AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə13/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

ÇOMAĞIN HAZIRLANMASI
Çombağı gərməşov, bir də zoğal ağacınnan hazırrıyıllar. O ağacın üz qabığı sanki qabıx döyül. Qabıx atdadı, qabığın üsdündə sanki bir çuxol var. Özü də dırnağnan basırsan, elə bil kauçukdu, yatıb qalxır. O ağac rezin kimidi. Onun naziyin adama vurursan, şlank kimi adama dolanır, amma sınmır. Onun bir üsdünnüyü də var. O həmişə isdi olur, adamın əli üşümür. Ona görə onnan istifadə eliyillər. Onnan ən çox qamçı düzəldirlər. Onun nəziyinnən qoyuna istifadə eliyillər. Qoyunu çombaxnan otarmax olmaz, zərif heyvandı, vurarsan ölər. Çombağ əsasən, iri malda istifadə olunur. Çoban qoyunda daha çox koğa çombağdan istifadə eliyir. Uju haça olur, qoyun balasını qoymuyanda koğa çombağnan ayağınnan tutub əmizdirir. Zoğal çox sərt, möhkəm ağaşdı. Amma yaraşığına görə alınçadan da istifadə eliyillər. Döyüş vaxdı rəqib birdən ağacı tutub əlinnən alır. Ona görə də köşədən biləklik qayırıllar, çombağın başını deşib biləkliyi ora taxıllar, onu da ələ keçirillər. Onda çombağı tutsalar da, çəkəndə əldən çıxmır. Quyrux yağınnan iki-üş dəfə yağlıyırsan, qıpqırmızı qızarır. Ujunu da bəzəkli, oymalı düzəldirlər.

Çoban bəy deyirdi, bir batalyon ayannan bəri gələ, Bilal sağ çiynimdə dura, Kürd Rusdam sol tərəfimdə dura, Ağalar da dura kürəyimin arxasında, o batalyonu mən yatırdaram.

Çombağı düz çıxan düyünsüz zoğdan kəsərdilər. Çox yoğun olmurdu. Çoban bəyin çombağı barmaxdan bekara yoğun olardı. Uzunnuğu adamın boyuna görə olardı. Ayax üsdə dayananda qolunun altına qoyuf söykəndə düz dursun. Eləsi olurdu metr yarım, eləsi olurdu bir metr iyirmi santı.
DƏYİRMAN HAQQINDA
I mətn

Dəyirman ən inkişaf eləmiş kəntdərdə olardı. Mən Qurbanəli xozeynin dəyirmanının xaraba vaxtlarını gördüm, qalıxları qalmışdı. Mirzəxan kəndinin böyründə idi. Dəyirmanın daşı hər daşdan olmazdı. Ağdərə rayonunnan gətirərdilər. Usdalar onu sal qayadan yonallarmış. İki daş olur: biri alt daş olur, biri üsd daş. Sənətkarlar uju biz çəkişnən o daşlarda çuxurlar açardı. Ona tişəmək deyillər. Tişiyərlərmiş ki, buğda arasına düşəndə üsdündəki daş onu əzsin. Onu da kəl arabasıynan, öküz arabasıynan çox çətinniknən dağdan endirəllərmiş, usda gələrmiş onu sazdıyarmış, qurraşdırarmış. O da suynan hərəkətə gəlirdi. Ağacdan noy yonardılar, usdalar onu turba kimi bir-birinə geydirəllərmiş. Su yığışardı, on-on iki metrdən sürətnən gəlirdi pəri vururdu. Mexaniki hərəkət yaranırdı, o da fırlananda qayışdar vasitəsiynən onu hərriyir, o hərəkəti yönəldirdilər aşağıdakı daşa. Daş fırrandıxca onu başdıyırdı əzməyə. Suyun töküldüyü yerə donuzdux deyillər. Su tökülüf oranı o qədər oyurdu, o qədər çökək olurdu ki, ora qorxulu bir yer olurdu. Donuzdan başqa hansı heyvanı qısnasaydın ora girməzdi. Ona görə ora donuzdux deyillər.

Dəyirman da nobatnan olurdu. Dənini aparırdın, adını yazırdılar, sən sabah günorta gəl, iki günnən sora gəl. Dəyirman hakqına da şaad deyirdilər. Standart çuallar vardı, yüz-yüz on kilo tuturdu. Məsələn, sən beş çual gətmisən, hər çuala bir vedrə un şaad idi. Vedrə deyəndə dəyirmançının öz çalovu vardı, onnan götürürdü. Bir çual üyüdürdün, beş çalov şaad verirdin.

Dəyirmana az gətirilən taxıla ağnağız deyirdilər. Məsələn, birinin öyü ajdı. Anası deyir, a bala, get bir ağnağız elə, gəl. Gətirirdi bir dağar dəni tökürdü, deyirdi, a dayı, öyümüz ajdı, bizə bir ağnağız. O da götürürdü ona bir on kilo un üyüdürdü verirdi. Deyirdi, a bala, bunu yeyənə kimi nobatınız çatsın, öyünüz aj qalmasın.




II mətn

Adət idi, dəyirmana dən aparan kömbə salmalı idi. Evdən gedəndə özümüznən yumurta götürürdük. Dəyirmançı örgədirdi, biz də bişirərdik. Hər dən aparan bişirməli idi. Kömbəni kəsib bir azın dəyirmançıya verirdik, qalanını gətirirdik evə. Qonşulara kömbə paylıyırdıx. Fətir kimi olurdu. Arasına yumurta sarısı vururdux, üzünə qozdan, fındıxdan düzürdük. Külçə kimi şirin olurdu. Kömbəni sərirdik kərpicin üsdünə, sajı çöyürürdük, onun üsdündə ojağ qalıyırdıx, kömbə sajın altında bişirdi. Amma duz tökmürdük. Deyirdik, duz tökdünsə, onda o kömbə olmur. Kömbə gərək duzsuz ola.


DOLU DUASI
Keçmişdə taxılı sahələrdə öküznən, kəlnən, cütnən, kotannan əkirmişlər. Səpin vaxtı tarlaya, zəmiyə toxum səpəjəhlər ha, onnan dörd kilo tasatdıx götürürdülər. Tasatdıx bilirsən nədi, bala? Yəni, nəzir deməhdi dana. Həmən tasatdığı götürüf, məsəlçün, verirmişdər çətin yaşıyan, dolana bilmiyən, kasıf bir adama. Bir molla da tapırdılar. Bu molla kamil bir molla olmalıymış. Ta indiki mollalardan yox. Həmən kamil molluya bir dolu duası yazdırarmışdar ki, yaz vaxtı dolu gəlif taxılı vurmasın. Bu dolu duasını da saxsı qutuya qoyurmuşdar, basdırırmışdar tarlanın başında. Deyirdilər, bala, gözə görünməz, əli çəlihli bir kişi durur orda. Havaxt dolu gəlir, həmən o çəlihli kişi çəliyiynən dolunun qabağını kəsir, tarladan başqa yerə göndərir. O kişi sahədə olurdu. Dolu başqa yerə düşürdü. Dolu taxılı vırmırdı, ziyannıx olmurdu. Bax, qızım, kəntdə həmişə deyirdih ki, dolu gəlif, məsələn, qonşunun bağını vuruf, mənim bağımı vurmuyuf. Bax, hamısı o çəlihli kişinin işidir. Allahın həbelə möcüzələri var.
İNAMLAR
1. Bir ağrı olur insanın canında. Gedirsən pişiyin üsdünə həmin pişik çəkir ağrını, ölür.
2. Qulaxda ağrı olanda sərçənin arxasın qoyursan qulağına o ağrını çəkir. Ama sərçə ölür.
3. Uşax qorxanda istəkanın yarısınnan su götürürsən, uşax yatır, onun başının üsdündə isbişkanı yeddi dəfə yandırıf atırsan. Deyirsən, məsələn, itdən-pişikdən qorxub onun qorxuluğunu götürürəm, atırsan suyun içinə uşağ yatdığı yerdə. Başının üsdündə yeddi isbişka dənəsini yandırıf atırsan o suyun içinə. Üç çərşənbə belə eliyirsən, onnan da qorxuluğ götürülür.
4. Bir də yağış kəsənnən sora deyirdilər, mələhlər hana quruf. Göy qurşağı deyirih ha, onu mələhlər toxuyuf. Deyirdih, sifdə kim desə ağnan qırmızı mənim olsun, ağ günnən, qırmızı gün onun olar. Yerdə qalırdı o biri rəhlər. İndi o birsi qayıdırdı ki, mən neynirəm yaşılı, göyü. Neynirəm, tay ağnan, qırmızını götdülər.
5. Təndirdə çörəh küt gedəndə deyirdilər, nəfəs keçif çörəyə. Deyirdilər, munnan xeylax qır tulla itin qabağına, nəfəs keçif.
6. İt yalmananda deyirdilər, yağış yağajah.
7. Toyux bannıyanda deyirdilər, görək xeyrə bannıyır, yoxsa, şərə bannıyır? Məsələn, qivlə tərəfə yönün tutub bannadısa, deyirdilər xeyrə bannıyır. Gün batana tərəf bannıyırsa, şərə bannıyır.
8. Təzə gəlinə balatı qatmağa, çörək bişirməyə, hamır qatmağa icazə verilməz. Süd çalmaz, qatıx çalmağa icazə verilməz. O şeylər ki, mayadı, ruzidi, ona əl vurmağa qoymazdar. Nəyə görə? Cavandı, ola bilər ki, paklığında qüsura yol verə bilər.

9. Əkinin bünövrəsini ağsakqallar qoyardı. Kişilər bir müddət şumun içində oturarmış, deyərmiş, bala, altım isinmədi. Altım isinmədi nə deməkdi? Torpax çərşənbəsində gərək torpax qızsın, isinsin. Qışda isdilik yenir alt qata, topağın dərin qatlarına gedir, amma yazbaşı gələndə, torpax çərşənbəsinnən sora üstə çıxır. Kişilər nəyə görə deyir altım isinmədi? Şum əgər onu üşüdürsə, deməli toxum əkmək olmaz. Amma şum onu üşütmürsə, otura bilirsə, deməli torpaxda hərarət var, əkmək olar. Əkilsə, məhsul verəjəh.


10. Bunan irəli analarımız həmişə təndirdə çörək bişirəndə çörək çıxan kimi kəsirdi bir az, salırdı suya, götürüf atırdı itin qabağına ki, birinci it yesin. Dünyada ən nəfisdi insandı. İnsannan da nəfisdi itdi.
11. Deyillər ki, samavarın tüstüsü burulanda yağış yağacax. Samavardan tüstü düz çıxanda axşamacan günəş olacağ.
12. Qonşudan gələn süpürgəni evdə saxlamaq olmaz. Ona görə ki, qonşunun ağırrığıdı, qonşunun süpürdüyü zibildi, pis əlamətlərdi, o süpürgəynən gəlir evə.
13. Kəklikdə Əzrayıl tükü var. Sən getdiyin yerdə ayrı quş pırıldıyırsa, heş fikir vermirsən, amma kəkliy sənin yanınnan pırr eliyəndə az qalır ki, insan özünnən getsin. Zəhm olur da.
14. Yağış yağırsa, kəsmirsə, yeddi düyün rəngbərəng sapı bağlıyıp atardılar suya. Deyərdilər ki, bu qadanı, bu balanı atıram suya ki, yağış kəssin, mənim malım-qaram, taxılım əmələ gəlsin.
15. Fatma xanım, hənası, ay hənası,

Ərik-arkac yapası, ay yapası,

Gəldi göylər sonası, ay sonası,

Yeddi irəng boyası, ay boyası,

Bir əlində xonçası, ay xonçası,

Bir əlində boxçası, ay boxçası,

Fatma nənə cürəsi, yun darağı, cəhrəsi,

Kömək olsun xalıq ,

Bizə toxusun, arxalığ ay, arxalığ.

Göy qurşağına Fatma nənə deyirlər. Bəzən də Fatimeyi Zəhraynan bağlıyırlar. Qız göy qurşağının altınnan keçə bilsə, bəxt verilir. Biri var, göy qurşağına yannan baxasan, biri də var, başı üsdünnən baxasan. Onda mətləbi verirlər.



NAĞILLAR


  1. MƏHƏMMƏDİN NAĞILI

Biri varmış, biri yoxmuş, bir paccah varmış. Bu paccahın neçə illərdi züryəti olmurmuş. Bir gün paccah bağda oturuf bının fikrin çəkir. Görür ki, ayağının altınnan bir tıkqıltı səsi gəlir. Çönüf baxır, görür ki, bir quru kəllə dayanıf. Şah qorxuf qanrılır, bir dərviş qabağında dayanır. Salamməleyküm, əleyküməsalam.

Deyir: 

– Dərviş baba, hardan gəlif, hara gedirsən?

Deyir:


  • Naməkannan gəlmişəm, diləh verirəm.

Deyir:

  • Məəm də dərdimə bir çarə elə.

Deyif:

  • Nədi dərdin?

Deyif:

  • Bəs neçə illərdi məəm bir züryətim olmur ki, mən ölənnən sora taxt-tajımda otura.

Deyif:

  • Mən saa köməh eliyəjəm, əmma gərəh sən də dedihlərini yerinə yetirəsən, əməl eliyəsən.

Deyif:

  • Gözüm üsdə, nədi isdədiyin?

Deyif:

  • Sən gərəh qırx gün, qırx gejə bu taxtınnan uzaxlaşasan, qırx acı, qırx yoxsulu doyurasan. Əməlin sonunda bu almanı bölüf yeyərsən. Elə ki, arvadın ağrısı tutdu, üç övladın olajax, onun biri məəmdi. Bu quru kəlləynən gəlif aparajam.

Şah razılaşır. Dərviş dediyi kimi, səəri taxdan düşür. Əmr eliyir, xəzinənin ağzın açdırır. Qırx yoxsulu, qırx çılpağı geydirir. Nəysə, nağılda vax tez keçir, gəlir qırx günün tamamında dərvişin verdiyi almanı bölür – yarısın arvadına verir, yarısın özü yeyir. Vaxt keçir. Dokquz ay, dokquz gün, dokquz saatdan sora şahın arvadı ağrı çəkir. Onun üç oğlu olur. Şah, vəzir, vəkil – hamı sevinir. Qoşdar kəsdirir, qurbannar paylıyır, şadyanalıx eliyillər. İkinci günü şahın sevindiyi vaxda yenə bağa bir quru kəllə, dalıyca dərviş girir.

