AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

ƏLƏSGƏRƏM, HƏR ELMĠDƏN HALIYAM… 
Qasımlı M.P. 
Sumqayıt Dövlət Universiteti 
 
Saz-söz  dünyasında  elə  nadir  və  nəhəng  simalar  vardır  ki,  onları  mənsub  olduqları  sənət  sahəsinin 
simvolu hesab etmək ana südü kimi halal görünür. Bu sıradan Azərbaycan aşıqlığının bütün dönəmlər üçün 
sənət pasportu olmaq haqqının əsas daşıyıcılarından biri Dədə  Ələsgərdir. 
Aşıq  Ələsgər  məktəb-mədrəsə  təhsili  almasa  da,  öz  fitri  istedadı  sayəsində  ərəb    hürufatı  və  əbcəd 
hesabı  ilə  bağlı  incəlikləri,  şərq  poetikasına  məxsus  şeiriyyət  qanunlarını,  Qurani-Kərim  və  islam  elminin 
dərinliklərini,  təsəvvüf  simvolikasını  kifayət  qədər  mükəmməl  şəkildə  mənimsəmişdir.  Yazı-pozu  bilməsə 
də, şeirlərindən savad və dünyagörüş mükəmməlliyi, fəlsəfi düşüncə tərzi açıq şəkildə görünməkdədir. 
Vəsf  etdiyi  gözəlin  adının  «Sənəm»  olduğunu  bildirmək  üçün  ərəb  əlifbasındakı  uyğun  hərfləri  şeir 
misrasında necə ustalıqla yerbəyer etməsinə diqqət yetirmək kifayətdir: 
                                           İsmin üç hərfdi, ey çeşmi-xumar, 
Biri «mim» di, biri «nun» du, biri «sin». 
Belə təqdimat  maneraları Ələsgər gözəlləmələrində tez-tez nəzərə çarpır. 
Aşığın  «Əlif-lam»  adlı  məşhur  şeirində  isə  ərəb  əlifbasındakı  bütün  hərflərin  islami  məna  daşıyan 
rəmzi-məcazi anlamı əsl savad və ürfani bilik sahibinə məxsus səriştə ilə diqqət önünə çəkilir: 
İbtidakı «əlif» -Allah, 
  «Bey» birliyə  dəlalətdi. 
     «Tey» təkdi, vahidi-yekta, 
Arif bu elmə bələddi… 
Divan  ədəbiyyatı  klassiklərinin  poetik  irsindən  kifayət  qədər  xəbərdar  olmağı  ilə  də  söz  sərrafı  Aşıq 
Ələsgər heç də təsadüfən öyünmür: 
        Bir sazım var, yox pərdəsi, nə simi, 
   Onu çalıb kim  tərpədər nə simi? 
  Firdovsi, Füzuli, Hafiz, Nəsimi; 
Onlar da yazdığı ayə məndədi. 
Sufi-dərviş dünyagörüşünün dərin qatlarına vaqif olması, daha doğrusu, ürəkdən bağlanması da Aşıq 
Ələsgərin aşıqlığı möhtəşəm fəlsəfi sistem kimi qəbul etməsi və canında, ruhunda yaşatması ilə birbaşa bağlı 
idi: 
 «Yahu» deyib bir-birinə uydular, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
235 
 
 
       «Yamənhu» deyəndə təam qoydular. 
      Cümlə məxluq yemədilər, doydular, 
Qaldı məcməyilər dolu qabaqda. 
Burada  öz  nəfsini  öldürmüş  sufi  ərənlərin  mənəvi  yemək-  «təam  məclisi»  bərədəki  fəlsəfi-ürfani 
düşüncələri öz poetik əksini böyük ustalıqla tapmışdır: 
Aşıqlığı dərin bir elm kimi, möhtəşəm fəlsəfi sistem kimi  mənalandıran saz-söz mütəfəkkirinin: 
Elmi  hardan tapdı cümlə aşıqlar, 
 Şeirin müəmması ay nədən oldu?- 
şəklindəki sorğu-bağlaması da çox mətləblərdən xəbər verir.   
Aşıq  Ələsgər  möhürlü  hər  bir  şeirdən  xalqın  yüzilləri  aşıb  gələn  həyat  təcrübəsi,  dünyaduyumu,  el 
müdrikliyini əks etdirən fəlsəfi ümumiləşdirmələri, gözəlliyin və mənəvi kamilliyin üzvi vəhdət təşkil etməsi 
istəyi ana axar kimi keçib gedir. Onun poetik  mülahizələri təbii olduğu qədər də bədiidir, sadə olduğu qədər 
də  «məcazi  danışa,  məcazi  gülə»  səviyyəsində  dərin və  mükəmməldir.  Bu  poetik  yanaşmalar  vaxt,  zaman, 
məkan sərhədləri tanımır, insanın könül dünyasına məxsus hüdudlar hara qədər uzana bilirsə, Aşıq Ələsgərin 
ustad sözləri- ustadnamələri də həmin üfüqlərə qədər qanad çalmaq gücündədir: 
«Can» deməklə candan can əskik olmaz, 
                                          Məhəbbət  artırar, mehriban eylər. 
                                          «Çor» deməyin nəfi nədir dünyada? – 
                                          Abad könlü yıxar, pərişan eylər. 
Gözəlliyin  bədii-estetik  dəyərini  də  Aşıq  Ələsgər  öz  bənzərsiz  könül  meyarları  ilə  müəyyənləşdirir. 
Onun poetik tərənnümə cəlb etdiyi el gözəli obrazını ağıl aparan, göz qamaşdıran boyalarla təqdimi, özü də 
sözün əsl mənasında xəlqi bədii boyalarla təqdimi misilsiz sənətkarlıq örnəyidir: 
Nə uzun, nə gödək – münasib gərək, 
Ağzı, burnu nazik, dodaq kip gərək. 
     Əndamı büllür, bədən güldən saf gərək, 
                                             Baxtın  vura, bu  nişanda qız ola. 
Belə  bir  gözəlin  yolunda  çəkdiyi  məşəqqət  və  müsibətlərdən  bədii  həzz  ala  bilmək  də    Ələsgər  
könlünün təkrarsızlığıdır: 
 
                                             İstər dara çəkdir, istər qul eylə, 
Qoymuşam əmrinə  qol incimərəm… 
                                             Əlli yol çapılam, yüz yol talanam, 
                                             Bir şey deyil dövlət, mal incimərəm. 
Gözəl  ədasının,  onun  cilvələnərək  qaşla-gözlə  can  almasının  aşıq  ruhunu  riqqətə  gətirərək 
pərvazlandırması da Ələsgər poeziyasında ürəyə yatan bir axar-baxarla dalğalanır: 
                                             Gözəl mənə gözəlliyin bildirdi, 
 Qaş oynadıb xəstə  könlüm  güldürdü. 
  Bir baxmağınan neçə cavan  öldürdü – 
                                             Qəmzəsində  nahaq qanlar dolanır. 
Aşıq  Ələsgər  şeirində  təbiət  gözəlliklərinin,  dağ-yaylaq  mənzərələrinin,  qış-yaz  lövhələrinin,  çay, 
bulaq,  göl təsvir-tərənnümlərinin  ünvan  konkretliyi  var: Şah dağı, Kəpəz,  Murov,  Murğuz,  Qoşqar,  Qonur, 
Sarıpər, Həsənnənə, Həsənbaba, Xaçın, Göyçə gölü, Qarqar, Çayqılınclı, Xoşbulaq… 
                                            Həsənnənə, Həsənbaba qoşadı, 
                                            Xoşbulaq yaylağı xoş tamaşadı… 
 
 Kəpəz, Murov, Qonur-gör neçə dağ var, 
                                           Üstünə nur yağsın, ay dəli Qoşqar. 
Eyni ünvan konkretliyi portretini yaratdığı el gözəlləri ilə də bağlıdır. Belə ki, Aşıq Ələsgər təsvir və 
tərənnümünə  ayrıca  şeir  həsr  etdiyi  otuza  yaxın  el  gözəlinin  (Güləndam,  Müşgünaz,  Telli,  Güllü,  Gülpəri, 
Mələk,  Gülxanım,  Sarıköynək,  Nənəpəri,  Səhnəbanı,  Həcər  xanım,  Şəkər  xanım  və  s.)  camal  və  kamal 
vəhdətindəki incəlikləri misilsiz sənətkarlıqla işləmiş və hər şeirində Azərbaycan milli gözəlinə məxsus yeni 
və bənzərsiz bir portret ortaya çıxarmışdır: 
Səni gördüm, əl götürdüm dünyadan, 
                                            Ala gözlü, qələm qaşdı Güləndam! 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
236 
 
 
                                            Alma yanağına, bal dodağına 
                                            Baxan kimi ağlım çaşdı, Güləndam, 
 
                                            Tovuz kimi şux bəzənib durubsan, 
                                            Ala gözə siyah sürmə vurubsan. 
                                            Sağ ol səni, yaxşı dövran qurubsan, 
Bu dünyanın sonu puçdu, Güləndam! 
Qədə  Ələsgərin  poetik  irsi  aşıq  şeiri  şəkillərinin  böyük  əksəriyyətini  çevrələyir.  Onun  qoşmaları, 
gəraylıları, təcnisləri, müxəmməs və divaniləri yüksək sənətkarlıq məziyyətləri ilə zəngin xəzinəni xatırladan 
poetik incilərdir. Onun əsl sərraf gözüylə ipə-sapa düzdüyü həmin şeirlər saz havaları ilə də çox rahat şəkildə 
uzlaşır. Ələsgər sözü ilə saz havalarının yaratdığı melopoetik vəhdət o qədər güclüdür ki, hansı şeirin hansı 
havadan  pərvazlandığını  asanlıqla  müəyyənləşdirmək  olur.  Bunun  bircə  səbəbi  var:  söz  duyumu  kimi  saz 
duyumunun da yüksək səviyyədə olması böyük sənətkara belə bir sənət imkanı açmışdır:   
Yanaqların güldü, solmaz, 
Oxladın, yaram sağalmaz. 
 Qaşın cəllad, gözün almaz, 
                                                      Bağrımı kəsə tellərin. 
Bu misralar gəraylı ölçüsündəki saz havalarının, xüsusən də, gözəlləmə ritmli havaların demək olar ki, 
hamısının boyuna biçilibdir. Qoşma qəlibi üzərindəki gözəlləmə ovqatlı saz havaları da Ələsgər qoşmaları ilə 
çox rahat dil tapa bilir: 
                                             Cilvələnib nə qarşımda  durubsan, 
                                             Anam sənə qurban, ay Sarıköynək! 
Mələksən, çıxıbsan cənnət bağından, 
Heç kəs olmaz sənə tay, Sarıköynək! 
Ömrünün təqribən səksən ilini xoş güzəran və çal-çağır içərisində keçirən Dədə Ələsgər 1905-1918-ci 
illər arasında həyatın ağır sınaqları ilə üzbəüz qallmışdır. Bir tərəfdən erməni-daşnak millətçilərinin yaratdığı 
silahlı  dəstələrin  tez-tez  Göyçə  camaatını  doğma  yer-yurdundan  didərgin  salmaları,  bir  tərəfdən  də  şəxsi 
həyatında  baş  verən  acınacaqlı  hadisələr  (oğlu  Bəşirin  aşığın  xalası  oğlu  Molla  Rəhimi  bilmədən  güllə  ilə 
vurub  öldürməsi,  qızının  cavan  ərinin  qəfil  dünyadan  köçməsi,  təbii  fəlakət  nəticəsində  ev  təsərrüfatının 
dağılması və s.) onu dərindən sarsıtmış və bu münasibətlə çox sayda kədərli şeirlər söyləmişdir: 
     Özüm aşıq oldum, oğlum gülləçi… 
     Daha köç təblimi çal, qoca baxtım. 
 
