XAÇMAZIN BƏZİ ORONİMLƏRİNİN
LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Bəhram MƏMMƏDOV
ADPU
behrammemmedov.@yahoo.com
AZƏRBAYCAN
Onomastikaya dair elmi əsərlərdə oronimlər torpağın üst qatından relyef quruluşuna görə bir-
birindən fərqlənən yerlərin adı kimi təsnif olunur. Buraya əsasən dağ, dərə, təpə, düz, yoxuş, eniş,
meşə, qobu, örüş, sahə, qala, otlaq və s. yer adları aiddir Xaçmaz rayonu ərazisi düzəngah sahədə
yerləşdiyi üçün burada dağ və ya dağ aşırımı yoxdur. Bununla yanaşı, rayonun bir çox kəndlərində
oronimlərin digər növlərinə rast gəlirik. Xaçmaz rayonu və ətraf kəndlərin ərazisində rast gəldiyimiz
oronimlərin sayı və növləri həddindən artıq çoxdur. Bu baxımdan rayon ərazisindən topladığımız
oronimlərə aid nümunələri aşağıdakı qruplara ayıraraq sistemləş-dirməyi məqsədəuyğun hesab etdik:a)
antroponim əsaslı oronimlər; b) etnonim əsaslı oronimlər; c) əlamət və keyfiyyətlə bağlı oronimlər; ç)
fitonim əsaslı oronimlər; d) zoonim əsaslı oronimlər; e) dini sitayişlə bağlı oronimlər; ə) tarixi
abidələrlə bağlı oronimlər.
a) Antroponim əsaslı oronimlər: Antroponim əsaslı oronimlər, əsasən, şəxs adlarının qorunub
saxlandığı dağ, dərə, təpə, düz, yoxuş, eniş, qobu, sahə, otlaq adlarını əhatə edir. Xaçmaz rayonunda
dağ olmadığı üçün antroponim əsaslı dağ adına rast gəlmədik. Lakin rayonun ətraf kəndləri ərazisində
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
942
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəxs adları ilə ifadə olunan dərə, təpə, düz, yoxuş, eniş, sahə, otlaq ərazilər kifayət qədərdir. Xanlıqoba
kəndi ərazisində Hacı Məmmədalı örüşünü, Fərzalı yatağını, Əmcəkli Nənə pirini, Şıxının yeri, Əli
talası, Kərəm Xəndəyini, Mayıl dərəsi, Cəbi xəndəyi, Bahadur çökəyini, Kolba Cəfər yurdunu, Hacı
Bala dəyirmanını, Əbil yatağını, Balağa çəmini, Məmi yurdunu, Xanımın yurdunu misal göstərmək
olar. Xaçmaz rayonunun digər kəndlərində də antroponim əsaslı oronimlərə rast gəlirik. Məsələn,
Əhməddərə (Əhmədoba k.) Hacıqurban bağı (Hacıqurbanoba), Kərim düzü (Rəhimoba k.),
Mahmudtəpə (Sayad k.), Mehralı qobusu (Mehrəliqışlaq k.) və s. Xaçmaz rayonunun onomastik
mənzərəsini tədqiq etdikdə aydın olur ki, rayon ərazisində antroponim əsaslı oronimlər digər
oronimlərə nisbətən çoxdur. Lakin rayon ərazisində rast gəlinən antroponim əsaslı oronimlərin
hamısını dissertasiya həcmində qeydə almaq mümkün deyildir.
b) Etnonim əsaslı oronimlər: Məlum olduğu kimi, Xaçmaz rayonu tarixən müxtəlif xalqların
ayrı-ayrı tayfa birliklərinin bir yerdə yaşadığı ərazidir. Rayon ərazisində tarixən yaşamış tayfa
birlikləri öz adlarını oronimlərdə qoruyub saxlamışdır. Belə oronimlərdən Şıxmıllar düzü (Xanlıqoba
k.), Cegli dərə (Qaraçayçek k.), Qrızlar yeri (Nağıoba), Tat məhəlləsi (Qobuqırağı k.), Ələvilər
məhəlləsi (Çarxı k.), Lamanlılar talası (Qalağan k.), Qaraçaylılar talası (Rəhim-oba k.), Padarlı dərə
(Armud Padar k.), Qaraçı düzü (Qaraçı k.), Zeydlilər yeri (Aşağı Zeyid k.), Ceglilər məhəlləsi
(Çuxuroba k.), Haput təpəsi (Şıxhaput k.), İlxıçı düzü (İlxıçı k.), Qımıllı yeri (Qımıl k.) və s. etnonim
mənşəli oronimləri nümunə göstərmək olar.Qeyd etmək lazımdır ki, etnooronimlər, əsasən, rayonda
qeydə aldığımız etnooykonimlər ərazisində çoxluq təşkil edir.
c) Fitonim əsaslı oronimlər: Fitonimlər Xaçmaz rayonu ərazisində bir neçə oykonimin
adlandırılmasında fəal iştirak etmişlər. Rayonun onomastik mənzə-rəsinə diqqətlə nəzər saldıqda aydın
olur ki, fitonimlər daha çox rayon ərazi-sindəki oronimlərin adlarında müşahidə olunur. Misal üçün,
Xanlıqoba kəndi ərazisində Keçəllər yoncası otlaq sahəsi, Güllük otlaq sahəsi, Selablıq yerli əhalinin
Silab adlandırdığı otun sıx olduğu ərazi, Yalğunluq, Bağırsaqlıq (Bağırsaq yerli sakinlərin məişət
süpürgəsini hazırlamaq üçün ip əvəzinə istifadə etdikləri möhkəm, qırılmayan, uzun bitki növüdür –
B.M.), Qaragiləlik, Darılıq, Süpürgəlik, Afurca tutları, Seyidi Selabı düzləri fitonim əsaslı oronimlərə
nümunə ola bilər.Müşahidələr göstərir ki, rayonun hansı kəndinin ərazisində bir bitki növü çoxluq
təşkil edirsə, həmin bitkinin adı həmin ərazidəki oronimlərdə sıx müşa-hidə olunur. Bu baxımdan
Qalağan kəndində Heyvalıq, Zoğallıq adlı dərə adları, Qımılqışlaq kəndi ərazisində Əzgilli, Ərikli,
İydəli oronimlərini misal göstərmək olar.
ç) Zoonim əsaslı oronimlər: İstər ev heyvanları, istərsə də vəhşi heyvanlar hər zaman insanların
diqqət mərkəzində olmuşdur. Xalqımızın qədim advermə ənənəsində öz dərin izlərini buraxan
zoonimlər mikrotoponimlərdə, xüsusilə oronimlərin adlandırılmasında da müəyyən rol oynamışdır. Bu
baxımdan Xaçmaz rayonu və onun ətraf kəndlərində müəyyən qədər zoonim əsaslı oronimlərə rast
gəlirik. Tülkü dərəsi, İlanlı düz, Arıqıran təpəsi, Naxır yeri oronimlərini Canaxır kəndi ərazisində
Ceyrankeçməz təpəsini, Çarxı kəndindəki Turac ovalığı, Keymərəz kəndində İnəkbatan yer, Gödəklidə
Çil yuvası, Həsənqala kəndində Canavar dərəsi və s. zoonim əsaslı oronimlərə misalola bilər.
d) Dini sitayiş və mərasimlərlə bağlı oronimlər: Hər bir xalqın mənəvi mədəniyyətinin
bünövrəsini təşkil edən müqəddəs yerlər millətin mənəvi kimliyinin göstəricisidir. Yaşı minillərlə
ölçülən, əsrlər öncə torpaqlarımızda yaşayan soydaşlarımızın bizə miras qoyduğu ziyarətgahları,
ocaqları və pirləri araşdırmaq, maddi və mənəvi mədəniyyət tariximizi zəngin-ləşdirmək baxımından
mühüm elmi əhəmiyyət kəsb edir. Açıq etiraf etmək lazımdır ki, onomastik tədqiqatlarla məşğul olan
alimlərimiz coğrafi yer adlarını araşdırarkən dini sitayiş və dini rituallarla bağlı oronimlərin tədqiqinə
səthi yanaşmış, ən yaxşı halda tədqiq etdikləri ərazidə bir neçə ziyarətgahın adını çəkməklə
kifayətlənmişlər. Xaçmaz rayonu ərazisində yerləşən dini-sitayiş və dini rituallarla bağlı oronimləri
müəyyənləşdirdikdə aydın olur ki, bu tip oronimlərin böyük əksə-riyyəti müqəddəs hesab olunan dini
şəxsiyyətlərin adları ilə bağlıdır. Yalnız Xanlıqoba kəndi ərazisindəki Sarı pir (yerli əhali sarılıq
xəstəliyinə tutulan xəstələrin bu pirdə şəfa tapacaqları qənaətindədir – B.M.) və Tel kəndi ərazisindəki
Çilə piri (yerli əhalinin inancına görə çiləyə düşən zahı qadınlar bu pirdə şəfa tapa bilər – B.M.) şəxs
adı ilə bağlı deyil. Qeyd etmək lazımdır ki, pirlər, ziyarətgahlar, ocaqlar Azərbaycanın müxtəlif
bölgələrində olduğu kimi, Xaçmaz rayonu ərazisində də müqəddəs yerlər sayılır və yerli əhali min illər
boyu mifik düşüncə tərzini bu yerlərdə ifadə edir.
e) Tarixi abidələrlə bağlı oronimlər: Dilçilik ədəbiyyatında, xüsusilə də onomastikaya dair elmi
ədəbiyyatda oronimlərin belə bir bölgü altında qruplaş-dırılmasına təsadüf etmədik. Fikrimizcə, tarixi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
943
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
abidələrin, o cümlədən memarlıq abidələrinin adlarının dəqiqləşdirilməsi, qruplaşdırılaraq tədqiq
olunması həm tarixi faktların, həm də rayonun onomastik leksikasının öyrənilməsi baxımından
əhəmiyyətlidir.Mədəniyyət və Turizm Nazirliyinin Xaşmaz Rayon Şöbəsinin məlumatına görə,
Xaçmaz rayonu ərazisində 62 tarixi memarlıq abidəsi qeydə alınmışdır. Bu abidələrdən Sərkartəpə
yaşayış yeri və Canaxır təpələri dünya əhəmiyyətli abidələr hesab olunur.
N.Xudiyev Mədəniyyət və Turizm Nazirliyinin Xaşmaz Rayon Şöbəsinə əsasən Xaçmaz rayonu
ərazisində aşağıdakı abidələri qeydə almışdır:
1. Təpəyatağı yaşayış yeri – ilk tunc dövrü – Xudat ş.
2. Molla Bürhan yaşayış yeri – ilk tunc dövrü, orta əsrlər – Molla Bürhan kəndi.
3. Çobantəpə kurqanı - ilk tunc dövrü, Xaçmaz-Xudat yolu, 15-ci km.
4. Sərkartəpə kurqanı - ilk tunc dövrü, Sərkərli kənd.
Xaçmaz rayonu ərazisində yuxarıda qeyd olunan oronimlərlə yanaşı, Çaxçaxlı, Qmılqışlaq,
Hülövlü kəndləri ərazilərindən tapılmış daş sənduqələr nekropallar, kurqan və s. tarixi abidələr
rayonun qədim tarixindən və zəngin mədəniyyətindən xəbər verir.
V SİNİFDƏ DİL QAYDALARININ TƏDRİSİNDƏ QARŞIYA
ÇIXAN PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI
Aygün ƏLİLİ
Bakı Slavyan Universiteti
aygun.alili.bsu@gmail.com
AZƏRBAYCAN
Məlumdur ki, şagirdin müəyyən bilik, savad əldə etməsi üçün onun təməli aşağı sinifdən etibarən
qoyulmalıdır. İbtidai təhsil zamanı şagirdlər gələcək biliklər üçün hazırlıq mərhələsi keçirlər, qısa
şəkildə məlumatlandırılırlar, V sinfə gəldikdə isə artıq müəyyən olunmuş dərsliklər əsasında sistemli
şəkildə nəzəri qaydaları öyrənməyə, anlamağa çalışırlar. Lakin Kurikulum əsasında hazırlanmış yeni
dərsliklərə nəzər saldıqda müşahidə edirik ki, dərslikdə dil qaydaları ya şagirdi düzgün yönləndirmir,
ya qayda V sinif şagirdinin anlayacağı şəkildə izah edilmir, ya qaydaların ardıcıllığında bir nizamsızlıq
olur, ya da dil qaydaları ilə verilmiş tapşırıqlar arasında uyğunsuzluq olur. Hətta həmin yanlış
məqamlar üzərində saatlarca diskussiya aparmaq olar. Bunlar hansılardır və həmin yanlış məqamlar
necə düzəldilməlidir?
1. Səh. 12. Saitlər verilib, hansının qalın və ya incə, hansının qapalı və ya açıq, hansının
dodaqlanan və ya dodaqlanmayan olduğu qeyd olunub, lakin saitlərin bu cür bölgüsü hansı təsnifə
əsasən bölünür, qeyd olunmayıb.
2. Səh. 14. “Samitlərin növləri” başlığı altında verilən nəzəri qaydada “k” hərfinin üç səsi ifadə
etdiyi yazılıb ([k], [k’], [x]), ancaq “k” hərfinin beş səsi ifadə etdiyi yazılmalı idi ([k], [x], [k’], [g],
[y]).
3. Səh. 22. Uzunsaitli sözlərdən bəhs edərkən qeyd edilə bilərdi ki, “ü, ı” saitləri tələffüz zamanı
uzanmır, digər saitlər isə uzun tələffüz olunur. Tərkibində “ov, öv” hərf birləşmələri olan bir çox
sözlərin tələffüzü zamanı “v” samiti düşür, “o,ö” saitləri isə uzun tələffüz olunur. Məsələn, dovğa
[do:ğa], dovşan [do:şan], yovşan [yo:şan] və s. Bəzi istisna sözlər də var ki, onlarda “v” samitinin
düşmə hadisəsinə rast gəlinmir. Məsələn, mövsüm, plov, zövq, dövran, mövzu, mövqe və s.
5. Səh. 29. “Söz sonunda cingiltili samitlərin tələffüzü”ndən danışılır və qaydada belə deyilir:
Söz sonunda bəzi cingiltili samitlər öz kar qarşılığı ilə əvəz olunur. Lakin bu fikri daha dəqiq ifadə edə
bilərik: Sonu “b, c, d, g” samitləri ilə bitən sözlərdə son samit tələffüzdə karlaşır. Məsələn: corab
[corap], səhəng [səhənk], kərpic [kərpiç], kənd [kənt] və s.
6. Səh. 39. Qoşasamitli sözlərdən danışılır, qaydaya əlavə oluna bilərdi ki, həmin qoşasamitli
sözlərdən bəziləri mürəkkəb sözün tərkibində ya qoşa, ya da tək samitlə yazılır. Məsələn, hiss-
həyəcan, haqq-nahaq, rəsmxət, hüsnxət və s.
7. Səh. 42. Qoşasamitli sözlər haqqında deyilənlər burada bitir, lakin tələffüzündə heç bir
dəyişiklik olmayan qoşasamitlərdən (ll, dd, mm, nn, vv, zz, ss, şş, bb, cc) danışılmır. “m” kimi yazılıb
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
944
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
[m] kimi də tələffüz olunan sözlər (pambıq, lampa); qoşa “yy”nın tələffüz formaları: y ilə yazılıb, [y]
kimi də tələffüz olunanlar (tövsiyə, təhkiyə, tərbiyə, mərsiyə), “yy” yazılıb, [yy] kimi təəffüz olunanlar
(qəyyum, səyyah, Xəyyam), “yy” yazılıb, [y] kimi tələffüz olunanlar (ədəbiyyat ədəbiyat, bələdiyyə
bələdiyə, mədəniyyət mədəniyət) qeyd olunmur.
8. Səh 58. Təkmənalı sözlər geniş mövzu olmasa da, məlumat verilə bilərdi. Çoxmənalı sözlərin
tərifi isə tam, əhatəli, başa düşülür şəkildə deyil. Qaydaya düzəliş edib belə deyə bilərik ki, çoxmənalı
sözlər əsas məna ilə bağlı olub, əlavə, törəmə mənalarda işlənə bilən sözlərə deyilir. Yəni, hər hansı
bir söz nə qədər yeni məna qazansa da, ilk mənasından tam uzaqlaşmır, onun ətrafında dolanır və yeni
məcazi mənalar yaradır.
9. Səh. 61. Omonimlərdən bəhs olunur, bəs nələr omonim ola bilməz? -sualının cavabı isə
yoxdur. Deyilməlidir: vurğu fərqi olan sözlər, ümumi və xüsusi isim olan sözlər, şəkilçi artırıldıqdan
sonra eyniləşən sözlər omonim sayıla bilməz.
Bu qeyd olunanlardan əlavə, dərslikdə fonetika üçün ən əsas sayılan mövzulardan olan heca,
vurğu, fonetik təhlil qaydası, qoşasaitli sözlərin tələffüzü; leksika üçün əsas sayılan təkmənalı sözlər,
ümumişlək olan və olmayan sözlər, dialekt sözlər, neologizmlər, milli və alınma sözlər haqqında heç
bir məlumat yoxdur.
TERMİN YARADICILIĞINDA MOTİVLƏŞMƏ VƏ ORİENTASİYA
Vəfa ABDULLAYEVA - NƏBİYEVA
AMEA Nəsimi adına Dilçilik İnstitutu
vefa.abdulla@mail.ru
AZƏRBAYCAN
Terminologiyanın inkişafı, termin yaradıcılığı, elm və texnikanın, informatika, kompüter
texnologiyalarının sürətli tərəqqisi ilə bilavasitə əlaqədardır. Bazar iqtisadiyyatına keçid, intellektual
fəaliyyət sahələrinin yaranması və çoxalması, videotexnika, kompüter texnikasının inkişafı, internetin
geniş vüsət alması, sosial-psixoloji inkişaf yeni anlayış, məfhum, söz və terminlərin yaranmasına
səbəb oldu. Bu anlayışların adlandırılması zərurəti dildə terminologiyanın müxtəlif istiqamətlər üzrə
inkişafını zəruri edir. Müasir Azərbaycan dili terminologiyası müxtəlif istiqamətlərdə inkişaf edir.
Ümumi götürdükdə, bu istiqamətlər dilin daxili imkanları və alınmalar olmaqla iki yerə bölünür. İstər
dilin daxili imkanları hesabına, istərsə də alınmalar hesabına olan termin yaradıcılığı prosesi müəyyən
norma və qaydalar əsasında tənzimlənməlidir. Belə ki, termin yaradıcılığı prosesində sözün mənası ilə
onun forması arasındakı əlaqə diqqət yetirilməli məqamlardandır. Sözün mənası və forması arasındakı
əlaqə ənənəvi motivasiya, motivləşdirmə, motivləşdirilmiş terminləri ilə ifadə olunur. Bəs,
motivləşdirilmə və motivləşdirilmiş terminləri arasında fərq nədir?
Motivasiya- yaranmış sözün daxili məzmununu və eləcə də sözün daxili formasının izlərini və
həmçinin vahidin komponentlərinin mənalarının cəmidir.(V.Q.Qak, V.N.Teliya, E.S. Kubryakova)
V.N.Nemçenko motivləşdirilmiş sözü yaranmış (düzəlmiş) söz kimi müəyyən edir. Ancaq
motivasiya düzəltmə sözlərin yaranma prosesi ilə birbaş əlaqəli olmayan proses kimi izah olunur:
verilmiş sözün başqa mənası və s. Beləliklə, motivasiyanın söz yaradıcılığı və leksikologiya ilə əlaqəli
olması ortaya çıxır.
Sözün leksik-semantik mənası onun rasional ünsiyyət vasitəsi kimi səs tərkibi ilə leksik və
struktur uyğunlaşmasına imkan verir. Motivləşdirilmiş söz-daxili məzmuna və mənaya malik olan
sözdür. Q.İ.Blinov “motivasiya” dedikdə sözün məna və struktur baxımından işlənilən uyğunlaşmasını
nəzərdə tutur. Həmçinin o, motivasiyanı sözün definitiv formasına yaxın hesab edir. Müasir dövrdə
terminologiyanın inkişafında termin söz və məna arasında əlaqə aktual məsələlərdən hesab olunur. XX
və XXI əsrlərdə xaricdə sürətlə inkişaf edən bu nəzəriyyə termin yaradıcılığında terminin siqnifikat və
eksponent anlayış əlaqələrinin araşdırılması kimi qəbul olunurdu. Bu müvafiq olaraq ifadə və
anlayışlara istinadən olunurdu.
S.V.Qrinev kimi digər rus terminoloqlarının da əsərlərində bu problem araşdırılmışdır. Əgər
terminoloji leksikanın inkişaf istiqamətləri sözyaratma (termin yaratma) ilə kifayətlənərsə bu zaman
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
945
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
leksik imkanlar əsasında (semasiologiya) termin yaradıcılığı, eyni zamanda sözün tərkibi elementləri
əsasında məna bildirən terminlər bu sərhəd hüdudundan kənarda qalacaq. Əslində eksponent və
siqnifikat arasında əlaqələrin mövcud olub olmamasının araşdırılması ifadənin hərfi və faktiki mənası
qədər vacibdir. Təkcə derivatoloji prosesin yaranma əlaqələri deyil, eyni dərəcədə terminoloji vahidin
struktur, eksponent və anlayışı arasındakı əlaqələnmə də əsas sayılmalıdır.
Hal-hazırkı dövrdə motivləşmənin terminoloji analiz üçün yararlı hesab olunması fikri qəbul
olunmur. Motivləşmiş termin analiz olunmuş termindir. Amma bizcə bu fərziyyə yanlışdır. Belə ki,
sözün hərfi mənası heç də həmişə onun daxili mənasının semantikasını izah etmək, aydınlaşdırmaq və
tam açmaq üçün kifayət etmir. Halbuki dilçilikdə motivləşmə-sözün semantik cəhətdən aydınlaşması,
dəqiqləşməsi deməkdir. Hansı ki, analiz olunmuş söz də dəqiqləşmiş, aydınlaşmış söz mənasını verir.
Orientasiya-qavrama,
qayrayış,
istiqamətlənmə
deməkdir.
Terminoloji
leksikanın
araşdırılmasında əsas vasitələrdən biri də orientasiya-qavrama prosesidir. Orientasiya termini
linqvistik, psixi, sosial faktorlara əsaslanan haldır hansı ki, bu hal heç bir definitiv mənaya istinad
olunmadan qavranılma prosesi kimi izah olunur. İlk dəfə bu haqda D.S.Lottenin yazılarında rast
gəlirik. Ancaq dilçi alim bu halı “orientasiya” deyil, “qavranılmış” adı ilə qeyd edib: “Terminin hərfi
mənasının onun həqiqi mənasından asılı olub-olmamasına görə bütün terminlər 3 qrupa bölünür:
düzgün qavranılan, neytral və düzgün qavranılmamış (və ya səhv qavranılmış). Daha sonra
M.Q.Berqer bu anlayışı “möhkəmləndirmək” sözü ilə ifadə edir ki, bu da terminin aktual mənası ilə
daxili formasının uyğunlaşması anlamını ifadə edir.
“Orientasiya” termininə A.V.Lemovanın əsərlərində rast gəlirik. Əslində motivləşmə və
qavranılma, orientasiya prosesləri bir-birləri ilə əlaqəlidirlər və oxşar cəhətləri vardır. Bütün terminlər
dar mənada motivləşmiş olurlar. Bütün terminlər yarandıqları an orientasiya olunurlar və qavranılan
olurlar. Belə ki, hər bir yeni yaranan terminin yeni nominativ mənası da yaranır. Belə ki, bir dilçi üçün
aydın olan metafora, epitet anlayışları fizik və ya digər sahədə çalışan şəxs üçün izah və analiz tələb
edəcək. Motivləşmə və orientasiya təkcə dildaxili imkanlar əsasında yaranan termin sözləri və
alınmaları deyil, eyni zamanda kalka və yarım kalkaları da əhatə edir. Motivləşmə və orientasiya təkcə
terminin qavranılma və anlaşıqlı olması üçün deyil, həmçinin onun dildə işləkliyi və daimiliyi,
sözyaradıcılığı prosesində iştirakı üçün də zəmin yaradır. Bunu belə izah edək: -poli, -mono
terminelementləri terminalma prosesində motivləşdikləri və orientasiya olunduqları üçün sonradan
dildə monosemiya, polisemiya, monoloq, poliqlot tipli alınan sözlərin qavranılma prosesində heç bir
çətinlik yaranmamışdır.
Fərqli cəhətlər: motivasiya dilin sərhədləri daxilində baş verən prosesidirsə, orientasiya dilin
sərhədlərindən kənarda dil ilə psixologiya, sosiologiya, məntiq, incəsənət və s. elmlərin əlaqələri
zəminində baş verir. Orientasiya motivləşməyə nisbətən daha geniş prosesdir və heç də ondan asılı
deyil, məsələn: lingvo sözünün mənasını bilərək linqvistika sözünün izahı və şərh olmadan belə
anlayıb, qavraya bilərik. Motivləşmə təkcə terminlərə deyil, dildəki bütün sözlərə şamil olunan
prosesdir, ancaq bu o demək deyil ki, dildəki bütün sözlər motivləşir. Orientasiya yalnız terminoloji
səviyyə üçün xarakterik prosesdir. Nəticə etibarilə motivləşmə və orientasiya proseslərin şərh edərək
belə qənaətə gəlirik ki, orientasiya terminoloji leksikanın inkişafı prosesinin araşdırılması üçün daha
optimal hesab edilməlidir. Özündə morfem tərkibi, struktur, forma və məna əlaqəsi, həmçinin dil ilə
digər elmi-sahələrin psixolinqvistik, sosiolinqvistik, praqmatik sahələrin qarşılıqlı vəhdətini təşkil
edən bu proses terminologiya məsələlərini daha kompleks şəkildə öyrənməyə imkan verir.
Beləliklə, aydın olur ki, müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafında bu
üsullardan istifadə etmək məqsədəuyğundur. Əslində, terminologiyada alınmalar dilin kasıblığına
dəlalət etmir, belə ki, heç bir dil saf və bütünlüklə öz sözlərindən ibarət deyildir. Leksikada alınma
sözlər semantik cəhətdən onlara yaxın sözlərin bir və ya bir neçə mənasını öz üzərinə götürür. Aydın
olur ki, sözalma yalnız dildə boş olan semantik söz yuvalarının tutulması ilə nəticələnmir, bəzən
müəyyən sözün yeni variantı, bəzən isə terminoloji vahid kimi funksionallaşır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
946
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dostları ilə paylaş: |