C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə10/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   ...   7   8   9   10   11   12   13   14   15

Qəbirqazan

Bir gün ölmüş mənlərimdən birini dəfn edərkən yanımdan ötən qəbirqazan: “Burda ölüsünü basdıranlar içində bircə sən xoşuma gəlirsən”, – dedi.

“Bunu eşitmək xoşdur, – dedim mən, – amma bilmək olarmı nə səbəbə?”

“Ona görə ki, – o dedi, – başqaları ağlaya-ağlaya gəlir və ağlaya-ağlaya da gedirlər. Bircə sən gülə-gülə gəlir, gülə-gülə də gedirsən”.


Müqəddəs şəhər
Gəncliyimdə əhalisi Müqəddəs Kitaba uyğun yaşayan şəhər haqqında eşitmişdim. Onda özümə dedim: “Üzərində Allahın lütfü olan bu şəhəri hökmən axtarıb tapacam”.

Yol uzaq idi. Və mən səyahətim üçün böyük hazırlıq gördüm. Qırx gün sonra mən şəhərə yaxınlaşdım və yalnız qırx birinci gün ora daxil ola bildim.

Və gördüm ki, şəhərdə hamının yalnız bir əli və bir gözü vardır. Təəccüb içində özümdən soruşdum: “Bu necə ola bilər ki, müqəddəs şəhərin əhalisinin hamısının yalnız bir əli və bir gözü olmuş olsun?”

Sonra baxıb gördüm ki, onlar da mənim iki əlimə və iki gö­zümə təəccüblə baxırlar. Onlar danışmağa başlayanda mən so­ruşdum: “Bu həmin o müqəddəs şəhərdir ki, orda hamı Kitab əsasında yaşayır?”

“Bəli, bu həmin şəhərdir”,– dedilər.

“Başınıza nə iş gəlib? Hanı sizin sağ əliniz və sağ gözünüz?” – deyə soruşdum.

Camaat hərəkətə gəldi. Və onlar: “Gedək bizimlə, özün görəcəksən”, – dedilər.

Və onlar məni şəhərin ortasındakı məbədə gətirdilər. Mə­bəd­də bir qalaq əl və göz gördüm. Hamısı qurumuşdu artıq. “Aman Allah, hansı qəddar istilaçı sizi belə şikəst etmişdir?”– de­dim mən.

Onlar pıçıldaşmağa başladılar. Ağsaqallardan birisi qa­ba­ğa çıxaraq söylədi: “Bunu biz özümüz eləmişik. Allah bizə içi­miz­dəki şərin qənimi olmağı buyurmuşdur”.

Və o məni qurbangahın yanına gətirdi. Camaat da arxa­mız­ca gəldi. Ağsaqqal qurbangahın üstündə divarda yazılmış ya­zını göstərərək oxumağımı istədi. Mən oxudum: “Əgər səni sağ gözün yoldan sapdırırsa, çıxar at onu, zira, səninçün bir üz­vü­nün məhvi bütün bədəninin cəhənnəmdə yanmasından daha yax­şıdır. Və əgər səni sağ əlin yoldan sapdırırsa, kəs, at onu, zi­ra, səninçün bir üzvünün məhvi bütün bədəninin cəhənnəmdə yan­masından daha yaxşıdır”.

Mən hər şeyi başa düşdüm. Və üzümü camaata tutaraq qış­qırdım: “Yəni içinizdə bir kişi, ya bir qadın yoxdur ki, onun iki əli və iki gözü olmuş olsun?”

“Yox , – dedilər, – Kitabı oxuyub onun tələblərini anla­ya­caq qədər balaca olanlardan başqa heç kim bu aqibətdən yan qa­ça bilməmişdir”.

Və biz məbəddən çıxan kimi mən müqəddəs şəhəri tərk etd­im; zira, Kitabı oxuya bilməyəcək qədər gənc deyildim.

Üzlər
Üz görmüşəm ki, min məna cilvələnir onda. Üz də görmüşəm ki, sanki bir ifadədə donub qalıb.

Üz görmüşəm ki, üstdəki maskanın altında gizlətmək istədiyi eybəcərlik sezilir. Üz də görmüşəm ki, üstdəki maskasını çıxarmasan gözəlliyini görə bilməzsən onun.

Qoca üz görmüşəm ki, qırışlarından heçlik oxunur. Zərif üz də görmüşəm ki, hər şey yazılıb orda.

