Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Atalar sözlərinin oxusu üzrə işin metodikası



Yüklə 453,07 Kb.
səhifə63/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   59   60   61   62   63   64   65   66   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Atalar sözlərinin oxusu üzrə işin metodikası

Azərbaycan şifahi xalq ədəbiyyatının spesifik janrların­dan biri atalar sözləridir. Atalar sözləri xalq tərəfindən yaradılan bitkin ifadələrdir. Atalar sözləri folklorun formaca kiçik, məz­mun­ca dərin janrıdır. Az sözlə dərin mənalar ifadə etmək, xal­qın həyat təcrübəsini, müşahidələrini yığcam, səlis ifadə etmək onun başlıca cəhətləridir.


Kiçik formalı xalq yaradıcılığı nümunələri olan atalar sö­zü dilin obrazlı vasitələrinə daxildir. Fikri yığcam şəkildə ifadə edib, parlaq obrazlar yaratdığından atalar sözü ədəbi dilə canlılıq verməyə kömək edir. Əsrlərdən bəri insan həyatının müxtəlif sahələrinə aid atalar sözləri yaranmışdır. Xalq atalar sözü vasitəsi ilə həyata baxışlarını, öz əxlaqi-tərbiyəvi fikirlərini ifa­də edir. Atalar sözlərinin bəzilərində əməyin insan üçün faydası, bəzilərində birlik ifadə olunur. Əməyə, peşəyə məhəbbət tərbiyə etmək baxımından bəzi atalar sözlərinə diqqət edək: “Əmək xoşbəxtliyin açarıdır”, “Əmək həyatın ziynətidir”, “İş adamın cövhəridir”, “İşləməyən dişləməz”, “İşləyən dəmir pas tutmaz” və s. atalar sözləri əmək haqqındadır.
Atalar sözləri mövzu etibarı ilə çox zəngindir. “Tək əldən səs çıxmaz”, “El gücü, sel gücü” atalar sözlərində isə birlik ifa­də olunur. Vətən məhəbbəti, qəhrəmanlıq və s. mövzularla da bağlı atalar sözləri çoxdur. Belə atalar sözlərində doğma yurd, vətənin müqəddəsliyi ifadə olunur.
Atalar sözlərinin şagirdlərin şifahi nitqinin inkişaf etdi­rilməsində imkanları genişdir. Belə ki, uşaqları ayrı-ayrı hadi­sələrin xüsusiyyətləri ilə tanış edir, biliklərini daha da dərin­ləşdirir, hissini, təxəyyülünü, təsəvvürünü inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir, az sözlə geniş fikir söyləməyi öyrə­dir, uşaqların nitqini canlı xalq dilinə yaxınlaşdırır. Profes­sor Ə.Qarabağlı yazır ki, xalqın hikmətli ifadələrini, mənalı, fəlsəfi ümumiləşdirmələrini xülasə şəklində istifadə edən həyati həqiqətlər, yəni atalar sözü əvəzsiz mənəvi xəzinədir. Buna görə də atalar sözü ana dili məşğələsinin maraqlı keçməsinə təsir göstərir.
İbtidai sinif “Azərbaycan dili” dərsliklərində mətnlərin məzmununun dərk olunmasında atalar sözlərindən istifadə edilməsi həm tapşırıqların rəngarəngliyini təmin edir, həm də nitq bacarıqlarının inkişafına təkan verir. Məsələn, “Xəstə” mət­ninin məzmununa uyğun atalar sözlərinin seçilməsi şagirdlərin təfəkkürünü, nitqini inkişaf etdirir: “Tənbəl tədbirli olar”; “Tənbələ dedilər, dur qapını ört, dedi, külək örtər”; “ Yalan ayaq tutar yeriməz”, “Ortada yeyir, qıraqda gəzir”; “Yalançının şahidi yanında olar”[17, s.146].
Bu zaman uşaqların diqqəti atalar sözlərində fikrin yığcamlığına və məcazi mənasına yönəldilməlidir.
Atalar sözləri şagirdlərin şifahi nitqini xalq dilinin canlı, təbii tələffüz və ifadə xüsusiyyətləri ilə silahlandırır, nitqi daha kəsərli, daha tutarlı edir. Atalar sözləri şagirdləri pis xüsusiy­yətlərdən uzaq olmağa, düzgün, xeyirxah, əməksevər, vətənpər­vər şəxsiyyət kimi yetişməyə səsləyir.
Məsələn, “Yaşıl fincan” mətni ilə əlaqədar verilmiş “Mət­nin məzmununa uyğun atalar sözlərini seç” çalışmasında aşağıdakı atalar sözlərindən istifadə olunmuşdur:

  • Yalan üz qaraldar.

  • Yalançının şahidi yanında olar.

  • Yalanın ömrü az olar.

  • Yalançı özünün düşmənidir.

  • Yalan cücərər, amma bitməz [18, s.43].

Qrammatik anlayışların tədrisində də atalar sözlərindən istifadə edilməsi həm mənəvi sərvətimizə məhəbbət hissinin aşılanmasına, həm şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə, həm də nitqin emosional, ifadəli olmasına xidmət edir. Məsələn, “Hansı atalar sözündə əksmənalı sözlər var?” çalışmasına nəzər salaq:

  1. Gözəllik ondur, doqquzu dondur.

  2. Yerin nuru günəşdir, insanın nuru-elm.

  3. Hər gecənin bir gündüzü var.

“Hansı atalar sözündə əksmənalı sözlərin yeri səhv düşüb?”
A) Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
B) Düz oturaq, əyri danışaq.
C) Ağ gün ağardar, qara gün qaraldar [19, s.68].
Mətnin məzmununa uyğun atalar sözlərindən istifadə məzmunun emosionallığını, təsir gücünü artırır. Atalar sözləri real varlıq, təlimlə həyat arasında vəhdət yaratmağa imkan verir. Atalar sözlərindən əsərlə bağlı istifadə etdikdə əsərin məz­mu­nunun tam açılmasına, ayrı-ayrı personajların xarakterinin başa düşülməsinə, onlar arasındakı münasibətlərin meydana çıx­ma­sına, hər birinin əhval-ruhiyyəsinin öyrənilməsinə, ədalətli və ədalətsiz hərəkətlərinin qiymətləndirilməsinə, şagirdlərin düşün­mələrinə, təfəkkürlərinin, nitqlərinin inkişafına təkan verir.
Ən adi sözlərdən düzəldilmiş, lakin çox dərin məna ifadə edən, zəmanənin fırtınaları qarşısında sinə gərən atalar sözlərinə ibtidai siniflərdə geniş meydan verilməlidir. Burada hər söz dar lüğəvi məna deyil, geniş məcazi məna alır. Atalar sözlərinin düzgün, yerində deyilməsi nitqin təsir qabiliyyətini artırır.
IV sinif “Azərbaycan dili” dərsliyində [20, s.170] “Alma ağacı” mətninə dair çalışmanın tələbinə görə şagirdlər mətnin məzmununa uyğun olmayan atalar sözünü tapmalıdırlar:

  • Bağ salan barın yeyər.

  • Lovğalığın sonu xəcalətdir.

  • Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir.

Bu tipli tapşırıqlar əsərdə qəhrəmanın münasibətini aydın­laş­dırmağa kömək göstərir. Müvafiq atalar sözlərindən istifadə şagirdlərin təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərini, müstə­qil fikir söyləmək, fakt və hadisələrə obyektiv münasibət bəslə­mək, düzgün qiymət vermək bacarıqlarını formalaşdırır. “Bala məhəbbəti güclü olar”, “Bala baldan şirindir”, “Ana bala üçün canını oda yaxar” kimi atalar sözlərində ana məhəbbətinin ülvi­liyi əks olunursa, “Dost dosta tən gərək, tən olmasa gen gə­rək”, “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Özün istəmə­di­yini başqasına rəva bilmə” və s. atalar sözlərində tarixlərin sına­ğından çıxmış yoldaşlığa dair fikirlər şagirdlərə bir mesaj olaraq ünvanlanır. Atalar sözləri şagirdlərin emosional hisslərini və estetik zövqünü də inkişaf etdirmək baxımından dəyərlidir.
Şifahi xalq yaradıcılığından məqsədəuyğun istifadə şagirdlərin nitqini daha ifadəli edir, oxunun ifadəliliyinə öz müsbət təsirini göstərir. Çünki atalar sözləri, məsəllər, sınamalar, dügülər, saymacalar, alqışlar, diləklər və s. məzmunla mətnlərin intonasiyaları məntiqi vurğu çalarları ilə məlahətli səslənir və şagirdlərdə xoş ovqat və yaxud da təəssürat yaradır. Məsələn, “Lal axan çaydan içməzlər” məsəli həm də inancdır; şagirdlərə əgər buna uyğun misal kimi, “Suyun lal axanı, adamın yerə baxanı” məsəli tapdırılsa və deyilərsə, habelə “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəlinin izahı zamanı “Hirsli başda ağıl olmaz” məsəlindən istifadə olunur, “Nə tökərsən aşına, o da çıxar qaşığına” məsəlinin izahı üçün “Yaxşılıq da qazanılır, pislik də”, “Hər kəs öz əməlinin nəticəsini görür”, “Yaxşılıq edən yaxşılıq görər, pislik edən-pislik”, “Başqasına quyu qazan özü düşər” və s. nümunələrdən istifadə olunması oxu prosesində qazanılan və nitqə daxil edilən emosional-obrazlı ifadələrin yaranmasına şərait yaradır[70].
“Bir əldə iki qarpız tutmaq olmaz”, “Tamahkarlıq böyük ayıbdır”, “Artıq tamah baş yarar”, “Çox istəyən azdan da olar ” və s. atalar sözlərində tamahkarlıq pislənir. Bədii nağıletmə ba­ca­rığına yiyələnən və atalar sözlərini yerli-yerində işlədən şa­girdlər düşünülmüş, şirin, mənalı, məntiqi danışmağı, xəyala dalmağı və nəcib arzularla yaşamağı öyrənirlər.
Belə bir fikir də mövcuddur: dilin zənginliklərinə hərtərəfli yiyələnən, ondan səmərəli istifadə edən insan, cəmiyyət və təbiətin mürəkkəb əlaqələrini müvəffəqiyyətlə anlayır. Şagird üçün yaxşı nitq uğurlu təhsilin və inkişafın göstəricisidir.

Dərs nümunəsi “İki gombul və dovşan” (2 saat) – 1-ci saat




Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin