C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə13/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   ...   7   8   9   10   11   12   13   14   15

Şair
Mən bu dünyada yadam.

Mən üzücü xiffət və amansız tənhalıq adlanan qəriblikdə də tənhayam. Lakin o, məndə hər zaman ecazkar, əsrarəngiz vətənim haqqında gözəl fikirlər oyadır və röyalarımı əvvəllər məni heç də cəlb etməyən uzaq torpağımla bağlı görüntülərlə doldurur.

Mən yaxınlarım və dostlarım arasında yadam; onlardan hər hansı birinə rast gəldiyim zaman özümdən soruşuram: «Bu kimdir, mən onu haradan tanıyıram, məni ona bağlayan qanun hansıdır və mən ona nə üçün yaxınlaşmalı və söhbət etməliyəm?»

Mən ruhuma yadam və öz sözlərimi eşidən zaman qulağım səsimə heyran olur. Bəzən gizlin «mən»imin necə güldüyünü və ya ağladığını, necə cəsarətli və ya qorxaq olduğunu müşahidə edən varlığım özünə heyrət edir, ruhum isə ruhumun daha da dərinliklərinə varmağın həsrətini çəkir. Lakin mən dərk olunmamış, dumandan çəkilmiş pərdəyə bürünmüş, səssizlikdən don geyinmiş tənhalıqda çabalayıram.

Mən bədənimə yadam və hər dəfə aynaya baxarkən üzümdə ruhumun duymadığını görür, gözlərimdə isə qəlbimin gizlin güşəsində saxlanmayanı oxuyuram.

Mən şəhərin küçələri ilə addımlayıram və gənclər mənim arxamca «Kora baxın! Gəlin ona söykənə biləcəyi əsanı verək!» – deyə bağırırlar. Mən həmin yerdən qaçaraq uzaqlaşıram, lakin məni qızlar haqlayaraq, paltarımın ətəklərindən yapışıb: «O, qaya kimi kardır. Gəlin onun qulaqlarını ehtiraslı və çoşqun məhəbbətin nəğmələri ilə dolduraq!» – deyirlər. Mən onların əllərindən qurtularaq, arxama boylanmadan qaçsam da, kişilərlə toqquşuram. Onlar məni dövrəyə alaraq: «O, məzar kimi laldır. Gəlin onun dil açıb danışmasına yardımçı olaq!» deyirlər. Mən qorxudan onları tərk etməyə tələsirəm, lakin yolumun üstündə bir dəstə qocaya rast gəlirəm. Onlar titrək barmaqları ilə mənə işarə edərək: «Bu qəddar ruhların otlağında ağlını itirmiş divanədir!» – deyirlər.


Mən bu dünyada yadam.

Mən yadam və bütün dünyanı dolaşsam da, ata yurdunu tapmamış və məni tanıya bilən, mənə diqqət yetirən, məni dinləyən bir insana belə rast gəlməmişəm.

Səhər yuxudan oyanan zaman özümü tağtavanından zəhərli ilanların asıldığı, künc-bucağında isə əqrəblərin süründüyü qaranlıq mağarada əsir kimi hiss edirəm. Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür, irəlidə isə dərrakəmin hüdudlarından kənarda nəyi isə axtaran, mənə lazım olmayan şeylərdən yapışan ruhumun kölgəsi naməlum istiqamətdə sərsəmlər kimi dolaşır. Axşamlar evimə dönərkən dəvəquşu lələyi və çaqqal gavalısı tikanları ilə dolu yatağıma uzanıram və qəribə fikirlər mənə sahib çıxır; həyəcanlı, sevindirici, iztirablı və şirin arzular bir-birinin ardınca məni çuğlayır. Gecə yarısı isə mağaraların yarğanlarından çıxan keçmiş zamanların kabusları və unudulmuş millətlərin ruhları qarşımda peyda olur və biz bir-birimizə böyük maraqla baxırıq. Mən onları sorğu-suala tutur, onlar isə mənə təbəssümlə cavab verirlər. Mən onları saxlamaq üçün yerimdən sıçrayanda isə onlar tüstü kimi yoxa çıxırlar.
Mən bu dünyada yadam.

Mən yadam və dünyada mənim ruhumun dilini bilən bir insan belə yoxdur.

Mən tənha çöldə addımlayıram və vadinin içindən dağın zirvəsinə doğru qaçaraq bir-birini ötüb keçməyə çalışan çayları, bir anda yaşıl don geyinən, çiçəklənən, bar verən və yarpaqlarını tökən çılpaq ağacları görürəm. Onların budaqları torpağın üzərinə düşərək qıvrılan xallı ilanlara çevrilir. Səmaya qalxan və ildırım kimi aşağı enən, cəh-cəh vuran və məzlumcasına inildəyən və birdən yerlərində donaraq, qanadlarını açıb uzun saçlı, qədd-qamətli çılpaq qızlara çevrilən quşları görürəm. Onlar ehtirasdan sürmə çəkdikləri göz qapaqlarının altından çağırış dolu nəzərlərlə mənə baxır və onların qızılgül kimi al-qırmızı, bal dadan dodaqları mənə gülümsəyir, onlar ətirli qətran və bihur qoxan ağ zərif əllərini mənə uzadırlar sonra onların üz və bədən cizgiləri tutqunlaşır və onlar duman kimi yoxa çıxsalar da, mənə istehza ilə ünvanlanan gülüş səsləri hələ uzun müddət eşidilir.
Mən bu dünyada yadam.

Mən şairəm, mən həyatın nəsrlə yazdığını şeirlərimlə vəsf edirəm və həyatın şeirə düzdüklərini nəsrlə qələmə alıram. Çünki mən yadam və tale məni tənbeh edərək vətənimə çəkib aparana qədər yad olaraq qalacam.



Ərəb dİlİnİn

gələcəyİ
Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?

Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin indiki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar yaşasa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Belə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.

Bəs biz nəyi yaradıcı güc adlandırırıq?

Bu – milləti irəliyə aparan qətiyyətdir; zira, millətin qəlbində naməlum olana maraq, aclıq, ehtiras, ruhunda isə onun gecə və gündüz həyata keçirməyə çalışdığı arzular zənciri vardır. Hər bir halqanı qət etdikdən sonra həyat yenisini əlavə edir. Şəxslərdə bu – istedaddır, cəmiyyətdə – entuziazm. Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gizli cəhdlərini konkret aşkar formalarda həyata keçirtmək bacarığından başqa bir şey deyil. İslamaqədərki dövrdə şair bir növ müjdəçi idi. Belə ki, ərəblər nə isə yeni bir şey gözləmək vəziyyətində idilər. Bütpərəstlikdən islama keçid günlərində o, inkişaf edərək yetkinləşirdi, böyümə və yetkinlik mərhələsini yaşayırdı. Postklassik dövrdən sonra o, ikiləşdi, çünki bütün islam cəmiyyəti parçalanırdı. Şair də həmin mərəhələlərdən keçirdi, o yüksəyə qalxır, öz görkəmini dəyişir, bəzən filosof kimi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. Nə qədər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, hər şey belə idi. Bu güc zəiflədikcə şairlər – qafiyəpərdazlara, filosoflar – əzbərçilərə, həkimlər – fırıldaqçılara, astronomlar – astroloqlara çevrildilər.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların yaradıcı gücündən asılıdır. Əgər onlar xüsusi mahiyyətə və mənəvi birliyə malik olsalar və uzun sürən yuxudan sonra bu mahiyyətdə yaradıcı güc oyansa, deməli ərəb dilinin gələcəyi də keçmişi kimi möhtəşəmdir, əks halda onun gələcəyi yoxdur.



İkincisi. Avropa sivilizasiyasının və Qərb ruhunun ərəb dilinə təsiri necə ola bilər?

Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul edir və sonra çeynəyərək udur, öz mövcudluğu üçün xeyirli olan hər şeyi mənimsəyir. Necə ki, ağac da işıq, hava və torpağın elementlərini budaqlara, yarpaqlara, çiçək və meyvələrə çevirir. Amma əgər ancaq dil varsa, diş və mədə yoxdursa, onda yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü zəhərə çevrilər. Nə qədər ağaclar həyatı aldatmağa cəhd edərək, kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi solur və məhv olurlar. Atalar demişkən, «tamarzıdan al, dadanmışa ver».

Qərb ruhu – bəşər həyatının mərhələlərindən, dövrlərindən biridir. Bəşər həyatı – daim irəli gedən nəhəng bir yürüşdür. Yolda qalxan qızılı tozdan dillər, təlimlər, dövlət institutları yaranır. Yaradıcı millətlər bu yürüşə başçılıq edirlər. «Yaradıcı» isə «nüfuzlu» deməkdir. Sonda təqlid edən millətlər gedir, təqlid etmək – təsirə məruz qalmaq deməkdir. Şərq öndə gedəndə, Qərb isə geri qalanda bizim sivilizasiyamızın onun dillərinə güclü təsiri var idi. Ancaq Qərb irəli çıxdı və biz arxadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim dilimizə, həm düşüncəmizə, həm də əxlaqımıza.

Qərb xalqları keçmişdə bizim hazırladıqlarımızla qidalanır, çeynəyir, udur və öz mövcudluqları üçün bütün xeyirli şeyləri mənimsəyirdilər. İndi də Şərqin xalqları Qərbin hazırladığını yeyir, ancaq xeyirini mənimsəmirlər, yalnız qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də budur! Şərq gah dişləri tökülmüş qoca, gah da dişləri hələ çıxmamış körpə təsiri bağışlayır.

Qərb ruhu bizə həm dostdur, həm düşmən. Ona güc gəliriksə – dost, o bizə qalib gəlirsə – düşməndir. Ona ürəyimizi açırıqsa – dost, ürəyimizi ona veririksə – düşməndir. Ondan bizim üçün bütün xeyirli şeyləri götürükürsə – dost, ruhumuzu ona xoş olan hala salırıqsa – düşməndir.

Üçüncü. Müasir siyasi inkişafın ərəb ölkələrinə təsiri necədir?

Qərbdə və Şərqdə bütün yazıçı və mütəfəkkirlər bir fikirdə həmrəydirlər ki, ərəb ölkələri siyasi, inzibati və ruhi xaos vəziyyətindədirlər. Onlardan çoxu əsasən bu fikirdədirlər ki, xaos – dağılmanın və tənəzzülün səbəbidir.

Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər yorğunluqdursa, onda bu, millətin sonu və xalqın məhvi deməkdir. Yorğunluq – alatoranlıqda canvermədir, yuxuda ölümdür.

Əgər bu, həqiqətən də xaosdursa, mənim əqidəmə gö­rə, xaos həmişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə, his­siy­yatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli im­kan­la­rını aş­karlayır. Ağacları şiddətlə silkələyən tufan kimi – on­ları kö­kündən çıxartmır, yalnız qurumuş budaqları sın­dı­rır və sarı yar­paq­ları tökür. Hər dəfə hələ təbii təməlini qo­ruyub saxlamış mil­ləti xaos bürüyəndə, bu, onun fərdlərində ya­ra­dıcılıq gü­cü­nün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Dumanlılıq – hə­­yat kitabında ilk, lakin son olmayan sözdür, dumanlılıq isə xa­os halında həyatdır.

Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, daxili çəkişmələri – barışığa çevirər. Amma o, yorğunluğu coşquya, əzginliyi – hünərə çevirə bilməz. Dulusçu gildən şərab va ya sirkə üçün küp düzəldə bilər, ancaq qum və qəmbərdən heç nə düzəldə bilməz.

Dördüncü. Hər yerdəmi – ali və orta məktəblərdə tədris ərəb dilində aparılır? Bütün fənlər bu dildəmi keçilir?

Ərəb dili hər yerdə tədris dili deyil, onun daxil edildiyi məktəblər isə sırf milli xarakter daşıyır. Məktəblər xeyriyyəçi cəmiyyətlərin, konfessional komitələrin və dini missiyaların əlindən dövlətin əlinə keçməyənə qədər o, heç vaxt bütün elmlərin dilinə çevrilməyəcək.

Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək bizi yaşadır, amma həyat verməklə yanaşı həm də ölüm gətirir. Həyat verir, çünki bizim mənəvi qüvvələrimizi oyadır və ağlımızı təravətləndirir; öldürür ona görə ki, düşüncələrimizi ayırır, birliyimizi zəiflədir, ittifaqımızı pozur, icmamızı parçalayır. Belə ki, bizim böyük ölkəmiz xarakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə ərazilərinə çevrilmişdir. Hər müstəmləkə bir Qərb millətinə təhkim olunub, onun bayrağı altında yaşayır və onun şərəf və şöhrətini tərənnüm edir. Amerika məktəbində elmə yüngülcə yiyələnən gənc asanlıqla Amerikanın nümayəndəsinə çevrilir. İezuit məktəbində elmdən halı olan gənc sanki Fransanın elçisi olur. Rus məktəbinin parçasından tikilmiş köynək geyinən gənc artıq Rusiyanı təmsil edir. Və beləliklə – hər il hər məktəb öz nümayəndələrini hazırlayır. Baxış və səylər arasındakı fərqin necə önəmli rol oynamasına ən parlaq sübutu Suriyanın siyasi gələcəyinə dair mövqelərdən bilmək olar. Öz biliklərini ingilis dilində almış olanlar öz ölkəsini Amerika və ya İngiltərənin protektoratı kimi görmək istəyirlər. Fransız dillilər isə onun Fransa tərəfindən idarə olunmasını tələb edirlər. Bu dilləri bilməyən üçüncülər isə həmin dövlətləri inkar edərək öz təsəvvür və maraqlarına uyğun siyasət yürüdürlər.

Himayəsində oxuduğumuz dövlətə siyasi simpatiyamız bəlkə Şərq adamına məxsus minnətdarlıq hissinin ifadəsidir? Əgər tikinti üçün bir daş qoyarkən bütöv divarı uçururlarsa, bir çiçək bəsləyib bütün meşəni məhv edirlərsə, bir gün bizə həyat verib əsrlər boyu ölüm gətirirlərsə, hansı minnətdarlıqdan danışmaq olar?!

Qərbdə həqiqi xeyirxahlar və genişürəkli insanlar bizə göndərdikləri çörəyin içinə tikan və iynə qatmırlar. Təbii ki, onlar bizə xeyir vermək istəyirdilər, ziyan yox. Bəs onda tikan və iynələr hardandır? Bu başqa sualdır və mən onu gələn dəfəyə saxlayıram.

Belə. Əgər hər yerdə – ali və orta məktəblərdə – tədris ərəb dilində aparılsa və bütün elmlər bu dildə öyrənilsə onda bizim siyasi simpatiyamız da vahid olar və milli maraqlarımız formalaşar, çünki məhz məktəbdə simpatiyalar birləşir və maraqlar təyinləşir. Amma biz böyüyən nəsili millətin hesabına öyrədə bilməyənə qədər bu olmayacaq. Biz iki bir-birinə – biri bədənə, digəri ruha – zidd duran iki deyil, bir vətənin övladı olmayana qədər bu olmayacaq. Bizə sədəqə kimi verilən çörəyi öz evimizdə bişən çörəklə əvəz etməyə qədər bu olmayacaq. Çünki pay istəyən dilənçi pay verən xeyirxaha və himayədara diqtə edə bilməz. Özünü pay alanın vəziyyətinə qoyan verənə zid gedə bilməz. Verənin iradəsi həmişə azaddır, halbuki pay alanın azad iradəsi heç vaxt azad olmur.



Beşinci. Ərəb klassik dili müxtəlif dialektlərə üstün gəlib onları birləşdirə bilərmi?

Xalq deyimləri dəyişir və cilalanır, onların kobudluğu sürtülüb yumşalır, amma onlar məğlub deyil və heç vaxt da olmayacaq, heç olmamalıdırlar da, çünki onlar ədəbi dilin və gözəl nitqin mənbəyi.

Dillər başqa şeylər kimi daha güclünün sağ qalması qanununa tabedirlər. Dialektlərdə isə bu güc daha çoxdur və ona görə sağ qalırlar ki, onlar millətin ideyasına və ümumi mahiyyətin cəhdlərinə daha yaxındırlar. Mən sağ qalır dedim, yəni dilin bədəni ilə birləşib onun ayrılmaz hissəsinə çevriləcək. Bundan başqa, Avropa və Amerikada bir sıra istedadlı şairlər var ki, özlərinin coşqun şeirlərində, poemalarında, nəğmələrində xalq və ədəbi dili uğurla uyğunlaşdıra bilirlər. Məncə, ərəb xalq poeziyasının elə yenilikçi metonimiyaları, kəskin metaforaları, zərif və yaradıcı ifadələri vardır ki, əgər onları qəzet və jurnallarımızın səhifələrini dolduran klassik dildəki poemalarla yanaşı qoysaq odun tayasının yanında ətirli gül dəstəsinə və ya mumiya kolleksiyasının yanında oxuyub oynayan qızlar qatarına bənzəyir.

Müasir italyan dili orta əsrlərdə xalq ləhcəsi idi və yuxarı təbəqə onu bayağı adlandırırdı. Amma Dante, Petrarka və Assizili Fransisk bu dildə özlərinin ölməz poema və nəğmələrini qoşmağa başlayanda, o, italyan ədəbi dilinə çevrildi, latın isə reaksionerlərin çiyinlərində gedən tabutda çevrikən skelet olaraq qaldı. Misirin, Suriyanın, İraqın xalq ləhcəsinin əl-Məərrinin və əl-Mütənəbbinin dilindən fərqi, bayağı latınla Ovidiy və Vergilinin dilindəki fərqdən çox deyil. Kaş ki, Yaxın Şərqdə də bir böyük şəxs zühur edəydi və bu ləh­cələrdən birində elə möhtəşəm bir kitab yaradaydı ki, onun di­li ədəbi dilə çevriləydi! Lakin, mənə elə gəlir ki, ərəb öl­kər­lə­ri üçün bunun ehtimalı azdır, çünki Şərq adamları bu günə və gə­ləcəyə nisbətən keçmişə daha çox meyllidirlər. Onlar könüllü və ya könülsüz mühafizəkardırlar. Onların arasından bir böyük adam çıxanda, o da öz istedadını qədimdəkilərin keçdiyi yol­lar­la üzə çıxartmalıdır. Qədimdəkilərin yolu isə düşüncənin beşi­yin­dən qəbrəcən ən qısa yoldur.



Altıncı. Ərəb dilini diriltməyin ən yaxşı üsulu hansıdır?

Ən yaxşı üsul, daha doğrusu ərəb dilini diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir.

Şair – dilin həm atası, həm anasıdır. Dil ona tabedir: onun ardınca gedir və onunla bərabər dayanır. Şair öləndə dil onun məzarının başında ağlaya-ağlara quruyub qalır və yenə onun əlindən tutub aparacaq başqa bir şairi gözləyir.

Əgər həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kəfənini toxuyanı və qəbrini qazandır.

Mən şair deyəndə hər yaradanı nəzərdə tuturam – böyüyünü də, kiçiyini də, hər ilk kəşf edəni – güclünü də, gücsüzü də, hər ixtiraçını – görkəmlisini də, tanınmamışını da, ailə həyatı sevən hər kəsi, istər hakim olsun, istər dilənçi, zamana coşqunluğun titrəyişi ilə baxanı, istər filosof olsun, istər üzümlüyün gözətçisi.

Təqlidçi isə heç nə kəşf etməyən, yaratmayandır. O yal­nız öz mənəvi dünyasını müasirlərindən götürür, ideyaları­nın pal­tar­larını özündən əvvəlkilərin paltarlarından qopartdığı cı­rıq­lardan tikir.

Şair deyəndə mən elə torpaq şumlayanı nəzərdə tuturam ki, o, öz torpağını atasından qalma kotandan bir az da olsa fərqlənən bir kotanla şumlayır. Onun ardınca gələnlər isə bu təzə kotana təzə ad verirlər. Bağbanı nəzərdə tututram ki, o, sarı və qırmızı güllər arasında narıncı gül də becərir. Onun ardınca gələnlər isə bu yeni gülü yeni adla çağırırlar. Qonşusunun toxuduğundan fərq­lənən şəkilli bir parça toxuyan toxucunu nəzərdə tuturam. Sonra onun parçasına yeni ad verənlər tapılır. İki yelkənin üzərində üçüncü yelkən qaldıran dənizçini. Bir qapılı və bir pəncərəli evlər arasında iki qapılı və iki pəncərəli ev tikən bənnanı. Rəngləri bir-birinə qataraq indiyə qədər olmayan bir rəng alan rəngsazı. Sonra da dənizçilər, bənnalar, rəngsazlar gəlir və öz məhsullarına yeni adlar verirlər və bununla da dilin gəmisinə yeni yelkən, dilin evinə yeni pəncərə, dilin libasına yeni rəng qatmış olurlar.

Təqlidçi isə min bir karvanın keçdiyi yolla gedir, dolaşmaq, azmaq qorxusundan kənara çıxmır. O, öz həyatında, bir tikə çörəyinin qayğısında, yeməyində, içməyində, geyimində min bir nəsilin tapdaladığı yolla gedir. Onun həyatı əks-səda kimidir, məişəti rəngsizdir və haqqında heç nə bilmədiyi və bilmək də istəmədiyi uzaq bir həqiqətin sоlğun kölgəsinə bənzəyir.

Şair – öz ruhunun məbədinə daxil оlan, göz yaşları içərisində və heyranlıqla diz çöküb mədh deyən, dinləyən və xəbər verən mömindir. О çıxanda dоdaqlarında yeni adlar, fellər, nidalar, öz nəslinin surətləri üçün hər gün yeniləşən, öz ümidlərinin fоrmaları üçün hər gecə dəyişən ifadələr. Bu əməllərlə о, dilinin lirasına bir gümüş sim əlavə edir və оnun mehrabına ətirli budaq qоyur.

Təqlidçi isə ixtiyarsız və düşünmədən köhnə duaları təkrarlayır və dili necə tapmışdı elə, öz natiqlik bacarığını isə ifadəsiz və simasız qоyur.

Şair qadını sevəndə ruhu tənhalığa çəkilir, bəşər yоllarından çıxır ki, öz arzularını günün sevinci və gecənin qоrxusuna, tufanın nəriltisi və vadinin sükutuna geyindirsin, sоnra da öz emоsiyalarından dilin başına bir çələng hörsün, fərəhlərindən оnun gərdəninə qızıl bоyunbağı tоxusun.

Təqlidçi isə sevgidə də, sevginin mövzusunu tərənnüm edəndə də eynidir. Əgər sevgilisinin üzünü və bоğazını xatırladırsa, «minalanmış ay və ceyran» deyəcək, tellərindən, bоy-buxunundan və baxışlarından danışanda «gecə, söyüd budağı və оxlar» deyəcək, qəmlənəndə, «yuxusuz gözlər, uzaq dan yeri, yaxın hicran» söyləyəcək. Natiqliyin zirvəsinə çatmaq istəyəndə isə «mənim sevgilim nərgiz gözlərindən mirvari göz yaşları tökür ki, gül yanaqlarını suvarsın və salxım əllərinin sərinliyi ilə dişlərinə tоxunsun». Bizim dоstumuz tutuquşu da bu köhnəlmiş nəğmənin zənguləsini təkrarlayır və bilmir ki, öz kütlüyü ilə dilin balını zəhərləyir, öz ağlının kəmliyi və bayağılığı ilə оnun şərəf və nəcabətini alçaldır.

Mən artıq ixtiraçı-yaradanın gətirdiyi xeyir və bəhər­si­zin verdiyi zərərdən danışdım, amma həyatını lüğətlər, bö­yük məlumat kitabları tərtib etməyə, dilin akademiyasının təş­­kilinə həsr edənləri xatırlatmadım. Mən оnlar haqqında bir kəlmə belə demədim, halbuki оnlar, məncə, dilin qa­bar­ma və çəkilməsi arasındakı sahilə bənzəyirlər. Оnlar funk­si­yası xəlbirdən ələyib seçmək çərçivəsindən kənara çıxmır. Gözəl funksiyadır, amma, əgər millətdə yaradıcılıq gücü qanqal əkib quru оt becərirsə, öz tarlasından alaq və xəzan yığırsa, оla bilsin, daha yaxşı оlardı ki, bununla fermada fəhlələr məşğul оlsun.

Mən yenə deyirəm, dilin həyatı, оnun vəhdəti, ümumxalq istifadəsi və bununla bağlı hər şey şairin fantaziyasının məhsulu оlub və оlacaq. Bəs bizdə şair varmı? Var. Bizim şairimz var. Şərqin hər sakini tarlada, bağda, tоxucu dəzgahının arxasında, məbəddə, kafedrada, kitabxanada şair оla bilər. Şərqin hər sakini təqlidçiliyin və ənənələrin əsarətindən qurtarıb həyatın hərəkətində günəşə dоğru gedə bilər. Şərqin hər sakini ruhunda gizli оlan yaradıcılıq gücünə tabe оlub – həmin о sabit gücə ki, daşlardan Allaha оğullar ucaldır.

İstedadla nişanələnən şair və nasirlərə deyirəm: öz xe­yi­ri­niz adına qabaqda gedənlərin izi ilə getməyin. Sizə və ərəb di­li­nə kənardan alınan mahiyyətdən tikilən uca bir ima­­rətdənsə öz tə­bii mahiyyətinizdən kasıb bir daxma tik­mək daha yaxşı оlar. Ru­hunuzun qüvvəsi ilə elegiyalardan, məd­hiyyə və tərifçi­lik­dən çəkinin. Sizə və ərəb dilinə öz qəlbinizi büt və müqəvva­la­rın qa­ba­ğında xоş ətir saçmaq üçün yandırmaqdansa, etina­sız­lıq­ içində unu­du­laraq ölmək daha yaxşıdır. Öz mil­li qürurunuzda Şərq həyatını heyranedici kədər və se­vincləri ilə təsvir edin. Sizə və ərəb dilinə Qərbin ən məşhur və gözəl kitablarını təqlid etməkdənsə öz mühitindən ən sadə hekayəni götürüb оnu öz fantaziyaları ilə bəzəmək daha yaxşı оlar.

Mİllətlər

və onların mahİyyətİ
Millət – xarakterinə, zövq və baxışlarına görə fərqli olan, amma öz aralarında dərin, möhkəm və hərtərəfli mənəvi tellərlə bağlanan insanlar toplusudur.

Dini mənsubiyyət bu əlaqələndirici zəncirin halqa­la­rın­dan biridir; milli bağlar bəzi Şərq ölkələrində olduğu kimi çox zəif deyillərsə, inamdakı fərqlər onları qıra bilməz.

Ortaq dili millətin birləşdirici əsası hesab etmək olar­dı, amma bir çox faktlar vardır ki, eyni dildə danışsalar da, si­yasətdə, idarəçilikdə, ictimai baxışlardakı ziddiyyət onları ayırır.

Bu əlaqənin dayaqları ilk növbədə qan qohumluğu olsa da, tarixdə çoxlu misallar göstərmək olar ki, müəyyən bir qol tayfadan ayrıldıqdan sonra qarşıdurma və nifrət yaranır ki, bu da məhvə aparır.

Fərz etmək olardı ki, bu birlik maddi maraq üzərində qurula bilər, amma o qədər xalqlar var ki, maddi maraqlar onların arasında rəqabət və düşmənçəlikdən başqa bir şey yaratmayıb.

Onda bəs bu ictimai əlaqələr nədir və millətlərin pöhrələri hansı zəmində yetişir?

Milli birlik haqqında mənim öz fikrim var. Ola bilsin ki, bəzi filosoflar bunu qeyri-adi saysınlar. Belə ki, mənim mühakimələrimin və nəticələrimin məğzinə nüfuz etmək asan deyil.

Mənim nöqteyi-nəzərim bundan ibarətdir. Hər bir xalq öz əsasına və təbiətinə görə ayrıca insanın mahiyyəti ilə uy­ğun olan ümumi mahiyyətə malikdir. Bununla belə, bu ağac susuz, torpaqsız, işıqsız, istisiz yaşaya bilmədiyi kimi, bu ümumi mahiyyət də öz mövcudluğu üçün qidanı fərd­lər­dən alır. Eyni zamanda, bu mahiyyətin məxsusi həyatı, əla­hid­də iradəsi vardır və o, xalqdan asılı deyil. Ayrıca adamın ma­hiyyətinin nə vaxt yetişdiyini müəyyənləşdirmək çətin ol­du­ğu kimi, ümumi mahiyyətin də yaranma tarixini mü­əy­yən­ləşdirmək çətindir. Hər halda mən düşünürəm ki, mə­sə­lən, misirli mahiyyəti Nil sahillərində ilk dövlətin meydana gəl­məsindən təqribən 500 il əvvəl formalaşmışdır. Misir öz ic­timai dayaqlarını, dinini və incəsənətini bu ümumi ma­hiy­yətdən əxz etmişdir. Misir haqqında deyilənlər Assuriyaya, Persiyaya, Yunanıstana, Romaya, ərəblərə və orta əsrlərin sonlarında formalaşmış müasir millətlərə də aiddir.

Mən dedim ki, ümumi mahiyyətin öz xüsusi həyatı var. Bəli, bu belədir. Əgər hər bir canlının öz dövrü vardırsa, ümumi mahiyyətin də qabaqcadan müəyyənləşmiş zəruri hüdudu vardır. Hər bir insanın varlığı uşaqlıq, gənclik, yetkinlik və qocalıqdan keçir. Ümumi mahiyyət də həmin pillələri keçir: yuxunun gözəl örpəyini qaldıran sübh şəfəqindən günəşin qızmarında işləməyə, ondan da yorğunluqdan yoğrulan axşam məşğuliyyətinə, bunlardan da gecə mürgüsünə və nəhayət, dərin sükuta.

Belə ki, ellin mahiyyəti miladdan əvvəl onuncu əsrdə oyandı, eramızdan əvvəl beşinci əsrdə inamla addımlamağa başladı. Xristianlıq dövründə isə ayaqüstü yuxulardan bezən mahiyyət nəhayətsiz xəyalların ağuşunda yatmaq üçün əbədiyyət yatağına endi.

Ərəb mahiyyəti islamdan 3 əsr əvvəl formalaşmış və öz fərdi varlığını dərk etmiş olsa da, ancaq Məhəmməd peyğəmbərlə doğuldu və qarşısındakı maneələri qasırğa kimi dəf edən möhtəşəm bir əzəmətlə yüksəldi.

Abbasilər dövründən başlayaraq isə bu mahiyyət Hindistandan Əndəlusa qədər saysız-hesabsız sütunlar üzərində qərar tutan taxt-taca sahib oldu. O, öz qürub çağında Şərqdən Qərbə doğru genişlənən monqol mahiy­yə­ti­nin təsirinə qapılaraq gümrahlığını itirdi və yuxuya getdi; amma yuxu çox sayıq oldu. Mümkündür ki, o, ruhunun gizli məqamlarının təzahürü ilə yenidən oyanacaq. Necə ki, italyan İntibahı dövründə Roma mahiyyəti yenidən dirçəlmişdi. Venesiyada, Florensiyada, Milanda tənəzzül zamanının başlanğıcında german xalqlarının istilasına qədər o, öz fəaliyyətini tamamlamış oldu.

Tarixdə ən heyrətamiz mahiyyət – fransız mahiyyətdir. O, iki min il gün işığında mövcud olmuş və hələ də öz çiçəklənmə dövründədir; bu gün o, öz tarixinin daha incə təfəkkürə, daha kəskin baxışa, daha mükəmməl elm və sənətə malik olan mərhələsindədir.

Roden, Karrier, Püvi de Şavann, Hüqo, Renan, de Sa­si, Sen Simon; onlar hamısı XIX əsrdə yaşayırdılar və ha­mı­sı dünyanın böyük sənətkarları, alimləri, xəyal­pərəst­lə­ri idi­lər. Bu, onu sübut edir ki, bəzi ümumi mahiyyətlər baş­qa­la­rı­­na nisbətən daha uzunömürlü olurlar. Misir mahiyyəti 3 min il, ellin mahiyyəti isə min ildən də az yaşadı. Müm­kün­dür ki, ayrı-ayrı adamların uzunömürlü­lü­yü və həyatdan er­kən getməsinin səbəbi olduğu kimi, bunun da bir səbəbi vardır.

Hər halda ümumi mahiyyətlər varlıq səhnəsində öz rolunu oynadıqdan sonra nə baş verir? Onlar da öz növbəsində sonrakı nəsillərə xatirələrdən başqa heç nə buraxmadan ölüb gedirlərmi? Sanki heç vaxt belə bir mahiyyət olmamışdır?!

Mən əminəm ki, ruhani təbiət zahirən dəyişsə də, tamamilə itmir və heçliyə çevrilə bilməz. Maddi təbiət kimi o da bir formadan başqasına, bir növdən digərinə keçərək dəyişilir, amma onu təşkil edən hissələr, atomlar saxlanılır. Millətin ümumi mahiyyəti yata bilər, amma öz toxumlarını torpağa tapşırmış çiçəklərin yuxusu ilə! Onların ətri isə əbədiyyət dünyasına yüksələcəkdir. Mən düşünürəm ki, çiçəyin ətri millətin ətri kimi mütləq substansiya, mücərrəd həqiqətdir. Fivin, Babilin, Nineviyanın, Afinanın, Bağdadın ətri indi də Yeri əhatə edən efir təbəqəsində mövcuddur. Üstəlik, o, bizim hər birimizin və hamımızın – ümumi mahiyyət varislərinin qəlbinin dərinliyində mövcuddur.

Lakin bu irs elə yüksəkdir ki, hələ öz xüsusi həyatı ilə yaşayan və öz məxsusi iradəsi olan bir mahiyyətin təməlini qoyan millət formalaşmadan o, bu millətə aid ayrıca adamlardakı hissi formaları qəbul etmir.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin