IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1011
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TƏNQİDÇİ ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ PROSES
Aygün TALIBOVA
GDU
managersat77@yahoo.com
AZƏRBAYCAN
Ədəbi tənqid bütün dövrlərdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün dərin elmi-
nəzəri, fəlsəfi-estetik hazırlığa malik olmalı, müasir həyatın inkişaf qanunauyğunluqlarından baş
çıxarmağı, ədəbi axarın istiqamətini, perspektivini əvvəlcədən müəyyənləşdirməyi bacarmalıdır. Bu
prosesdə tənqidçi şəxsiyyətinin bütövlüyü, onun yaradıcı prosesə bir amal, ideya mənbəyi olaraq
bağlılığı, qətiyyət və obyektivliyi başlıca rol oynayır. Məhz yüksək elmi-nəzəri biliyə, intellektual
ümumiləşdirmə və qiymətləndirmə gücünə malik olan, obyektivlik hissini bütün yanaşmalardan uca
tuta bilən tənqidçilər müasir ədəbi prosesin inkişaf meyllərini, qanunauyğunluqlarını, uğur və
nöqsanlarını dərindən təhlil edib sistemləşdirə bilər, sənətkarların (eyni zamanda da oxucuların)
dünyagörüşünün genişlənməsinə, sənətkarlıq və duyum məharətlərinin formalaşmasına kömək etməyə
qadirdirlər. Tənqidçi sözü öz mötəbər, inandırıcı həqiqəti ilə həmişə ədəbi prosesin dəqiq qiymətini
verə bilməli, heç bir halda üzgörəlik etməməli, eyni zamanda da layiq olmayan şişirtmələrə yol
verməməlidir. Tənqidçi layiq olmayanı şişirtməklə, onun haqqında obyektiv dəyərləndirmə
baxımından gerçək olanı deməyəndə öz tarixi missiyasından könüllü əl çəkmiş, istefa vermiş
sərkərdəyə bənzəyir. Tənqidçinin layiq olmayanı şişirtməsi ədəbiyyata ən pis şəkildə xidmət etmək
nümunəsidir. Rus ədəbi tənqidin banilərindən olan V.P.Belinski elə bil məhz belələrini nəzərdə tutaraq
yazmışdır: “Tənqidçi rütbəsini özbaşınalıqla qəbul etmiş hər hansı bir adamı küyləyib biabır edə
bilərlər” (V.P.Belinski, Məqalələr, Bakı, 1961, səh.30). Bədii ədəbiyyatın ayrılmaz üzvi hissəsi olan
ədəbi tənqidin mövqelərini bütün yönlərdən qorumalı və inkişaf etdirməli olan tənqidçilər ilk növbədə
ədəbi mətnə heç bir halda hesablanmış, yarınma prinsiplərindən yanaşmamalı, yalnız yaradıcı prosesin
“öz ehtiyac və tələblərindən yanaşmaqla” (Elçin, “Tənqid və ədəbiyyatımızın problemləri”, Bakı,
1981, səh.5) təhlil aparmalıdırlar. Tənqidçi öz ağıllı və dəqiq, heç bir tərəddüdə yer qoymayan
mülahizələri ilə yazıçının yaxın köməkçisi, dostu və xeyirxahı olmalı, yeni, müasir ədəbi prosesin
ümumi mənzərəsini yaratmağa nail olmalı, həm də yeni yaranan bədii əsəri qavramaqda, müəllifin
başlıca məramını, əsərin ideyasını, onun sənətkarlıq xüsusiyyətlərini başa düşməkdə oxucuya kömək
etməlidir. Bu mənada tənqidçinin üzərinə bir çox fərqli istiqamətlərdə işlər bilmək ağırlığı düşür; O,
öz dərin nəzəri mülahizələri ilə həm yazıçını, həm də oxucuları inandıra bilməlidir. Məsələn, inandıra
bilməlidir ki, sənətkar sözügedən əsərində hər hansı bir hadisə və məsələni hansı məqsəd və ideya
baxımındabn real həyatdan daha çox xəyalı, abstrakt, fantastik mövqedən çıxış edərək təsvir edərək bir
növ üzü astara çevirmişdir. Bu zəruri addımı atmağa yazıçını hansı səbəblər vadar etmişdir? Yazıçı
nəyə görə canlı həyatın özündən daha çox onun aynadan, pərdəarxası seyr etməyə meyllidir? Tənqidçi
bu məsələlərin dərk olunmasında oxucu ilə yazıçı arasında etibarlı bir körpüyə, vəsiləyə malik
olmalıdır. Bu keyfiyyətlər birmənalı olaraq tənqidçinin prinsipiallığı, onun şəxsiyyət bütövlüyü ilə
xarakterizə olunur. Görkəmli yazıçı və tənqidçi Elçin məhz bu prizmadan çıxış edərək yazır:
“Prinsipiallıq bizim qəbul etdiyimiz kontekstdə olduqca çoxmənalı bir anlayışdır. Prinsipial tənqid hər
şeydən əvvəl, vətəndaş qeyrəti, mütəfəkkir cəsarəti deməkdir; prinsipial tənqid hər şeydən əvvəl,
sağlam məfkurə mübarizəsi deməkdir; prinsipial tənqid hər şeydən əvvəl, yüksək bədiyyat uğrunda
mübarizə deməkdir” (Elçin, Göstərilən əsəri, səh.11).
Ağıllı tənqidçi bir tərəfdən yazıçıya yol göstərməli, digər tərəfdən yazıçı ilə oxucu arasında körpü
ola bilməsi həqiqəti bütün zamanlarda əsl tənqidçinin inancına çevrilməlidir, yazıçı tənqidçinin
mülahizələrini heç bir halda onunla oxucu arasındakı birbaşa əlaqəyə mane olan lazımsız qüvvə kimi
qiymətləndirməməlidir. Tənqidçi bütün hallarda elmi-nəzəri, psixoloji, fəlsəfi əsası olmayan subyektiv
mülahizələrdən uzaqda dayanmağı bacarmalı, ədəbi prosesə təsir gücünü hifz edib saxlaya bilməlidir.
Jül Renar bədii əsərin dəyərini doğru-düzgün şəkildə vermək qabiliyyətində olan tənqidçilərə
hörmətlə yanaşaraq yazırdı ki, tənqidçilər mərhəmətə layiq adamlardırlar: “Ona görə ki, onlar daim
başqaları haqqında danışırlar, özləri haqqında isə heç kəs danışmır... Tənqidçi yazıçının xətrinə dəyən
oxucudur. Nə yazırsansa yaz, son söz söyləmək hüququna malik tənqidçi çox vaxt haqlı görünür...
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1012
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tənqidçi öz rotasına atəş açan, yaxud düşmən tərəfinə - oxucular tərəfinə keçən əsgərdir (Jül Renar.
“Gündəlik”, Bakı, 1947, səh.50).
L.Lovenarq yazır: “müəllifi tənqid etmək asan, qiymətləndirmək çətindir”.
Ədəbi tənqiddə ən xoşagəlməz cəhət bədii yaradıcılıq sahəsində uğursuzluğa düçar olan qələm
sahibinin tənqidçi kimi fəaliyyətə başlayıb, uğursuzluğunun, istedadsızlığının heyfini istedadlı
yazıçılardan, şairlərdən almağa çalışmalarıdır. Ən gözəli bunun əksi olandır; belə ki, çox vaxt
istedadlı, nəsrin və poeziyanın bütün sahələrində böyük uğur qazanmış görkəmli sənətkarlar paralel
olaraq tənqidlə məşğul olur, mötəbər söz sahibi kimi bu sahədə öz mövqelərini ortaya qoyurlar. Belə
görkəmli sənətkarlardan xalq yazıçıları Anarın və Elçinin, xalq şairi Sabir Rüstəmxanlının adlarını
xüsusi olaraq çəkmək olar. Bütün hallarda Anarın, Elçinin və Sabir Rüstəmxanlının ədəbi-tənqidi
mülahizələri ədəbi came və oxucular tərəfindən hörmət və mötədilliklə qarşılanır. O səbəbdən ki, öz
mütəfəkkir düşüncələri ilə onlar bədii mətnə, yaradıcılıq laboratoriyasının gizlinlərinə, görünən və
gəörünməyən tərəflərinə daha çox bələddilər, ədəbi əsəri içdən yaşamağı bacarır, duyur və
duyduqlarını, haqq bildiklərini qiymətləndirməyi bacarırlar. Onların tənqidçi yazıları daha humanist,
işıqlı, səmimi və inandırıcıdı. Bu keyfiyyətləri özlərinə məxsus poetik üslubları, dil-ifadə özəllikləri
daha da cazibədar və oxunaqlı edir.
Məlumdur ki, ədəbiyyat və tənqid münasibətləri ilk növbədə həm də geniş mədəniyyət
kontekstində emosional və regional təfəkkürün bu və ya digər konfiqurasiyada təması deməkdir... “Bu
təmas modifikasiyalarında onların “ortaq” estetik meyarları, dəyərləndirmə kompleksini
müəyyələşdirir” (Rahid Uluss). Bu müstəvidə tənqid hələ ki, ümumiləşdirici analitik təhlillərdən daha
çox, ayrı-ayrı ədəbi faktlardan çıxış edərək öz mövqeyini ifadə etməyə çalışır. Müasir tənqidimizin
müəyyən məqamlarda fəaliyyət formalarının məhdud və işlək olmamasının, bədii-estetik məkanda
lazımınca konstiktiv qəbul edilməməsinin başlıca səbəblərindən biri onun nəzəri-metodoloji
problemlərinin yetərincə əsaslı işlənmədiyini önə çəkən ədəbiyyatşünas alim Rahid Uluselin fikirləri
ona görə maraqlı və cəlbedici görünür ki, o, ilk növbədə bədii mətnin və tənqid örnəklərinin özündən
çıxış edərək, ona istinadən fikir söyləyir. Alim haqlıdır ki, bəzi gənc tənqidçilər posmodernizmin
mahiyyəti barədə yeni Azərbaycan ədəbiyyatının materialları əsasında maraqlı mülahizələr yürütsələr
də belə, yenə də onun Azərbaycan ədəbiyyatında hansı səviyyədə, xarakterdə və məzmunda özünü
təzahür etməsi kifayət qədər dərindən açılmamışdır. Əsaslı bir münasibətdir ki, ədəbi tənqidin bütün
zamanlar üçün Azərbaycan ədəbiyyatı və mədəniyyətinin varlığına və gəlişməsinə xüsusi bir
məsuliyyət missiyası var və o, dövlətin müvafiq qanunları ilə birlikdə işləməyin fəaliyyət
mexanizmləri üzrə hərəkətə gətirilməlidir.
Ədəbi prosesin inkişafında tənqidçi şəxsiyyəti estetik meyarın obyektivliyinin ən başlıca
qarantıdır. Öz şəxsiyyətinə hörmət bəsləyən adam yalan danışmadığı kimi, şəxsiyyətini uca tutan
tənqidçi də yanlış meyarla, şəxsi ambisiyalarla ədəbi-bədii əsəri sənətkarın yaradıcılığına qiymət
verməz. Əgər versə də belə tənqidin ədəbi prosesə kömək baxımından heç bir ötəri və qaydası olmaz.
Böyük şairimiz Səməd Vurğun , Məmməd Arif Dadaşzadənin “ tənqidimizin vicdanı” adlandırırdı.
Tənqidçi şəxsiyyəti və ədəbi proses münasibətlərində “yazıçı tənqidi”nin də özünəməxsus yeri var.
SEYİD ƏZİM ŞİRVANİNİN EPİK YARADICILIĞINDA TƏMSİL
JANRININ YERİ VƏ BƏZİ XÜSUSİYYƏTLƏRİ
Əfsanə İSMAYILOVA
Sumqayıt Dövlət Universiteti
efsane.ismayilzade@inbox.ru
AZƏRBAYCAN
XIX əsrdə Azərbaycan ədəbiyyatında lirik poeziya ilə yanaşı, epik şeir də özünün yüksək inkişaf
nöqtəsinə çatmışdır. Bu dövrün görkəmli sənətkarları lirik şeirlərlə yanaşı öz qələmlərini epik şeirin
təmsil janrında da sınamışlar. Məlumdur ki, təmsil epik şeirin ən geniş yayılmış növlərindən biridir.
Hər bir təmsildə insan idrakından doğan tərbiyəvi bir cəhət özünə yer alır. Bu baxımdan Seyid Əzimin
təmsilləri daha diqqətəlayiqdir. S.Ə.Şivaninin epik yaradıcılığı klassik Şərq bədii-fəlsəfi fikrinin əsas
ideyaları üzərində köklənmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1013
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Əsl pedaqoq-müəllim olmasından dolayı S.Ə.Şirvaninin bu əsərlərinin ana xəttini maarifçiliyin
təbliği və eləcə də şairin maarifçi-didaktik dünyagörüşündən doğan ideyalar təşkil edir. “O, öz
təmsilləri ilə uşaqlarda fərdiyyətçilik, ikiüzlülük, yalan danışmaq, özünü öymək, paxıllıq, tənbəllik
kimi pis əxlaqi sifətlərə qarşı tənqidi münasibət, digər tərəfdən isə birlik, ittifaq, doğruluq, sədaqət,
mərdlik kimi yaxşı əxlaqi sifətlər tərbiyə etməyə çalışır”.
Seyid Əzim “Rəbiül-ətfal” adlı tərtib etdiyi dərsliyinə aşağıdakı təmsillərini daxil etmişdir: “Ayı
və Siçan”, “Dəvə balası”, “Aslan və iki öküz”, “Dəvə ilə Eşşəyin yol getməsi”, “Xoruz və çaqqal”,
“Eşşək və arılar”, “Siçan və Pişik”, “İtlə Pişiyin söhbəti”, “Siçan və balası” və s.
Şairin “Xoruz və çaqqal” təmsilində aclıqdan yeriməyə halı olmayan çaqqal sübh tezdən ağacda
banlayan xoruzu hiylə ilə aşağı düşürmək istəyir. Çaqqal deyir ki bir halda səhər tezdən əzan verirsən,
onda düş aşağı biz də namaz qılaq. Xoruz öz ayıqlığı və kəskin sözləri ilə çaqqalı gülünc vəziyyətə
salır:
Dedi: - Bəs qoy imamımız gəlsin,
Vacibül-ehtiramımız gəlsin.
Dedi: - Kimdir imamın, ey zirək?
Dedi: - Kənd içrə zorba, qıllı köpək.
Köpək adını eşidən çaqqal qorxusundan dəstəmaz almaq bəhanəsi ilə aradan çıxır.
Şair təmsillərində həyati səhifələrdən böyük didaktik və tərbiyəvi, əxlaqi qənaətlər hasil edir və
onların təbliğinə çalışır. Bu təmsillərin cəmiyyətin ictimai hadisələrinə istehza, rişxənd və kinayə
xüsusilə diqqəti cəlb edir. Seyid Əzimin təmsillərində iki cəhət özünü qabarıq göstərir: tənqid və
tərbiyə. Onun tənqidi ruhda yazılmış təmsillərinin əksəriyyətində dövrün ictimai nöqsanları tək-tək
eybəcər fərdlərin fonunda satira atəşinə tutulur..
“Dəvə və balası” təmsili də dərin məzmuna malikdir. Şair dəvənin dili ilə feodal dünyasında
yaşayan çarəsiz insanların şikayətini təsvir edir. Xeyli yol gedib taqətdən düşən dəvə balası yorulub
dincəlmək istəyəndə anası onların çarəsizliyini belə ifadə edir:
Olsa idim yükü ixtiyar içrə,
Çəkməz idim yükü qatar içrə.
Sarbanın əlində oldu məhar,
Hər tərəf çəksə eylərəm rəftar.
Gedirəm, əldə bir məharım yox,
Öz əlimlə bir ixtiyarım yox.
Şairin nəsihətamiz və tərbiyə ruhunda yazılmış təmsilləri daha çoxdur. Onun təmsillərində yüksək
yumor hissinə də rast gəlinir ki,bu xüsusiyyət onun təmsillərini daha oxunaqlı edir və oxuyarkən
uşaqları yormur.
Seyid Əzimin “Maral hekayəsi” təmsilində əyilib su içən maralın gözləri birdən öz ayaqlarına
sataşır. O, nazik ayaqlarını görüb utanır, amma buynuzları ilə fəxr edir. Lakin ovçu hədəfinə tuş gələn
maralı ayaqları xilas edir, sonda isə tələyə düşməsinin səbəbi buynuzlarının ağaca ilişməsi olur. Maral
səhvini başa düşüb deyir:
Ey həqarətlə baxdığım əl-ayaq,
Sən məni xoş nicatə çatdırdın,
Ölmüş idim, həyatə çatdırdın.
Ey fəxarətlə baxdığım buynuz,
Saldın axır məni fəlakətə sən,
Vərteyi-möhnətü xəlalətə sən.
Seyid Əzimin “Siçan balasının sərgüzəşti” təmsili əxlaqi-didaktik səciyyə daşıyır. Burada siçan
balasının timsalında avamlıq, insanlara tez inanmaq kimi cəhətlər tənqid olunur. Siçan balası xoruzla
pişiyi tanımır, onlar haqqında səhv fikirləşir. O, daha çox pişiklə dostluq etmək istəyir. O, xoruzun ətli
pipiyindən qorxur, yuvasına qaçıb anasına öz səhv fikirlərini izah edir, pişiyi tərifləyir, xoruzun
“quqquluqu” deməsindən “qanadlarını yerə çırpmasından” qorxduğunu bildirir. Anasıtəcrübəsiz
balasına başa salır ki, pişik siçanların ən qorxulu düşmənidir.
Təmsilin sonunda Seyid Əzim öz nəsihətamiz fikirləri ilə oğlu Cəfərə müraciət edir:
Cəfər, ey sərvi-bustani-pədər,
Gülü-xoşətri-gülüstani-pədər!
Var elə şey ki, xoşnümadı sənə,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1014
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Leyk batində bir bəladı sənə.
Var elə şey ki xoş gəlir gözünə,
Leyk anın ziyanı var özünə...
S.Ə.Şirvaninin “Qaz və durna”, “Ayı və siçan” təmsillərində lovğalıq, təkəbbürlülük tənqid
olunur, xeyirxahlıq kimi müsbət keyfiyyətlər isə təbliğ olunur. “Qaz və durna”da qaz özünün
lovğalığı, boşboğazlığı üçün durnanın qarşısında utanır. Şair xeyirxah durnanın tərəfində duraraq
əlindən heç nə gəlməyən qazı məzəmmətləyir. “Ayı və siçan” təmsilində isə şair siçan ayıdan gördüyü
yaxşılığın əvəzini yaxşılıqla qaytarır. Belə ki, ovçu torunu dişləri ilə kəsərək ayını xilas edir. Təmsil
ayının sözləri ilə bitir:
Dedi ayı ki, qalmadım qəmdə,
Yaxşılıq itməz imiş aləmdə
Seyid Əzimin təmsillərində yekunlaşdırıcı fikirlər, təmsilə məxsus sonluq özünəməxsusluğu ilə
seçilir. Əksər təmsillərində müəyyən hadisələri nağıl etdikdən sonra ya oğluna, ya da özünə müraciət
edən şair cəmi bir neçə misra ilə fikrini tamamlayır. “Aslan və qarışqa” təmsilində:
Seyyida, vermə üz gədalara sən,
Düşmə bu möhnətü bəlalərə sən.
Qəfəsi-cismi sal bu viranə,
Eylə pərvaz baği-rizvanə.
“Süleyman və qarğa” təmsilində:
Seyyida, oğlum olan gurü keçəl,
Görünür hamıdan gözündə gözəl.
“Siçan və pişik” təmsilində:
Eyləmə Seyyid, bu sifət fikri xam,
Olma siçanlar kimi sən də əvam.
S.Ə.Şirvaninin orijinal təmsilləri Azərbaycan ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Onun
tədqiqata cəlb edə bilmədiyimiz bir sıra təmsilləri də son dərəcə qiymətlidir və onlar bu gün mövzu və
məzmun cəhətdən öz aktuallığını saxlamaqdadır.
GUNEY AZƏRBAYCANDA ANA DILLI MƏTBUATIN INKIŞAFINDA
“VƏTƏN YOLUNDA” QƏZETININ ROLU
Aysel ABIZADƏ
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyi
selya82@box.az
AZƏRBAYCAN
Cənubi Azərbaycanda ana dilli mətbuatın nəşri uğrunda mübarizənin kökü XX əsrin əvvəllərinə
gedib çıxır. “Sovet qoşunları Cənubi Azərbaycana daxil olduqdan sonra oktyabr ayından etibarən
Təbrizdə ərəb əlifbası ilə Azərbaycan dilində qızıl əsgər qəzeti “Vətən yolunda” nəşr olunmağa
başladı. Onun redaktoru Mirzə İbrahimov, məsul katib İsrafil Nəzərov idi”. Qəzetin Azərbaycan
dilində nəşri şairləri doğma dildə yazmağa ruhlandırdı.
“Vətən yolu” qəzeti az vaxt ərzində demokratik fikirli ziyalıları öz ətrafina toplayaraq oxucuların
rəğbətini qazana bilmişdir.Geniş oxucu kütləsinin səbrsizliklə gözlədiyi qəzet iki gündən bir 4000
nüsxə tirajla dərc olunurdu.Qəzetdə dərc olunan bədii nümunələrin əsas hissəsini poeziya təşkil
edirdi.Onun nəşrinin ilk günlərini Qılman İlkin xatırlayaraq yazmışdı: “Azərbaycanlıların ana dilində
dərc edilmiş bu qəzet Təbrizdə böyük sevincə səbəb oldu. Qəzetin bütün tirajı demək olar ki, iki saat
içərisində satılıb qurtardı”. “Vətən yolunda” qəzeti Cənubi Azərbaycanda yeni ictimai-siyasi mühitlə
və tarixi hadisələrlə əlaqədar olduğundan burada yaranmış ədəbiyyat həm poeziya, həm də nəsr
baxımından yeni idi.
“Cəmi 406 nömrəsi çıxan qəzet iki dövrdə nəşr olunmuşdur: 1) 1941-ci il oktyabr-1942 ci il 13
aprel; 2) 1944-cü il 10 aprel-1946 cı il may”. Qəzetin 1942-ci ildə nəşrinin dayandırılması Cənubi
Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. 1944-cü ildə Cənubi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1015
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycana yenidən işçi qrupu göndərilmişdi. Həmin ilin aprelindən Təbrizdə “Vətən yolunda”
qəzetinn nəşrinin bərpa edilməsicənubi Azərbaycanda demokratik fikirli ziyalıların fəaliyyətini
artmasına, şairlərin yüksək əhval ruhiyyədə yazıb-yaratmasına milli mətbuatın genişlənməsinə səbəb
oldu.Ikinci dövrdə isə bu qəzetin redaktoru Hüseyn Şahgəldiyev olmuşdur. Məhəmməd Birya qəzetin
10 aprel tarixli birinci nömrəsinin çap olunması münasibətilə yazırdı:
Qoca Təbriz, artıq burma boynunu,
Vəfalı dostların səfərdən gəlir.
Söylə salam,dayanma, aç qoynunu,
Bu karvan qızıl Xəzərdən gəlir.
“Vətən yolunda” qəzeti geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan burada Azərbaycan
incəsənəti, qədim abidələri haqqında məlumatlara teatr, kino sahəsində yeniliklərə, beynəlxalq
mövzuda yazılmış məqalələr vasitəsilə xalq özünün kimliyini dərk edir, dünya mədəniyyətinə verdiyi
dühalarla tanış olurdu. “Əgər ilk fəaliyyət dövründə qəzet əsasən Sovet mühərrir və yazçılarının
qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə,ikinci dövrdə onun fəaliyyət dairəsi
genişlənmiş və öz ətrafına çoxlu yeni şair, mühərrir və münəqqid toplaya bilmişdi. Bu kimi yazıçılar
sırasında Etimad, Fitrət, Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün və onlarca başqaları vardı”.
“Vətən yolunda” qəzeti Cənubi Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş
imkanlar yaradırdı. Ümumiyyətlə, Cənubi Azərbaycanda milli ədəbiyyatın inkişafında bu qəzetin
əhəmiyyətli rolu olmuşdur.“Vətən yolunda” qəzetində diqqəti cəlb edən cəhətlərdən biri də şimal və
cənub şairlərinin arasında olan sıx ədəbi əlaqələrdir. Ömrü boyu farsca yazan Əli Tudə, M.Mehdi
Etimad kimi şairlər Azərbaycan dilində nəşr olunan bu qəzetin və eyni zamanda Quzey
Azərbaycandan Güneyə gedən yazarların təsiri ilə Azərbaycan dilində yazmağa başlamışdı. Bu şairlər
Şimali ədəbiyyatını böyük maraqla izləyərək, bəzən onlara şeirlərdə ithaf edirdilər.Bu barədə prof.
Almaz Əliqızı yazır: “Siyasətdən, diplomatiyadan köklü şəkildə fərqlənən, dövlət münasibətlərindən
qat-qat yüksəkdə duran ülvi rabitə doğma qardaşların səmimiyyətindən su içirdi. Cənub və Şimal
şairlərinin bir-birlərinə həsr etdikləri şeirlər, daha doğrusu, bu dövr cənubi Azərbaycandakı ədəbi
hərəkat elə onların mənəvi birliyinin, ədəbi əlaqələrinin təsdiqidir. Şairlərinin ədəbi əlaqəsi “Vətən
yolunda” qəzetinin nəşri ilə başlamışıdr.
Təsadüfi deyil ki, Məhəmməd Birya “Möhtərəm şair Süleyman Rüstəmə”,Cəfər Xəndan
Məhəmməd Biryaya (“Görmək”), Mir Mehdi Etimad “Səməd Vurğuna” şeirlər həsr etmişdilər. Ənvər
Məmmədxanlı xatirələrinin birində yazır: “Təbriz ziyalılarının redaksiyasının ətrafında toplaşması
qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyr verdi. Biz cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən
öyrənirdik. Onlar da “Vətən yolunda” qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri
sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəməyi, dilin yad tərkibdən
təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər”.
Qəzetdə eyni zamanda oxucuları dünya xalqları ədəbiyyatı ilə tanış etmək məqsədilə xarici ölkə
yazıçılarının yaradıcılığı haqqında müfəssəl məlumat verilərək,onların əsərlərindən nümunələr də dərc
olunurdu. Cəfər Xəndan Əlişir Nəvai haqqında, eləcə də Qazax şairi Abay Kunanbayevin və Dağıstan
böyük xalq aşığı Süleyman Stalskinin həyat və yaradıcılığı barədə maraqlı, yığcam məqalələr,
əsərlərindən tərcümədən diqqəti cəlb edir.
Qəzetin nömrələrini nəzərdən keçirərkən aydın olur ki, orada yaranan ədəbiyyat həm bədii və
nəzəri, həm də tənqidi və tarixililik baxımından yeni olmuşdur. Bu sahədə təbii ki, Sovet Azərbayca-
nından getmiş Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Osman Sarıvəlli,İsrafil Nəzərli
kimi şair, yazıçı, ədəbiyyatşünas və jurnalistlərin rolu böyük olmuş,məhz onlar tərəfindən atılmış ilk
addımlar cənublu həmkarları tərəfindən davam etdirilmişdir. “Vətən yolunda” qəzeti yerli ədəbi qüv-
vələrin yetişməsində böyük rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc ədiblərin ixtiyarına verirdi.
1941-46-cı illərdə Guney Azərbaycan ədəbiyyatında milli ruhun oyanması, milli özünədərkin
bədii-sədası bir sözlə, yeni ədəbiyyatın yaranması bilavasitə “Vətən yolunda” qəzeti ilə bağlı
olmuşdur.
“Vətən yolunda” qəzetində yaranan ədəbiyyat ümumən Azərbaycan xalqının mənən qovuşduğu
bir ədəbiyyat idi. “Qəzetin fəaliyyəti nəticəsində cənubda Azərbaycan dilinin rolu artırdı, aparılan
maarifləndirmə işləri ölkədə gedən ictima-siyasi prosesslərlə cənubi azərbaycanlıların nüfuzunu
yüksəltdi”.
|