Sacilər dövləti. Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordusunun sərkərdəsi idi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min dinar xərac göndərirdi. Onun oğulları Məhhəmməd və Yusif ibn Sac da xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyəti dövründə (879-941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevrilmişdi. Hələ IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu Sacın adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi. 912-ci ildən etibarən Xilafət xəzinəsinə xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac Ermənistan ərazisini, Tiflis və Kaxetiyanı ələ keçirdi, Şivanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri İrəvan yanındakı Ani və Dəbil (Dvin) şəhərinə qədər uzanıb gedirdi. Yusif ibn Sacın adına Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi müstəqil bir dövlət olduğunu sübut edirdi. Dövlətin paytaxtıəvvəllər Marağa, sonra isə Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən-X əsrin 40-cı illərədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi.