______________Milli Kitabxana_____________
183
Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan
baş verdi. Üsyançılar Ahşerini öldürdülər. Hakimiyyətə Ahşerinin
oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi.
Bundan sonra Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı
ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və Babilistan
ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək
etdi. Qaynaqlardan göründüyü kimi, e.ə. 593-cü ildə Manna
müstəqil dövlət kimi öz varlığını saxlayırdı.
Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində
yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. Mannan
müstəqil dövlətçiliyinə son qoyuldu.
Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın
ərazisində zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataqları
var idi. Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən
bəzək şeyləri, qab-qacaq və s. hazırlayırdılar. İndiki Cənubi
Azərbaycan ərazisində, qədim Həsənli məskənində qazıntılar
zamanı müxtəlif daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin
qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə,
bəzək əşyaları və s. hazırlayırdılar. Həsənli qızıl camı
Azərbaycanın nadir qədim sənət əsəridir.
E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin
sənətkarlıq nümunələri tapılmışdır. Azərbaycanın cənubunda
Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən
hazırlanmış döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu
ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər, dəmir
qılınclar və s. aşkar edilmişdir.
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin
yüksək inkişaf etdiyini göstərir. Toxuculuq mühüm sənət sahəsi
olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları
toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini
göstərir. Mannada boyaqçılıq sənəti də olmuşdur. Mannalıların
geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi.
Döyüşçülər uzun və dizə çatan libas da geymişlər.
Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmışlar.
Mannadan müxtəlif məhsullar və xammal ixrac edilirdi.
Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya
|