Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


vermək;   - gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif fərmanlarını həyata keçirmək



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   32

vermək;  
- gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif fərmanlarını həyata keçirmək;  
- mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında eyniləşdirilməsini aparmaq;  
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması üçün nəqliyyat vasitələrinin 
dayanacaq yerinin və müddətinin müəyyən edilməsi, dayanacaq yerlərindən yola düşmələrinə icazə 
verilməsi; 
- Azəbaycan Respublikasının gömrük ərazisini gömrük orqanlrının icazəsi olmadan tərk etmiş 
nəqliyyat vasitələrini dayanmağa məcbur etmək, hava və  dəniz gəmilərini geriyə qaytarmaq (xarici 
gəmilər və digər dövlətlərin ərazisində olan gəmilərdən başqa);  
- gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və ekspertizası;  
- deklarant və gömrük daşıyıcılarından gömrük rəsmiləşdirilməsi icraatında və gömrük 
nəzarətinin keçirilməsində köməklik göstərilməsini tələb etmək; 
- mal və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti keçirmək;  
- öz səlahiyyətləri daxilində gömrük ödənişləri müddətinin uzadılması barədə qərar qəbul etmək;  
- gömrük qaydalarını pozan şəxsləri məsuliyyətə cəlb etmək;  
- ödənilməmiş gömrük ödənişlərini almaq;  
- gömrükxananın struktur bölmələrinin fəaliyyət yerini, onların iş vaxtını müəyyən etmək. 
Gömrük postları öz fəaliyyətini bilavasitə gömrükxana rəhbərliyinin tabeçiliyi altında həyata keçirir. 
Ehtiyac olarsa birbaşa DGK-ya tabe olan gömrük postu da yaradıla bilər.  
Qəbul edilmiş ümumi qaydalara görə gömrük postları hüquqi şəxs statusuna malik olmur. Ancaq lazım 
olduqda DGK belə status müəyyən edə bilər. Bu halda gömrük postunun müstəqil balansı, banklarda 
hesablaşma və digər hesabları yaradılır və post dövlət mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ 
idarəetmə hüququ alır.  
Mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün ixtisaslaşdırılmış gömrük 
postu fəaliyyət göstərə bilər. Belə ki, Komitə  sədrinin 20.02.1998-ci il tarixli 002 saylı  əmri ilə Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 saylı  qərarının tələblərinə müvafiq olaraq, 
respublika ərazisinə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təmin 
etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək, aksiz vergilərinin qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada düzgün hesablanıb tutulmasını və vaxtında dövlət büdcəsinə köçürülməsini təmin etmək məqsədi ilə, 
DGK-ya bilavasitə tabe olmaqla, Bakı  şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının 
gömrük ərazisi olan - Aksiz gömrük postu yaradılmışdır.  
Gömrük postlarının əsas vəzifələri aşağıdakılardır: 
- nəzarətində olan ərazidə gömrük işinin təşkil edilməsi;  
- gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi;  
- qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə aparılması.  
İxtisaslaşmış aksiz gömrük postunun isə əsas vəzifələri aşağıdakılardır:  
- xüsusi və aksiz yığımı markaları üçün idxal edənlərdən ərizələrin qəbul edilməsi;  
- markaların satışından  əldə olunan vəsaitlərin daxil olmasına və onların DGK-nın hesablarına 
köçürülməsinə nəzarət edilməsi;  
- markaların qorunmasının təhlükəsizliyinin təmin olunması;  

35 
 
- markaların hazırlanması üçün ərizənin DGK-ya göndərilməsi;  
- markaların daşınmasının təhlükəsizliyinin təmin edilməsi;  
- idxal olunan mallara aksiz markasının vurulması barədə idxalçılardan öhdəliyin alınması;  
- aksiz markası alınacaq malların uçot jurnalının aparılması;  
- markalanan malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və s.  
Gömrük orqanlarının bayrağı və tanınma nişanları.  
Gömrük Məcəlləsinin 11-ci maddəsinə görə gömrük orqanının bayrağı və tanınma nişanı vardır. Bayraq 
və tanınma nişanları Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası 
gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının Milli Məclisinin 01 iyun 2001-ci il tarixli 135-II Q 
saylı qanunu, tanınma nişanı isə 01.06.2001-ci il tarixli 134-II Q qanun ilə  təsdiq olunmuşdur. Bayrağın və 
tanınma nişanının təsvirləri və əsasnamələri də müvafiq qanunlarla təsdiq edilmişdir.  
Azərbaycan Respublikası DGK, onun yerli orqanları  və  təşkilatları, eləcə  də gömrük orqanlarının 
sərəncamında olan dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyırlar.  
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan “Rənglərin 
standart nümunələri atlasının” 11/8 saylı rəng nümunəsinə uyğun açıq mavi (səma) rəngli düz dördbucaqlı 
ipək qumaşdan ibarətdir. Bayrağın sol yuxarı hissəsində gömrük orqanlarının tanınma nişanı vardır. Bayrağın 
aşağıdakı 1/3 hissəsində sol kənarından sağ  kənarına istiqamətləndirilmiş  ağ  rəngli avtomobil, dəniz və hava 
yollarının təsvirləri əks edilmişdir.  
Gömrük orqanlarının tanınma nişanları respublika gömrük orqanlarının  şərəf və  şöhrət 
rəmzidir. Tanınma nişanından gömrük orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələrində, hava 
gəmilərində, gömrük orqanları  əməkdaşlarının xüsusi geyim formasında, gömrük orqanlarının bütün növ 
blanklarında və inzibati binalarının girəcəyində, eləcə də digər yerlərdə istifadə olunur.  
Tanınma nişanı  kənarları tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir 
olunmuş  səkkizgüşəli qızılı  rəngli ulduz şəklindədir. Nişanın ortasında elementləri mavi və boz rəngli olan 
qalxan, onun arasında elementləri qara və bürünc rəngli olan qılınc təsvir edilmişdir. Qalxanı  əhatə edən ağ 
rəngli lentdə tünd yaşıl rəngdə “Azərbaycan Respublikası gömrük xidməti” sözləri əks etdirilmişdir. Ulduzun 
aşağı hissəsində sağ və sol istiqamətlərinə yönəldilmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir.  
Azərbaycan Respublikasının gömrük orqanlarının və onların sərəncamında olan dəniz və çay 
gəmilərinin bayrağı, nəqliyyat vasitələrinin isə tanınma nişanları olur.  
Tanınma nişanı gömrük orqanlarının bina və digər tikililərində, nəqliyyat vasitələrində, kollegiyanın 
iclas zalında, gömrük orqanları rəhbərlərinin kabinetlərində yerləşdirilə bilər.  
Gömrük rəsmiləşdirilməsini gömrük orqanlarının yerləşdiyi  ərazilərdən kənarda həyata keçirmək 
istəyən hüquqi və fiziki şəxslər, gömrük orqanlarına  əvəzsiz istifadə üçün xidmət və  məişət otaqları, habelə 
lazımi avandanlıq və rabitə vasitələri verilməlidirlər. 
Gömrük sistemi - ümumi anlayış olub, yalnız gömrük siyasətini həyata keçirən dövlət və digər icra 
strukturlarını deyil, habelə onların praktiki fəaliyyət formalarıdır. Təcrübi fəaliyyət formaları isə gömrük 
qanunvericiliyi normaları ilə tənzimlənir.  
Gömrük işinin təşkilində  və idarəedilməsində istifadə olunan terminlərin açılışını verdikdən sonra 
Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış sahibkarlıq və insan hüquqlarının qorunması 
haqqındakı maddələrlə tanış olaq:  
- Azərbaycan dövləti bazar münasibətləri  əsasında iqtisadiyyatın inkişafına  şərait yaradır, azad 
sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir 
(Azərbaycan Respublikasının Konstitusiyası, 15-ci maddənin ikinci bəndi);  
- Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, 
özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan 
Respublikası  vətəndaşının hər zaman məneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır (ARK, Maddə 28. 
bənd III və IV);  
- Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin 
təkbaşına və ya başqaları ilə birlikdə  əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində 
sərəncam vermək hüquqlarından ibarətdir (ARK, maddə 29.6.III); 
- hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və  əmlakından 
sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla 
qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər (ARK, maddə 59);  
- Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək 
hər kəsin borcudur (ARK, maddə 73, b. I). 
Ana Yasanın bu maddələrini bir daha sizlərin nəzərinə çatdırmaqla  əsas məqsədimiz gömrük işinin 
təşkilində mühüm prinsiplərdən biri sayılan qanunçuluğun ilkin hüquqi bazasının  nə  qədər  əsaslı olmasını 

36 
 
göstərməkdir. Eyni zamanda Konstitusiyanın 72-ci maddəsinə görə, hər bir şəxs Azərbaycan Respublikasının 
Konstitusiyasına və qanunlara əməl etməlidir. Qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir.  

37 
 
Mövzu 6.  
Gömrük nəzarəti 
 
6.1. Gömrük nəzarətinin formaları və xüsusiyyətləri 
Mövcud qanunvericiliyə görə mallar və  nəqliyyat vasitələri bəyan ediləndən, gömrük rejimi altında 
yerləşdirilənə qədər gömrük nəzarəti altında olurlar. 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə,  gömrük nəzarəti-gömrük işi haqqında 
Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının 
gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan 
Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədilə  həyata keçirilən 
tədbirlər toplusudur.  
№12/11.11.2008 
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev cənablarının 11 noyabr 2008-ci il tarixli 
«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» olan 12 Saylı Fərmanı ilə dövlət 
sərhədindən keçirilən malların və  nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan 
qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması 
üçün  Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilmişdir. 
 Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan 
Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.   
 Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının 
(şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini 
Azərbaycan Respublikasının gömrük orqanlarının həyata keçirməsi müəyyənləşdirilmişdir. Azərbaycan 
Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat vasitələrinin 
yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanı kimi aşağıdakı  vəzifələrin yerinə yetirilməsi 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur: 
1.  ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu 
ölkələrdən Azərbaycan Respublikasının  ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq 
qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi; 
2. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid 
olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişinə 
məlumat verilməsi; 
3. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə  sərhəddə  «İcazə» 
blanklarının verilməsi və buna görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması. 
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 
Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri orqanlarının baytarlıq, 
fitosanitar, sanitariya nəzarətinin həyata keçirilməsi, həmçinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən 
nəqliyyat vasitələrinə «İcazə» blanklarının verilməsi üçün sərhəddə yaradılmış məntəqələri ləğv edilmişdir.   
Mal və  nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir.  Mallara gömrük nəzarəti dedikdə, 
idxal (gətirilən), ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti növləri nəzərdə tutulur.  
Gömrük nəzarətinin həyata keçirilməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb 
etdiyindən gömrük nəzarətinin yarımnövləri kimi əl yükünə, müşaiyət olunan və olunmayan baqaja gömrük 
nəzarətini göstərmək olar. 
Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlandırılır: 
a) dəniz gəmilərinə gömrük nəzarəti; 
b) çay gəmilərinə gömrük nəzarəti; 
c) dəmiryol qatarlarına gömrük nəzarəti;  
ç) hava gəmilərinə gömrük nəzarəti;  
d) avtonəqliyyat vasitələrinə gömrük nəzarəti. 
Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində  iştirakının xarakterindən asılı 
olaraq aşağıdakı nəzarət nvöləri seçilə bilər:  
1) ikitərəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata 
keçirir); 

38 
 
2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi) 
həyata keçirir); 
3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti 
(müayinəsi) həyata keçirilir). 
Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər.  
Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki, gömrük sərhəddi ancaq bir istiqamətdə keçilir və 
gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir. Əgər mal və  nəqliyyat vasitələri nisbətən qısa müddət  ərzində 
gömrük sərhəddini iki dəfə keçirsə, onlar təkrar gömrük nəzarəti altına düşür. Təkrar gömrük nəzarətinin həyata 
keçirilməsi üçün gömrük sərhəddinin bir neçə dəfə keçilməsi həmişə tələb olunmur. Belə ki, xaricə üzən dəniz 
gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə, bir qayda 
olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir. Lakin qaçaqmalçılıq barədə  məlumat olduqda gömrük 
orqanlarının gəmini liman suları hüdudunda  və limanda dayanarkən təkrar gömrük müayinəsini  təşkil etmək 
hüququ vardır. Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir.  
Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var: 
1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması;  
2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı;  
3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi. 
Gömrük nəzarətinin birinci forması sənədli, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə 
edilir. 
Gömrük nəzarəti, onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur. Bu metodlardan 
aşağıdakıları göstərmək olar:  
- mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata keçirilən adi gömrük nəzarəti
- nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti; 
- gömrük nəzarətinin müəyyən formalarından azad etmə halları istisna olmaqla, nəzarətin bütün 
formalarının istifadə olunduğu tam nəzarət;  
- seçmə gömrük nəzarəti . 
Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə sıxı bağlıdır. 
Gömrük nəzarətini gömrük orqanlarının vəzifəli  şəxsləri həyata keçirir. Gömrük Məcəlləsinə görə 
gömrük nəzarətinin formaları aşağıdakılardır:  
a) gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması;  
b) gömrük müayinəsi (yoxlanması) (mal və  nəqliyyat vasitələrinin müayinəsi,  şəxsi müayinə - 
gömrük nəzarətinin xüsusi forması);  
c) mal və nəqliyyat vasitələrinin uçotu; 
 ç) fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;  
d) uçot və hesabat sisteminin yoxlanılması; e) müvəqqəti saxlanc anbarlarına, gömrük 
anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük zonalarına, rüsumsuz ticarət mağazalarına, mal və 
nəqliyyat vasitələri yerləşən digər ərazilərə, tikililərə gömrük baxışı.  
Gömrük nəzarətinin həyata keçirilməsinin  əsası yük gömrük bəyannaməsidir  (YGB). Gömrük 
nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.  
Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün 
yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş 
gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu 
müəyyən edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və  aşkar edilmiş  səhvlərin düzəldilməsi üçün 
deklaranta qaytarılır.  
İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti 
olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı  tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət 
olunması yoxlanılır.  
Üçüncü mərhələdə gömrük ödənclərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin 
qanunamüvafiqliyi yoxlanılır, ödənclərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.  
Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını 
yoxlayır.  
Nəhayət,  beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli  şəxsi malın gömrük müayinəsi 
(yoxlaması) barədə qərar qəbul edir.  
Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” ştampı 
vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir.  
Gömrük nəzarəti gedişində insan əzalarının istifadəsinə  əsaslanan (görmə, eşitmə, qoxulama, lamisə) 
orqanoleptik metoddan istifadə oluna bilər. Müxtəlif ölçü cihazları və digər vasitələr də tətbiq edilə bilər.  

39 
 
Lazım gəldikdə müxtəlif kimyəvi cihazlar və reaktivlər vasitəsi ilə götürülmüş prob və nümunələrin 
xassə və xarakteristikaları təsdiq oluna bilər.  
Gömrük Məcəlləsi gömrük nəzarəti zamanı xüsusi texniki vasitələrdən istifadə olunmasını da nəzərdə 
tutur. Texniki vasitələrdən istifadə  əmək sərfinin azaldılmasına, sərnişin və yük axınına gömrük nəzarəti 
müddətinin qısaldılmasına, mal və  nəqliyyat vasitələrinin  əlçatmaz yerlərinin müayinəsinə, gömrük 
rəsmiləşdirilməsi  əməliyyatlarının və gömrük nəzarətinin sadələşdirilməsinə xidmət edir. Bu texniki vasitələr 
qaçaqmalçılıqla mübarizədə xüsusilə mühüm əhəmiyyət kəsb edir.  
Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bir qayda olaraq, 
icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının 
gömrük işi haqqında qanunvericiliyinə  və Azərbaycan Respublikasının digər qanunvericiliyinə beynəlxalq 
müqavilələrinə riayət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə 
bilər.  
Hər bir operativ məsələnin həlli gömrük nəzarəti zamanı aşağıdakı xüsusi texniki vasitələrindən istifadə 
olunmasını tələb edir: 
a) gömrük sənədlərinin və gömrük təminatlarının yoxlanması üçün optik böyüdücü cihazlar 
(işıqlandırılan lupa, mikroskop) ultrabənovşəyi və infraqırmızı dalğalı cihazlar;  
b) gömrük nəzarəti obyektinin daxilindəkilər barədə uzaq məsafədən məlumat alınması, qaçaqmaqçılıq 
obyektlərinin axtarışı və aşkar edilməsi üçün – rentgenetelevizor konveyer müayinə aparatları, birbaşa müşahidə 
flüoroskopları, müayinə endoskopları  dəsti, müayinə milləri dəsti, metalaxtaran və metallodetektorlar (silah, 
döyüş sursatı, qiymətli metallar və s. aşkar edilməsi üçün) və i.a.; 
c) gömrük nəzarəti obyektinin tərkibinin identifikasiya (eyniləşdirmə) ekspres-analizi üçün - müxtəlif 
analizatorlar, ekspers-identifikatorlar və s.;  
ç) gömrük zonalarında operativ şəraitin vizual müşahidəsi üçün - optik və optik-televizion müşahidə-
texniki vasitələrlə uyğunlaşdırılmış radiolokasiya tipli avadanlıq, optik uzaqdanölçmə aparatları (mono -, və 
stereo-borular, dəniz binoklları, infraqırmızı müşahidə cihazları, telekameralar və s.);  
d) audio-video məlumat daşıyıcılarına nəzarət üçün - müxtəlif növlü diktafon, audiopleer, maqnitofon, 
fotokinoplyonkaların aşkarlanması üçün qurğular, slayd və mikrofilmlər, videopleer və vidiomaqnitofonlar və 
s.;  
e) gömrük müayinəsi zamanı texnoloji əməliyyatların yerinə yetirilməsi üçün - əl yükünün, baqajın, 
poçt göndərişlərinin, həmçinin irihəcmli yüklərin tarasının açılması zamanı  fərdi və qrup üçün xüsusi alətlər 
dəsti;  
ə) gömrük təminatları qoymaq üçün - plombiratorlar, marka işarəli yapışdırıcı lent rulonları, müxtəlif 
işarəqoyucular və s. Bunlardan başqa gömrük nəzarəti gedişində müxtəlif köməkçi texniki vasitələrdən 
(qidalanma mənbələri, gərginlik doldurucu qurğular, çəki cihazları, ölçü cihazları, dozimetrik nəzarət cihazları 
və s.) istifadə olunur.  
Azərbaycan Respublikasının gömrük orqanları lazım olduqda bu Məcəllədə  nəzərdə tutulan gömrük 
nəzarətinin bütün formalarından istifadə edə bilərlər. 
Bu Məcəllə gömrük orqanlarının gömrük nəzarəti formalarının verilmiş hal üçün daha məqsədəuyğun 
olanını seçmək və istifadə etmək hüququnu müəyyən edir.  
Gömrük nəzarəti formasının seçilməsi, gömrük sərhədindən keçirilən mal və  nəqliyyat vasitələrinə 
gömrük nəzarətinin müvəffəqiyyətlə həyata keçirilməsinin yetərliliyi (kifayət etməsi) prinsipi ilə aparılır.  
Ayrı-ayrı formaların kifayət edib-etməməsi qanunvericiliklə  və ya Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələri ilə nəzərdə tutula bilər.  
Konkret hal üçün kifayət etmə prinsipi normativ aktlarda öz əksini tapmırsa, yetərli gömrük nəzarəti 
forması gömrük orqanının vəzifəli  şəxsləri tərəfindən seçilir. Gömrük orqanları  əməkdaşlarına belə 
səlahiyyətlərin verilməsi Dövlət Gömrük Komitəsinin normativ aktları ilə reallaşdırılır. Gömrük nəzarəti 
formalarının seçilməsinə dövlət təhlükəsizliyinə  və ictimaiyyətin maraqlarına zərər vurmadan yol verilə bilər. 
Bununla  əlaqədar, gömrük orqanlarının səlahiyyətli  şəxsləri gömrük sərhədindən silah, narkotik maddə,  əntiq 
əşyalar və s-nin qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alınması üçün tədbirlər görülməsinə xüsusi diqqət 
yetirməlidirlər.  
Digər tərəfdən gömrük nəzarətinin kifayət etmə prinsipi insan hüquq və azadlığı normalarını 
pozmamalıdır. Elə buna görə  də  şəxsi müayinə qanunvericilikdə  “Gömrük nəzarətinin müstəsna forması” 
kimi nəzərdə tutulur.  
Amma bununla belə, gömrük nəzarətinin digər formalarının tətbiq edilməməsi və ya onlardan azad etmə 
heç də  şəxsləri bu Məcəllənin müddəalarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və 
beynəlxalq müqavilələrinə riayət etmək vəzifəsindən azad etmir. Gömrük Məcəlləsinin bu müddəası  vəzifəli 
şəxsin gömrük nəzarətinin bu və ya digər formasının tətbiqinin yetərli olub-olmayacağı  məsələsini həll etdiyi 
zaman gömrük sahəsində qanunilik prinsipinin reallaşdırılmasının hüquqi təminatıdır.  

40 
 
Qeyd edildiyi kimi, gömrük xidmətinin vəzifə  və funksiyalarının yerinə yetirilməsini təmin edərkən 
gömrük orqanları, lazım gəldikdə gömrük nəzarətinin bütün formalarından istifadə edə bilərlər.  
Gömrük orqanları gömrük məqsədləri üçün təkrar gömrük baxışı keçirə, sənədlərdə göstərilən 
məlumatları yenidən yoxlaya bilərlər.  
Şəxsi  əşyaları gömrük baxışından azad edilən  şəxslərin gömrük sərhədindən buraxılması zamanı 
gömrük nəzarəti sadəcə olaraq belə güzəşt verilmiş şəxslərin sənədlərinin yoxlanılmasından ibarət olur.  
Bəzi hallarda gömrük nəzarəti mal və  nəqliyyat vasitələrinin sərhəddən keçirilməsinin qanuniliyini 
müəyyən etmək üçün gömrük təminatları pozulmadan həyata keçirilən gömrük baxışından ibarət ola bilər.  
Gömrük baxışından fərqli olaraq, gömrük müayinəsi tikililərin, nəqliyyat vasitələrinin, tara və 
qablaşdırılmaların açılması ilə müşayiət olunur. Gömrük müayinəsi zamanı malların adı və keyfiyyəti, həmçinin 
miqdarı müəyyən edilir. Malların gizli keçirilməsinin müəyyən olunması üçün də gömrük müayinəsindən 
istifadə edilir.  
Baxış  mərhələsində gömrük müayinəsinin tətbiq edilməsinin məqsədəmüvafiqliyi - mal və  nəqliyyat 
vasitələrinin yük bölmələrinin, malın tarası və qablamalarının açılıb-açılmaması məsələsi həll edilir.  
Qanun və ya beynəlxalq müqavilələrlə mal və  nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin gömrük 
nəzarəti sferasından çıxarılmasının konkret halları müəyyən edilə bilər. Məsələn, Azərbaycan Respublikası 
Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin  şəxsi baqajı, xidməti vəzifələrinin icrası ilə  əlaqədar 
gömrük sərhədindən keçən Milli Məclis deputatlarının və Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları gömrük 
yoxlamasından azaddır (yəni azad etmə şərtləndirilir). 
Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi və hərbi nəqliyyat hava gəmilərinin, eləcə də hərbi 
texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası müqavilələrlə tənzimlənir.  
Şəxsi yoxlama (müayinə) barədə  qərar gömrük orqanının rəisi və ya onu əvəz edən  şəxs tərəfindən 
qəbul olunur. Müayinədən əvvəl gömrük orqanının vəzifəli şəxsi qəbul edilmiş qərarı fiziki şəxsə elan edir, ona 
hüquq və vəzifələrini başa salır və həmçinin gizlədilmiş malların könüllü olaraq verilməsini təklif edir.  
Şəxsi müayinə gömrük orqanının müayinə edilən şəxslə eynicinsli səlahiyyətli şəxsi tərəfindən sanitar-
gigiyena tələblərinə cavab verən otaqda aparılır. Digər fiziki şəxslərin həmin otağa girməsi və müayinə 
prosesinin onlar tərəfindən müşahidə oluna bilmə ehtimalı istisna edilməlidir. Nəzarətə götürülən şəxsin bədən 
üzvlərinin müayinəsi tibb işçisi tərəfindən aparılmalıdır.  
Şəxsi müayinənin aparılması barədə protokol tərtib edilir. Həmin protokol gömrük orqanının vəzifəli 
şəxsi, hal şahidləri, müayinə edilən  şəxs və  bədən üzvləri müayinə edildikdə isə  həmçinin tibb əməkdaşı 
tərəfindən imzalanır. Müayinə edilən şəxs öz rəyini protokola qeyd edə bilər.  
Gömrük nəzarətinin predmeti gömrük sərhədindən keçirilən mal və  nəqliyyat vasitələrinin 
(qanunvericilikdə nəzərdə tutulmuş digər hallardan başqa) istənilən növü ola bilər. 
Gömrük Məcəlləsinin 17-ci maddəsinin 1-ci bəndinə görə,  mallar - istənilən daşınan  əmlak, o 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin