Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix08.06.2023
ölçüsü0,59 Mb.
#127081
1   2   3   4   5   6   7   8   9   10   11
292 felsefe m N11felsefede insan problemi eyani

Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır. Əmək 
alətlərinin yaranması və onların təkmilləşdirilməsinə olan tələbat insanın şüurlu 
olduğunu göstərir. Doğrudan da əgər insan əmək aləti hazırlayırsa, bu, onun tələbatı və 
öz sosial əhəmiyyətini başa düşməsi ilə əlaqədardır. Bu, bilik-bacarıq və əmək vərdişləri 
o qədər yüksək olmasa da, xarici predmetin insan həyatı üçün faydalılığını əks etdirir. 
Beləliklə də xarici, kənar amillər insanın daxilinə, onun əmək vərdişlərinə və hissi 
obrazlarına çevrilir. Sonuncular əmək vərdişləri ilə yanaşı mövcud olur və insanın 
məqsədli ustanovkaları ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq qədim insan xeyli 
dərəcədə mürəkkəb işarə strukturları sisteminə (dil, alətlər sistemi, yasaqlar və normalar) 
malik olmuşdur. 
Əmək alətləri öz-özlüyündə ilk süni işarə deməkdir. Bu, sifətin dəyişməsi, hərəkət 
və heyvanların səs siqnallarından fərqli olaraq yeni siqnal idi. İnsanlar ona obyektiv 
məna verirdi. Lakin belə işarələr vasitəsilə ünsiyyət məhdud xarakter daşıyır. Burada isə 
dil köməyə gəlir. Beləliklə də səs kompleksləri isanların həyatında mühüm rol oynayan 
sosial mənaları maddiləşdirmək funksiyasını öz üzərinə götürür. Nitq insanın 
təfəkkürünə ən çox adekvat olan maddi forma rolunu oynayır. İnsanların qayğısı, 
niyyəti, planı sözlərin timsalında çoxdan axtarılan ifadə formasını tapır. Bu momentdən 
başlayaraq təfəkkür elə bir maddi əsas əldə edir ki, onun sayəsində ictimai qüvvəyə, 
müxtəlif şəraitləri modelləşdirən ruha çevrilir. O, həm də insan üçün daha məqbul, daha 
yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb tapan vasitə olur. 


12 
Sözlər insanın əqli qabiliyyətlərini üzə çıxarır və maddiləşdirir. Bu mənada 
insanın zəkalı varlıq olması, eyni zamanda danışan mövcudat olması deməkdir. Sözlər 
həm də kommunikativ mexanizmi ifadə edir. Yəni onlar vasitəsilə insanın daxili dünyası 
başqaları üçün və bəzən də onun özü üçün aydın olur. Sözlər təkcə onun ünvanlandığı 
şəxsə deyil, həm də danışanın özünün psixikasına təsir göstərir. Sözlərdə fikir 
obyektivləşir, onun predmeti aydın şəklə düşür və bitmiş forma alır. Cümlələrdə ifadə 
olunmuş fikirlərin üstünlükləri və nöqsanları daha aydın nəzərə çarpır. Belə fikri 
sonradan kollektiv rəyin köməyi ilə tamamlamaq, təkmilləşdirmək mümkün olur. Qədim 
insanın rəsmlərdə çəkdiyi ov etmək planı bütün qəbilə üzvlərinin düşüncə obyektinə 
çevrilir. Onların biri öz düzəlişlərini verir, şübhə ilə yanaşır və lazım gəldikdə hətta bu 
planı rədd edə bilirdi. 
Beləliklə, əmək alətləri ilə yanaşı nitq də insanın və onun şüurunun mühüm 
amilidir. Nitq həm də cəmiyyət üçün son dərəcə zəruri müxtəlif ünsiyyət formalarının 
inkişafında, sosial təcrübənin, simvolların, dəyərlərin toplanmasında böyük rol oynayır. 
Qeyd olunmalıdır ki, həm əmək alətləri, həm də nitq müəyyən ictimai 
münasibətlər sistemində və onun təsiri altında baş verir. İctimai münasibətlərin özülünün 
qərarlaşması heyvan sürüsündə bioloji tələbatların inkişafı ilə sıx əlaqədə baş verir. Belə 
ki, meymun sürüsünün daxilində erkək və dişi cinslər, meymun valideynlər ilə onların 
balaları arasında kifayət qədər yüksək inkişaf etmiş münasibətlər mövcuddur. Sözün əsl 
mənasında təsərrüfat fəaliyyətinin formalaşması gedişində bu münasibətlər dərin 
dəyişikliklərə uğrayır. Belə ki, əlin əmək ətlərinə malik olması nəticəsində insan ovçuya 
çevrilir. Bu isə həm də mənfi nəticə doğurur, yəni qəbilə kollektivi daxilində rəqabəti 
artırır. Qəbilə daxilində dişi cinsli nümayəndələrə sahib olmaq üstündə barışmaz 
düşmənçilik özünü göstərməyə başladı. Bu isə nəslin formalaşmaqda olan vəziyyətinə 
pis təsir edir. Çünki qəbilədaxili düşmənçiliyin mövcud olduğu şəraitdə birgə ov etmək, 
təsərrüfat aparmaq çətinləşirdi. Beləliklə, icmanın daxilində heyvani cinsi instinktləri 
qadağan etmək vəzifəsi qarşıya çıxdı. Onun həlli ölüm-dirim məsələsi idi. İcma xeyli 
dərəcədə çətinliklə də olsa bu vəzifəni yerinə yetirməyin vasitələrini tapa bildi. Bu 
qəbilə daxilində cinsi əlaqələrin qadağan edilməsi oldu. Deməli, endoqamiyadan 
ekzoqamiyaya keçildi. Bu, insan cəmiyyətinin böyük sosial nailiyyəti idi. Çünki 
təbiətdə, heyvanlar aləmində cinsi qadağa və məhdudiyyətlər demək olar ki, yoxdur. 
Qəbilə daxilində cinsi əlaqələrin qadağan edilməsi nəsil artımının tənzimlənməsində 
müstəsna rol oynadı. İlk növbədə qəbilə üzvləri arasında bir-birinə olan münasibətlər 
dəyişildi. İnsanlar tədricən bir qəbilənin daxilində qan qohumluğuna malik olduqlarını 
başa düşməyə başladılar. Fərdlərin qohumluq münasibətlərində olması, onlarda yeni 
sosial keyfiyyətlərin formalaşmasına kömək etdi. Heyvan sürüsünün malik olduğu 


13 
bioloji xüsusiyyətlər tədricən sosial xassələrlə əvəz olundu. Qohumluğu başa düşmək, 
insanları bir-biri ilə münasibətlərində müəyyən qaydalara əməl etməyə məcbur edirdi. 
Ekzoqamiyaya keçildikdən sonra tədricən icmalar arasında nikah və qohumluq 
münasibətləri yarandı. Belə münasibətlər artıq sırf sosial məna daşıyırdı. Bu vəziyyət də 
icmaları bir-birinə yaxınlaşdırdı, onları birgə təsərrüfat aparmağa sövq etdi. Beləliklə də 
qəbilə münasibətlərində ilk dövrdə özünü göstərən vəhşi sürüsünə xas keyfiyyətlər 
(adam əti yemək - hannibalizm və s.) tədricən aradan qalxdı. 
Qohumluq münasibətlərinin sosial mənası insanın bu və ya digər icmaya mənsub 
olduğunu aydın bildirən müəyyən simvollarda təsbit olunmağa başladı. Belə simvollar 
totem adlandırılırdı. Totem bu və ya digər icmanın simvolu olmaqla onun üzvünə bir 
sıra tələblər verirdi: o, öz icmasının şərəfini və ləyaqətini qorumalı, onun qaydalarını 
pozmamalı idi. Bu isə sosial mənaların əhatə dairəsini daha də genişləndirdi. İctimai 
münasibətlərin təsiri altında insanlarda daha mürəkkəb işarələr (mənalar) sistemləri 
yaranmağa başladı. Bunlara misal olaraq müxtəlif normaları göstərmək olar. Ümumi 
tərəfindən qəbul olunmuş qaydalara riayət etmək, icma üzvünün mənəvi borcu hesab 
edildi. İcma üzvü hətta həyatı təhlükədə olsa belə, onu poza bilməzdi. 
Beləliklə, insanlar arasında təsərrüfat, əmək fəaliyyəti prosesində qərarlaşan 
ictimai münasibətlər, onlarda sosial keyfiyyətlər formalaşdırdı. Bu yeni keyfiyyətlər 
əvvəllərdə mövcud olan instinktlərdən prinsipcə fərqli idi. İctimai münasibətlər insanlara 
təsir etməyin özünəməxsus vasitəsi rolunu oynamağa başladı. Deməli, əmək alətləri və 
nitq öz-özlüyündə şüuru yaratmır. Onların insan psixikasına təsiri ictimai münasibətlərin 
məzmunundan keçərək baş verir. Məhz ictimai münasibətlərin təsiri altında əvvəldə 
qəbilədə sadə bir erkək olan kişi ailə başçısına çevrildi. Eyni ilə də ictimai 
münasibətlərin təsiri altında qəbilənin dişi üzvü qadına və sonra isə anaya çevrildi. 
İnsanın sosial vəziyyətinə müvafiq olaraq onun şüuru da mövcud olur. Şüur sosial 
münasibətlərin təsiri altında əmək alətlərinin, nitqin və davranış normalarının ictimai 
mənasının başa düşülməsi kimi yaranır. Buradan aydındır ki, şüur da sırf ictimai 
hadisədir. 
İnsanın mənşəyi haqqında müasir dini fəlsəfənin görkəmli nümayəndəsi de 
Şardenin (1881-1955) fikri də maraqlıdır. O, kainatın təkamülünü anlamaqda "insan 
fenomeninə" əsaslanır. Onun fikrincə gələcəyə yönəlmiş təkamül insanların şüurlu 
fəaliyyətindən keçərək baş verir. İnsan materiyam dəyişdirmək yolu ilə təkamülün 
yaradıcı prosesinə qovuşur və bu təkamüllün uğurlarına görə məsuliyyət daşıyır. 
Təkamülün əxlaqını din yaradır, buna görə də din elmlə birləşməli, öz prinsiplərinin 
izahını yeniləşdirməli və fəaliyyət göstərən dinə çevrilməlidir. Beləliklə o, insanın 
təkamül prosesində heyvanlar aləmindən yarandığını qəbul edir. Lakin bu prosesdə 


14 
insanın şüurunun, zəkasının və özünü dərk etməsinin rolunu həddən artıq şişirdirdi. O 
göstərirdi ki, heyvanat aləmindən insana keçid insanın morfologiyasında elə bir ciddi 
dəyişikliklər yaratmır. Bu keçid daha çox insanın daxili aləmində baş verir. 
İnsanabənzər mövcudatların inkişafı gedişində onların xarici həyat fəaliyyəti, tədricən 
daxili, subyektiv istiqamət alır. Onun fikrincə insanın heyvandan üstünlüyünü ifadə edən 
mərkəzi fenomen refleksiyadır. Refleksiya dedikdə o, insan şüurunun öz-özünü dərketmə 
qabiliyyətini başa düşürdü. Şardenə görə məhz refleksiya insanabənzər meymunların 
vəziyyətini dəyişdirmiş, onların daxili həyatını insana yaxınlaşdırmışdır. 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin