Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə78/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   173
Ar2019-47-1

§ 3. Dövlət quruluşu və ordu


Dövlət quruluşu. Şah Ismayılın idarə qurumları Qaraqoyunlular və Ağqoyunluların dövlətçilik ənənələri özülündə yaradılmışdı. I Şah Abbasın islahatları ilə Səfəvi dövlətinin siyasi quruluşu və idarəçiliyi daha da möhkəmləndi. Səfəvi dövlətinin başçısı «şah» adlanırdı. Şah hakimiyyəti irsi idi. Səfəvi şahları Ərdəbil ordeninin irsi başçıları olmaqla dini hakimiyyəti də özlərində saxlayırdılar.
Şah qeyri-məhdud hökmdar idi. Dövlətin Ali məclisi yalnız məşvərətçi rol oynayırdı. I Təhmasib dövründə Ali məclisin 12 üzvü vardı. Şah mühüm məsələlərin həllində Ali məclisi çağırır, yüksək dövlət xadimlərinin təkliflərini dinləyir, ancaq son qərarı özü verirdi.
Dövlət quruluşunda şahdan sonra baş vəzir (vəziri-əzəm) əsas yer tuturdu. Baş vəzir və digər dövlət məmurlarına bəzən əlavə mənsəb kimi vəkillik verilirdi. Vəkil olan məmur dövlətdə daha böyuk nüfuz qazanmış olurdu. Şah Təhmasib dövründə bu mənsəb uğrunda güclü çəkişmə başlandı. Buna görə vəkil mənsəbi sonralar aradan götürüldü.
I Şah Abbasın hakimiyyətinin ilk illərində baş vəzirin hüquqları daha da genişləndi. Dövlətin vilayət və mahallarında mülki-maliyyə idarələrinə baş vəzir başçılıq edirdi.
Rəsmi sənədləri baş vəzir təsdiq edirdi. Yüksək vəzifələrə məmurlar təyin edilməsinə,tiyul və soyurqalların verilməsinə dair sənədlər onun möhürü olmadıqda etibarsız sayılırdı. O, dövlətin mədaxil və məxaricinə, bütün maliyyə işlərinə, xarici əlaqələr məsələlərinə baxırdı. Baş vəzir həm də dövlətin xarici siyasət xəttini müəyyənləşdirir, əcnəbi qonaq və diplomatları qəbul edirdi.
Şahın saray münşisi (katibi) vaqiənəvis adlanırdı. O, şah məktublarını, əmrlərini və buna bənzər fərmanları yazır, dövlət mədaxili və borclarının hesabını aparırdı. Vaqiənəvisin əli altında 40 nəfər katib işləyirdi. Vaqiənəvis dövlət dəftərxanasının rəisi idi. Həm də baş verən gündəlik hadisələri qələmə alaraq sonralar tarix yazırdı.
Səfəvi dövlətinin idarə olunmasında ruhanilərin rolu böyük idi. Ali dini idarəyə sədr başçılıq edirdi. Divan əs-sədarədə iki sədr fəaliyyət göstərirdi. Biri sədri-xassə, digəri isə sədri-ammə (və ya sədr əl-moqufat) adlanırdı. Adam Oleari sədr haqqında yazmış ki, katolik kilsəsinə Papa rəhbərlik etdiyi kimi, Səfəvi dövlətində ruhani idarəsinə sədr başçılıq edir, onu şah özü seçir.
Sədr şəriət və dünyəvi qanunları yaxşı biməli və bu barədə hamıdan bilikli
olmalı idi. Təkcə din xadimləri yox, dövlətdə hər bir kimsə çətin məsələlərin həllində ona müraciət etdikdə ondan doğru və qəti cavab almalı idilər. Çünki onun rəyindən asılı olaraq dövlətin adından hökm verilirdi. Bir sıra hökm və qərarları isə sədr özü verirdi. Belə hökm kağıza yazıldıqdan sonra sədr ona möhürünü vurub şahın təsdiqinə göndərirdi. Bağ-bağat, ev, dəyirman, dükan, tarla və sair əmlakın girov qoyulması haqqında sədr hökm verirdi.Girov saxlayan şəxs həmin əmlakdan istifadə edə bilərdi. Borc alan şəxs təyin edilmiş müddətdə borcunu verib, girov qoyduğu əmlak və malı geri götürməsəydi, girov qoyulmuş əmlak borc verənin şəxsi əmlakına çevrilirdi. Sədr həm də şəriət qanunlarına nəzarət edirdi.
Vəqflərin idarə olunması ona tapşırılırdı.
İnzibati-ərazi bölgüsü əsasında dövlətin geniş ərazisi təbii sərhədləri ilə birbirindən ayrılan 4 valilik və 13 vilayətə (bəylərbəyiliyə) bölünmüşdü. Vilayətləri Şah tərəfindən təyin olunan hakimlər idarə edirdi. Vilayətə hakim xan, soltan titulu əmir əl-üməra, yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu. I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə qədər bəylərbəyinə nisbətən, daha çox əmir əl-üməra termini işlənirdi. Əmir əl-üməra I Şah Ismayılın dövründə fərdi qaydada sırf hərbi rütbə kimi də verilirdi. Ancaq əsilzadə hər hansı bir vilayətə əmir əl-üməra rütbəsi ilə hakim təyin edildikdə, burada əmir əl-üməra rütbəsi bəylərbəyi ünvanına sinonim olub, mülki-inzibati və hərbi mahiyyət kəsb edirdi. Vilayətə hakim təyin olunan şəxsin vəzifəyə göndərildiyi vilayətdəki türk tayfalarından birinin ağsaqqalı olması əsas şərt idi. Tayfa ağsaqqalı həm də tayfanın irsi idarə hüququna malik əmiri hesab olunurdu. Vilayət hakimlərinə XVI yüzilin 30-cu illərinə kimi soltan və bu zamandan sonra isə xan titulu verilirdi.
Vilayətlərdə bəylərbəyidən sonra əsas yeri əyalət vəziri tuturdu. O, vilayətdə maliyyə məsələləri ilə məşğul olur, vergilərin toplanılması və qaydaya salınmasına nəzarət edirdi. Vəzir və ya onun nümayəndəsi yerli məhkəmə işlərində də iştirak edirdi.
Vilayət vəzirləri bəylərbəyinin təqdimatı və şahın fərmanı ilə işə qəbul olunur və işdən götürülürdü. Şah tərəfindən təyin olunmasına baxmayaraq, vilayət vəziri öz işində bütünlüklə bəylərbəyinə tabe idi.
Bəylərbəyiliklər mahallara bölünürdü. Mahalları şah tərəfindən təyin olunan mahal hakimləri (sultan və məliklər) idarə edirdilər. Bu hakimlərə hərbi-inzibati və Polis funksiyası verilirdi. Mahal hakimi daxili sakitliyi təmin etməli, kiçik qoşun dəstəsi saxlamalı, vergi və mükəlləfiyyətləri vaxtında toplamalı, müharibə olduqda öhdəsində olan qoşunla tabe olduğu bəylərbəyinin xidmətinə gəlməli, Şahın illik Peşkəş və hədiyyələrini vaxtında göndərməli idi. Mahal hakimi müstəqil və geniş ixtiyarata sahib olsa da, mühüm məsələlər barədə bəylərbəyi ilə məsləhətləşməklə birbaşa ona tabe idi.
Vilayətlərin idarə olunmasında bəylərbəyi müavini (canişin), eşikağasıbaşı,
divanbəyi, mehmandar da mühüm rola malik idilər.
Bəylərbəyi müavininin vilayət daxilində çox geniş hüququ var idi. Bəylərbəyi vilayətdə olmadıqda bütün işlər onun öhdəsində qalırdı. O, sarayla da müntəzəm əlaqə saxlayırdı. Lakin əslində, vəzirlərin timsalında olduğu kimi, o da çox vaxt bəylərbəyinin yaxın qohumlarından biri kimi vəzifə tuturdu: birbaşa bəylərbəyiyə tabe idi. Səfəvilər dövründə canişin və naib əl-hökumə sinonim kimi işlənmişdir. Bu adı daşıyan məmuru bir qayda olaraq bəylərbəyi özü təyin edirdi. Vilayət canişinlərinə şah tərəfindən heç bir rəsmi titul verilmirdi. Yalnız vilayət hakimi (bəylərbəyi) kiçik yaşlı şahzadə olduqda, canişini şah təyin edirdi.
Səfəvi dövləti sistemində başlıca idarəçilik qurumları iki inzibati bölmədən ibarət idi: bəylərbəylik (vilayət) və soltan-məliklik (mahal). Lakin başlıca siyasihərbi və inzibati vahid olmaqla bəylərbəylik idarəçiliyi bu dövlətin tarixində müstəsna rol oynamışdır. Bəylərbəylik mərkəzi şah hökumətini təmsil etməklə yanaşı, yerlərdəki idarəçilik sisteminin özülü idi, bir növ şah hökumətinin idarəsini soltan və məliklər vasitəsilə yerlərdə (şəhər və kəndlərdə), əslində bütün əhali üzərində bərqərar etmişdi. Bəylərbəyliklərdə mövcud olan vilayət vəziri türbəsi ayrıca yer tuturdu: vilayət vəziri bir tərəfdən şah hökuməti adından bəylərbəylik fəaliyyətinə nəzarət edir, o biri tərəfdən isə bəylərbəyi nəslini təmsil edən yüksək sosial zümrənin nümayəndəsi kimi, şah hökumətinin bəylərbəyi ilə «yaxşı» münasibətdə olmasına təminat verirdi.
Yerli idarəçilik sistemi bütövlükdə Səfəvi dövlətinin ikili və ziddiyyətli xarakterini: mərkəzləşdirmə meylini və bu siyasətin həyata keçirilməsində gözə çarpan tərəddüd və qətiyyətsizliyi əks etdirirdi.
Ordu. Azərbaycan dövlətinin XV əsrdəki əsgəri təşkilatı XVI-XVII yüzillərdə də az dəyişikliklə qalırdı. Səfəvilər dövründə ordu dövlət (vilayət hakimlərinin qoşunu, qorçu) və Şah (tüfəngçi, qulamlar, topçu) qoşununa bölünür, yəni iki kateqoriyadan ibarət idi.
Hər bir vilayət hakiminə tabe nizami alay vardı və onların sayı bir qayda olaraq 2-3 min nəfərdən çox olmurdu. Ancaq müharibə zamanı Şahın buyruğu olduqda hər bir vilayət hakimi idarə etdiyi vilayətin ərazisində məskun olan və xüsusi imtiyazla yaşayan türk tayfalarından 8-10 min sayında qeyri-nizami qoşun səfərbər edirdi. Ancaq «Təzkirət əl-müluk»da göstərildiyi kimi vilayətlər üzrə daimi qoşunun sayı 59. 49 min nəfərdən çox deyildi. Dövlət qoşunun digər növü türk tayfa süvarilərindən ibarət qorçu adlı olay olub, dövləti içəridən və dişarıdan onlar qoruy urdular. Qorçuların sayı bir qayda olaraq 20-30 min nəfər olurdu.
I Şah Abbas fundamental hərbi islahatları ilə tayfalar üzrə səfərbər olunan qeyri-nizami qoşunun sayını azaldıb, 44 min nəfərdən ibarət tüfəngçi, qulam, topçu adlı nizami Şah qoşununu yaratdı. Qeyd olunan bu ikinci qoşun növünə daxil olan 3 hərbi hissədən əlavə, 200 nəfər sufi cangüdən və 600 nəfərdən ibarət cəzair adlı xüsusi qarovul dəstəsi də Şah qoşunu tərkibinə daxil idi.
Qeyd olunan iki qoşun növü üzrə xidmət heyətləri, saray gözətçiləri istisna olmaqla, I Şah Abbas dövründə nizami qoşunun ümumi sayı 120000 və XVII əsrin ortalarında isə 144 000 nəfərdən ibarət olmuşdur.
Orduda qoşun növləri üzrə başçılar əmiri-əzəm rütbəsi daşıyır və qorçubaşı qorçuların, qullarağası qulamların, tüfəngçibaşı tüfəngçilərin, topçubaşı topçuların, bəylərbəyi isə vilayətdəki qoşunun komandiri idi. Ordunun baş komandanı isə sipahsalar hərbi rütbəsinə malik olub, bu hərbi vəzifəyə Azərbaycan bəylərbəyi, ya da qorçubaşı təyin olunurdu. Ancaq bu hərbi vəzifə müharibə dövrü üçün nəzərdə tutulur və müharibə qurtardıqda o, vəzifədən dərhal istefa verirdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin