210
Öz yolunu seçən və bu yolla irəliləyən in-
sanlar... Böyük Sözə doğru yön olan bu yolşu-
luqların son ucu sənət adlı müqəddəs mehraba
dirəndiyindən bütün yollar burada kəsişir və
qovuşur.
“Yolların görüşməsinin mütləqliyinə mən
inanıram”.
Və bu yolların heç vaxt bitməyəcəyi gün işığı
qədər mənə aydındır. Çünki sənət və axtarışla
dolu insanlar üçün nə zirvə var, nə də son.
211
SƏNƏT ORBİTİNDƏ GÖRÜŞƏN YOLLAR
( Aydın Talıbzadənin «Ustad və Ayna: ruhun, çinarın və
telefonun ekran estetikası» kitabı haqqında)
Yəqin ki, insanı sənət axtarışlarına sövq edən qüvvə onun
içindəki təlaşı-tanrını dərk etmək, kosmik ucalığa yetmək istə-
yidir. Çünki Tanrı adlı məchulluğun dərki o yerdə labüd olur
ki, orada dünyanın qapalı çevrəsindən təcrid olunub sənətdə
kamilliyin zirvələrini fəth etməyə can atan sərhədsiz ruhun əsi-
rinə çevrilirsən. Bu mənada, sənət sirlərinə vaqif olmaq naminə
edilən fasiləsiz axtarış dövriyyəsini həm də İlahinin dərkinə
aparan mənəvi merac hesab etmək olar. Belə sehrin əbədi
məhvərində yaranan məhrəmlik və təmasın özünün isə sonda
doğuracağı dəyər təzahürü, ehtiva edəcəyi mütləq bir qanuna-
uyğunluq var: o zaman ki, dünyanın adiliklərindən ayrılıb
sənətin qeyri-adiliklərlə dolu burulğanına düşürsən, onun əzab-
larını da artıq İlahidən gələn dərd bilib şirin sayırsan, mənən
böyüyür, yetkinləşirsən… o anda irəlilədiyin sənət yollarında
qazandığın yüzlərlə mükafatdan bircəsi sənə daha ali, daha
doğma və əziz görünür – Ustad adı. Yalnız bu adı Tanrının da
səninlə birgəliyinin zəmanəti, ondan əta olan bəxşiş kimi
qarşılayıb əmin olursan ki:
“Yol Getmək İbadətin Bir Formasıdır”.
“Ustad və Ayna” müqəddəs yolçuluğun şirin əzabından
ərsəyə gələn ömür kitabıdır.
Kitabın qəhrəmanı, artıq ustad adını almış Ramiz Həsənoğlu
və onunla eyni mənəvi məkanı bölüşən Aydın Talıbzadə…
Onların hər ikisi öz yolları olan və bu yolla irəliləyən sənət-
karlardır. Fəqət hər iki yolun son ucu sənət adlı müqəddəs
mehraba dirəndiyindən onların da yolları burada kəsişir və qo-
vuşur. “Yolların görüşməyinin mütləqliyinə mən inanıram”.
Necə ki, bu yol ötən yüzilliyin ilk çərəyində iki dahini -
M.Füzulini və Ü.Hacıbəyovu bir-biri ilə görüşdürmüşdü.
212
Nəticədə, “iki dahinin şərikli əsəri” (A.Kamyu), səslə sözün
qovuşuğundan ibarət bir şedevr qatılmışdı milli mədəniyyət
arsenalımıza. Bu gün bu arsenal daha bir müştərəkliyin -Ramiz
Həsənoğlu və Aydın Talıbzadə tandeminin uğurlu bəhrəsi olan
“Ustad və Ayna” kitabı, yolların qovuşuğundan yaranan
monoqrafik tədqiqat əsərilə tutum qazanır.
Hər iki tərəfi — istər tədqiqat obyektini, istərsə də tədqiqatçı
“mən”ini təmsil edən şəxslər unikal istedada malik, çəkiləri sə-
nət aləminə çoxdan bəlli personalardır və bir-birlərini peşəkar-
casına anlayıb peşəkarcasına duymaq üçün kifayət qədər po-
tensiya sahibidirlər. Bu anlaşma yalnız nəzəri-elmi düşüncənin
vüsəti ilə deyil, hər şeydən əvvəl sənətkar ruhlarının yaxınlığı,
daxili məhrəmliyin dərinliyi ilə ölçülür. R.Həsənoğlu gündəli-
yinin üçüncü bir obraz qismində kitabda iştirakı bu doğmalığın
və mənəvi ülfətin təsdiqidir. Üçüncü bir obraz - ona görə ki,
A.Talıbzadə “görünməyən” R.Həsənoğlunu yeni rakursdan biz-
lərə təqdim edir. Rejissorun bu vaxta qədər gizli, xəlvət saxla-
dığı iç dünyasını açmaq üçün A.Talıbzadə gündəlikdəki namə-
lumluğun qatını qaldırıb onu bütün spektrləri ilə görükdürməyə
nail olur: torpağa və kökə bağlı, folklora və muğama aşina,
sentimental romantikaya, poetik ənginliyə meylli və s. və i.
R.Həsənoğlunun mənəvi aləmini faş edən, onun gizlinlərinin,
daxili yaşantı və həyəcanlarının tərcümanı olan bu sətirlər
sanki bütöv bir ömürdən verilən “canlı reportaj” səciyyəsi da-
şıyır. «Həyat – andır, – deyib A.Çexov, – onu əvvəlcə qarala-
mada yaşamaq, sonrasa ağlamaya üzünü köçürmək mümkün
deyil». A.Talıbzadə tarixin özündə gizlədiyi həqiqətləri
gündəliyin qatları arasından gün işığına çıxarıb sanki yaşanan
ömrə dirilik suyu, yeni can verir, ötüb-keçən anlar, dəqiqələr
zamanın fırlanan çarxında geri qayıdır. Belə ki, oxucu A.Talıb-
zadə təhlilləri ilə rəsm edilən R.Həsənoğlu tamaşalarını “seyr
etməzdən” daha öncə, bu tamaşaların yaranma tarixçəsini, on-
ların araya-ərsəyə gəldiyi şəraiti öyrənir, rejissorun çətinlik-
lərini, həyəcanlarını duya bilir.
213
“Ramiz Həsənoğlu milli televiziyamızın fəxri tarixidir”. Bu
mənada, R.Həsənoğlu yaradıcılığının konseptual tədqiqi Azər-
baycan televiziyasının, milli teatrımızın qırx ilə yaxın bir döv-
rünü öyrənmək baxımından da əhəmiyyətli və gərəklidir.
Milli mədəniyyət tariximizin, eləcə də teatr tariximizin qırx
ilə yaxın bir dövrünə ayna tutan «Ustad və Ayna» monoqra-
fiyasının tədqiq sahəsi çoxcəhətli və polifonikdir. Belə ki,
qəhrəmanı Ramiz Həsənoğlunun təmsil olunduğu dövrü bədii-
estetik tapıntılarından, ədəbi-mədəni hərəkatından tutmuş adicə
geyim, dəb yeniliklərinə qədər xarakterizə edən A.Talıbzadə öz
ətraflı və hərtərəfli təhlilləri vasitəsilə rejissorun ətraf mühiti və
əhatə dairəsini də bütün tərkib və parametrləri ilə görükdürə
bilir. Anar, R.İbrahimbəyov, R.Rövşən, V.İbrahimoğlu, C.Qu-
liyev və başqa sənət xadimləri ilə R.Həsənoğlu arasındakı
qarşılıqlı münasibətlərə işıq salan, hətta bəzən bu münasibətləri
sona qədər çözən (məsələn, R.Həsənoğlu və V.İbrahimoğlu
tandemini) tədqiqatçı onları bir-birinə bağlayan müştərək iş,
əməl birliyindən bəhs etməklə yanaşı, həm də adı çəkilən şəx-
siyyətlərin hər birinin milli düşüncə sistemimizdə tutduqları
mövqeyini, bir sənətkar olaraq gördükləri işlərin məzmun və
miqyasını yetərincə dəyərləndirməyə müvəffəq olur.
Teatr, teatr fikri və müəllif gündəliyindən qeydlər “Ustad və
Ayna”da üzvi bir rabitə ilə birləşir. Üstəgəl, A.Talıbzadə
təfəkkürünün heç bir yerdə ehtiyatı əldən verməyən özünə-
məxsusluğu – adını adilikdən çıxarıb onu sonsuzluğa, axır ça-
larlarını görükdürməyə qədər yozmaq, polifonik obrazlarını ya-
ratmaq... Aydın Talıbzadə, ümumiyyətlə, bir estetik kimi
simvolik, mistik görüntüləri üzə çıxarmağa meyllidir. O, yanaş-
dığı predmetdə adini yox (onu ki, hamı görür), qeyri-adini, heç
kəsə bəlli olmayanları tapıb faş etməyə çalışır. R.Həsən-
oğlunun həyat və yaradıcılıq bioqrafiyasında isə belə qeyri-adi
nəsnələr yetərincədir və onu “oxuyan” gözə çox asanlıqla gəlir.
Hətta paradoksaldır ki, Aydın Talıbzadə bəzi məqamlarda
sanki bundan qaçır, hər şeyə mistik don geyindirməkdən elə bil
214
ki, çəkinir. Baxmayaraq ki, hadisələr, gerçəkliklər sırası və
oxşarlığı özü bu mistik yozumu ehtiva edir. “Ha deyinən ki,
mən mistikaya inanmıram. Fakt qarşısında qalanda neyləyə-
cəksən?” Beləcə bəlkə də bu vaxtadək R.Həsənoğlu üçün (elə
bizim üçün də!) sosial dünyanın elementar məişət faktı sayılan
çinar, telefon kimi predmetlər qeyri-adilik səciyyəsi alıb
özümləşir, müstəsnalıq hüququ qazanır.
“Azərbaycan Poeziyası Xan Çinardı…
Bir gün Ramiz Həsənoğlunun resissor ruhunun üstünə bu
xan çinarın yarpaqları arasından bir işıq şüası düşdü və onlar
qoşalaşıb teleməkan içrə yola çıxdılar”.
Hələ orta məktəbdə oxuyarkən Elçinin “Hönkürtü” adlı
hekayəsinin mütaliəsi ruhuma qəribə bir ovqat aşılamışdı.
Mənə maraqlı idi. Qəhrəmanın içini tökməyə, onun günahlarını
etiraf etməyə, “ürəyini yeyən nigarançılıq hisslərini” bölüş-
məyə təkan verən qüvvə kimi niyə məhz çinar ağacı predmet
seçilirdi? Onda hələ bilmirdim ki, “Altmışıncıların yaratdıqları
mənəvi, ruhsal dəyərlər sistemində Ağac təmizlik, saflıq rəmzi
kimi, təbiətin özü kimi, dirilik simvolu kimi mənimsənilmiş”.
İndi budur… Aydın Talıbzadə iç dünyasına baş vurduğu
ömürdən o anı seçib əvvələ gətirir ki, onu mərhələ-mərhələ
çözdüyü yaradıcılığın bakirəlik rəmzi sayır, yaşanılan həyatın
təmizlik və paklıq dərəcəsinin göstəricisi hesab edir.
Başqa cür də eləyə bilərdi, tam ixtiyar sahibi… Bir halda ki
“R.Həsənoğlunun telefəaliyyəti tarixində sayı 200-ü keçmiş
verilişlərin təqribən üçdə ikisi poeziya ilə ilişkilidir”, xrono-
lojiyə zidd getməyib, eləcə yolu əvvəldən sona doğru addım-
layardı, “Üç çinar yarpağı”na qədər olan dövrə səpələnən poe-
tik ruhlu verilişləri təhlilə çəkərdi. Yaxud, daha “ciddi”, ağır və
təmtəraqlı mərhələ kimi səciyyələndirdiyi “məxməri silsi-
ləsi”ndə rejissorun hasilə gətirdiyi o tamaşanı götürə bilərdi ki,
orada artıq Ustad var, yetişmiş, püxtə sənətkar var. Lakin
Aydın Talıbzadə üç şairin, “üç çinar yarpağının” - V.Səməd-
oğlu, R.Rövşən və V.Cəbrayılzadənin bulunduğu videofilmin
dəyərini təqib qılıb onu yuxarı başa keçirir.
215
Əslində, “Üç çinar yarpağı” videofilminin təhlili R.Həsən-
oğlunun ömür tarixçəsini nəql etmək, onun sənətə gəlişini
vizuallaşdırmaq üçün akvarel fon səciyyəsi daşıyır. Saflıq mü-
cəssiməsi sayılan Çinar rejissorun yaradıcılığının ilk, gənclik
illərini canlandırmaq, hələ “dünyaya şer misraları, poeziyanın
pafos dumanı arasından”, “səadət pəncərəsindən” baxdığı
anlarını diriltmək, tale yollarından bəhs etmək üçün simvolik
obraz əhəmiyyəti kəsb edir. Hətta bu simvolizmin telefilmin
adında belə ehtiva olunan çaları əsərə giriş üçün müəllifə sti-
mul verir. Əks təqdirdə yazmazdı ki: “…əgər “Üç çinar yarpa-
ğı” sənədli filmi bir özgə cür adlansaydı, mən yəqin ki, bu mo-
noqrafiyanı onun təhlililə başlamayacaqdım. Çünki yaradılma
tarixi etibarilə bu videofilm ön sıralarda durmağa iddia eləmir”.
Digər tərəfdən, A.Talıbzadə “Üç çinar yarpağı” telefilmini
rejissorun “yaradıcılığının ekvatoru”, “qızıl orta” dövrü sayır.
Nədən ki “Sovet dönəminin Mirzəyev Ramizindən müstəqillik
dövrünün Həsənoğlu Ramizinəcən baş alıb gedən poeziya
yolları məhz burada birləşib, bitişib nöqtə olur, zirvələşir”.
Bəhs etdiyimiz “Teatral çinardan üç yarpaq” adlanan bu
hissədə görünən daha çox poeziyanın obrazıdır, “ruhun, çinarın
ekran estetikası”dır. A.Talıbzadə bu məqamlarda sanki daha çox
seyrçi qismində bulunub sözü şerin, poeziyanın özünə verir,
düşüncələrini oxucuya poeziyanın qanadında çatdırır. Onun bir
sənətşünas kimi obrazı daha sonrakı hissələrdə, Ramiz Həsənoğ-
lunu “Əjdaha” eləmiş teletamaşaların tarixinə, bədii gerçəkliyinə
və estetikasına…” verilən təhlillərdə, bu təhlillərin dərinliyində,
müəllifin fəlsəfi-estetik mövqeyinin nümayişində açılır.
“Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Qatarda”,
“Kökdən düşmüş piano”, “Topal Teymur”, “Günahsız Ab-
dulla”, “Qapalı orbit”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu
olsa”, “Ac həriflər”, “Nigarançılıq” kimi teletamaşalar, “Fateh-
lərin divanı”, “Nekroloq”, “Dəvətnamə”, “Yumurta” kimi film-
lər Aydın Talıbzadə mükalimələri ilə oxucunun gözləri qarşı-
sında canlandırılır, R.Həsənoğlunun tamaşalarında təqdim olu-
216
nanları Aydın Talıbzadə təhlilləri ilə təsvir edə bilir. Lakin
təhlil olunan tamaşanın məziyyətləri öz bədii-estetik dəyərini
yalnız teatrşünasın rəsm etdiyi konkret və anlaşıqlı mündəri-
cədə deyil, bu tamaşalara müdaxilə edən qüvvətli fikrin ifadə-
sində tapmış olur. O yerdə ki, müəllif teatr səhnələri ilə ona
dair söylənmiş mülahizələri uğurla sintez edir, sırf sənət kon-
tekstində bulunub onun daxili qanunlarına, spesifikasına müna-
sibətdə israrlı mövqe tutur və yeri gələndə öz teatrşünas həm-
karları ilə fikir rəqabətinə girməkdən belə çəkinmir, o zaman
həqiqi elmi-estetik təhlilin çəkisi daha da artır. Məsələn, iyirmi
il öncə yazdığı ”Xaqanlar dunyası və insan məhəbbəti” adlı
məqaləsində “Topal Teymur” teletamaşasının ikinci hissəsinin
səhnələşdirilməsini, “Yıldırım Bəyazidin sarayını və onun sa-
kinlərini ekran güzgüsünə gətirən kadrları” bəyənməyən A.Ta-
lıbzadə bu gün də fikrində israrlıdır. Sevinirsən ki, tədqiq etdiyi
sənətkarın yaradıcılığına bəslədiyi pərəstiş və doğmalıq ondakı
rasional başlanğıcı, əsl sənət və prinsipiallıq ölçülərini üstələyə
bilməyib. Diqqət edək: “Mən artıq retrospektiv şəkildə adlarını
zikr etdiyim müəlliflərin (Anar, Məryəm Əlizadə, Rəhman
Bədəlov və Vaqif İbrahimoğlu nəzərdə tutulur-E.A.) yazılarını
bir də təkrarən oxuyarkən öyrəndim ki, onlar bu epizodlardan
ümumən razı qalıblar. Əvvəlcə bir balaca şaşırdım, öz tənqi-
dimə görə utandım. Az qalmışdı ki, mən bunu cavanlıq səhvi
kimi boynuma alıb, erkən şünas maksimalizmilə əlaqələndirim.
Ancaq … “Ramiznamə” müəllifi kimi mən teletamaşaya bir də
diqqətlə baxdım və 20 il bundan öncə söylədiklərimin hamı-
sının doğru qeydlər olduğunu bir-bir təsdiqlədim”.
Dramaturq və rejissor, teatr və teatr fikri arasında problem o
zaman aradan qalxır ki, onlar arasında qarşılıqlı anlaşma, dil
birliyi baş tutur. Bu qarşılıqlı anlaşmanın da baş tutması onların
həyata, insanlara nə dərəcədə bələdliyi ilə şərtlənir. Belə bir
bələdliyin, tanışlığın olmadığı vakuumda isə sənət ehtiva etdiyi
dərinlik və ucalıqda görünə bilmir. Bu baxımdan iyirminci
əsrin əvvəllərinin obyektiv-tarixi mənzərəsini, milli-mənəvi və
217
əxlaqi gerçəkliklərini əsərlərində görükdürən C.Məmmədqulu-
zadə, Ə.Haqverdiyev kimi sənətkarların bəxti gətirib. Əsrin
sonunda R.Həsənoğlunun quruluşunda yeni aktuallıq kəsb edən
teletamaşalarda adı gedən ədiblərin yaratdıqları personajların
əski biçimdə yenidən səhnədə peyda olması, onların iç dünya-
sını sərgiləyən parodiyaların təqribi yox, yüzdə yüz dəqiq alın-
ması rejissorun “xalqın milli xarakteristikasını yaxşı öyrəndi-
yini” bəlli etdi. Eləcə də “Ustad və Ayna” əsərində bu tamaşa-
ların toxunduğu mətləblərin, onları doğuran səbəblərin təfər-
rüatı ilə açılması göstərdi ki, R.Həsənoğlu da öz növbəsində
tədqiqatçısının simasında qazanıb. Əlbəttə, bəlkə də xalqa öz
genetik xasiyyətindən bəlli olanları söyləmək hünər deyil.
Nədən ki, “Bu bizik. Yüz ildir beləyik”. Fəqət bizə lazım olan
sözü deməyə, ağrıyan yerimizi göstərməyə qadir ünvanları ta-
nımaq, ona zamanında üz tutmağı bacarmaq və ən əsası, əsərin
bədii məramı, psixoloji ovqatını olduğu səviyyədə oxucuya,
tamaşaçıya aşılaya bilmək, Mirzə Cəlil təbirincə desək, sözün
doğrusunu demək qədər hünərdir.
“Zəmanənin vacib, mühüm, aktual problemini, mənəvi-əx-
laqi portretini görükdürən” “Ac həriflər”, “Nigarançılıq” kimi
teletamaşalara verilən təhlillər A.Talıbzadənin özünün də bir
vətəndaş olaraq mənəvi nigarançılığını, daxili yaşamlarının
məzmununu üzə çıxarır. Hardasa belə də demək caiz: A.Talıb-
zadə içində daşıdığı «bir əsrlik nigarançılıq» əzabının yükünü
oxucuya çatdırmaq üçün bu teletamaşaları bir vasitə seçir.
Xüsusilə, «Ac həriflər» teletamaşasının universal ehtiva dairəsi
müəllifə öz fikirlərini izhar etməyə daha geniş meydan verir.
Müəllifin qeyd etdiyi kimi: «Ramiz Həsənoğlu bu pyesin
televersiyasını bizim «Milli Mentalitet» dediyimiz bir nəsnənin
güzgüsü kimi gətirmişdi ekranlara. Bizim qəzetçiliyimiz də,
musiqimiz də, teatrımız da, ədəbiyyatımız da, məişətimiz də,
mətbəximiz də, dinimiz də, sufiliyimiz də, həyat fəlsəfəmiz də
buradaydı. Nə Əbdürrəhim bəy qocalmışdı, nə ac həriflərin
qarnı doymuşdu, nə də millət tərəqqi eləmişdi».
218
Məhz bu amil, yəni millətin tərəqqi, şüur intibahı məsələ-
sinin problem kimi bu gün də yaşarılığı və diri qalması Aydın
Talıbzadə düşüncələrinin də əsas narahatlıq hədəfinə çevrilir.
Öz böyük sələfləri kimi o da daxili yanğı və etirazını nikbin
ovqat, satirik əhval-ruhiyyə ilə ifadə etsə də, yüz ildir dəyişməz
olaraq qalmağımıza qarşı qəzəb və üsyanını xitab kimi səslənən
bu fikirlə bəyan edir: «Nə qədər ki, danabaşlıq var, nə Mirzə
Ələkbər Sabir öləcək, nə Mirzə Cəlil; ac həriflər də daima
böyürlərində. Kişilər sappasağdırlar. Elə gün, elə saat yoxdur
ki, bizi deyib gəlməsinlər. Çünki nigarandırlar».
Ustad Ramiz Həsənoğlu və onunla eyni mənəvi məkanı
bölüşən Aydın Talıbzadə… Onların hər ikisi öz yolu olan və bu
yolla irəliləyən sənətkardırlar. Fəqət hər iki yolun son ucu sənət
adlı müqəddəs mehraba dirəndiyindən onların da yolları burada
kəsişir və qovuşur.
“Yolların görüşməsinin mütləqliyinə mən inanıram”.
Və bu yolların heç vaxt bitməyəcəyi gün işığı qədər mənə
aydındır. İçi sənət və axtarışla dolu insanlar üçün nə zirvə var,
nə də son.
Dostları ilə paylaş: |