İSA MUĞANNANIN "MƏHŞƏR" ROMANINDA ƏMİR TEYMUR OBRAZI
BƏDİİ VƏ TARİXİ KONTEKSDƏ
Açar sözlər: tarixi-fəlsəfi roman, dünya fatehi, hürufizm, bədiilik və tarixilik, siyasi
vəziyyət, bədii obraz
Ключевые слова: историко-философский роман, покоритель мира, хуру-
физм, неизбежность и историчность, политическое положение, художествен-
ный образ.
Key words: Historical- philosophical time, world conqueror, hurufism, artistry and
historicity, political condition, art image
İsa Hüseynov yaradıcılığa başlayarkən Azərbaycan nəsri artıq müəyyən
ənənələrə malik, kifayət qədər inkişaf yolu keçmişdi. Ədib "Tütək səsi", "Saz",
"Quru budaq", "Faciə", "Şəppəli", "Kollu Koxa", "Ömür karvanı" kimi povestləri,
"İdeal", "Məhşər", "GurÜn", "İsahəq Musahəq" kimi tarixi-fəlsəfi romanları, eləcə
də daha neçə-neçə başqa hekayə, povest və romanları ilə bu nəsrə öz layiqli
töhfələrini vermiş, onun ideya-bədii və mövzu baxımından zənginləşməsində
əvəzsiz rol oynamışdır.
İsa Muğanna "ədəbiyyat tarixdir, tarix isə hər şeydir" - deyirdi və sanki
bununla əsərlərində tarixiliyə müraciət etmə səbəbini göstərməyə çalışırdı.
Ədəbiyyat tarixinin bütün mərhələlərində tarixi əsər yazmaq ehtiyacını doğuran
əsas səbəblər ya xalqa, millətə öz tarixi keçmişini xatırlatmaq, ya yada salmaq, ya
da qaranlıq qalan hansısa bir məqamı açmaq istəyi olmuşdur. Bunu özündə borc
kimi duyan hər bir sənətkarın yaradıcılığında az və ya çox dərəcədə bu xüsusiyyətə
rast gəlmək olar. "Məhşər" əsəri də belə bir ehtiyacdan yaranıb. Baxmayaraq ki,
buna qədər ədibin tarixə müraciət etdiyi əsərləri olub, lakin o özü bu əsərini
yaradıcılığında ayrıca bir mərhələ kimi qəbul etmişdir. (111/3)
Yaşadığı və yaxşı bildiyi dövrdən və mühitdən, yaxın olduğu və tanıdığı
adamlardan, bildiyi hadisələrdən yazmaqla İsa Muğanna istedadlı bir yazıçı kimi
tanınırdı. Lakin, həm yaşının, həm də ömrünün kamil dövründə xalqının tarixinin ən
mürəkkəb mərhələlərindən bəhs edən silsilə romanlar yazmağa başlaması, bu
silsilədən olan "Məhşər" romanını xalqına təqdim etməsi onun maraq və bilik
dairəsinin yüksəkliyini bir daha sübut etmiş oldu.
"XIV əsrdə yaşamış böyük Azərbaycan şairi, panteist fəlsəfənin, hürufizmin
ən görkəmli nümayəndlərindən olan İmadəddin Nəsiminin həyatından və onun
yaşadığı dövrün reallıqlarından bəhs edən "Məhşər" Azərbaycan nəsrində tarixi
roman janrında yazılmış nadir əsərlərdən biridir. Bu baxımdan, "Məhşər" yalnız
M.S.Ordubadinin "Qılınc və qələm" (bu roman XII əsr Azərbaycan şairi Nizami
Gəncəvinin həyatından bəhs edir) romanı ilə müqayisə edilə bilər. Lakin bu nisbi
müqayisədir. Çünki istər tarixi gerçəkliklərə sədaqətinə, istərsə də bədii estetik
səviyyəsinə, dil və üslubuna görə "Məhşər" "Qılınc və qələm"dən çox yüksəkdə
durur və ümumən, analoqu olmayan əsərdir." (350/3)
Filologiya məsələləri – №5, 2014
324
"Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Əmir Teymurun yürüşləri döv-
ründə baş vermiş hadisələr, filosof Fəzlullah Nəiminin və böyük humanist şairimiz
Nəsiminin insan uğrunda qeyri-adi mübarizələri, habelə məşhur Şirvanşah İbrahi-
min hakimiyyəti illərində Azərbaycanda, İranda və yaxın Şərqdə geniş xalq
kütlələrinin taleyi bu əsərdə öz əksini tapmışdır. Qeyd etdiyimiz kimi, bu roman
müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir. Roman
əsasında hazırlanan ssenari üzrə "Nəsimi" filmi də çəkilmişdir ki, ədib özü bu işin
ərsəyə gəlməsində, filmin layiqli şəkildə xalqa təqdim edilməsində böyük əziyyətlər
çəkmişdir.
Hər hansı bir kamil sənət əsrinin yazılana qədər keçdiyi yaranma dövrünü
"Məhşər" romanı da yaşamışdır. Ədib əsəri yazmamışdam əvvəl, özünün də dediyi
kimi, "... Azərbaycan tarixinin ən mürəkkəb dövrünü, böyük humanist şair Nəsi-
minin keşməkeşli həyatını, onun mənsub olduğu hürufilik hərəkatını, fəlsəfəsini,
Şirvan tarixini, Teymurləngin yürüşlərini, tərcümeyi-halını, xarakterini, dünya-
görüşünü tədqiq etməyə" (157/3) başlamış, nəticədə isə bu romanı yazmışdır. İsa
Muğanna böyük yaradıcılıq məharəti ilə, tarixdə öz qəddarlığı ilə məşhurlaşmış,
qeyri-adi davranış və xarakterə malik bir şəxsiyyət olan fatehi - Əmir Teymuru
əsərinə gətirmiş, lakin əsərdə başdan-başa Əmir Teymur haqda olan tarixi faktlara
sadiq qalsa da, tam bədii əsər yaza bilmişdir.
Romanın "Məhşər" adlandırılması onu əhatə və əks etdirdiyi tarixi dövrün
ümumi səciyyəsi ilə əlaqədardır. "Xristian salnaməçilərindən biri Teymurləngin
Van gölü ətrafındakı vəhşiliklərindən, əhaliyə divan tutmasından, kişiləri sıldırım
qayalardan aşağı atdırmasından bəhs etdikdən sonra belə bir əhvalat nağıl edir:
"xristianların və müsəlmanların qanı sel kimi axdığı bir zamanda minarədən yanıqlı
bir səslə minacat çəkilir: "Ey camaat, qiyamət qopmuşdur, məhşər qurulmuşdur,
dünyanın axırıdır..." Teymur bunun nə olduğunu soruşur. Ona deyirlər ki, törətdiyin
zülm ərşə dayanmışdır, qiyamət qopmuşdur, dünyanın axırıdır, oxuyanın səsi də
suru - İsrafili xatırladır". (145/5) Yəqin ki, əsərin yazıldığı dövrdə də baş verən
hadisələri məhşər kimi qiymətləndirənlər olubmuş. İsa Muğanna da bir tarixi-
romançı kimi bunlardan xəbərdar olmuş və əsərinə belə ad seçmişdir. "Məhşər"
romanının adında, bu adın ifadə etdiyi mənada, daha sonra isə əsərin məzmununda
və ruhunda həm bəhs olunan dövrün, həm də ona olan müasir baxışın bədii əksini
aydın şəkildə görmək mümkündür.
Əsərdə bəhs olunan dövr öz xüsusiyyətləri ilə, daha çox xalqımızın yaşadığı
ağrılı-acılı illər ilə xarakterizə olunur. Bu dövrdə, yəni XIV əsrin 70-80-ci illərində
Azərbaycandakı siyasi sabitsizlik Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın
bu ölkəyə göz dikməsinə və işğalçı hücumlarına məruz qalmışdı. Ölkənin həm
əlverişli coğrafi şəraiti, həm də təbiəti, maddi zənginlikləri ilə xüsusilə Əmir
Teymurun daim diqqətini çəkmiş, Təbrizin, Qarabağın, Dərbəndin və s. şəhərlərin
ələ keçirilməsi üçün uzun illər mübarizə aparmışdır. Təbii ki, bu hücumların bir
səbəbi öz sərhədlərini genişləndirməklə bağlı idisə, digər səbəbi Əmir Teymurun
şəxsən xoşlamadığı insanların ucbatından və ya sadəcə qəddarlığından irəli gəlirdi.
Mənbələr göstərir ki, Toxtamış Təbrizi istila etdikdən sonra "Yeddi İqlimin
Məğlubedilməz Hakimi" onun bu hərəkətinə "cəza" vermək məqsədilə onsuz da
viran edilmiş şəhərə yenidən basqın edib, çapıb talamış, əhalini qılıncadan
keçirtmişdi. (46/1); (160/6)
Filologiya məsələləri – №5, 2014
325
Bəhs olunan romanda İsa Hüseynov məhz belə bir xarakteri əsərində bədii
obraz kimi qələmə almışdır. Belə ki, Nəimi və Nəsimi obrazları qədər Əmir Teymur
obrazı da canlı və təsirlidir. Birincilər kamilliyin, Əmir Teymur isə cahilliyin
təmsilçisidir. Nəiminin qətlinə bais Əmir Teymurdur, lakin bu şəxsən Nəiminin
yox, ümumən kamilliyin məhvidir, qəddar olan isə təkcə Teymur yox, zamandır,
kəskin ehkamçı görüşlər və cahillikdir.
Əmir Teymur obrazı elə tarixdə olduğu kimi dəyişməz və sarsılmzadır. Onun
obrazı nə qədər tarixidirsə, romanda ona qarşı qoyulmuş ümumən Azərbaycan ob-
razı da eləcə əvəzsiz və əlçatmazdır. Əsərin ilk səhifələrindən məlum olur ki, Əmir
Teymurun bircə arzusu var ki, bu əvəzsiz diyara tam anlamı ilə hakim olsun.
Tarixdən də məlumdur ki, "Teymurun və Qızıl Orda imperiyalarının sərhədlərində
iki ağrılı nöqtə var idi: şərqdə Xarəzm, qərbdə isə xüsusən Azərbaycan. Bu rayonlar
potensial münaqişə ocaqları idi. Məhz bu bölgələrdə Teymurun və Toxtamışın
iştəhası həmişə qarşı-qarşıya gəlirdi."(183/6)
"Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qamışdı ki,
Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi. O ölkə
Azərbaycan idi..."(8/2) Və nəhayət, burada onun ən güclü düşməni vardı, o da Şeyx
Fəzlullah Cəlaləddin Nəimi və onun "ənəlhəq" deyən saysız tərəfdarları idi.
Əgər tarixə nəzər salsaq Əmir Teymura öz əməlləri müqabilində xitab
olunmuş çox ada rast gələ bilərik. Kimisi onu "dünya fatehi", kimisi isə şikəst
ayağına görə təhqir etmək üçün "Topal" demişdir. "Tamerlan" adının isə ona
deyilməsindən xoşlanmazmış. Kristofer Marlonun əsərində Teymur "Allahın bəlası"
kimi səciyyələndirilir. "Məhşər" müəllifi isə Əmir Teymuru əsərin çox yerində
obrazların dili ilə cahillik rəmzi olaraq "Div" adlandırır. Bu əsərin ümumi qayəsinə
uyğundur. Div, yəni başıboş. Burada dərin fəlsəfi məzmunu ilə fərqlənən, humanist
bir ideologiyanı qavramaqda aciz olan bir varlıq kimi nəzərdə tutulur. Lakin son
nəticədə humanist Azərbaycan şairinin ağlı və dərrakəsi bu "Div"ə qalib gəlir.
Əmir Teymur obrazının həm tarixi, həm də bədii kontekstdə açılmasında əsər-
də Teymur-Miranşah, Teymur-İbrahim şah, Teymur-Fəzlullah Nəimi, ən nəhayət,
Teymur-Seyid Əli-Nəsimi xətləri bizə müəyyən fikir söyləməyə əsas verir. Əvvəldə
də qeyd etdiyimiz kimi, müəllif Teymurləngin istilaçı xarakterinin əksinə getmə-
mişdir. "Məhşər"də diqqəti çəkən əsas məqam isə Teymur kimi qaniçən bir fatehin
belə Nəsimi dühası qarşısında acizliyinin təsviridir. Məhz buna görədir ki, ədib
Teymurləngin tarixə məlum olan amansızlıqlarını təhrifsiz vermiş, fatehliklə
acizliyin təzadında əsas məqsədi aydın nəzərə çarpdırmışdır. Hələ ilk səhnələrdə
Nəsimi ilə İbrahim şah qarşı-qarşıya gəlir. Şah Nəsimini elçi kimi qəbul edir, onu
dinləyir. Müəllif elə buradaca bəzi məqamlara diqqət çəkir:
"...Lakin Nəsiminin bu dəfəki cavabı daha gözlənilməz oldu:
- Bayəzid də, Teymur da müdrik cahangirlərdir, şahım! Amma onlar da
qələbəni mühafizə edə bilməyəcəklər, çünki əsgərləri acizdirlər.
- Necə?! Dünyaları fəth edən əsgər - aciz?!
Nəsimi inam və qətiyyətlə:
- Əsgərin gücü qılıncında yox, əqidədə olmalıdır, şahım! - dedi. - Onların
etiqadı Quranadır. Quran isə deyir: insan zəif və aciz xəlq olunub. taleyi alnına
yazılıb, yəni özünün iradəsi yoxdur və heç bir şeyə qabil deyil..." (40/2)
Filologiya məsələləri – №5, 2014
326
Qeyd etmək lazımdır ki, əsərdə cəhalətin ən yaxşı təmsilçisi kimi Şeyx Əzəm
obrazı yaradılmışdır. O, başına olmazın müsibətlər gəlsə də, Məlhəm pirində baş
verənlərin canlı şahidi olsa da, hətta bircə qızını da bu yolda itirsə də, öz "əqi-
dəsindən" dönmür, Teymura olan inamı sarsılmır, Teymurun bir gün bu zülmlərə
son qoyacağına inanır.
Əmir Teymurun İsfahanı bir quzu ilə tutması əhvalatını da müəllif Şeyx Əzəm
xətti ilə əsərə gətirir. Quzunu ona kəsdirirlər, Teymur təzə qanı içir, çadıra Sultan
Əhməd Cəlairinin elçisi girir. Teymur içdiyi qanı qusur, elçiyə deyir ki, "ölürəm,
müharibə etməyə halım yoxdu". Bununla düşməni aldadan Əmir İsfahanı asanlıqla
ələ keçirir.
Əmir Teymurun yürüşlərində bəhs edən bir çox salnamə və tarixi qeydlərdə
onun İsfahan yürüşü ayrıca qeyd edilir. Heç bir tarixçi bu müsibətlərə laqeyd yanaşa
bilməmişdir. Əsir düşmüş Bavariya zadəganı Şiltberger baş verənlər haqqına belə
yazmışdır:
"...Sonra o (Əmir Teymur-Q.T) əmr etdi ki, uşaqları və qadınları şəhər
divarlarından kənarda olan düzənliyə yığsınlar, yeddi yaşdan aşağı olan uşaqları
ayırıb bir tərəfdə toplasınlar. Süvari əsgərlərinə əmr etdi ki, atlarını körpələrin
üstünə çapsınlar. ...Lakin əsgərlərdən heç biri ilk olaraq bunu etmək istəmirdi. O
qəzəblənib özü atını onların üstünə çapdı və dedi: "İndi mən görəcəyəm ki, kim
cəsarət edib mənim ardımca gəlməyəcək". Bundan sonra hamı ona itaət göstərib,
atlarını körpələrin üstünə sürdülər və hamısını atların ayağı altında məhv etdilər.
Öldürülən körpələrin sayı yeddi minə çatırdı." Bütün bunlara səbəb olan "günah" isə
İsfahan üsyançılarının şəhəri qorumaq üçün apardıqları döyüşlərdə Teymurun 3000
nəfərlik qarnizonunu məhv etməsi idi. (177/6)
Əmir Teymur hürufilərlə mübarizəni şəxsən özü davam etdirir. Bu zaman
Nəimin müridləri arasında parçalanma baş verir. Nəsimi nə qədər qarşı çıxıb etiraz
etsə də, müridlər artıq "Fəzl günü"nün elanı üçün ona təzyiq göstərirlər. Əmir
Teymur İbrahim şahdan Fəzlullahı tələb edir, yoxsa Şamaxıya hücum etməklə onu
hədələyir. Şah olan qalan xəzinəni dəvələrə yükləyib Teymurun hüzuruna gedir.
Əsir alınan Nəsimi çətinliklə də olsa Əmirin hüzuruna çıxmağa müvəffəq
olur. Artıq burada biz Əmir Teymuru sırf bədii konteksdə görürük.
" - "Həqqəm" deyib it kimi gəbərənlər çox olub! Sən ölürsən! Uzan və
üzünü qibləyə çevir! - dedi və eyni zərbli tappıltılarla aralandı.
Təsir hədəfi yox, Nəsiminin ümidləri uzaqlaşıb gedirdi. Üçgünlük möhlətin
artıq ikinci gününün başlandığını, təsir hədəfinə əli çatmasa ustadını və ustadı ilə
birgə yüz min mələkmisalı ölümə məhkum edəcəyini düşündükdə o, yenidən
çırpınıb bu dəfə Teymurun özünü də diksindirən hökmlə:
- Dayan, əmir! Məramımı sənə çatdırmayınca ölüm yoxdur mənə" - dedi və
qamətini düzəldib, başdan - ayağa qan içində Divə doğru addımladı..." (232/2)
" - Ağız bağlamaq hökmdarın acizliyidir, Əmir Teymur! Mənim dilimdən
yox, sənin bəlan İldırım Bayəzidin, Sultan Əhməd Cəlairinin, Qaraqoyunlu Yusifin
və qeyri hökmdar, hakim və sərəsgərlərin qılınclarından gəlir! Məni dinləyib Fəzl
məramından xəbər tutmasan bu xəndəklərin arasında ordunla bahəm məhv
olacaqsan! - deyib Divi Divin öz silahı - qorxu ilə əsir aldı..." (234/2) Bu sözlərdən
sonra Nəsimini Əmirin hüzuruna aparırlar. Bütün roman boyunca hazırlanan zəmin
əsasında "iki aləm üz-üzə gəldi". Gördüyü işgəncələrdə bədəni yara içində qalsa da,
Filologiya məsələləri – №5, 2014
327
Nəsimi özünün bütün iradəsini toplayır, yaralarının sızıltısına məhəl qoymadan,
dünya fatehinə "həqq sirri"ni necə açacağını düşünməyə başlayır. Teymur sükutu
pozaraq Nəsimidən soruşur:
"- Baş açmıram, nə sirri-xudasan! Gah mənə təzə qiblə göstərib rəhm
diləyirsən, gah da müttəfiqlərimizlə hədələyirsən! Kütahını de: nə üçün gəlibsən?"
(235/2) Nəsimi tələsmədən sözə başlayır, fikirlərinin Əmirdə necə təsir oyatdığına
diqqət edərək davam edir.
"...Zülmətdən qorxu törədi. Qorxudan qul törədi. İnsan öz xaliqindən ayrıldı,
böyük ikən kiçildi, zərqiymət ikən qiymətsiz oldu! Odur ki, sən bu qədər baş
kəsirsən, Əmir və kimin başını kəsdiyini bilmirsən! ...Qorxu törətməklə sən özünü
məhv edirsən, Əmir! - dedi. - Vəliəhdin Cahangir qorxu qurbanı oldu! Digər vəliə-
hdin Miranşah qorxu əsirliyinə diri ikən ölüdür! Sən özün, bu qüdrətli cahangir, bu
cəhənnəm odu içində düşərgə salıb xəndək arasında oturursansa, aşikar deyilmi ki,
özün də qorxu əsirisən?!" (236/2)
Qəzəbdən coşan Əmir Nəsimini qılıncla vurmaq istəsə də, gəlib onun ikiad-
dımlığında dayanır.
" - Xırda həşərat iri həşəratdan qorxur... Qoyun qurddan qorxur... Gücsüz
adam güclüdən... Cəmi bəşər də bir olan Allahdan qorxur! - dedi. - Qorxu üstündə
bərqərar deyilmi dünyamız?!" (237/2)
Nəsiminin ağlabatan sübutları qarşısında Əmir Teymurun təslim olmaqdan
başqa çarəsi qalmır. "İnandırdın məni... İnandırdın ki, Fəzlulullah hərb niyyətində
deyil. Amma onun mənə vurduğu zərəri heç bir hökmdar vurmayıb. Şahdan tələbim
hökmdə qalır! - dedi. -Güzəştim ancaq bu ola bilər ki, sən Rumda işini görüb
qayıdana qədər şah onu öldürməyib zindanda girov saxlasın". (240/2)
Nəsimi son ana qədər iradəli şəkildə mübarizə aparır, hətta Divə belə öz
sözləri ilə təsir etməyi bacarsa da mürşidinin ölümünə əngəl ola bilmir. Doqquz
müridin parçalanması, arada yaranan iğtişaşlar, daxili çəkişmələr qanlı toqquşma ilə
nəticələnir. Həmin gün Fəzlin edam edildiyi gün idi, onu atlara bağlayıb sürüyürlər.
Müridlər xəndəklərə tökülüb ölümləri bahasına digərlərinin keçməsinə şərait
yaradırlar. Nəsimi bütün bunlara əngəl ola bilmir. Mürşidi kimi o da, "bu
məhşərdir, ey müridlər! Dayanın! Əl saxlayın! Məhşərdir! Məhşərdir!" - desə də,
onu dinləyən olmur.
Əsərin sonunda təxminən on bir il sonraki tarixi vəziyyət qısa şərh olunur.
Müəllif göstərir ki, Teymurun Bayəzidə olan qəzəbinin səbəbi və onun ömrünün
son illəri tarixdə həmişəlik qaranlıq qalmışdır. Onun ölmədən öncə etdiyi son qırğın
tədbirində isə, öz adamlarına ərm verir ki, onun ölüm xəbərini hər yerə yaysınlar.
Bunu eşidən hər kim baş qaldırsa onu məhv etsinlər. Həmin tədbirdən sonra Çinə
yürüşə başlamış, bu dəfə onun üçüncü ölüm xəbəri yayılmışdı ki, artıq bu, yalan
deyildi. Daha sonra belə bir iddia yayıldı ki, guya Əmir Teymurun tabutundan inilti
gəlir. Belə qərara gəldilər ki, "yurdlarından didərgin düşənlərin iniltisidir o inilti.
Əsirləri buraxın inilti kəsiləcək". "...Lakin tabutda hərb allahı, külli qırğın tanrısı
yatırdı və o tanrının dəhşəti heç kəsi tərpənməyə qoymurdu. Odur ki, keşikçilər
Gülüstan sarayının darvazasını açanda onlara mane olan tapılmadı. Uzun illər
ərzində uca, qalın, sərt divarlar arasında, açıq səma altında Əmir Teymurun ordusu
üçün qılınc, qalxan, gərdənbənd, nizə düzəldə-düzəldə, aclıqdan, həsrətdən,
ləyaqətsizlikdən saralmış, gənc ikən qocalmış əsirlər səssiz-səmirsiz göz yaşı tökə-
Filologiya məsələləri – №5, 2014
328
tökə əsnaf içinə, şəhərə dağılışanda harada isə, kim isə sonuncu xəbəri car çəkib,
tabutda iniltinin kəsildiyini xəbər verdi. Divin ömrü beləcə başa çatdı." (297/2)
"Məhşər"də Əmir Teymur obrazı bədii cəhətədən hərtərəfli təsvir olunmuş-
dur. Müxtəlif hadisələr axarında onun da daxili aləmi xarici görünüşündə öz
təzahürünü tapır. Qəzəblənəndə, oğluna cəza verəndə, Əhməd Cəlairini aldadanda,
Nəsimi ilə söhbətində və s. müəllif onu bir obraz kimi fərqli cəhətləri ilə əks
etdirmişdir. Ümumiyyətlə isə, nə qədər xəstə olsa da, yeriməkdə çətinlik çəksə də,
o, öz zəhmini itirmir. "Qaya torpaqda bitib-bərkiyən kimi, Teymur da atın belində
bərkimişdi. Yəhərdə onun şikəstliyi və xəstələiyi bilinmirdi. Ayağı torpağa dəyəndə
isə elə bil yer ayağının altından qaçdı, iki ərəş uzununda nəhəng gövdə dayağını
itirib o yan-bu yana əyildi. Düşərgənin hər yerindən axışıb gələn ordu rəisləri
alimənsəb seyidlər və çox vaxt rəsmiyyət gözləməyən batqanlı dərvişlər də əyilib
təzim etdilər". (104/2)
"Çox pis axsasa da çala-çuxura düşüb, yıxılmamaq üçün addımlarını
itiləşdirəndə atıla-atıla dingildəyə-dingildəyə yerisə də, onun ümumi görkəmi gözəl
idi. Gözəl və qorxunc. Xüsusilə gözləri heybətli idi - parıltısız, işıltısız, durğun və
gərgindi: heç kəsə və heç nəyə baxmasa da, elə bil hamını, hər şeyi, hətta ürəklərdə
narazılığı da görür və hamını bir yerdə ittiham edirdi. Kimin ağlına gələrdi ki,
əslində bu dəm onu sümüklərində dözülməz ağrılardan və tezliklə gözdən uzaq olub
əzablarını gizlətməkdən başqa heç nə düşündürmürdü"? (106/2)
Nəticə olaraq deyə bilərik ki, ədəbiyyat tariximizdə bizi dünya mədəniyyətinə
tanıdacaq əsərlər içərisində "Məhşər" əsərini də saymaq lazımdır. Təəssüf ki,
hələlik bu roman ədəbiyyat aləmində öz dəyərini yetərincə almamışdır.
Ədəbiyyat
1. Azərbaycan tarixi. Yeddi cilddə. III cild. (XIII-XVIII əsrlər). Bakı, "Elm", 2007,
592 s.
2. İsa Muğanna. Seçilmiş əsərləri. Altı cilddə III cild. Bakı, "Avrasia press", 2009,
304 s.
3. İsa Muğanna. Seçilmiş əsərləri. Altı cilddə VI cild. Bakı, "Avrasiya press", 2009,
384 s.
4. Himalay Əvəroğlu (Qasımov). Sənət və sənətkarlıq məsələləri yeni düşüncə
müstəvisində. Bakı, "Elm və təhsil", 2011, 368 s.
5. Müasir Azərbaycan Ədəbiyyatı. (Ali məkt. üçün dərslik) İki cilddə II cild. Bakı,
Bakı Universiteti nəşriyyatı, 2007, 564 s.
6. Castin Marozzi. Dünya Fatehi Teymur. Bakı, "Qanun nəşriyyatı", 2012, 488 s.
Кадирова Туркан
Образ Амир Теймура в романе Исы Муганны «Судный день» в
художественном и историческом контексте.
Резюме
Иса Гусейнов – Муганны является автором своих произведений, в ко-
торых выделяется собственными качествами и идеей. Его исторический роман
«Судный день» считается вершиной его творчества. Нашествие монголов в
Filologiya məsələləri – №5, 2014
329
Азербайджан, исторический - социальное обстоятельство, жизненный образ
народа и т. д в произведении обосновывается фактами, в которых писатель
выражает свою мысль художественным образом
.
В мировой науке имеется
множество произведений, в которых даются различные сведения об Амир
Теймуре. Однако учитывая его мысли исключительно об Азербайджане, о
народах Кавказа, с точки зрения изучения в целом некоторых исторических
реалий в единстве с неизбежностью, роман «Судный день» имеет особое
значение. Как известно в произведении ряд с другими образами, образ Амир
Теймура был создан блестящим. В этой статье в романе «Судный день» образ
Амир Теймура характеризуется в художественном и в историческом аспекте.
Здесь достаточно были извлечены исторические материалы и факты из
романа.
Gadirova Turkan
Amir Teymur image in artistic and historic context at “Mahshar” romance
of Isa Mughanna
Summary
Isa Mughanna is the writer who is distinguished with is writing style. His
historical novel can be considered the summit of his literary activities. The attacks
of Mongolians to Azerbaijan, historical-social circumstance, the life of Azerbaijani
people is substantiated by means of the definite historical chronicles, are expressed
artistically by the ideas of a fanatic writer. It is enough works given different
information about Amir Teymur to the world science. But his “Mahshar” romance
is generally, very important from the point of view of learning of such historical
realities in the unity with artistry, his exclusive thoughts about Azerbaijan,
Caucasus nation. It is clear that in this work at the same time even the splendid
character of Teymur was created as the other characters. In this article Teymur who
is the main character of the novel of “Mahshar” was characterized both in literary
and historical aspects. Here it was utilized both the facts of the novel and the
historical materials.
Rəyçi: Gülarə Abdullayeva
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
330
Dostları ilə paylaş: |