Deyir:


  • Salamməleyküm.

Deyir:

  • Əleyküməsalam.

Deyir:

  • Şah, əmanətimi almağa gəlmişəm.

Şah deyir:

  • Nə əmanət?

Deyir:

  • Bəs, şərtimiz şərtdi. Uşaxlarınnan birin aparmalıyam.

Şah qəzəblənir, ayaxlarını yerə vuruf cəlladı çağırır. Əlindəki suyu dərvişin üstünə tökür. Dərviş bir sehr oxuyuf şahın gözünə üfürüf, gözdən itir. Dərviş gözdən itir. Şah əlini gözdərinnən çəkir. Baxır ki, gözdəri görmür. Ora dərviş, bura dərviş, dərviş qeyb olur. Şah çarəsiz başına-gözünə döyür.

Vaxt gəlir, vədə yetişir, şahın oğlanları böyüyür. Bu müddətdə də padşah bütün yerrərə səs salıf, həkim axtarır. Neçə loğmannar yığılsa da, paccaha köməh eliyə bilmillər. Bir gün paccaha deyillər ki, şəərə bir rəml atan gəlif, hamının dərdinə çarə tapır. Paccah əmr eliyir ki, qoja rəmmalı onun sarayına gətirsinnər. Gedif qojanı paccahın yanına gətirillər. Qoja rəml atıf deyir ki, şahım, sənin gözünün dərmanı gedər-gəlməz qaladakı bir quşdadı. O quşu gətirif başın üsdə oxutsalar, ovsun açılar, gözdərin görər. Amma bu qalaya yol minillihdədi. Hamı təəccüblənir. Paccahın oğlanları irəli yeriyif deyillər, ata, biz o quşu tapıf gətirərih. Paccah razılıx verir. Olara yol tədarükü gördürür. Atlarına çoxlu yeməh-içməh yığdırıf, civlərinə qızıl qoyuf oğlannarını yola salır. Oğlannarı yolun ağzın tutuf gedillər.

Az gedillər, üz gedillər, gəlif üç yolayrıcına çıxıllar. Görüllər ki, hər yolayrıcında üç böyüh daş dayanıf. Birinin üsdə yazılıf gedər-gələr, ikincinin üsdə yazılıf gedər-qalar, üçüncünün üsdə yazılıf gedər-gəlməz. Böyüh qardaş gedər-gələr, ortancıl qardaş gedər-qalar, kiçih qardaş gedər-gəlməz yolu tutuf gedir. Hərə öz yoluna. Bı kiçih oğlanın adı Məhəmməd olur. Məhəmməd xeyli gedənnən sora gəlif bir şəərə çıxır. Qavağına bir daxma çıxır. Haylıyır, səs verən olmur. İçəri keçir. Görür ki, bir qarı daxmada tək-tənha oturuf.

Deyir:


  • Qarı nənə, mən yol gəlmişəm, yorulmuşam, maa bir parça çörəh ver.

Qarı deyir:

– Oğul, o qapının dalındakı çomağımı ver, durum saa çörəh gətirim.

Məhəmməd qapının dalına keçif çomağı götürəndə, birdən göy gurulduyur, ildırım çaxır, qabağında bir dev dayanır. Dev gəlir, deyir ki, adam-badam iysi gəlir, yağlı gödən iysi gəlir. Məhəmməd atılır, çıxır qapının dalınnan, başdıyır devnən vırışmağa. Gah o yıxır, gah bı yıxır. Dev birdən ovsunnanır dönür dovşana, Məhəmməd atılıf onu tutur. Sora dovşan onun qucağınnan qaçıf bir quşa dönür, pırıldıyıf uçur. Məhəmməd genə gəlir bir qavırsannığa çıxır. Görür ki, bir gözəl quş gəldi, paltarın dəyişif qəşəh bir zənən oldu. Əlindəki bir uju gümüş, bir uju qızıl çubuğunu çıxarıf hankı qavra vırırdısa, qavır açılırdı, ölü adam dirilif dururdu. Hə, qızım, beləjə, Məhəmməd bını görür, qaçıf bir qavrın dalında gizdənir. Fikirrəşir ki, qoy bı quşun donunu oğurruyum, əvəzində bir uju qızıl, bir uju gümüş çubuğu alım. Helə də eliyir. Gəlir bı quşun, nə bilim nə quşudu? Göyərçin olar, dayna. Paltarın oğrıyır. Qız ora paltar, bıra paltar, baxır ki, paltarı Məhəmmədin əlindədi. Deyir ki, ay cavan, o məəm paltarımdı, qaytar. Əvəzində nə isdəsən, sa verərəm. Məhəmməd deyir ki, verrəm, amma bir şərtnən. Gərəh əlindəki o çubuğu maa verəsən. Qız der, oğlan, nə isdəsən al, amma onu isdəmə. Məhəmməd der ki, olmaz ki, olmaz. Əlajsız qalır, qız çubuğu verir Məhəmmədə. Çubuğu da götürür, Məhəmməd yenə bağın yolun tutuf gedir. Gəlif bir şəərə çıxır. Görür ki, bu şəərin hər tərəfində camaat qara paltardadı, heş kim danışıf gülmür. Gəlif görür ki, bir qarı əl-qolun çırmıyıf təndirə çörəh yapır. Deyir, ay qarı nənə, qonax isdirsənmi? Qarı deyir ki, Allaha da qurban, qonağına da, buyur. Gəlir qarı Məhəmmədin qabağına, süfrə açır, pendir-çörəh qoyur. Bı arvat da çox kasıf, kimsəsizin biriymiş. Bir keçisi, bir də özüymüş. Hər gün keçisin sağıf, südün satıf dolanarmış. Məhəmməd yeer, içir, sora der ki, ay nənə, bu məmləkət haradı, niyə camaat başdan-ayağa qara geyinif? Deyir ki, oğul, bıra Səlim şahın torpağıdı. Üş gündü kü, cavan bir oğlu ölüf. Odu ki, hamı yasdadı. Məhəmməd der ki, ay nənə, sən get şahın yanına, de ki, şəərimizə bir loğman gəlif, səən oğlu dirildər. Qarı heylə də eliyir, bala. Gedir şahın qapısına, deyir, belə-belə. Qarını döyüf qovullar. Qarı gəlir ki, ay pir olmuş, bəs, mən nejə dedin heylə də elədim, maa dəli deyif qavdılar. Məhəmməd der ki, ay nənə, yenə get, dediyimi şaha çatdır. Qarı yenə paccahın sarayına gəlir. Genə qaravılçılar qarını döyüllər. Bı vaxdı paccah bağda oturufmuş, fikirriymiş (oğlu ölüf dana). Səsi eşidir. Vəziri, vəkili çaarır der ki, görün bı nə səs-küydü?

Deyillər:



  • Şahım, bəs bir qoja qarı gəlif. Tutufdu ki, mən paccahın oğlun dirildəjəh loğmanı, həkimi tanıyıram. Qaravılçılar onu qovluyur, genə də qayıdır.

Paccah deyir ki, gedin onu yanıma gətirin. Qarını gətirillər. Paccah soruşur ki, bəs bı nədi, nə işdi? Deyir ki, bir həkim, loğman qonağımdı. Deyir, mən şahın oğlun dirildərəm. Paccah əmr eliyir, Məhəmmədi gətirillər. Paccah deyir, bu nə işdi, bı nə sözdü? Bını doordan başararsan?

Deyir:


  • Şah sağ olsun, başararam.

Paccah deyir:

  • Yaxşı, gedəh qavırsannığa. Oğlumu diriltdin, diriltdin. Diriltmədin, boynu vurajam, hər tikaa bir heyvana yem eliyəjəm.

Oğlan razılaşır. Gəllər qavırsannığa. Şah, vəzir, vəkil, camaat da tökülüf gəlir. Məhəmməd əlindəki bir uju gümüş, bir uju qızıl çubuğu bir dəfə qavıra çəkir, qavır çatdıyır, iki dəfə çəkir, qavır aralanır. Üçüncü dəfə çəkəndə qavırdakı haman ölü paccahın oğlu dana, qalxır ayağa. Hamı qalır belə. Paccah, el-oba səvinişillər. Gəlillər qırx gün, qırx gejə şaddıx eliyillər. Paccah Məhəmmədi yanında saxlıyır. Deyir ki, oğul, mənim bir təh gözəl-göyçəh qızım var. Gəl onu verim saa, bizdə qal. Məhəmməd der ki, yox, getməliyəm. Atamın gözdəri tutuluf. Onu açajax quşu gətirməliyəm. Paccah gətirir, Məhəmmədə xeyli qızıl-gümüş verif yola salır. Məhəmməd gəlir həmən qarının daxmasına. Qızıl, gümüş, nə ki paccah vermişdi, yarısını tökür qarının ətəyinə, çıxıf gedir.

Oğlan xeyli yol gəlir, bu səfər də gəlif bir başqa məmləkətə çıxır. Görür kü, paccahın meydanına camaatı tofluyullar. Hamı da əlində qab, qazan, tulux bura çıxır. Amma hamı bikefdi. Gəlir bir tacirin şəyirdinnən soruşur kun, bı nədi, nə sirdi? Niyə camaat əlində tulux, səhək bıra yığışır? Şəyird deyir ki, görünür sən bıralara nabələdsən. Bıra filan paccahın yeridi. Beş ildi ki, bir əjdaha bax, o gördüyün çayın ağzını kəsib, hamını susuz qoyub. Camaat da ayda bir cavan qızı bı əjdahanın ağzına atıllar. Əjdaha qızı udunca suyu buraxır. Camaat da qabın-qaşığın doldurur. İndi də nobat vəzirin qızınındı. Məhəmməd də camaata qoşuluf suyun başına gəlir. Görür ki, bəli, bıdı, bir əjdaha nərildiyə-nərildiyə, gurulduya-gurulduya gəldi. Bir gözəl cüvənazanı da gətdilər ora. Məhəmməd tez qılıncın sıvırıb qabağa çıxır. Başdıyır əjdahanı qılışdamağa. Hə... Birin vırır, ikisin vırır, əjdahanı yorur. Əjdaha dönür bir göyərçinə, uçuf gedir. Camaat yığışır Məhəmmədin başına. Səvinillər. Aparıllar paccahın yana. Paccah Məhəmmədin qavağına çıxır, gətirif oturdur yerində.

Deyir:


  • Oğul, mən neçə ildi bırda paccahlıx eliyirəm. Çox igidlərim, pəhlivannarım əjdahanı öldürməh istədilər, başarmadılar. Sən başardın. Gəl qal bırda. Aman-zaman bir qızım var, onu da verim saa.

Deyir:

–Yox, bəs filan yerdən, filan quşu gətiməliyəm ki, atamın gözdəri açılsın.

Paccah da Məhəmmədə çoxlu qızıl-gümüş verif yola salır. Məhəmməd genə yola çıxır. Gəlif bir qalın meşəliyə çatır. Görür ki, bı meşənin ilaf qalın yerində bir qalaça var. Qalaçanın qafısı-zadı köhnədi. Açıf girir içəri, görür bıra bir gözəl bağ-bağatdı. Hər cura gül-çiçəh, mer-meyvə var, qavaxda da bir çarhovuz. Yorulmuşumuş. Gəlif əlin, üzün bı çarhovuzda yuur, merdən-meyvədən yeyif yatır, xeyli yatır. Bir əz keçir, quşdarın civiltisinə oyanır. Görür ki, çarhovuzun yanında bir süfrə açılıf. Üç dənə quş gəldi, paltarların soyundular, oldular üş dənə gözəl cüvənazənin. Başdadılar yeyif-işməyə. Birinci qız qayıdır ki, böyünnəri qarı donunda bir daxmada oturdum, bir qəşəh oğlan gəldi mənnən vırışdı, maa güj gəldi, qaçıf uşdum. İkinci qız deyir ki, mən də böyünnəri qavırsannığa getmişdim, sevdiyimi oyadıf onnan söhbət eliyəjəydim ki, seerli çubuğumu bir gözəl oğlan aldı. Üçüncü qız da deyir ki, mən də böyünnəri filan mahalda suyun qavağın kəsmişdim. Bir igid məni basdı. Uçuf canımı qurtardım. Məhəmməd bınnarı eşidir, gizləndiyi yerdən çıxır. Özün nişana verir. Gətirif bir uju gümüş, bir uju qızıl çomağı, göyərçinnərdən götürdüyü lələhləri onnara verir. Bı qızdara xoş gəlir.

Deyillər:

– Sən kimsən, nəçisən? Bıralarda nəzirsən?

Deyir:


  • Bəs mən filan paccahın oğluyam. Atamın gözdəri havaxtı görmür. Gedər-gəlməzə gedif quşu gətirməliyəm ki, atamın başının üsdündə oxusun, gözdəri açılsın. Qızdar deyillər ki, biz üç ayrı-ayrı paccahın qızıyıx. Birimiz cinnər, birimiz hurilər, birimiz də pərilər paccahının qızıyıx. Bajı olmuşux. Bizi də özünan götsən saa köməh eliyərih. Məhəmməd irazılaşır. Bı Cinnər paccahının qızı Məhəmmədi götürüf həmən minillih yolu birjə günə gətirif bir bağın qarşısında salır. Deyir ki, Məmməd, bı qapıdan keçərsən, qavağa bir yol çıxajax. Girərsən içəri, bağlı qapını açarsan, açıx qapını bağlıyarsan, açıx kilimi örtərsən, bağlı kilimi açarsan. Otuz dokquz otaxdan sora qırxıncıya girərsən. Görəjəhsən ki, bir pəri yatıf. Tilsimlidi. Sinidəki aşın yarsın yəərsən, yarsın saxlıyarsan. Pərinin yanına gələrsən, otuz dokquz sinəbağını açarsan, axırıncıya dəyməzsən. Bir quş gəlif əlin üsdə qonajax. Götürüf dala baxmadan gələrsən.

Məhəmməd gəlir heylə də eliyir. Bağlı qapını açır, açıx qapını bağlıyır, açıx kilimi bağlıyır, bağlı kilimi açır. Gəlif mizin üsdəki aşın yarsın yeer. Onnan bı qızın sinəbağının otuz dokquzunu açır, qırxıncıya dəymir. Görür ki, bir quş gəlif qondu biləənin üsdə, onu götürüf qayıdır. Daldan səs eşidir. Demə, bı pəri oyanıfmış. Açıx qapıya der, tut, qapı eləjə dayanır. Bağlı qapıya der, tut, qapı eləjə dayanır. Kilimə der, saxla, kilim də yerinnən tərpənmir. Xülasey ki, gəlif çıxır Cinnər paccahının qızının yanına. Qız onu götürüf gəlir, bajılıxlarının yaana. Qayıdıllar Məhəmmədin obasına sarı. Məhəmməd bı iki paccahın qızın da ötürür. Gəlillər çıxıllar üç lal qayanın yaana. Məhəmməd baxır ki, qardaşdarının üzühləri bırdadı, deməh qayıtmıyıflar. Qızdarı qoyuf bırda, özü başdıyır qardaşdarın axtarmağa. Gəlif bir ölküyə çatır. Aj-susuzumuş. Bir yeməkxanaya girif yemək isdiyif. Yeməyi gətirəndə baxıf ki, qardaşıdı. Qucaxlaşıflar, öpüşüflər, görüşüflər. Gediflər o biri qardaşdarın axtarmağa. Baxıflar ki, bı da bir kətdə meşədən odun daşımaxla məşğuldu. Xülasey ki, bını da götürüf qayıdıflar pərilərin yanına. Qardaşdarın Məhəmmədə paxıllığı tutur. Deyillər ki, beş gözəl qızı, həm də quşu aparajax, atamız paccahlığı ona verəjəh. Xeyli gəlillər. Susamışdılar. Qardaşdar üçü də yollanıllar quyu gəzməyə. Gəlif axırda bir quyu tapıllar. Məhəmmədi sallıyıllar quyuya. Məhəmməd quyudan suyu çəkir. Qardaşdar içir, tuluxların doldurullar. Sora da ipi kəsif Məhəmmədi quyuda qoyullar. Gəlillər pərilərin yaana. Deyillər ki, bəs Məhəmmədi səhrada şirrər parçaladı. Gəlillər. Şah sevinir, oğlannarın bağrına basır. Quşu gətirillər. Nə qədərnə eliyillərsə, quş oxumur. Şah təəccüblənir.

Deyir:


– Vəzir, vəkil, bı quş niyə oxumadı?

Vəzir barmaan dişdiyir, deyir ki, bırda bir sirr var. Quşu gətirən bı oğlannarın dəyil. Bı tərəfdən də bir tacir yol gedirmiş. Susuyuf quyudan su çəkəndə Məhəmmədi çıxardır. Məhəmməd gəlif bir çovanın evində qalır. Şəərə səs yayılır ki, bəs şahın ölkəsin divlər bürüyür. Divlər paccahının qızı quşun dalınca gəlif. Quşu da, onu aparanı da isdiyir. Böyüh irəli çıxır ki, quşu mən gətirmişəm. Divlər paccahın qızı qəzəflənir. Ortancıl qardaş qavağa yeriyif der ki, mən gətirmişəm. Bını da yola salır. Axırda Məhəmməd gəlir. Quş birdən pırıldıyıf şahın başı üsdə qonuf başdıyır oxumağa. Nəysə, şahın gözdəri açılır. Divlər paccahının qızı bı Məhəmmətdən sirri öyrənir.

Əmr eliyir divlər çəkilir. Özü də Məhəmmədnən qalır. Beləjə o biri qardaşdar peşman olur. Məhəmmədə yeddi gün, yeddi gejə toy vırdırıllar. Paccah taxtını da ona verir. Nağıl da bırda bitir.


  1. SEHRLİ ÜZÜK

Biri varmış, biri yoxumuş, bir kasıf aylə varmış. Bu kişi gedirmiş hər gün onun-bunun həyətində əkirmiş, becərirmiş, nəysə buna günəmuzd pul verirmişdər. Bir gün belə, iki gün belə. Nəysə bir sehirbazın buna yazığı gəlir. Kişi yer əkəndə bir üzüh tapır. Sehirbaz bunun gözünə görünür. Deyir, bəs, sən həmişə işdiyirsən, ona-buna əkif bejərirsən. Bu üzühdə bir arzu var, apar evaa. Ancax fikirrəş də, yaxşı fikirrəş, bir arzun yerinə yetəjəh. Kişi götürür üzüyü sevinə-sevinə gedir arvadının yanına. Deyir ki, ay arvad, neçə ildi onun-bunun qapısında işdiyirəm, indi gözümə bir sehirri adam göründü, maa sehirri üzüh haqqında dedi. Arvad deyir ki, ay kişi, bunu apar şəərə, tacirə-zada göstər, görəh bunun qiyməti neçiyədi? Kişi durur gedir şəhərə, üzüyü bərh-bərh bükür qoyur cibinə, möhkəm saxlıyır. Gəlir tacirin yanına. Tacirə deyir ki, bəs məəm bu üzüyümə bir qiymət qoy. Deyir, nə üzühdü? Deyir, vallah, yer əkirdim, yerdən tapdım. Bir sehirbaz maa dedi ki, bəs bu sehirridi də, bunda bir arzu var. Tacir bını alladır, deyir, bir günə deməzdər də bının qiymətin. Gedəh beyjə qal bizdə, səhərəcən mən adamları tapım eliyim, bına qiymət qoysunnar. Tacir bını aparır evinə, yedirdir, içirdir, yatızdırır. Üzüyü dəyişdirir, ona uyğun başqa üzüyü keçirdir kişinin barmağına. Tezdən durur, nəysə bına da bir əz ayın-oyun düzəltdirir verir. Deyir, vallah, bına dəqiq qiymət qoya bilmillər də. Bilmirəm bu üzüyün qiyməti neçiyədi. Apar saxla da, bir də görsədərsən.

Bı sehirri üzüyü tacir götürür, adi üzüyü kişi taxır barmağına, gəlir evə. Arvat deyir, kişi nooldu? Kişi deyir, vallah, heş tacir də onun qiymətini bilmədi. Arvat deyir, kişi, elə həmişə onun-bunun qapısında işdiyirih. Gəl, bı üzüyə dəəh ki, bizə torpax versin, öz torpağımız olsun, əkəh, biçəh. Kişi deyir, arvat, tələsmə. Bilirsən ki, bunda təh bircə arzu var də. Hələ cavanıx. Özümüzün əlimiz, qolumuz qüvvətdidi. İşdiyə bilərih, pul qazana bilərih. Qoy qalsın soruya. Gəl, bu il ikimiz də çalışax, özümüzə torpax sahəsi alax. Nəysə, arvat kişinin sözünnən çıxmır. Başdıyıllar işdəməyə. İşdiyillər, işdiyillər, xeylax pul topluyullar. Həmişə onun-bunun qapısında işdiyirdilər, indi özdərinin kiçik torpaxları olur. Əkif-becərillər. Arvat bir gün genə deyir ki, a kişi, sən bu üzüyü nə vaxtacan saxlıyassan? Gəti bu üzüyü, arzumuzu dəəh də, malımız-heyvanımız olsun, südümüz olsun, sağıf uşaxları yedizdirərih, qalanını da aparıf satarıx, dolanarıx. Kişi deyir ki, ay arvat, sən hər dəfə belə deyif mənim qanımı qaraltma. Sən də cavansan, mən də. Gəl saxlıyax bını qojalıx vaxdımıza.

Nəysə, genə də arvat kişinin sözünnən çıxmır. Deyir, canımız möhkəmdi, başdıyax işdəməyə. İşdillər, işdillər. Balaca buzov alıllar, buzov böyüyür. Bir-iki quzu alıllar, quzu olur qoyun. Artır da mal-heyvannarı. Bir, iki, üç il keçir. Arvat deyir, ay kişi, sən o üzüyü bərk-bərk bağlıyıf saxlıyırsan sandığın dibində. Gəti bir arzu eliyəh. Pis yaşıyırıx, evimiz balacadı, uşaxlar böyüyür. Kişi deyir, sən yenə məəm sözümə baxmırsan. Bircə arzudu də, qoy qalsın. Gələcəhdə elə şeyə lazım olar ki, bınnan da yaxşı olar. Kişi arvadın sözünə baxmır, üzüyü genə saxlıyır. Başdıyıllar işdiyillər. Özlərinə qəşəh ev tikillər, eşih tikillər. Bulların qəşəh evləri olur, torpaxları olur. Buzovları böyüyüf inəh olur, qoyunnarı, quzuları. Başdıyıllar rahat yaşamağa. Hələ də deyir, üzüh sandığın dibində durur. Bullar işdillər, nə şərayitdəri var düzəldillər. Yaşayışlarına görə, şəraitdərinə görə bı kəntdə beş evdən biri olur.

Orda atalar deyir ki, hətta ən yaxşı şey, üzüh də adama bədbəxçilih gətidi. Həmin o sehirri üzüyü tacir apardı evə. Dedi, Allah, maa qızıl ver. Qızıl o qədər töküldü ki, bədbəhçilih gətidi, tacir öldü. Amma bı üzüh ki, sehirri deyil, heş bir dəəri yoxdu, bu üzüh bıllara xoşbəxçilih gətidi. Yaşıyıllar, dolanıllar. Hələ də o üzüyə dəymillər ki, bını gələcəhlərinə, qojalan vaxdarına saxlıyıllar.


  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin