146
Ana susur, beynində batqın
bir uğultu qopur, göz qapaqları kilidlənir. O,
şaxtanın buz zənciri qayın ağacına bitişib hərəkətsiz qalır...
İndi amansız qış gecəsi anaya başqa bir don, başqa bir örtü geyindirir,
şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları
ağ ulduzlu yeni bir
libas toxuyur.
***
Şaxtalı bir səhər açılmışdır. İki ağ sütun kimi göyə ucalan qoşa qayın ağacı
qarşısında üç nəfər ağ xalatlı adam dayanmışdır. Onlar gecə kəşfiyyatından qayı-
dan üç nəfər gənc döyüşçüdür. Onlar başlarını açıb yerlərindən qımıldanmadan
gördükləri mənzərə qarşısında donub qalıblar... Əsgərlər ömürləri boyu bu
mənzərəni unutmayacaqlar...
Bu, donmuş gənc bir qadının buzdan tökülmüş heykəlidir.
Nəhayət, onlardan biri yerindən tərpənir, nə isə irəli aparır. O, donmuş qadı-
nın buz heykəli qarşısında dayanır. Bir an tərəddüddən sonra ananın qolları ara-
sındakı üstü buz bağlanmış düyünçəni yoxlayır. O, həyəcandan titrəyən barmaq-
ları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qoparır. Birdən...
düyünçənin lap dərinliyindən bir cüt göz gənc döyüşçünün gözlərinə zillənir.
Gənc döyüşçü diksinir, döşündən itələnmiş kimi geri sıçrayır.
Təlaş içində ona
baxan yoldaşlarına tərəf çevrilib:
– Körpə sağdır, uşaqlar, eşidin, körpə donmamışdır! – deyə qışqırır.
Hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar,
gözlərinə inanmırlar... Baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç
bir söz deyə bilmir.
Səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə
onlara baxır, gülümsəyir... Dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün
gözlərində yaş durmur...
Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar. Yerə kimi
səcdə edərək ananın buz heykəli qarşısında son dəfə baş əyirlər.
Hər üçü sıraya
düzülüb geri dönürlər, körpəni növbə ilə bir-birindən alıb
sinələri üstə aparırlar. Fədakar ananın buz heykəli isə onların qəlbinə buzdan
deyil, intiqama, qisasa çağıran tuncdan tökülmüş əbədi abidə kimi həkk olunur.
Dostları ilə paylaş: