AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə15/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

ƏCƏLDƏN QAÇMAQ OLMAZ


I mətn

Cənab Əmir bir evdə qonağ olur. O evin sahibəsi də hamilə imiş. Kişi burda ola-ola uşax gəlif dünyaya. Görüf bir ağ donnu girdi zahının yanına. Çıxanda bunu tutdu. Dedi ki, nəçisən, nə iş görürsən? Deyir ki, mən taleh yazanam. Deyir, o uşağın talehinə nə yazdın? Deyir, on beş yaşına çatanda düşəcək suya, öləcək. Deyir, hə, yaxşı. Bunu buraxır. Səhər qonağına deyir ki, o uşax dil açanda örgədin dara düşəndə “ya Əli” desin. Deyirlər, yaxşı. Uşax böyüyənnən sora bunu örgədillər ki, “ya Əli” desin. Bu suya düşəndə “ya Əli” deyir. Söhbətdi da. Düzdüsə də, əyridisə də, eşitdiyimi deyirəm. “Ya Əli” deyən kimi bu nazil olur, uşağı çıxardır. Görür uşax deyil, balıxdı. Buraxır suya. “Ya Əli” deyəndə bir də çıxardır, görür genə balıxdı. Nəysə, üçüncü dəfə çıxardannan sora deyir, yox ey, mən ədalətə güc eliyəmmərəm. Buraxır suya, “Əli” deyə-deyə su uşağı aparıf gedir.


II mətn

Ana yatır, yuxuda görür ki, oğlu çıxır gəzməyə. Amma gəzməhdən qayıdanda oğlu ölür. Yuxudan ayılır. – “Bu nə işdi mənim başıma gəlir?” Sabah duranda oğluna deyir ki, oğul, mən səni heş yerə buraxmıyacam. Deyir, niyə? Deyir, ona gora mən səni heş yerə buraxmıyacam ki, yuxu görmüşəm. Böyün nəsə ola bilər sənə. Deyir, ay ana, heş nə olmaz. Deyir, oğul, yox, yox. Deyir, bə mən neyniyim axşamacan? Deyir, uzan elə bı karabatın üstündə yat. Buyünnəri ötüşsün, sabah görəh nolur. Elə oğlan uzanmışımış. Burda evin taxçasında qəlbidə pişih orda bir dənə siçan görür. Pişih siçanı görüf nətəri sıçrıyırsa o taxçanın üstünə ki, ordan siçanı tutsun. Paltar ütülüyən varmış, ordan düşür oğlanın başına. Oğlan ordaca canını tapşırır. Bı bını Əzrayıldan yayındıra bilmədi. Əzrayıl bının canını aldı. Qoruya bilmədi. Əzrayıl apardı.




  1. ÖVLADINI ƏZRAYILDAN QAÇIRAN ANA

Biri varmış, biri yoxmuş. İki dənə yaşdı adam varmış də ər-arvad. Bulların neçə illərdi uşaxları olur, gəlir on-on dörd yaşına çatanda ölür, qalmır. Nəysə, arvad yenə hamilə qalır. Kişi deyir ki, ay arvad, bura bizə düşmür də. Gə bu kəndi də, evi də tərk eliyək gedəh. Arvad razılaşır. Nəysə, yığıllar veşdərin-vüşdərin, düşüllər yola. Az gedillər, üz gedillər, dərə-təpə düz gedif, bir kəndə yaxınnaşıllar. Kəndin elə kənarında görüllər ki, bir tərəfdə it hürür, bir tərəfdən də işıx gəlir. Arvad deyir ki, ay kişi, indi biz ha tərəfə gedəh? İt hürən tərəfə, işıx gələn tərəfə? Kişi deyir, ay arvad, it hürən tərəfə nəə gedəh? Orda işıx yoxdu. Gəl biz işıx gələn tərəfə gedəh. Nəysə, gəlillər də, girəcəhdə bir darvazanı döyüllər. Bir dənə qadın açır. Deyillər, Allah qonağı isdəməzsiniz? Neçə gündü yol gəlirih, yorulmuşuh, uşağımız da olajaxdı. Deyir, qonağ Allahın qonağıdı, niyə qəbul eləmirih? Keçillər evə. Ev yiyəsi deyir ki, heş getmiyin, bizdə qalın. İki-üç ay keçir, burda doğur. Ev yəəsi də o qədər qullux eliyir ki, xəjələt çəkillər. Deyillər, day çıxah gedəh, utanırıx. Deyillər, yox, hara gedəssiz? Buraxmarıx sizi. Bullar da elə ikisi də ər-arvatdı, uşaxları-zadı da yoxdu. Deyillər, uşağımız da yoxdu. Elə burda baş-başa verəh dolanax. Nəysə, qalıllar.

Aylar, illər ötür, uşax gəlir beş yaşına. Bir gün ev yiyəsi qadın deyir ki, gəlin bir əz yuxa bişirəh. Deyir, hə, neynəh. Sac-zad asıllar üsdə. Ev yiyəsi deyir, qoy mən yayım. Qadın deyir ki, yox, özüm yayajam. Deyir, neyniyəh, yayırsan yay. Uşağı qoyur yanına, xamırı kündələyir. Birin yayır, ikisin yayır, uşax oynuya-oynuya gəlir düz bunun dördayağının yaxınına. Arvad oxlovu belə eliyəndə oxlov girir uşağın gözünə. Uşağın gözünə girəndə uşax ölür. Arvad ah-nalə eliyir, ağlıyır, deyir bəs nətəər olur, ordan qaşdıx gəldih ki, uşağımız salamat qala. Ev yəəsi gəlif deyir ki, bəs sən Əzrayılın evinə gəlmisən. Bu sənin uşağının qismətində varıydı, ölməliydi. Sən bu qismətdən qaça bilməzsən, Əzrayılın əlinnən qaça bilməzsən. Dünyanın o ujuna da gesseydin, sənin bu uşağın öləjeydi. Onu özümüz elə elədik ki, sənin əlində ölsün ki, özün-özünü günahlandırasan.


  1. ƏZRAYILIN XƏBƏRDARLIĞI

Əzrayıl da mələkdi. Çox zəhimlidi. Allah-taala da o mələyə tapşırıf ki, insannarın canın alsın. Biri oturuf yolun qırağında çörəh yeyirmiş. Birdən görür ki, qoca keçir yolnan. Deyir, a qoca, gəlginən oturax bir çörək kəsək. Çağırır Əzrayılı. Oturullar, çörəh kəsillər. Filan-beşməkan, ayan, bı yan. Deyir, sənnən bu günnən oldum kirvə. Kirvəliyi də başa çatdırıllar. Sora soruşur deyir ki, mənim sənin bu işinnən xoşum gəldi. Yaxşı ağsaqqalsan. Sənnən bircə şeyi mən soruşacam. Deyir, buyur. Deyir ki, bax mən yaxşı əməllərə gora sənnən kirvə oldum. Heş mən soruşmadım sənin işin nədi, peşən nədi. Deyir, mən Əzrayılam. Deyir, Əzrayıl adam öldürəndi, can alandı. Sən də mənnən kirvəsən. Nətəri yanı, sən adam öldürənsən? Deyir, bəli, höküm gələndə ki, filankəsin tarixi qutardı, mən gedib onun canını alıram. Deyir ki, sənnən bir şey soruşum. Mənim canımı nə vaxt alassan? Deyir ki, sənin canı alanda xəbər verərəm da saa. Deyir, onda sən Allah, xəbər verginən ki, mənim canımı nə vaxt alassan. Deyir ki, mən getdim. Xəbər eliyərəm.

Uzun illər keçir. Bir də görür bay, kirvə eyvanın qırağınnan baxır. Deyir, bay kirvə, gəlmisən? Deyir, bəli, gəlmişəm sənin canı almağa. Deyir, nətəri yanı, maa xəbər verməmisən. Hara gəlirsən sən? Niyə maa xəbər vermədin? Deyir ki, mən saa xəbər vermişəm. – “Nətəri xəbər vermisən mənə?” Deyir, sağdakı qonşu canın aldım, soldakın canın aldım, arxadakın canın aldım, qabaxdakın canın aldım. Ortada qalmısan da sən. Böyün də gəlmişəm sənin canı almağa. Sən başa düşmədin ki, o öləndə, bu öləndə, bu birsi öləndə, bir gün də sənin vaxt çatacax? Gəl, gedirik. Onun canını alır.


  1. TACİR OĞLU

Bir gün bir yahudi olur. Bu yahudi tacir olur. Nə varidatı var hamsın gizdiyirmiş, evə heç nə vermirmiş. Bu dünyasın dəyişir. Tacirin arvadı eşidir ki, Əli Əleyhsalam hamıya əl tutur. Oğluna deyir ki, oğul, dur yolun qırağında, Əli Əleyhsalam gələndə bizə köməklik eləsin. Uşax gəlir durur yolun qırağında. Görür Əli Əleyhsalam gəlir. Uşağ əlin açır, buyurur ki, ya Əli, salamməlöyküm. Deyir, əlöykümsalam. Deyir, mən filan qəssabın oğluyam. Atam bizə heç nə qoymuyuf. Bəs acınnan ölürük. Əli Əleyhsalam xeylax buna qızıl pul verir, yola salır. Qutaranda bu oğlan bir də gəlif durur yolun qırağında. Əli Əleyhsalam buna deyir ki, sən qorxub eləmirsən ki? Deyir, yox, heş nədən qormuram. Deyir, səni atanın yanına göndərəjəm, amma hər nə görsən ikimizin arasında qalajax. Dedi, baş üsdə.

Gedir ayın-oyunu verir. Axşam üsdü çörəyi tez yeyir, qayıdır Əli Əleyhsalamın hüzuruna. Deyir, qəbirsannıxdan qorxursan? Deyir, yox. Deyir, girəcəkdə birinci qəbrin ağzında durarsan, deyərsən ki, bu gecəliyə məni Allah qonağı saxlıyarsan, ya yox. Nə eşitsən, gəl maa de.

Oğlan gəldi durdu birinci qəbrin yanında. Dedi, bu gecəliyə Allah qonağı isdiyərsən, əhli-qübur? Deyir, yerim dardı. Qayıdır gedir. Nööbəti axşam gedəndə deyir, get indi ikinci qəbrin yanında dur. Deyərsən ki, ey əhli-qübur, mənə bu gecəliyə yer verərsən gecəliyəm? Gör nə deyəjək. Gəldi ikinci qəbrin yanında durdu. Dedi, yerim var, amma saa layax deyil. Getdi üçüncü qəbrin yanında durdu. Bunu da deyəndə dedi ki, yerim çox genişdi, gəl. Uşax gecə qəbir yiyəsinə qonax oldu. Qəbir yiyəsinnən sorunçdu ki, kimsən, nəçisən, nə karasan? Dedi, mən məlliməm, elm örgədirəm. Məqam çatdı, Allah-taala mənim canımı aldı. Görürsən yerim də geniş, gələn adamların heş birisini naümid qaytarmamışam. Dedi, bəs mən birinci qəbrin yanında durdum, o kim idi? Dedi, o sənin atan idi. Dedi, bəs o ikinci qəbir kimindi? Dedi, kəndxudanın qəbridi. Özü geniş ürəkliydi, amma anası çox bədazılıydı. Dedi, mən isdiyirəm axı atamı görüm. Dedi, görməsən yaxşıdı. Bir dedi, iki dedi, üş dedi. Dedi, yaxşı göstərərəm. Baxdı gördü ki, bullara sarı üç dənə it gəlir: biri ağdı, biri qırmızıdı, biri aladı. Dedi, ortada gələn sənin atandı, o biri kəndxudanın anasıdı (söyləyici üçüncü şəxsin kim olduğunu unudub – top.). Səhər açıldı, uşax qəbrdən çıxdı getdi. Bu kəlamın hamısın Əli Əleyhsalama danışdı. Əli Əleyhsalam dedi, atan nəyi varsa, evin filan yerində gizdiyif. Ged ordan çıxart, rahat da dolanın.

Uşax da getdi qızılları çıxartdı, anasıynan bəy kefində ömür sürdü.



  1. SÜLEYMAN PEYĞƏMBƏR VƏ BAYQUŞ

Süleyman peyğəmbər gedirmiş yolnan. Gəlir çıxır bir bulağın başına. Görür ki, bir gözəl qız var. Yanındakına deyir ki, bu qızı aparacam. Deyir, ya peyğəmbər, sən peyğəmbərsən, bütün cannı-cinninin dilin bilirsən. Axı yaramaz. Elçi göndər. Elçi göndərillər. Qız deyir ki, mən ona gedərəm bir şərtnən. O elə bir ev tiksin ki, içəridən baxanda çöl görünsün, çöldən baxanda içəri görünməsin. Yanındakılar deyif ki, bu ancax quş sümüyünnən olar. Süleyman peyğəmbər əmr eliyir, bütün quşdar yığılır, bayquş gəlmir. Bayquşun dalınca qartal gedir, gəlmir, qaranquş gedir, gəlmir, axırda bülbül gedir. Bülbül çox cəh-cəh vurur, oxuyur. Deyir, bülbül, özü niyə yorursan? İnsannara etibar yoxdu, getmiyəcəm. Deyir, mənasın de? Deyir, mənası odur ki, filan vaxdı filan tarixdə bir əmoğlu, əmiqızı bir-birini sevdi. Filan çayın qırağında bir bina tikdilər, yaşamağa başdadılar. Orda əmisi qızı dedi ki, əmoğlu, mən ölsəm nağarassan? Dedi ki, əmiqızı, peyğəmbərimizin şəriyəti var, əri ölən ərə getməlidi, arvadı ölən arvad almalıdı. Deyir, yox, sənin etibarın yoxdu. Deyif, onda əmiqızı, mən ölsəm sən nağarassan? Deyir, ölüncə başıma qara bağlıyıf sənin yası saxlıyaram. Sora elə olur ki, padşah bir qara qulu dar ağacınnan asdırır. Bunnar çəkif gedənnən sora Allahın əmriynən bu ölmür, kəndir qırılır, düşür yerə, qaçır. Qız da balkonnan baxırmış. Görür bir qara qul piyada gəlir. Deyir, kimsən? Deyir, ay xanım, başına dönüm, mən padşahın zülmünnən qaçmışam. Deyir, gəl bura. Əmisi oğlu da cüzam xəsdəliyinə tutulmuşdu. Deyir, apar bunu filan yerdə yandır gəl. Padşahın adamları səni xəbər alanda deyərəm qaçırdı, tutuf öldürdüm, filan yerdə də yandırmışam. Qara qul aparıf meyidi yandırıf. Padşah car çəkəndə ki, filan adamı axtarıram, bu deyir, budey, bax, orda yandırmışam. Deyir, bülbül qardaş, ona görə insana etibar yoxdu.

Deyir:

– Bayquş qardaş, indi birin də mən deyim sən qulaq as. Gündoğannan bir oğlan, günbatannan bir qız oxuyur, ruhani məktəbin qutarır. Dənizin qırağında bir bina tikif orda yaşıyırmışdar. Elə olur ki, ayıb olmasın, oğlan çölə çıxanda da qızın şiklini üsdündə gəzdirirmiş. Oğlanın adı Məhəmməd olur, qızın adı Diləfruz. Bir günnəri qəflə-qatır Zəngəzur şəhərinə alverə gedəndə Məhəmməd deyir, Diləfruz, icazə ver mən də bularnan gedim. Deyir, Məhəmməd, dözə bilmərəm. Deyir, üş günnük yoldu. Bir gün yol, bir gün alver, bir gün də ayannan bəri qayıtmaq. Deyir, yaxşı, get. Bu gedir.



Zəngəzur şəhərinin padşahının da Məstan addı bir pişiyi olur. Karvan əhli baxır, görür ki, bu Məhəmməd çox ağıllı adamdı, həm də çox biliklidi. Bunu özdərinə başçı seçillər. Zəngəzur şəhərinin padşahına xəbər verillər ki, bəs belə bir alverçi gəlif. Başçını çağırır. Deyir, adın nədi? Deyir, Məhəmməd. Deyir, şərtimiz var. Bu pişik sabahacan bu lampanı əlində tutdu, mən səni aparacam. Nə qədər varın-döölətin varsa mənimdi, adamlarını da zindana saldıracam. Yox, saldı yerə, söndürdü, mənim padşahlığım sənindi. Pişik örgənmiş pişik idi. Sabahacan lampanı əlində saxlıyır. Sabah bunu soyundurullar, bunun cibinnən qızın şikli çıxır. Padşah şiklə baxır, bir könüldən min könülə qıza vurulur. Deyir, yaz, qoy qız gəlsin. Deyir, yaza bilmərəm. Bunu qoyurlar məngənəyə. Nəysə, zornan buna yazdırıllar, qol çəkdirillər. İmza yerinə altdan yazır ki, zülm ilə qolum. Bunu verillər qasidin birinə. Deyir, günortaya mən çatdıraram ora. Qız da əli qoynunda balkonnan yola baxırmış. Qasid gələndə qız kağızı alıf oxuyur. Qasidin paltarın dəyişdirir, çimizdirir, yedizdirir, deyir, get yat. Gedir kənkan gətirir, qapının ağzınnan içəridən dərin quyu qazdırır. Qasidə deyir, dur gedək. Gedəndə qasid düşür quyuya. Qız hərdən qasidin başına daş tökür ki, kopoğlu, mənə düzünü de görüm Məhəmmədin başına nə gəlib? Deyib, başına dönüm, məni öldürməginən, düzün deyəcəm. Bəs bizim padşahın bir pişiyi var, qumar oynuyurlar, padşah udur. Məhəmmədi soyunduranda cibinnən sənin şiklin çıxdı. O da məni göndərif səni aparmağa. Deyir, otur kopoğlu. Tələ qurdurur, üş dənə siçan tutur. Bir yeşik qayıtdırır, siçannarı qoyur yeşiyə. Kişi paltarın geyir. Qasidə deyir ki, mən gəlincə dəbərsən səni qıracam. Quyun ağzın örtür, gedir.

Padşaha xəbər verillər ki, naməçi gəlif. Deyir, adı nədi? Deyir, Məhəmməd. Deyir, gət bura, elə mənim toruma düşən Məhəmmətdərdi. Bu dediyi kimi, pişik oturuf, gecə yarı olanda bu siçanın birin çıxarıf pişiyin qabağına buraxır. Pişik siçana baxmır. Gecə yarıdan keçənnən sora birin də buraxır. Pişik gənə siçana baxmır. Üzün tutur Allaha, deyir, xudavəndi-aləm, məni sabah soyunduracaxlar, mən qadınam, özü də həmliyəm. Siçanın birin də buraxanda siçan pişiyin üsdünə atdan yuxarı dırmaşıf. Pişik çırağı vurur yerə, siçanı götürür gedir. Mərci udur, elə ordaca əmr eliyir ki, padşahı salın zindana. Padşahı salırlar zindana, türmədə nə qədər adam varsa hamısın çıxartdırır. Bunun xəzinəsində nə varsa dağıdır. Yeddi dənə nər yüklüyür qızılnan, gümüşnən. Məhəmmədi də türmədən çıxartdırır, üzün-başın qırxdırır, təmizdədir. Hələ özün nişan vermiyif. Deyir, Məhəmməd, mən padşaham. Gəl qal mənim yanımda, mənə vəzir ol. Deyir, başa dönüm, mənə dünya malı lazım deyil. Mənim gözü yolda qalanım var. Məni burax gedim. Deyir, yaxşı. Bir qoca vəziri vardı. Deyir, vəzir, mən gedirəm, üş günə, beş günə bu padşah türmədə ölməlidi. Yerinə sənsən. Atını minir, karvanı bu yannan yola salır, özü o yannan hərrənir çapıf gedir, çıxır evə. Görür ki, karvan gəldi. Bir az umu-küsü eliyir. Məhəmməd deyir, ay arvad, mənnən küsmə, mənim başıma oyun gəlif. Məni bir nəfər qutarıf. Allah elə eliyərdi mənim əlimə düşərdi, onu dalımda gəzdirərdim. Nəhayət, əri çölə çıxır. Arvad paltarın dəyişir. Məhəmməd bunu görüb deyir, arvad, məni qutaran adam gəlif. Amma arvadın tapmır. Deyillər yağın tualetdədi. Gedif tualetin qabağın kəsəndə arvad bir də paltarın dəyişir. Deyir, gəl otur. Səni zindandan xilas eliyən mənəm.

İndi, ay bayquş qardaş, dünyada yaxşı da var, yaman da var. Dur gedək.

Bayquş durur gəlir. Sifdə düşəndə peyğəmbər buna çox pis baxır. Bayquş ordan uçur düşür ayrı yerə. Orda da buna tərs-tərs baxanda bir də bayquş qayıdır öz yerinə. Deyir, bayquş, yeri niyə dəyişdin? Deyir, ya peyğəmbər, sifdə çox qəzəbli baxdın, tab gətirəmmədim. Sora gördüm ondan da qəzəbli baxırsan. Dedim ki, yurd yurddan sayalı olar, bir də öz yurduma qayıtdım. Dedi ki, səə üş sual verəcəm. Tapdın, səni azad eliyəcəm. Tapmasan, səni öldürəcəm, sənin sümüyün mənə lazımdı. Deyir, gedəcək çoxdu, gələcək? Deyir, ya peyğəmbər, gedəcək çoxdu. Deyir, nədəndi o? Deyir, gedən gedif, gələn də onun dalınca gedəcək. Deyir, avadannıx çoxdu, xarabalıx? Deyir, ya peyğımbər, xarabalıx çoxdu. Deyir, o nədəndi? Deyir, xaraba qalan qalıf, daldan gələn də xaraba qalacax. Deyir, yaxşı, arvad çoxdu, kişi? Deyir, ya peyğəmbər, arvad çoxdu. Deyir, o nədəndi? Deyir, ya peyğəmbər, arvad sözünə baxan kişi də arvaddı.

Peyğəmbər orda bayquşun adını qoyur bəy quş, gündə də üş sərçə ona cirə verir. Bilmirəm görmüsüz, görməmisiz. Amma mən görmüşəm. Sərçələr yığılır bayquşun başına, ayağın qoyur birinin üsdünə, o birilər uçur gedir.

Süleyman peyğəmbərin hekayəti belə oluf.




  1. SÜLEYMAN VƏ QARA QUL

Süleyman çıxmışdı səyahətə, gəzirmiş. Birdən bunu bir ağ yel götürür günbatana doğru aparır, bir dağın dabanında salır yerə. Bir də baxır ki, bir nəfər oturuf orda. Bir əlində neçə barmağı, yazır, pozur. Vəzirnən Süleyman gəlir bunun yanına. Deyir, sən burda nə işnən məşğulsan? Deyir, mən taleh yazanam. Allahın hökmüynən yazıram. Kimin vaxdı tamam olur cırıf atıram əyənə. Bunun da (Süleyman peyğəmbərin – top.) qara hündür gobud bir qulu varmış. Bu maraxlanıf, deyif mənim qara qulumu kimə yazmısan? Deyir, sənin qızın Duxu xanıma. Duxu xanım da eləymiş ki, əlini atsan burdan qolu qırılarmış. Deyir, əşi, heylə şey olar? Mən ona qız vermərəm, onu poz getsin. Deyir, vallah, Allahın yazısıdı. Yazan da odu, pozan da odu. Mən kiməm ki. Bu deyif, mən pozajam. Deyif, özün bilərsən.

Bular hərrənif gəlif çıxır kəndə. Vəzir-vəkili yığır başına ki, bir tədbir qılın, qulun boynunu vurdurax. Vəzir deyir ki, belə şey yaxşı deyil. Qonşu padşahlar var, deyəjəhlər qulun boynun niyə vurdurmusan, qavardın çıxıf gedərdi. Gəl buna bir yol göstərək, getsin günçıxannan günbatanın arasın bilsin, gəlsin. Qırx da atdı verək, qırx gün də möhlət verək. Əliboş geri qayıtsa, boynun vurdurax. Deyərik ki, əmrimizi yerinə yetirməmisən. Bir səbəb olsun. Getsə də, qurt-quş yesin. Özü də qırx nəfərə deyir ki, bir az gedənnən sora hamınız dağılın, tək qalsın.

Biz az gedir, Allahın qüdrətiynən ağ yel bunu götürür aparır həmən dağın dabanına. Bu da taleh yazana rast gəlir. Buna sual verir ki, and verirəm səni yaradana, sən kimsən, burda nə işnən məşğulsan? Bu da cavab verir ki, yazı yazanam. Deyir, sənə bir sual verəjəm. Mənim ağamın qızı Duxu xanımı kimə yazmısan? Deyif, saa. Gülüf deyif, əşi, mən onu neynirəm? Onnan maa arvad olan döylü, o mənim ayağımı yuyan döylü, əlimə su tökən döylü. Mən əlimi atsam, o qırılajax. Deyir, yox, mən yazmışam. Deyir, mən tərəfi poz, mən ölüm gedim, o maa qismət olmasın. Deyir, yox. Amma ona məsləhət verir. Sən gedəndə ağ yel səni götürüf aparajax şərqə. Dağın dabanında düşərsən, orda bir bulax var. O bulaxda tezdənnən çimərsən çıxarsan. Sənin tamam siman dəyişəjəh, Allah tərəfinnən bir dəst paltar gələjəh, geyinəssən, o bulağın başındakı daşlardan üçünü götürərsən qoyarsan bir şeyə, atı minib gələrsən öz kəndinə. Gələndə padşahın qoruğunda atı buraxarsan. Səni qoruxçu tutuf aparajax padşahın hüzuruna. Onda deyərsən ki, mən Misir padşahın oğluyam, atamı tərk eləmişəm. Amma qız sənindi.

Bunu ağ yel götürüf aparır günçıxana. Soyunuf çimir. Çıxanda görür suyun içində bir gözəl oğlan var, tanımır. Baxır görür özüdü elə. Sora bu daşdan üş dənəsini götürür bir dəsmala bağlıyır, atı minir gəlir. Süleyman peyğəmbərin qoruğunda atı buraxır. Bir az uzanır. Qoruxçu bunu görən kimi deyir: “Ə, kimsən uzanmısan burda? Bura padşahın qoruğudu”. Deyir, yol adamıyam. – “Hardan gəlirsən, hara gedirsən?” Deyir, mən Misir padşahının oğluyam, atamı tərk eləmişəm.

Bunu tutuf aparır Süleyman peyğəmbərin yanına. Deyir, sən kimsən? Bu əhvalatı nağıl eliyir. Daşın birin də qoyur stolun üsdünə. Vəzir-vəkil oturmuşdu. Bular daşa baxır, görür qiymətdi bir şeydi, bunun qiyməti heş bunun xəzinəsində yoxdu. Çox ayan bayan, deyir, vəzir, vəkil, nağarax, neyniyək? Deyir, Misirin padşahı böyük padşahdı, onnan qohum olmax daha yaxşıdı. Hamı səni sayajax ki, filan padşahnan qohumdu. O da ağıllanajax, gəlif oğlunu axtarajax. Qızını ver buna, ol qohum. Buna məslahat eliyillər, bu da razılıx verir. Kəbini kəsdirillər. Kəsdirənnən sora bu axşam gedif yerinə girəndə qılıncı çəkif qoyur ortaya. Bir gün, iki gün, üç gün... Qız anasına şikayət eliyir ki, bu məni bəyənmirdisə, məni buna niyə verirdiz? Arvad ərinə deyir, əri bunu çağıtdırır. Deyir, padşah-aləm sağ olsun. Bilirsən mən kiməm? Çıxardır həmən naməni. Deyir, filan vaxdı yazdığın kağız, peçat, möhür burda, mən sənin qara qulunam. Məni Allah-taala apardı ora, ordan qaytardı filan yerə. Bu daşı da filan bulağın başınnan götürmüşəm. Mən o bulaxda çimmişəm, olmuşam belə. Allahın əlində çətin deyil, məni gənə qara qul eliyər, onda hamı maa gülər. Deyir, icazə verirsən qıznan yaşıyım? Deyir, qısmət sənindi. Mən sənnən qabax getmişdim, Allaha qarşı çıxdım ki, vermiyəjəm qızı ona. Amma Allahın yazısına pozu yoxdu.




  1. SÜLEYMAN VƏ QOCA DÜNYA

Əzreyil gəlib Süleyman peyğəmbərin canını almağa. Bu deyif mən beləyəm, heyləyəm, Allah maa çox ömür verməlidi. Allah buna yüz il, iki yüz il, üş yüz il ömür təlif21 eliyir. Deyir, yox. Deyillər ki, saa bir üzük verəjeyih, havaxt o üzüyü itidin, sən onda öləssən. Buna bir üzük verillər, bu üzük barmağında qalır. Öldürməyə nə var, Allahın əlində hasantdı.

Bir gün gedirmiş başqa bir şəhərə. Bu şəhərin qabağında bir qadın oturuf, gözəl bir qızdı, dünya gözəli. Dönür bunun yanına. Bunnan əhdi-peyman bağlıyır. Deyir, gedirəm filan yerə, qayıdanda səni aparajam. Deyir, bəs maa bir hədiyə. Çıxardır üzüyü verir bu qadına. İndi bir ay çəkir, on beş gün çəkir, çox çəkir... Gəlif burdan keçəndə görür həmən yerdə qoja bir qarı oturuf. Deyir, sən kimsən? Deyir, o evin sahıbıyam. Deyir, filan vaxdı burda qəşəh bir qız oturmuşdu, o nijoldu? Deyir, elə o mənəm. Deyir, heylə şey ola? Mən on beş gün bunnan qabax keşmişəm burdan, sən belə idin. Deyir, hə, həmən qız mənəm, indi olmuşam qarı. Deyir, onda mənim üzüyümü qaytar. Deyir, içəridə qab var, onun içindədi. Bu da keçir görür ki, bir qabdı, bunun içində o qədər üzük var. Üzüyün hansını götürür, görür Süleyman ibni Davud yazıflar. Deyir, axı burda bir deyil, iki deyil, hamısının üzərinə Süleyman ibni Davud yazılıf. Deyif, mən qoja dünyayam. Sənin kimi Süleymannar çox gəlif gedif. Süleyman peyğəmbər onnan sora gəlif ölüf.


  1. İSGƏNDƏRİN BUYNUZU VAR

İsgəndər Zülqədərin buynuzu varmış, bu, buynuzun gizdiyirmiş. Hər dəfə başın qırxdıranda bir dəllək gətirirmişdər. Dəllək bunun üzün-başın təmizdiyənnən sora boynun vurdururmuş ki, mənim sirrim açılmasın. Sirr açılmalıdı ey, bunu Allah açmalıdı. Bir dəllək də gəlir. Bunun başın qırxanda yerə qoymur bir tük düşə, hamısını yeyir. İsgəndər fikirrəşir ki, bu mənim tükümü yeyir, yağın sirri də yeyəjək. Bunu öldürmür. Bir ay, iki ay, beş ay bu sirri saxlıyır. Dözmür axı. Söz də bunun qarnın şişirdir, tük də bunun qarnın şişirdir. – “Ə nağarım, ölürəm tay”. Durur gedir sahəyə çıxır, görür bir quyu var. Ağzın diriyir quyuya, deyir, İsgəndər Zülqədərin buynuzu var, buynuzu. Üş dəfə bunu deyir, ürəyin boşaldıf gedir. Aradan bir il keçir, burda bir qamış bitir. Bir çoban gəlir qamışı qırır, tütək qayırır. Tütəyi çalanda görür hansı havanı çalırsa, tütək oxuyur ki, İsgəndərin buynuzu var, buynuzu. Bu heydə İsgəndər çıxır böyürdən. – “Bu nə çalır, ə?” Bunu çağırıllar, gəlir. Deyir, bu nə havadı sən çalırsan? Deyir, vallah, havanı mən çalmıram, bu özü çalır. Kimə verir, görür tütək özü çalır: İsgəndər Zülqədərin buynuzu var, buyuzu.





  1. ODUNÇUNUN NAĞILI

Bir kasıb kişi varmış. Odun qırırmış, gətirif satıf dolanırmış. Bir gün eşidir ki, Musa peyğəmbər Allahnan kəlmələşməyə gedir. Yolun qırağında çıxır qabağına. Deyir, ya Musa, da mənim belim yara oluf dana. Mənim də Allahıma denən maa urza versin, belimin yarası qutarsın. Deyir, yaxşı, deyərəm. Gedir öz kəlməsini deyir, qutarannan sora deyir, saa agahdı da, filan odunçu maa belə dedi. Deyir, yox, ona heş nə vermiyəjəm. Bu da gələndə deyir, nətər deyim, bunun bağrı çatdıyıf ölər. Çıxardır buna bir ləl verir. Enni çay imiş, odunçu gəlir, çayı keçəndə deyir, bu qızılı hara qoyum, hara qoyum? Qoyur ağzına. Gəlif bu çaydan keçəndə odun dəyir bunun dünbülünə. Elə uf eliyə-eliyə isdiyir belin dikəldə, ağzı aralanır, qızıl düşür suya. Nəkqədər axtarır, tapmır. Gələn ay bir də Musa peyğəmbərin qabağını kəsir. Gənə Musa peyğəmbərnən Allaha ismarış göndərir. Allah deyir, yox, vermiyəjəm. Musa gənə bir qiymətdi şey verir. Onu da salır suya. Üçüncü dəfə bir də Musa peyğəmbərin qabağını kəsir. Allah deyir, get denən ki, verəjəm, hamma amanat verəjəm, alajam. Musa peyğəmbər bunu deyəndə odunçu deyif, belimin yarası qutarar, ondan sora alır alsın.

Bir arvadı, bir dənə oğlu varmış. Allah vermiyəndə baxan gözü də kor eliyir. Gözü açılır, çaydan keçəndə suya saldığı qızılı tapır. Götürür gəlir. Yolun qırağıynan gedəndə görür dağın döşündə bir şey işıldıyır. Baxır görür burda siçanlar oynuyur. Yeddi küp qızıl bağlanıf, hamısı da görükür. Bunnan bir az götürür, üsdünü də basdırır. Tez gedir bazara, üsdünü-başını təzəliyir, səhəri gedir padşahın yanına. Deyir, maa yer ver filan tərəfdən, orda özümə bir yua tikim. Deyif, ə, get tik. Bu gedir orda bir bina götürür, qırağın hasarladır. Mal alır, qoyun alır, keçi alır, nökər-naib tutur.

Bir il keçir, padşah vəzirnən gedirmiş. Görür burda bir imarət tikiflər bununkunnan qəşəhdi. – “Ə, bu kimin evidi?” Vəzir deyir, sən bildir demədin filan kişiyə get tik. Nəysə, hərrənirlər, gəlirlər bunun qapısına. Bu da Allahın işidi. Buna qonax gəlirlər da. Bunun oğlu, arvadı, nökəri buna qoyun-zad kəsirlər, yemək-zad hazırrıyırlar. Bunu doyuzdurannan sora baxıf görür imkanı yaxşıdı. Qayıdanda padşah vəzirə deyir, vəzir, neyniyək? Deyir, neyniyəsiyik? Bizə çay verən, çörək gətirif qoyan onun oğludu. Sənin də bir qızın var, ver ona, ol qohum dana. Birləşdir malını. Bunun da ağlına batır. Səhər odunçunu çağırır yanına. Deyir ki, bəs belə-belə. Mən qızımı sənin oğluna vermək isdiyirəm, sənnən qohum olmax isdiyirəm. Odunçu çox fikirrəşir, çox götür-qoy eliyir. Deyir, maa qırx gün möhlət ver. Axı Allah deyif amanat verirəm. Amanatı geri alanda hamı buna güləjək ki, kopoğlu, iki gün ələ iki yüz maat pul gəldi, getdin padşahın qızını aldın. Bu qırx gün özün ora verir, bura verir. Nağarsın, padşahdı. Bir də çağırır, gəlir. Razılıx verir. Kəbini kəsdirir, toy eliyirlər, qızı verillər bunun oğluna. Hamma qız bura gələnnən oğlan da bekaflıyır, heş qıza yaxın durmur. Nənəsi də, kişi də bekaflıyır. Üş gün, beş gün keçənnən sora qız deyir ki, ay nənə, məni bəyənmirdız, bəs dədəmin evinnən niyə gətirmisınız? Elə qoyardız oturardım orda. Deyir, bala, biz bəyənirik ey. Biz odunçuydux, odun satıf dolanırdıx. Bu var-dööləti Allah bizə amanat verif, deyif vaxtı çatanda alajam. Alanda axı sən dura bilmiyəssən, padşah qızısan. Deyir, yox, durajam. Mən pambıx didərəm, yun didərəm, sən əyirərsən, birgə toxuyarıx. Oğlunnan ərin çöldən gətirər, biz də əvdə işdiyərik, dolanarıx. Ağlımız olsa, dolanajeyih. Ağlımız olmasa, olmuyjax. Məni apar qaynatamın yanına, qaynatamnan söhbət eliyim.

Gəliflər, bular yığışıflar. Deyir ki, qaynata, məni apar Musa peyğəmbərin yanına, mən də Allahıma bir sifariş eliyəjəm. Musa gedəndə yolun qırğında kəsirlər qabağın. Deyir, əşi, nə sözün var? Deyir, ya Musa, söz mənim döylü, söz gəlinindi. Deyir, bala, nə deyirsən, sənin Allaha nə deyim? Deyif, get mənim Allahıma denən o varı-dööləti amanat verif, alsın. Sözünə xilaf çıxmasın. Amma bizim ağlımızı almasın. Bu da gedif deyir. Deyir, ya Musa, sən bilirsən ki, onun ağlın alajaxdım, verdiyim mal da əlinnən çıxajaxdı. İndi mən nətər onnan alım? Get denən bağışladım o qıza, mal da onundu, ağıl da olarındı.



  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin