Xəzlik dəri yarımfabrikatlarının sortlaşdırılması. Xəzlik dəri yarımfabrikatlarına ev dovşanı, pişik, it, şimal maralı, dayça, buzov dəriləri daxildir.
Ev dovşanı, pişik və it dəriləri vəhşi heyvanların dərisi kimi sortlaşdırılır, lakin bunlar məkan üzrə bölünmür. Ev dovşanları məkan əvəzinə cinslərə bölünür.
Pişik, it və ev dovşanı dərisi ölçüsünə , rənginə, sortuna və nöqsanlarına görə sortlaşdırılır.
Ev dovşanının dərisi emalından asılı olaraq aşağıdakı növlərə bölünür: emal edilmiş təbii dərilər; emal edilmiş və əlvan boyanmış uzun tüklü dərilər; emal edilmiş və qara rəngə boyanmış uzun tüklü dərilər; qırxılmış, didilmiş və dəniz pişiyinə, qunduza, göstəbəyə və s. xəzlərə bənzədilmiş dərilər; qırxılmış (didilmiş) və dəniz pişiyinə və s. xəzlərə bənzədilmiş dərilər.
Təbii rəngində olan ev dovşanı dəriləri aşağıdakı cinslərdən ibarət olur: şinşilla, mavi rəngli vena dərisi, flandar, ağ velikan. Bu dərilər tükünün inkişafı səviyyəsinə görə əla, birinci, ikinci, üçüncü, dördüncü sortlara bölünür.
Uzuntüklü (yəni qırxılmamış) ev dovşanlarının dərisi boyanaraq samur, norka və s. xəzlərin rənginə bənzədilir. Bunlar üç sorta ayrılır.
Ev dovşanları dərisinin ən yaxşı sortlarından dəniz pişiyinə, qunduza, və s. bənzər xəzlər hazırlanır.
Ölçüsünə görə ev dovşanlarının dərisi altı qrupa bölünür. Lakin boyanan dərilərin sahəsi nisbətən kiçik olur.
İt dəriləri birrəng, alabula, qurd və yenot dərisi rəngində olur. İt dəriləri tükünün keyfiyyətinə görə üç sorta bölünür. Dayça, buzov, çəpiş və maral balası dərisinin sortlaşdırılmasında müəyyən xüsusiyyətlər vardır. Əsas etibarı ilə həmin dəri yarımfabrikatları təbii rəngində olmasına, boyanmış olmasına, ölçüsünə, rənginə,tükünün xasiyyətinə,sortuna və nöqsanlarına görə sortlaşdırılır. Bunlardan ancaq dayça dəriləri və buzov dəriləri yaş cəhətcə qruplara bölünür. Yaş qruplarına bölməyin səbəbi odur ki, cavan heyvanların dərisinin keyfiyyəti heyvan böyüdükcə xeyli dəyişilir.
Dəri yarımfabrikatlarının sortu heyvanın yaşından asılı olur.
Dostları ilə paylaş: |