…Öz əlimlə xəta dəydi özümə, 
Bədəndən qolumun sağı kəsildi. 
 
…Əzizliknən saxladığım aşığı 
Zəlilliknən imtahana çəkirsən. 
İyirmiyə yaxın şagirdə sənət xeyir-duası verən Dədə Ələsgərin Növrəs İman, Aşıq Əsəd, Aşıq Nəcəf, 
Aşıq Mikayıl, Aşıq Qurban kimi istedadalı davamçıları olmuşdur. Ustad sənətkarın ailə ocağından qardaşı 
Çoban Məhəmməd, qardaşı oğlu Növrəs İman oğlanları Bəşir, Əbdüləzim və Talıb kimi istedadalı saz-söz 
adamları çıxmışdır. 
 
 
ƏDƏBĠ DĠYARġÜNASLIQ ÜZRƏ SĠNĠFDƏNXARĠC ĠġLƏRĠN METODLARI, FORMA VƏ NÖVLƏRĠ 
Quluyeva Ş.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Mənəvi  zənginliyin  formalaşmasında,  şəxsiyyətin  ahəngdar  inkişafında  ədəbiyyatın  rolu  böyükdür. 
Şagirdlərdə  ədəbiyyata  maraq  tərbiyə  edən,  ədəbi-nəzəri  biliyi  dərinləşdirən  mənbələrdən,  ədəbi-bədii 
inkişafı təmin edən vasitələrdən biri sinifdənxaric və məktəbdənkənar tədbirlərdir.  
Ə.Qarabağlı  təlim-tərbiyədə  sinifdənkənar  işin  əhəmiyyətinin  böyüklüyünü  qeyd  edərək  yazmışdır: 
―Bu  iş  uşağın  görüş  dairəsini  genişləndirir,  təfəkkürünü  inkişaf  etdirir,  nitqini  zənginləşdirir‖.  Metodist 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
237 
 
 
alimin  fikrincə,  ədbiyyat  tədrisi  sahəsində  çoxmüxtəlif  və  mürəkkəb  növləri  olan  sinifdənxaric  işlərin 
hamısının əsasında şagirdlərin müstəqil işləri durmalıdır.  
Sinifdənxaric  və  məktəbdənkənar  işlər  dərslərdə  başlanan  öyrənmə  prosesinin  davamıdır.  Dərslərdən 
fərqli  olaraq,  sinifdənxaric  və  məktəbdənkənar  işlər  icbari  deyil,  daha  çox  şagirdlərin  fərdi  maraq 
vəmeyillərinə, təbii istedad və qabiliyyətlərinə istinad etməklə, müəllimin rəhbərliyi altında, onun işkirakı ilə 
keçirilən  təlimedici,  tərbiyəedici  faliyyət  formalarındandır.  Bu  fəaliyyət  prosesində  könüllülük, 
həvəsləndirmə, inkişafetdirmə və fərdi xüsusuyyətləri nəzərə alma başlıca tələblər sayılır. 
―Orta  məktəbdə  ədəbiyyat  tədrisi‖  vəsaitində  mənbə  sinifdənxaric  iş  formalarından  ən  çox  yayılmış 
dərnək məşğələlərindən bəhs olunarkən ilk dəfə ədəbi ölkəşünaslıq motivinə toxunulmuşdur. Eyni zamanda 
sinifdənxaric  iş  formaları  şərti  olaraq  4  qrupa  ayrılmışdır:  fərdi  iş,  qrup  halında  aparılan  iş,  birləşmiş  iş, 
kütləvi iş. 
Birinci qrupa sinifdənxaric oxu, ikinci bölümə qrup halında aparılan işlər-dərnək məşğələləri, üçüncü 
qrupa  ədəbi  klublar,  muzeylər,  dördüncü  bölümə  səhnəciklər,  gecələr,  bayramlar,  oyunlar,  teatr  və  kino 
tamaşalarına kollektiv baxış daxil edilir.  
Beləliklə,  ədəbiyyatda  sinifdənxaric  və  məktəbdənxaric  işlərin  geniş  sistemi  mövcuddur.  Müasir 
məktəbdə  isə  ədəbiyyatda  sinifdənxaric  və  məktəbdənkənar  işlərin  aşağıdakı  forma  və  növlərindən istifadə 
olunur. 
1.Qrup şəkilli işlər; 2.Kütləvi formalı işlər; 3.Fərdi işlər. 
Qrup  şəkillii  işlər  həyata  keçirmənin  ən  faydalı,  özünü  doğrultmuş  forması  dərnəkdir.  Ədəbiyyat 
dərnəyi  şagirdlərin  marağından  asılı  olaraq  müxtəlif  istiqamətlərdə,  ədəbi  yaradıcılıq,  bədii  oxu,  ədəbi 
diyarşünaslıq, dram və s. fəaliyyət göstərə bilər.  
İstər  kütləvi,  istər  qrup  şəkilli,  istərsə  də  fərdi  sinifdənxaric  və  məktəbdənkənar  işlər  mövzu,  ideya, 
məqsəd və profilinə görə müxtəlif ola bilər. Belə ki, dərnək diyarşünaslığa meyil və marağı olan şagirdlərdən 
təşkil edilərsə, ədəbi diyarşünaslıq dərnəyi adlanar. Məktəb diyarşünaslıq muzeyi nəzdində toplaşanlar və ya 
―Gənc diyarşünaslar‖ klubuna yazılanların fəliyyətinin əsasında ancaq diyarşünaslıq materialları toplanırsa, 
sənədləşdirilib sistemləşdirilirsə, deməli, məqsəd ancaq doğma diyarı öyrənməkdir.  
Deməli,  diyarşünaslıq  üzrə  sinifdənxaric  və  məktəbdənkənar  tədbirlər  işin  forma  və  növlərindən, 
şagirdlərin istək, arzu, meyil və maraqlarından asılıdır.  
Beləliklə,  ədəbi  diyarşünaslıq  ədəbiyyatdan  sinifdənxaric  və  məktəbdənkənar  tədbirlər  sisteminin 
xüsusi növüdür. Bu xüsusiliyi təmin edən tərəflər aşağıdakılardır: 
-Ədəbi  diyarşünaslıq  məzmun  və  tədqiqat  metoduna  görə  fərqlidir;  diyarın  elmi  dərkini  təmin  edən 
fənlər kompleksidir; 
-Ədəbi  diyarşünaslıq  sinifdənxaric  işlər  sistemində  vətənin,  onun  tarixinin,  mədəniyyətinin  həqiqi 
öyrənilməsinin fəal forması kimi xüsusi yer tutur.  
Ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin xüsusi növü olan ədəbi diyarşünaslıq işləri: 
a)
 
konkret problemin həllinə yönəldilən plan əsasında, şagirdlərin maraq və meyli olduqda aparılır. 
b)
 
şagirdləri  ancaq  diyarda  anadan  olmuş  yazıçı  haqqında  məlumat  toplamağa,  bədii  əsərdə  əks  olunmuş 
obyektlərin  axtarıb  təsvirini  verməyə,  yerli  təbiətin  təsvirini  verməyə,  ədəbi  qəhrəmanın  prototipi 
haqqında məlumat toplamağa istiqamətləndirir. 
Bu  işlərin  özünəməxsus  növ  və  metodları  vardır.  Belə  ki,    ədəbi  diyarşünaslıq        ədəbiyyatdan 
sinifdənxaric və məktəbdənkənar işlərin xüsusi növüdür.  
-Bu  xüsusilik  onun  bir  neçə  fənlər  üzrə  (tarix,  musiqi,  rəsm,  arxivşünaslıq,  ədəbiyyat,  coğrafiya) 
bilikləri kompleks halda bilmə və əlaqələndirmə ilə şərtlənir
Ədəbi  diyarşünaslıq  diyarda  doğulmuş  yazıçılar  haqqında  material  toplanması,  bunların  ədəbiyyat 
tarixi  ilə  əlaqəli  öyrənilməsi  ilə  nəticələnir;  diyarın  bədii  əsərlərdə  əks  olunan  təbii  obyektlərinin  axtarılıb 
tapılması, ədəbi və ya tarixi hadisələrin təsvirinin çıxarılması və öyrənilməsi baxımından faydalıdır. 
Diyarşünaslıq işləri şagirdlərdə tədqiqatçılıq, müstəqillik bacarığını inkişaf etdirir, onları istər təlim və 
istərsə də, sinifdənkənar işlərin təşkili prosesində fəallaşdırır, təşəbbüskar edir.  
Bunlarla yanaşı, diyarşünaslıq üzrə ən səmərəli mənbələr, forma və növ, iş metodları aşağıdakılardır: 
1. Forma: dərnək, klub, muzey. 
2. İş növləri: ekspedisiya, ekskursiya, görüş, söhbətlər. 
3. Mənbələr: ailə arxivləri, dövrü mətbuat, maddi mədəniyyət abidələri, bədii əsərlər. 
4.  İş  vasitələri:  almanax  hazırlanması,  albom  tərtibi,  elmi-tədqiqat əsərləri,  ədəbi-bədii  axşam,  şagird 
konfransı. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
238 
 
 
5. İş metodları; məqalə və referat yazmaq, radio verlişi hazırlamaq, çıxış hazırlamaq. 
Təsnifatdan  aydın  olur  ki, ədəbi  diyarşünaslıq ədəbiyyatdan  sinifdənxaric  və  məktəbdənkənar  işlərin 
forma, növ və metodlarını, vasitələrini, mənbələrini əhatə edir; bu fəaliyyət növü konkret diyarın ədəbi-bədii 
sərvətlərinin  öyrənilməsi  və  regionun  bədii  mədəniyyətində  obrazlı  əksi  məsələlərini  bir  neçə  fənn 
kompleksinin köməyi ilə spesifiklik kəsb edir. Şagirdlər bu zaman öyrənirlər: a) doğma şəhər, kənd, diyar nə 
ilə  tanınır,  nə  ilə  zəngindir;  b)  yazıçının  həyatı  və  yaradıcılığı  ilə  bağli  hansı  maddi  mədəniyyət  abidələri 
vardır,  əsərlərinin  dil  xüsusiyyətləri  qeyd  edilir,  əsərdə  obrazlılığın  nə  dərəcədə  yerinə  yetirilməsi  qeyd 
edilir. 
Bu  tədbirlərin  həyata  keçirilməsi  prosesində    şagirdlərin  nitq  mədəniyyətinə    ədəbi  dil  normalarına 
riayət olunması məsələsi diqqət mərkəzində olmalıdır.  
 
 
CƏLĠL MƏMMƏDQULUZADƏNĠN BƏDĠĠ ƏSƏRLƏRĠNDƏ QADIN OBRAZLARI     
 Quliyeva Z. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Azərbaycanda  feminizm  hərəkatının  aparıcı  nümayəndələrindən  biri  kimi  C.Məmmədquluzadə  istər 
bədii, istərsə də publisistik yaradıcılığında qadın azadlığı probleminə geniş yer verərək, onu milli-mədəni a-
zadlığın mühüm tərkib hissələrindən biri kimi daim diqqət mərkəzində saxlamışdır. 
C.Məmmədquluzadə öz yaradıcılığında fərqli olaraq, yazıçı təfəkkürünün məhsulu olan obrazlar deyil, 
real  həyatda  mövcud  qadın  obrazlarını,  müasirlərinin  obrazlarını  yaratmışdır.  Bu  səbəbdəndir  ki,  Mirzə 
Cəlilin bədii əsərlərində, demək olar ki, satirik tənqidin hədəfi olan mənfi qadın obrazına rast gəlmək müm-
kün deyil. Təbii ki, yazıçının rəğbət bəslədiyi qadın adlarının əksəriyyəti də gerçək məqamda işlədilmişdir. 
Ara-sıra ironik çalar kəsb edən  adlar isə yumoristik üslubun sərgilənməsinə xidmət edir. 
C.Məmmədquluzadənin  əsərlərində gerçək məqamda işlətdiyi XIX əsrin sonu – XX əsrin əvvəllərində 
Azərbaycan  ictimai-mədəni  mühitində  çox  yayılmış  qadın  adlarıdır.  Bir  qədər  diqqətli  yanaşsaq,  əslində, 
―Danabaş  kəndinin əhvalatları‖  əsərinin  əsas  mövzusu  məhz  qadın  azadlığıdır  və  bu  baxımdan,  əsərin  baş 
müsbət qəhrəmanı da elə Zeynəbdir. Ərəb mənşəli antroponim olan Zeynəb, C.Məmmədquluzadənin təsvir 
etdiyi  şiə  mühitində  çox  yayılmış  adlardan  biridir.  Bunun  səbəbi  –  Həzrət  Əlinin  qızının,  imam  Həsən  və 
imam Hüseynin bacılarının adının da Zeynəb olmasıdır. Kərbəla hadisələrində özünü mərd və mübariz bir 
qadın kimi göstərən Zeynəb sonralar şiə mühitində məşhur şəxsiyyətlər zümrəsinə daxil olmuş və Kərbəla 
qətlindən sonra sürgün edildikləri Şam (Dəməşq) şəhərində vəfat edərək orada da dəfn olunmuşdur. Hazırda 
Dəməşqdə  möhtəşəm  ―Xanım  Zeynəb‖  məqbərə  kompleksi  vardır  və  hər  il  yüz  minlərlə  şiə  həmin  məq-
bərəni ziyarət etməyi özünə dini borc hesab edir. 
Mirzə  Cəlilin  qadın  qəhrəmanı  da  əvvəlcə  öz  tarixi  prototipinə  layiq  səviyyədə  çıxış  edir,  Xudayar 
bəyin  elçilərinə  rədd  cavabı  verərək  onu  təhqir  edir.  Ancaq  Kərbəla  hadisələrində  olduğu  kimi,  burada  da 
qüvvələr  nisbəti  həddən  artıq  fərqli  olduğundan  sahibi  Kərbəlayı  Heydəri  itirən,  oğlu  Vəliqulu  hiylə  ilə 
əlindən alınan Zeynəb son nəticədə məğlubiyyətlə barışmaq məcburiyyəti qarşısında qalır. Həzrət Əlinin qızı 
Zeynəb  Şamda  qaçqın-əsirlər  arasında  bir  xarabada  məskən  saldığı  kimi,  Mirzə  Cəlilin  də  Zeynəbinin 
xoşbəxt günləri miskin durumla əvəzlənir. 
―Danabaş kəndinin əhvalatları‖nda Zeynəblə yanaşı, başqa  qadın adlarından da istifadə edilmişdir ki, 
bunların da hamısının gerçək məqamda işləndiyini görmək olar. Bu mənada əsərdə ilk rast gəlinən qadın – 
Məhəmmədhəsən  əminin  həyat  yoldaşı  İzzətdir.  Ancaq  Məhəmmədhəsən  əminin  tərcümeyi-halını  qısaca 
nəql edən yazıçı əvvəlcə İzzətin adını çəkmir ki, bu da, ümumiyyətlə, İslam aləmində qadının adının müm-
kün qədər az çəkilməsi ənənəsi ilə bağlıdır. Məsələn, elə Məhəmmədhəsən əminin atasının adı (Hacı Rza) iki 
yerdə çəkilirsə, anasının adı çəkilmir və sadəcə ―anası‖ (Məhəmmədhəsən əmiyə nisbətdə) və ―övrəti‖ (Hacı 
Rzaya nisbətdə) deyə yad edilir. Eyni üsulla Məhəmmədhəsən əminin həyat yoldaşı da əvvəlcə ―bir qız‖ de-
yə xatırlanır. Ancaq bu xatırlamadan sonra uzun müddət Məhəmmədhəsən əminin arvadının adı çəkilmir. 
Ümumiyyətlə, müsəlman aləmində ər öz arvadının adını başqalarının, lap öz valideyn və uşaqlarının 
yanında  çəkmir.  Maraqlıdır  ki,  qadın  adlarının  yasaq saxlanılması  hallarına  başqa  xalqlarda  da  rast  gəlinir: 
Məsələn: qədim Romada qadının atasının adı (kiminsə qızı), ərinin adı (kiminsə qadını) və  ya oğlunun adı 
(kiminsə anası) ilə çağırılırdı. 
―Danabaş  kəndinin  əhvalatları‖  povestində  Zeynəb,  onun  qızları  Fizzə  və  Ziba,  Xudayar  bəyin  qızı, 
Vəliqulunun nişanlısı Gülsüm, Xudayar bəyin arvadı Şərəf  kimi adlara daha tez-tez rast gəlirik. Qeyd edək 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
239 
 
 
ki, bu şəxs adları gerçək məqamda işlənib və heç bir ironik çalara malik deyil. Təsadüfi deyil ki, Xudayar bə-
yin  matəmə  səbəb  olduğu  haqqında  məlumat  verən  yazıçı,  bu  matəmlərin  mərkəzinə  məhz  qadın  talelərini 
qoyur. 
Əsərdə Zeynəb və onun qızları Fizzə ilə Ziba adlarından sonra Gülsüm və Şərəf  adları mənşəcə ərəb 
mənşəlidir. Bunlar Ümm Külsüm  və  Şərəf ən-nisa  adlarının Azərbaycan antroponimik mühitində qısaldıl-
mış variantlarıdır. 
Cəlil Məmmədquluzadənin son komediyası sayılan və İsa Həbibbəyli tərəfindən aşkar edilərək 1987-ci 
ildə ilk dəfə nəşr edilən ―Ər‖ pyesində də antroponimlərin rəngarəng üslubi məqamlarda işləndiyini görürük. 
Hər şeydən öncə, komediyada Mirzə Cəlilin istifadə etdiyi yumoristik adlar nəzəri cəlb edir. Ümumiyyətlə, 
bu  əsərdə  qadın  adları  bildirən  külli  miqdarda  antroponim  işlənmişdir  ki,  bu  da  əsərin  mövzusu  ilə    –  ər 
axtarmaqla bağlıdır. Bu adların  bir çoxu, məsələn, Çiçək, İzzət, Zərəfşan, Dilşad, Mərcan və b. ciddi planda 
işlənmişdirsə, Yarpız, Ərik, Qızıl, Çəpkən, Dükcə, Çölmək və b. yumoristik üslubi çalar daşıyır. 
 
 
KÜTLƏVĠ ĠNFORMASĠYA VASĠTƏLƏRĠ VƏ ƏDƏBĠ DĠL 
Məmmədova S.Y. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
  Bu  gün  televiziya  nitq  mədəniyyətinin  düzgün  inkişaf  etdirilməsi  və  qeyri-mədəni  nitqə  qarşı 
mübarizə üçün güclü vasitədir, əsl məktəbdir. Gözəl nitq özü bir vergidir.  
Azərbaycan  tamaşaçısının  ―biz  maraqlı,  məzmunlu,  ailəliklə  oturub  baxa  biləcəyimiz  verilişlər 
istəyirik‖ arzusunu akademik Ramiz Mehdiyev ―Azərbaycan telemakanı: problemlər, vəzifələr‖ məqaləsində 
konkretləşdirərək  yazır:  ―Televiziya  kanallarının  konsepsiyası,  strateji  hədəfləri,  efir  siyasəti  ictimai 
maraqlarla  uzlaşmalı,  cəmiyyətimizin  saflaşması,  milli-mənəvi  dəyərlərimizin  qorunub  saxlanması, 
Azərbaycan dilçiliyinin möhkəmlənməsinə töhfə verməlidir. 
KİV-lər  arasında  televiziyanın  rolu  böyükdür.  Milli  televiziyanı  cəmiyyətin  müasir  tələbləri 
səviyyəsinə  yüksəltmək  ən  vacib  məsələlərdəndir.  Televiziya  KİV-lər  arasında  ən  çeviyi,  operatividir.  O, 
cəmiyyətdə  baş  verən  hadisələri,  dövrümüzün  aktual  problemlərini  dərhal  kütləyə  çatdırır  və  ictimai  rəyin 
formalaşmasında  misilsiz  rol  oynayır.  Hər  bir  telekanalın  qarşısında  maarifləndirmə,  məlumatlandırma, 
əyləndirmə durur. Bu funksiyanı yerinə yetirən isə televiziya aparıcılarıdır.  
Dövlət başçısı, cənab İlham Əliyevin ‖Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə 
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında‖ imzaladığı 23 may 2012-ci 
il  sərəncamı  da  dilimizə  qayğıdan  və  onun  qorunması,  inkişaf  etdirilməsi  zərurətindən  irəli  gəlmişdir. 
Sərəncamda Azərbaycan dilinin imkanları yüksək qiymətləndirilir. 
Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, məhz aparıcıların seçiminə birbaşa nəzarət 
edə  bilsin.  Çünki  hər  bir  telekanal,  ilk  növbədə  onu  nəzərə  almalıdır  ki,  efirə  çıxdığı  hər  bir  aparıcı 
telekanalın imici, simasıdır.  
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  kütləvi  informasiya  vasitələrinin  əhatə 
dairəsi  genişlənir.  Kütləvi  informasiya  vasitələrinin  qarşısında  duran  məqsəd  və  tələblər  artır.  Dil 
normalarının təbliğatçısı və daşıyıcısı  kimi televiziyanın rolu yüksəlir. Bununla belə, təəssüf hissiylə qeyd 
etmək olar ki, hal-hazırda televiziyada ədəbi normalara əməl olunmur.  
Ədəbi  dilin  leksik-qrammatik  normaları  dilin  lüğət  tərkibindəki  sözlərin  məqsədəuyğun  şəkildə 
işlədilməsini,  eləcə  də  qrammatik  quruluşun  dil  prosesindəki  fəaliyyətini  tənzimləyir.  Sözün  məqamında 
işlədilməsi, cümlədəki üzvlərin düzgün sıralanması və s. bu sahədə özünü göstərən əsas nöqsanlardan sayıla 
bilər.  
Son  zamanlar  KİV-də  dialekt  sözlərinin  işlədilməsi  aktivləşir.  Bu  da  onlara  verilən  sərbəstliklə 
bağlıdır. Dialektizmlərə funksional-üslubi məqamlarda rast gəlmək olar. Bu haqda M.Adilov da yazır: Qəzet 
dilində  dialekt  –  məhəlli  variantlarına  qəzetdə  yer  vermək  lazım  deyil‖.    Məs:.  Bu  kampaniyada  nə  qədər 
istəsən nut adama rast gəlmək olur. (―Azərbaycan müəllimi‖ qəzet. 30.01.05.). Bala, özünü boş yerə urvatsız 
etmə,  getmə  onun  ayağına  (ANS  TV,  ―İç  xəbər‖  23
20
) Onların hər üçü ölkənin suvanmasına, savaşın başa 
çatmasına cavabdehdirlər (―Azadlıq‖ qəzeti 24.09.2000). 
Audiovizual  KİV-də  ən  geniş  yayılan  dil  nöqsanlarından  biri  söz  sırasının  pozulmasıdır.  Bu  sıra 
pozulduqda fikir qarşı tərəfə təhrif olunmuş şəkildə çatır. Ən ağrılı problem olan bu nöqsan tez-tez nəzərə 
çarpır,  tamaşaçı  və  dinləyicini,  oxucunu  qıcıqlandırır.  Məsələn,  Azərbaycanın  aparıcı  Qərb  dövlətlərində 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
240 
 
 
diasporaya  güclü  ehtiyacı  var.  (ANS  TV,―Xəbərlər‖  21
25 
12.02.05)  Cümlə  belə  olmalı  idi:  Azərbaycanın 
aparıcı qərb dövlətlərində güclü diasporaya ehtiyacı var. 
Ədəbi  dilin  başqa  üslublarından  fərqli  olaraq,  publisistik  üslubda  söz  sırasını  qrammatikanın 
qaydalarına tabe etdirmək hər zaman effekti olmur. Lakin ədəbi dil yenə də öz qanunlarına diktə edir, çünki 
jurnalist  bilərəkdən  cümlədə  inversiyadan  istifadə  edə  bilər.  Bir  şərtlə  ki,  mənanı  anlaşılmaz  deyil,  daha 
qüvvətli, təsirli şəkildə oxucuya və ya tamaşaçıya çatdırsın. Məs.: Metrostansiya ―Nizami‖ təmir ediləcək. 
(―Bizim əsr‖ qəzeti. 09.09.08). Cümlə belə olmalı idi. ―Nizami‖ metrostansiyası təmir ediləcək.  
Dilin səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, söz çox işləndikdə təsiri az olur. Qısa, yığcam söz 
daha  qüvvətli  təsirə  malik  olur:  Mən,  həmkarlarım  da,  biz,  yəqin  ki,  ona  rəhmət  diləyirik.  (―ANS‖  ―Alın 
yazısı‖, 15.04.14 22
20
). 
Ədəbi dil normalarının televiziya materialları əsasında araşdırılması çox yayılmayıb. Buna görə də bu 
sahədə tədqiqatlara son dövrdə böyük ehtiyac duyulur. Televiziya və radio dilinin tədqiqi müasir Azərbaycan 
qarşısında dayanan ən vacib problemlərdən biridir. Bu problem radio və televiziyanın əsas ifadə vasitəsi olan 
şifahi nitqin daha dərindən öyrənilməsi ilə əlaqədardır. Azərbaycan dilinin struktur inkişafı geniş araşdırılsa 
da,  ədəbi  dilimizin  funksional  üslubları  tədqiq  olunsa  da,  kütləvi  informasiya  vasitələrinin  dilinin 
öyrənilməsi  məsələsi  tam  olaraq  həllini  tapmamışdır.  Televiziya  və  mətbuatda  dil  proseslərinin  lazımınca 
öyrənilməsi problem olaraq qalır. TV dili həm şifahi nitqin funksional çalarlarını, həm də ekran dilinin bir 
sıra  spesifik  xüsusiyyətlərini  özündə  əks  etdirir.  TV  dili  dil  situasiyasını,  KİV-də  dilin  işlənmə 
xüsusiyyətlərini,  ekstralinqvistik  vasitələrin  semantikasını,  ədəbi  normalaşmanı,  ədəbi  dil  və  danışıq  dili 
arasında müqayisəni, funksional üslubların inkişafını canlandırır.  
Bu gün televiziya nitq mədəniyyətinin düzgün inkişaf etdirilməsi və qeyri-mədəni nitqə qarşı mübarizə 
üçün  güclü  vasitəsidir,  əsl  məktəbdir.  Ahəngdar,  zəngin,  musiqili  dil  bizimdir  və  biz  də  bu  dilin 
daşıyıcılarıyıq.  
Hal-hazırda  Dövlət  dilini  bilən  və  ekrandan  qüsursuz  danışan  aparıcılarımızı  xəbər  proqramlarına 
təhkim etmək lazımdır. 
Azərbaycan  dilini  tam  bilməyən,  orfoepiya  normalarını  pozan,  səlis  nitqi  olmayan  aparıcıların  yol 
verdiyi  kobud  səhv  milli  şüura  təsir  edəcək  qədər  ciddi  və  təhlükəlidir.  Qüsurlu  nitqin  əsas  səbəbləri 
sırasında rus dilinin, Azərbaycan dialektlərinin və Türkiyə türkcəsinin təsirləri, ümumi nitq savadının aşağı 
olmasını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.  
Türkiyə  türkcəsinin  efirimizə  təsiri  göz  qabağındadır:  Məsələn,  N.Bağırov  vaxtilə  keçmiş  iqtisadi 
inkişaf  naziri  ilə  sıcaq  əlaqələrə  malik  olub.  (Xəzər  TV,  ―Xəbərlər‖,  30.01.14  20
45
).  Deməli,  vəziyyət 
kolaydır (Xəzər TV,‖Xəbərlər‖, 15.09.13. 18
05
).  
Azərbaycan  dilində  danışan  aparıcılara  birdən-birə  rus  dilində  danışmağa  keçirlər.  Məsələn,  Orta 
məktəblərdə bezpredeldir (ATV ―Səhər‖, 13.04.09.). Bu gün heç nastreyeniyam yoxdur. (SpaceTV, ―Bizim 
mətbəx‖, 28.03.11).Milli Şura necə deyərlər, proxodnoy dvor olub. (ATV, ―Sitatın sonu‖, 22.06.13. 20
50
). O, 
mənə heç bir çətinlik törətmir, naborot zövq verir. (ATV ―Səhər‖ 24.03.14. 9
45
). 
Biz KİV-lərdə dillə bağlı problemlərin olduğunu gördük.  
-  Ədəbi  dilin  inkişafında  dil  normalarının  dəyişikliyində  KİV-in  rolu  böyükdür.  Xalq  birbaşa 
ünsiyyətdə KİV-lə qaldığından bu, onların danışığına, yazısına təsir göstərir.  
- KİV geniş təsir dairəsinə malik olduğundan elmi-qrammatika ekstralinqvistik amillərlə barışmalı olur 
və dildaxili qanunlarda zaman-zaman dəyişikliklər baş verir. 
-  Dil  normalarındakı  demokratizm  bu  sahədə  müəyyən  dəyişikliklərə  münasibətini  saxlayır  və  canlı 
danışığın elementləri yazılı ədəbi dilə yol tapır.  
-  Müşahidə  və  araşdırmalar  göstərir  ki,  KİV-in  dili  üzərində  lazımı  nəzarət  itdikcə  dilimiz  daha  çox 
regional-dialektal, o cümlədən başqa dillərin təsiri altına düşür.  
Biz  konkret  nümunələrlə  sübut  edəcəyik  ki,  canlı  KİV  iştirakçılarının  təhsil  və  məşğulluq  aidliyinə 
görə həm üslub, həm də leksik baxımından kifayət qədər anomaliya hadisəsinə rast gəlmək olar.  
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin