Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix14.01.2017
ölçüsü5,83 Mb.
#5281
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Amerika prezidentləri
tik abolisionist olan Con Braun Virciniyanın Harpers-Fer-
ri şəhərindəki silah anbarını ələ keçirməklə qulları üsyana 
qaldırır. Lakin qulların üsyanı amasızca yatırılır. Con Braun 
və oğlanları edam edilir.
Bu  ərəfədə Konqres Bükenen administrasiyasını kor-
rupsiyada ittiham edərək, onun fəaliyyətini təftiş etmək 
üçün komitə yaradır. Aparılan yoxlamalar nəticəsində pre-
zidentin günahı sübut olunmasa da, onun nüfuzuna böyük 
zərbə  dəyir. Amma Bükenen hələ prezident seçildiyi ilk 
günlərdə təkrar seçkilərdə iştirak etməyəcəyini bildirmişdi.
Demokratların 1860-cı il aprel ayında Çarlstounda ke-
çirilmiş, prezident seçkilərinə  həsr edilmiş Konventi par-
tiyanın  Şimal və  Cənub qanadları arasında ciddi fi kir ay-
rılığı olmasını üzə  çıxartdı. Nəticədə,  Şimaldan Stiven 
Duqlas, cənubdan isə Con Brekinric prezidentliyə namizəd 
göstərildi. Səslərin bölünməsi onların məğlub olacağını qa-
baqcadan göstərirdi. 
Bükenen prezidentlik müddətinin qalan hissəsində 
də  Cənub  ştatlarının  İttifaqdan çıxmasının qarşısını al-
mağa, heç olmasa onu yeni seçilmiş prezident Linkolnun 
fəaliyyətə başlamasına qədər təxirə salmağa səy göstərirdi. 
Lakin onun bu cəhdləri də fayda vermədi. Beləliklə 1860-cı 
il dekabrın 20-də Cənubi Karolina, 1861-ci ilin fevralında 
isə digər altı cənub ştatı İttifaqdan çıxaraq Amerika Konfe-
derativ Ştatlarını yaratdıqlarını elan etdilər.
Prezidentlik müddəti başa çatdıqdan sonra Bükenen 
Lankaster yaxınlığındakı Uitlend malikanəsində yaşayır. 
Vətəndaş müharibəsi ərəfəsində mətbuatda gedən yazılar-
da o, nəinki problemin həllində qətiyyətsizlik göstərməkdə, 
hətta vətənə  xəyanətdə günahlandırılırdı. Baş verənlərdən 
məyus olan eks-prezident gələcəkdə  bəraət qazanacağına 
ümid bəsləyirdi. O, 1861-ci il iyunun 1-də öz malikanəsində 
vəfat etmişdir.

97
Amerika prezidentləri
AVRAAM LİNKOLN
(ABRAHAM LINCOLN)
 (1861-1865)
XIX yüzilliyin 60-cı illəri ABŞ dövləti üçün ağır sınaq 
dövrü olmuşdur. Burada söhbət ölkənin qarşılaşdığı  hər 
hansı sosial-iqtisadi problemdən deyil, onun ərazi bütöv-
lüyünün qorunub saxlanmasından, demokratik dəyərlərə 

98
Amerika prezidentləri
əsaslanan, insan hüquqlarının qorunmasını özünün baş-
lıca prinsipi elan etmiş bir dövlətin mövcudluğundan ge-
dir. Xatırladaq ki, hələ C.Vaşinqton öz vəsiyyətnaməsində, 
ona məxsus qullara azadlıq verilməsini istəmişdi. 60-cı 
illərədək ölkə prezidentlərinin demək olar ki, əksəriyyəti 
qul sahibləri olsa da, onların mütərəqqi fi kirliləri quldarlı-
ğın əleyhinə olmuşdur.
30-cu illərdə başlamış abolisionizm hərəkatı 50-ci 
illərdə öz apogeyinə çatır. Hər bir keçid dövrü özünəməxsus 
lider, xalq kütlələrinin marağından çıxış edərək, onu qlobal 
problemlərin həlli üçün ardınca apara biləcək rəhbər ye-
tişdirir. Birləşmiş Ştatların 16-cı prezidenti olmuş Avraam 
Linkoln məhz belə liderlərdən idi. Onu haqlı olaraq ABŞ 
tarixində üç böyük prezidentdən biri hesab edirlər.
Avraam Linkoln 12 fevral 1809-cu ildə Kentukki şta-
tının Hocenvill yaşayış  məntəqəsində,  əcdadları ilk Avro-
pa immiqrantlarından olan fermer ailəsində dünyaya gəlib. 
Atası Tomas Linkoln savadı olmasa da zəhmətkeş fermer 
idi. Balaca Avraam ilk ibtidai təhsilini qonşuluqda yaşa-
yan müəllimdən alır. 1816-cı ildə Linkolnlar ailəsi  İndia-
naya köçür. Bu zaman qərbdə «süd titrətməsi» deyilən yo-
luxucu xəstəlik tüğyan edirdi. Çox keçmir ki, anası Nensi 
Linkoln bu xəstəlikdən vəfat edir. 1819-cu ildə T. Linkoln 
Sara Constonla ailə qurur. Mülayim təbiətli, qayğıkeş ana 
olan xanım Conston Avraamın xarakterinin formalaşma-
sına böyük təsir göstərmişdir. Ailənin tez-tez öz yaşayış 
yerini dəyişməsi Avraamın sistemli təhsil almasına imkan 
verməmişdir. Onun əsas müəllimi həyat özü idi.
Linkoln ilk əmək fəaliyyətinə varlı qonşunun malika-
nəsində günəmuzd işçi kimi başlayır. Torpağın becərilməsi, 
atlara qulluq, taxılın döyülməsi onun gündəlik gördüyü işlər 
idi. Gənc Linkolnun həyatında ilk böyük hadisə, dairənin 
varlı adamlarından biri Ceyms Centri ilə birgə  səyahətə 
çıxması olmuşdur. Ticarət məqsədilə edilən bu səfərdə ən 

99
Amerika prezidentləri
yaddaqalan hadisə Yeni Orleanla tanışlıq olmuşdur. ABŞ-ın 
qeyri-rəsmi qul bazarı hesab edilən Yeni Orleanda Linkoln 
qulların hərracda necə satılmasının şahidi olur. Bu 19 yaşlı 
Avraama olduqca pis təsir edir və quldarlığa qarşı onda bö-
yük nifrət hissi oyadır.
1830-cu ildə yayılan epidemiya Linkolnların  İllinoys 
ştatına köçməsinə səbəb olur. Bir il sonra müstəqil həyata 
qədəm qoyan Avraam kiçik Nyu-Salem kəndində  məs-
kunlaşır. Burada o, ilk dəfə seçici kimi seçkilərdə  iştirak 
edir. Federal konqresə keçirilən seçkilərdə Linkoln viqlər 
partiyasının tanınmış nümayəndəsi Henri Kleyə  səs verir. 
Sonralar o, özünü H.Kleyin şagirdi adlandırardı.
Müstəqil həyat yaşayan gələcək prezident müxtəlif 
peşələrdə özünü sınayaraq odun yaran, torpaqölçən, poçt 
xidmətçisi, vəkil kimi fəaliyyət göstərmişdir. Bununla ya-
naşı o, müstəqil olaraq təhsilini artırmaqla məşğul olur.
1832-ci ildə siyasi fəaliyyətə başlamaq arzusu ilə,  İlli-
noys qanunvericilik orqanına seçkilərdə namizədliyini irəli 
sürür. Lakin tezliklə hindulara qarşı başlayan müharibə onun 
bu arzusunu reallaşdırmağa mane olur. Könüllü olaraq ordu-
ya gedib kapitan rütbəsi alsa da hərbi əməliyyatlarda iştirak 
etmir. Müharibədən sonra yenidən namizədliyini irəli sürsə 
də, uğur qazanmır. Məğlub olmasına baxmayaraq bu seçkilər 
onun siyasi cəhətdən püxtələşməsinə kömək etmişdi.
Nəhayət 1834-cü il seçkilərində tale üzünə gülür və 25 
yaşlı Avraam ştat parlamentinə üzv seçilir. Çox keçmir ki, 
gənc deputat viqlərin parlamentdəki fraksiyasına başçılıq 
edir və 1836, 1840-cı illərdə yenidən deputat seçilir.
1842-ci ildə cənub müstəmləkəçisinin qızı Meri Toddla 
ailə qurur. Onların dörd oğlu olsa da, yalnız biri, Robert 
Todd yetkinlik yaşına qədər yaşamışdır.
1846-cı ildə Konqresə keçirilən seçkilərdə qalib gələn 
Linkoln,  İllinoys  ştatını Nümayəndələr palatasında təmsil 
edir. Burada o, Meksika ilə aparılan müharibənin əleyhdarı 

100
Amerika prezidentləri
kimi çıxış edir. Bu çıxışlar ona böyük nüfuz qazandırsa da, 
təkrar seçkilərdə məğlub olur və İllinoysa qayıdaraq vəkil 
kimi fəaliyyət göstərir.
50-ci illərin birinci yarısında quldarlığa qarşı mübarizə 
daha da kəskinləşir və quldarlıq əleyhdarlarının bir cəbhədə 
birləşməsi ilə nəticələnir. 1854-cü il 25 fevralda Viskonsin 
ştatının Ripon şəhərində bəzi viq, demokrat və quldarlığa 
qarşı radikal mövqe tutmuş digər qruplar birləşərək yeni 
respublikaçılar partiyasının yaranmasını elan edirlər. Lin-
koln partiyanın yaradılmasında əsas fi qurlardan biri olur. 
1856-cı ildə respublikaçıların namizədi C.Frimontun 
prezident seçkilərində  məğlub olması quldarlıq problemi-
nin dinc yolla həll olunmayacağını göstərdi.
1858-ci ildə senata keçirilən seçkilər Linkolnun siyasi 
karyerasında mühüm yer tutur. O, bu mübarizədə çoxdan-
kı siyasi rəqibi, demokrat Stiven Duqlasa məğlub olsa da, 
seçkiönü keçirilən görüşlər, debatlar, onu quldarlığın qatı 
əleyhdarı kimi bütün ölkədə tanıtdı.
1859-cu ildə baş vermiş Con Braun qiyamı növbəti il 
keçiriləcək prezident seçkilərində quldarlıq probleminin 
aparıcı mövzu olacağından xəbər verirdi.
16 may 1860-cı ildə Respublikaçılar partiyasının pre-
zident seçkilərinə  həsr olunmuş Çikaqo konqresi keçiril-
di. Partiyanın  əsas namizədləri U.Syuard və Linkoln ara-
sında qızğın mübarizə getdi. Yalnız üçüncü səsvermədən 
sonra Avraam Linkoln partiyanın namizədi oldu. Onun bu 
qələbəsi ölkənin siyasi həyatında böyük hadisə idi.
Quldarlığa olan münasibət demokrat partiyasında 
ikitirəliliyin yaranmasına səbəb olmuşdu. Bu səbəbdən on-
lar seçkilərə vahid namizədlə gedə bilmədilər. Partiyanın 
Şimal qanadından Stiven Duqlas Cənubdan isə Con Bre-
kinric namizəd göstərildi. Səslərin bölünməsi Linkolnun 
qələbə qazanmaq imkanını artırdı. Gərgin keçən seçkilərdə 
Linkoln 39,8 % səs toplayaraq prezident oldu.

101
Amerika prezidentləri
Kabineti qurarkən böyük siyasi bacarıq nümayiş etdirən 
Linkoln köhnə siyasi rəqiblərinə üstünlük verdi. Belə ki, 
U.Syuard (xarici işlər), Edvard Beyts (ədliyyə), Salman 
Çeyz (maliyyə) əsas vəzifələrə təyin edildilər.
Linkolnun prezident seçilməsi Cənubda böyük həyə-
canla qarşılandı. O, vəzifəsinin icrasına başlamamış ölkədə 
fövqəladə hadisələr baş verdi. Hələ Milad bayramından 
əvvəl Cənubi Karolina ştatı  İttifaqdan çıxdı. Onun ardın-
ca daha yeddi ştat: Alabama, Corciya, Luiziana, Missisipi, 
Texas, Tennessi və Florida İttifaqdan ayrıldılar və 4 fevral 
1861-ci il tarixdə yeni müstəqil dövlətin: Amerika Konfe-
derativ Ştatlarının yarandığını elan etdilər. Varlı quldar, eks-
prezident Pirsin formalaşdırdığı kabinetdə müdafi ə naziri 
olmuş Cefferson Devis yeni yaradılmış dövlətin müvəqqəti 
prezidenti seçildi.
Ştatların ayrılmasına Linkoln birmənalı olaraq müna-
sibət bildirdi: «Secession (ştatların  İttifaqdan ayrılması) 
ölkə konstitusiyasının kobud şəkildə pozulmasıdır və İtti-
faq mütləq bərpa edilməlidir».
12 fevral 1861-ci ildə Konfederasiya qoşunları Sam-
ter fortuna hücum edərək onu ələ keçirdilər. Vətəndaş 
müha ribəsi başlandı. Linkoln Cənub  Ştatlarını qiyamçı 
elan edərək 75 minlik könüllülər ordusu yaratdı. Lakin o, 
müharibənin quldarlığın ləğvi üçün deyil, İttifaqın bütövlü-
yü uğrunda aparıldığını elan etdi.
Müharibəni  şərti olaraq iki mərhələyə bölürlər: 1861-
62 və 1863-65. Birinci mərhələdə şimallılar bir sıra məğ-
lubiyyətlərə düçar oldular. Bunun səbəbi komandanlığın 
əsasən təcrübəsiz generalların  əlində olması idi. Digər 
tərəfdən,  əvvəlcədən elan olunmasına baxmayaraq homs-
tedlər haqqında qanunun qəbul edilməməsi uğursuzluqla-
rın əsas səbəblərindən hesab olunur. 1862-ci ilin mayında 
homstedlər haqqında qanun qəbul edildi. Qanuna görə tor-
paq becərmək istəyən hər amerikalı cüzi haqq ödəməklə 

102
Amerika prezidentləri
160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Prezident 1862-
ci ilin sentyabr ayında «Azadlıq haqqında bəyannamə»ni 
imzaladı. Bəyannamədə 1863-cü il yanvarın 1-dən ölkədə 
quldarlığın ləğv olunması elan olunurdu.
Yalnız 1863-cü ilin yayında Şimal ordusu ilk uğurlarını 
qazanmağa başladı. Gettisberq yaxınlığında baş verən qanlı 
savaşlarda general Qrantın komandanlığı altında federalistlər 
ordusu böyük qələbə qazandı. Həmin il 19 noyabrda Linkoln 
gələcəkdə «Gettisberq müraciəti» adını almış məşhur nitqini 
söylədi. Prezident deyirdi: «Bu müharibə, bizim qismətimizə 
düşən sınaqlar bir şeyi göstərməli idi: demokratik dövlət, 
«bütün insanlar anadan bərabər doğulmuşlar» prinsipi 
üzərində qurulmuş bir dövlət sağ qalıb yaşaya biləcəkmi». 
Linkoln hazırlıqsız söylədiyi iki dəqiqəlik nitqində eyni za-
manda demokratiyanın – «xalq hakimiyyəti, xalq üçün və 
xalqın həyata keçirdiyi idarəetmə üsulu» kimi qısa və dəqiq 
təyinini verə bildi.
1864-cü ilin martında prezident general Qrantı Ali Baş 
Komandan təyin etdi. Qrant Uilyam Şerman və Filip Şe-
ridanla birgə Linkolnun hərbi planını – geniş miqyaslı və 
yaxşı  mərkəzləşdirilmiş hücum planını  həyata keçirərək 
müharibənin gedişində ciddi dönüş yaratdı.
1864-cü il prezident seçkiləri xüsusi əhəmiyyət kəsb 
edirdi və iyulda Linkoln ikinci müddətə namizəd göstərildi. 
Onun rəqibi isə vaxtilə Şimal ordusuna komandanlıq etmiş 
və 1862-ci ildə Linkolnun əmri ilə istefaya göndərilmiş 
general Mak-Klelan idi. Xatirladaq ki, Endrü Ceksondan 
sonra heç bir prezident təkrar seçkilərdə  uğur qazanma-
mışdı. Lakin Linkoln seçkilərdə 55 % səs toplayaraq ikinci 
müddətə prezident seçildi.
Linkolnun qələbəsi döyüşlərə öz əhəmiyyətli təsirini 
göstərdi. 2 sentyabr 1864-cü ildə general Şermanın Atlanta 
və Corciyanı tutması tam qələbə üçün ciddi zəmin yarat-
dı. Bu ərəfədə prezident konstitusiyaya quldarlığın ləğvini 

103
Amerika prezidentləri
özündə ehtiva edən 13-cü dəyişikliyi Konqresə təqdim etdi. 
Konqres bu dəyişikliyi 2/3 səs çoxluğu ilə təsdiq etdi. 1865-
ci ilin aprelində general Qrantın komandanlığı ilə Şimal or-
dusu Konfederasiyanın paytaxtı Riçmondu tutdu. Aprelin 
9-da general Li və ordusunun təslim olması ilə müharibə 
sona çatdı.
Müharibə qurtardıqdan bir neçə gün sonra, aprelin 14-
də Linkoln Ford teatrında tamaşaya baxarkən aktyor Con 
Uilks Buts tərəfi ndən sui-qəsdə məruz qalaraq ağır yaralan-
dı və elə həmin gecə vəfat etdi.
Linkolnun qətlində çoxlu müəmmalı nüanslar var. Onun 
həyatına bir neçə sui-qəsd cəhdi olmuşdu. 1865-ci ilin mar-
tında üstündə «Qətl» yazılmış xüsusi qovluqda 80-ə yaxın 
yazılı qətl təhdidi saxlanılırdı. Linkoln bu təhdidlərə nəinki 
fi kir vermir, hətta onlara ironiya ilə yanaşırdı. Xüsusi iste-
dad sahibi olmayan aktyor Buts quldarlığın fanatik tərəfdarı 
idi. İstintaq onun bu qətli çoxdan hazırladığını üzə çıxartdı. 
Tezliklə bu qətldə təkcə Cənub quldarları deyil, Şimaldan 
bəzi quldarlıq tərəfdarlarının da əli olduğu aşkar edildi. Pre-
zident qətlə yetirilən gün onun şəxsi mühafi zəsinə  məsul 
əməkdaşların səhlənkarlığı, Butsun qaçdığı yoldan başqa 
Vaşinqtondan çıxan bütün yolların bağlanması, qatilin diri 
tutulması əmr edilsə də, onun həbs edilərkən öldürülməsi 
bu nəticəyə gəlməyə əsas verirdi. Buts Linkolna atəş açaraq 
bu sözləri qışqırmışdı: «Tiranlar belə öldürülür. Cənubun 
intiqamı alındı». Lakin, bu intiqam deyil, siyasi terror idi. 
Prezident «Azadlıq bəyannaməsini» imzalayarkən belə de-
mişdi: «Əgər mənim adım tarixə yazılarsa, bu bəyannaməyə 
görə yazılacaq. Onda mənim ruhum yaşayır». Linkoln 
həqiqətən tarixə düşdü və gördüyü böyük əməllərə öz qanı 
ilə möhür vurdu. 

104
Amerika prezidentləri
ENDRÜ CONSON 
(ANDREW JOHNSON)
(1865-1869)
Linkolnun qətlindən bir gün sonra 1865-ci il aprelin 15-
də vitse-prezident Endrü Conson prezident səlahiyyətlərinin 
icrasına başladı. Vətəndaş Müharibəsi Şimallıların qələbəsi 

105
Amerika prezidentləri
ilə başa çatsa da, ölkənin gələcək taleyi qeyri-müəyyən 
olaraq qalırdı.  İttifaqdan ayrılmış  ştatların statusu necə 
olacağı bilinmirdi. Rekonstruksiyanın (ayrılmış  ştatların 
İttifaqa qaytarılması) kimin, Konqresin yoxsa preziden-
tin səlahiyyətlərinə aid olması, azadlıq  əldə etmiş qulla-
rın statusu problemi həllini gözləyirdi. Təəssüf ki, Conson 
müxtəlif səbəblər üzündən bu problemlərin öhdəsindən 
gələ bilmədi.
  Hələ 4 mart 1865-ci ildə, Prezidentin andiçmə 
mərasimində göstərdiyi fərdi xüsusiyyətləri onun vəzifəsini 
layiqincə yerinə yetirəcəyini şübhə altına alırdı. Respubli-
kaçı Linkolna hər mənada yaxşı köməkçi hesab edilən Ten-
nessili demokrat, vitse-prezident kimi ilk çıxışını edərkən 
sərxoş olmuşdu. Onun bu vəzifəyə namizəd göstərilməsinin 
bir neçə səbəbi vardı. Əvvəla respublikaçılar bununla İtti-
faqa sadiq demokratların səsini almaq istəyirdilər. Digər 
tərəfdən Conson Tennessi ştatının hərbi qubernatoru 
olarkən fəaliyyəti ilə radikal respublikaçıların rəğbətini qa-
zanmışdı.
Endrü Conson 29 dekabr 1808-ci ildə Şimali Karolina-
nın Reyley şəhərində dünyaya gəlib. Üç yaşı olarkən ata-
sını itirən Endrü anasının himayəsində böyümüş, heç vaxt 
məktəbə getməmişdir. O, 14 yaşında ikən dərzi C.Selbinin 
yanında şagird olur. Müqaviləyə əsasən yetkinlik yaşınadək 
usta yanında qalmalı olan Conson iki il sonra emalatxana-
dan qaçaraq balaca Kartic şəhərində özəl dərzixana açır.
1826-cı ildə Texasın Qrinvell şəhərinə köçən Conson, 
burada aldığı ikimərtəbəli malikanədə işini davam etdirir. 
Elə həmin il yerli çəkməçi qizi Elayza Mak-Kardl ilə ailə 
qurmuş və bu nikahdan onların beş övladı olmuşdur. Gec 
də olsa təhsil almasına həyat yoldaşının böyük təsiri olur.
Consonun yerli siyasətdə  iştirakı da uğurlu olmuşdur. 
Gələcək prezident parlaq siyasi karyera edə bilməsini Ame-
rika demokratiyasının nailiyyəti hesab edirdi. Artıq 21 ya-

106
Amerika prezidentləri
şında o, Qrinvill şəhər sovetinin üzvü, sonra isə meri seçilir. 
1834-cü ildə  ştat parlamentində siyasi fəaliyyətini davam 
etdirir. Doqquz il sonra isə Vaşinqtonda, Nümayəndələr Pa-
latasında ştatı təmsil edir.
Siyasi irəliləyişi ilə yanaşı şəxsi biznesi də sürətlə inki-
şaf edir. Onun kiçik dərzixanası böyük müəssisəyə çevrilir 
və sahibinə gəlir gətirir.
1852-ci ilə  qədər Konqresdə  fəaliyyət göstərdikdən 
sonra, Conson Tennessi qubernatoru seçilir. İki seçki 
müddətində bu vəzifədə çalişir. Konqresə keçirilən növbəti 
seçkilərdə Tennessini Senatda təmsil etmişdir. Qeyd edək 
ki, Vətəndaş Müharibəsi ərəfəsində Cənub ştatlarını Senat-
da təmsil edən yeganə şəxs olmuşdur.
1862-ci ildə prezident Linkolnun əmri ilə briqada ge-
neralı rütbəsi almış və Tennessinin hərbi qubernatoru təyin 
edilmişdir.
E.Consonun prezident kimi gördüyü ilk iş qiyam işti-
rakçılarına amnistiya elan etməsi oldu. 29 may 1865-ci ildə 
imzalanmış akta əsasən amnistiya fərdi qaydada aparılırdı. 
20.000 dollardan artıq kapitala malik hər bir qiyam iştirak-
çısı prezidentə əfv olunması üçün şəxsən ərizə ilə müraciət 
etməli idi. Bu onun Cənub aristokratiyasına dərin nifrətinin 
göstəricisi idi. Bir neçə ay ərzində artıq 13.000 nəfər  əfv 
edilmişdi.
Lakin Consonun Cənub  ştatlarına müvəqqəti quber-
natorlar təyin etməsi radikal respublikaçıların narazılığına 
səbəb oldu. Çünki yeni qubernatorların əksəriyyəti köhnə 
quldar plantatorlar idi. Prezidentin rekonstruksiya planına 
əsasən quldarlıq ləğv edilsə də, qaradərililərə heç bir siya-
si-iqtisadi azadlıq verilmirdi. Hətta vaxtilə general Şerman 
tərəfi ndən döyüşlərdə iştirak etmiş zəncilərə verilən torpaq-
lar da geri alınmalı idi.
Consonun yeritdiyi bu siyasət Cənubda razılıqla qar-
şılanırdı. Prezident ilk əvvəl Konqresdə  də  dəstəklənirdi. 

107
Amerika prezidentləri
O, Konqresə göndərdiyi illik hesabatda tutduğu mövqe-
ni Cənub  ştatlarının  İttifaqdan leqal olaraq çıxmadıqla-
rı ilə  əsaslandırır və bu yolla ştatların  İttifaqa qayıtması-
nı sürətləndirdiyini bildirirdi. Lakin Konqres, xüsusilə  də 
radikal respublikaçıların tələbi ilə  zəncilərin hüquqları-
nın müdafi əsinə yönəlmiş iki qanun layihəsini prezidentə 
təqdim etdi.
Qanun layihələrinə, xüsusilə zəncilərə seçki hüquqları 
verilməsini nəzərdə tutan «Vətəndaş hüquqları haqqında 
Bill»ə qəti etirazını bildirən prezident hər iki qanuna veto 
qoydu. Bu isə Konqreslə prezident arasında ziddiyyətlərin 
yaranmasına səbəb oldu.
1867-ci ilin yanvarında Konqres Kolumbiya dairəsində 
zəncilərə seçki hüququ verən qanunu qəbul etdi. Lakin 
prezident bu qanunu ştatların konstitusiya hüquqlarının 
pozulması kimi dəyərləndirib, ona veto qoydu. Cavab 
olaraq Konqres 2/3 səs çoxluğu ilə vetonu ləğv etdi. Bu 
prezidentlə Konqres arasındakı münasibətlərin tam pozul-
ması ilə nəticələndi.
1867-ci ilin fevralından başlayaraq Konqres rekons-
truksiya ilə bağlı bir neçə qanun qəbul etdi. Bu qanunlara 
əsasən Cənub beş hərbi dairəyə bölünməli və bu dairələrə 
Şimallı generallar başçılıq etməli idi. Zəruri halda onlar 
hərbi hüquqlarından istifadə edə bilərdilər. Bu, Conson 
siyasətinin tam ifl ası demək idi.
Lakin prezident hələ  də Konqresə inadla müqavimət 
göstərirdi. O, iki hərbi dairənin rəhbərini, xüsusilə də Se-
natin razılığı olmadan hərbi nazir Edvin Stentonu tutduq-
ları  vəzifədən kənarlaşdırdıqda Nümayəndələr Palatası 
prezidenti impiçment qaydasında mühakiməyə qərar verdi. 
Beləliklə ABŞ tarixində ilk və  hələlik yeganə  dəfə prezi-
dent qanuni qaydada mühakimə edildi.
1867-ci ilin mayında Senatda impiçment məsələsinə 
görə 
səsvermə keçirildi. Yeddi respublikaçının 

108
Amerika prezidentləri
gözlənilmədən prezidentin lehinə  səs verməsi Consonu 
vəzifədən kənarlaşdırılma biabırçılığından qurtardı. (Pre-
zidentin senatda impiçment qaydasında mühakiməsi üçün 
edilən təklif 2/3 səs çoxluğu almalıdır).
Baş verənlərdən sonra Conson rekonstruksiya 
məsələsində Konqreslə qarşıdurmaya getmədi. Lakin o, tut-
duğu siyasi kursun doğruluğuna, Konstitusiya çərçivəsində 
olmasına qəti şəkildə inanırdı.
Conson xarici siyasətdə, xarici işlər naziri Uilyam Syuar-
dın məqsədyönlü və düşünülmüş fəaliyyəti nəticəsində bəzi 
uğurlar qazanmışdır. O, diplomatik təzyiq vasitələrindən 
istifadə edərək fransız qoşunlarının Meksikadan çıxarılma-
sına nail olmuş, bununla Meksika xalqının müstəqilliyini 
bərpa etməsinə kömək göstərmişdir. Syuardın hazırladı-
ğı plana görə Karib hövzəsindəki bəzi adaların satın alın-
ması Senatda dəstəklənməsə də, Birləşmiş Ştatlar 1868-ci 
ildə Rusiyaya 7,2 milyon dollar ödəməklə strateji cəhətdən 
əhəmiyyətli və zəngin xammal ehtiyatına malik Alyaskanı 
özünə birləşdirir.
Cənubda böyük hörmətə malik olmasına baxmayaraq 
təkrar seçkilərdə Consonun namizədliyi irəli sürülmədi. 
Vəzifədən getdikdən sonra da şöhrətpərəst eks-prezident 
aktiv siyasətdən kənarda qalmır. Qrinvillə qayıdan kimi 
yenidən fəaliyyətə başlayaraq seçkili orqanlarda təmsil 
olunmağa cəhd göstərir. Bir neçə  məğlubiyyətdən sonra 
1874-cü ildə Tennessi senatına seçilir. Növbəti il isə vaxtilə 
onu vəzifədən uzaqlaşdırmaq istəyən Nümayəndələr Pa-
latasına daxil olur. Lakin buradakı fəaliyyəti uzun çəkmir. 
E.Conson 1875-ci il 31 iyulda beyninə qan sızması 
nəticəsində vəfat edir. 

109
Amerika prezidentləri
UİLLİS S.QRANT 
(ULYSSES S. GRANT)
(1869-1877)
Ölkənin bütövlüyü uğrunda aparılan Vətəndaş Müha-
ribə sində misilsiz xidmətlərinə baxmayaraq U.S.Qrant 

110

Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin