FƏCR – dan yeri ağaran vaxtdır. Bu
vaxtdan başlayaraq günəş doğana qədər
vacib olan sübh namazı qılınmalıdır.
FƏQİH – fiqh alimi və ya İslam
hüququnun mahir bilicisidir. Müstəqil
olaraq hüquqi hökmlər verə bilən fəqihlər şiə
məzhəbində müctəhid adlanırlar. Onlar başqa
müctəhidlərin hökmlərindən asılı deyillər,
yalnız İslam mənbələrinə istinad edərək öz
hökmlərini çıxarırlar. Adi fəqih müctəhid
dərəcəsinə çatmayıbsa, hüquqi hökmləri irəli
sürərkən müctəhidlərin hökmlərinə istinad
etməlidir. Fəqihin verdiyi hüquqi hökm fətva
adlanır.
İslamın ilkin dövrlərində fəqihlər
Məhəmməd peyğəmbərin yanında çox vaxt
keçirmiş və dərin elmi biliyə sahib səhabələr
olmuşdurlar. Bəzi rəvayətlərə görə onların
91
FƏQİH
sayı 130-a yaxın olmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından az sonra onun
səhabələrinin, eləcə də onların
davamçılarının adları ilə bağlı olmuş fiqhi
məzhəblər yaranmağa başlamışdır. Sonralar
onlar inkişaf etmiş, ortaya öz metod və sis-
temlərini qoymuş və fiqhdə öz ənənələrini
yaratmışdırlar. Bu məzhəblərin bir çoxu
günümüzə qədər gəlib çatmamışdır. İndi İs-
lamda Hənəfi, Maliki, Şafii, Hənbəli, Cəfəri,
Zeydi və Zahiri kimi fiqhi məzhəblər
mövcuddur.
FƏQİRLƏR – yoxsulluq və ehtiyac
içində yaşayan insanlardır. Onlar haqqında
Quranda ayələrə rast gəlmək mümkündür.
İslama görə zəkatı verə bilməyən müsəlman-
lar yoxsul hesab edilirlər. Zəngin müsəlman-
lar zəkat, eləcə də digər mal varlıqlarından
düşən payı bu insanlarla bölüşməlidirlər
(Quran, 9: 60). Yoxsul müsəlmanlar qurban
kəsməkdən də məsul deyillər. Fəqir sözünü
geniş anlamda bütün insanlara da aid etmək
olar. Çünki onlar Allahın varlığından asılıdır-
lar (Quran, 35: 15). Beləliklə, hamı yoxsul-
dur, yalnız Allahın heç nəyə ehtiyacı yoxdur.
Sufilərə görə bütün maddi və mənəvi hər
bir şeyin Allaha ehtiyacı vardır. Bunu an-
layan hər bir insan özünün yoxsul olduğunu
dərk edir. Buna görə də onlar “yoxsulluq”
sözünü və tərki-dünyalıq anlamında da başa
düşürlər.
İki növ yoxsulluq vardır: maddi və
mənəvi. Bunu dərk edən mənəviyyatlı insan
özünü yoxsul hiss edir. Bu yoxsulluq
duyğusu insanı var-dövlətin köləsinə
çevrilməkdən qoruyur. Ancaq zəngin ol-
masına da əngəllər yaratmır.
FƏLƏSTİN – Aralıq dənizinin şərqində
yerləşən tarixi bir ərazidir. Miladi tarixlə m.
ö. III minillikdə orada kənanlılar adlanan
sami xalqı yaşamışdırlar. Buna görə əvvəllər
bu yerlərə Kənan eli də deyilmişdir. Sonra
buranı fələstinlilər ələ keçirmiş və onlar bu-
rada inkişaf etmiş bir qövmə çevrilmişdirlər.
Onların əsas məşğuliyyəti gəmiçilik olmuş-
dur.
Tarixi mənbələrə görə onlarla yanaşı bu-
rada İsrail oğulları da yaşamışdırlar. Sonra
onların çoxu Misirə köçmüşdür. Sonralar
onlar yenə də Fələstinə qayıdıb yerli
xalqlarla savaşmış, onları məğlub etmişdilər.
Daha sonra İsrail oğullarından Davud və Sü-
leyman orada güclü bir dövlət yarada
bilmişdirlər. Ancaq sonralar bu ölkə gücdən
düşmüş, İsrail və Yəhudiyyə adlanan iki
ölkəyə parçalanmışdır. Sonra İsrailin var-
lığına Assur imperiyası son qoymuşdur.
Yəhudiyyəni isə bir neçə əsrdən sonra ba-
billilər darmadağın edərək əhalisini sürgün
etmişdir.
Makedoniyalı İsgəndərin hakimiyyətin-
dən sonra bu yerləri onun varisləri olan Se-
levkoslar idarə edirdilər. Sonralar isə bu
ölkəni romalılar ələ keçirmişdirlər. Onlara
qarşı yəhudilərin bir neçə üsyanı uğursu-
zluqla nəticələnmişdir. Bundan sonra roma-
lılar onların əksəriyyətini yenə də sürgün
etmişdir. Bununla da, yəhudilərin o yer-
lərdəki dövlətçilik ənənəsi sona çatmışdır.
Sonralar bu yerlər bizanslıların, daha
sonra isə Osmanlıların hakimiyyəti altında
olmuşdur. Birinci dünya müharibəsindən
sonra Fələstin ingilislərin əlinə keçmiş,
1948-ci ildə isə burada İsrail dövləti
yaradılmışdır. Bununla yanaşı orada ərəb
fələstinlilərinin də muxtar vilayəti vardır.
FƏLSƏFƏ – yunancadan alınma söz
olaraq fəlsəfə hikmət sevgisi deməkdir. Yəni
müdrikliyə yönəlmək anlamında istifadə
edilir. Orta əsrlərdə antik filosofların metod-
larına istinad etmiş filosofların əsərlərini və
düşüncələrini bu sözlə ifadə edirdilər. Ən
qədim dövrlərdən başlayaraq Yaxın Şərq və
Aralıq dənizinin cənub sahillərində yerləşmiş
bölgələrdə elmlə bərabər fəlsəfi düşüncə də
92
FƏQİRLƏR
inkişaf etmişdir. Müsəlmanların bu yerlərə
gəlişinə qədər burada aristotelizm, platonçu-
luq, pifaqorçuluq və yeni platonçuluq kimi
fəlsəfi məktəblər geniş yayılmışdır. O zaman
yunan və Yaxın Şərq mədəniyyətlərinin sin-
tez olduğu yer Suriya dünya fəlsəfi
düşüncəsinin inkişaf etməsində çox böyük
rol oynamışdır. Porfirius, Yamblix kimi yeni
platonçular bu bölgədən çıxmışdılar. Orada
antik dövrün sonlarında Edessa şəhərində
böyük fəlsəfi məktəb yaranmışdır.
Xristianlığın Roma imperiyasında (xü-
susilə, onun Şərq bölgələrində) ölkənin rəsmi
dininə çevrilməsindən sonra, din adamları
imperatorluğun hakimiyyət dairələri ilə bir-
likdə bu dinlə rəqabət apara biləcək hər hansı
ideya və inanclarla barışmaz savaş
aparmışdırlar. Beləliklə, ölkə başçıları ilə an-
laşmaya gəlmiş Xristian kilsəsinin
davamçıları, antik fəlsəfi irsə ağır zərbələr
endirmişdirlər. Bir-birinin ardınca bütün fəl-
səfi məktəblər bağlanmış, filosoflar isə təqib
olunurdular. Fəlsəfi kitablar tonqallarda
yandırılırdı. Afinada yerləşmiş o dövrün so-
nuncu elm ocağı olmuş yeni platonçuların
məktəbi də məhz 529-cu ildə imperatorun
əmri ilə bağlanmışdır.
İmperiyada hakim din olan Ortodoks
(Pravoslav) kilsəsinin təlimi ilə tam və ya da
qismən razılaşmayan digər xristian
məzhəblərinin davamçıları da təqib olunur-
dular. O zaman filosofların çoxu artıq xris-
tianlığın monofizit və nestorian təriqətlərini
qəbul etmişdilər. Bu təriqətləri isə rəsmi kilsə
tanımamış, davamçılarını “heretik” (yollarını
azmış) adlandırılmışdılar. Belə bir ağır du-
rumda yalnız Suriyanın Edessa şəhərində bir
fəlsəfi məktəb fəaliyyətini davam edirdi.
Xristianlığın Roma imperiyasında tam
qələbə çalmasından sonra da bu məktəbin
ənənələrini rəsmi kilsə tərəfindən “heretik”
adlandırılmış nestorian xristianları qoruyub
saxlayırdılar.
Ağır təqiblərdən qorunmaq üçün yeni
platonçular, aristotelçilər və digər fəlsəfi
məktəblərin davamçıları İrana köçüb bir
müddət orada fəaliyyət göstərdilər. İranın
Sasani sülaləsindən olan şahları Romadan
qaçdıqlarına görə onları dəstəkləyirdilər.
Beləliklə, İranın ayrı-ayrı şəhərlərində, bir
zamanlar antik fəlsəfi və mədəni irsi qoruyub
saxlayaraq inkişaf etdirmiş elmi və fəlsəfi
məktəblər mövcud olmuşdur. V – VI əsrlərdə
Nüseybin və Nişapur şəhərlərində yerləşən
məktəblər (akademiyalar) çox tanınmışdılar.
Burada riyaziyyat, astronomiya, tibb,
coğrafiya kimi elmlər öyrənilirdi. Nestorian
xristianları da antik fəlsəfi və elmi irsin
qoruyucuları hesab edilirdi. Onlar Bizansda
xristian təəssübkeşlərindən qurtulmuş bir çox
yazılı əsərləri yunan dilindən Suriya və Fars
dilinə tərcümə etmişdirlər.
Müsəlmanlar Yaxın Şərqi və İranı ələ
keçirəndən sonra bu məktəblərin inkişafı
üçün daha da əlverişli şərait yaranmışdır.
Orta əsr xristian alimlərindən fərqli olaraq
erkən İslam ölkələrində filosofları təqib et-
məmişdirlər. Üstəlik böyük surətlə inkişaf
edən müsəlman cəmiyyətləri Avropa
ölkələrini geridə qoymuşdular. Beləliklə,
İslam mədəniyyətində antik dövrün
dünyagörüşünə maraq artmağa başlamışdır.
Müsəlman mütəfəkkirləri antik fəlsəfi is-
tiqamətlərlə tanış olmuş, əsərlərində onlara
istinad etmiş, filosofların metodlarını
yenidən istifadə etməyə başlamışdırlar. Üstə-
lik o dövrlərdə İslam dininin bir çox müd-
dəalarına yeni baxışların tətbiq edilməsi
ehtiyacı da duyulurdu. Çünki, İslam dünya
dininə çevriləndən sonra müsəlmanlar öncəki
zamanlarda rast gəlmədikləri nəzəri və
hüquqi problemlərlə üzləşməyə başla-
mışdılar. Onları isə yalnız Quran və hədis-
lərə müraciət etməklə həll etmək olmurdu.
Buna görə də, yeni metodlar işlənməli idi.
Bundan başqa dini müddəalar sistem-
ləşdirilməli, tənqidçilərin cavabları verilməli
idi. Bütün bu kimi problemlər bəzi fəlsəfi
93
FƏLSƏFƏ
metodlarının dini elmlərdə istifadəsi ilə həll
edilirdi. Beləliklə, müsəlman ilahiyyatında
kəlam (I) elmi formalaşmışdır. Burada əsasən
fəlsəfi metodlardan istifadə edərək dinin
əsaslarını izah edilməyə və ya irəli sürülən
iradlar cavablandırılmağa çalışılırdı.
Beləliklə müsəlmanlar Antik Yunan, İran
və Hind fəlsəfələrinin metodlarını mənim-
səmiş, onları inkişaf etdirmişdirlər. Fəlsəfəni
inkişaf etdirən müsəlman filosoflar eyni za-
manda İslam dininin prinsiplərinə də müna-
sibət bildirmişdirlər. Ancaq, dini elmlərdən
fərqli olaraq fəlsəfi metodlar təkcə müqəddəs
kitabların deyil, həmçinin düşüncənin dəlil-
ləri üzərində qurulmuşdur.
Beləliklə, Orta əsr İslam cəmiyyətində bir
yandan müqəddəs kitabların üzərində quru-
lan kəlam, təfsir, fiqh kimi dini elmlər, digər
tərəfdən isə məntiqi dəlillərə əsaslanan fəl-
səfə, riyaziyyat və təbiət elmləri inkişaf
edirdi.
Müsəlmanlar dünyanın bir çox yerlərinə
hakim olduqdan sonra, Xilafətdə surətli
inkişaf müşahidə olunmuşdur. O zaman
yunan, süryani, eləcə də başqa dillərdən
müxtəlif fəlsəfi və elmi əsərlərin ərəb dilinə
tərcümə edilməsi dövrü başlamışdır. Bu
proses o dövrdə Abbasi Xilafətinin paytaxtı
və dünyada mədəniyyət mərkəzlərindən biri
olmuş Bağdad şəhərində surətlə inkişaf
edirdi.
Ən görkəmli orta əsr müsəlman
filosofları Əl-Kindi, əl-Fərabi, İbn Sina, İbn
Rüşd və s. olmuşdurlar. Orta əsrlərdə fəlsəfi
düşüncənin inkişafından sonra müsəlman fəl-
səfi fikri obyektiv səbəblər üzündən zəi-
fləmişdir. Sonrakı dövrlərdə isə müsəlman
dünyasında parlaq fəlsəfi fikirlər artıq irəli
sürülməmişdir.
FƏNA – sufi təlimində insan “Mən”inin
Tanrıda əriməsidir. Fəna çox az insanlar
üçün açılan mənəvi yolun ən yüksək
zirvələrindən biridir. Bəzi sufilərin dedik-
lərinə görə bu durumda olanın mahiyyəti itir
və o, Tanrıda əriyərək yox olur. Ancaq
ənənəvi İslama yaxın olan sufilər fənada in-
sanın xüsusiyyətlərinin çoxu itirilsə belə, in-
sanın “mən”inin qalmasını iddia edirlər. Bu
duruma zikr, eləcə də digər ülvi və yüksək
duyğular vasitəsi ilə ucalmaq mümkündür.
Beləliklə, fənada sufi öz yoxluğunu və yalnız
Tanrının var olduğunu duyur. O insan
mahiyyətini itirir, nə etdiyini bilmir. Bu du-
rumda olan sufi onun təriqətində olan digər
insanlara qardaşlıq duyğusu bəsləyir, onların
istəklərini öz istəklərindən yüksək hesab edir.
Eyni zamanda fəna durumunda olan sufi
şeyxinə bağlı olmalı, öz istəklərini onun
istəklərinə tabe etməlidir.
FƏRZ – edilməsi vacib olan dini əmr-
lərdir. Quranda və mütəvatir hədislərdə olan
və heç bir şübhə doğurmayan Allahın
buyruqlarıdır. Bu söz Quranın bir-çox
ayələrində (33: 38, 2: 197, 3: 60, 2: 236, 4:
118) anılmışdır. Termin kimi daha çox Hənəfi
məzhəbində işlədilir. Məsələn, müsəlmanın
gündəlik beş vaxt namazının qılınması, Ra-
mazan ayında orucun tutulması fərzdir. Bun-
ları edənlər Allah qarşısında böyük savab
qazandıqlarını, etməyənlərin isə Onun
mərhəmətindən uzaq qaldıqlarını iddia
edirlər. Bilərəkdən Allahın fərz buyur-
duqlarını tanımayanlar İslamdan çıxmış
sayılırlar.
Hənəfi məzhəbində fərzlər ikidir: 1.
Fərzül-Əyn – bu Ramazan ayında orucun tu-
tulması, namazların qılınması kimi
ibadətlərdir; 2. Fərzül-Kifayə – bu cənazə na-
mazının qılınması, cihad kimi əməllərdir.
Onları müsəlmanların hamısı deyil, yalnız
bəziləri yerinə yetirməlidirlər.
FƏSAD – öncə yararlı olan, sonra isə
korlanmış bir şey və ya hadisədir (Quran,
2: 11). Bu söz hər bir anlayış üçün istifadə
edilə bilər. “Fəsad” sözünün mənasi “fasid”
94
FƏNA
sözünün anlamına yaxındır. Bu termin daha
çox hənəfi fiqhində istifadə edilir.
FƏTVA – fiqhdə müsəlmanların gündə-
lik həyatları ilə əlaqədar və ya hər hansı
dini məsələdə din aliminin çıxardığı dini
hökmdür. Sünni məzhəblərində bu problem-
ləri həll edən alim “müfti” adlanır. Erkən
dövr İslam tarixində də hökmlər verilmişdir.
Səhabələr onları maraqlandıran problemləri
Məhəmməd peyğəmbərdən soruşurdular. O
isə bəzi səhabələrinə fətva verməyə icazə
vermişdir. İstisna hallarda qadınlar da fətva
verə bilərlər.
Məhəmməd peyğəmbərin vəfatından
sonra onun bilikli səhabələri müxtəlif dini
problemlər üzrə hökmlər vermişdilər. Raşidi
xəlifələr, eləcə də Əməvi xəlifəsi Ömər ibn
Əbdül-Əziz kimi ölkə başçıları hökmdarlar
olmaqla yanaşı, həm də dini lider olmuş-
durlar. Ancaq, sonrakı illərdə bu vəzifələr
bir-birindən ayrılmışdır. Daha sonra hüquq
məzhəbləri yaranmışdır. Onların verdikləri
bütün bu hökmlər xüsusi məcmuələrdə bir
araya yığılaraq İslam qanununu zəngin-
ləşdirmişdirlər. Bu da artıq həllini tapmış
hüquqi problemlərə bir daha qayıtmamaq
məqsədi güdürdü. Sonra bu toplular sistem-
ləşdirilərək daha fundamental kitablara
çevrilmişdir. Bundan sonra bütün fəqihlər
müxtəlif hüquqi problemlərinin həllində,
eləcə də hökmlərin verilməsində bu kitablara
müraciət edirdilər.
FƏZL İBN ABBAS – Məhəmməd
peyğəmbərin əmisi oğlu, eləcə də səhabəsi
olmuşdur. O, İslamı Bədr döyüşdən bir
qədər əvvəl qəbul etsə də, bunu açıq
bildirməmişdir. Müsəlmanlar Məkkəni fəth
etməzdən az əvvəl Fəzl atası Abbasla Mə-
dinəyə köçmüşdür. Fəzlin qatıldığı ilk
müharibə Məkkənin fəthi olmuşdur. Bundan
sonra o, Hüneyn döyüşündə də iştirak et-
mişdir. Fəzlin ölümü haqqında dəqiq
məlumat yoxdur. Ehtimallara görə o, Bizans
ordusu ilə Suriya uğrunda gedən döyüşlərdə
həlak olmuşdur. Ancaq onun öz ölümü ilə
öldüyü haqqında da rəvayətlər vardır.
FEY – İslam dövlətinin geyri-müsəl-
manlardan aldığı cizyə, xərac və ticarət
malları vergilərinin ümumi adıdır. Xəlifə
Ömər fey gəlirlərini müsəlmanlara biri ildə
bir dəfə olmaqla pul, digəri isə hər ay ərzaq
olmaqla iki formada dağıtmışdır. Fey kəlməsi
Quranda (Əhzab 33: 50; Həşr 59: 6, 7) “ qə-
nimət olaraq vermək” mənasında istifadə
edilməkdədir.
FİDYƏ – vacib olan hər hansı bir dini
ayinin icra edilməməsinə görə verilən
vergidir. Məsələn, müsəlman xəstəliyi və ya
qocalığı səbəbindən Ramazan ayında oruc
tutmamağına görə fitrə zəkatının məbləğində
fidyənin ödənməsidir. Fidyə haqqında
Quranda da ayə vardır (2: 184). Buraxılan
oruc günləri üçün fidyə vermiş xəstə
sağalarsa, o günlərin əvəzinə oruc tutmalıdır.
FİQH – İslam hüququ bu sözlə ifadə
edilir. İslam ənənəsində hüquqçular isə
“fəqih” adlanırlar. Fiqh sözü “anlamaq” mə-
nasında Quranın bir-neçə ayəsində işlədilir
(4: 78). Bəzi hədislərdə də fiqh sözü
keçməkdədir. Bu ayə və hədislərdən
göründüyü kimi Məhəmməd peyğəmbərin
sağlığında “fiqh” sözü dinin müxtəlif aspek-
tlərində dərin bilik anlamında istifadə
edilirdi. Onun zamanında, eləcə də sonrakı
onilliklər boyu “fiqh” sözü dini dərindən an-
lamaq və bilik mənalarında işlənmişdir.
Zaman keçdikcə, bu söz daha geniş
anlam daşımağa başlamışdır. İnsan-
cəmiyyət, insan-tanrı münasibətləri bu sözün
ifadə etdiyi dərin məna altında izah edilməyə
başlanılmışdır. Peyğəmbərin sağlığında,
onun əhli-beyti və səhabələrinin dövründə də
belə olmuşdur. Ancaq zaman keçdikcə,
95
FİQH
çözülməli olan yeni problemlər ortaya
çıxmışdır. Buna görə də, müsəlman hüquqçu-
ları fiqh elmini daha da sistemləşdirmiş, bu
səbəbdən də bu elm olduğu kimi günümüzə
gəlib çatmışdır.
İslam hüququnun sistemləşdirilməsi pros-
esi bir neçə tarixi dövrdən keçmişdir.
Məhəmməd peyğəmbərin sağlığında İslam
hüququnun başlıca qaynaqları olan Quran və
hədislər meydana çıxmışdır. Bundan sonra
peyğəmbərin əhli-beyti və səhabələri
endirilmiş ayələri təfsir etmiş, onların mə-
nalarını açıqlamağa cəhd etmişdirlər. Daha
sonra fəqihlər İslam hüququnun əsaslarını
işləyib onu sistemləşdirmişlər. O zaman İraq
və Hicazda iki əsas fiqh məzhəbləri yaran-
mış, onların metodları digərlərindən fərqlən-
mişdir. Onlara Əshabül-Hədis
və
Əshabür-Rəy deyirlər. Sonra onların metod-
ları bir-birinə yaxınlaşmışdır. Bu zaman fiqh
fundamental hüquqi sistemə çevrilmişdir.
Beləliklə, hicrətin III əsrinə qədər Hənəfi,
Maliki, Şafii, Hənbəli, Zeydi, Cəfəri və Zahiri
kimi müxtəlif hüquq məzhəbləri ortaya
çıxmışdır.
İslam hüquq məzhəblərində bütün hüquqi
hökmlər Quran və hədislərə əsaslanaraq
çıxarılır (birbaşa, ya da dolayı). Ayələrdə
olan əmrlər isə Allahın qanunu olduğundan,
heç kim onları ortadan qaldıra bilməz.
Bununla İslam hüququ digər bütün hüquqi
sistemlərdən fərqlənir. Əgər İslam
hüquqçusu bu və ya digər problemin həllini
birbaşa Quran və hədislərdə və ya İslam al-
imlərinin icmasında tapmazsa, onda o qiyas,
istihsan, örf kimi başqa hüquqi metodlarına
müraciət edə bilər.
Fiqh üç əsas hissəyə bölünür: Birincisi in-
sanın Allah qarşısında olan vəzifələri və
öhdəlikləri ki, buna ibadət deyilir; İkincisi
müamilədir ki, burada insanın cəmiyyətlə
qarşılıqlı əlaqələrinə baxılır; Üçüncüsü
üqubətdir və burada hüquq pozuntularına
görə cəzalandırma məsələlərinə baxılır.
Fiqh sahəsində çalışan alimlərə fəqih
deyilir. Onlar ərəb dilini, fiqhin qaynağı olan
Quranı, hədisləri, eləcə də hər hansı bir
məsələ üzrə alimlərin rəy və qiyas metodunu
bilməlidirlər. Tələblərə görə fəqihlərin
möhkəm inancı, dərin biliyi və gözəl əxlaqı
olmalıdır.
FİRDÖVS_–_bax:_CƏNNƏT._FİRON_–_qədim_Misir_hökmdarlarının__adıdır.'>FİRDÖVS – bax: CƏNNƏT.
FİRON – qədim Misir hökmdarlarının
adıdır. Onlardan bəziləri Quranın bir-neçə
yerində anılmışdır (7: 103). Quranda adı çək-
ilən Firon isə özünü tanrılaşdıraraq Musa
peyğəmbər və onun xalqını ağır təqiblərə
məruz qoymuşdur. Həmin Firon Musanı
peyğəmbər kimi tanımamış, ona inam
gətirənləri Misirdən çıxmağa məcbur et-
mişdir. Ancaq sonda Firon möcüzə ilə
dənizdə boğulmuşdur. O an bağışlanmasını
Allahdan diləsə də, Allah onu bağışla-
mamışdır.
FİTRƏ – Orucluq bayramının birinci
günü girməmiş yoxsul müsəlmanlara ver-
ilən sədəqədir. Onun verilməsi şəriətdə
vacibdir. Ev başçısı himayəsində olan hər bir
kəs üçün onların yaşlarından asılı olmayaraq
fitrə zəkatını ödəməlidir. Yığılan sədəqələr
bütövlükdə yoxsul olan bir müsəlmana və ya
bölünərək onlardan bir neçəsinə verilə bilər.
Fitrənin buğda, arpa, xurma kimi məhsulla
verilməsi də məqbul hesab edilir. Ancaq,
müasir dövrdə fitrənin pulla verilməsi daha
doğrudur. Bu fitrə zəkatının verilməsindən
əsas məqsəd ondan ibarətdir ki, bayram günü
yoxsul müsəlmanlar da ailələrində bayramı
qeyd edə bilsinlər.
96
FİRDÖVS
G
GİJDUVANİ ƏBDÜL-XALİQ
(595/1199 ildə vəfat etmişdir) – “Hvacaqan”
adlı sufi təliminin yaradıcısıdır. Sonra bu
təlim nəqşibəndi təriqətinin içində yer
almışdır. Əsl adı Xoca Əbdül-Xaliq ibn
Əbdül-Cəmil Qijduani olmuşdur. O, Buxara
şəhəri yaxınlığındakı Qijduvan kəndində
doğulmuşdur. Mənəvi yolunu görkəmli sufi
Əbu Yaqub Yusif Həmədaninin başçılığı al-
tında keçməyə başlamışdır. Qijduvani şəriətə
önəm verən sufi olmuş, ayrı-ayrı sufi
təriqətlərinin İslama gətirmək istədikləri
bidətləri pisləmişdir. O, ucadan söylənilən
cəhri zikrinə qarşı çıxıb, səssiz söylənən hafi
zikrlərə üstünlük verirmiş, sufilərin sığınacaq
yerləri olan təkkələrin tikilməsinə qarşı ol-
muşdur.
Qijduvani hakimiyyət və var-dövlətdən
imtina etmiş, tərki-dünya, sadə yaşamağa
üstünlük vermişdir. Günümüzə qədər onun
tərəfindən yazılması ehtimal olunan “Təriqət
risaləsi” kimi bir-neçə əsərləri gəlib çat-
mışdır. Qijduvaninin təliminin səkkiz başlıca
prinsipi nəqşibəndi təriqətində bu gündə
izlənilməkdədir. Ancaq, nəkşibəndilikdə bu
prinsiplər daha da inkişaf etdirilmişdir.
GİLANİ ƏBDÜLQƏDİR
– bax:
QADİRİLƏR.
GÜNAH – Allahın və peyğəmbərinin
yasaq buyurduqları işləri görmək və ya on-
ların görülməsini istəməkdir. Ümumiyyətlə,
ağıllı və yetkinlik yaşına çatmış insanlara
qadağan olunmuş əməllərin törədilməsi
günah hesab edilir. İslam alimlərinə görə
Allah qarşısında günahları səbəbi ilə tövbə
edən müsəlman bağışlana bilər. Çünki,
Qurana (42: 25) görə Allah qarşısında tövbə
edən insan bağışlanılır.
İslamda günahlar böyük və kiçik günah
olmaqla iki yerə bölünür (Quran 4: 31). Ən
böyük günah Allaha şirk qoşmaqdır. Hər
hansı bir canlı və ya cansız varlıq Allaha
bərabər sayaraq ona tapınılırsa, bu əməl ən
böyük günah hesab edilir(Quran 4: 116).
Bütün digər günahlar ağırlıq yükünə görə bu
günahdan yüngül dəyərləndirilir. Bundan
başqa insan öldürmək, əxlaqsız davranmaq,
dinin müddəalarını və ya peyğəmbərləri
inkar etmək kimi günahlar da böyük gü-
nahlardan hesab edilir.
Kiçik günahlar nisbətən yüngül günahlar
olsa belə, onlardan da çəkinmək lazımdır.
Hesab olunur ki, kiçik günahlar böyük gü-
nahlara yol açır. Buna görə də, kiçik günahı
etmiş hər bir müsəlman Allah qarşısında
tövbə etməlidir.
İslam ilahiyyatına görə günahsız insan
yoxdur. Yalnız peyğəmbərlər (şiəlikdə həm
də əhli-beyt) günahsız hesab edilirlər. On-
ların yalnız kiçik yanlışlıqlara yol verə
biləcəkləri ehtimal olunur. Hansı ki, bu yan-
lışlıqlar insan təbiətindən irəli gələn kiçik
xatalardır. Bu yanlışlıqları da Allah
bağışlamışdır.
Xristianlıqda olduğu kimi insanların
doğulduqları andan başlayan “ilkin günah”
anlayışı İslamda yoxdur. İslama görə bütün
insanlar təmiz və günahsız dünyaya gəlirlər.
Onlar günahları yalnız həyatları boyu
qazanırlar.
Müsəlman ilahiyyatçılarının əksəriyyət-
inə görə dinin əsaslarını qəbul edib yerinə ye-
tirən insan günah etsə də, o dinsiz hesab
olunmur, sadəcə günahkar müsəlman olur.
Ancaq, bu məsələ haqqında İslamda fərqli
görüşlərdə də olmuşdur. Məsələn, xaricilər
böyük günah etmişləri dindən çıxmış
sayırdılar. Mütəzililər onların inancla inanc-
sızlıq arasında qaldıqlarını, mürciilər isə
əməllərin inancla heç bir əlaqəsinin ol-
madığını qeyd edərək günahkar müsəlmanı
mömin hesab etmişdirlər.
97
Dostları ilə paylaş: |