ÇAĞDAŞ folklor: problemləR, perspektiVLƏr baki – 2015 TƏRTİBÇİ: Nuridə muxtarzadə



Yüklə 1,27 Mb.
səhifə7/13
tarix21.04.2017
ölçüsü1,27 Mb.
#14969
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Tahir Orucov

TƏSƏVVÜF: DİNİ-FƏLSƏFİ DÜNYAGÖRÜŞÜ

VƏ FƏLSƏFİ ASPEKT


(F.Bayat. Türk təkkə (Təsəvvüf) ədəbiyyatı.

Bakı: Elm və təhsil, 2011, 440 səh.)


Həyatda hər bir insanın öz dəyəri, öz qiyməti var. Bu dəyərin isə meyarları müxtəlifdir: şəxsi insani keyfiyyətlər, dünyagörüşü, elmi potensial, mədəni səviyyə, əqidə dəyişməzliyi, sözübütövlük, dostluq, yol yoldaşlığı və s. Belə meyarlarla insana qiymət vermək, onu tam, mütləq olaraq qiymətləndirmək, olduğu kimi dəyərləndirmək o qədər də asan deyil. Çünki bəzən hansısa insani keyfiyyətlərinə önəm verdiyin, xarakterini yüksək qiymətləndirdiyin bir insanın müəyyən məqamlarda elə bir xoşagəlməz cəhətini müşahidə edirsən ki, onun haqqında fikirlərin tamamilə dəyişir. Adama elə gəlir ki, sanki onu bu vaxta qədər heç tanımamısan. Və yaxud əksinə, yaxşı olmayan adam kimi tanıdığın bir insanın elə bir insani cəhətini görürsən ki, fikirlərində nə qədər yanıldığını hiss edirsən. Elə insanlar da vardır ki, onlar hər zaman Mövlanə Cəlaləddin Rumi demişkən, ya göründüyü kimi olur, ya da olduğu kimi görünürlər. Belə adamlar isə həyatın bütün dönəmlərində sabit olur və demək olar ki, dəyişmirlər. 13 ilə yaxın tanıdığım, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat yeni qəbil insanlardandır.

55 illik ömrünün, təxminən, 30 ilini folklora, ədəbiyyata, elmə həsr edən Füzuli Bayat Azərbaycanın, eləcə də Türkiyənin elmi dairələrində yaxşı tanınan özünəməxsus üslubu, yazı manerası olan dəyərli elm xadimlərimizdəndir. O, həm Azərbaycan, həm də Türk xalqları folklorunun, eləcə də filologiyasının əksər aktual məsələlərinə və problemlərinə həsr olunmuş onlarla monoqrafiya, kitab, dərs vəsaitlərinin və eləcə də 200-ə yaxın elmi məqalənin müəllifidir. Bunlardan 60-dan çox məqalə Azərbaycanda, 70-ə yaxın məqalə xarici ölkələrdə, 30 məqalə 1998-ci ildə nəşr olunan Uşaq Ensiklopediyasında, 28 məqalə 2000-ci ildə çap edilən “Dədə Qorqud” Ensiklopediyasında, 1 məqalə isə 2002-ci ildə nəşr olunan Türklər Ensiklopediyasında dərc edilmişdir. Professor Füzuli Bayat 18 İyun 2005-ci il tarixində Hüseyn Qazi Kültür və Sənət Vəqfi tərəfindən Türk mədəniyyət və elminə Xidmət Mükafatı, 6 May 2006-cı ildə isə Türk Ocaqları Baş İdarəsi tərəfindən Prof. Dr. Osman Turan Mükafatı almışdır.

Bunlar Füzuli Bayatın geniş elmi potensialının göstəricisi olmaqla yanaşı, həm də onun bitkin bir alim kimi hərtərəfli elmi eridusiyaya malik olduğunu sübut edir. Füzuli Bayatı zəngin dünyagörüşlü bir alim, əsl bir ziyalı kimi tanımaq üçün onunla eyni institutda işləmək, onun çoxsaylı kitab və məqalələrini oxumaq o qədər də vacib deyil. Onunla bir neçə saat həmsöhbət olmaq, səfərdə, ezamiyyətdə birlikdə olmaq bəsdir ki, onun dərin təfəkkürünə, elmi potensialına və insanlığına bələd olasan. Çünki belə məqamlarda Füzuli müəllimin dar bir çərçivəyə, hər hansı bir konkret sahəyə sığmayan elmi potensialını, zəkasını duymaqla yanaşı, həm də onun insani cəhətlərini də görmək və hiss etmək olur.

Qədim yunan filosoflarından biri deyib ki, keçmiş bizim üçün boşluqlarla doludur. Gələcək isə qaranlıqdır. Yalnız “İndi” aydın görünə bilir, amma onu da qavramaq, tam şəkildə mənalandırmaq asan deyil. Bu anlamda keçmişin mövcud boşluqlarını doldurmaq, onun qaranlıq məqamlarını bərpa etmək, bununla da bu günümüzü mənalandırmaq və gələcəyimizi aydınlaşdırmaq mümkündür. Bütün bu məqsədlərin yolları isə elmdən, sənətdən, folklordan, ədəbiyyatdan keçir. İnsan yalnız bunları dərindən dərk etdikdə və bu sahədə az-çox nəsə bir iş gördükdə əsl bir vətəndaş olur, öz həyat missiyasını dərk edə bilir. Bu mənada folklor, ədəbiyyat Füzuli Bayatın yaradıcılıq fəaliyyətində, elmi axtarışlarında qırmızı xətlə keçir, onun həyat missiyasını, əməl kredosunu müəyyənləşdirir. Belə ki, onun ömür yolunda ədəbiyat və folklorun müxtəlif sahələrinin tədqiqi və araşdırılması xüsusi mərhələ təşkil edir. Füzuli müəllim öz çoxyönlü araşdırmaları və tədqiqatları ilə Azərbaycan, eləcə də Türk folklorunun, ədəbiyyatının qədim dövrlərindən başlayaraq bu günümüzə qədər irfanla, təsəvvüflə yoğrulan, bir sıra az tədqiq edilən sahələrinə yeni bir dünyagörüşü çərçivəsindən işıq salmış, bir çox vacib, eyni zamanda qaranlıq elmi mətləblərə aydınlıq gətirə bilmişdir.

Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi bitirmiş, sonra iki il hərbi xidmətdə olmuş, 1979-cu ildə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olmuşdur. O, 1984-cü ildə Azərbaycan Xarici Dillər İnstitutunu fransız dili və ingilis dili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra 1984-1987-ci illərdə İmişli rayonunun Əliqulular kənd orta məktəbində ingilis dili müəllimi işləmişdir. Füzuli Bayat 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi, 1997-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1999-cu ildən 2009-cu ilə kimi – 10 il ərzində Türkiyənin Qaziantep Universitetində çalışmışdır. Füzuli Bayat iyirmi iki monoqrafiya və yüzlərlə elmi məqalənin müəllifidir. 1990-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi işçi, 1993-1997-ci illərdə baş elmi işçi kimi çalışmışdır. Füzuli Bayat 1993-1994-cü illərdə Bakı Dövlət Universitetində dərs demiş, 1996-1999-cu illərdə isə Azərbaycan Yazıçılar Birliyi nəzdində Dədə Qorqud Ensiklopediyasının hazırlama heyətində baş redaktorun müavini olmuşdur. O, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Füzuli Bayat hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Müasir folklor” şöbəsinin müdiridir. Bu günə qədər onun Azərbaycanda və xarici ölkələrdə 34 kitabı çapdan çıxmışdır:

1. Oğuz epik ənənəsi və Oğuz Kağan dastanı. Bakı: Sabah, 1993, 195 səh.

2. Şaman əfsanələri və söyləmələri. Bakı: Yazıçı, 1993 (C. Məmmədov ilə birlikdə).

3. Zaman zaman İçində. /Türk xalqlarının nağılları.Bakı: Yazıçı, 1993, 208 səh.

4. Əlişir Nəvai haqqında rəvayətlər. Bakı, Yazıçı, 1994, 112 səh.

5. Şah Abbasın arvadı. Bakı: Yazıçı, 1996, 246 səh.

6. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı: Ağrıdağ, 1997, 101 səh.

7. X. Koroğlu: Oğuz qəhrəmanlıq eposu, Bakı: Yurd, 1999 (A.Əmrahoğlu, P. Əlioğlu, Ş. Əhmədova ilə birlikdə), 243 səh.

8. Korkut Ata. Mitolojiden gerçekliğe Dede Korkut., Ankara: KaraM, 2003, 89 səh.

9. Köroğlu. Şamandan aşıka, alptan Erene. Ankara: Akçağ, 2003, 176 səh.

10. Türk dili tarihi. Başlangıçtan günümüze kadar türk dili. Ankara: 2003, 2. Baskı, KaraM, Çorum, 2006, 323 səh.

11. Türk şaman metinleri. Efsaneler ve Memoratlar. Ankara: Piramit, 2004, 2. Nəşr, 3ok, Ankara, 2005, 307 səh.

12. Mitolojiye giriş, Çorum, KaraM, 2005, 2. Nəşr, İstanbul, Ötüken, 2007, 3. Nəşr, İstanbul, Ötüken, 2012, 144 səh.

13. Ay kültünün dini-mitolojik sisteminde türk boy adları etimolojisi, 3ok, Ankara, 2005, 173 səh.

14. Ana hatlarıyla türk şamanlığı. İstanbul: Ötüken, 2006. 2. Nəşr, İstanbul: Ötüken, İstanbul, 2009, 3. Nəşr, Ötüken İstanbul: 2013, 304 səh.

15. Oğuz destan dünyası. Oğuznamelerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü, İstanbul: Ötüken, 2006, 2. Nəşr, İstanbul: Ötüken, 2013, 358 səh.

16. Türk mitolojik sistemi. Ontolojik ve epistemolojik bağlamda türk mitolojisi, Cilt: 1, İstanbul: Ötüken, 2007, 2. Nəşr, İstanbul: Ötüken, 2012, 380 səh.

17. Türk mitolojik sistemi. Kutsal dişi – mitolojik ana. Umay paradigmasında ilkel mitolojik kategoriler – iyeler ve demonoloji. Cilt: 2, İstanbul, Ötüken, 2007, 2. Nəşr, İstanbul: Ötüken, 2012, 368 səh.

18. Eski türkçe sözlük. İstanbul: Yalın yayıncılık, 2008 (M.Esen Aliyeva ile birlikte), səh.255 səh.

19. Orta türkçe sözlük. İstanbul: Yalın Yayıncılık, 2008, 576 səh.

20. Büyük türk bilgini ve ansiklopedisti Kaşgarlı Mahmut. İstanbul: Ötüken, 2008, 183 səh.

21. Türk destancılık tarihi bağlamında Köroğlu Destanı (Türk Dünyasının Köroğlu Fenomenolojisi). İstanbul: Ötüken, 2009

22. Türk kültüründe kadın şaman. İstanbul: Ötüken, 2010, 187 səh.

23. Folklor haqqında yazılar. (Nəzəri məsələlər). Bakı: Elm və təhsil, 2010, 224 səh.

24. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011, 440 səh.

25. Dər Amadi bər Osturaşinasi (Osturaşinaseyi Torkan), (Mütərcim Kazım Abbasi). Təbriz: Yaran, 1390 (2011), 211 səh.

26. Zahirəddin Məhəmməd Babur. Baburnamə. Bakı: Avrasiya Pres, 2011

27. “Koroğlu” dastanının mənşəyi, Bakı: Elm və təhsil, 2012 (X.Bəşirli ilə birlikdə)

28. Folklor dərsləri. Bakı: Elm və təhsil, 2012, 424 səh.

29. Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri, Bakı: Elm və təhsil, 2013 (Tərcümə, giriş məqaləsi)

30. Masallı folklor örnəkləri, 1-ci kitab, Elm və təhsil, B., 2013 (Toplama, tərtib və giriş məqaləsi)

31. Masallı folklor örnəkləri, 2-ci kitab, Nurlan, B., 2013 (Toplama, tərtib və giriş məqaləsi)

32. Charles Perrault (Şarl Perro), Sadədil anamın nağılları, Nurlan, B., 2013 (Tərcümə və giriş məqaləsi)

33. Folklor və yazılı ədəbiyyat. Bakı: Elm və təhsil, 2013, 200 səh.(X.Bəşirli ilə birlikdə)

34. Kərbəla folkloru. Məhərrəmlik rituallarından Şəbih meydan tamaşalarına, Elm və təhsil, B., 2014

Bu kitablar içərisində müəllifin “Türk təkkə (təsəvvüf) ədəbiyyatı” kitabı xüsusi yer tutur. Bu kitab həm elmi sanbalı, həm də kifayət qədər böyük həcmi ilə (440 səhifə) dini-fəlsəfi dünyagörüşü hesab edilən klassik təsəvvüf elminə və Türk təkkə ədəbiyyatına qiymətli töhfə olub, bu mövzuya həm də müxtəlif fəlsəfi aspektlərdən yanaşaraq ona əlavə çalarlar və dəyər qatmış oldu. Məlumdur ki, Allah, Quran, Haqq, İmam, Peyğəmbər, İlahi vergi və s. kimi dini-təsəvvüfi ideyalar, terminlər və obrazlar sovet dövrü araşdırmalarında, demək olar ki, tədqiqatlardan kənarda qalmışdı. Milli yaddaşımızın ən dərin, bilinməz qatlarında gizlənmiş təsəvvüf ideyaları, sufiyanə-mistik dünyagörüş uzun illər idi ki, müxtəlif qadağalar, məlum tabular, yasaqlar ucbatından elmimizdən, məfkurəmizdən, həyatımızdan, demək olar ki, yox olub getmişdi. Çünki sovet dövrü tədqiqatçılarına bu məsələlərlə məşğul olmağa imkan verilmirdi. Lakin müstəqillik dövründə bu qadağalar aradan qalxdı və tədqiqatçılar bu mövzulara xüsusi diqqət yetirməyə başladılar.

Məlum həqiqətdir ki, XX yüzilin axırları, XXI yüzilin başlanğıcı türk dünyasının tarix, mədəniyyət, ədəbiyyat sahəsində bir-biri ilə qaynayıb qarışdığı, milli mənsubiyyətinə, milli kimliyinə daha çox diqqət yetirdiyi bir mərhələ oldu. Sovetlər Birliyinin dağılmasından sonra türk xalqları öz keçmis tarixi, mədəniyyəti, ədəbiyyatı ilə daha çox məşğul olmağa, onu dərindən tədqiq etməyə, onun gizli, qadağan edilmiş məqamlarını üzə çıxarmağa başladılar. Türk dünyasının ortaq keçmişinə aid milli-mədəni dəyərlərinin araşdırılması xüsusi əhəmiyyət kəsb etməyə başladı. Buna görə də bu səpkili tədqiqatlarda adı keçən məsələlərə daha böyük diqqət yetirildi.

Bu gün təsəvvüf, haqqında ən çox bəhs olunan, mübahisə edilən, fikir mübadiləsi aparılan, müsbət və ya mənfî baxımdan müzakirə mənbəyinə çevrilən belə mövzulardan biridir. Müxtəlif istiqamətlərdən baxıldığında təsəvvüf – “təkkə” və “dərgah” deyilən xüsusi məkanlarda “şeyx” adlanan mürşidlərin nəzarətində “tac” və “xirqə” deyilən xüsusi paltarlar, ney və s. kimi çalğı alətləri vasitəsilə edilən zikr və ayinə bənzər adət və mərasimlərdən, müraqibə və rabitə kimi batini hallardan və bunların xüsusiyyətlərindən bəhs edən bir elmdir. Son dövrlər təsəvvüfün həm nəzəriyyəsi, həm də praktikası aktual mövzulardan birinə çevrilmişdir. Maraqlıdır ki, təsəvvüf barədə fikir söyləyən, mühakimə yürüdənlər arasında ixtisaslı tədqiqatçılarla yanaşı, təsəvvüf haqqında səthi məlumatı olan diletant şəxslər də az deyil. Əlbəttə, insanın mənəvi aləmini zənginləşdirən, ona imanın, “İnsan” adının ucalığını anladan bu dünyagörüşün ictimai-sosial sıxıntılardan bir çıxış yolu göstərdiyini, bir könül rahatlığı verdiyini nəzərə alsaq, bu gün də təsəvvüfə təşəkkül tapdığı dövrlərdə olduğu kimi, marağın artmasını yaxşı hal kimi qiymətləndirmək olar. Lakin yenə tarixə nəzər salsaq, görərik ki, təsəvvüf məhz onu dərk etməyən, yaxud onu öz şəxsi mənafeyi üçün istifadə edən şəxslər tərəfindən təhrif edilmiş, əsl mahiyyətindən uzaqlaşdırılmışdır. Nəticədə təsəvvüf haqqında ziddiyyətli fikirlər yaranmış, onun məqsəd və mahiyyəti arxa planda qalmış, onu ya bidətçi bir təlim, ya da ortodoksal din çərçivəsindən kənara çıxmayan bir dünyagörüşü kimi təqdim etmişlər. Deyilənləri nəzərə alaraq, problem haqqında dolğun və düzgün məlumat əldə etmək üçün, zənnimizcə, təsəvvüf, ilk növbədə onun görkəmli nümayəndələrinin öz əsərləri əsasında öyrənilməlidir.

Bəzi təsəvvüf tədqiqatçılarına görə təsəvvüf – digər İslam elmlərindən fərqli olaraq, qeyb aləminə aid sirlərdən bəhs edən, fəlsəfə elmində olduğu kimi ağıl ilə gerçəkləşdirilən nəzər və müşahidə metodunun əvəzinə qəlb ilə əlaqəli kəşf və ilham metodunu mənimsəyən bir elmdir. Başqa bir təsəvvüf düşüncəsinə malik olan araşdırmaçılara görə, təsəvvüf varlıq və insan mövzusundan bəhs edən, “vəhdəti-vücud” və “vəhdəti-şühud” kimi təsəvvüf fəlsəfi problemlərlə əlaqəli bir fikir sistemidir. Digər daha məşhur təfəkkür sisteminə görə isə təsəvvüf – bir əxlaq sistemi, zikr, fikir, zöhd və nafilə ibadətləri vasitəsilə “ehsan” duyğusunu həyata keçirməyi öz qarşısında məqsəd qoyan bir dünyagörüşüdür. Bu cür dəyərləndirmələrdən hər biri, Əflatun və Mövlananın anlatdığı korların hekayəsinə oxşayır. Kor olanlara fil göstərildiyində onlar, əlləri ilə toxunduqları orqanlara görə filin tərifini vermişlər. Ancaq korların əlləri ilə hiss etdikləri orqanlara verdiyi cavablar filin tərifi üçün yetərli deyildir. Çünki bu təriflər filin tərifi olmayıb, bəzi orqanlarının tərifidir. Təsəvvüfü ifadə edən fikirlər də belədir. Bu dəyərləndirmələrdən hər biri ayrı-ayrılıqda təsəvvüf üçün əfradını cami, əğyarını mani bir tərif olmaqdan çox uzaqdır. Bütün bu təriflər bir araya gətirildiyi təqdirdə təsəvvüf meydana çıxacaqdır. Təsəvvüfün yuxarıda ifadə edilən mövzuların hər biri ilə əlaqəli olduğu isə danılmaz bir həqiqətdir (1, 8).

Təsəvvüf müstəqil bir fəlsəfi təlim olaraq ilk dəfə Bəsrədə meydana çıxmışdır. İlk öncə sufi adını alan Əbu Haşim əs-Sufidir. İlk təkyəSuriyada Rəml şəhərindəki Əbu Haşim təkyəsidir. Əbu Haşim ilə başlayan təsəvvüfi hərəkatlar qısa zamanda bir çox İslam ölkələrinə yayıldı. IX əsrdən başlayaraq təsəvvüf sistemləşmə mərhələsinə daxil oldu. Bu sistemləşmə zöhd dövrünə nisbətən böyük fərqlilikləri də özü ilə bərabər gətirdi. Bir tərəfdən təsəvvüfün prinsip, qayda və metodları müəyyənləşdirilərkən, digər tərəfdən də sufi düşüncəsinin yaşandığı müəssisələr – təkyələr qurulmağa başladı. Böyük sufi və zahidlərin yetişdiyi IX-X əsrlərdə təsəvvüflə əlaqədar bir sıra əsərlər yazılmış və beləcə sufiliyin əsasları müəyyən edilmişdir.

“Təsəvvüf” sözünü ilk dəfə istifadə edən Məruf Kərxi, təsəvvüf düşüncəsinə mərifət ünsürünü gətirən Zünnun Misri, təsəvvüfi halları incələyən ilk insan olduğu söylənən Səri əs-Sakati, zöhd və təsəvvüfə yeni meyarlar gətirən Bəyazid Bistami, Haqq uğrunda canından keçən Həllac Mənsur, Qəzalini yetişdirən və Bağdad sufilərinin mübahisəsiz ustadı qəbul edilən Cüneyd Bağdadi, Allah qorxusuna əsaslanan təqva anlayışı ilə Həsən Bəsri, ilk təkyəni quran və ilk sufi adını daşıyan zahid Əbu Haşim əs-Sufi, təsəvvüfə Allah eşqini gətirən Rəbiə əl-Ədəviyyə kimi zahid və sufilər öz dövrlərinin tanınmış simalarındandır.

Təşəkkülünü tamamlayan və sistemləşən təsəvvüf bir təlim kimi XII əsrin II yarısından başlayaraq təşkilatlanma prosesinə daxil olur. Təsəvvüfün qayda və metodlarını bəzi fərqlərlə yenidən müəyyənləşdirən mütəsəvvüflər, ümumiyyətlə, öz adları ilə tanınan təriqətlər qurdular. Təsəvvüfün daha təsirli olmasını, xalq arasında daha sürətli bir şəkildə yayılmasını təmin edən təriqətlər varlıqlarını bütün islam dünyasında günümüzə qədər qoruya bildilər. Təriqət qurucusu olan başlıca sufilər bunlar olmuşdur: Əbdülqədir Geylani (Qadirilik), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik), Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).

Bunlardan Qadirilik, Sührəvərdilik, Hürufilik, SəfəvilikXəlvətilik təriqətlərinin qurucuları və əsas şexləri mənşəcə Azərbaycan türklərindəndirlər. Həmçinin bu təriqətlərin yaranma və formalaşma arealı da Azərbaycandır. Ona görə də bir çox tədqiqatçılar haqlı olaraq bu təriqətlərin vətəni kimi başdan-başa sufilər diyarı olan Azərbaycanı göstərirlər. Təsəvvüf strukturu içində yer alan təriqətlərin hər birinin özünəməxsus ədəb və ərkanı vardır. Görünüş, qiyafə, şeyxə bağlılıq, tac (əksər halda papaq) və xirqə kimi fərqlər olmasına rəğmən, təriqətlərin bəzi ortaq istiqamətləri də vardır (19).

İslamda mistik bir cərəyan olan təsəvvüf başqa xalqların tarixində olduğu kimi, müsəlman xalqlarının həyatında da böyük rol oynamışdır. Təsəvvüfün ideya qaynağı Qurani-Kərimlə bağlı olduğu üçün bu cərəyanın meydana gəlməsinin ilkin kökləri VIII əsrin sonu IX əsrin əvvəllərinə bağlıdır. Bu dövr ərzində Məhəmməd peyğəmbərlə bağlı müxtəlif rəvayətlərin yayılması, Quranın başqa-başqa vaizlər tərəfindən fərqli oxunması təsəvvüf əhli adı altında daha qatı, daha mömin bir qurumun yetişməsi üçün şərait yaratdı. Bunlar sufi adlanmağa başladılar.

Təsəvvüfün təqdim etdiyi modelə görə vahiddən ayrılma, yenidən ilkin başlanğıcına dönmə və ona qoşulmaq ideyası əsas götürülürdü. Təsəvvüf əhlinin fikrinə görə, bu ayrılma və qoşulma (nüzül və involyusiya) mərhələsində olan an kəsrəfdən vəhdətə gedən yol maddilikdən mənəviliyə gedən yoldur. Rasionistlər belə hesab edirlər ki, ancaq məntiq gücünə arxalanaraq mütləq həqiqətə çatmaq olar. Bunların əksinə isə mistiklər (sufilər) belə hesab edirdilər ki, bu aləmdən ayrılmaqla yalnız duyğu vasitəsilə mütləq həqiqətə qovuşmaq mümkündür. Bu baxışlara görə ilkin sufilərlə vaizlər birləşirdilər. Böyük macar alimi Tordisyerə görə, hicrətin ilkin çağlarında iki amil özünü ən əsas göstərirdi. Bunlardan birincisi ibadət amili idi ki, bu da özünü beş dəfə məcburi namazın sufi alimləri ilə (zikrlə) tədricən əvəz etməsində (tənəzüx), ikinci amil əxlaq amili idi və bu möminlərin Allaha arxayın olmasının (Allaha təvəkkülün) tamamilə passiv itaətkarlıqla əvəz olunmasından istifadə edilirdi.

Təsəvvüf həm də İslamın ruhi həyat tərzi və İslam Peyğəmbərinin mənəvi hakimiyyətinin gerçəkləşmiş və günümüzə qədər yayılaraq gəlmiş formasıdır. “Mənəvi hakimiyyət“ sözündəki məqsəd, Hz.Peyğəmbərin “üsveyi-həsənə” şəklində ifadə edilən nümunəvi şəxsiyyətidir. Məlum olduğu kimi, Hz. Peyğəmbər siyasi, elmi və mənəvi hakimiyyəti öz şəxsiyyətində birləşdirmişdir.

M.Hacıyeva və M.Rıhtımın ”Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü” kitabında təsəvvüf haqqında belə məlumat verilir:” Təsəvvüf (Tasavvuf): Sufilik məsləki. Sərqdə dini, ictimai-fəlsəfi cərəyanlardan biri. Sufi və mütəsəvvüflərin Haqqa çatma yollarına verdikləri ad. Təsəvvüf islam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi-dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq dəyərləndirilmişdir. Bəşəriyyət tarixi ilə birlikdə düşünə biləcəyimiz mövzulardan biri də, şübhəsiz, özündə ilahi bilgi və sirlərin olduğu mistik düşüncədir. Gizlilik anlamını ehtiva edən latın mənşəli bu kəlmə tədricən fəlsəfi və dini mahiyyət almışdır. Müəyyən mənada gizlilik əsasına dayanan mistisizmdə maddiliyə qarşı ruhani (zöhd) və seyri-sülük kimi təcrübi bir sıra hallar olduğu görünür.

Mistik təcrübənin və mistik anlayışın islam, xristian və iudizm dünyası, yunan düşüncəsi, brahmanizm, buddizm və manixeizmdən fərqli inikasları olduğu söylənilir. «Sufi» və «təsəvvüf» kəlməsinin hansı kökdən törəmiş olduğu məsələsi ilə əlaqədar tədqiqatçılar müxtəlif mülahizələr söyləmişlər. Təsəvvüf kəlməsinin saflıq, duruluq, bərraqlıq anlamına gələn «safv» kökündən, «bəni-suffə» qəbiləsindən, «suffə» əshabından, bir çöl bitkisi olan «sufanə»dən və yun anlamına gələn ərəbcə «suf» kökündən, yunanca hikmət anlamına gələn «sophia»dan törədiyi irəli sürülmüşdür. Bu mövzudakı ümumi qənaət kəlmənin «yun» anlamındakı «suf» kökündən törədiyidir və Seyid Yəhya da bunu qəbul edir. Peyğəmbərlərin və zöhd əhlinin qürur və mənəmliyin nişanəsi sayılan yumşaq ipək paltarlar yerinə, əksəriyyətlə yundan tikilmiş cod paltarlar geymələri zöhd və təqva nişanəsi olaraq dəyərləndirilmişdir. Bu anlayış tabiin və onları təqib edən nəsillər tərəfindən da davam etdirilmişdir.

Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı “Quran” və hədislərdir. İslam mistisizmi deyə biləcəyimiz təsəvvüfün Hz. Peyğəmbər (s.a.v.) dövründə adı olmasa da, məzmunu mövcüd olmuşdur. Çünki “Quran”da haqqında bəhs olunan təqva, zikr, tövbə, riza kimi qəlbə aid əməllərin necə gerçəkləşəcəyini “Quran” və şəriətdən alıb, tətbiqi olaraq öyrədən zahidlərdir, sufilərdir. Təsəvvüfün Hz. Məhəmməd (s.a.v.) və səhabələr zamanındakı adı zöhddür. Axirəti dünyadan daha üstün tutmağa, maddə və əşyaya qarşı hal nümayiş etdirməyə islam təsəvvüfündə zöhd deyilmişdir. Bəzi sufilər zöhdü, lüzumlu olanı, dünyanı və pulu tərk etmək, əldə olmayan şeyin könüldə də olmaması, azlıq, xəlvət və aclıq olaraq ifadə etmişlər. Zöhd təsəvvüfün təməlidir, ibadət isə zöhdün təbii bir nəticəsidir. İbadətlərin məqsədi nəfsi tənzimləyərək Allaha yaxınlaşmaqdır. Təsəvvüf ilə zöhd arasındakı münasibət də bu baxımdan önəmlidir. Belə ki, zöhddə qorxu, təsəvvüfdə eşq ünsürünün aparıcı mövqedə olması görünür.

Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx şəkildə bağlı, tamamilə şəriətə müvafiq təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini–ifratçı sufi anlayışları da islam dünyasında olduqca geniş yayılmışdır. Bunların bir çoxunda başqa din və fəlsəfələrin təsirlərini müxtəlif dərəcələrdə görmək mümkündür.

Təsəvvüf müstəqil bir fəlsəfi təlim olaraq ilk dəfə Bəsrədə zühur etmişdir. İlk öncə sufi adını alan Bu Haşim əs–Sufidir (v.150/767). İlk təkkə də Suriyada Rəml şəhərindəki Əbu Haşim təkkəsidir. Əbu Haşim ilə başlayan təsəvvüfi hərəkatlar qısa zamanda digər islam ölkələrinə də yayıldı. İslamın ilk illərindən etibarən sufilik Azərbaycanda mövcud olmuşdur. Əvvəla, Hz. Məhəmməd (s.a.v.) dövründə yaşamış təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə malik bir şəxs olan Veysəl Qaraninin (v.657) qəbrinin bəzi mənbələrdə Azərbaycan ərazisində olduğu söylənilir.

«Kitabi-Dədə Qorqud» dastanında Burla Xatunun Salur Qazana söylədiyi:

Quru quru çaylara su saldım,

Qara donlu dərvişlərə nəzir verdim –

misralarında olduğu kimi ən qədim ədəbi mətnlərimizdə də sufilərdən bəhs edildiyi məlumdur. Hər yerdə rast gəlinən, əsrlər keçdiyi halda adı-sanı unudulsa da, yaddaşlarda qalan və böyük hörmətə layiq olan minlərlə «pir» qəbri və məqamı da Azərbaycanda islamın inkişafında sufilərin mövqeyini göstərən ən böyük dəlillərdir.

IX əsrdən başlayaraq təsəvvüf sistemləşmə mərhələsinə daxil oldu. Bu sistemləşmə zöhd dövrünə nisbətən böyük fərqlilikləri də özü ilə bərabər gətirdi. Bir tərəfdən, təsəvvüfün prinsip, qayda və metodları müəyyənləşdirilərkən, digər tərəfdən də, sufi düşüncəsinin yaşandığı müəssisələr (təkkələr) qurulmağa başlandı. İlk təriqətin ortaya çıxdığı VI/XII əsrə qədər olan bu dövrdə təsəvvüf geniş ölçüdə təcrübəyə əsaslanan, nəzəriyyələrə çox yer verməyən, sadə, lakin dərin və anlamlı bir mənəvi həyat tərzi olaraq dəyərləndirilə bilər. Bəyazid Bistami, Cüneyd Bağdadi kimi zöhd dövrünün məşhur sufilərinin yaratdığı anlayışın bu dövrdə Qəzali tərəfindən sistemləşdirildiyini görürük. Qəzalinin fikri həyatının formalaşmasında üç ünsürün önəmli təsiri olmuşdur. Bunlar filosofları küfrdə, batiniliyi haqq yolundan azmada ittiham etməklə, fəqihlər və kəlamçıları da mistik ünsürlərə yer verməmələri səbəbi ilə tənqid etmişdirlər. Qəzali məzhəb çəkişmələrinin yaşandığı bir mühitdə kəlam, fiqh və təsəvvüf tərkibi ilə sünni sufiliyini sistemləşdirməyə çalışmışdır.

Qəzalidən sonra yetişən və Qəzalinin kəlam, fiqh və təsəvvüfü birləşdirməsinin müqabilində təsəvvüfü fəlsəfə ilə birləşdirərək fəlsəfi təsəvvüfü quran ibn Ərəbi də təsəvvüf tarixində önəmli bir şəxsiyyətdir. Görüşləri və izahları bir çox tənqidlərə məruz qalan ibn Ərəbinin düşüncə sisteminin əsası vəhdəti-vücuda dayanır. Bu düşüncəsini insan, eşq və həqiqəti – Məhəmmədiyyə ilə kamilləşdirən ibn Ərəbiyə görə Allahın tanınması mövzusuna ağıl və fəlsəfə kifayət deyildir, Allahı tanımanın əsl rəhbəri eşqdir. İbn Ərəbinin vəhdət anlayışı əsrlərlə davam edən təsəvvüfi ənənənin də təməlini qoymuşdur. Varlıq anlayışı təsəvvüfün xaricindəki münasibətlərdə, hər şeyin öz varlığı ilə qaim olması, maddə olması və bunu da Allahın yaratması əsasına dayanmaqdadır. Təsəvvüfün varlıq anlayışında isə ibn Ərəbinin təmsil etdiyi görüş baxımından həqiqətdə mövcud olan heç bir şeyin əslində mövcud olmadığı, Allahın mövcud olan maddələrdə adları və sifətləri ilə təcəlli etdiyi, yəni cəmal və cəlal sifətlərinin göründüyü əsas olaraq qəbul edilmişdir. İbn Ərəbinin bu görüşləri ilə razılaşmayan bəzi mütəsəvvüflərə görə isə, həqiqətdə var kimi görünən maddələr əslində yoxdur. Bunların hamısı Allahın o maddədə təcəllisindən ibarətdir. Zahidlər və sufilər dövründə yazılmış müxtəlif risalə və kitablarda bu cür görüşlərin mübahisə doğurduğu («Fütühatül-Məkkiyyə», «Füsüsül– hikəm», «Varifül–məarif», «Məntiqut–teyr», «Məsnəvi» və s.) və bu əsərlərin təsəvvüfün inkişaf prosesində müəyyən bir boşluğu doldurduğu söylənilə bilər. İbn Ərəbinin varlıq fəlsəfəsinin təsiri Seyid Yəhyada və daha sonra gələn xəlvəti şeyxlərində açıqca görülür. S.Yəhya «Rümuz əl-işarət» əsərində «Nə deyim ki, hər şey özüdür. Əvvəl və axır dönən iki nöqtədir. Vücudun hər iki dairəsi dönər.

Varlığının əvvəli yoxdur, yoxluq onda görülməz. Onun zatının pərdəsi Onun sifətidir. Onun sifətinin pərdəsi Onun əfalıdır» – deyərək vəhdəti-vücud düşüncəsinə sahib olduğunu ifadə etmişdir” (4, 319-320).

Məlumdur ki, İslam dininin banisi Məhəmməd peyğəmbər 632-ci ildə Mədinədə vəfat etdi. Bundan sonra Ərəb dövlətinə rəhbərliyi Məhəmmədin əmisi oğlu və qızı Fatimənin əri Həzrət Əli və ya peyğəmbərin qayınatası (Aişənin atası), qüdrətli sərkərdə, Məhəmmədin inanılmış silahdaşı Əbubəkr öz üzərlərinə götürməliydilər. Birinci xəlifə, yəni başçı, rəhbər Əbubəkr oldu və iki il (632-634) hakimiyyətdə qaldı, İraq və Suriyanı istila etdi. Əli tərəfdarları olan şiələr (şieyi-Əli) bundan narazı qaldılar və öz başçılarını hakimiyyətə gətirmək üçün yollar axtarıb, məqam gözləyir, üsullar fikirləşirdilər.

Əbubəkrdən sonra Ömər 634-644-cü illərdə (10 il) və Osman 644-656-ci illərdə (5 il) xilafətə rəhbərlik etdilər. Xəlifə Osmanın 656-cı ildə qətlindən sonra Həzrət Əli hakimiyyətə gəlib dördüncü xəlifə və şiələrin birinci imamı oldu. Beş ildən sonra – 661-ci ildə Həzrət Əli də xəyanət nəticəsində dünyasını dəyişdi və onun öldürülməsi ilə islam xilafətinin Hz. peyğəmbərdən sonrakı seçkili, demokratik dövrünə son qoyuldu. Əli ibn Əbu Talibin öldürülməsindən sonra onun böyük oğlu- Məhəmməd peyğəmbərin nəvəsi imam Həsən xəlifə elan edildi. Müaviyyə külli miqdarda pul verib, fitnə ilə hakimiyyəti imam Həsəndən aldı, ancaq bunun əvəzində oğlu Yezidin xəlifə elan olunmayacağı haqqında Müaviyədən söz aldı. Lakin az sonra Müaviyə bu anlaşmanı pozaraq sağlığında Yezidi öz yerinə xəlifə təyin etdi və imam Həsəni də zəhərlətdirib öldürtdü. Müaviyə xilafətin paytaxtını da Mədinədən Suriyanın Dəməşq (Şam) şəhərinə köçürtdü. Bu qərarla o, şiələrə sarsıdıcı zərbə vurdu, çünki Əlinin tərəfdarları bilavasitə Mədinədə cəmləşmişdilər. On doqquz ilə yaxın xəlifəlik edən Müaviyə öz sağlığında oğlu Yezidi özünə varis elan etdi.

Şiələrin ikinci imamı Həsən öldürüldükdən sonra imam Hüseyn 669-cu ildə Kufədən Mədinəyə döndü və Ələvilərin başçısı oldu. Ancaq o, uzun müddət siyasi səhnədə görünmədi və heç bir ciddi əhəmiyyətə malik olan qərarı və ya addımı ilə fərqlənmədi. 680-ci ildə xəlifə Müaviyənin ölümü ilə əlaqədar İraqda Əməvilər əleyhinə siyasi çıxışlar güclənir. Bu zaman Kufə şiələri özlərinin üçüncü imamları kimi qəbul etdikləri Həzrət Hüseyni yeni xəlifə elan edirlər və onu xəlifə Müaviyənin oğlu Yezidə qarşı üsyana başçı olmaqdan ötrü geri çağırırlar.

Bu dövrdə imam Həsənin kiçik qardaşı olan imam Hüseyn Mədinədə bir növ sürgündə yaşayırdı. Şiələr arasında böyük hörmət və izzət sahibi olan Hüseyni onlar dəfələrlə Kufəyə dəvət etmişdilər ki, qüvvələri birləşdirib onu hakimiyyətə gətirsinlər. Nəhayət, İmam Hüseyn buna razılıq verir və o, öz əmisi oğlu Müslimi üsyanı təşkil etmək üçün əvvəlcədən Kufəyə göndərir. Minlərlə Kufə sakini imam Hüseynə biət (onun hakimiyyətini qəbul etmək) etdiyini bildirdiyindən Müslim sevinir və bu haqda imam Hüseyni məktubla məlumatlandırır. Lakin kufəlilərin üsyanı hələ qızışmamış yatırdılır, Müslim tutularaq 680-ci ilin sentyabrında qətlə yetirilir. Həzrət Hüseynin bundan xəbəri olmur. Çünki o, artıq Mədinədən çıxıb Kufəyə tərəf yollanmışdı. Bu səfərdə onu yalnız kiçik bir dəstə müşayət edirdi. Ağır, faciəvi xəbərlər imam Hüseynə yolun yarısında çatır. Lakin Həzrət Hüseyn qorxub geri qayıtmir. Elə bu vaxt Kufənin təzə hakimi Ubaydullah Hicazdan İraqa gedən yolların üstünə döyüşçü dəstələri düzdürür. Məhz onlardan biri imam Hüseyni Kufəyə gedərkən Kərbəla yaxınlığında mühasirəyə alır və onların Kufəyə gedən yolunu kəsir. Naəlac qalan İmam Hüseyn öz ailə üzvlərindən və yaxın qohumlarından ibarət 72 nəfərlik (40 piyada, 32 atlı) dəstəsilə Kərbəla çölündə məskunlaşdı. O, Yezidin hüzuruna gedib ona biət (hakimiyyətini qəbul etmək) təklifini rədd etdi. Bir neçə gündən sonra Ömərin komandanlığı altında dörd min döyüşçüdən ibarət ordu İmam Hüseynin məskunlaşdığı yerə yaxınlaşır. 680-ci ilin 10 oktyabrında – mühasirənin onuncu günü İmam Hüseyn öz kiçik dəstəsilə düşmən qoşunlarının qarşısına çıxır və böyük orduya qarşı döyüşə girir.

Öncə xəlifə ordusunun heç bir əsgəri Məhəmməd peyğəmbərin nəvəsinə hücum etmək istəmir. Nəhayət ki, qoşundan Malik adlı bir nəfər qılıncını çəkib İmam Hüseynə zərbə endirir. Bu, qarşı tərəfin ordusu üçün müdhiş bir işarə olur. Hamı imamın kiçik dəstəsinin üstünə şığıyıb müqəddəs ailənin qohum-əqrəbasını, dostlarını, o cümlədən İmam Hüseyni, onun ögey qardaşı Həzrət Abbas və digər tərəfdarlarını qılıncdan keçirdilər. Xeyli arvad, uşaq əsir halında, ölənlərin isə başları Əməvi xəlifələrinin paytaxtı Dəməşq şəhərinə göndərildi (5, 56-57).

F.Bayat kitabin “Təsəvvüf: tarixi gerçəklik və sosial-siyasi kökləri” adlanan I fəslində təsəvvüfün-sufizmin bir dini-fəlsəfi dünyagörüşü kimi yaranmasını şərtləndirən ilkin tarixi vəziyyəti bilavasitə bu hadisələrlə əlaqələndirir, təsəvvüfün


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin