AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə16/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

ARVADIN ELƏSİ DƏ VAR, BELƏSİ DƏ

O dövrün padşahı getmişmiş sahəyə gəzməyə. Görüllər ki, bir sahədə ceyran gəzir. Padşah deyif ki, bunu diri tutajeyih. Elə halqaya salın ki, bunu diri tutağın. Demə bu ceyran da insanmış, cildə girib gəzirmiş. Bunu halqaya salırlar. Ceyran elə sıçrıyır həmən padşahın başının üsdünnən keçir, qaçır. Padşah deyir, heş kəs gəlməsin, mən özüm gedəjəm. Atı vurur girir meşəyə. Gedir görür ki, bir qalaça var. Görür ki, bunun qabağına bir qız çıxdı. Deyir, siz kimsiniz? Deyir, əmim oğlu da var, gələjəh. Qadın bunu buraxmır. Qabağı axşama gedir. Elə bu heydə əmisi oğlu da gəlir. Padşah görür ki, bu qadının yanına ayrı bir adam gəldi, qara hindi pəhlivanmış. Əmisi oğlunu öldürtdürür. Padşah qıvrıla-qıvrıla qalıf ki, mən neyniyim, Malik Əjdər gəlmədi. Elə səhərə yaxın Malik Əjdər gəlir. Malik Əjdər hindi pəlivanı öldürür. Öldürənnən sora Malik Əjdərə əmr eliyir ki, mənim qələmim işdiynən yerdə nə qədər arvad var öldürürsən. Bu gəlif evə girəndə deyir, mən qabaxca gərək anamı öldürüm, bajımı öldürüm, yavaş-yavaş gedim çıxım hərəmxanaya. Bu anasının yanına gəlir, elə anasını vurmaq isdiyəndə anası buna bir şillə vurur. Bu şilləynən yıxılır yerə. Padşah qırx gün də vaxt verifmiş. Atası gəlir bu hak-hesabı bilənnən sora deyir, dəbərmə. Vaxt gələndə mən gedib padşahı yola verərəm.

Vaxt gəlir, padşah səfərdən qayıdanda görür qız-gəlin hamısı gəzir. Əmr eliyir ki, Malik Əjdər bura gəlməlidi, onun boynu vurulmalıdı, mənim əmrim pozulub. Meydanı düzəldirlər. Malik Əjdər atasını alır dalına, gəlir məclisə. Padşah deyir, deyəsən ataa maa möhür gətirmisən. Atası deyir, yox, mən özüm gəlmişəm. Sizin əmrinizi yerinə yetirməyə mən qoymamışam. İcazə ver bir söhbət eliyim. Yadındadı, sənin dədən padşah olanda mən hələ cavanıdım, mənnən böyük qırx pəhlivanı varıdı. Hər gecə atanın bir pəhlivanını götdülər apardılar. Qırxıncı gün məni apardılar. Qapıdan çıxanda arvad dedi, əşi, paltarını geyin. Paltarımı geyindim, çomağımı götürdüm. Atı mindim düşdüm bunun qabağına. Çıxanda dedi, Malik Əjdər, dalımca gəl. Mənim də çomağımın yeddi put ağırrığı var. Söhbətdi da, bir az şişirtmə ola bilər. Getdik, dedim, bu məni hara aparır ə? Bu qabaxda mən dalda, bunun başına bir ağac vurajam. Ağacı vurdum. Dedi, İbrahim Əjdər, zarafat eləmə. Dağın döşündə bir qalaça vardı. Dedi ki, mən otuz dokquz pəhlivanı çağırmışam, alt paltarında çıxıflar qabağıma. Gətmişəm öldürmüşəm. Dağın o tərəfində mənim bir düşmənim var, əmim oğlunu öldürüf. O düşməni öldürməyə gedirəm. Sən burda qalırsan, mən gedirəm ora. Birinci nərəm gəlsə, bil ki, çatmışam. İkinci nərəm gəlsə, tutaşmışıx. Üçüncü nərəm gəlsə, bil ki, sağam. Amma gəlməsə, bil ki, məğlub oldum. Bu getdi. Birinci nərədə dedim, mən niyə durmuşam ə. Qaşdım, deyir, gördüm tutaşıflar. Gördüm buna qalib gəlir. Mən əlimi atdım onun ayağını dartdım belə, məni gətirən pəhlivan bunu yıxdı. Başın kəsif duranda görür ki, mən buna kömək eləmişəm. Durdux gəldik evə. Dedi, qalassan burda. Mən deyir, burda qalanda gördüm bu keşdi anki otağa. Bu keşdi, mən keşdim, bu keşdi, mən keşdim, axırıncı otaxda gördüm bir cinaza var, içərisində də bir meyid var. Burda da paltarın dəyişdi, oldu bir qadın. “Əmioğlu, qanı aldım” – deyif özünü öldürmək isdiyirdi. Mən, deyir, arxadan qujaxladım bərk, qoymadım ölməyə. O da durdu maa ərə gəldi. Malik Əjdər də onnan olandı. Anası ona bir şillə vuruf, qırx gün özünə gələ bilmiyif. Qurunun oduna yaşı yandırmağ olmaz. Padşah da onu bağışdıyıf.


  1. HƏLLAC ŞAH ABBAS

Bunu Surxay dayım deyərdi. Günnərin bir günündə Şah Abbas dərviş libasında Vəzir Allahverdi xanı da yanına alıf çıxarmış əyaləti gəzməyə. Qəsidə oxuyarmışdar, harda kasıb var onun evində qalarmışdar. Şübhəsiz ki, bu dərvişdər imam evladı hesab olunur, o vaxdın kasıbları da onnara kömək eliyərmişdər. Belə olanda səhər ertə qayıdırlar. Qayıdanda görüllər kəndin kənarında sərvi boylu qız əlində ağac naxırdan ayrılanı geri qaytarır, ayrılanı geri qaytarır. Deyir ki, vəzir, necə də gözəl qızdı, necə də ismətlidi. Get gör o naxıra gedir, nədi. Niyə o malı qaytarır? Gedir deyir:

– Qızım, niyə bu malı o yana, bu yana yığırsan?

Deyir:


– Mənim atam naxırçıdı, əmi. O çay-çörəyin yeyincə mən qoymuram malı dağıla.

Deyir:


– Hə.

Qayıdır padşaha xəbər verir, yola düzəlirlər. Deyir ki, əyə, onu alıb aparacam saraya. Onun duruşunnan, cavabınnan çox razı qaldım. Gedirlər, Vəzir Allahverdi xanı səhər elçiliyə göndərir naxırçının evinə. Naxırçı deyir ki, bala, ərə getməli qızdı da, çağırax, görək nə deyir. Qız gəlir pərdənin dalına. Deyir ki, əmi can, o padşahın bir sənəti var? Deyir:

– Xeyir, qızım. Sənəti elə padşahlıxdı.

Deyir ki, bəlkə səhər camaat seçmədi, onda nolacax? Acından öləcək? Bəs onun bir sənəti olmalıdır ki, ayləsinə çörək qazansın. Kişini fikir götürür. Qız deyir ki, yox, getmərəm, sənətsiz adama getmərəm. Kişi çıxır gedir.

Padşah görür vəzir gəlir, alt dodağı yer süpürür, üsd dodağı göy. – Ə, bu niyə bekafdı? Deyir, nədi, nə oluf sənə, elə bil gəmin batıf?

Dedi:


– Əşi, gəlmədi qız. Dedi, sənəti yoxdu.

Dedi:


– Mən dedimmi ki, onda bir hikmət var. Çox düz deyir. Bəlkə səhər məni camaat seçmədi, mən acınnan ölməliyəm?

Belə olanda padşah deyir, mən nə sənət öyrənə bilərəm innən sora. Vəziri, vəkili, əyan-əşrəfini yığır. Deyir ki, ay ağsakqallar, mən nə sənət öyrənim, mən mütləq o qızı almalıyam. Çox fikirrəşillər, deyillər, həllac. (Bilmirəm, görmüsüz, görməmisiz, mən çox görmüşəm. Uzun gitara kimidi, o tərəfi də tarın aşığı kimidi. Ordan qoyunun acı bağırsağını doluyurlar, onu tarıma verif sərirlər, o quruyur elə olur ki, nə qədər vursan da, qırılmır. Onnan sim kimi qayırıllar. Ağacdan toxmaq qayırıllar, yunu qoyuf vurullar, yunu elə didir, eliyir pilə kimi. Uzun çadırı sərillər, çadırın altınnan da su səpirlər. Yunu döşüyə-döşüyə gəlir. Beş metr uzunnuğunda hamar ağacı gətirillər, uzuna qoyuf qatdıya-qatdıya ayağına qədər aparıllar. Çadırı altınnan da şübhə yox ku, palazadan, kilimdən sərillər, ona büküllər. Qayıdıf onu ipnən doluya-doluya aparıf o başdan da ağaca bağlıyırlar, bu başdan da. Beş adam, on adam təpiknən vurur, axşamatan keçə hazır olur). Bunu öyrənir. Öyrənənnən sora vəziri göndərir. Vəzir gəlif deyir ki, hallacdı, elə qəliblər salır kı. Deyir:

– Hə, gedərəm.

Qəşəh buna toy eliyir, aparır bunu, olur sarayın baş hərəmi.

Bir neçə ay keçənnən sora padşah deyir ki, yata-yata yanımız ağrıyır, çıxağın ova. Qoşunu götürür ova çıxır. Bir səhrada bir ceyran təkəsinə rast gəlillər. Deyir ki, kim tərəfdən qaçsa, onun boynu vurulacax. Gərəh bunu diri tutam, xanıma sovqat aparam. Allahın işidi dana. Padşahın da atı yekə olur axı. Ceyran padşahın atının qarnının altınnan sıfrıxır. Padşah deyir ki, heş kim gəlməsin, təkcə tutacam. Ha burda, ha orda, nə qədər kəmənd atır, olmur. Axırı bunun qabağı gedif çıxır dağ, dərə, daşdıx. Ceyran bu daşdan o daşa tullanır, gedir. Bu atın da alır, burula-burula yenir. Aşağı yenəndə görür ə, hər daşın dalınnan bir adam qalxdı, qırx nəfər adam. Demə, bu dağın altında qırx quldur məskən salıf, insannarı oğurruyur, kəsif ətinnən katlet bişirif bazarda satırmışdar. Şirin olur axı insan əti. Yaxşı da pul eliyir. Padşahın atının cilovunnan tutullar, düşürdüllər. Əlliyillər ora-burasın, deyillər, bəh, bəh, bəh, yaman kökdü. Sən öl, iki min maatdıx bunda ət var. Şah Abbas deyir:

– Qoçağım, nədi, məni niyə əlliyirsiz?

Deyir:

– Sən bizə lazımsan. Sənnən iki min maat nəf götürəcəyik.



Bunu aparıllar mağaraya. Girir görür ki, zıbıdı biri oturuf başda. Deyir:

– Qoçağım, məni neynirsiz? Mən padşaham.

Deyir:

– Bizim üçün fərqi yoxdu sən kimsən. Səndə iki min maatdıx ət var.



Deyir:

– Mənim elə bir sənətim var ki, gündə sizə iki min maatdıx nəf verim.

Deyillər, hə, bax, buna irazıyıx. Sənəti işə sal, bizə nəf ver, bizə pul lazımdı. Bu deyir ki, gedin ox alın gətirin, yay alın gətirin, yun, filan. Bu mağarada başdıyır atır, düzür, qayırır, bunnar da aparır bazarda satır.

Gecə yarıyatan qoşun gözdüyür, görüllər padşah gəlmir, kor-peşman qayıdıllar. Qız çıxır qabağa, görür ki, padşah yoxdu. Deyir, padşah hanı? Deyir, xanım sağ olsun. Hadisəni mən deyən kimi söylüyür. Ceyran qaşdı, padşah da onun dalınca düşdü. Dedi ki, dalımca gəlmiyin. Biz də nə qədər gözdədik, nə ceyranı tutdu gətdi, nə özü qayıtdı. Çox axtardıx, bir şey tapa bilmədik, qayıtdıx gəldik. Dedi:

– Hə, demək ələ keçif. Ələ keçif ki, yoxdu. İndi siz bazarrara, yolayrıclarına, satılan şeylərə fikir verərsiz. Paltarınnan, atınnan satacaxlar.

Qoşunu dağıdır ölkəyə, əyalətə, hər yerə. Biri gəlir ki, xanım sağ olsun, bazarda qəlib satırlar, üsdündə yazı var. Deyir:

– Qaç neçəyə deyir onu al gətir.

Pul çıxardır verir. Gedir alır gətirir. Görür ə, yazıfdı, amma yarımçıxdı. Deyir:

– Hər gün tezdənnən otur orda, bu keçənin dalını gətirən kimi götür.

Tezdənnən axşama kimi oturur, gələn kimi götürür. Yığır topluyur. Görür Şah Abbas yazıf ki, filan dağın altında qırx quldurun əlində əsirəm. Dağı mühasirəyə alın, məni burdan azad eliyin.

Qadın altdan geyinir, üsdən qıfıllanır, üsdən geyinir, altdan qıfıllanır. Saçın yığır papağın altına. Yaraqlanır, yasaqlanır, düşür qoşunun qabağına. Gedir dağı mühasirəyə aldırır. Öz adamlarıynan çiynində yapıncı, altdan qılınc keçir içəri. Görür ki, əri yesir gündədi. Belə baxır, deyir, ey sənətsiz padşah, necəsən? Deyir, mən sizi belə bilməseydim, sizi almazdım. Mən də adam sərrafıyam. Bunnarın hamısını qılışdan keçirir, qırdırır. Kişini də götürüf gəlir.

İndi qardaş, bu əhvlat belə təşəkkül tapır. Bu Şah Abbasdan gələn yaxşı bir hekayətdi.



  1. DÜNYANI NECƏ TUTSAN ELƏ DƏ GEDƏR

Şah Abbas öz zəmanəsinə görə yaxşı şah oluf. Bir gün gəzirmiş, bərk sussuyuf. Deyif, gedim bazara, görüm təzə qarpız gəlifsə, alım yeyim. Görür gətiriflər. Deyir, oğul, qarpız neçəyədi? Deyir, iki dinara. Bu fikirrəşif deyir ki, on dinar da versəm, maa təsir eləməz. Amma kasıb-kusub üçün bahadı. Bir az keşmişmiş görür ki, mənim kimi çulu cırığın biri böyürdən çıxdı:

– Ə, qardaş, qarpız neçəyədi?

Deyir ki, iki dinar. Orasın-burasın qurtdalıyır, dinarı verir qarpızı götürür. Bıçağı olmur, yumruxnan-zadnan bunu əzir, yeyir ağzın-burnun suyun tökə-tökə. Şah baxır buna. Yazır bir kağıza atır bunun ayağının altına ki, dünyanı nə cür tutsan heylə gedər. Bu papağıynan, ətəyinnən ağzın-burnun silir. Baxıf görür bir kağız var. Götürür deyir:

Dərviş baba, bunu oxu.

Oxuyur. Deyir:

– Ələ, bunu Şah Abbas yazıf.

Deyir:


– Nə yazıf?

Deyir:


– Yazıf ki, dünyanı nə cür tutsan heylə gedər.

Alıf qoyur cibinə. Qoyunun qabağın vurur bazara. Hamısın satır. Gedif dərziyə özünə şahzadəyə layax paltar tikdirir, girir bazardan özünə şahzadəyə layax at alır. Bir-iki də nökər-naib götürüf gedif. Üş-dörd ölkə gəzir. Bir şahın şəhərinə gələndə şaha xəbər gedif ki, belə adamlar var. Çağıtdırır buları. Sorşur, bala, kimsən, kimin oğlusan, nə əzirsən burda? Deyir ki, mən Şah Abbasın oğluyam. Bu bədbaxt şahın da bircə qızı olur. Fikirrəşir ki, Şah Abbas qüvvəli bir padşahdı, onnan qohum olmax yaxşı olar. Qızı verir bu çobana. Buna toy eliyr. Qalır burda, bir oğlu da olur. Oğlu beş yaşına gələndə deyir ki, padşah sağ olsun, mən gedirəm atamın ölkəsinə. Deyir, nə deyirəm. Gəcavələr bəzənir, qızın qoyur içinə, uşağı qoyur içinə, buları yola salır. Gəlir İrana. İrana çatanda Şah Abbasın üsdünə çapar göndərir ki, oğlun gəlir, icazə verirsən gəlsin? Şah Abbas hirsdənir ki, mənim oğlum nə gəzir xaricdə, indi gələ. Arvad deyir, əşi, burda nəysə bir sirri var. Öz oğlun kimi qəbul eylə, görək bu nə sirdi. Kişi də bunun sözüynən əmr eliyir, qapı-bacanı düzəldirlər. Oğlu kimi qəbul eliyir. Axşam zənən yatır, uşax yatır. Kişiynən arvad oturuf taxtda gözdüyür ki, görək bunun axırı nədi? Çoban gəlir kağızı çıxardır, dizin qoyur yerə, kağızı uzadır Şah Abbasa. Baxır görür ki, peçat bunun, qol bunun, xətt bunun. Deyir, hə. Oğul, filan yerdə mənim imarətim var, get yığış ora, başı saxla. O da gedir yığışır, başdıyır dolanmağa.

Dünyanı nə cür tutsan, ay bala, helə gedər də.


  1. ŞAH ABBAS VƏ ÜÇ CAVAN

Şah Abbasnan Vəzr Allahverdi xan yolnan gedirdi. Gördülər ki, üş nəfər gəlir. Bularnan yoldaş olur. Bunnan irəli nəqliyyat yoxudu dana. Bular piyada gedir. Xeylax gedənnən sora oturullar, deyillər bir az dincələk, genə gedək. Üş nəfər cavan oğlandı. Xeyləx oturannan sora biri deyir, Allahın altında Şah Abbas məni salardı xəzinəsinə, çıxardıf öldürərdi. Sarsağı da deyir ki (siz də məni bağışdayın), Şah Abbas ayləsin bir gecə maa umud olaydı. Biri də deyir ki, Allahın altda bir sutka ixtiyarı verəydi maa, məni öldürəydi. Bir az gedənnən sora görür yolayrıcı var. Onnan qayıdırlar şəhərə, bular gedir. Bilirlər ki, hara gedirlər. Şah adam göndərir bunun üçün də gətirir. Xəzinəyə girəni soyundurur, deyir, get xəzinəyə, nə götürürsən götür. Şah fikirrəşir ki, çox olsa ağzın doldurajax, bir də əlləridi dana. Bunun baxtı gətirir. Girir içəri, baxır ora-bura. Görür ki, bir küp bəhməz var. Bütün bədənin bəhməznən sıvıyır, qızılın üsdə ağnıyır, bunun bədəni olur teyxa qızıl. Ağzın da doldurur, əlin də doldurur çıxır. Şah belə baxır, gülür. Deyir, kopoğlu, get, halal-xoşun olsun, apar ye. Ayləsini isdiyənə deyir bunu apar, ixdiyar sənindi. Xanım kənizdərinə əmr eliyir ki, on dənə yumurta qaynadın gətirin bura. On dənə yumurtanı qaynadırlar. Deyir ki, hərəsin bir rəng boyuyun. Hərəsin bir rəng boyuyur, gətirillər bunun qabağına qoyullar. Xanım deyir ki, ye. Yeyir. Deyir ki, bunun hansı şiriniydi? Deyir:

– Xanım, nədi? Hamısı yumurtadı da.

Təpəsinə bir qapaz vurur:

– Ə, kopoğlu, qadının da hamısı bir şeydi də.

Şahdan taxtın ixdiyarın isdiyən deyir, padşahı-aləm, bilməmişəm, bir səyfdi eləmişəm. Məni bağışda. Bu da burdan gedir.




  1. ELMİN BAŞI SƏBRDİR

Biri Tehranda oxuyur, qutarıf gələndə ajdıx buna çox əl verir. Görüf ki, qabaxda bir çoban var. Deyir, salamməlöyküm, çoban. Deyir, əlöykümətsalam, alim. Deyir, çoban, ajdığım var. Deyir, yaxşı. Alim, saa bir sual verəcəm, onu tapsan saa yaxşı qonaxlığ eliyəcəm, üş gün səni burda saxlıyacam. Yaxşı yeməknən, işməknən də yola salacam. Tapmasan altı ay bu qoyuna getməlisən. Getməsən bu çomağnan saa vursam burda zarıya-zarıya qalassan. Deyir, buyur. Deyir, de görüm elmin başı nədi? Nə deyir, deyir yox, düz demədin. Axırı deyir, soyun. Yiyəsizdih yerdi, bu da üzdən irax, qanmaz bir çobandı. Soyundurur, çarığı geyindirir, çomağı verir əlinə, papağı basır başına. Deyir, apar bu qoyunu otar. Bu gedir otarır gəlir, gedir otarır gəlir. Üç ay keçəndən sora çobanın ürəyi yuxalır. Görür ki, bu varınnan-yoxunnan oluf, tər adam qoyun otarır. Deyir, alim. Deyir, bəli. Deyir, get paltarı geyin, gəl bura. Paltarını geyinif gəlif. Deyir, alim, yadında qalsın, elmin başı səbrdi. – “Çox sağ ol, çoban”. Bunnan aralanıf gəlir.

Gedəndə bu ayləli oluf. Gedənnən sora bir oğlu oluf. Onda üç il, dörd il oxumurdular ey, oğul. On səkkiz il, on beş il oxuyurdular. Gəlif görüf ki, ayləsiynən bir oğlan qol-boyun yatıf. Deyif ki, yaxşısı budu ki, buları öldürüm heç kənd arasına çıxmıyım, çıxıf gedim başqa yerə. Ayna-bayna baxıf, görür ki, bir yekə daş var. Gedif götürüf bir-iki addım atanda deyir, Allah saa lənət eləsin, ay şeytan, axı mən üç ay qoyuna getmişəm. Səbr eliyim, görüm bu nədi. Bunnan irəli dam deyirdilər. Yerdən qazırdılar, onun bir on metr uzunnuğunda küçəsi olurdu. Qapıdan öskürə-öskürə gəlir. Arvad durur görür ki, əridi. Oğlun oyadır: – “Oğul, oğul, dur, atan gəldi”. Gəlillər görüşüllər. Deyir, hə, çoban doğrudan da, mənnən çox bilir.

Belə hak-hesablar oluf.




  1. YUXUYOZAN

Şahın yuxu yozanı vardı. Bir gün yuxu gördü. Vəziri göndərdi ki, getginən o kişini götür gəl. Gəlir görür ki, kişi ölüf. Gedif deyir ki, padşahı-aləm sağ olsun, kişi ölüf. Deyir, ə, yuxu yozmax cınsnəndi, get gör onun oğlunnan-qızınnan nə var, götür gəl.

Bunun da həddi-bulux bir oğlu varıdı. Gəldi oğlana dedi. Oğlan dedi ki, mən getmirəm. Anası da yalvardı, vəzir də. Axırı oğlanı yumuşaltdılar. Oğlan dedi ki, yaxşı, get, gələrəm. Dedi, yox, mənnən gedəssən. Deyir, vallah, gələjəm. Oğlan fərasətdi olur da. Vəzir aralanannan sora deyir, ana. Deyir, hə. Deyir ki, atam yuxu yozmağa hansı yolnan gedirdi? Göstərir haraynan gedirdi. Bu həmən yernən gedir, görür dərənin içində bir dənə hörgü var. Bura yaxınnaşır, əlin qoyur qapıya, içəri baxanda bir ilan qalxır ordan. Deyir, hə, oğlan, gəldin? Bu isdiyir ilanı vursun. Deyir, oğlan, əli saxla. Mən sizin qaraçuxanızam. Padşah yuxu görüf, onunçün çağırır. Gedərsən deyərsən ki, padşahı-aləm sağ olsun, sən bir il yerə düşmə, millət səni öldürəjək. Saa iki yüz maat verəjəhlər. Gətir yüzün ver maa, yüzün də götür get.

Gedir bu adətiynən baş əyir, oturur. Padşah deyir, oğlan, belə bir yuxu görmüşəm. Deyir, padşahı-aləm sağ olsun, sən bir il yerə düşmə. Yerə düşsən millət səni öldürəjək. Gətirir buna iki yüz maat verillər. Gəlir dərəyə çatanda daldada bir daş götürmüşdü. Atdı ilanı yaraladı, ilan qaşdı gizdəndi. Bu çıxdı getdi evə.

Bir azdan sora padşah genə yuxu gördü. Vəzir genə gəldi. Oğlan dedi, get, gələrəm. Nəysə, gənə gəldi ilanın yanına. İlan dedi, oğlan, gəldin? Dedi, bəli, gəldim. Dedi ki, padşah belə bir yuxu görüf, onun imarətinin dörd tərəfi teyxa tülküdü. Deynən padşahı-aləm sağ olsun, millət indi də hiyləyə əl atıf, səni hiyləynən taxdan yendirif öldürmək isdiyirlər. Onda saa dörd yüz maat verəjəhlər. İkisin gətir maa ver, ikisi də özünə qalsın. Gedir padşaha deyir ki, padşahı-aləm sağ olsun, indi də millət hiyləyə əl atıf, düşmə aşağı. Düşsən səni öldürəjəhlər. Nəysə, buna dörd yüz maat pul verillər, bu ilanın yanına gəlmir, çıxır gedir evinə.

Üçüncü dəfə padşah gənə yuxu görür. Görür bunun imarətinin dörd tərəfi güldü, çiçəkdi, bülbül-bülbülü çağırır. Genə oğlanı vəzir aparanda deyir, get, gəlirəm. Gedir ilanın yanına. Deyir ki, padşah belə bir yuxu görüf. Deyirsən padşahı-aləm sağ olsun, qorxma. Düş millətə qarış, hara isdiyirsən ora get. Onda saa altı yüz maat pul verəjəhlər, onun gətir üçün ver maa, üçü də özünə qalsın.

Gedir, yuxunu yozannan sora buna altı yüz maat pul verillər. Bu yolda fikirrəşir ki, altı yüz maat mən aparmışam, bu altı yüzü də aparım verim ilana, mənnən razılaşsın. Gətirir ilana pulu verəndə deyir:

– Oğlan, maa pul lazım deyil. Mən sizin qaraçuxanızam. Atan da gəlirdi mənnən məsləhət alırdı. İndi dünya əmin-amannıx oluf, ona görə pulu gətirif maa verirsən. Qabaxda vəzyət heyləydi, məni yaraladın. Sora hiyləgər oldun, sən də hiylə işdətdin, gəlmədin yanıma. İndi də əmin-amannıxdı. Ürəyin yuxalıf, altı yüz maatı maa gətirifsən. Maa pul lazım dəyil. Get halal-xoşun olsun.




  1. DƏMİRÇİNİN NAĞILI

Bir dəmirçi varmış, dəmiri döyürmüş həmişə, qazan, qab, dəhrə, balta düzəldərmiş. Hər gün arvadı buna Allah verənnən çörək gətirirmiş. Dəmirçi deyirmiş ki, sən haknan ol, hak sənnən olsun. Bir günnəri bir şah gəlir. Deyir:

– Ə, bir qəpik də versələr, deyir sən haknan ol, beş qəpik də versələr deyir, sən haknan ol. Nətər yanı bu hakdan, nahakdan danışır? İndi mən buna elə tələ qurajam ki, hak gəlsin buna kömək dursun.

Bunun bahalı üzüyü varmış. Gətirir üzüyü. Deyir ki, dəmirçi qardaş, üzüyüm qopufdu, bunu xırdaca payat eləginən, qiymətini də gətirif verəjəm. Deyir:

– Orda bir mücrü var, qoy o mücrüyə get, səhər gəlif götürərsən.

Aparıb əlini belə qoyur, üzüyü də əlində qaytarır aparır. Deyir, indi get hak saa kömək olsun, çox hak-hak deyirsən.

Arvadı hər gün buna çörək gətirirdi. Kasıb adamdılar, olanınnan-olmazınnan gətirir, ər-arvad oturullar orda bir tikə qismət yeyirlər. Deyir:

– Aaz, o mücrüdə üzük var, şah səhər gəlif onu aparajax, onu gətir payat eləyim.

Arvad durur baxır, deyir:

– A kişi, burda üzük nə gəzir?

Deyir:

– Sən nə danışırsan? Üzüyü kişi gətirdi ora qoydu. Nətər yanı?



Şah da üzüyü götürər, dəryadan keçəndə qolu getdikcə tulluyar dəryaya. Deyər, get köpəyoğlu, sən get o dəryadan üzüyü tap gətir, düzəlt ver maa, hak da sənnən olsun. Dəmirçi arvada deyir ki, sən oğurramısan. Arvad and içir, aman eliyir. Arvadı döyür, söyür, qonşuda bir atdı varmış, qoyur atın tərkinə, deyir:

– Bunu apar ver, bu maa xəyanət elədi. Qızılı gördü bu mucuxlandı. Bunu apar qoy xarabasına, gəl.

Qonşu da bunu aparır qoyur xarabasına, gəlir. Bu kişinin də möhkəm bir dostu varmış. Bir günnəri dostu deyir ki, durum gedim bu dəmirçi qardaşa dəyim, görüm nə var, nə yox. Bu da balıxçı imiş. Deyir, səni, bu dostumun taleyinə bir tor atajam, nə çıxa çıxa. Aparajam, bişirif yeyərik.

Aradan bir az keçir. Bu kişi küsülü gedif axı. Kişi baxıf görür ki, aylədə düz gəlmir. El ağsakqalı gəlir ki, ayıfdı, bir üzükdən ötrü arvadı evdən qovmusan. Şah da buna tapşırmışdı ki, sən o üzüyü düzəldif maa verməsən sənin də, arvadının da boynun vurajayıx. Bu kişi gedir canının qorxusunnan arvadı gətirir evə. Deyir, şah ikimizi də öldürəjəh ey, qaşmaxnan döylü. Mən ora qoymuşdum, sənnən də başqa heş kəs mənim yanıma girmiyif. Belə olanda balıxçı dəryaya toru atır, atanda bir dənə qızıl balıx çıxır. Qoyur həvgəsinə, minir atı gəlir. Gəlir deyir ki, bəs belə-belə. Arvadına deyir, dur, dostum balıx gətirifdi. O balığı yar, bişirif yeyək. Arvad durur balığı qoyur ləyənə. Bıçağı vıranda bunun qarnından üzük çıxır. Arvad qaça-qaça gəlir ki, a kişi, muşduluğumu ver, üzüyü tapdım. Deyir:

– A köpək qızı, neçə vaxdı bu üzüyü gizdədin, gizdədin, dostum gələn vaxdı bu üzüyü çıxartdın ortalığa ki, mən səni bağışdıyım?

Gənə and içir arvad, bu and, bu Quran, əlim də qannı, mən bunu balığın qarnından tapmışam. Əlini-ayağını yuyur. Kişi üzüyü bükür bir əskiyə, qoyur cibinə. Səhər tezdənnən ayın beşidi, bunun boynu vurulajax axı. Tez beş dəyqəyə payat eliyir qoyur mücrüyə. Şah gəlir:

– Salamməlöyküm.

– Əlöyküm salam.

Deyir:

– Amanatın dalınca gəlmişəm.

Deyir:

– Ordadı.

Şahın gözü çıxır kəlləsinə. Deyir, harda qoymusan elə ordadı, get götür. Gedir açır sandığı, balaca mücrüdü. Baxır görür ki, ordadı. Üzüyü götürəndə gənə deyir, sən haknan ol, hak da sənnən olsun. Deyir:

– Bura gəl ey sən.

Milləti yığır, deyir:

– Dayan, sən bu üzüyü hardan aldın payat elədin? Sən dedin ki, qoy mücrüyə, heç əlimə də baxmadın. Mən üzüyü apardım dəryaya atdım. Sən dəryadan onu hardan tapdın, gətdin suvarka elədin qoydun ora?

Sizə danışdığım kimi dəmirçi də buna danışır.


  1. ETİBARSIZ QARDAŞ

Qardaşnan qardaşın etibarsızlığından deyim. Qardaş qardaşı isdəsə, Allahın da qardaşı olar. Bütün dünyanı yaradan Allah, nazı-neməti yaradan Allah, adicə bu ağacları, insanı, heyvanı yaradan Allah, nə yaxşı özünə bir qardaş, bajı tutmamışdı? Əllini, əlsizi, çolağı, şikəsti, varrını, yoxsulu yaradan Allah özünə niyə bir qardaş yaratmıyıf?

İki qardaş oluf, biri fərasətdi olur, biri fərasətsiz. Fərasətiz qardaşın bir arvadı, dörd də uşağı var. Fərasətdi qardaş deyir ki, nə oturmusan bu evdə, sən də qoşul bu camaata get beş maatın yiyəsi olginən. Odey, karvan gedir, get sən də orda işdəginən. Buların da damdan evləri varmış. Dəvə karvanı gedəndə karvanbaşıdan xayiş eliyir ki, məni də karvana sarvan götürün. Nəysə, bunu götürüllər. Gedəndə deyir, sən allah, evdə aylə-uşağı aj qoyuf gəlmişəm, nə verəssən bəri başdan maa bir az ver, göndərim evə arvad-uşax qırılmasın ajınnan. Ayın başında da yarısını verərsən. Bu götürər buna iki dənə onnux qızıl verər. Səhər çıxır şəhərə. Baxır görür bunun dəllal qardaşı burda alver eliyir. Deyir, nə yaxşı oldu. Yada verərəm, kasıbçılıxdı, aparıb bunun başına daş salar. Qardaşım özü bilir də, məni də dannıyan o idi get qazanc gətir. Elə bunu verim qardaşıma, aparsın versin bizim arvada, bunu satsın, savsın, uşaxlar ölməsin ajınnan, mən də ayın başında gələjəm. Bunun etibarlı qardaşı gələr bir kəndxuda çağırar, bir yüzbaşı çağırar, bir də molla. Deyir, vaxt başında siz maa şahıd durun, məndə bir az qızıl var, xırdalıyım sizə də verim. Qardaşım da getdi, Allah bilir harda öləjəh, harda qalajax? Heç işdiyən də döyüldü, candan zəyif adamdı. Gətirir qızılı xırdalıyır, bir az kəndxudaya verir, yüzbaşıya, mollaya verir, qalanını da özünə götürür. Bu arvad da o qədər aj-susuz qalır, uşağın ikisi də ölür. Ölənnən sora iki uşaxnan arvad qalır.

Vaxt gəlir, vədə gəlir, kişi gəlir. Kişi gəlir görür ki, həmən dam, həmən daş, heş bir artım yoxdu. Arvadı çağırır, deyir:

– Mən saa qardaşımnan qızıl göndərmişəm. Bu nədi? Mənim uşağımın ikisi hanı? Həmən yırtığ kəfrəm, həmən torpax ev, uşaxlar da hamısı nə gündə.

Arvad and-aman elyir, bu anda, bu Qurana, gəl gedək ojağa, peyğəmbərə and içək ki, maa qızıl çatmıyıfdı. Deyif:

– Nətər çatmıyıfdı?

Qardaşını çağırıf deyif ki, bəs saa mən filan yerdə qızıl verdim ki, ver arvadıma. Deyir:

– Ə, niyə verməmişəm? Üş dənə şaadım var: kəndxuda, yüzbaşı, bir də molla.

Gəlif deyif ki, aaz, vermədim qızılı buların yanında? Aparıf qızılı neynəmisən, indi məni qardaşımnan qannı eləmək isdiyirsən burda sən, köpək qızı? Qalxır arvadı vurmağa, molla deyir, ayıfdı, vurmaginən.

Nəysə, vaxd gəlir, vədə gəlir, bu arvadı qovur. Mindirir bir ata, deyir, get. Qurban olduxlarımızdan biri yolnan gəlirmiş. Baxır görür ki, kimsə əynində cında paltar bir daşın üsdə oturuf ağlıyır. Günün də əyilən vaxdıdı. Deyir:

– Ay bajı, sən niyə ağlıyırsan?

Deyir:

– Sən kimsən mənim halımı soruşursan? Neyniyəssən maa? Mənim doğma ərim, dörd uşağın dədəsi məni çöllərə salıf. Sən maa neyniyəssən?



Bu da həmişə köhnə çuxada gəzərmiş ki, heş kəs başa düşməsin bu kimdi. Deyir:

– Gəl bura, mən də sənin qardaşın.

Çuxasın çıxardır bükür buna, bunu qoyur atın tərkinə. Gəlir, kəndin girəcəyində görür bir dənə adam yoxdu o kəntdə. Deyir, bu kəndin camaatı hardadı? İndi bu isdiyir ki, bunu apara bir ağsakqalın evinə qoya da. Deyir, burda bir qarı var, bunun öküzü ölürdü, mundar olurdu. Bir dənə qəssab gedif bunun öküzün kəsif ki, mundar olmasın, camaata paylaşdırsın, sora da Allah qoysa, yığılallar buna bir öküz alallar verəllər da. İndi arvad dirənif ki, mənim öküzümü bu dəyqə dirildin verin. Özüz qəsdən kəsdiniz. Millətin hamısı yığılıf ora. Qurban olduğum gedif deyir ki, nədi belə? O qəssab deyir, ay qardaş, bir bəlaya düşmüşəm. Öküz ölürdü. Sifdə dedi kəs, indi də bizi şər-şamaxı eliyir da. Deyir ki, mənim öküzümü dirildin verin. Deyir, eybi yoxdu. Öküzün başı hardadı? Öküzün başını gətirif qoyun cinazasına. Öküz hələ soyulmuyufdu. Pismillahı-rəhmani-rəhim deyir, nəysə oxuyur, öküz fınxırıf qalxır ayağa. Bunu görən bir insan gətirir bir dənə uşağı atır bunun qabağına. Deyir, bu uşax bijdi, sən bilən çıxmısan da, bu öküzü diriltdin. Sizdən bir xayişim var, bu uşax bijdi, bunun dədəsini tap görüm. Tutur uşağı yıxır qıvlıya, xəncərin çıxardır kəsməyə. Həmən kişi çığırır, yox, yox, o mənim belimnən gəlif, kəsmə onun başını. Səni sınıyırdım. Bunu belə görəndə bir dənə arvad gəlif deyir ki, hər kimsən qardaş, saa qurban olum. Mənim həmişə oğlum olurdu, bir qonşunun da qızı olurdu. Xəsdəxanada uşağım olanda mənim uşağımı dəyişdiriflər, ərim də məni öldürür. Üsük var idi ey bunnan qabax, barmağa ilişdirif paltar tikərdilər. Peyğəmbər deyir, qızın anası da üsüknən bir süd sağsın gətsin, oğlanın anası da. Həraaz onnan bir döşüzün südünnən sağın gətirin. Qoyur tərəziyə. Həmişə, deyir, oğlan südü ağır olur. Deyir, tərəzidə bu üsüklərin hansı ağır olsa, o oğlandı. Baxıf görüllər bu arvad düz deyirmiş, hadıxlar uşaxları dəyişdiriflər. Oğlanı alıf verir bu arvada, qızı da alıf verir öz anasına. Bunu görən kişi gəlir deyir ki, bəs belə-belə, mən o vaxdı arvadıma qızıl göndərmişdim. Arvadım onu neyniyif, nağarıf? Deyəndə peyğəmbər arvada deyir:

– Gəl bura. Qaynın gətirif üzüyü saa verəndə nədə verdi?

Deyir:

– Qızıl vardı verə maa? Bu anda, bu Qurana, elədiyin bu möcüzələr hakqı, qızıl vermiyif qaynım maa.

Deyif, bunu aparın zindana salın. Zindan onnan qalıf. Çağırıf ərini. Deyir ki, sən qardaşa qızılı verəndə nədə verdin? Tək-tək danışdırır ha buları. Deyir ki, əl dəsmalında. Deyir, bunu da aparın o biri zindana salın bir-birindən ayrı. Mollanı çağırır ki, deyirsən qızılı mənim yanımda verdi. Bu, qardaşının arvadına qızılı nədə verdi? Deyir, pambığa bükülü verdi. Bunu da bu tərəfə salır, yüzbaşını çağırır. Deyir, bu, qardaşının arvadına qızılı nədə bükülü verdi? Dedi, bir cında parça vardı, ona bükdü verdi. Bunu da belə salın. Kəndxudaya dedi, sən də gəl. Qızılı nədə verdi? Dedi, heş nə. Elə çıxartdı cibinnən, gəlin də avcın aşdı. Dedi ki, ala, Allah xeyir versin, ərin göndərib, uşaxları qoyma ajınnan ölə. Dedi, düz deyirsən? Dedi, hə. Dedi, bunu da salın zindana. Heş birinin sözü düz gəlmədi axı. Biri pambıxda dedi, biri cındada dedi. Dedi, görduz da mənim möcüzələrimi? Sizi burda daşa döndərərəm. Mən elə-belə adam döyüləm. Dördunuz da dinməz-söyləməz gətirin qızılı verin bu kişiyə. Gətirdilər qızılı verdilər. Arvadnan kişi mehriban getdilər evlərin tikdilər, şad-firavan dolandılar.

1   ...   12   13   14   15   16   17   18   19   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə