______________Milli Kitabxana_____________
132
mənimsənilmişdi. Ön Asiya xalqları bu yazı növünü mümkün
dərəcədə öz dillərinin xüsusiyyətlərinə uyğunlaşdırırdılar. Mixi
(mismarı) yazılar üç min il ömür sürmüş, e.ə. I minilliyin sonunda
aradan çıxmışdı. Həmin minilliyin əvvəlində İkiçayarasında
samidilli arami tayfalarının gətirdiyi arami əlifba yazı növü də
tətbiq olunmağa başladı.
İkiçayarası qədim xalqları müxtəlif bədii əsər növləri (janr)
yaratmışlar. Şumer ədəbiyyatı e.ə. lll-ll minilliyin əvvəli ərzində
çiçəklənmə mərhələsinə qədəm qoymuşdu. Təxminən 150 (xırda
parçalarla birlikdə) şumer ədəbiyyat nümunəsi üzə çıxmışdı.
Bunlar yazıya köçürülmüş şifahi xalq yaradıcılığı nümunələri,
xüsusilə əfsanələr, allah və hökmdar şərəfinə deyilmiş himnlər,
fəlakətli hadisələr, dəfnlə bağlı ağılar və mərsiyələr, atalar sözü və
zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq dastanları, məhəbbət
mahnıları və s. olmuşdur. Eyni zamanda şumerlər müxtəlif həyati
və məktəb mövzularında bədii əsərlər yaratmışdılar. Şumerlərdən
başqa akkadlar da müxtəlif ədəbiyyat nümunələri yaratmış, bir
çox şumer ədəbi əsərlərini akkad dilinə tərcümə etmiş, bəzən də
şumer mövzularını təkmilləşdirmişdilər. Bədii üslub Akkad
hökmdarlarının salnamələrində də öz əksini tapmışdı.
İkiçayarasında bədii əsərlərin tərtibatı arami dilində də aparılırdı.
Yazılı ədəbiyyatla yanaşı İkiçayarasında şifahi xalq yaradıcılığı da
öz varlığını saxlayırdı. Şifahi xalq yaradıcılığı nümunələrinin
böyük hissəsi yazıya köçürülməmişdi, onlar əzbərləmə yolu ilə ifa
olunurdu. Bunların müəyyən qismi ibadət xüsusiyyəti daşıyırdı.
Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh, tərifləmə
xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyafətləri zamanı
mahnı kimi ifa olunurdu. Allahın əməlləri sadalanır, adları çəkilir
və onlardan kömək dilənirdi. Himnlər təkbaşına kahin tərəfindən
və ya xorla dindarlar tərəfindən ifa edilirdi. Mətn adətən
qabaqcadan öyrənilirdi. Himn xüsusiyyətli mahnılar külliyyatı
Nippur dini mərkəzlərində tərtib olunmuşdu. Himnlər mirzələr
hazırlayan məktəbdə öyrənilirdi. Hökmdarların şərəfinə də himn
xüsusiyyətli mahnılar qoşulurdu. Adətən himn ilahiləşdirilmiş
hökmdarlara həsr olunurdu.
İkiçayarasında ağı da təmsil olunmuşdu. Bu da şifahi xalq
|