Yaxşı tanıyıram mən üzləri, çünki onlara gözlərimin toxuduğu pərdədən baxmıram və bu səbəbdən də altdakı gerçəkliyi görə bilirəm.


Göz
Bir gün Göz dedi: “Bu vadilərdən o yana, mavi dumana bürünmüş dağ görürəm. Necə də gözəldir!”

Qulaq bu sözləri eşidərək ətrafa diqqət kəsildi, sonra isə təəccüblə soruşdu: “Bəs, o dağ hardadı? Mən onu eşitmirəm”.

Sonra Əl dilləndi: “Bayaqdan çalışıram, amma dağa oxşar heç nəyə toxuna bilmirəm”.

“Burdan heç bir dağ iyi gəlmir”, – dedi öz növbəsində Burun.

Belə olduqda Göz nəzərlərini başqa səmtə çevirdi və hamı onun qəribə görüntüsü barəbə danışmağa başladı. Və onlar: “Gözə nəsə olub”, – qənaətinə gəldilər.

İki alim
Bir vaxtlar qədim Əfkar şəhərində biri-birinin elminə nifrət edən və biri digərini alçaltmağa çalışan iki alim yaşayırdı. Zira, onlardan birisi allahların varlığını inkar edir, digəri isə onlara inanırdı.

Günlərin bir günü onlar bazar meydanında görüşdülər və tələbələri ilə əhatə olunmuş iki alim allahların olub-olmaması məsələsi ətrafında mübahisə açdılar. Və uzun çəkişmədən sonra aralandılar.

Həmin axşam inanmayan məbədə gedərək qurbangahın qar­şısında səcdə edib allahlardan onun naqis keçmişinin bağış­lan­masını istədi.

Elə həmin saatda əvvəllər mömin olan digər alim evin­də­ki bütün müqəddəs kitabları yandırırdı. Zira, indi o, allahlara inanmırdı.


Kədərim doğulanda
Mənim kədərim doğulanda, mən onu qayğı ilə əhatə edib məhəbbətlə böyütməyə başladım.

Və mənim Kədərim böyüdü, bütün digər canlılar kimi, güclü, gözəl və füsunkar oldu.

Biz sevirdik bir-birimizi – mən və mənim Kədərim. Və biz bizi əhatə edən dünyanı da sevirdik, çünki Kədərin xeyir­xah ürəyi vardı və mənimki də onun yanında xeyirxahlaşırdı.

Biz bir-birimizlə söhbət edəndə – mən və mənim Kə­də­rim – günlərimiz qanadlanır, gecələrimizsə yuxulara bələnirdi; Kə­dərin parlaq dili olduğundan onun yanında mənim də nitqim par­laqlaşırdı.

Biz birlikdə oxuyanda – mən və mənim Kədərim – qon­şu­lar pəncərənin qabağında oturub bizə qulaq asardılar, çünki nəğ­mələrimiz dəniz kimi dərin, onların melodiyaları isə əsra­rən­giz xatirələrlə dolu olardı.

Biz birlikdə gəzəndə – mən və mənim Kədərim – adam­lar bizi şəfqətli nəzərlərlə yola salar və arxamızca ən xoş sözlər söy­ləyərdilər. Elələri də vardı ki, paxıllıq eləyərdilər bizə, çün­ki Kədərim əsilli-nəcabətli idi və mən də fəxr edirdim onunla.

Lakin mənim Kədərim öldü, bütün digər canlılar kimi. Və məni fikir içində qoyub getdi.

İndi danışdıqca sözlərim mənə ağır gəlir.

İndi mən oxuyanda, daha qonşular mənə qulaq asmaq istəmirlər.

Küçədə gəzəndə də heç kim arxamca baxmır daha.

Yalnız yuxularımda eşidirəm ki, kimsə təəssüflə deyir: “Baxın, burda Kədəri ölmüş insan uzanıb”.
Sevincim doğulanda
Sevincim doğulanda, mən onu qucağıma alaraq dama çıxdım və qışqırdım: “Gəlin, ay qonşular, baxın necə bir Sevincim doğulmuşdur bu gün mənim! Gəlin, görün bu, günəşin altında qığıldayan varlığı”.

Və mənim böyük təəccübümə rəğmən qonşular mənim Sevincimə baxmağa gəlmədilər.

Yeddi ay dalbadal hər gün dama çıxaraq Sevincimi elan elədim, lakin heç kim mənə fikir vermədi. Mən və mənim Sevincim tək qaldıq, bir kimsə açmadı qapımızı.

Sonra Sevincimin rəngi saraldı, ölgünləşdi, çünki məndən başqa heç kimin ürəyi heyran olmadı onun hüsnünə və mənim dodaqlarımdan başqa heç kimin dodağı öpmədi onu.

Sevincim tənhalığa dözməyərək öldü.

İndi mən ölmüş Sevincimi yalnız ölmüş Kədərimi yadıma salanda xatırlayıram. Lakin yaddaş bir payız yarpağıdır küləkdə bir qədər xışıldayıb sonra eşidilməz olur.



«TUFANLAR»

kitabından


Qəbirqazan
Qorxu və əndişə gətirən, sakitliyə qərq olmuş, səssiz-sə­mir­siz, ulduzsuz bir gecədə insan sümükləri və kəllələri ilə dö­şən­miş, zülmətə qərq olmuş həyat vadisilə tənha addım­la­yır­dım.

Mən xallı ilan kimi qıvrılan və canilərin yuxuları tək qa­ça­raqda olan göz yaşına qarışmış qanlı çayın sahilində da­ya­na­raq, boşluğa doğru dörd gözlə boylanıb, kabusların pıçıltısına diq­qət kəsildim.

Gecə yarısı sığınacaqlarını tərk etmiş ruhların təntənəli yü­rüşü başlandı. Mən ağır addımlar eşitdim və səsə çevriləndə qar­şımda çox böyük, qorxulu bir kabus gördüm.

– Sənə nə lazımdır? – deyə vahimə içində bağırdım.

O məşəl kimi yanan gözləri ilə mənə baxaraq sakit səslə cavab verdi:

– Mən heç nə istəməsəm də, mənə hər şey lazımdır.

Bu zaman mən dedim:

– Məni sakit burax və öz yolunla get.

O gülümsünərək dilləndi:

– Mənim yolum – sənin yolundur. Mən səninlə birlikdə gedir, dayandığın yerdə dayanıram.

– Amma mən tənhalığı gəzirəm.

– Sənin axtardığın tənhalıq mənəm. Elə isə məndən nə üçün qorxursan?

– Mən səndən qorxmuram.

– Bəs onda nə üçün küləyin təsirindən əsim - əsim əsən qamış kimi titrəyirsən?

– Mən titrəmirəm, sadəcə olaraq külək paltarımla oynayır.

O ucadan güldü və göy gurultusunu xatırladan səslə dedi:

– Sən qorxaqsan, sən məndən qorxduğun kimi bunu etiraf et­məkdən də qorxursan. Sən məndən daha çox qorxsan da, qor­xu­nu hörümçək toru qədər incədən - incə yalanın köməyi ilə giz­lətməyə çalışırsan. Həqiqətdə isə sən məni həm güldürür, həm də qıcıqlandırırsan.

Sonra o daşın üzərinə oturdu, mən də diqqətlə məni dəh­şətə gətirən cizgiləri süzərək qeyri-iradi oturdum.

Sanki min ili xatırladan bir andan sonra o mənə rişxəndlə ba­xaraq soruşdu:

– Adın nədir?

– Abdullah.1

– Gör bir Allahı təngə gətirən qulları nə qədər çoxdur. Bəlkə özünü şeytanların cənabı adlandırasan və bununla da onları yeni bir bəlaya düçar edəsən?

Mən cavab verdim:

– Mənim adım Abdullahdır. Bu isə atamın doğulanda mənə verdiyi ən gözəl addır və mən onu heç bir ada dəyişmərəm.

O dedi:

– Həqiqətən də oğulların bədbəxtliyi ataların onlara verdikləri bəxşişlərdən yaranır və belə hədiyyələri qəbul edən kəs özü mərhuma çevrilənə qədər ölülərin qulu olaraq qalır.



Mən onun söylədikləri barədə düşünərək və onun cizgi­lə­ri­nə bənzəyən yuxu qəhrəmanlarını yaddaşımda canlandıraraq başımı aşağı dikdim.

Daha sonra o yenidən mənə sual ilə müraciət etdi:

– Məşğuliyyətin nədir?

– Mən şeir yazır və insanlara həyatla bağlı fikirlərimi izah edirəm.

– Lakin bu, unudulmuş köhnə məşğuliyyətdir və heç kimə nə fayda vermək, nə də ziyan vurmaq iqtidarındadır.

– Bəs mən insanlara fayda vermək üçün gecə-gündüz neyləməliyəm? – deyə mən soruşdum.

– Qəbirqazan ol və insanları evlərinin, məbədlərinin və divanxanalarının ətrafında qalaqlanan cəsədlərdən azad et, – deyə o cavab verdi.

– Lakin mən evlərin ətrafında qalaqlanmış cəsədləri görmürəm.

– Sən ətrafına təxəyyülünün gözləri ilə baxır və həyat tu­fa­nının qarşısında titrəyən insanları görürsən. Sən onları canlı he­sab edirsən. Lakin onlar dünyaya göz açdıqları andan ölü­dür­lər və onları basdıran, torpağa tapşıran bir kəsləri olmadığından nəm torpaq üzərində sərilmişlər və onlardan çürümüş cəsəd­lə­rin qoxusu gəlir.

Mən qorxudan özümə gələrək soruşdum:

– Əgər həm ölülər, həm də dirilər həyat tufanın qar­şı­sın­da əsim-əsim əsirlərsə, o zaman mən onları necə fərqləndirə bilə­rəm?

– Ölülər ruhən qorxurlar, dirilər isə həyatın tufanı ilə yarışa çıxır və o dayananda dayanırlar, – deyə cavab verdi.

O bunu deyərək əlinə söykəndi. Onun palıdın kökləri ki­mi hörülmüş əzələləri həyat qüvvəsi ilə dolu idi.

– Sən evlisən? – deyə soruşdu.

– Bəli, evliyəm, xanımım dünya gözəlidir və mən onu sevirəm.

– Necə də böyük günah sahibisən! Axı nigah həqiqətən də kişi üçün köləlikdir. Əgər sən azad olmaq istəyirsənsə, xanımından boşan və tənha yaşa.

– Axı mənim üç övladım var. Onlardan böyüyü artıq top­la oynayır, kiçiyi isə mənasını anlamadığı sözlər kəkələyir. Bəs onlar necə olsun?

– Onlara qəbir qazmağı öyrət. Onlardan hərəsinə bir bel ver və onları tərk elə.

– Axı mən tənhalığa tab gətirə bilmərəm. Mən həyatdan ar­vadım və uşaqlarımla birlikdə zövq almağa vərdiş etmişəm və onları tərk etdiyim halda xoşbəxtliyimdən də məhrum ola bi­lə­rəm.

– Arvadın və uşaqlarınla həyat sadəcə ağ duvaq altındakı qa­ra günlərdir. Lakin əgər nigahından heç vədə imtina edə bil­mirsənsə, o zaman heç olmasa ruhların qızlarından biri ilə izdivac qur.

– Axı həqiqətdə ruhlar yoxdur. Sən nə üçün məni aldadırsan? – deyə qışqırdım.

– Ah, cavan oğlan, sən necə də səfehsən! – deyə cavab verdi. Gerçək olan ruhlardır. Ruh olmayanlar isə şübhə və qeyri-müəyyənlik dünyasına məxsusdurlar.

– Məgər ruhların qızları gözəl olur?

– Onların məlahəti itmir, gözəlliyi isə solmur.

– O zaman sözlərinin doğruluğuna əmin olmağım üçün heç olmasa onlardan birini mənə göstər.

– Əgər sən ruhların qızını görmək və ona toxunmaq iqtidarında olsaydın, sən mənim məsləhətim olmadan da belə onunla evlənərdin.

– Gözə görünməyən və toxunulması mümkün olmayan bir kəslə nigahın faydası nədir?

– Bunun faydası tədricən meydana çıxır. Nəticədə hə­ya­tın tufanı qarşısında qorxudan titrəyən canlı ölülər yoxa çıxır və onunla ayaqlaşmaq istəmirlər.

O bir anlığa üzünü yana çevirdi, daha sonra yenidən soruşdu:

– Sən hansı dinə qulluq edirsən?

– Mən Allaha inanır, Onun bütün peyğəmbərlərinə eh­ti­ram göstərir, xeyirxah əməllərə can atır və axirətə təvəkkül edi­rəm.

– Bu sözlər çoxdan deyilib. Sən sadəcə onları təkrar­la­yır­san – deyə cavab verdi. – Əslində isə sən yalnız öz ruhuna ina­nır, ona ehtiram göstərir, onu sevir və onun əbədi olmasına ümid bəsləyirsən. İnsanlar ta bineyi-qədimdən ruhlarına səcdə edib, arzu, istəklərindən asılı olaraq onu müxtəlif cür ad­lan­dı­rıb­lar. İnsanlardan bir qismi onu Vəəl, digərləri – Yupiter, üçün­cülər isə Allah deyə çağırıblar.

Daha sonra o, gülümsəyib istehza ilə əlavə etdi:

– Ən təəccüblüsü budur ki, onlar öz ruhlarına səcdə edir­lər. Əslində isə onlar üfunətli cəsədlərdən savayı bir şey deyil­dir­lər.

Bir an keçdi və mən onun sözləri barədə düşünərək on­la­rın mənasının həyatdan da qəribə, ölümdən də qorxulu, hə­qi­qət­dən də dərin olması qənaətinə gəldim.

Onun söylədikdərinin, eləcə də gizlin dəlillərinin ara­sın­da fikrimin azmaması və onu öz sirlərini açmağa sövq etmək üçün ucadan dedim:

Allah xatirinə, əgər sən doğrudan da tanrıya inanırsansa, de görüm kimsən?

– Mən özüm özümün allahıyam – deyə o cavab verdi.

– Bəs adın nədir?

– Divanə – tanrı.

– Sən harada dünyaya göz açmısan?

– Hər yerdə.

– Sən nə zaman dünyaya gəlmisən?

– Həmişə.

– Sənə müdrikliyi kim öyrədib, səni varlığın sirlərindən kim agah edib?

– Mən müdrik deyiləm, – o dedi, – çünki müdriklikdən yal­nız zəiflər istifadə edir. Mən isə güclü divanəyəm. Mən ad­dım­layıram və torpaq mənim ayaqlarım altında tərpənir, mən da­yanıram və ulduzların təntənəli yürüşü mənimlə birlikdə da­ya­nır. Mən şeytanların insanları necə araya qoyub güldüklərini çox­dan bilirəm. Mən cinlərin şahları və gecənin nəhəngləri ilə söh­bət edərək varlığın sirlərini dərk etmişəm.

– Bəs sən burada, bu boş vadidə nə edirsən? Gecələrini və gündüzlərini necə keçirirsən?

– Səhərlər mən günəşə söyür, günorta – insanlara lənətlər yağ­dırır, axşamlar – təbiəti məsxərəyə qoyur, gecələr isə ruhum qar­şısında diz çökərək, ona dualar edirəm.

– Bəs sən nə yeyir, nə içir, harada yatırsan?

– Mən – biz, vaxt və dəniz yatmırıq, – deyə o cavab verdi. – Biz insanların bədənini yeyir, onların qanını içir və onların can vermələrindən həzz alırıq!

O bu sözləri deyib qamətini düzəltdi, əllərini sinəsində çarpazladı, sonra mənim gözlərimə diqqətlə baxaraq, sakit və həzin səslə dedi:

– Xudahafiz. Mən nəhənglərin və şeytanların toplaşdığı yerə yollanıram.

Mən başımı yellədərək dedim:

– Tələsmə, səndən bir söz soruşmaq istəyirəm.

O cismini gizlədən gecə dumanının içindən cavab verdi:

– Divanə allahlar heç kəsi gözləmirlər. Xudahafiz.

Gecənin zülmət pərdəsi onu ağuşuna alıb bürüdü və mən qorxmuş, özünü itrmiş, həyəcanlaşmış halda tək qaldım.

Mən bu yerdən aralananda onun hündür qayalarda əks-səda verən səsini bir daha eşitdim:

– Xudahafiz! Xudahafiz!

Növbəti gün mən arvadımdan boşandım və ruhların qızlarından biri ilə evləndim. Daha sonra mən uşaqlardan hər birinə bel və kürək verərək dedim:

– Gedin və ölüyə rast gələn kimi onun cəsədini torpağa tapşırın.

Həmin vaxtdan indiyə qədər mən qəbirlər qazaraq ölülələri basdırıram. Lakin onlar çox, mən isə təkəm və mənə kömək edə bilən bir kimsəm də yoxdur.



Köləlik
İnsanlar – həyatın kölələridir, həyat isə onların gündüz­lə­ri­ni rüsvayçılığa və təhqirlərə qərq edən, gecələrini göz yaşı və qanla dolduran köləlikdir.

Mənim dünyaya göz açdığım gündən yeddi min il keçsə də, mən indiyə qədər itaətkar qullardan və qolları qandallanmış əsir­lərdən savayı bir kimsə görməmişəm.

Mən bütün yer üzünü gəzmiş, Şərqdə və Qərbdə ol­mu­şam. Mən həyatın qaranlıq gecəsində və aydın səhərində sə­ya­hə­tə çıxmışam. Mən millətlərin və xalqların mağaralardan çı­xa­raq saraylar ucaltmalarının şahidi olmuşam. Lakin indiyə qədər mən yalnız ağır yük altında bükülən bellər, qandallanan əllər və büt­lərə diz çökən dizlər görmüşəm.

Mən insanın ardınca Babilistandan Parisə, Nineviyadan Nyu-Yorka qədər yol gəlmişəm. Hər yerdə qum üzərində ayaq iz­lərini müşayiət edən zəncir izlərini görmüş və meşələrlə va­di­lə­rin nəsillərlə əsrlərin iniltisinə, ahu-zarına necə səs verdiyini eşit­mişəm.

Mən saraylar, elm məbədləri və müqəddəs yerlər gör­mü­şəm. Mən taxt-taclar, xitabət kürsüləri və mehrablar qarşısında da­yanmışam. Mən hər yerdə fəhləni sahibkarın qulu, sahibkarı dö­yüşçünün qulu, döyüşçünü hökmdarın qulu, hökmdarı ka­hi­nin qulu, kahini bütün qulu, bütün isə şeytanlar tərəfindən kül­dən yapıldığını və insan kəllələrindən qalaqlanan dağın başında ucal­dıldığını görmüşəm.

Mən varlıların və güclülərin malikalənələrinə, kasıbların və zəiflərin daxmalarına girmişəm. Mən fil sümüyü və qızıl ilə bəzədilmiş otaqlarda, ümidsizlik kabuslarının məskunlaşdığı və ölü­mün nəfəsinin hiss olunduğu komalarda olmuşam. Mən sü­də­mər körpələrin ana südü ilə köləliyi necə əmdiklərini, oğ­lan­la­rın eyni zamanda elmə və itəatkarlığa necə yiyələndiklərini, qız­l­arın astarı itaətkarlıqdan və təvazökarlıqdan tikilmiş paltarı ne­cə geyindiklərini, qadınların mütilik və dözüm yatağında ne­cə yatdıqlarını görmüşəm.

İnsanların nəsli ilə mən Qanqa sahillərindən Fərat çayının sa­hillərinə, Nil boğazına, Sinay dağlarına, Afina meydanına, Ro­manın məbədlərinə, Konstantinopolun (İstanbulun) dar dön­gə­lərinə, Londonun məhəllələrinə qədər yol getmişəm. Mən şöh­rətin və əzəmətin yanında hər zaman köləliyin təntənəli ad­dım­larla yürüdüyünü görmüşəm. Mən gənc oğlanlarla qızların meh­rablarda necə qurban kəsildiklərini və köləliyin tanrı ad­lan­dı­rıldığını; köləliyin şəninə meylər içildiyini və ona sitayiş olun­duğunu, köləliyin çar elan edildiyini; bütlərə necə məd­hiy­yə oxunduğunu və onun peyğəmbər adlandırıldığını; onun qar­şı­sında necə diz çöküldüyünü və onun qanun adlandırıldığını gör­müşəm. İnsanlar köləlik uğrunda döyüşərək bir-birini qətlə ye­tirir və bunu vətənpərvərlik adlandırırlar; onlar onun qar­şı­sın­da itaət edərək onu tanrının torpaqdakı kölgəsi adlandırırlar; on­lar onun iradəsinə tabe olaraq evlərini və kəndlərini yandırır və bunu qardaşlıq və bərabərlik adlandırırlar; onlar bütün qüv­və­lərini və vaxtlarını köləliyə sərf edir və bunu var-dövlət və ti­carət adlandırırlar…

Köləliyin adları çox olsa da, mahiyyəti hər zaman ey­ni­dir. Formaca müxtəlif, lakin məzmunca dəyişməzdir. Köləlik – müx­təlif əlamətli əbədi xəstəlikdir; uşaqlar onu həyat eşqilə bir­likdə valideynlərindən alırlar; əsrlər onu bir toxum kimi növ­bəti əsrlərdə əkir və bu, ilin bir fəsilinin digər fəsilin barını-bəh­rəsini toplamasına bənzəyir.

Yolumda köləliyin qəribə və möcüzəli növlərinə rast gəl­mi­şəm. Mən Kor köləliklə də qarşılaşmışam. O, indiki həyatı keç­miş həyatla möhkəmcə bağlayaraq, insanların ruhunu qə­di­mi əcdadlarının adət-ənənələri qarşısında səcdə etməsinə məc­bur edib, onların cavan bədənlərini qocanın ruhu ilə dolduraraq on­ları çürümüş cəsədlər və küllərlə dolu, ağ boya ilə rənglən­miş sərdabəyə çevirir.

Lal köləlik. O, kişini nifrət etdiyi arvadına bağlayır, qadı­nın bədənini evlilik yatağına, ikrah hiss etdiyi ərinin yanına atır və onların hər ikisini həyat amansızlıqla tapdalayır.

Kar köləlik. O, insanı kütlənin zövqünə riayət etməyə, onun rənginə boyanmağa, ona yaraşan paltarlar geyinməyə məc­bur edir; o, onun səsini əks-sədaya, bədənini isə kölgəyə çevirir.

Topal köləlik. O, güclü insanları yalançılar qarşısında bo­yun əyməyə məcbur edir, o, onların iradəsini iddialı insanların şıl­taqlığına tabe edərək, onların əlinin bircə hərəkəti ilə işə sa­lınması, dayandırılması və ya sındırılması mümkün olan maşın­la­ra çevirir.

Çal saçlı köləlik. O, uşaqların ruhlarını buludlar üzə­rin­də­ki gizlənən yüksəkliklərdən ehtiyacın cəhalətlə, həqarətin ümid­sizliklə qonşu olduğu dərd uçurumuna yuvarladır; onlar iz­ti­rab içində boy atır, cinayətlərin ağuşunda yaşayır və əx­laq­sız­lığın girdabında dünyalarını dəyişirlər.

Riyakar köləlik. O, əşyaları, nəsnələrı dəyərinə görə qiy­mət­ləndirmir, onları yanlış adlarla çağırır; o fırıldaqçılığı – bə­si­rət, cəfəngiyyatı – üləmalıq, zəifliyi – təvazökarlıq, qorxaq­lı­ğı isə məğrurluq adlandırır.

Beli bükülmüş köləlik. O, qorxunun köməyi ilə zəif in­san­ları dillərini tərpətməyə məcbur edir və onlar hiss et­mə­dik­lə­rini sözlə ifadə edir, arzulamadıqları istəklərini bildirir və sə­fa­lətin əli ilə öz iradəsinə uyğun olaraq istədiyi tərəfə çəkib-çe­virdiyi cındır əskiyə çevrilirlər.

Qozbel köləlik. O, başqalarının qanunu ilə bir başqa xalqı idarə edir.

Qotur köləlik. O, çar övladlarını həmişə olduğu kimi taxta çıxarır.

Qara köləlik. O, cinayətkarların günahsız övladlarına rüsvayçılıq damğası vurur.

Və köləlik qarşısındakı köləlik – ətalət qüvvəsidir.
Nəsilləri izləməkdən yorulduğum, xalqların və millətlərin təntənəli yürüşünü müşahidə etməkdən usandığım an keçmişin ka­bus­larının gizləndiyi və gələcəyin ruhlarının vədələrinin gəl­mə­­sini gözləndiyi bir kölgələr vadisində tənhalığa qapandım. Ora­da isə mən, günəşi seyr edən və tək–tənha dolaşan kabus gör­düm. Mən soruşdum:

– Sən kimsən? Adın nədir?

O cavab verdi:

– Mənim adım – azadlıqdır.

– Bəs sənin oğulların hardadır? – deyə mən soruşdum.

Cavabında isə bunları eşitdim:

– Biri xaçda həlak olub. Digəri ağlını itirərək ölüb. Üçüncüsü isə hələ dünyaya gəlməyib.

Və kabus dumanda qeybə çəkildi.


Əsir hökmdar
Sakitləş, ey əsir hökmdar, zira, bu qaranlıq zindanda sə­nin çəkdiyin əzablar mənimkilərdən çox deyil. Uzan yat, ey ürək­­lərə qorxu salan, zira, yalnız çaqqallar fəlakət qarşısında əsim­-əsim titrəyirlər. Əsirlikdə belə zindana və onun gözət­çilərinə yuxarıdan aşağı baxan hökmdarlara isə bu heç yaraşmaz.

Taleyinlə barış, ey ram olunmaz, mənə bax. Axı, həyatın qul­ları arasında mən də sənin kimi əsirlikdəyəm. Yeganə fərq sə­nə yaxınlaşmağa belə cürət etməyən ruhumun bağlandığı hə­yə­canlı arzudadır.

Hər ikimiz ölkəsindən qovulmuşuq, ailəsindən və sevdik­lə­rindən ayrı salınmışıq. Gecələrin və gündüzlərin əzabları ilə ba­rış və təskinlik tap, mənim kimi, bizi özlərinin qüdrəti ilə yox, sayı ilə üstələyən zəiflərə sən də gül.

Nərilti və qışqırıqdan nə fayda, əgər insanlar kardırlarsa və heç nə eşitmirlərsə?

Səndən qabaq mən səsləmişdim onları, lakin zülmətin ka­buslarından başqa səsimə səs verən olmadı. Sənin kimi mən də on­ları öyrənmişəm və hesab edirəm ki, zəncirlənmişin qar­şı­sın­da cəsarətini nümayiş etdirən təkəbbürlü qorxaqlardan və yal­nız qəfəsə salınmışa yuxarıdan aşağı baxan zəiflərdən iba­rət­dirlər.

Ey qüdrətli hökmdar, sənin məhbəsini əhatə edənlərin üz­lə­rinə bax. Və görəcəksən ki, onların üzünün ifadəsi sənin tə­bə­ə­lərinin üzündəki ifadə ilə eynidir — burdan Saxaranın ən uc­qar guşələrinə qədər. Bir qismi dovşan kimi qorxaq, digər qis­mi tülkü kimi hiyləgər, qalanları isə ilan kimi məkrlidirlər. Fə­qət aralarında bir nəfər belə yoxdur ki, dovşanın sülhsevərliyinə, tül­künün ağlına və ilanın müdrikliyinə malik ola.

Bir gör nə gündədirlər onlar: biri donuz kimi çirklidir, amma əti yeyilməz; digəri camış kimi kobuddur, amma dərisi bir qəpiyə dəyməz; üçüncüsü eşşək kimi axmaqdır, amma iki ayaq üstə gəzir; bir başqası bədxəbərdir qarğa kimi, amma qarıldaması ilə alver edir; o birisi isə tovuz quşu kimi vüqarlı və iddialıdır, amma lələklərini borca götürüb.

Ey möhtərəm hökmdar, bax, bu saray və məbədlərə – bu dar yuvalara, orda ulduzları onlardan gizləyən naxışlı tavan­lar­la fəxr eləyən və günəşin şüalarının qarşısını alan divarların möh­­kəmliyinə sevinən insanlar yaşayır; bax, bu qaranlıq ma­ğa­ra­­lara, onların tağlarının altında gəncliyin gülləri solur, künc­lə­rin­­də isə eşq və arzuların yanar közləri küllənərək tüstüyə çev­ri­­lir; bax bu qəribə zirzəmilərə, orda körpənin nənnisi can ve­rə­nin yatağı üstündə yellənir, gəlinin taxtı isə dəfn kəcavəsinin yanındadır.

Bu kəsişən küçələrə və dar döngələrə diqqət elə, ey şanlı hökm­dar. Yolçulara təhlükə yaradan dərələrə oxşayırlar onlar, tin­lərində quldurlar pusqu qurub, içərilərində cinayətkarlar giz­lə­nib. Ziddiyyətli arzuların ölüm-dirim meydanıdır onlar, orda nəfs­lər bir-biri ilə qılıncsız döyüşür və dırnaqsız didirlər bir-bi­ri­ni. Amma yox, bu daha çox əhliləşmiş görünən vəhşi hey­van­la­rın yaşadığı dəhşət meşəsinə bənzəyir. Onun qanunları ən nə­cib­lərə deyil, ən bic və ən çeviklərə yaşamaq hüququ verir, ənə­nələrinə isə ən ləyaqətliləri deyil, ən pozğun və ən yalan­çı­la­rı varis təyin edir. Onların hakimləri sənin kimi aslan deyil, qar­tal dimdikli, kaftar pəncəli, əqrəb iynəli və qurbağa səsli xi­me­ralardır.

Canım sənə qurban olsun, ey əsir düşmüş hökmdar, gör nə vaxtdır yanında durub nitqlər söyləyirəm. Taxtdan salınmış ürə­yin xasiyyəti belədir, – o yalnız yıxılmış hökmdarların hü­zu­runda təskinlik tapa bilir; əsir düşmüş tənha ruh da belədir – özü kimiləri ilə ünsiyyətində sevinc axtarır. Söz və fikirləri ona yemək-içməyi əvəz edən bu gənci bağışla.

Görüşənədək, ey qüdrətli nəhəng, və əgər bu görüş bizə yad olan bu dünyada baş tutmasa, qoy, onda o, hökmdarların ruh­larının əzabkeşlərin ruhları ilə görüşdüyü o biri dünyada baş versin.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin