Ayı və şir Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə,
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar(A.Səhhət).
Təmsilin ifadəli oxusundan sonra şagirdlər əsərin lüğəti üzərində iş aparır, əsərin təhlili həyata keçirilir, məzmun mənimsənilir. Onlar tülkünün hiyləgərliyinin şahidi olurlar. Onlar fikirlərini ifadə edirlər ki, ayı və şir taqətsiz olmasaydı tülkü qorxar və ovu aparmazdı. Yəni ayı və şir çox güclü hevandır və əslində didişib taqətdən düşməsəydilər tülkünü parçalamaq onların əlində su içmək qədər asan idi.
Təmsildən çıxan nəticələri şagirdlər özləri düşünüb tapmalı və ya müəllim onlara kömək etməlidir. Müəllim nəticəni deməyə tələsməməlidir. Şagirdlər təfəkkür əməliyyatı aparmalı, düşünməli, mahiyyəti özləri dərk etməyə çalışmalıdırlar, çətinlik yarandıqda müəllim bələdçilik etməlidir.
“Qarğa və tülkü” təmsili şagirdlərdə yaltaqlığa nifrət hissi oyadır. Təmsildə həmçinin yaltağa inanan sadəlövh qarğa mühakimə obyekti olur, qarğa ğülünc vəziyyətə düşür. Şagirdlər qarğanın vəziyyətinə təəssüflənirlər.
...Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar.(S.Ə.Şirvani).
Təmsil və alleqoriyanın janr, məzmun və ideya oxşarlığı olsa da, forma və iştirakçılar baxımından fərqlidir, lakin hər biri nəsihətamiz sonluqla bitir. Ümumiyyətlə, təmsil janrının mədsədi əsərin sonunda tərbiyəvi nəticənin çıxarılmasıdır.
Odur ki, ibtidai siniflərdə təmsil və alleqoriya paralel öyrədilir. Şagirdlərin təfəkkür və nitqinin inkişafında təmsilin xarakterik xüsusiyyətləri və oxusunda intonasiyaya düzgün əməl edilməsi böyük əhəmiyyət kəsb edir.
Təmsillərin ifadəli oxusu şagirdlərə imkan, şərait yaradır ki, onlar əsərin məzmununu, oradakı kinayə ilə işlənən ifadələri düzgün dərk etsinlər və bədii ədəbiyyatın ən qüdrətli vasitəsi olan tərbiyə imkanlarını duya bilsinlər. Bunları şagirdlər şərti olaraq qəbul etsələr, onlar təmsillərin məzmununu nağıl etməyi bacaracaqlar, sual-cavabda sərbəst iştirak edərək, söhbət zamanı hadisələrin ardıcıllığını gözləyəcək, çətin mənalı sözlərin şərhinə səy göstərəcəklər[20, s.201-202].
Təmsillərin bədii ifadə vasitələri, orada işlənən söz və ifadələr, onların üstüörtülü mənaları şagirdlərin nitq bacarıqlarının inkişafına güclü təsir göstərir. Təmsil janrının tədrisində istifadə edilən beyin həmləsi, sual-cavab, şaxələndirmə, Venn diaqramı, BİBÖ, akvarium, qərarlar ağacı və s. texnikalar şagirdlərin monoloji və dialoji nitq bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu zaman şagirdlər rollar üzrə oxuyur və bu cür oxunun xüsusiyyətlərini öyrənirlər. Şagirdlər əsərin rollar üzrə oxusunda həvəslə iştirak edirlər. Əsərin bir nəfər tərəfindən oxusuna nisbətən rollar üzrə oxusu şagirdlər üçün daha maraqlı olur. Şagirdlər onlara ayrılmış parçanı oxuması, yəni rolunu ifa etməsi zamanı bir-birini görmək imkanına malik olmalıdırlar [6, s.147-148].
Təmsillərdə verilən personajların canlandırılması üçün təşkil edilən rollu oyunlar şagirdlərdə böyük coşqu yaradır. Burada əsas məsələ təmsilin oxusu üzrə işin düzgün təşkilindən asılıdır, çünki şagirdlərin nitqi oxunun tələblərinə cavab verdikdə rolların ifası dolğun və təbii alınır. Təmsillərin öyrənilməsinə marağın yaradılması bilavasitə onun oxusu üzərində aparılan işin səviyyəsi ilə ölçülür.
Bir dərs nümunəsinə nəzər salaq:
Standart: 1.1.2; 2.2.1; 2.2.2; 2.2.4.
Mövzu: Əqrəb və qurbağa[8, s.125].