______________Milli Kitabxana_____________
133
yaradıcılığı əsasında meydana gəlmiş poeziya növü idi. Ağılar
müxtəlif səbəblərdən yaradılırdı. Ağıların matəm və dini mərasim
formaları vardı. İqtisadi və siyasi fəlakət üz verəndə ağlaşma
keçirilirdi. Belə ağlaşmalardan biri Laqaş şəhərinin Luqalzaqqesi
tərəfindən dağıdılmasına həsr edilmişdi. Ağı yanan şəhəri,
adamların əsarətini, məbədlərin murdarlanmasını təsvir edirdi,
şəhəri dağıdanlara lənətlər yağdırırdı. Dini məzmun daşıyan ağılar
Ur şəhərinin, Şumer və Akkadın dağıdılması ilə əlaqədar meydana
gəlmişdi. Dəfn mərasimi ilə bağlı qoşulmuş ağı mahnısı ata və
arvadın ölümünü təsvir edir. Mahnıda atanın ölümündən, oğlunun
uzaqlarda bu xəbəri eşidib matəm saxlamasından, arvadının dul
qalmasından, övladlarının və gəlinlərinin göz yaşı axıtmasından,
ailə üzvlərinin xoşbəxt və sağlam qalmasından bəhs edilir və ailə
başçısını öldürən qatilə lənətlər yağdırılır. Digər mahnı arvadın
vəfatı, ərinin tək qalması və qəm-qüssə içində mərhum qadının
şərəfinə mədhiyyə oxuması («haradasan, səni çağırmaq istəyirəm,
haradasan, mənim qiymətli brilyantım, səni çağırmaq istəyirəm»
və s.), sağ qalanlara xoş arzular söyləməsi («Qoy sənin ərin sağ-
salamat olsun, qoy sənin övladlarının taleyi xoş və firavan olsun,
qoy Utu (günəş allahı) axirət dünyasında sənə işıq versin» və s.)
barədə ağı mətnindən ibarətdir. İndinin özündə də müasir Şərq
xalqlarının dəfn mərasimlərində ağı ifa edilir.
Dastanlar tarixi hadisələri əks etdirirlər. Bu dastanlar Nippur
külliyyatında cəmləşdirilmişdi. Doqquz belə dastan məlumdur.
Dastanlarda iştirak edən bəzi qəhrəmanlar, məsələn, I Uruk
sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda və Gilqameş tarixi
şəxsiyyətlər olmuşlar.
«Enmerkar və Aratta hökmdarı» dastanı e.ə. III minilliyin
birinci yarısında baş vermiş hadisələrdən danışır. Dastan
Enmerkarla Aratta hökmdarı arasında mübahisə şəklində tərtib
olunmuşdu. Aratta ölkəsi İkiçayarasının şimal-şərqində Urmiyyə
gölünün cənub və cənub-şərq torpaqlarını əhatə edirdi. Dastan
Aratta hökmdarının adını çəkmir, lakin onu «en» (kahin-hökmdar)
adlandırırdı, ölkəni isə yeddi dağ arxasına yerləşdirirdi. Uruk
hökmdarı Enmerkar Arattanı özünə tabe etmək və varidatını əlinə
keçirmək niyyətində imiş. Bu məqsədlə o, kömək üçün ilahə
|