BDU-nun Filologiya fakültəsi - 100
13
TOFİQ HACIYEV
Filologiya elmləri doktoru, professor
Bakı Dövlət Universiteti
ORİJİNAL DİLÇİLİK FİKİRLƏRİNİN MÜƏLLİFİ
Azərbaycan dilinin dərin araşdırıcısı, ümumi dilçiliyin müxtəlif problemlərinə aid maraqlı
əsərlər
müəllifi olan Musa İsrafil oğlu Adilov zəngin elmi irs qoymuşdur. Fonetika, leksikologiya,
morfologiya,
sintaksis, üslubiyyat, onomastika, nitq mədəniyyəti və s. sahələr alimin uğurlu tədqiqat səhələridir. Bu
sahələrin hər birinə aid çoxlu sayda məqalələrlə yanaşı, monoqrafiyalar müəllifi
olan alim heç bir sahədə
tapdanmış yolla getməmiş, maraqlı, orijinal, yeni elmi tapıntı və təklifləri
ilə dilçiliyimizin müvafiq
sahələrinin boşluqlarının doldurulmasında böyük rol oynamışdır.
M.İ.Adilovun müraciət etdiyi sahələrdən biri dilimizin qrammatikasıdır. Onun mürəkkəb sözlər
(“Müasir Azərbaycan dilində mürəkkəb sözlər”), sintaktik təkrarlar (“Azərbaycan dilində təkrarlar sistemi”)
mövzusunda araşdırmaları bu sahədə aktuallığını heç vaxt itirməyən, elmi siqləti ilə dilçiliyimizin ən dəyərli
əsərləri cərgəsində özünə yer tutan tədqiqatlardandır. Mürəkkəb sözlərə aid ilk monoqrafik araşdırma olan
birinci əsərdə müəllif dilçiliyimizdə ilk dəfə mürəkkəb sözlərin sərhədini dəqiqləşdirir, onların söz
birləşmələri, xüsusən də mürəkkəb adlardan fərqli
cəhətlərini müəyyənləşdirir, sadə və mürəkkəb söz
sərhədini müəyyənləşdirir, mürəkkəb sözlərin təsnifini verir. Müəllif tabesizlik əlaqəsi əsasında formalaşmış
mürəkkəb sözlərin zəngin formalaşma üsullarını verməklə dilimizin böyük yaradıcılıq imkanlarını bir daha
aşkara çıxarmışdır. Tabelilik əsasında formalaşan mürəkkəb sözlərin daha zəngin və rəngarəng struktur-
semantik xüsusiyyətlərindən bəhs edən müəllifin yalnız apelyativlərin deyil, habelə onomastik vahidlərin də
bu üsullarla yaranmasını açıqlamaqla xüsusi adların da mürəkkəb söz yaradıcılığındakı ümumi yaradıcılıq
yollarını əsaslandırmışdır.
Azərbaycan
dili zəngin, rəngarəng və orijinal təkrarlar sisteminə malikdir. Sözlərin müxtəlif səviyyə
və formalarda təkrarı daha çox emosional-ekspressiv münasibəti özündə əks etdirir. Azərbaycan dili
materialını incəliklərinə qədər bilən, onu duyan M.İ.Adilov bu çətin sahədə də uğurlu tədqiqatların müəllifi
kimi tanınır. Müəllif sintaktik təkrarların həm
normativ aktlar çərçivəsində, həm də üslubi məqamlarda
yaranıb fəaliyyət göstərməsini inandırıcı faktlarla əsaslandırır. O, təkrarlar sahəsində özünü göstərən termin
qarışıqlığına son qoyur,
xüsusən də təkrar, intensivlik, pleonazm terminlərinin dəqiq sərhədini
müəyyənləşdirir. Sintaktik-konstruktiv
təkrarlar, onların növləri, xüsusən daxili obyektli tərkiblər,
üzvlənməyən üzvlər səviyyəsində təkrarlar və onların fikrin ifadəsindəki rolu elmi şəkildə şərh olunur.
Alimin qrammatikanın digər məsələləri ilə bağlı da dəyərli araşdırmaları vardır.
Dostları ilə paylaş: