AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə12/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

II mətn

Heyvan doğannan sora əmcəyində olan ilk süd tərkibinə görə o birsi süddən fərqlənir. Buzoyun bağırsağı yapışmasın deyə doğulanda onun içində qətran olur, qır deyillər. Həmin südün tərkibində elə maddə var ki, onu buzoy əmən kimi o qırı ordan qoparıb çıxartmax üçün ishala salır, buzoy qırrıyır. Qapqara o qır gəlir düşür, içini sanki sıyırır təmizdiyir. O buzoy doğannan sora sağılan südə ağız südü deyillər. O südü sağıllar. Onnan siftə köpməcə bişirillər. Südün içinə un, pesox qatıb çalıllar, hörrə düzəldirlər. Yağı qoyullar. Yağ qaynıyanda içinə qaşıxnan hörrədən töküllər, dəyirmi-dəyirmi köpməcələr bişirillər. Uşaxlara, yaxın qonşulara ondan paylıyırlar ki, filankəsin heyvanı doğufdu. Onun üzərinə pesox da səpmək olur, lap isdəsən bal da sürtə bilərsən. Dırnağı bərk olsun, məhsulu çox olsun deyə onu yaxın qonşulara paylıyırlar.

Onnan sora sağılan süddən kətəməz bişirillər. Südü ojağın üsdünə qoyan kimi süd çürüyür, olur laxta-laxta. Onnan sora sağılan südə bulama deyillər. Onu fırrada-fırrada bişirməsən, o parçalanıf yenə kətəməzə çevrilir və yaxud yanır. O qədər üzvü maddələrnən zəngin olur ku, onu bulamasan, divi çala bilər, yana bilər. Südə düşənə qədər onu buluyullar. Südə düşənnən sora onnan isdiyirsən pendir düzəlt, ya yağ istehsal elə.
III mətn

Keçmiş vaxdı qoyun qırxımı iki dəfə olardı. Aran qoyununu ildə iki dəfə qırxmasan mümkün döylü. Yaz, payız qırxımı olardı. Belə bir deyim var: qoyun gərmədə, quzu sərmədə. O nə deməkdi? Novruz bayramı gəldi, artıx payız quzusu çölə çıxmalıdı və quzunun gejə belinə şeh düşməlidi. Əgər o quzunun belinə şeh düşməsə, o quzu olajax heş-zad. O quzu normal kökəlmijəh, yunu normal olmujax. Niyə belədi? Quzunun içini süd bişirir. Quzu anadan olanda hökmən dəlmədə yatmalıdı. Yeri qazırsan, təxminən bir metr. Qarağannan, çöplü bitkilərdən yığırsan, onun altına döşüyürsən, quzu onun üstündə yatır. Quzunun qarnı yerə dəyməməlidi. Quzu anadan olan kimi ekiz olanda çobannar birini kəsillər, onun mədəsini çıxarıllar. Onun mədəsinin böyründə toxmaya deyilən yumuru bir şey var. Onun içində ağ qatıx kimi bir maddə var. Quzu mayalanmamış onu götürürsən, ağzını bağlıyırsan, duzduyursan, qurudursan. Sora çobannar onu alır əlinə, südü sağanda bircə dəfə içinə hərriyillər, olur pendir. Mayadı o. O mayanın əriməsi üçün gərək quzu soyuxlamıya. Ona görə quzu dəlmədə yatmalıdı ki, yeri isdi olsun və o maya ərisin. Quzu dəlmədən özü hopbanıf çıxmalıdı. Dəlmənin ağzını aşdın, özü hopbanıf ordan çıxa bilirsə, artıx çölə çıxmalıdı. Novruz bayramından sora quzu çöldə yatmalıdı. Quzunun üsdü açıx olmalıdı, belinə şeh düşməlidi. Yoxsa o quzunun içi qorxar, isdi vurar onun içini, axı süd əmir o.

Amma qoyun hökmən gərmədə yatmalıdı, qoyunun belinə şeh düşə bilməz. Qoyunun altı qalın olmalıdı. Qoyunun qarnının altı çox nəzikdi, tükü yoxdu. Qoyun ku, yatdı torpaxda, onnan qoyun olmaz. Onçün deyilir ki, qoyun gərmədə, quzu sərmədə. Yəni, dəlmədən çıxan quzunun nə qədər yeri geniş olsa, torpağın üsdündə yatsa, o yaxşı olur.

Quzunu hökmən küləşin yerini otduyannan sora qırxmalısan. Yazbaşı qoyunun tükün aralıyırsan, görürsən dəriynən yunun arası dümağdı. Onda deyillər, ə, qoyun qaldırıf, qırxax. Bir də ki, qoyunu arıx vaxdı qırxmax olmaz. Qoyun kökəlməsə, o kiri qaldıra bilmir. Qoyunu kökəlməmiş qırxsan, o qoyun dünyada kökəlməz. Qoyun deyir ki, məni yaz otar, yaz otarmadın payız otar, payız otarmadınsa, ha otar, ha otar, da düzələn iş döyül. Yazda qoyunun qabağını döyəllər, payızda qoyunun dalıncan gedəllər.

Deyir, bir günnəri gəlladara xəbər verillər ki, qoyun ajınnan batır yataxda. – “Ə, niyə batır?” Deyir, vallah, il qurax gəlif, payızdıx yoxdu. Gəlir çobanın yanına, görür çoban məlim düşüf. – “Ə, niyə durmusan?” Deyir, ağa, vallah, qoyun batır, verməyə heş-zad yoxdu. Deyir, yapıncını maa ver. Yapıncını çiyninnən alır, tutur əlində, bir yüz metr sürüyə-sürüyə gedir ayna, qayıdır bəri. Yapıncını çöyürür bəri, deyir, say gör yapıncıya nə qədər ot-ələf yapışıf. Sayır deyir, yüz dənə. Deyir, qoyunu burax, dalınca get.

Qoyun elə bir həyasız heyvandı ki, asfaltı qazajax-qazajax, onun altında bir dənə çayır varsa, onu çıxardıf yeyəjəh. Yeməkdə qoyun qədər yırtıcı heş bir heyvan ola bilməz. Özü də qoyunun üst damağında dişi olmur, alt damağında olur. Yeganə heyvandı ki, dırnağıynan eşir yeri, yerdən onu çıxardır yeyir. Camış damağında otduyur, inək diliynən otduyur. İnək dilini ota çalır, dilinə ot dolanmasa, qarnını doydurammır. Amma camış damağıynan otduyur. Qoyun görür kü, çıxarda bilmir, dırnağıynan eşir, kökün çıxardır. Dəvə heş vaxd yediyi bitkinin yarıdan aşağısını yeməz. O qədər Allah-taala onu gözü tox yaradıf ki. O, ekonomistdi, deyir kökü kəsilər. Başını yeyir, kökünü saxlıyır. Özü də o ən yararsız şeyləri yeyər. Tikanı yeyir, onu hər heyvan yemir. Özü də onu nətər yeyər? Tütyə kimi yeyər.

At murdar yeyər, amma murdar işməz. Öldürsən də işməz. Ona görə də süvarilər, atdı adamlar tanış olmuyan suyu mənbəyinnən götürüf qoyullar atın qabağına. At işdi, su pakdı. Həm dəsdəmaz al namaz qıl, həm də iç. Yox, at içmədisə, o suya yaxın getmək olmaz, onun nəsə əməli var. At murdar yeyər, təmiz içər.

IV mətn

Keçi sifdə anadan olanda ona oğlax, altı ayınnan bir yaşa qədər ona çəpiş, bir yaşında olanda ona köər, erkəyinə dıbır deyilir. Keçinin qoyunnan fərqi onnan ibarətdi ki, keçi heş vaxt ot yeməz. Keçi çiçək yeyir, puçur yeyir, ağacın yarpağın, zoğun yeyir. O həmişə yuxarıda otduyar, aşağıda otdamaz. Heş nə tapbıyanda da dişiynən ağacın qabığını soyur yeyir. O yerdən ot yeməz. Harda gül var, onu yeyir. Ona görə onun əti dərmandı. Adətən, keçilərdə görürsən ki, buynuz belə burulur. İsti təndir çörəyini para bölürlər, keçinin buynuzuna doluyullar, belə saxlıyıllar, saxlıyıllar, o isinir. İsinənnən sora əyri buynuzu qaldırıb düz eliyillər, yaxud düzəldənnən sora onu əyib buruf buraxıllar. Onnan sora o düz qalxır. Həmin keçini saxlıyıllar gələcəkdə sürünün qabağını çəkməkdən ötəri. Ona erkəc deyilir. Qoyun hər şeydən ürkür, amma keçi ürkən döyül. Erkəci erkək keçidən tutullar. Onu alalı keçidən eləmirlər. Onu ekiz taydan eləmək düzgün döyül. Çünki iki bala olduğuna görə olar xırça olur, balaca olurlar. Amma tək doğanda o daha gəlimli olur, daha gümrah olur, böyüyəndə də yaxşı olur. Məsələn, erkəc var 4-5 yaşında altmış kilo ət verir. O həmişə qoyunun qabağında gedir.


V mətn

Qoyunun otdamağ vaxdı gələn kimi görürsən məliyir ki, dur, getmək vaxdıdı. Dururdun açırdın, düşürdün qabağına. Qaraçıl qoyun düşürdü qabağa. Qoyun da belə bir məxluxdu. Qoyunun bir dənəsi özünü çaya, oda tullasın, qatar yoluna tullasın, qutardı. Ardınnan sürü getməlidi, ölüm də olsa getməlidi. Yayda biz qoyunu nətər çimizdirirdik? Qoyunun birini tuturdux, ayağınnan başınnan götürüb tulluyurdux suya. Qabağını kəsirdik, qoyun çıxırdı o birsi tərəfdən. O birsi qoyunnar tapbapat özünü tulluyurdu suya. Yayda hər gün qoyunu çimizdirirsən. Çimməsə, qoyunu qırxmax olmaz, həm də kökəlməz. Axı qoyun çox toz eliyir. Toz elədiyinə görə qalxan toz hamısı yapışır canına.

Qoyunçuluxda bir sirr də var. Qoyunnar eyni vaxda doğması üçün gərək onnarın döllək vaxdını biləsən. Gəlladar çoban qoçu qoyunnan ayırır. Onun müəyyən vaxdı var. Çoban hesablıyır ki, qoyun beş aydan sora doğajaxdı. Bu beş ay düşür oktyabr ayına. Döl faraş düşməsi üçün onu oktyabrdan beş-altı ay çəkir bəri, qoçu qatır. Bir ay qoç qalır qoyunun içində, qoyun mayalanannan sora qoçu ayırdı. Tutmuyan qoyunnar qalır. Onda qoyun bir bağır olur, yəni bir formada doğur.

Qoyun qırxılanda nübarrıx saxlanılan göyçək heyvannarın çiyninin üsdünə tükü topa saxlıyırdılar, ona xına qoyurdular. Xüsusən, nişan aparılanda eliyirdilər, İsmayıl qurbanında eliyirdilər, niyyətdi heyvan olanda eliyirdilər. Mənim bir qoyunum vardı, hər il o, bir erkək quzu doğurdu, həmişə də mən onu niyyətdi eləmişdim, onnan İsmayıl qurbanı kəsirdim. Niyyətdi heyvanı qırxanda çiyninin üsdünə kəkil qoyurdular ki, bu tanınsın.


VI mətn

Mal-qoyuna başçılıq eliyən adama sərkər deyillər. Təsərrüfatı o idarə eliyir. Bir də var gəlladar. Gəlladar onnan aşağı olan bir vəzifədi, yəni qoyunçuluğu, maldarrığı yüksək səviyyədə bilən adamdı. Yəni sərkər ferma müdürüdürsə, bu da baş çobandı. Məsələn, elə gəlladar var qoyunun gözünə baxanda bilir o harda otduyub. Baxanda bilir ki, bu inək boğazdı, ya boğaz döyül, onun neçə yaşı var. Qoyunun yaşı ağzındadı, dişdərinnən bilirsən. Çobannarın da vəzifə bölgüsü var. Məsələn, quzuya gedən çoban var, sağmala gedən çoban var, erkək heyvana gedən çoban var.

Çobannığ özü bir sənətdi, peşədi. Bular qoyunu bizim kimi saymırmışlar. Mən görməmişəm onu, anam deyərdi. Min baş qoyun olan sürünü tanıyırmış çoban. Belə tanıyarmış, qayda buyumuş, qoyunnarı rənginə görə taylaşdırırdılar. O bilirmiş ki, məsələn, qumral kərə qoyun burda neçə cütdü, qara qoyun neçə cütdü, bunun hamısın taylaşdırırdı. Axırda da bilirmiş hansının tayı yoxdu.

VII mətn

Qoyunun hər əzələsin yeməzlər. Qoyun əsasən sol tərəfi üsdə yatır. Sol dayima yerdə olduğuna görə deyillər ki, oranın əti dadsız olur. Üstə qalan tərəfin əti onnan dadlı olur. Qoyun heyvanında deyillər yeddi şey yeyilmir. Oların biri öddür, biri xəmirçəkdir, ürəyin qulağcığlarıdır, sora ağ əti haramdı, yeyilməməlidir. Onnan sora kürəy. Adətən qəssablar kəsəndə qolu içinnən çıxarıllar. Onnan başqa cür istifadə eliyillər, bəd əməllərdə. Bir də qanı. Qannan mındar şey yoxdu. Onunçun kəsiləndə qoyunun başını həssaslıqla yuyuruq. Bir vedrə su çatmır, beş-altı vedrə suynan tamam yuyulmalıdı. Qan qalanda bütün xəstəliklər onnan yayılır. Qoyunu kəsəndə islamı qayda-qanunda, iti bıçağ, Allahu əkbər deyilib kəsilir. Bismillah demək olmaz. Çünki bismillahi-rəhmani-rəhim deyəndə başlıyırsan Allahın rəhman adıynan. Orda rəhm etmirsən axı, kəsirsən. Yaxşı olar ki, qoyun kəsiləndə ona su göstərəsən, bir də duz yaladasan. Qurbannığ olanda hamı bizə dua oxudur. Kəsəndə qanı tam axmalıdı. Qan qurtarır, arxasın qaldırırsan sora iliyini vurursan. Xəstə heyvanın iliyin daha tez vurallar.


VIII mətn

Elə heyvan var, balasın almır. Ən çox da qoyun balasın götürmür. Quzu yazıx da özün soxurdu anasının məməsinə ki, əmə. Onda qoyunun əl-əyağını bağlıyırlar, quzunu bir şeyə büküf xəlvətcə gətirirlər, onun burnunu qoyunun doğuş yerinə soxurlar. Xeylaxdan sora çıxardırlar. Onu ordan çıxardan kimi qoyun cumuf quzunu yalıyır. Ona telimə deyirlər. Deyirdilər, hə, balasın telitdih, götdü. O saatdarı balasına süd verirdi, götürürdü.


KİŞİ KİŞİNİN İTİNƏ DAŞ ATMAZ
I mətn

Deyir ki, bizim bir itimiz vardı, adı Qara idi. Özü də atam adam ötürə bilməzdi onnan, bir anam ötürərdi. Anam bircə dəfə səsini qaldıranda ki, ay it. Qutardı, dünya tökülsə, yerindən durmaz. Anam açardı, anam bağlıyardı, anam ötürərdi. Anam gəlməsə, heş kəs ona yaxın getməzdi. Özü də təpəsinnən atasan, qadın xeylağına hürməzdi. Əlli dənə qadın xeylağı gəlsin girsin fermaya, o başın qaldırıf baxmazdı. Deyir ki, gejə oğrular gəlir arxaca. Qara it oları hara buraxır. Daşın dalınnan oğrular deyir, aman Qara it, aman Qara it, aman Qara it.

Saqqızdı yatağında olanda, Çələbilər kəndinin yanında, deyir, axşamdan görürük Qara it yatmır. Dədəm çobannara dedi ki, əyə, canavar gəlif, heş kəs yatmasın. Gejə saat ikidi, üşdü, kafir iti dincəltmir. O ordan yeriyir it oraya cumur, burdan yeriyir buraya cumur. Gejənin bir aləmində atam dedi ki, ə, Qara iti bağlıyın. Qara iti bağladılar, o biri itdər açıxdı. Birdən, deyir, bir gurultu qopdu. Canavar əlini nətər çalıfsa, əli yarıya qədər girif içəri, qoyunun birini yığışdırıf, it də daldan bunu dağıdır. Daldan ağzını salar bunun qarnının altınnan, şəvəyinnən yığışdırıf. Canavar öldürmək bunun əlində bir göz qırpımıdı. Deyir, it bunu dağıdır, bu da qoyunu dağıdır. Atam qışqırdı ki, əyə, qapalağı götürün. Kərəskənin ağzını açın, canavar qoyunu qırdı. Qoyun ürküb minir axı bir-birini. Deyir, ha eliyənə qədər qırx dənə qoyun öldü. Qoyunu çıxartdılar, ölən öldü, qalan qaldı. İt, deyir, canavarı tutuf duruf. Nə bu geri qayıda bilmir, nə də it bunu buraxmır. Qoyunu da, deyir, çəkib canavarın ağzınnan aldılar. Deyir, kişi onatılanı çəkib, canavarın təpəsinə bir güllə atıf onu öldürür. Dedi ki, filan qoçu kəsin. Ə, burda qırx dənə qoyun qırılıf ey. Deyir, dedi, filan qoçu kəsin. Qoçu kəsdirdi, quyruğunu parça-parça doğruyuf itə verdi.
II mətn

Özü də bu tərəkəmə belədi. Bir-birinə at verər, bir-birinə döölət verər, bir-birinə it verməz. İti hər şeyin başı sayır.

El arasında bir deyim var. Deyir, yay küçüyü bit olar, qış küçüyü it olar. Yayda iti bit, sirkə basır. Ona görə də adətən, tərəkəmələr iti qış küçüyünnən götürüb bəsdiyərlər. Küçük anadan olan kimi onun qulaxlarınnan tuturlar fırrıyırlar. Fırrıyan kimi qulaxları qalır əlində, qulaxları çıxır. Bu nədən ötəridi? Bu itin həssaslığını artırmaxdan ötəridi. Qapax kimi qulağ onun üsdünə düşməsin, bir də canavarın üsdünə gedəndə ağzına keşməsin. Ağzına keşdi, qutardı. Deyir, filankəsi qulaxla, bura gətir. Qulax elə bir zərif yerdi ki, onnan yapışdınsa qutardı. Da o adam əldən çıxan döylü. Ona görə qulağını qopardırlar. Bir də quyruğunu kəsillər. İtin yeganə üşüyən yeri burnudu. İt yatanda həmişə burnunu harasa soxmağa çalışır, quyruğu da olanda quyruğuynan burnunu örtür. Axı itin iy bilmə məsələsi var. Həm də burnu üşümüyəndə bərk yatır, amma burnu üşüyəndə isdər-isdəməz ayılır. Ona görə onun quyruğunu da kəsillər. Həm də bitə, sirkəyə görə quyruğunu qırxıllar.

Çoban bəyin Tepil addı bir iti oluf. Maarif inspektoru bir rus qorxusunnan bu iti atıf. Atmasaydı, öldürəjeymiş kişini. Bütün rayon tökülüf bu kişini zornan sakitləşdirif. Deyif, ə, yox ey, məni ateydi, o iti atmıyaydı. Çoban kişi deyir ki, bircə dəfə canavar uladı, qutardı. O it təhcə gedərmiş, ortadan canavarı iki bölüf qoyarmış. Hər dəfə də öldürəndə ona bir erkək kəsilməliymiş, it onun quyruğunu yeməliymiş. İtin bağrı yarılıf, sinəsi çatdıyıf, it quyrux yeməlidi. Qabağınnan qalana qədər it o quyruğu yeməliymiş. Gör itə tərəkəmənin münasibəti nətərdi. Eləsi var heş qonağına qoyun kəsmir, amma bu, itinə bir qoç kəsir.


III mətn

İti aqressiv örgətməkdən ötəri onu dalda yerdə yeri qazıllar, çala kimi bir yerdə onu saxlıyıllar. Ona bir adam xidmət eliyir ki, o ələ örgənməsin. Körpə it hələ başa düşmür axı. Kim çörək atır, onun dalıncan gedir, olur süləngi it. Ona dəlmə deyirik, helə yerdə saxlıyıllar ki, ələ örgənməsin. İt bir yaşını vuranda artıx ona ənik deyilir. Ənik olana qədər orda saxlıyıllar. Sora ona təlim keçillər. Onu adama qısqırıllar, canavara qısqırıllar. Özdəriynən aparıllar çölə, qoyunun içində hərriyillər ki, qoyun hürkməsin. Atam söhbət eliyirdi ki, çoban yatıf yuxuya qalıf, qoyun gejə çıxıf. Qoyunun vaxdı var. Hər gejə qoyun yaylıma çıxır, xüsusən də, bu yay ayları qoyun gejə otdamalıdı. Çünki qoyun çox yeyən heyvandı. Gün olan kimi başını bir-birinin altına salır, öldürsən də otdamaz. Ona görə gejə otduyur. Mən də gejə saat üşdə-dörtdə dururdum, aparırdım səhər dokquzatan, onatan otarırdım. Qoyun otun alırdı, gətirif kölgəyə yığıf özüm yatırdım. Çoban da həmişə iti özüynən aparırdı. Çoban yatıf yuxuya qalanda qoyun özü yellənif gedir. Qabaxcıl qoyunnar olur, sürünün başını çəkən, çəkib sürünü aparır. Atam deyir, sürü çıxıf gedif, çobanın xəbəri olmuyuf. Çoban duruf, hara baxıf sürünü tapa bilmiyif. Səhərə yaxın gediflər ki, it qoyunu kopalıyıf duruf yanında. Canavarı ordan qaytarır, burdan qaytarır, o qoyunun bir dənəsin o canavara vermir. İt də başa düşür bu qoyunu qorumalıdı, qoyun onnan hürkmür.

Bir də itdərin balalarını üzəngidən keçirmək adəti var. Mən eləməmişəm, amma eşitmişəm itin sərt olması üçün hökmən itdərin içində bir qancıx it olmalıdı. Onda o it çox sərvaxt olur. Çox balalıyıf artmamasınnan ötəri onu küçük vaxdı atın üzəngisinnən keçirillərmiş. Baxıllar bu qancığı saxlamax fikri var. Onu atın üzəngisinnən keçirəndə o nəsil vermir.

İt özü də çox uzun ömürrü heyvan döyül. İtin təmtəraxlı vaxdı 5-10 yaş arasıdı. Beş yaşdan on yaşa qədər itin ən cəngavər vaxdıdı.


IV mətn

Boz, ağzı qara, çənbəri it tərəkəmə itidi. Hər şeydə olduğu kimi itdərdə də nəsil var, gennən genə keçən adətdər var. Rəhmətdik dayım iki küçük gətirdi. Dedi, Vəli, küçükləri ala, Əmralı oğlu Səfərdən almışam, çox tutağan itdi. İkisi bir atı aşırır, amma nəsli xarafdı. Yalı az düşən kimi yiyəsin tutur. Heylə də oldu. Axırda o itdər bizi tutdu. Onnan sora dədəm Qoja oğlu Yaqufdan iki küçük aldı. Dedi ki, Allahverdi kişi, bular boydan bir az balacadı. Amma biri atın o üzəngisin altınnan gedir, biri də bu üzəngisin altınnan gedir. Yəhəri də harda assan orda yatar. Olar da böyüdü heylə oldu.

Çoban itdərinin nəsli olur. Yiyəsinə sadiqliyi, təmizdiyi, qorumağı, bir də boylu-buxunnu olur da. İndiki itdər canavara yanaşmır. Xam vaxdı bir dəfə gedir, onun dişinin, əlinin zərbəsin görənnən sora yalannan hürür. Mənim iyirmi iki itim vardı, bala canavarı güjnən öldürüllər. Yekə it varıdı, canavar onun burnunnan tutmuşdu. Mən qapıda duruf qızıl itə baxırdım, o quyruğun qısırdı. Çünki canavarın dişi ona dəymişdi. O saat bilirdim ki, canavar var. Çobanın ağzı qara çənbər, ya qızılı iti indiki itdərin əllisinə bərabərdi.

Tərəkəmədə belə bir adət var. Köş harda düşərsə, bərələri itdər özdəri seçər. Bilir ki, oğru burdan gələr, canavar bu səmtdən gələr. O səmtdə gedər yatar.


ÇOBANLAR HAQQINDA
Qabaxkı çobannar alimlərə bərabərdi. Alimlər yazdığını, çoban gördüyünü deyər. Deməli bir çoban yaylağa gedəndə, arana qayıdanda iyirmi dənə rayonun içinnən keçir. Orda hər cürə kəntdərin səmtinnən keçir, hər cürə adamnan qarşılaşır. Gör onda nə qədər qabiliyyət var, onun hamısınnan sağ-salamat gedir, sağ-salamat qayıdasan və hər yerdə də dost tutasan. Onnarnan da əlaqə saxlıyasan.

Bir dəfə imkannı bir adam vardı, mənə bir sürü qoyunu tapşırdı. Dedi, bunu Kəngərlinin böyrünə apara bilərsən? Mən də beş-on ildi qoyuna gedirəm, özümü başçı kimi hiss eliyirəm. Biz o köçü aparıb deyilən yerə çıxarda bilmədik. Böyük bir davaya düşdük, vur-çatdasın oldu. Axırda kişinin adını verənnən sora ki, bu filankəsin qoyunudu, bizə dəymədilər. Sən təsəvvür elə. Sən əkin əkmisən, yer qoruyursan, qoyun gəldi əkini yedi, dava düşür. Yer almağın da qaydası var. Gedirsən xayiş eliyirsən ki, qoyunum ajdı, imkan var, burda otarım? Onnan sora əgər icazə verərsə, sən onun yerini otara bilərsən. Yoxsa, bu kişi günəbaxan əkib, ya pamidor vurub, sən deyirsən mən buranı otarajam. Onda dava düşür, adam ölür, hər şey olur. Hamı yolda gözdüyür ki, köş gələjək. Oğru gözdüyür ki, oğurruyajax. Alverçi gözdüyür ki, qoyun alajax. Canavar gözdüyür ki, qarnın doyurajax. Sürünü bunun hamısınnan salamat keçirmək lazımdı.


İTİYİNİ AXTARMAMAQ FƏRSİZLİKDİR
İtiyi dosd-tanışın vasitəsiynən tapallar. Məsələn, mənim kəhər, qaşqa, səkil atım Bərdəyə aparılıfsa, orda Qəzənfər var, Əfqan var – sayılan adamlardı da. Gəlirlər, deyillər işimiz var. Yığışıllar bir kişinin öyünə, çay içillər. Yeyif-içənnən sora bulardan soruşullar gəlişinizin səbəbi nədi? Deyir ki, bizim bu rəng atımız itif. Deyir, gedin, üş günnən sora sizə bir söz deyərik. O da cağırır cavannarı, əli sərpənnəri. Deyir ki, bajıoğlu, bu iş nətərdi? Deyir, dayı, sən öl, xəbərim yoxdu. Sora o birsin çağırıllar. Deyir, xəbərim yoxdu. Deyir, yox ey, deynən sən öl, xəbərim yoxdu. Sən öl deyirsə, demək bu işdən onun xəbəri yoxdu. O ağsakqal da çağırıf atı itən tərəfə deyir, sənin atın bu tərəfə gəlmiyif. Əgər o at gətirilifsə, o mütləq üzə çıxmalıdı.

Bu gejə sənin qoyunun oğurlanıfsa, o tapılmalıdı. Mənim bir qoyunum gedif. Mənim devlətim çoxdu, bəlkə də o qoyun mənə lazım döyül, amma mən bilməliyəm ki, mənim heyvanımı aparan kimdi. Arxaca gedən adam düşmən adamdı da, hər adam kişinin arxacına getmir. Deyir, mənə qoyun lazım döyül. Üsdündə beş qoyun da verirəm, amma mən bilməliyəm ki, o daş atılan yer haradı. At oğurlanıfsa, atın ikiqat haqqın verir, amma itən atın yerin de.



Mənim bir atım itmişdi. Üş-dörd rayonun rəisinin yanına getdim. Onda da at bir camışa gedərdi. Dedim, on camışın pulun verirəm, atın yerin deyin. Dedilər, üş camışın pulun verərsən, o atı tapsınlar. Mən o atı almışdım yeddi yüz maata. Dedim verərəm, amma bir şərtnən. At gələjəh bu kəndin içinnən, belinə də aparan adam minəjək. O atı gətirif bu ağaca bağlıyıf döşəkcəni də əlinə alıf gedəjək, bir camış da mən verəjəm. Onu heylə gətizdirdim.
YOL KÖRƏMƏZİ
Çiy südnən qatığı qarışdırırsan, olur körəməz. Süd şirinniyi itirir, xoş gələn tam verir. O həm adamda iştah açır, həm də sərinnik verir. Onnan həm içki kimi istifadə eliyirdilər, həm də onnan çörək də yemək olur. Ona nəyə görə yol körəməzi deyilir? Onun dadını burda almax olmaz. Qoyunun dərisini götürüllər. Onu elə yolullar ki, orda tük deyilən şey qalmır. Duzduyurlar, qurudullar. Şor suya salıb dadını alırlar. Şoru çürüdəndə göm-göy suyu çıxır, o qələvidi. Köhnə dərini əvvəl duzduyursan, qurudursan, üç ay, dörd ay keçir, onnan sora basırsan şor suyun içinə. O onun dadını elə alır ki, onnan heş bir tam gəlmir. Onnan tuluğ qayırıllar. Qoyunun qılçalarını bağlıyırlar, arxasını da çilikliyillər. Boğazına gilas çubuğunnan dəyirmi məfdil kimi bir dairə düzəldirlər. Dərini tikirlər, ağzı olur dairəvi. Da ona qıf lazım döyül. Əl ora rahat girə bilir. O tuluğa südü töküllər, asıllar atın tərkinnən. O dəri başdıyır onun içindəki o ajı suyu süzməyə. Həm də at getdikcə onu çalxıyır axı. İndi onu yemək isdiyirsən. Qolunun birini açır, onun qolunun birinə qarğı qoyurlar. Arxadan bağlıyırlar krant kimi. Arxanı açan kimi istəkanı tutursan altına, ordan axır. Bilirsən nə axır? Bal axır da. Daa o süd döyül. Çalxandıxca yağa çevrilir, suyun da dəri süzür. Onu qida kimi yeyirsən. Arvatdar onun qaymağını yığırlar, altını tökürlər dəriyə. Yolboyu onu yeyə-yeyə gəlirlər. Körəməzi inəyin eydirmə südünnən hazırrıyırlar.
EYDİRMƏ SÜD
Nənəm camışın balasın buraxırdı. Balası bir az qabaxca əmərdi, çəkib bağlıyardı qabax biləklərinə, oturardı altında. Nənəm o camışa bir mahnı oxuyurdu. Onun boyunu bir sevirdi, amma şeirnən döyül. Ay öyümün dirəyi, uşaxlarımın çörəyi, ay bizim ruzumuz. Allah sənə bərəkət versin. Onu avaznan oxuyurdu, camış sakit dayanır, ayaxlarını aralıyırdı. O camış arvadın səsinə nətər örgəşmişdisə, camış göyşəyini kəsirdi, qulaxlarını sallıyıb dururdu. Camışın xəbəri olmurdu ku, arvad onu sağır. Arvad onu təmiz sağırdı. Onu oxumuyanda heyvan südünü oğurruyur. Heyvan verəsidirsə beş litr, verir üç litir. İkisini saxlıyır. Balasını buraxan kimi balasına verir. O birsi arvatdar da nağarıllar? Bir dəfə sağırlar. Bilir axı bu südü oğurradı, vermədi. Balasın buraxır. Balası bir az əmən kimi başdıyır özü də sağmağa. Eydirmə ona deyilir. O südün dadınnan qabax sağılan südün tamı başqadı. Mənim mis kasam vardı, balaca. O arvat qabaxca südü sağardı, saxlıyardı. Sərnici qoyardı qırağa. Mənim kasamı alardı, eydirməynən doldurardı, bax elə orda deyirdi iç. Camışın altında çiy-çiy mən onu içərdim, onnan sora buraxardı balası əmərdi. O süd elə heylə yağ olur.

ALAÇIĞIN HAZIRLANMASI
Çubuxları yerə basdırırsan. Onu belə əyirsən, bunu belə əyirsən, çubuxları bağlıyırsan. Arvatdar yun sapdan başında güllü qotaz olan müxtəlif rəngli çubux bağı toxuyurdular. Onu da çadıra görə toxuyurdular. Məsələn, arvad bilirdi ki, bir alaçığı qurmaxdan ötəri yüz dənə qotazlı çubux lazımdı. Yüz dənə toxunurdu, torbada saxlanırdı. Girirdin çadıra, cüt-cüt qotazdar yeddi rəngdə, dəm-dəsgah idi da. Qırağa çətən hərrənirdi. Onu nazık qarğıdan toxuyurdular, üzünü ağardırdılar, bir metr, metr yarım hündürlükdə olurdu. Alaçığı tikənnən sora onu alaçığın içinnən hərriyirsən.

İmkannı adamlar alaçığı üş-dörd dənə tikirdilər. Birini arvadnan özünə tikirdi, birini tikirdi gəlni-oğlu varsa ona. Birini də tikirdi qonax otağı. Ora heş kim girəmməzdi. Ora ayrıca yorğan-döşək qoyulardı. Biri də tikilərdi yavannığa. Südü, pendiri orda saxlıyardılar. Qara qoyunun, ağ qoyunun yununnan atıcılar keçə toxuyardılar. O keçənin üsdünə xonçalar çəkilərdi, naxışlar vurulardı.

Bizim alaçıxlar ulas ağacının çubuğunnan düzəldilərdi. O ağaclar çox bərk oduncağa malik olan, yaşkən yanan bir ağacdı. Dağ meşələrində olurdu. Dərədə bitdiyinə görə o ağaşdar işığa can atırdı. Ona görə elə çubuxlar varıdı ki, hündürrüyü səkgiz metr, altı metr olurdu. Çubuğu oval şəklində basdırırdılar, ağızdıx qoyurdular. Təxminən otuz santıdan bir, çubux az olanda qırx santıdan bir o mıxçaları yerə sancırsan. Ya da ki, suyu töküb torpağı bir az yumuşaldırsan, onnan sora yerə sancırsan. Onnan sora buları əyirsən. Sifdə yan çubuxları bağlıyırsan, onnan sora o biriləri əyirsən qotaznan bağlıyırsan. Bu səfər qabağı arxaya, arxanı qabağa əyib bağlıyırsan. Onnan sora baş keçəsi var, yan keçəsi var. Baş keçəsi elə endə olur ki, qavaxca yanı çəkirsən, sora baş keçəni çəkirsən. Şifer keçən kimi baş keçəsi yan keçəsinin üsdünə minir, suyu içəri vermir. Qarın deyirik, harım deyirik. Çadırın ətrafını qazırsan, ujunu buraxırsan bəri. Yağışın suyu süzür o harıma, ordan da axır gedir. Kilimin altına, qılğana deyilən ot var, saçax-saçax olur, onu qopardırsan, sirkəliyirsən torpağı tökülür. Onu gətirib kilimin altınnan döşüyürsən. Həmi altdan nəm çəkməməsi üçün, həm də yumuşaxlığ üçün. Onun üsdünnən yer keçəsi, yer keçəsinin də üsdünnən gəvə, palaz sərirsən. Həm də oların qapılığı ayrıca olurdu. Günüz qapılığı tulluyursan çadırın üsdünə, qapı olur açıx. Alaçığın ortasınnan yer qoyullar. Ojax qalıyanda tüstü ordan çölə çıxırdı.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin