IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1148
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İsa Hüseynov (Muğanna) “İsahəq, Musahəq” romanını ilk variantında “Doğma və yad adamlar”
adlandırmışdı. Əsərin birinci hissəsi “Anadil sirri”, ikinci hissəsi isə “Peyğəmbərin danası” adlanır.
Əsərdə millilik Rəşidlə Qara Canbalayev arasındaki konfiliktin məzmununda özünü göstərir.
Avtobioqrafiq elementlərin üstünlük təşkil etdiyi “İsahəq, Musahəq” romanında milli özünəqayıdış
problemi bədii müstəvidə işlənmişdir. Roman gənc yazıçı Rəşidin dilindən nəql olunur. Yazıçı əsərdə
Seyid Əlinin qızı Nailəni (Nalə) gətirib Rəşidin anasına tapşırması, daha sonra Rəşidin anasının
rəhmətə getməsi, bacılığı Naləni itirməsi əhvalatlarıyla milli-mənəvi yaddaşın itirilməsi səbəblərini
oxucuya çatdırmaq istəyir.
Müəllif əsər boyu milli özünəqayıdışın əsas atributlarından olan milli kök, dil məsələlərini
xüsusilə qabartmışdır. Müəllif milli özünəqayıdış probleminin müxtəlif tərəflərinə məhz təsvir etdiyi
qəhrəmanların fəaliyyətilə işıq sala bilmişdir.
Milli özünəqayıdış probleminin fərqli aspektlərini özündə əks etdirən “Yovşan qağayılar”
əsərində müəllif milli yaddaş, bütöv Azərbaycan, qaçqınlıq, milli mənliyin pozulması kimi problemləri
təhlil müstəvisinə gətirmişdir.
Milli mənlik şüuruna qayıdış zaman-zaman xarici qüvvələri narahat etmişdir. Bu səbəbdən də
onlar türkləşmək ideologiyasını, dövlət və millət müəyyənliyini inkar etməyə çalışmışlar. İstər xarici
qüvvələrin, istərsə də daxili qüvvələrin törətdiyi hadisələri unutmaq olmaz. Müəllif keçmişi olmayanın
gələcəyi olmaz qənaətini əsərin əsas xətti kimi inkişaf etdirərək, tərəqqi etmək üçün keçmişi bilməyin,
onu həmişə xatırlamağın vacibliyini “Yovşan qağayılar” simvolu ilə oxucuya çatdırır.
Tarixi inkişaf prosesinin məhsulu olan milli qürur hissi sosial sarsıntılar, inqilabi dəyişikliklər,
milli mübarizə motivlərində özünü göstərir. Millət və xalqın milli özününəqayıdışının simasını əks
etdirən milli qürur hissi tarixi inkişafın müxtəlif mərhələlərini özündə əks etdirib, varislik prinsipinə
əsaslanır. Kökə, torpağa bağlılıq, ondan ayrı səadəti arzulamamaq kimi fikirlər də, milli özünəqayıdışı
şərtləndirir. Qağayıların sadaqəti, insanlardan etibarlı olmaları, ac olsalar belə uçub başqa yerə
getməmələri, öz vətənlərinin zibilliyində eşələnməyi, başqa diyarda gözəl yaşamaqdan üstün
tutmaqları müəllif tərəfindən əsər boyu izlənilən məsələlərdəndir.
Folklor qaynaqlarından istifadə müstəqillik dövrü Azərbaycan nəsrində də geniş yayılmışdır.
Xalqımızın qəhrəmanlığını, birlik ruhunu ifadə etdirmək üçün mətnarası şifahi xalq ədəbiyyatı
örnəklərindən istifadə edilir. “İsahəq, Musahəq”, “Yovşan qağayılar” romanlarında da bu priyomdan
istifadə edilərək, epik növün əfsanə, nağıl janrlarına müraciət edilmişdir.
Nağıl, əfsanə, rəvayət janrlarının hər birinin özünəməxsus xüsusiyyətləri olmasına baxmayaraq
bu janrların hər birinin kökündə real hadisələr durur. Və hər bir janrda bu reallıq özünü müxtəlif
ampluada büruzə verir. Bu janrlar məzmunca insanın həmin dövrki arzularını, istəklərini, gələcəyə
ümidlərini əks etdirsələr belə realist kökünü saxlamağı bacarır. Birinci romanda “Anadil əfsanəsi,
ikinci romanda isə “Nəhlət daşı” və “Üç qardaş” nağıllarından istifadə olunmuşdur. Müəlliflərin bu
janrlara müraciəti, bizcə, yuxarıda sadaladığımız səbəbdəndir.
Hər iki əsərdə milli özünüdərk və özünəqayıdış problemi ideya və qayə olaraq geniş planda öz
inikas və təcəssümünü tapmışdır. Milli özünəqayıdışı şərtləndirən dil və din, mental və yaddaş, əxlaqi
dəyərlər danışdığımız əsərlərin əsas qayəsini təşkil edir. Bu, nəsrdə milli özünüdərkin, etnik şüur
intibahının bədii ifadəsidir.
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”NDƏ
MƏNƏVİYYAT MƏSƏLƏLƏRİ
Vüsalə ZEYNALOVA
AMEA Şərqşunaslıq institutu
vusalaazizova@mail.ru
AZƏRBAYCAN
Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O,
humanist mütəfəkkir, şair kimi şöhrət qazanmışdır. Səkkiz yüz ildən artıqdır ki, əsərləri dünya bədii
söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətinin cəlb edir.Nizami əsərlərində qaldırdığı bəşəri
ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1149
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dahi şairimiz bütün bəşəriyyətə mənsub sənətkardır. Onun öz əsərlərində tərənnüm etdiyi, poetik
zirvələrə ucaltdığı müqəddəs arzu və amallar, insanpərvərlik, əsl humanism ideyaları hər bir şüurlu
bəşər oğluna xas olan nəcib hislərdir.Ona görə də dünya mədəniyyəti yaşadıqca Nizami də yaşayacaqdır.
Dahi sənətkarımızı əbədiyyat göylərində pərvazlandıran, ona ölməzlik gətirən, onu sənət
dünyasında ilahiləşdirən şairin poemaları – “Xəmsə”sidir.
Bu ad altında birləşən əsərlər Nizami yaradıcılığının təsir dairəsini daha da genişləndirir və onu
ədəbi məktəb səviyyəsinə yüksəldir.
Xəmsə toplusuna daxil olan ilk poema “Sirlər xəzinəsi”dir. Bu əsər adından da göründüyü kimi,
zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə
daxildir. Dahi Azərbycan şairi N.Gəncəvinin öz ilk poemasını Sənai Qəznəvinin “Hədiqətül-həqiqə”
əsərinə nəzirə kimi yazması təsadüfi deyildir. Bu, Nozaminin özündən əvvəlki humanist şeirin
nailiyyətləri ilə hesablaşması, ona biganə qalmaması ilə izah edilməlidir.
“Sirlər xəzinəsi”ni, sözün həqiqi mənasında, Nizaminin yaradıcılıq manifesti adlandırmaq olar.
Bu poema Nizami ”Xəmsə”sinin digər poemalarından öz daxili quruluşuna, kompozisiyasına görə
xeyli fərqlidir. Onu şairin digər poemaları ilə həmahəng edən vahid ideya və bədii məntiqdir. Həmin
ideya, qayə və məqsəd Nizaminin bütün yaradıcılığının ana xətti olan dərin humanizm nəzəriyyəsi-
insansevərlik təlimidir.
Bununla birlikdə ”Xosrov və Şirin”, ”Leyli və Məcnun”, ”Yeddi gözəl”, ”İskəndərnamə”
poemalarında şairin etik, estetik, ictimai ideyaları, bədii surətlər, əlvan həyat lövhələri tipikləşdirilmiş
şərait vasitəsilə açılırsa, ”Sirlər xəzinəsi”ndə bu təlim və mətləb didaktik şəkildə, öyüd-nəsihət yolu ilə
ifadə olunur. Şairin əsas məqsədi oxucuları əxlaqi cəhətdən tərbiyə etmək, onlara həyat kamilliyi,
alicənablıq, həssaslıq, maddi nemətlər yaradanlara ehtiram, məhəbbət və ədalət hisləri aşılamaqdır.
Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda.
Ülviyyətə çatmağa göstər həvəs həyatda.
(”Sirlər xəzinəsi”ndə on dördüncü söhbət)
KOmpozisiya və tematik baxımdan müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalət və
bu məqalətləri epic lğvhələrlə əks etdirən 20 hekayətdən ibarət olan poemanın başlanğıcında şair
tövhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərlərdən söhbət açır, islam dini ehkamları
çərçivəsində onları tərifləyir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də
böyük ideyallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk
illərinin həyatını qaytarmağa çağırır:
Kim ki sevir zülməti, nurdan sən et,
Kim ki sevir cövhər, ərəzdən gen get...
Zülm oduna tezcə su tök bir görək,
Torpağın altında qoy itsin külək...
(“Sirlər xəzinəsi” - Minacat)
Öz fikir və düşüncələrini, ideyalar aləmini bədii sözün qüdrəti ilə geniş təbliğ etmək, “mənəm-
mənəm” deyən qoluzorlu hökmdarlara ibrət dərsi vermək istəyən şair ”Söhbətlər” adlandırdığı
ibrətamiz, hikmətli hekayətlərində real məişət səhnələrini təsvir edir, rəncbərlər, peşəkarlar, şahlar,
sultanlar surətləri yaradır. Şairin ekayətlərində təkcə Azərbaycanın deyil, əksər Yaxın və Orta Şərq
xalqlarının da təbiəti, həyat tərzi, adət-ənənələri parlaq şəkildə əks etdirilir.
Şair ”Sirlər xəzinəsi”ndə göstərirdi ki, nəfsani hissiyyata – hərisliyə, acgözlüyə, şəhvətə, maddi
nemətlərə pərəstişə, hakimiyyət və var-dövlət düşkünlüyünə ağıl gücü ilə qalib gələn, onların əvəzinə
ürəkdə alicənablıq, yüksək niyyətlər, xeyirxahlıq kimi nəcib sifətlər bəsləməyə qadir olan insan öz
mənəviyyatı ilə peyğəmbər rütbəsinə ucalar.İnsan öz canını əziyyətə qatlaşdırıb öz hissiyyatını
tərbiyələndirsə, mələkləri ötüb keçər, mənəviyyat göylərinin yeddinci qatına yüksələr.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Nizami oxuculara aşılamaq istədiyi tövsiyələrə özü
müntəzəm surətdə əməl edirmiş. O, daima özünə əziyyət verir, az yeyib, az yatır, bütün vaxtını
yaratdığı əməyə sərf edirmiş ki, onun iradəsi, ağlı cismani tələblərə tam hakim olsun.
Nizaminin bu təlimi sonralar Avropa ədəbiyyatında da təbliğ olunmağa başladı. Bunu isbat etmək
üçün Çerneşevskinin ”Nə etməli?” romanındakı əsas qəhrəmanlardan birini – Raxmetovu yada salmaq
kifayətdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1150
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Nizaminin əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq da mühüm cəhətlərdən biri
kimi nəzərə çarpır. Şair dönə-dönə qeyd etmişdir ki, adam adama gərək olur. Dostu, yoldaşı olmaq
insanı fərəhləndirir, dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətindən uzaq düşmək adamı yazıq
vəziyyətinə salır. Onun fikrincə ikiüzlü, yalançı dost düşməndən daha qorxuludur. Belələrindən nə
qədər uzaq olsan, o qədər faydalıdır.
Şairin qənaətinə görə, doğruluq, düzlük, sədaqət və namusluluq yüksək əxlaqın, həqiqi insanlığın
ilkin əlamətlərindəndir. Nizami lovğalığı, özünü öyməyi, boşboğazlığı tənqid edir, adamları səmimi və
mərd olmağa, sədaqətli və təvazökarlığa, çox eşidib, az danışmağa, düşünərək danışmağa çağırırdı. O
deyirdi ki, hər sözü düşünüb danışsan, heç vaxt xəcalət çəkməzsən. Elə hərəkət et ki, səhvlərinin
üzrünü istəməyə məcbur olmayasan.
Poemada həmçinin, təlim-tərbiyə məsələləri də xüsusi yer tutur. İnsan ləyaqətinin qızılla, var-
dövlət və nəcabətlə ölçüldüyü orta əsr səltənətində Nİzami cəsarətli addım ataraq şəxsiyyətin
mahiyyəti haqqında kök salmış mürtəce baxışlara sarsıdıcı zərbə endirmiş, ağlı, biliyi, elmi,
düşüncəni, tərbiyə və təlimi yüksək qiymətləndirmişdir.
Əməyə və əmək admlarına dərin məhəbbət Nizami yaradıcılığını səciyyələndirən əsas
keyfiyyətlərdəndir. Şair başqa əsərlərində olduğu kimi ”Sirlər xəzinəsi”ndə də bu mövzuya xüsusi
diqqət yetirir. “Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” hekayələrində Nizami öz fədakar
zəhməti ilə ruzi qazanan, zəhmət çəkməyi özünə borc bilən sadə adamların heyranedici surətini
yaradır.
Zəhmət fəryad deyildir, bir şahlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana.
Düşünmə ki, qəsdinə durub haçandır fələk,
Qapılar bağlasa da, qapı açandır fələk.
(“Sirlər xəzinəsi” – altıncı söhbət)
Beləliklə, Nizaminin təliminə görə, ideal, yetgin cəmiyyət, mənəviyyata qulluq edən həyat
quruluşu yalnız o zaman bərpa oluna bilər ki, cəmiyyətin bütün üzvləri birinci növbədə, hakim
dairələr, öz bioloji instinklərini tərbiyələndirib, bütün qüvvələrini faydalı əməllərə sərf etsinlər.
SABIR AZƏRININ ƏDƏBI-ESTETIK ZÖVQÜNÜN FORMALAŞMASINDA
İSA HÜSEYNOV VƏ İSMAYIL ŞIXLI FENOMENININ ROLU
Gülşanə XUDIYEVA
ADU
email_me@mail.ru
AZƏRBAYCAN
Sabir Azərinin ədəbi zövqünün formalaşmasında İsa Hüseynov və İsmayıl Şıxlı kimi ustad
sənətkarların yaradıcılığının xüsusi rolu olmuşdur. Müsahibələrinin birində yazıçı özü də ədəbiyyatda
öz sözünü deməyə çalışdığı ilk dönəmlərdə İsa Hüseynovun yaradıcılığının və İsmayıl Şıxlının “Dəli
Kür” romanının onun ədəbi zövqünün formalaşmağında böyük rolu olduğunu vurğulayır.
Sabir Azərinin hər iki ustad sənətkardan əxz etdirdiyi sənətkarlıq sirlərindən birincisi gərək ki
qələmin səmimiliyi olmalıdır. Reallıq, həyat həqiqətlərini təhrif etmədən qələmə almaq, milli mənəvi
dəyərlərimizə, milli kimliyə bağlılıq, insana, onun qələbəsinə inam, təbiətə sevgi, dilin sadəliyi və s.
xüsusiyyətlər də bu sırada sadalanmalıdır.
Yazıçı Sabir Azərinin həm İsa Hüseynov, həm də İsmayıl Şıxlı fenomeni haqda maraqlı
məqalələri də vardır. Bu məqalələrində o, ustad sənətkarların yaradıcılıq məziyyətlərindən geniş bəhs
etmişdir. “Qısa yolun intəhasızlığı” adlı məqaləsində S.Azəri İ.Şıxlının iki cildlik seçilmiş
əsərlərindənsöz açmışdır. Maraqlıdır ki, müəllifin İ.Şıxlı sənəti barədə bildirdiyi müsbət fikirlər onun
öz əsərlərinə də şamil oluna bilər. Məsələn, “İnsana inam! İnsanın son nəticədə nəinki ətraf mühitdəki,
hətta öz daxilindəki əks qüvvəyə qəlib gələcəyinə inam!” S.Azəri İ.Şıxlı yaradıcılığının ideya-estetik
platformasını şərh edərkən bu sözləri yazmışdır. Bu fikirlər yazıçının öz yaradıcılığının da əsas ideya
istiqamətini əks etdirir. Onun “Günəşə sarı gedəndə”, “Bozdağın nağılı” povestləri, “Sonsuzluq”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1151
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
romanı və s. kimi əsərləri insana və onun daxilindəki müsbət başlanğıcın qələbəsinə inamın təntənəsi
üzərində qurulub.
“Uzaq səfərlər səyyahı” məqaləsində S.Azəri İ.Hüseynovun sənət dünyası haqqında belə qeyd
edir: “İsa Hüseynov bizim ədəbiyyata yeni təhkiyə, dəqiq psixologizm, detallarda və təsvirlərdə
lakoniklik gətirdi. O, insan psixologiyasının, yazıçı qayəsinin açılışına xidmət göstərməyən hər şeyi
kənara atdı.” Müsahibələrinin birində isə S.Azəri həm özünün, həm də bütövlükdə altmışıncılar ədəbi
nəslinin İsa Hüseynov nəsrinin təsiri altında olduğunu əminliklə bildirmişdi.
İ.Hüseynov və S.Azəri yaradıcılığı üçün ən bariz ortaq cəhətlərdən biri məhz təbiətə bağlılıqdır.
Təbiətə sevgi hər iki yazıçının sənət dünyasının, ədəbi zövqünün təməlində dayanır. Bu sənətkarlar
ana təbiətin timsalında öz humanist duyğularını, ideala inamlarını, cəmiyyətdə görmək istədikləri
müsbət dəyərləri əks etdirmişlər. Sabir Azərinin “Gecə məşəl yanır” povestində meşədəki ağacların
məhv edilməsinə qarşı çarəsiz qalan Alı kişi İsa Hüseynovun “Zəhər” hekayinin qəhrəmanı meşəbəyi
Mirqasım obrazını xatırladır. Hər iki halda meşə məhz dövlət tərəfindən (neft quyusu qazmaq və ya su
bəndi tikmək məqsədi ilə) məhv edilir. Meşəbəyi isə illərlə sərf etdiyi əməyə həm dövlət səviyyəsində,
həm də cəmiyyətin özündə dəyər verilmədiyi həqiqəti ilə üz-üzə qalır. Mirqasımın kədəri göy ürgənin
öldürülməsi ilə, Alı kişinin kədəri isə Səlimənin onları tərk etməsi ilə tamamlanır.
Ana təbiətin məhvinə qarşı üsyankar yazıçı mövqeyini İsa Hüseynovun “Faciə” povestində də
görmək mümkündür. Burada meşədəki ağacların kütləvi şəkildə qırılması acı bir fakt kimi qabardılır
və meşədəki kötüklər vasitəsilə bir sıra mühüm “sirlər” yazıçı mövqeyində aydınlıq tapır. Povestdə
meşə yüksək əxlaqi dəyərlərin, müsbət idealların simvolu kimi təcəssüm olunur. Ən əsası isə, hər iki
yazıçı təbiətə münasibəti milli kimliyə münasibətlə eyniləşdirir və təbiətə qənim kəsilənləri millət,
mənəvi yaddaş düşmənləri kimi pisləyirlər. “Faciə” povestinin qəhrəmanı Zəlimxanın bu cür
düşmənlərə qarşı mübarizəsi Sabir Azərinin “Bozdağın nağılı” povestindəki Lüt İsa, Kamandar kimi
obrazları xatırladır. Öz romantik idealı ilə bu qəhrəmanlar təbiət və milli mənəvi yaddaş
təəssübkeşləridir. Onların antipodu olan torba şinel Kərəm (“Faciə”), Qırp Musa (“Bozdağın nağılı”)
və s. kimi obrazların təmsil etdiyi şər qüvvənin kökü isə uzaq keçmişlə əlaqələndirilir. Bu fikir hər iki
yazıçının müxtəlif əsərlərində əks olunur. “...bu müəllim isə Nizaminin hekayəsinin adını çəkə-çəkə
iddia edirdi ki, “buynuzlu İsgəndər” ölməyib, bu gün də yaşayır, qiyafəsini dəyişdirib, yenə də baş
kəsməklə məşğuldur.” Bu fikirlər İ.Hüseynovun “Faciə” povestindəndir. Sabir Azərinin “Sonsuzluq”
romanında da “İsgəndərin ölməyib qiyafə dəyişdirməsi” fikri əks olunur. Bu kimi paralelliklərin
siyahısını uzatmaq da mümkündür.
Sabir Azərinin “Duman çəkilir” povesti ilə İsmayıl Şıxlının “Dəli Kür” romanının arasında ciddi
ideya-məzmun yaxınlığı olduğunu vurğulamaq lazımdır. Hər iki əsərdə milli kimlik problemi,
müstəmləkəyə çevrilən torpaqlarımızda işğalçı imperialistlərin buraxdığı dərin yaralar əks olunur.
“Dəli Kür” romanının və “Duman çkilir” povestinin baş qəhrəmanları Cahandar ağa vəCəlil bəy
obrazları milli psixologiyanın daşıyıcıları olduğundan onların düşüncələri və həyat hadisələrinə
münasibətləri də bir-biri ilə səsləşir. Hər iki qəhrəman el-obanın təəssübünü çəkir, torpaq və namus
anlayışlarını bərabər tuturlar.
Qəhrəmanların ortaq cəhətlərindən biri də onların bəy, ağa psixologiyasından irəli gələn
xüsusiyyətləridir: hər iki obraz kəndlilərə humanist və qayğıkeş münasibət bəsləsə də bəzən onlara
münasibətlərində ayrıseçkilik, sərtlik də hiss olunur. Cahandar ağa kasıb gəmiçi Qoca dayı ilə
qohumluğu özünə yaraşdırmayıb qeyzlənir. Cəlil bəy isə qapısına gələn qonağın qızına baxdığına görə
naxırçısının oğlu Səməndəri təhqir edir.
Hər iki əsərdə at folklor təfəkküründən irəli gələn motiv kimi diqqət çəkir və qəhrəmanların
namus simvolu kimi dəyər verdikləri atı öz əlləri ilə öldürməsi təsirli səhnələrdəndir.
Lakin Sabir Azəri özünün “Duman çəkilir” povestini qələmə alarkən “Dəli Kür” romanından nə
qədər təsirlənsə də, təkrarçılığa yol verməməyə və yaradıcılığının özünəməxsusluğunu qorumağa
çalışmışdır. Cəlil bəy və Cahandar ağa obrazlarının diqqət çəkən fərqlərindən biri birincinin
müqayisədə daha mülayim, humanist olmasıdır. Bu həm ailə daxili münasibətlərdə, həm də kənd
camaatı ilə ünsiyyətdə hiss olunur, Cəlil bəy sovet hökumətinə qarşı vuruşmur və hətta kolxozun
quruculuq işlərində də iştirak etməyə razı olur. “Duman çəkilir” povestində yazıçı problemi daha da
aydın şəkildə qoymağa çalışır və düz hədəfə nişan alır. Müsahibələrin birində S. Azəri bu əsərlər
haqqında belə bildirmişdir: “ “Dəli Kür” böyük sənət əsəridir. Amma Cahandar ağa obrazını yaratmaq
Cəlil bəy obrazını yaratmaqdan asan idi. Ona görə ki, Cahandar ağa XIX əsrdə yaşamışdı, Cəlil bəy
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1152
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
isə bizim müasirimiz idi. Rejimin vurub-tutan çağında yaşayırdı.” (43) Sabir Azəri sovet dövründə
bəylərin sosial-sinfi mübarizə prinsipindən qaniçən mülkədar kimi təqdim və təlqin olunmasının
qarşısını almağa çalışmışdır. Bu cəhət, ümumiyyətlə, milli-mənəvi dəyərlərə bağlılıq, milli
özünüdərkin inikası Sabir Azəri yaradıcılığını İsmayıl Şıxlı ədəbi irsi ilə yaxınlaşdırır.
Yuxarıda nümunə gətirilən fikirlər, müqayisəli təhlillər Sabir Azəri qələminin daha çox İsa
Hüseynov və İsmayıl Şıxlı yaradıcılığından təsirləndiyini əks etdirir.
SARA OĞUZ NƏZİROVANIN ƏSƏRLƏRİNDƏ
QADIN PORTRETLƏRİ
Şövkət İSMAYILOVA
Qafqaz Universiteti
soismayilova@qu.edu.az
AZƏRBAYCAN
Xəyal qırıqlığı, kədər, peşmançılıq, məhrumiyyət, təəssüflər... Sara Oğuz Nəzirovanın əsərlərinin
oxucuda buraxdığı təəssüratlar bunlardan ibarətdir.
Kitabda heç bir əsərin nikbin xarakterdə yazılmaması diqqət çəkir. Lakin yazıçının bütün povest
və hekayələrindəki bu əhval-ruhiyə təbiidir, səmimidir. Bəlkə də elə ona görə oxucu sıxılmır, onu
axıracan oxumaq ehtiyacı duyur. Hadisələrin nə ilə nəticələnəcəyini görmək istəyir. Bu təbiilik həyat
təcrübəsinin, yazıçının özünün bu əziyyətli həyatın içindən keçib gəldiyinin açıq-aydın isbatıdır.
Hekayə və povestlərdə birbaşa müəllifi görməsən də, eşitməsən də onu duyursan. O öz hiss və
düşüncələrini, ürək ağrılarını, puç olmuş xəyallarını obrazların həyatına köçürərək göstərir, onların dili
ilə səsləndirir. Və oxucu elə obrazların vəsiləsilə sanki müəlliflə diz-dizə, göz-gözə oturub onu
dinləyir.
Yazıçıda diqqət çəkən bir başqa məqam obrazlarına olan münasibətidir. O heç bir qəhramanını
pisləmir, mənfi xüsusiyyətlərini açıqca göstərmir. Dolayısı ilə mühakimə yürütmür. Sara Oğuz sadəcə
təsvir edir. Obraz daxili aləmini öz davranışları ilə, danışığı ilə özü açıb ortaya qoyur. Bəzən oxucu
dillemma arasında qalır, onu necə dəyərləndirəcəyini bilmir. Çünki bir qisim davranışlar və
ətrafdakıların münasibəti obrazı müsbət olaraq qələmə verir. Lakin əsərin sonuna yaxınlaşdıqca hər
şey gün işığına çıxır. Beləliklə, müəllif oxucunu düşünməyə vadar edərək özünün nəticə çıxarmasını
istəyir. Bunu edərkən isə özünü ustalıqla gizləyir. Yəni oxucu müəllifin varlığını tamamilə unudur.
Sara Oğuz Nəzirova cəmiyyətdəki qüsurları açmaq və onların tərbiyəsinə yol göstərmək üçün
böyük-böyük obrazları seçib, böyük-böyük hadisələrdən danışmır. Onun qəhrəmanları “balaca”, adi,
sadə adamlardır. Əsərlər bütünlükdə bu “balaca” adamların ətrafında dövr edən hadisələrdən ibarət
olur. Çox vaxt bu hadisə qısa vaxt ərzində baş verir. Lakin bu kiçik zaman dilimi özündə keçmişin
keşməkeşi ilə gələcəyin arzu və ümidlərini qovuşdurur. Beləcə, zaman məfhumunu öz qələmi ilə
qeyri-adi şəkildə işləyən Sara Oğuz Nəzirovanın oxucusu hadisələrin qısalığının fərqində deyil.
“Ümid ulduzu” povestini bu aspektdən dəyərləndirmək daha maraqlı olar. Əsərin əvvəlində tanış
olduğumuz, saf bir piano xəyalının yaşadığı dövrün məhrumiyyətləri nəticəsində əlçatmaz olduğunu
duyan balaca bir kənd qızını biz bir anda şəhərdə bacılarına qol-qanad gərən, həmin xəyalı qəlbində
sızlayan yaraya çevrilmiş və elə yenə məhrumiyyətlərin nəticəsində xəyallarına can atsa da heç nə əldə
etmədən istəmədiyi bir həyatı yaşamaq məcburiyyətinda qalan bir gənc müəllimə olaraq görürük.
“Tale damğası”nda isə gecə yuxusunda rəhmətə getmiş xalasını görüb xatirələrlə uşaqlığına
dönən yenə bir gənc qızı görürük. Lakin burdakı xəyal qırıqlıqları, ağrılar tamam başqa səbəblərdən
doğur. Iki əsərin ortaq nöqtəsi qəhərmanlarının arzu və istəklərinin xilafına olan bir həyatı məcburi
yaşamalarıdır. Sibirə sürgün olunmuş atasının həsrəti ilə böyüyən Şamxatun bu başsızlığın qurbanı
olaraq sevmədiyi Şamxal tərəfindən qaçırılır. Ilk zamanlar israrla bu evliliyə qarşı dursa da sonradan
körpəsinin xatirinə boyun əymək məcburiyyətində qalır. Və ömrünün sonuna qədər istəmədiyi bir
həyatı yaşamağa məhkum olur.Bu povestdən danışarkən onun dilini nəzərdən qaçırmaq doğru olmaz.
Sara Oğuz həm köhnəlmiş, həm də dialekt sözlərindən istifadə edərək elə zəngin bir dil ortaya qoyur
ki, oxucu heyran qalır. Eymənmək, uralanmaq, uruğur, alamançı, sədəmə, diringi çalmaq kimi söz və
|