Nəsib Göyüşov,
Könül Mİrzəyeva
(Əlyazmalar İnstitutu)
YAZILI ABİDƏLƏRİN AKADEMİK TƏDQİQİ VƏ NƏŞRİ PROBLEMİ
Giriş. Abidələrin akademik tədqiqi və nəşri müxtəlif sivilizasiya məkanlarında formalaşan ayrı-ayrı mədəniyyətlərə xas komponentlərin düzgün elmi mənzərəsinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Yazılı abidələr istənilən halda hər bir xalqın tarixi keçmişi ilə tanışlıq üçün ən dəyərli və mötəbər qaynaqdır. Başqa sözlə desək, onlar tarixin sənədli yaddaşıdır və keçmişin böyük elmi düşüncə potensialı, bədii-estetik və mədəni irsi, əxlaqi-mənəvi dünyası ilə yanaşı, tarixi hadisələr və gerçəkliklər, əcdadların keçdiyi həyat yolları və hətta onların xəyal və arzuları haqqında bu xəzinədə mükəmməl məlumat əldə etmək olar. Həmin xəzinəyə toplanan zəngin mirasın müasir elmi metodlarla tədqiqi və nəşri təqribən yüz əlli il öncə Avropa və Rusiyada başlamış və bir əsr ərzində bu proses dinamik inkişaf yolları keçərək bir sistem halına salınmışdır. Son dövrlər Şərq ölkələrində də akademik araşdırmalar Avropa standartlarına uyğun, yəni müəyyən parametr və meyarları ilə bəlli bir yol tapmış və öz elmi hədəfinə doğru hərəkətdədir.
Avropada şərqşünaslıq elmi ilk növbədə yazılı abidələrin tədqiqi və nəşri ilə başlamışdı. Akademik N.İ.Konradın dəqiq təbiri ilə desək, “elmi şərqşünaslığın predmeti sözün əsl mənasında yazılı abidələrdir” (1.s.11). Çünki Şərq xalqlarının zəngin tarix və mədəniyyəti, elmi-fəlsəfi irsi, dini-ideoloji baxışları, ədəbi-estetik zövqü haqqında təsəvvur yaratmaq üçün həmin ilkin qaynaqlara müraciət etmək lazım gəlirdi. Təbii ki, ilkin mərhələdə bu iş öncə epizodik və pərakəndə halda olsa da, tədricən akademik səviyyəyə yetişmişdir və bu baxımdan mənbəşünaslıq humanitar sahədə mühüm istiqamətlərdən biri kimi diqqəti cəlb edir.
Abidələrin tədqiqi və nəşri müasir dövrdə daha böyük əhəmiyyət kəsb edir, çünki bu əsərlər Qrta əsrlər Şərq xalqlarının tarixinin ayrı-ayrı mərhələlərini orjinal mətnlər əsasında mükəmməl öyrənmək baxımından olduqca dəyərli, mötəbər qaynaqlar və baza rolunu oynayır (2.s. 8).
Əlyazma kitabı ayrı-ayrı xalqların keçdiyi tarixi-ictimai mərhələlərin, sosial həyatının, əqli və elmi fəaliyyətinin, bədii-estetik düşüncəsinin, adət-ənənələrinin ilkin sənədli qaynağıdır. Müsəlman Şərq xalqlarının yazılı irsi həm kəmiyyət, həm də mövzu baxımından çox zəngindir. Avropa, Rusiya və Şərq ölkələrində mövcud olan kitabxana, muzey və başqa mərkəzlərdə saxlanılan yazılı abidələrin nəşr olunmuş kataloqları, biblioqrafik məlumat kitabları və elektron informasiya bankları hələ də Şərq xalqlarının yazılı abidələrinin tam şəkildə əks etdirmir. Digər tərəfdən, bu abidələrin akademik tədqiqi və nəşri sahəsində böyük işlər görülsə də, burada müəyyən boşluqlar və naqisliklər də mövcuddur.
Şərq yazılı abidələrinin mövzu çevrəsi olduqca genişdir və elmlərin ənənənvi təsnifat variantlarını götürsək, yazılı irsin mövzu baxımından zənginliyi bir daha göz önündə canlanır (3.s. 108-127.). Bura ədəbiyyat və poeziya ilə yanaşı, təbiətşünaslıq (botanika, fizika, kimya, minerologiya, təbabət və farmakologiya, astranomiya), riyaziyyat elmləri (cəbr və riyaziyyat, həndəsə, musiqi) və s. daxildir. Əlbəttə, yazılı abidələrin böyük bir qismini islam elmləri (Quran, təfsir, hədis, kəlam, fiqh, təsəvvüf), fəlsəfə və əxlaq, tarix, münşəat və bioqrafiya, coğrafiya və diyarşünaslıq, ensiklopedik məlumat kitabları və müxtəlif sahələrə aid təzkirələr təşkil edir.
Şərq xalqlarının yazı mədəniyyəti Avropadan qədimdir. Məlum olduğu kimi, yazı bütün hallarda mədəniyyətin mühüm komponenti kimi çıxış edir. Yazılı irs bütövlükdə tarix və mədəniyyətin, elmi fikrin və bədii-estetik düşüncənin konkret tarixi dövrə aid yazı və dillə sənədləşmiş yaddaşı olduğundan onların mətnlərini akademik səviyyədə yenidən oxumaq, nəşr etdirmək və dəyərləndirmək lazım gəlir. Bu baxımdan, akad. N.İ. Konradın dediyi kim: “Yazılı abidəni dərk etmək, hər şeydən əvvəl, həmin yazı və dilin aid olduğu tarixi dövrü bilmək, yaxud həmin tarixi dövrə aid yazı və dili bilməkdir” (1. s.10). Deməli, istənilən halda yazılı abidələr birinci növbədə tarixilik baxımdan böyük əhəmiyyət daşıyır.
Müsəlman Şərq xalqlarının yazılı abidələri üç əsas dildə yazılmışdır: ərəb, fars və türk. Hər üç xalqın islamdan sonrakı yazılı irsi ərəb qrafikası əsasında yazılıb saxlanılmışdır və təbiidir ki, bunlardan hər birinin qrafik forması dil xüsusiyyətlərindən asılı olaraq müəyyən dəyişikliyə uğramaqla yanaşı, özünəməxsus təkamül yolu keçmişdir.
Ərəb əlyazma kitabı VII əsrin dördüncü onilliyinin əvvəllərində yaranmağa başlanmışdı (4.s.38). Ərəb yazı mədəniyyəti semit əlifbası əsasında təşəkkül tapmışdır və bu proses e.ə. V-VI və miladdan sonra IV-V əsrləri əhatə edir (4.s. 12-13.). İran yazı və kitab mədəniyyətinin tarixi daha qədim olmaqla 2500 illik keçmişə malikdir (5.s. 330). İslamdan sonra ərəb qrafikasına keçid X əsrin əvvəlllərində başa çatdı (5.s.332). Farslar ərəb qrafikasını olduğu kimi qəbul edərək, onun tələffüzünü öz dillərinin fonetik sisteminə uyğunlaşdırdılar (5.s. 332).
Türk xalqlarının yazılı irsi islamdan öncə runik yazılarda və Orxon-Yenisey abidələrində öz əksini tapır və bu isə eranın V-VIII əsrlərini əhatə edir (6.s.87; 7.s 14-20). Ərəb qrafikalı türk əlyazma kitabı XI əsrdən yaranmağa başlamış və geniş bir coğrafi məkanda yayaılmışdır. Türklər də iranlılar kimi ərəb qrafikasından faydalanmaqla yanaşı, müəyyən dəyişikliklər etmişlər (8.s. 407-414). Burada başqa bir maraqlı cəhət diqqəti cəlb edir, belə ki, islam dünyasında aparıcı dil ərəb dilidir. Əksər elmi, fəlsəfi və dini əsərlər bu dildə yazılmışdır. Hətta qeyri ərəblər öz əsərlərini ərəbcə yazmışlar. Bu baxımdan, iranlıların və türkdilli xalqların, o cümlədən Azərbaycan türklərinin islam elm və mədəniyyətinə göstərdiyi xidmət diqqətəlayiqdir. Burada ikinci yeri fars dili tutur və türkdilli xalqların bir çox alimləri öz əsərlərini farsca yazmışlar. XIV əsrdən isə bəzən üç dildə (Nəsimi və Füzuli), daha çox isə iki dildə (fars və türk) şeir yazmaq ədəbi ənənəyə çevrilmişdir. Nəsimi ilə başlayan bu ənənə Füzulidən tutmuş Mir Möhsün Nəvvabadək, yəni XX əsrin əvvəlinədək davam etmişdir.
Türk dilində elmi əsərlər ərəb və fars dilində yazılmış kitablarla müqayisədə çox azdır və bu dil daha çox poeziyanın və bədii nəsrin daşıyıcısı olmuşdur. Onu da əlavə edək ki, türkdilli xalqların klassik ədəbi irsində təkcə ərəb və fars dillərinin leksik ünsürlərindən deyil, həm də bu dillərdə təşəkkül tapmış ədəbi növ və janrlar, bədii obrazlar və poetik ənənələrdən geniş istifadə edilmişdir.
Ədəbi düşüncə və ənənəyə İran təsiri daha güclü olmuşdur. Fuad Köprülü bu barədə yazır: “Türkler coğrafi yerleri icabınca eski zamanlardan beri iki medeəniyyet nüfuzu altında bulunduktan beri Çin ve İran ile daima münasibetde bulunmuşlardır... Türkler için esrler her iki medeniyyet nüfuzu altında bulundukdan sonra, nihayet, İslam dinini kabul eden İran, onları yavaş-yavaş kendi nüfuzu dairesine aldı “(9.s.20). Müəllif sonra İran mədəniyyətinin islam mədəniyyətinə təsirindən bəhs edərək məsələyə belə münasibət bildirir: “Türkler islamiyetin bir çok ünsürlerinden doğurdan doğura araplardan deyil, ecemler vasitesile aldılar. İslam medeniyyeti türklere, İran kültürünün merkezi olan Xorasan yolu ile Mavenehrden keçerek gelirdi. Mavenehrin bir çok büyük merkezleri bile manen “türk” olmakdan ziyade “irani”idi. İste, bundan dolayıdır ki, islamiyetden öncə de danışdıkları için türklere yabançı gelmeyen iranlılar, islam medeniyeti dairesine girmek için yene onlara yol gösterdiler ve tabii, bu hal, türk edebiyyatının gelişmesi üzerine yüz yıllarca tesirli oldu (9.s.21).
Burada daha bir məsələyə də qısaca işarə etmək istərdik; Azərbaycanda paleoqrafiya və kitab mədəniyyəti tarixi haqqında çox bəhs edilmiş və maraqlı işlər görülmüşdür. Ancaq akademik standartlar baxımından mərhum A.Qazıyevin əsərləri mənbələr əsasında yazılan ciddi işlər sayıla bilər (10;11). Onu da qeyd edək ki, Azərbaycan əlyzama kitabı ümumşərq kitab mədəniyyətinin ayrılmaz tərkib hissəsidir, ona görə də populizmə qapılaraq bu mövzunu müsəlman Şərq mədəni kontekstindən süni şəkildə ayıraraq əlahiddə bir məsələ kimi araşdırmaq akademizmə ziddir. Maraqlı burasıdır ki, əlyazma kitabı və kitabxanalar haqqında ayrı-ayrı tarixə aid əsərlərdə, təzkirələrdə və başqa qaynaqlarda çoxlu məlumatlar vardır. Bundan başqa, Orta əsrlərdə mütəxəssislər tərəfindən sırf paleoqrafiya və kodikologiya sahəsinə aid onlarla risalələr vardır və həmin qaynaqların tərcüməsi və akademik nəşri bu sahədə olan boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. Həmin risalələr (28 risalə) İranda Nəcib Mail Hərəvi tərəfindən 1000 səhifədən artıq bir topluda nəşr edilmişdir (12). Müəllif eyni zamanda ilkin qaynaqlar əsasında əlyazma kitabına aid olan (qələm, qələmdan, kağız, cild, mürəkkəb və rəng növləri, onların hazırlanma texnologiyası, xətt növləri, cild və səhifələrin bəzədilməzi, səhifələrin bəddi tərtibatı, təsvirlər və miniatür sənəti) mükəmməl ensiklopedik terminologiya lüğəti hazırlayıb həmin topluda dərc etdirmişdir (12.s. 571-832). Toplunun sonunda isə geniş izahlar, şərhlər, göstəricilər və qeydlər verilmişdir (12. s.882-1048).
Yazılı abidələrin akademik tədqiqi Şərq xalqlarının elmi-fəlsəfi, dini-məfkurəvi, əxlaqi-ictimai, ədəbi və mənəvi mirasının bütün mərhələlərini və istiqamətlərini əhatə edir və bu əsərlərdə əsas mövzu ilə yanaşı, coğrafi yerlər, müxtəlif şəxsiyyətlər, müəyyənləşdirilməsi gərək olan hadisələr, keçmişin həyat tərzi və məişəti və başqa-başqa məsələlər barədə məlumat əldə etmək olur. Məhz, bu baxımdan hər bir abidə elmi təyinatına uyğun olaraq kompleks şəkildə tədqiq olunmaqla, öz dövrünə və mövcud ictimai ideologiyaya uyğun təhlil edilir.
Dostları ilə paylaş: |