Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
169
LƏQƏBLƏRĠN ETĠMOLOJĠ - SEMANTĠK QRUPLARI
Qasımova Ş.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Ləqəb tarixi bir kateqoriyadır. Onun yaranma, əmələgəlmə tarixi məlum deyil, ancaq bu məlumdur ki,
ləqəblərin hamısı eyni zamanda yaranmayıb, zaman, dövr keçdikcə müxtəlif məzmunlu ləqəblər meydana
gəlib. Bizcə, ən qədim ləqəblər insanın zahiri görünüşü ilə yaranıb. Sonralar ad sisteminin inkişafı ilə
əlaqədar insanlara adlar verilmiş və bu adaş adları fərqləndirmək üçün ləqəb yaratma zərurəti meydana
çıxmışdır.
Onomastik leksikanın köməkçi adlar sistemində özünə yer tutmuş ləqəblər əmələgəlmə yerinə, dildəki
roluna, aid olduğu şəxslə əlaqəsinə və leksik-semantik xüsusiyyətlərinə görə rəngarəng çalarlara malikdir.
Bu müxtəliflik, ilk növbədə, özünü ləqəb yaratmada göstərir. Şəxsin müsbət və mənfi keyfiyyətləri, zahiri
əlamətləri, psixologiyası, ictimai həyatdakı rolu, iş fəaliyyəti, dünyagörüşü, yerişi, duruşu, baxışı və s. kimi
əlamət və keyfiyyətlərinə daha çox diqqət yetirilmiş və dilimizdə ləqəblərin zəngin leksikasını yaratmışlar.
İndiyə qədər belə bir söz qrupu dilin tədqiqat obyektindən kənarda qalmamış, son 30-40 il ərzində dilçi
alimlərimiz A.Qurbanov, M.Adilov, A.Paşayev, M.Çobanov və başqaları ləqəblərin əmələgəlmə və yaranma
yolları, leksik-semantik və etimoloji xüsusiyyətləri haqqında dəyərli fikirlər söyləmiş, maraqlı tədqiqatlar
aparmışlar. Zəngin linqvistik xüsusiyyətlərə malik bu ləqəblər, ilk növbədə, müsbət və mənfi məqamlarına
görə xarakterizə edilir.
Müsbət xüsusiyyətə malik ləqəblər, adından göründüyü kimi, müsbət mənada işlənir, mənaca ifşa
etmir, gülüş doğurmur, insanın davranış qabiliyyəti, iş keyfiyyətinə malik əlaməti bildirir. Müsbət ləqəblər
şəxsin məşğuliyyəti, peşə və sənəti ilə bağlı yaranır: məsələn, Çayçı Mamed, Rəssam Şəmil, Neftçi Akif ,
Bənna İbrahim, Dülgər Sabir, Nalbənd Murtuz, Katib Vəli, Qəssab Fərəməz, Papaqçı Bədəl, Dəllək Aydın,
Usta Əli, Dərzi Seyran və s. Müsbət ləqəblər daha çox şəxsin tutduğu vəzifə, qazandığı titul ilə bağlı olur.
Məsələn: Nazir Ələkbər. Damkom Qasım, Briqadir Əli, Katib Həsənov və s.
Mənfi ləqəblər şəxsin xəbislik, ikiüzlülük, yaltaqlıq, oğurluq, quldurluq və s.kimi naqis mənəvi
keyfiyyətləri açmaq, satira hədəfinə tutub ifşa etmək məqsədilə verilir. Məsələn, Şeytan, Hiyləgər, Qırışmal,
Qurd, İlan, İt, Qaban, Bandit, Öküz, Agent və s.
Etnonimlər əsasında yaranan ləqəblərə dilçilikdə etnoləqəblər deyirlər və bu ləqəblər qeyri-məhsuldar
şəkildə işlənir. Etnoləqəblər müxtəlif səbəblərdən yaranır. Məsələn, Uruş, Yapon, Ərəb, Özbək, Xaxol
ləqəbləri şəxsin görünüşcə həmin millətə oxşamasına, İngilis ləqəbi şəxsin bicliyinə, hiyləgərliyinə, Nemes
ləqəbi şəxsin pulu dəqiqliklə xərcləməsinə, Qazax ləqəbi isə şəxsin uzun müddət Qazaxıstanda yaşamasına
görə verilmişdir.
Antroponimlər əsasında yaranan ləqəblər antroponimik ləqəblər adlanır və kəmiyyətcə azlıq təşkil edir.
Ərazidə mövcud olan Nikolay (yaşca böyük olan adamlara verilir. Məsələn, Nikolayı taxta görüb ), Fudel
(boy-buxundan Kuba Respublikasının keçmiş prezidenti Fidel Kastroya oxşadığına görə ), Çörçil
(çoxbilmişliyinə görə), Andrey (rus millətinə oxşadığına görə ) və s. kimi ləqəblər antroponimlər əsasında
yaranmışdır.
Toponimlər əsasında yaranan ləqəblər. Bu qrupa daxil olan ləqəblər şəxsin doğulduğu yer, ata-baba
yurdu ilə bağlı coğrafi adlar əsasında yaranır. Məsələn, Naxçıvanlı, Şahbuzlu, Gəncəli, İranlı və s. Ləqəblər
bəzən təxəllüslərlə qarışdırılır. Bu cür ləqəblərin eyni formal təxəllüsdən fərqi ondadır ki, onlar şəxs adının
əvvəlində gəlir. Təxəllüslər isə şəxs adından sonar işlənir. Bu fakt əsasən , yaradıcı şəxslərin antroponimik
modellərində özünü göstərir. Məsələn, Nurslu Məmməd modelində Nurslu sözü ləqəb, Məmməd Nurslu
modelində isə Nurslu komponenti təxəllüs, yaxud Naxçıvanlı Əbülfəz modelində Naxşıvanlı sözü ləqəb,
Əbülfəz Naxçıvanlı modelində isə Naxçıvanlı vahidi təxəllüs yerində işlənmişdir.
Zoonimlər əsasında yaranan ləqəblər zooləqəblər adlanır. Ərazidə kobud, mədəniyyətsiz, danışığına,
yerişinə, duruşuna sədd qoymayan, fırıldaqçı, oğru, quldur və s. kimi qeyri-insani keyfiyyətləri olan şəxsləri
ifşa etmək məqsədilə belə ləqəblərdən istifadə olunur. Məsələn, Ayı, At, İt, Pişik, Qaz, Qurd, Balıq, Eşşək,
Tısbağa, Dayça, Canavar, Qoyun, Pota, Tülkü, Keçi və s.
Quş adları ilə bağlı olan ləqəblərə aid nümunələr göstərə bilərik: Sərçə, Petux, Ördək, Qaz, Beçə,
Xoruz, Bülbül və s.
Ev əşyaları, məişət əşyaları adları əsasında yaranan ləqəblər aşağıdakı onomastik vahidlərlə
səciyyələnir – Qaşıq, Muştük, Meşok, Kəfkir, Əngənək, Boşka və s.
Keçmiş üsul-idarə adları ilə bağlı yaranan ləqəblər. Bu tip ləqəblər arxaik leksikamızı əks etdirir və
qeyri-məhsuldar şəkildə işlənir. Məsələn, Baqqal, Pristav, Senyor, Çavuş, Tacir, General, Qoburnat və s.
Bütün bu dediklərimiz məruzəmizdə geniş şəkildə öz əksini tapmışdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
170
OĞUZ QRUPU TÜRK DĠLLƏRĠNDƏ HAL KATEQORĠYASININ SƏCĠYYƏVĠ XÜSUSĠYYƏTLƏRĠ
Qəhrəmanova (Ergin) Y.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Türk dilləri həm geneoloji, həm də tipoloji cəhətdən qohum dillər olduğundan bu dillərin əsas lüğət
fondu, fonetik və qrammatik quruluşu ümumi səciyyə daşıyır. Buna baxmayaraq, bu dillərin uzun tarixi
inikişaf prosesində fərqli coğrafi mövqelərə və tarixi şəraitlərə mənsub olması ayrı-ayrı türk dillərində, eləcə
də oğuz qrupuna mənsub olan dillərdə qrammatik kateqoriyalarda müəyyən fərqlər də meydana gətirmişdir.
Əksər türk dillərində tarixən o qədər də ciddi dəyişikliyə uğramayan hal kateqoriyası cümlə üzvləri və
söz birləşmələrinin komponentləri arasında qrammatik əlaqə yaradaraq isim və isimləşən sözləri əhatə edir.
Formaca morfoloji, vəzifəcə sintaktik kateqoriya olan hal kateqoriyasının tədqiqində A,M,Şerbak,
N.A.Baskakov,T.Banquoğlu, F. Zeynalov, Ə.Şükürlü, M.Hüseynzadə, B.Xəlilov kimi tədqiqatçıların xüsusi
rolu olmuşdur.
Azərbaycan, türk, türkmən və qaqauz dillərində ismin 6, Axısqa türklərinin dilində 8 halı var. Bu dildə
adlıq hal bəzən –y,-ay morfoloji göstəricisinin iştirakı ilə yaranır. Yönlük halda digər oguz qrupu türk
dillərindən fərqli olaraq –ğa,-ğə variantına rast gəlinir. Burada qədim pratürk əlaməti olan birgəlik hal
―ikən‖ və ―nan‖ şəklində özünü saxlamış, müraciət halı isə -li şəkilçisi vasitəsilə formalaşmışdır.
Türk dilində, Azərbaycan dilindən fərqli olaraq, yönlük hal xüsusi isimlərdə -gil şəkilçisinin
məzmununu ifadə edir (Defneye gidiyorum). Təsirlik halda ―n‖ əvəzinə ―y‖ bitişdiricisindən istifadə olunur
(köprüyü, dedeyi). Bir sıra eyni mənalı feillər və qoşmalar isimləri Azərbaycan dilindən fərqli hallarda idarə
edir (Ahmede sormaq-Əhməddən soruşmaq, zile basmaq-zəngi basmaq). Yerlik və çıxışlıq hallarda –da
2
, -
dan
2
ilə yanaşı, –ta
2
, -tan
2
variantları da işlənir. Yönlük halda ben, sen əvəzlikləri kökdən dəyişir (bana,
sana).
Türkmən dilində yiyəlik hal tarixi dilimizdə işlək olan sağır nun variantı ilə də işlənir. R. Mədətova
yazır ki, ―yiyəlik halın‖ ―sağır nun‖la işlənməsi arxaik fakt kimi dilimizin qədim qatları ilə köktürkcə ilə
bağlıdır. M. Kaşğari divanında və ‖Dədə-Qorqud‖da bu forma işlək olmuşdur. Türkmən dilində, eləcə də
dilimizin dialekt və şivələrində yiyəlik halda samitlə bitən sözlərdə ―n‖ bitişdiricisdən istifadə olunması
faktını R.Eyvazova Orta Asiya xalqlarının şairləri ilə yaradıcılıq əlaqələrinin nəticəsi kimi dilimizə gəldiyini
göstərir. (1,səh.20) Bu dildə yönlük hal –a,-ə,-e şəkilisi ilə yanaşı, -qa,-qe, variantı ilə də formalaşır
(dostluqa, sözqe). Ə. Tanrıverdi qədim türk yazılı abədələrində yönlük halda daha cox –ka, -kə, az hallarda
isə, -a,-ya,-yə şəkilçi variantının işləndiyni bildirir.
Qaqauz dilində yiyəlik hal –ın
4
şəkilçisin ilə deyil,-an,-en morfoloji əlaməti ilə işlənir. Bu zaman k
samiti ilə bitən sözlərdə son samit düşür, saitlər uzanır. Məs: sokak-sokaan, inek –inean və s.
Bu dildə də təsirlik hal –nı
4
yox, -yı
4
formasında işlənməkdədir (şkolıyı, dereyi və s.) ‖ XVIII əsrə
qədərki Azərbaycan dili abidələrində -nı variantı ilə paralel işlənən –yı
4
forması hazırda qərb qrup
dialektlərmizdə qorunsa da, ədəbi dilin xəlqi ünsürləri sırasına keçə bilməmişdir‖.
Göründüyü kimi, oğuz qrupu türk dillərində hal kateqoriyası ümumi əlamətləri ilə yanaşı, müəyyən
özünəməxsus xüsusiyyətlər də qazanmışdır.
TÜRK DĠLLƏRĠNĠN ORTAQ TERMĠNOLOJĠ SĠSTEMĠNĠN
QURULMASINDA STANDARTLAġDIRMANIN ROLU
Quliyeva S.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Sovet İttifaqı dağıldıqdan sonra türk xalqlarının bir-biri ilə yaxınlaşması üçün yeni imkanlar yarandı.
Bu yaxınlaşmanın əsas səbəblərindən biri SSRİ-i dağılanda onun tərkibindəki türkdilli müttəfiq
respublikaların müstəqil dövlətlərə çevrilməsi, Türkiyə ilə iqtisadi, siyasi, mədəni, elmi və digər sahələrdə
əməkdaşlığa başlaması oldu. Beləliklə, türkdilli dövlətlərin yaxınlaşması prosesi sürətlənməyə başladı.
Yaxınlaşma türkdilli dövlətlərin əlifba və dil sahəsində islahatlar aparmasına güclü təsir göstərdi. Məsələn:
Azərbaycanda kiril əsaslı əlifba latın əlifbası ilə əvəz olundu. Türk dövlətləri üçün ortaq əlifbanın
yaradılması məsələsi qoyuldu. Bununla bağlı xüsusi elmi konfrans təşkil olundu, ortaq əlifba layihəsi
yaradıldı. Elə bu dövrdə «ortaq türkcə» ideyası da ortaya atıldı. Ortaq türkcə ideyasını zaman özü yaratdı və
tez bir zamanda onu çeşidli elmi toplantıların - qurultayların, konfransların, simpoziumlarının müzakirə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
171
mövzusuna çevirdi. Bu toplantılara misal olaraq, 1992-də keçirilən birinci sürəkli dil qurultayının (Ankara,
may) Türk dil Qurumu qurultayını (İstanbul-Ankara, sentyabr-oktyabr), «Orta türk» konfransının (Daşkənd,
1992) və başqalarını göstərmək olar. Ortaq türk dili ideyasına maraq bu gün də davam edir. Müasir dövr
inteqrasiya və qloballaşma ilə səciyyələndiyinə görə ortaq dil problemi yenidən gündəmə çıxmışdır. Dünya
dilləri səviyyəsində bu məsələ qloballaşma prosesində qlobal dil vasitəsi ilə həllini tapır. Ortaq dil
problemini regional səviyyədə qoyduqda isə regional qlobal dil problemin həllinə imkan verir. Lakin türk
dilləri müstəvisində ortaq dil problemi bir qədər fərqli səciyyə daşıyır. Hər bir türk dilinin milli spesifikliyini
saxlamaq şərti ilə türk dillərində ortaqlaşdırma aparıla bilər.
Türk dilləri üçün ortaq dil problemi XIX əsrdə qaldırılmış problem olsa da, bu sahədə tədqiqatların
sayı XX əsrin sonlarından başlayaraq artmağa başlamışdır. Tədqiqatçılar məsələyə müxtəlif istiqamətlərdən
yanaşırlar. Bu sahə ilə bağlı aşağıdakı məsələlər daha çox diqqəti cəlb edir: 1) ortaq türk leksikasının
formalaşdırılması; 2) ortaq türk leksikoqrafiyasının yaradılması; 3) ortaq türk terminologiyasının
formalaşdırılması; 4) türk dillərində terminologiyanın ortaqlaşdırılması; 5) türk dillərinin milli və ortaq
korpuslarının yaradılması; 6) türk dilləri üçün ortaq türk dilinin yaradılması.
Ortaq türk dilinin bu dillərdən birinin bazasında qurulmasını məqsədəuyğun hesab edirlər. Türk
dillərində ortaqlaşma ilə bağlı ortaq terminologiya sisteminin yaradılması daha ümidverici və real görünür.
Ortaq türk terminologiyasının yaradılması və türk dilləri terminologiyasının ortaqlaşdırılması fərqli
məsələlərdir. Bunlardan ikincisi mövcud terminoloji sistemləri bir araya gətirib onları bir-birinə
yaxınlaşdırmağı nəzərdə tutur. Qeyd olunan məqsədlə ayrı-ayrı türk dillərinin müvafiq sahə
terminologiyalarının nizama salınması, unifikasiyası və standartlaşdırılması məsələləri həll olunmalıdır.
Yaradılmış standartlar əsasında terminoloji sistemdə termin-standartın qəbul edilməsi məsələsi diqqət
mərkəzinə çəkilməlidir. Ortaq türk terminologiyasının formalaşdırılması üçün bundan sonrakı dövrdə
terminlərin alınması və yaradılması prosesinin vahid mərkəzdən idarə olunması vacib şərtdir. Bu isə türk
dilləri üçün ortaq terminoloji komissiyanın yaradılmasını və rəhbərliyin bu komissiyaya tapşırılması üçün
effektiv nəticə verə bilər.
Terminlərin standartlaşdırılması lokal və ya yerli, regional və beynəlmiləl səviyyələrdə aparılır. Türk
dillərinin terminoloji sistemləri bu üç səviyyənin hər biri üzrə standartlaşdırıldıqda ortaq türk terminoloji
sisteminin yaradılması məsələsi bu və ya digər dərəcədə həllini tapır.
Terminlərin standartlaşdırılması, əsasən, iki mərhələdə həyata keçir: 1. Bütün terminlər tam
sistemləşdirilir. 2. Terminoloji sistemin dəqiq məntiqi-əşyavi modeli hazırlanır. Bu mərhələlər
qiymətləndirmə və vahid formaya salınma ölçüsünə əsaslanır. Standartlaşdırma standartların hazırlanmasını,
təyin edilməsini və təsdiqini nəzərdə tutan prosesdir. Bu prosesi həyata keçirmək məqsədilə standart üçün
tələb olunan normaları müəyyənləşdirmək, standartlaşdırılan obyekt və elementlərin nümunələrini,
etalonlarını hazırlamaq lazım gəlir.
Terminologiyanın standartlaşdırılması prosesinin nəticəsi sahə terminologiyası sistemi üçün dövlət
standartlarının təsdiqini əhatə edir. Bir qayda olaraq, sahə, sahələrarası və buna oxşar tam və unifikasiya
olunmuş terminologiyalar standartlaşdırılır. Hər bir terminin müəyyən definisiya əsasında təyininin
zəruriliyi, terminin anlayışı fərqləndirən, onu digər anlayışlardan ayran meyarlar əsasında adlandırılması,
definisiyanın sahə anlayışlarının iyerarxik yerləşmə xüsusiyyətini pozmadan verilməsi vacibdir.
Standartlaşdırma müəyyən normalar üzrə aparılır. Ümumiyyətlə, hər bir dövlətdə standartların
hazırlanması üçün müəyyən qanunlar qəbul olunur. Standartın forması və quruluşu standartlar haqqında
qanunda müəyyənləşdirilir. Terminlərin standartlaşdırılması bu qanun əsasında aparılır.
Terminin linqvistik cəhətdən düzgünlüyü terminə verilən tələblərin bütün dairəsini əhatə edir.
Linqvistik baxımdan burada çoxmənalılıq, omonimlik və sinonimlik məsələləri vardır. Terminin sinonimi
olmamalıdır. Standart terminin yalnız və yalnız bir mənası olur və bu məna anlayışın sahədə qəbul edilmiş
tərifidir. Terminin variantı olur, ancaq sinonimi olmur.
Müxtəlif türk dillərində sahə terminologiyalarının bir-birinə yaxınlaşması, ortaqlaşması üçün əlverişli
şərait yaranmışdır. Bu məsələnin həllinə həm qarşılıqlı pozitiv münasibət mövcuddur, həm də dillərin qohum
olması nəticəsində dilin müxtəlif səviyyə vahidlərinin ortaqlığı, eynisistemliyi həlledici rol oynayacaqdır.
Deməli, burada ortaqlaşdırma imkanları böyükdür. Ayrı-ayrı sahə terminologiyalarında türk dillərində ortaq
terminlər istifadə olunur. Araşdırmalar göstərir ki, Azərbaycan, qırğız, türkmən və özbək dillərində
avtomatik idarəetməyə aid bir sıra terminlərin işlənməsində ortaqlıq vardır. Vektor, ventil, anod, katod,
harmonika, balans, kamera, generator, aqreqat, histoqram, faza, sxem, kontroller, hodoqraf, qraf, kod,
diapozon, diaqram və s. terminlər dörd dilin dördündə də eyni formada işlənir. Bunun əsas səbəbi qeyd
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
172
edilən terminlərin dörd dilə rus dili vasitəsi ilə keçməsidir. Nümunə kimi verilmiş terminlərin bəzilərinin nə
qrafik, nə də fonetik cildində fərq qeydə alınmır. Məsələn: diapazon, anod, katod, faza, vektor, kontaktor,
montaj və s. Bu eynilik ortaqlıq üçün tam təminat verir. Yəni nümunə verilmiş terminlər, eləcə də bu
qəbildən olan digər terminlər səs və fonetik tərkib baxımından eyni şəkildə olduğundan dörd türk dili üçün
ortaq termin səciyyəsi daşıyır. Şübhəsiz ki, keçmiş SSRİ-də yayılmış digər türk dillərinin əksəriyyətində bu
cəhət özünü göstərəcəkdir. Lakin türk dilində həmin terminlərin rus deyil, ingilis dilindən alınması fərqli
cəhət yaradacaqdır. Amma elə terminlər vardır ki, onlar rus dilinə də ingilis dilindən keçmişdir. Bu tipli
terminlərin türk dilində də eyni formada olmasına əsas verir. İngilis dilində ―diagram‖ qrafik cildində olan
terminin türk dilinə olduğu kimi keçməsi halında Azərbaycan dilindəki müvafiq terminlə fərq bir qrafik işarə
səviyyəsində özünü göstərəcəkdir. Lakin rus dilində ―diaqramma‖ şəklində olan termin qırğız, özbək və
türkmən dillərinə olduğu kimi keçmişdir: diaqramma.
Təhlil və araşdırmalardan belə bir nəticə çıxır ki, türk dillərində bütün sahə terminologiyalarında elə
terminlər vardır ki, onlar tam üst-üstə düşür. Yəni həm definisiyaya, həm yazılışa, həm də səs cildinə görə
bir-biri ilə eyniyyət təşkil edir.
Bir sıra terminlərdə fonetik fərqlər özünü göstərir. Azərbaycan dilində ―sistem‖ şəklində olan termin
qırğız, türkmən, özbək dillərində ―sistema‖ formasındadır. Bu sözün rus variantındakı son ―a‖ fonemi
Azərbaycan dilində atıldığı halda, bir sıra türk dillərində saxlanmışdır. Məsələn, qırğız, türkmən, özbək
dillərində bu termin ―sistema‖ kimi istifadə edilir. Verilmiş nümunələr terminoloji sistemlərin beynəlmiləl
qatından seçilmişdir. Ortaq beynəlmiləl terminlər mövcuddur və terminologiyanın standartlaşdırılması
prosesində müxtəlif türk dillərində eyni, yaxud yaxın variantın standart kimi qəbul edilməsi mümkündür.
FÜZULĠNĠN DĠLĠNƏ DAĠR
Mahmudova A.V.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Füzuli yaradıcılığının geniş arealda yayılmasının bir çox obyektiv səbəbi arasında ən əsaslarından biri
dil faktorudur. Şairin üç dildə yazması onun əsərlərinin türk xalqları, farsdilli və ərəbdilli xalqlar arasında
yayıla bilmək ehtimalını artırırdı. Füzulinin əsərlərinin əsas hissəsini yazdığı Azərbaycan türkcəsinin digər
türk xalqları üçün anlaşıqlı olması Füzuli yaradıcılığının bu xalqlar arasında doğma ədəbiyyat nümunəsi kimi
qəbul edilməsinə imkan verirdi.
XVI əsr türk xalqları ədəbiyyatı tarixində Füzuli dövrüdür desək, yanılmarıq. Füzuli böyük bir məharət
göstərməklə üç dildə yazdığı tayı-bərabəri, bənzəri olmayan əsərləri ilə XVI əsrə öz möhrünü vurmuşdur.
Lakin onun türkcə əsərləri, xüsusilə də, ―Türkcə divan‖ı və ―Leyli və Məcnun‖ məsnəvisi şairin şah
əsərləridir. Bir şair ana dilində olduğu qədər heç bir başqa dildə bu qədər müvəffəq ola bilməz. Füzulinin ən
məşhur və ən gözəl əsərlərinin türkcə olmasının səbəbi elə bununla əlaqədar olmalıdır. Əsrlərdir türk dilinin
danışıldığı hər yerə Füzuli şeiri də nüfuz edə bilir və sevilir. Farsca ―Divan‖ının dibaçəsində şair ilk
əsərlərinin türkcə olduğunu qeyd edir.
Türkcənin şeir dili kimi inkişafında Füzulinin mühüm rolu olmuş, bir şair və bir türk olaraq Füzuli bu
istiqamətdə əzmlə çalışmışdır. Füzuli türkcə yazmaqla ―düşvar olanı asan‖ etdi, özündən sonra türkcə
yazanlar üçün bir yol açdı. Onun türk dili üçün etdikləri türkcə şah əsərlərini ortaya qoyması ilə
məhdudlaşmır. Əsərlərində türkcəyə böyük sevgi, hörmət göstərməsi, türkcə ifadə qüdrəti, türkcəni sapa inci
düzərmiş kimi bir səbrlə, diqqətlə işlətməsi Füzulinin türkçülüyündən (türkcəçiliyindən) danışmağımıza əsas
verir.
Bütün türk xalqları tərəfindən oxunan Füzuli əsərlərinin dili hər kəs üçün anlaşılan bir dil idi. Bunun
səbəblərindən biri şairin xalq dilində, hər kəsə məlum, tanış bir dildə, bir tərzdə yazması idi. Füzulinin bu
məsələdə xüsusi səy göstərdiyi əsərlərindən bəlli olur. Şair farsca divanının dibaçəsində xalq arasında
işlənməyən sözlərin və ifadələrin şeirdə də bəyənilmədiyini yazır.
Zəngin dilə malik olan Füzuli türkcənin bütün imkanlarından yararlanmışdır. Xalq dilində işlək olan
ifadələr, atalar sözləri, deyimlər Füzuli dilində bayatı kimi səslənirlər. Danışıq dilinin hərarəti, səmimiyyəti,
sadəliyi, inandırıcılığı Füzuli dilinin canında, qanındadır.
Füzulinin istifadə etdiyi ayrı-ayrı sözlər, ifadələr geniş coğrafiyada yayıla, yadda qala, sevilə və əks-
səda tapa bilirdisə, bunun səbəbi dilinin xalqa yaxınlığı idi. Aşağıda verilən az saylı nümunələrdə şairin
yaradıcılığında bugünkü dilimizdə, eləcə də digər türk xalqlarının da dilində var olan ifadələri izləyə bilərik.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
173
―Qurunun oduna yaş da yanar‖, ―bağrı daş olmaq‖, ―dili ucundan başı bəlaya düşmək‖ kimi bütün türk
xalqları arasında bu gün də geniş yayılmış və gündəlik danışıqda işlədilən deyimlər Füzuli şeirinin xalq
dilinə və ədəbiyyatına əsaslandığının göstəricisidir.
Füzuli şeirlərində türkcə kəlmələrdən rədif kimi bol-bol istifadə etmişdir. Mana, sana, ona, görüb, et,
tut, unut, görgəc, yox, bax və s. Bəzən sırf türkcə sözlərdən qafiyə qursa da, çox vaxt türkcə sözləri ərəb və
fars sözləri ilə qarışıq işlətmişdir.
XVI əsrdən sonra Azərbaycan ədəbiyyatında xalq ədəbiyyatına xüsusi meyil, maraq diqqət çəkir. İlk
baxışda nəzərə çarpmasa da, Füzuli yaradıcılığı xalq dilinə yaxınlığı ilə yenə öz aktuallığını qoruyur, maraq
oyatmaqda, təsir göstərməkdə davam edir. Füzuli yaradıcılığı ədəbi dilimizin, anadilli ədəbiyyatımızın
əvəzsiz, mühüm və böyük bir mərhələsini təşkil edir.
Füzuli anlaşılan şeir yazmağa üstünlük verirdi. Türkcənin şeir dili olaraq işlədilməsində şairin böyük
əmək sərf etdiyi onun bu məsələyə verdiyi xüsusi diqqətdən məlum olur.
“KĠTABĠ-DƏDƏ QORQUD” DASTANININ LÜĞƏT TƏRKĠBĠNDƏ
MADDĠ-MƏNƏVĠ LEKSĠKA
Məmmədli İ.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Hər bir dövrün, zamanın özünəməxsus mərasimləri, adətləri, dəbi var. Bu adətlər, mərasimlər
formalaşır, nəsildən-nəslə ötürülür və dövranın möhürü, sazağı, qızmarı hopur bu adətlərə, mərasimlərə, bu
günümüzə gəlib çatır. Bunlar ona görə mənalıdır, əzizdir, uzunömürlüdür, əbədidir ki, xalqın mənəvi
yaddaşını yaşadır, onun xarakterini təqdim edir, mənəvi mədəniyyətini əks etdirir. Bu mənada Azərbaycan
xalqının ən möhtəşəm və qədim abidəsi olan ―Kitabi-Dədə Qorqud‖ dastanının dilinin lüğət tərkibinin ana
xəttini Azərbaycan türklərinin mənəvi mədəniyyətinin müxtəlif sahələrini, adət-ənənələrini, ailə-məişət
mərasimlərini, təqvimi-mövsümi mərasimləri, dini ayinləri, ayrı-ayrı bayramları, mifik görüşləri və s. əks
etdirən söz, termin və ifadələr təşkil edir. Bunları araşdırmaq, öyrənmək isə son dərəcə vacib və qiymətlidir.
―Kitabi-Dədə Qorqud‖ dastanı yalnız Azərbaycan şifahi və yazılı ədəbiyyatının qədim nümunəsi deyil, bu
abidə mənəvi sərvət, habelə bir çox oğuz türklərinin yaratdığı qədim mədəniyyətin ən zəngin, ən ulu
qaynaqlarından biridir.
―Kitabi-Dədə Qorqud‖ dastanı, xüsusən də, Azərbaycan xalqının möhtəşəm bir mədəniyyət abidəsi
olduğu üçün o, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar, filosof, tarixçi və etnoqraflar və b.-nın maraq və
tədqiqat obyekti olmuş, bu mənəvi sərvəti öyrənməyə səy etmişlər. Dastan bu günümüzdə də araşdırılır. Əgər
―Kitabi-Dədə Qorqud‖ dastanı haqqında bu gün hələ də son söz deyilməyib söyləsək, heç kəs bu həqiqəti
inkar etməz. Hələ bu sahədə, şübhəsiz ki, cild-cild kitablar yazılacaq, monoqrafiyalar yaradılacaq.
―Kitabi-Dədə Qorqud‖ dastanı anadilli Azərbaycan ədəbiyyatı tarixində yazıya köçürülmüş ilk böyük
şifahi ədəbi-bədii abidədir. Dastandakı boylarda qəhrəmanlıq, qadına hörmət, vətən-yurd sevgisi hissi təbliğ
olunur. Qəhrəmanlıq, bahadırlıq ruhu abidənin əsas qayəsini, ideyasını təşkil edir. ―Kitabi-Dədə Qorqud‖
dastanında igidlər yalnız öz şücaəti, yenilməzliyi ilə ad-san qazanırlar. Qəhrəmanlıq göstərməyənlərə ad belə
verilmir. Burada qədim türklərə məxsus adqoyma ənənəsi vardır.
Dilçilik araşdırmaları aparılarkən leksikologiya sahəsi adətən, ilk növbədə öyrənilir. Bu dastan barədə
də bunları demək olar. Dastanın rəngarəng, zəngin lüğət tərkibi vardır. Onun leksik tərkibi, əsasən, türk
leksik layıdır, alınma sözlər demək olar ki, yox dərəcəsindədir. Bunu araşdırıcıların da əksəriyyəti
göstərmişdir. Buradakı leksikanın əsas qismi oğuz türklərinin – qədim Azərbaycan türklərinin
dünyagörüşünü, məişətini, maddi və mənəvi dünyasını, adət-ənənələrini, məşğuliyyət, peşə və sənətlərini əks
etdirən sözlərdən, dövrü səciyyələndirən hərbi söz və terminlərdən ibarətdir. Buradakı etnoqrafik leksika
yemək, geyim adlarını, ayrı-ayrı mərasimlərin, dini anlayışların adlarını, o dövrkü adət-ənənələrimizi əks
etdirən sözləri əhatə edir. Dastanın dili olduqca aydın və anlaşıqlıdır. Onda rast gəldiyimiz sözlər və
frazeoloji ifadələr Azərbaycan – türkmənşəli sözlərdir. Məhz bu səbəbdən də bəzən dastanın dilini başqa
xalqlara mənsub olan araşdırıcıların çox qismi heç də həmişə düzgün anlaya bilməmiş, bir çox söz və
deyimləri yanlış yozmuşlar. ―Kitabi-Dədə Qorqud‖un ən yorulmaz və görkəmli, aparıcı araşdırıcısı mərhum
akademik Həmid Araslı da vaxtilə bu xüsusda belə yazmışdır: ―...Əsər (dastan – İ.M) sırf Azərbaycan dilində
yazıldığı üçün bir çox tədqiqatçılar bu əsərin mətnini doğru oxuya bilməmişlər. Prof. Niyoldeke əsərin çox
yerini oxuya bilmədiyi kimi, akademik Bartold da özünün etiraf etdiyi kimi, bir çox ifadə və kəlmələrin
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
174
mənasını başa düşə bilməmişdir. Müəllim Rifət isə hər bir azərbaycanlının bildiyi bəzi kəlmələri belə yanlış
hesab edir, ―mənası anlaşılmadı‖- deyə göstərmişdir.
Dastanda etnoqrafik leksikaya aid olan yemək, geyim, silah, ev-məişət əşyalarının adlarını, bəzi peşə-
sənət sahələrinə aid məfhumları bildirən sözlərə, birləşmələrə bol-bol rast gəlmək olar.
―Kitabi-Dədə Qorqud‖un dilində bir çox yemək adları işlənmişdir. Məsələn, yəxni, aş, bazlamac.
―Yəxni‖ sözünün ―Kitabi-Dədə Qorqud‖ dastanında qovurma mənasında işlənməsinə təsadüf olunur:
kəsə-kəsə yeməkə yəxni yaxşı oğulluları ağ otağa, qızlıyu qızıl otağa, oğlı-qızı olmayanı qara otağa
qondurun, qara keçə altına döşən, qara qoyun yəxnisindən önünə gətürin, yersə-yesün, yeməzsə, tursun-
getsün... Naxçıvan şivələrində ―yəxni‖ sözü ―soyutma ət‖ xörəyi mənasında bu gün də işlənir.
Dastanda bu günümüz üçün arxaizm qəlibində olan‖şülən‖ sözü daha çox qədim bir adət və mərasimlə
bağlı olan və bütün xalqa verilən ümumi ziyafət mənasında işlənmişdir.
―Kitabi-Dədə Qorqud‖ dastanında işlənən yemək adlarından biri də ―aş‖ sözüdür. Dastanda ―aş‖ sözü,
ümumiyyətlə, ―yemək, xörək‖ mənasını verir:Umanına-usanına aş yedirdim (KDQ, s. 73). ―Kitabi-Dədə
Qorqud‖ dastanında ―bazlamac‖ sözünə ―sac üstdə fətir‖ mənasında rast gəlirik: gəldin ol kim soldıran
soydur, sapadanca yerindən uru turar, əlin-yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər,
toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır. (s. 33).
―Kitabi-Dədə Qorqud‖ boylarında ―şişlig‖ sözü də gen-bol işlənir. ―Ağayıldan tümən qoyun vergil –
Bu oğlana şişlik olsun, ördəmlidir (s. 36).
Ağayıldan tümən qoyun sənin, gedər,
Mənim də içində şişligim var,
Qomağım yoq qırq namərdə! (s. 41)
Burada ―şişlig‖ sözü bu gün işlətdiyimiz ―kabab‖ adını əvəz etmişdir. Tarixi inkişaf nəticəsində şişlik
türk- Azərbaycan mənşəli söz yerini ―kabab‖ fars məNşəli sözə güzəşt etmişdir. Rus tədqiqatçısı V.V.
Poxlyobkin isə tarixi faktlara, məxəzlərə əsaslanmadan belə söyləyir: ―Şaşlıq‖ sözündə (o, başqa xörək
adlarından da bəhs etmişdir – İ.M.) isə məsələ başqa cürdür. Bu xörək Rusiyada və bütün dünyada səciyyəvi
Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o cümlədən də dağlılara daha çox
tanışdır. Şaşlıq sözünün adına gəlincə, baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir,
Qafqazda, hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan da var – İ.M.) öz
dillərinin lüğət ehtiyatından çıxış edib onu izah edə bilməzlər‖.* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx
narodov. M.Leqka i pişeva promışlennost. 1983, s. 118)
Azərbaycan dilinin lüğət tərkibində ən qədim vahidlərdən olan geyim adlarına da ―KDQ‖ boylarında
tez-tez rast gəlirik: kəpənək (yapıncı), çəpkən, börk, don, kaftan (qaptan), kürk, ədük, külah və s. ―KDQ‖
boylarında milli türk sözlərilə yanaşı, külah (baş geyimi) fars alınmasına da təsadüf edirik:
Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc dərisindən külah etsə, qulaqlarını
örtmiyən, qolı-budı xırancə , uzun baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi.
Möhtəşəm mənəvi abidəmiz ―Kitabi-Dədə Qorqud‖da toy mərasiminə, habelə müxtəlif milli adət-
ənənlərimizə də aid qiymətli sətirlər çoxdur. Dastanda elçilik ―kiçik düyün‖, toy, ―ulu düyün‖, ―ağır düyün‖
adlandırılır. Bu gün el arasında işlənən ―beşikkərtmə‖, ―beşikkəsmə‖, nişanlı ifadəsi ―Kitabi-Dədə Qorqud‖
boylarında öz əksini tapmışdır: ―Baybican bəg aydır: ―Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz
tanıq alın: Mənim qızım Bayborə bəg oğlına beşikkərtmə yavuqlu olsun.- dedi‖ (Kitabi-Dədə Qorqud. Bakı,
1988, s. 52)
―Dügün‖ sözünün ədəbi dilimizin tarixində işlənmə mənzərəsini, müddətini öyrənmək baxımındam
aşağıdakı mülahizə də razılıq doğurur: ―dügün – ziyafət, böyük qonaqlıq. Bu söz XX yüzilliyin əvvəllərinə
qədər toy sözü ilə çox tez-tez sinonim kimi paralel şəkildə işlənmişdir, indi isə bir sıra dialekt və şivələrdə
təsadüf olunur. Ehtimal ki, toy feil əsasına aiddir. Bunun fonetik inkişafını belə təqdim etmək olar: toy-
toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi azerbadjanskoqo yazıka. Dok.
Disş, Baku, 1973, s. XIX).
Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci istəmə adəti də qədim tarixə
malikdir. Bu adət ―Kitabi-Dədə Qorqud‖ boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar
başlıq kimi aşağıdakıları istəyir: ―Dəli Qarçar aydır: ―Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi
ayğır gətirün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün
mana‖- dedi‖ (c. 56).
―Kitabi-Dədə Qorqud‖ dastanı Azərbaycan türklərinin qədim məişətini dolğun əks etdirən əvəzsiz
abidədir. Dastanın boylarında bir çox məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar:
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
175
Aya (sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür çadır), buqağu-buxov,
qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik (nənni), süylük (şiş, kabab şişi), tənəf (çadır ipi), çəlbir
(qantarğa) (Gətirdiyimiz məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə nəşr etdirdiyi ―KDQ‖
dastanından seçmişik). ―Kitabi-Dədə Qorqud‖ dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin,
xalqımızın mənəvi və maddi varlığı ilə əlaqədar söz və deyimlərin bolluğu diqqəti çəkir: Əlbəttə, bütün
bunları aşkarlamaq üçün əsaslı, ciddi araşdırmalar zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk.
―Kitabi-Dədə Qorqud‖ boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi, habelə
xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət, özgünlüyünü ifadə etməsi həmin tematik
qrupların söz və termin yaradıcılığında da aparıcı rol oynamasına və müxtəlif amillər, əlaqə və münasibətlər
nəticəsində bir çox başqa dillərə də keçməsinə (əvvəlcə ekzotik sözlər, sonradan isə alınmalar kimi) səbəb
olmuşdur.
Dostları ilə paylaş: |