıların 
məhərrəmlik  ənənələri daxilində musiqiyə münasibət yaratmışdır. 
Şiələr üç ay qalmış  məhərrəmlik təziyyələrinə hazırlıq görmüşlər. 
Azərbaycanın  şi-malına da İrandan xüsusi mərsiyəxanalar gəlmiş, 
dərvişlər dəvət olunmuşdur. Onlar məhərrəmlik təziyyəsində 
şəbihgərdanlıq etmişlər. Dini xarakter daşısa da, bu proses 
Azərbaycanda müğənnilik sənətinin inkişafına yaxşı  mənada böyük 
təsir etmişdir. Məhz bu məclislərdə gözəl səsə malik olan cavanlar 
aşkar olunmuş, onlardan toylarda da müğənni kimi istifadə etmişlər.  

 
 
62
Musiqi tarixi ilə  məşğul olan Firudin Şuşinski yazmışdır: “Şu-
şada yaxşı  səsi olan gənclərdən məhərrəmlik təziyyələrində, 
məclislərdə mərsiyə demək və növhə oxumaq üçün istifadə edərmişlər. 
O dövrün ən məşhur musiqişünası Xarrat Qulu Məhəmməd oğlu (1823-
1883) məhərrəmlik təziyyəsi zamanı təşkil etdiyi məclisə ən yaxşı səsi 
olan gəncləri cəlb edib,. Səkinə, Zeynəb,  Əli  Əkbər və başqa  şəbih 
rollarında oynamağı öyrədirdi” [147, s.13]. 
Maraqlıdır ki, dini ənənələr ahəngin və ahəngə uyğun səsin, 
sözün inkişafında xüsusi rol oynamışlar. Burada ənənə-viliyin, adət və 
ənənələrdən qaynaqlanmanın  əhəmiyyətini xüsusi olaraq qeyd etmək 
lazımdır. Məsələn, məhərrəmlik təziyyələrində oxumaq bir növ 
ənənəyə uyğun olaraq məcburi icra olurdu. Lakin mərsiyəni ifa edən 
şəxs özündən asılı olmayaraq tempə və ritmə tabe olmuşdur. 
“Səslər qəlbimizdə,  şüurumuzda o vaxt özünə yer tapar, əhvali-
ruhiyyəmizə təsir göstərər ki, onlar ritm və tempə tabe olub, melodiya 
daxilində birləşdirilsin”
 
[80, s.12]. 
Ümumiyyətlə, musiqi səslərinin yaranması haqqında müxtəlif 
fikirlər yayılmışdır. Bir çox mənbələr musiqinin həyəcanlı 
danışıqlardan meydana gəldiyini bildirir. Məsələn, ingilis bəstəkarı və 
musiqişünası Ralf Voem Uilyams yazmışdır: “Mən sizi öz həyatımdan 
olan  əhvalatla, yəni həyəcanlı danışığın necə melodiyaya keçməsi ilə 
tanış etmək istəyirəm. 
Bir dəfə Skay adasında açıq havada ibadət zamanı moizə 
edilməsinin  şahidi oldum. Keşiş  mənim anlamadığım qalsk dilində 
danışdığından mən bütün diqqətimi onun səsinin xüsusiyyətlərinə 
yönəltdim. Natiq qeyri ixtiyari çox hündürdən danışmağa məcbur oldu 
ki, bu da onun danışıq pafosunu deklomasiyaya gətirib çıxartdı. 

 
 
63
Əvvəla bir ton, sonra  isə vaizin daha da ilhamlanması ilə  əlaqədar 
bütöv melodik cümlələr meydana gəldi. Bu təcrübə  məndə belə bir 
fikir oyatdı ki, bu cür oxunuşlar xalqın şüurunda qeyri-iradi, öz-özünə 
yaranıb” [158, s.7]. 
Buradan belə bir nəticə  çıxır ki, insanların qorxu və  fəryadları, 
müxtəlif həyəcanları musiqi ahəngi ilə  zəngindir və onlar musiqi 
alətlərindən  əvvəl mövcud olmuşlar. Deməli, hiss və  həyəcanlar 
musiqi alətlərinin yaranmasına, təşəkkülünə səbəb olmuşdur.  
İnsan səslərinin musiqi ahənginə çevrilməsi adət və mərasimlərdə 
daha çox üstünlük təşkil etmiş, adət və  ənənələrin bədii-emosional 
mühitində  səslər musiqi ahənginə çevrilmişlər. Səslər mərasimdən 
mərasimə  təkrarlandıqca onların ritmləri də xüsusi çalarlarla inkişaf 
etmişdir. 
Məsələn, F.Şuşinskinin yazdığına görə “Məşədi Məhəmmədin 
çox məlahətli səs olmuşdur. O, aşura günlərində İran şairi Möhtəşəmin 
imam Hüseynə  həsr etmiş olduğu  şerləri “Zəminxarə” üstündə çox 
təsirli oxuyarmış” [147, s.13]. 
Lakin unutmaq olmaz ki, ayrı-ayrı sözlər  əksər hallarda səslər 
kimi hələ heç bir şey ifadə etmədiyindən insanları  təsirləndirə bilmir 
və estetik keyfiyyət kimi qavranılır. Amma bədii obrazların dili ilə 
söylənəndə həmin sözlər emosionalifadəli mahiyyət kəsb edir. Adət və 
mərasimlərdə, bayramlarda ifadə olunan sözlər isə bütün tarix boyu 
xalq yaradıcılığı qaynaqlarından bəhrələnmiş  və emosional ifadəli 
olmuşlar. Hər bir bayatının, ağının konkret bədii obrazı vardır. Sözün 
ritmik və obrazlı  şəkildə ifadə olunması musiqi ahəngi yaradır. Adət 
və ənənələr zamanı söz, xüsusi milli mərasim çərçivəsində intonasiyalı 
ifadə olunur. 

 
 
64
Bildiyimiz kimi, musiqidə  ən  əvvəl yaranan onun dilidir. Lakin 
musiqi dili melodiya, intonasiya, ritm, lad, harmoniya, polifoniya, 
tembr və s. anlayışlardan ayrı mümkün deyildir. Hər bir xalqın və 
millətin özünə  məxsus musiqi dili, melodiya – intonasiya 
xüsusiyyətləri vardır. Onlar ənənəvi olaraq çoxəsrlik inkişaf tarixi 
keçmiş, kənar milli elementlərdən də  bəhrələn-mişlər. Xalqlar 
arasında milli əlaqələr genişləndikcə adət və  ənənələrdə, onun bədii 
ifadə vasitələrində oxşar meyllər,  əlaqəli cəhətlər meydana gəlmişdir. 
Buna baxmayaraq hər bir özünəməxsus melodiya – intonasiya 
xüsusiyyətlərini, milli özünəməxsusluğu, fərdiliyi qoruyub saxlaya 
bilmişdir. Məhz bu spesifik xüsusiyyətə görə musiqinin uzun əsrlər 
boyu dərin milli psixoloji kökə malik olması  hər bir xalqın müəyyən 
lad, metroritmik, melodiya, intonasiya və s. kimi milli 
xüsusiyyətlərdən kənara çıxa bilməməsinə səbəb olmuşdur [66, s.43].  
Belə bir nəticəyə  gəlmək olar ki, insanın fizioloji varlığında 
olduğu kimi onun yaratdığı və yaşadığı mənəvi aləmin özündə də kökə 
bağlılıq,  ənənəyə sadiqlik xüsusi yer tutur. Bəşəriyyət nə  qədər 
təkamül etsə  də, mənəvi köklərdən tam şəkildə ayrılmaq mümkün 
deyildir. Mənəviyyatda baş verən modernləşmə isə forma və məzmunu 
zənginləşdirən, bədii təfəkkürü müasir quruluşa, davranış normalarına 
uyğunlaşdıran  əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Yəni 
modernləşmə  ənənəvi olanı heç zaman kökündən silib ata bilmir, 
əksinə  nə  qədər inkişaf və yeniləşmə baş versə  də, köklə bağlı 
əlamətlər mənəviyyatın bütün tərəflərində istəristəməz özünü biruzə 
verir. Elə buna görə  də peşəkar incəsənətin bütün növlərində xalq 
yaradıcılığının əlamətlərini görmək mümkündür. 

 
 
65
Bir həqiqəti bilmək lazımdır ki, lap qədim zamanlardan 
insanların adət,  ənənə, mərasim incəsənəti yaranmışdır. Totem-lərin, 
şamanların mərasimlər zamanı öz bədənlərini müxtəlif rənglərlə 
bəzəməsini, xüsusi mərasim rəqslərini və mahnılarını ifa etmələrini 
buna misal göstərmək olar. Hətta dəfn mərasimlərində  də 
özünəməxsus incəsənət xüsusiyyətləri yaranmış  və bu xüsusiyyət indi 
də davam etməkdədir. Qobustan ərazisində aparılan arxeoloji 
qazıntılar zamanı neolit dövrünün qəbirlərindən üzərində müxtəlif 
canlıların  şəkilləri çəkilmiş daşlar aşkar edilmişdir. Buradakı 
Böyükdaş dağı  ətəyindəki qəbirlərin birinin baş daşı insan heykəli 
formasına bənzəyir. Qədim insanlar dəfn olunmanın  xarakterik 
cəhətlərini bu heykəldə  əks etdirməyə  cəhd etmişlər. Təxminən iki 
metr hündürlüyü olan bu qaya parçası xüsusi daş alətlərlə yonulmuş, 
baş  və enli çiyin dəfn olunan qəbilənin nüfuzlu və fiziki gücə malik 
olan üzvü olduğunu büruzə verir. 
Qobustan  ərazisində orta əsrlərə aid olan qəbir daşları da aşkar 
edilmişdir. Bu qəbir daşları üzərində ov səhnəcikləri, müxtəlif bədii 
yazı ornamentləri təsvir olunmuşdur. Qəbirüstü təsvirlər oyma üsulu 
ilə icra edilmişdir. Lakin əsası XVI əsrin ikinci yarısında qoyulmuş 
Umbakı adlanan yerdəki qəbiristanlıqda daşlar üzərinə  çəkilən 
şəkillərin forma və  məzmunu yeniləşmişdir. Burada xüsusilə
rənglərdən də istifadə olunmuş, ölən adamın  şəxsiyyətini, cinsini, 
peşəsini diqqətə çatdıran təsvirlərə üstünlük verilmişdir. Umbakı qəbir 
təsvirləri forma və  məzmunca yeni olsa da, Qobustan ənənələrindən, 
burada yaranmış tarixi-ənənəvi kökdən uzaq düşməmişdir. Həmin 
yerdə qədim tarixi ənənə yenə də davam etməkdədir. 

 
 
66
Məlumdur ki, Azərbaycanda islam dini yayıldıqdan sonra 
canlıların təsvirini yaratmağa, ruhanilər tərəfindən məhdudiyyət 
qoyulurdu. Lakin bu qadağalara baxmayaraq incəsənətin tarixi 
ənənələri sənətkarlar tərəfindən müxtəlif vasitələrlə qorunub 
saxlanılmışdır. Xüsusilə, memarlıqda, bədii toxuculuq sənətində, 
dulusçuluqda, başqa məişət  əşyaları üzərində  bədii təsvirlərdən 
istifadə olunması ilə bağlı bir çox tarixi faktlar vardır. Məsələn, 
Bakının “İçərişəhər” adlanan memarlıq nümunələrinin çoxunda şir, 
öküz, göyərçin, qoç təsvirlərindən simvolika məqsədi ilə istifadə 
olunmuşdur.  İçərişəhərdə 1314-cü ildə inşa olunmuş  qədim 
məbədlərdən birinin giriş qapısının üstündə maral və başqa şirəbənzər 
heyvanın təsviri həkk olunmuşdur. 
Azərbaycanın qədim təsviri sənətində  şirlər qəhrəmanlıq, 
mərdlik, igidlik rəmzi kimi geniş yer tutmuşdur. Qala qapıları 
üzərində  həkk olunan şirlər uzun əsrlər boyu öz qəzəbli baxışlarını 
yadelli düşmənlərin üzərinə yönəltmiş, bütün Azərbaycan xalqını onlar 
kimi qorxmaz olmağa ruhlandırmışdır.  
Azərbaycanın qədim memarlıq abidələri üzərində göyərçin 
təsvirlərinə daha çox rast gəlmək mümkündür. Bu da xalqımızın 
humanist baxışlarını, sülhpərəstliyini əks etdirən rəmzlərdir. Məhz lap 
qədimlərdən evlərin pəncərələri üstündə, divarlarda, müxtəlif  əşyalar 
üzərində göyərçin fiqurları  və s. təsvirlər həmin arzu və istəkdən 
yaranmışdır. Bu qədim ənənə müasir kənd evlərinin kirəmidində, qapı, 
pəncərə bəzəklərində indi də davam etməkdədədir. 
1234-cü ildə memar Zeynəddin  əbu Rəşid  Şirvani tərəfindən 
tikilən “Səbail” qəsrinin xarabalıqlarından üzərində 700-dən çox yazı, 
insan, quş  və heyvan şəkilləri olan daşlar tapılmışdır. On beş bürclü 

 
 
67
bu qəsrin hansı  məqsədlə suyun içində tikilməsi bizə tam şəkildə 
məlum olmasa da, onun daşlarında qorunub saxlanılan nəhəng “şəkil 
qalereyası” milli sənətkarların  ənənəviliyə  sədaqətinin tarixi 
təzahürüdür. Sənətkar dini qadağalardan çəkinmədən öz istək və 
arzularını, estetik baxışlarını qala daşları üzərində əbədiləşdirmişdir. 
“Səbail” qəsri XIV əsrin  əvvəlində qeyri-məlum səbəbdən 
dağılsa da, qədim sənətkarın təsviri yaradıcılığı arxeoloqlarımız 
tərəfindən tapılmış, cəm şəklində mühafizə olunmaqdadır.  
Vaxtilə arxeoloqlarımız tərəfindən mil düzündə Örənqala adlanan 
yerdə tapılmış saxsı kaşı kasa üzərində müxtəlif bəzək ornamentləri və 
insan təsvirləri aşkar edilmişdir. Məişət  əşyaları üzərində  bədii 
təsvirlərdən istifadə etmək ənənəsi indi də davam etməkdədir.  
Canlıların təsvirləri orta əsrlərin parça məhsulları üzərində  də 
geniş yer tutmuşdur. Hələ VII əsrdə öz bədii tərtibatına görə 
Azərbaycan parçası dünyanın bir çox ölkələrində  şöhrət qazanmışdır. 
Bu dövrün bədii parçalarından biri İtaliyanın Luteran kilsəsində indi 
də saxlanılır. Aaxen kapellasında saxlanılan bədii parça isə 
Azərbaycanın VIII – IX əsr sənətkarları  tərəfindən toxunmuşdur. Bu 
parçadakı ördək və quş  təsvirləri qədim memarlıq abidələri üzərində 
təsvir olunan ənənəvi quş təsvirlərinin davamıdır [149, s.50-51]. 
İslami qadağalara baxmayaraq xalçalar üzərində canlıların 
təsvirindən geniş istifadə olunmuşdur. Bu baxımdan XIV əsrdə 
Azərbaycanda toxunmuş  və üzərində  Məcnunun səhrada təsviri olan 
süjetli xalça xüsusi əhəmiyyət kəsb edir. 
Tədqiqatçı T.Haqverdiyev yazmışdır: “İnsan və 
təbiət 
təsvirlərindən istifadə etmək Azərbaycan parça istehsalında qə-dim bir 

 
 
68
ənənə olmuşdur. İslam dini bu ənənəyə çox az təsir göstərə bilmişdir” 
[52, s.35]. 
Ən maraqlısı odur ki, üzərində canlıların təsviri verilmiş süjetli 
xalçalardan bir çox məscidlərdə  də  bəzək  əşyası kimi istifadə 
olunmuşdur. Məsələn, 1539-cu ildə toxunmuş üzərində yırtıcı pələngin 
ov üzərinə atıldığı  məqam təsvir olunan əlvan naxışlı bir xalça Şeyx 
Səfi məscidinin bəzəyidir. Təbii ki, bədii bəzəyə meyllilik estetik 
duyğuların ənənəvi tələblərindən, sənətin insanın daxili aləminə nüfuz 
etmək qüdrətindən irəli gəlir. Elə buna görə də cəmiyyətin və ya dinin 
qadağalarından asılı olmayaraq estetik tələbat incəsənətə münasibətdə 
özünü həmişə nümayişkaranə biruzə verə bilib. Hər bir insan estetik 
tələbatının hökmü ilə gözəl görünəndən, duyğularına xoş  gələndən 
imtina etməyib. Bu ənənə gözəlliyin bəşəri dərk olunması  ənənəsinə 
çevrilib. Hətta adi toxucu qadın da özünün estetik baxışlarını ilmələrlə 
ifadə etməyi bacarmışdır. Lakin estetik duyumun ifadə olunma 
prosesində  nəsildən-nəslə keçən toxuculuq ənənəsinin də xüsusi rolu 
olmuşdur. Bəzən  ənənədən irəli gələrək mövzu kütləviliyi 
yaranmışdır. Məsələn, bir çox süjetli xalçalarda “Leyli və  Məcnun” 
mövzusu tez-tez təkrarlanmışdır. Dini-mifoloji mövzular da xalq bədii 
yaradıcılığında geniş yer tutmuşdur. Eyni zamanda təbiət mənzərəsinə, 
ov səhnələrinə xüsusi diqqət yetirilmişdir. Miniatür sənət ənənələri isə 
uzun  əsrlər boyu yaşamış, Azərbaycan təsviri incəsənə-tinin  ənənəvi 
milli atributuna çevrilmişdir. Miniatür elementləri bədii parçalarda, 
xalçalarda, məişət  əşyalarında tez-tez təkrarlanmış, Azərbaycan 
xalqının bədii-psixoloji xüsusiyyətlərini özündə  əks etdirə bilmişdir. 
Bu xarakterik xüsusiyyət XVI əsr toxuculuq nümunələrində daha çox 
təşəkkül tapmışdır. Yüksək bədii zövqlə yaradılmış xalq yaradıcılığı 

 
 
69
nümunələri nadir sənət inciləri olduqlarından  əjnəbi kolleksionerlərin 
diqqətindən ya-yınmamış, onlar alınaraq ölkədən aparılmışdır.  İndi 
Budapeştin Dekorativ Sənətlər Muzeyində, Moskvanın Silah 
Palatasında, Sankt-Peterburqun “Ermitaj” muzeyində, Nyu-Yorkun 
Metropoliten muzeyində, Parisin Dekorativ sənətlər muzeyində, Luvr 
muzeyində  və dünyanın başqa muzey və  təsviri sənət qalereyalarında 
özünün milli-ənənəvi bədii tərtibatı ilə  fərqlənən yüzlərlə  bədii 
toxuculuq nümunələri vardır [38, s.14]. Həmçinin Bakının, Təbrizin, 
Gəncənin və başqa iri Azərbaycan  şəhərlərinin sənət muzeylərində  də 
qədim sənət  ənənələrinin nadir nümunələri qorunub saxlanılır. Bunlar 
içərisində  Təbrizin Gülüstan muzeyindəki XVI əsrə aid olan süjetli 
xalça diqqəti daha çox özünə  cəlb edir. Xalçanın orta bəzəyində uçan 
dinozavrla qanadsız dinozavrın döyüş  səhnəsi verilmişdir. Onların 
döyüş meydanındakı boş qalan yerlər isə güllər və yarpaqlı  ağac 
budağı ilə  bəzənmişdir. Xalçanın palıdı fonda toxunulmuş yan 
hissələri isə müxtəlif gül və çiçəklərin harmonik düzülüşündən 
ibarətdir. Uçan nəhəng quş Azərbaycan nağıllarındakı Zümrüd quşunu 
da xatırladır. Zümrüd quşu xeyirin şərə qarşı mübarizə  rəmzi kimi də 
nəzərdə tutula bilərdi. Məhz Azərbaycanın bütün bədii yaradıcılığında 
təcəssümləndirilən xeyir və şər anlayışı adı çəkilən süjetli xalçanın da 
ənənəvi mövzusu olmuşdur.  
Xalçada gözəlliyin təsvirinə üstünlük verilməklə yanaşı, onun 
ideyalaşdırılmasına da geniş yer verilmişdir. Çox maraqlıdır ki, XVI 
əsrin naməlum Azərbaycan sənətkarının estetik baxışları ilə  qədim 
Yunan filosofu Aristotelin estetik baxışları çox oxşar gəlir. Aristotelin 
estetik təlimində  də ideya gözəlliyin  əsas mahiyyət kimi göstərilir. 
“Daha doğrusu, gözəlliyin mahiyyəti onun kəsb etdiyi ideya ilə 

 
 
70
müəyyən olunur. Aristoteldə real predmetlər qrupunu və yaxud, 
predmetlər qruplarının vəhdətini ifadə edən anlayışlar doğru olaraq 
obyektivliklə subyektivliyin vəhdəti kimi səciyyələndirilir
 
[40, s.30]. 
Lakin bu faktor naməlum Azərbaycan sənətkarının Arestoteldən 
bəhrələnmə faktoru kimi qiymətləndirilməməlidir. Sənətkar öz 
yaradıcılığını  qədim  ənənələr üzərində qurduğundan, mifoloji 
mövzulara müraciət etdiyindən onun bədii tərtibatında  şərqin fəlsəfi-
estetik, mədəni irsinin əlamətləri nəzərə çarpır. Sujetlər yaradarkən 
predmet və hadisə qruplarının vəhdət  şəklində  təsvir olunması metal 
məmulatları üzərindəki naxışlarda da xüsusi yer tutur. Məsələn,  İran 
Azərbaycanının Silduz mahalındakı  Həsənli təpəsindən tapılmış  qızıl 
cam dünya alimlərinin diqqətini özünə daha çox cəlb etmişdir. 950 
qram ağırlığı olan qızıl camın üzərində ilk öncə üç araba şəkli diqqəti 
cəlb edir. İnək bağlanmış birinci arabanı qanadlı insan, qatır 
bağlanmış iki arabanı isə buynuzlu və başında qanad olan adamlar – 
mələklər idarə edir. Birinci arabanın qarşısında  əyninə haşiyəli paltar 
geymiş kişi dayanmışdır. Onun arxasında isə başqa iki nəfər bir cüt 
qoçu irəli çəkirlər. 
Aşağıdakı  cərgədəki təsvirlər arasında boynuna ilan dolanmış 
ovçu kişi, onun yanında isə iki çılpaq qadın rəsmi vardır. Eyni 
zamanda burada üçbaşlı əjdahanın caynağından xilas olmaq üçün əlini 
kənarda dayanmış  pəhlivana uzadan kişi təsviri gözə çarpır. Camın 
qismən aşağı hissəsində kiçik səndəldə oturmuş qoca kişi təsvir 
olunmuşdur. Bir qadın onun qarşısında dayanaraq körpə  uşağı ona 
doğru uzadır. Başqa bir kişi isə  əlində qab tutaraq üzü səndələ doğru 
dayanmışdır. Camın üzərində  yırtıcı  şiri yəhərləyib minməyə 

 
 
71
hazırlaşan gəncin təsviri də verilmişdir. Bundan başqa belində insan 
əyləşmiş uçan bir quşun təsviri də vardır. 
Camın alt hissəsi çoxlu xanalara bölünmüş,  ətrafında isə 4 dağ 
keçisinin surəti təsvir olunmuşdur.  
Arxeoloji qazıntı  nəticəsində  qızıl camı tapan Amerika arxe-
oloqu Robert Dayson onun təxminən eramızdan əvvəl IX – VIII əsrlərə 
aid olduğunu fərziyə etmişdir [38, s.147-148]. 
Deməli, predmetlər və hadisələr qrupunun təsvirinin xalq 
yaradıcılığında  ənənəyə çevrilməsi, mifoloji elementlərdən istifadə 
olunması  vərdişlərinə  hələ eramızın  əvvəllərində  təsadüf edilmişdir. 
Bu amillərin orta əsrlərdə təkrarlanması və davam etməsi isə varisliyə 
əməl olunması  ənənələrindən irəli gəlir.  Ənənənin yaranmasından 
uzun zaman keçməsinə baxmayaraq onun mövzularının bədii dəyəri 
unudulmamış, müxtəlif dövrlərdə  də seyr-tamaşa üçün, xeyir-şər 
ideyalarının tərənnümü üçün çox aktual olmuşdur.  
Ənənəvilik prinsiplərinə  əməl etmək memarlıq sənətində özü-nü 
daha qabarıq  şəkildə büruzə vermişdir. Buna görə  də müxtəlif 
dövrlərdə inşa edilən bir çox qalalar, məbədlər öz quruluşlarına görə 
bir-birinə bənzəyirlər. Hətta memarlıq sənətinin tunc dövrünə aid olan 
qədim siklon (bunlara “Oğuz qalaçaları” da deyirlər) qalaçaları da öz 
dövrünün memarlıq  ənənələri  əsasında inşa edilmişlər. Azərbaycanın 
bir çox rayonlarında aşkar edilmiş  qədim “Oğuz” qalaçalarının 
divarlarına qoyulan daşların nəhəngliyi də memarlıq ənənələrinə riayət 
edilməsindən xəbər verir. Hətta onların yüksək təpələrin üzərində 
tikilməsi də tarixi ənənə ilə bağlıdır.  
Orta  əsrlərdə isə Azərbaycan memarlıq sənətinin yeni ənənəsi 
yaranmışdır. Xüsusilə,  Əcəmi  Əbubəkr Naxçıvani Azərbaycan 

 
 
72
memarlığına təzə  nəfəs gətirmiş. Bu haqda tədqiqatçı T.Haqverdiyev 
yazmışdır: “Əcəminin böyük sənətkarlıq irsi özündən sonrakı bütün 
Azərbaycan sənətkarları üçün örnək olmuşdur. Onun yaratdığı 
ornamentlər, müxtəlif kompozisiya quruluşuna malik olan həndəsi 
bəzəklər sonrakı  əsrlərdə yaranan tikintilərdə  də  təkrar olunur” [52, 
s.33]. 
Əcəmi irsinin özünün də tarixi ənənəviliyə söykənməsi, onun 
yaradıcılığının milli bədii  ənənələrdən bəhrələnməsi haqqında bir çox 
başqa alimlər də fikirlər söyləmişlər. Məsələn, tanınmış rus alimi 
M.V.Alpatov  Əcəminin yaratdığı Mömünə Xatun türbəsi haqqında 
yazmışdır: “Belə yüksək memarlıq forması duyğusuna, 
kompozisiyasının belə klassik kamilliyinə  və mükəmməl işlənməsinə 
bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan 
türbəsindən klassik şərq  ədəbiyyatının  ən yaxşı  əsərləri – Firdovsinin 
“Şahnamə” (X – XI əsr) və Nizaminin “Leyli və  Məcnun” (XII əsr) 
poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir” [8, s.248-249]. 
Ənənəvilikdə yaranan yeniliklər dialektik inkişaf qanunları 
əsasında baş verir. Hər  şey ibtidai rüşeym üzərində  təşəkkül tapır. 
Lakin bu təşəkkül kor-koranə köhnəni təkrarlamaqdan ibarət deyildir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin